Azəri
Tuesday 26th of March 2019
  687
  0
  0

İMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏ

DÖRDÜNCÜ BÖLMƏ

İMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏ

İmam Məhdi (ə), onun dünya səviyyəli qiyam və inqilabı ilə əlaqədar məsələlər təkcə şiə kitablarında deyil, sair islami firqələrin e`tiqad mənbələrində də bəyan olunmuş və onun barəsində geniş səviyyəli bəhslər aparılmışdır. Onlar da Peyğəmbəri Əkrəmin pak əhli beytindən və Həzrəti Fatimeyi Zəhra əleyha səlamın övladlarından olan[1] həzrəti Məhdinin varlığına e`tiqad bəsləyirlər. Sünnilərin Həzrəti Məhdi (ə)-ın varlığına nə dərəcədə e`tiqad bəsləmələrini bilmək üçün onların böyük alimlərinin elmi əsərlərinə müraciət etmək lazımdır. Çoxlu sünni təfsirçiləri öz kitablarında aşkar şəkildə demişlər ki, Qur`an ayələrindən bə`ziləri Məhdinin axirəz-zamanda zühur etməsinə işarə edir. O cümlədən, Fəxr Razinin[2] və Qurtəbinin[3] kitablarını qeyd etmək olar.

Həmçinin, sünnilərin əksər mühəddisləri İmam Məhdi ilə əlaqədar rəvayətləri öz kitabları cəm etmişlər ki, onların arasında sünnilərin ən mö`təbər kitabları da gözə dəyir. O cümlədən Sihahi-sittə, Müsnədi Əhməd kitablarını qeyd etmək olar ki, Hənəfin məzhəbini başçısıdır[4]

Sünni alimlərindən bə`ziləri də həm keçmişdə, həm də hal-hazırda İmam Məhdi (ə)-la əlaqədar müstəqil kitablar yazmışlar. O cümlədən Əbunəim İsfəhani «Ərbəin» məcmuəsində (40 hədis), Suyuti Əl-Urfil Vərdi fi əxbaril-Məhdi» kitabında qeyd etmişdir.

Qeyd etmək lazımdır ki, sünni alimlərindən bə`ziləri Məhdilik əqidəsini müdafiə etmək və bu əqidənin inkarçılarını rədd etmək məqsədi ilə kitab və məqalələr yazmış, elmi bəyanlarla, rəvayət şahidləri ilə İmam Məhdi (ə)-ın hadisəsini qəti və inkarolunmaz hadisələr sırasında qeyd etmişlər. O cümlədən Məhəmməd Siddiq Məğribini qeyd etmək olar ki, İbni Xəldunun yazdığı kitaba rədd cavabı yazmış və onu çox kəskin şəkildə tənqid etmişdir.[5]

Qeyd olunan bu nümunələr sünnilərin Məhdilik barəsində tutduqları mövqeyi göstərir.

Bu bölmənin axırında yüzlərlə rəvayətdən yalnız sünnilərin məşhur və e`timad etdiyi kitablarda da qeyd olunmuşdur iki rəvayəti nəql edirik ki. Peyğəmbəri Əkrəm buyurmuşdur: «Əgər dünyanın (ömründən) bir gündən artıq qalmamış olsa, hökmən Allah təala o günü o qədər uzadacaqdır ki, mənim xanədanımdan və mənimlə eyni adda olan bir kişini qiyam etdirsin[6]

Başqa bir yerdə isə buyurur: «Mənim xanədanımdan adda mənimlə eyni  və xilqətdə mənə oxşar olan bir şəxs qiyam edəcəkdir. O (dünyanı) zülm və sitəmlə dolduğu kimi haqq ədalətlə dolduracaqdır.»[7]

Qeyd etmək lazımdır ki, axirəz-zaman zühur edərək dünyanı haqq-ədalətlə dolduracaq bir xilaskarın zühuruna e`tiqad bəsləmək dünya səviyyəli bir e`tiqaddır və bütün asimani dinlərin həqiqi ardıcılları öz dini kitabların tə`limlərinə əsaslanaraq, və`dəsi verilən bu böyük şəxsiyyətin intizarını çəkirlər. Müqəddəs kitablardan Zəbur, Tövrat, İncil, eləcə də hinduların, zərduştlərin, berahmanların kitablarında dünyanın böyük xilaskarının zühur edəcəyinə dair işarələr vardır. Əlbəttə, hər bir millət bu xilaskar üçün xüsusi bir ləqəb seçmişdir. Zərdüştlər onu «Susyaniş» (yə`ni dünyanı xilas edən), məsihilər onu və`dəsi verilən Məsih, yəhudilər onu Süruri Mikaili adı ilə tanıyırlar.

Zərdüştlərin müqəddəs kitabından «Camasib namə» ibarələrini aşağıdakı kimi qeyd edirik:

Ərəb peyğəmbəri axırıncı peyğəmbərdir ki, Məkkə dağları arasında peyda olacaqdır... Öz bəndələri (xidmətçiləri) ilə birlikdə yeyər, onların oturduğu kimi oturar... onun dini dinlərin ən şərəflisidir. Onun kitabı bütün asimani kitabları batil edər (və qüvvədən salar)... O Peyğəmbərin qızının övladlarından bir nəfər «dünyanın günəşi» və «Zamanın şahı» adı ilə tanınır. Yəzdanın hökmü ilə dünyada yalnız o şəxs padşah olar ki, o Peyğəmbərin axırıncı canişini olsun... Onun dövləti qiyamətə qədər davam edər...» [8]

ÜÇÜNCÜ FƏSİL: QAİB İMAMIN İNTİZARINDA

BİRİNCİ BÖLMƏ

QEYBƏT

Aləmin böyük xilaskarının şəxsiyyəti, Adəmdən Xatəmə (s) qədər olan peyğəmbərlərin məramlarını həyata keçirən və son ilahi zəxirə olan Həzrət Höccət ibnil-Həsən (ə)-ın həyatı ilə tanış olduqdan sonra onun qeybət dövrü ilə əlaqədar bəhs aparırıq ki, o həzrətin həyatının mühüm bir hissəsini təşkil edir.

Qeybətin məfhumu

Nəzər yetiriləsi ilk məsələ budur ki, hazır olmamaq deyil, qeybət gözlərdən örtülü və pərdə arxasında olmaq mə`nasınadır. Buna əsasən, bu bölmədə İmam Məhdi (ə)-ın camaatın gözündən qeybdə olduğu və onların o həzrəti görmədiyi bir dövr ilə əlaqədar söhbət aparacağıq. Halbuki, o böyük şəxsiyyət camaatın arasında hazırdır, onlarla yanaşı həyat sürür. Bu həqiqət mə`sum imamların rəvayətlərində müxtəlif bəyanlarla irəli çəkilmişdir. İmam Əli (ə) buyurur: «Yüksək məqamlı Allaha and olsun ki, Allahın höccəti camaatın arasındadır və yollarda (küçələr də bazarlarda) gəzib-dolaşır onların evlərinə baş vurur, yerin şərqinə-qərbinə gediş-gəliş edir, camaatın sözlərini eşidir. Onlara salam verir, onları görür və Allahın və`də verdiyi müəyyən vaxta qədər özü görünmür.»[9]

Əlbəttə, o həzrət üçün digər bir qeybət növü də bəyan olunmuşdur.

İmam Zaman (ə)-ın ikinci xas naibi deyir: «İmam Məhdi (ə) hər il həcc mövsümündə iştirak edir. Camaatı görür, onları tanıyır, camaat da onu görür, lakin tanımırlar.»[10]

Buna əsasən, Həzrət Məhdi (ə) barəsində qeybət iki cür baş verir: O həzrət bə`zi hallarda gözlərdən qeybdədir, bə`zi hallarda gözə görünür, lakin tanınmır. Amma hər bir halda camaatın arasındadır.

Qeybət tarix boyu nümunələri

Qeybət də və gizli şəkildə yaşamaq ilk dəfə və yalnız Allahın sonuncu höccəti barəsində baş verən bir hadisə olmamışdır. Əksinə, çoxlu rəvayətdən mə`lum olur ki, böyük ilahi peyğəmbərlərdən bə`ziləri də öz həyatlarının müəyyən bir hissəsini gizlində, qeybətdə başa vurmuşlar. Bu da Allahın məsləhət və hikmətinə əsasən olmuş, əsla şəxsi bir istək və ailə quruluşundan irəli gələn bir məsləhət olmamışdır. Buna əsasən, qeybət ilahi sünnə və qanunlardan biridir.[11] Bu da Həzrət İdris, Musa, və İbrahim, Yusüf, Musa, Şüeyb, İlyas, Süleyman, Danyal və İsa (ə) kimi ilahi peyğəmbərlər barəsində baş vermiş və bu ilahi səfirlərdən hər biri mövcud şəraitə mütənasib olaraq müəyyən illəri qeybət şəraitində yaşamışlar.[12]

Məhz buna görə də rəvayətlərdə Həzrət Məhdi (ə)-ın qeybəti peyğəmbərlərə baş verən sünnələr ünvanı ilə qeyd olunmuşdur. O həzrətin qeybdə olması dəlillərindən biri də peyğəmbərlərin sünnəsinin o həzrətin həyatında icra olunması qeyd olunmuşdur.

İmam Sadiq (ə) buyurmuşdur: «Həqiqətən, bizdən olan Qaim (İmam) üçün bir qeybət dövrü vardır ki, onun müddəti (çox) uzun olacaqdır.» Ravi deyir: «Bu qeybin səbəbi nədir, ey Rəsulullahın övladı?» Həzrət buyurur: «Allah təala istəyir ki, peyğəmbərlərin qeybətləri ilə əlaqədar sünnətləri o həzrətin barəsində də icra etsin.»[13]

Yuxarıdakı sözlərdən bu məsələ də aşkar olur ki, İmam Məhdi (ə)-ın qeybəti ilə əlaqədar söhbətlər o Həzrətin təvəllüdündən illərlə öncə irəli çəkilmişdir. Peyğəmbəri Əkrəmdən İmam Həsən Əsgəriyə qədər bütün İslam rəhbərləri o həzrətin qeybəti, bə`zi xüsusiyyətləri və qeybət dövründə baş verəcək hadisələr barədə xəbər vermiş, eləcə də o dövrdə mö`min bəndələr üçün müəyyən vəzifələr bəyan etmişlər.[14]

Peyğəmbəri Əkrəm buyurmuşdur: «Məhdi mənim övladlarımdandır... Onun üçün olan qeybət dövründə heyrət (pərişanlıq) olacaq nəhayət camaat öz dinlərindən (çıxaraq) azğınlığa düşəcəklər. O zamanda (İmam Məhdi) nurlu Şəhab kimi gələcək, yer üzü zülm və haqsızlıqla dolduğu kimi, onu haqq-ədalətlə dolduracaqdır.»[15]

Qeybətin fəlsəfə və səbəbi

Doğrusu, belə bir sual yaranır ki, körəsən nə üçün Allahın höccəti və imam qeybdə olmalıdır və hansı səbəbə görə camaat onun zühur bərəkətlərindən məhrum olmalıdır?

Bu mövzu barəsində çoxlu söhbətlər edilmiş və bəhslər aparılmış, eləcə də çoxlu rəvayətlər nəql olunmuşdur, lakin bu sual cavab verməzdən öncə, gərək aşağıdakı əsaslı məsələlərə diqqət yetirək:

Biz inanırıq ki, alim Allah heç bir kiçik və ya böyük işi hikmət və məsləhət olmadan yerinə yetirmir. İstər biz bu məsləhətləri bilək, istərsə də bilməyək.

Eləcə də dünyanın bütün incə və böyük hadisələri Allah təalanın tədbiri və iradəsi ilə həyata keçir ki, onların ən mühümlərindən biri də imam Məhdi (ə)-ın qeybətdə olması hadisəsidir. Buna əsasən, o həzrətin qeybəti də hətta biz onun fəlsəfə və sirrini bilməsək belə hikmət və məsləhət üzündəndir.

İmam Sadiq (ə) buyurur: «Şübhəsiz, Sahibül-Əmr» üçün bir qeybət dövrü vardır ki, hər bir batil əhli onda şəkkə düçar olar.» Ravi qeybətin səbəbinin soruşduqda, Həzrət buyurdu: «Qeybət, sizin üçün bəyan edəcəyimizə icazəimiz olmayan bir işə görədir... Qeybət ilahi sirlərdən olan bir sirdir, lakin biz bilirik ki, böyük Allah hikmət sahibidir və bunu da qəbul edirik ki, Onun bütün işləri hikmət əsasındadır, hətta Onun işlərinin səbəbləri bizim üçün mə`lum olmasa da belə.»[16]

Əlbəttə, çox hallarda Allahın bütün işlərinin hikmət üzündən olduğunu bilən və onların qarşısında təslim olan bir insan aləmdə baş verən hadisələrin sirlərini öyrənmək istəyir ki, bir hadisənin səbəbinə agahlıq tapmaqla qəlbinə daha artıq xatircəmlik gətirmiş olsun. Buna əsasən, Həzrəti Məhdi (ə)-ın qeybdə olmasının tə`sirləri və hikmətləri ətrafında bəhs və təhqiqata başlayır, onunla əlaqədar rəvayətlərə işarə edirik.

İnsanların ədəbləndirilməsi

Əgər ümmət Peyğəmbərin və imamın qədrini bilməzsə, onların qarşısında olan şə`ri vəzifələrini yerinə yetirməzsə və üstəlik onun əmr və fərmanları qarşısında  itaətsizlik edərlərsə, rəvadır ki, Allah onların rəhbərlərini onlardan ayırsın ki, özlərinə gəlsinlər və qeybdə olduğu dövrdə onun varlığının xeyir-bərəkətini və dəyərini dərk etsinlər. Belə olan halda imamın qeybəti ümmətin məsləhətinədir, hətta onlar bunun bilməyib dərk etməsələr belə.

İmam Baqir (ə)-dan belə rəvayət olunur: «Allah bizimlə bir qövmün həmneşin olmasını istəməzsə, bizi onların arasından götürər.»[17]

Tam müstəqillik və başqalarının peymanı (şərtli müqaviləsi) altında olmamaq

Əsaslı bir inqilabi dəyişiklik icad etmək istəyənlər hökmən qiyamın əvvəllərində müxaliflərdən bə`ziləri ilə əhd-peyman bağlayırlar ki, öz hədəflərini izləyə bilsinlər. Lakin və`dəsi verilən Məhdi (ə) elə böyük bir islahatçı və xilaskardır ki, dünya səviyyəli ədalət hökumətinin bərqərar olunması və inqilab edilməsi üçün heç bir zalım qüdrətlə saziş etməyəcəkdir. Çünki çoxlu rəvayətlərə əsasən, o bütün zalımlarla qətiyyətlə və aşkar şəkildə mübarizəyə əmr olunmuşdur. Buna görə də inqilabi şəraitin yaranmasına qədər qeybət şəraitində olacaqdır ki, Allah düşmənləri ilə əhd-peyman bağlamaq məcburiyyətində qalmasın.

İmam Riza (ə)-dan nəql olunan bir rəvayətdə qeybətin səbəbi belə bəyan olunur: «Buna görə qeybətdə olacaqdır ki, qılıncla qiyam etdiyi bir zaman bir kəsin onun üzərində bey`əti olmasın.»[18]

İnsanların imtahana (sınağa)çəkilməsi

İnsanların imtahan və sınaqdan keçirilməsi Allahın əbədi qanunlarından biridir. O, ,Öz bəndələrini müxtəlif vasitələrlə imtahana çəkir ki, onların haqq yolunda nə qədər möhkəm qalmaları mə`lum olsun. Əlbəttə, imtahanın nəticəsi Allah təala üçün mə`lumdur, lakin imtahan nəticəsində möhkəmlənən, əzm və iradəsi güclənən elə bəndələrin özüdür ki, özlərinin vücud cövhərlərini dərk edirlər.

İmam Kazim (ə) buyurur: «Mənim beşinci övladım (nəvəm) qeybə çəkilən zaman öz dininiz barəsində ehtiyatlı olun ki, bir kəs sizi ondan çıxartmasın. Bu əmrin sahibi (İmam Məhdi) üçün bir qeybət dövrü olacaqdır. Bu dövrdə onun ardıcıllarından bir qrupu öz e`tiqadlarından dönəcəklər. Bu qeybət Allah təalanın Öz bəndələrini imtahana çəkdiyi bir sınaq vasitəsidir.»[19]

İmamın canının qorunub saxlanması

Peyğəmbərlərin öz qövmlərindən kənara çəkilməsinin səbəblərindən biri də onların öz canlarının qorunub-saxlanması olmuşdur. Onlar təhdid olunduqları şəraitlərdə münasib fürsətlərdə öz ilahi vəzifələrini yerinə yetirmək məqsədi ilə məxfi olurdular. Necə ki, Peyğəmbəri Əkrəm Məkkədən çölə çıxmış və mağarada gizlənmişdi. Əlbəttə bütün bunlar Allah təalanın göstərişi və iradəsi ilə olmuşdur. Bu məsələ Həzrəti Məhdi (ə) və onun qeybətinin səbəbləri ilə əlaqədar çoxlu rəvayətlərdə bəyan olunmuşdur. İmam Sadiq (ə) buyurur: «İntizarı çəkilən imam öz qiyamından əvvəl bir müddət gözlərdən qaib olacaqdır.» Onun səbəbi barəsində soruşulduqda həzrət buyurdu: «Çünki o, öz canından qorxur.»[20]

Allahın həqiqi və seçilmiş bəndələri şəhadət arzusunda olurlar, lakin o şəhadət daha bəyəniləndir ki, ilahi vəzifələrinin yerinə yetirilməsi meydanında, cəmiyyətin və Allah dininin xeyrinə şəhid olmuş olsun. Amma bir şəxsin qətlə yetirilməsi onun qanının hədərə getməsi, hədəflərinin puça çıxması ilə bərabər olduğu zaman qətldən qorxmaq əql ilə uyğun gələn, bəyənilmiş bir işdir. Axırıncı ilahi zəxirə olan 12-ci imamın qətlə yetirilməsi ilahi məramlarının Kə`bə sütunlarının dağılması və bütün peyğəmbərlərin və ilahi övliyaların arzularının puça çıxması, dünya səviyyəli ədalət hökumətinin təşkil olunması ilə əlaqədar ilahi və`dənin gerçəkləşməməsi mə`nasına olacaqdır.

Qeyd etmək lazımdır ki, rəvayətlərdə imam Məhdi (ə)-ın qeybətinin səbəbi barəsində digər bir məsələ də bəyan olunmuşdur ki, ixtisara riayət olunması üçün onları qeyd etmirik. Amma mühüm məsələ budur ki, qeybət ilahi sirlərdən olan bir sirdir, onun əsas və əsil səbəbi zühurdan sonra aşkar olacaqdır. Amma yuxarıda qeyd olunanlar da İmam (ə)-ın qeybətində müəyyən qədər tə`sirlidir.

İKİNCİ BÖLMƏ

QEYBƏTİN NÖVLƏRİ

Yuxarıda qeyd olunan məsələlərə diqqət yetirməklə İmam Məhdi (ə)-ın qeybəti lazım və zəruri bir məsələdir, lakin bizim din rəhbərlərimizin bütün tədbirləri və hərəkətləri camaatın iman və e`tiqad əsasalarının gücləndirilməsi istiqamətində olduğundan, sonuncu ilahi höccətin qeybəti müsəlmanların dindarlığına əvəz olunmaz zərbə vuracağından, qeybət dövranı çox dəqiq proqlamlaşdırma və hesab-kitab üzündən başlanmış və davam etdirilmişdir.

İmam Məhdi (ə)-ın dünyaya gəlişindən uzun illər öncə, onun qeybəti barəsində söhbətlər açılmış, onun zərurəti dillər əzbəri olmuş, mə`sumların məclislərində nəql edilmiş və səhabələr onu bəyan etmişlər. Həmçinin, imam Hadi və İmam Həsən Əsgəri (əleyhüməssəlamın) öz şiələri ilə əlaqə bərqərar etmələri də yeni qaliblərdə və nisbətən daha məhdud səviyyədə baş verirdi. Əhli-beyt məktəbinin ardıcılları get-gedə adət edirdilər ki, özlərin maddi və mə`nəvi ehtiyaclarının çoxunda hazır imamın hüzuruna yetişmək şərəfinə nail ola bilməyəcəkdir. Əksinə, imamların tərəfindən vəkil və e`timad olunası şəxs kimi təqdim olunan kəslərə müraciət etməli və öz vəzifələrinə əməl etməlidirlər. İmam Həsən Əsgəri (ə)-ın şəhadəti və Həzrət Höccət ibnil-Həsən (ə)-ın qeybət dövrünün başlanması ilə, yenə də imamla ümmətin arasında olan əlaqələr tamamilə kəsilməmişdi, əksinə camaat o həzrətin xüsusi naiblərinin vasitəsi ilə öz mövlaları ilə əlaqə yarada bilirdilər. Məhz həmin dövrlərdə şiələr din alimləri ilə daha geniş səviyyəli əlaqə bərqərar etməyə uyğunlaşmışdılar və bilirdilər ki, imamın qeybdə olduğu dövrdə də dini vəzifələrini öyrənmək yolu onlara üzünə bağlanmamışdır.

Bu məqamda münasib idi ki, imam Məhdi (ə)-ın uzun müddətli qeybəti baş versin və imamla şiələr arasında mövcud olan rabitə-əvvəldə adi bir hal olan rabitə-kəsilsin.

İndi qeybətin iki dövrü qısa və uzun dövrünün xüsusiyyətləri barəsində aşağıdakı məsələləri qeyd edirik.

Qısa müddətli qeybət

260-cı hicri qəməri ilində İmam Həsən Əsgəri (ə)-ın şəhid olması ilə İmam Zaman (ə)-ın İmamət dövrü başlamışdır. Həmin zamandan e`tibarən o həzrətin qısa müddətli qeybəti –qeybəti-suğra ilə adlanan qeybəti başlanır və 329-cu hicri qəməri ilinə qədər (təqribən 70 il müddətində) davam edir.

Qeybəti-süğranın ən mühüm səciyyəvi xüsusiyyəti budur ki, camaat xüsusi naibləri vasitəsi ilə o həzrətlə əlaqə yaradır, onların vasitəsi ilə o həzrətin peyğamlarını alır, öz suallarının cavabını əxz edirdilər.[21] Bə`zən də imamın naiblərinin vasitəsi ilə o həzrətin şərif hüzuruna yetişmək iftixarına nail olurdular.

İmamın hamısı şiənin böyük alim və şəxsiyyətlərindən, eləcə də o həzrətin seçdiyi adamlardan olan xas naibləri dörd nəfər idi ki, zaman ardıcıllıqları ilə öz naiblik vəzifələrini yerinə yetirmişlər. O cümlədən:

1-Osman ibni Səid Əmri: O, imamın qeybətinin əvvəlindən o həzrətin naibliyini öhdəsinə almış və 265-ci hicri qəməri ilində vəfat etmişdir.

O həm İmam Hadi həm də İmam Həsən Əsgəri (ə)-ın naibi olmuşdur.

2-Məhəmməd ibni Osman Əmri: O da birinci naibin övladı idi ki, atasının vəfatından sonra naiblik məqamına çatmış və 305-ci hicri qəməri ilində vəfat etmişdir.

3-Hüseyn ibni Ruh Nobəxti: O, 21 il naiblikdən sonra 326-cı hicri qəməri ilində dünyadan getmişdir.

4-Əli ibni Məhəmməd Səmuri: O da 329-cu hicri qəməri ilində dünyadan getmiş və onun vəfatı ilə kiçik qeybət dövrü sona çatmışdır.

İmamın xas naiblərinin hamısı İmam Həsən Əsgəri və İmam Məhdi (ə)-ın vasitəsi ilə seçilmiş və camaata təqdim edilmişdi. Şeyx Tusi «Əl-Qeybət» kitabında rəvayət edir ki, bir gün şiələrdən 40 nəfər Osman ibni Səidin (birinci naibin) vasitəçiliyi ilə imam Həsən Əsgərinin hüzuruna gəldilər. İmam öz övladını onlara göstərərək buyurdu: «Məndən sonra bu (uşaq) sizin imamınızdır, ona itaət edin... Bilin ki, bu gündən e`tibarən onu, ömrü kamal həddinə çatana qədər görməycəksiniz. Belə isə, (onun qeybətdəki dövründə) Osman ibni Səidin dediklərini qəbul edin, ona itaət edin; çünki o, sizin imamınızın canişinidir və işlər onun əli ilə baş verir.»[22]

Başqa bir rəvayətdə İmam Həsən Əsgəri (ə) ikinci naib olan Məhəmməd ibni Osmanın İmam Məhdi (ə)-a naib olmasını aşkar şəkildə buyurmuşdur.

Mərhum Şeyx Tusi yazır:

Osman ibni Səid Həzrəti imam Həsən Əsgəri (ə)-ın göstərişi ilə Yəmən şiələrinin gətirdikləri mal-dövləti (xümsu) təhvil aldı. Bu hadisənin şahidi olan bir neçə nəfər imama dedilər: «Allaha and olsun! Osman bizim şiələrimizin ən yaxşısıdır. Lakin bu işlə onun məqamı bizim üçün daha  da aydın oldu.»

İmam Əsgəri (ə) buyurdu: «Bəli, şahid olun ki, Osman ibni Səid Əmri mənim vəkilimdir Onun oğlu Məhəmməd də oğlum Məhəmmədin vəkili olacaqdır.»[23]

Bunlar imam Məhdi (ə)-ın qeybə çəkilməsindən əvvəlki dövrlərə aid idi. Kiçik qeybət dövründə naiblərdən hər biri öz vəfatından öncə İmam Məhdi (ə) tərəfindən tə`yin olunan sonrakı naibi camaata tanıtdırırdılar,

Bu böyük şəxsiyyətli insanlar gözəl əxlaqi səciyyələrə və gözəl ruhiyəyə malik olduqlarına görə, İmam Əsr (ə)-ın naibliyinə ləyaqət tapmışdılar. Əmanətdarlıq, pak-pakizəlik, əməl və rəftarda ədalət, sirr saxlamaq, məxfi işləri görməyi bacarmaq, Əhli-beyt (əleyhimus-səlamın) sirlərini İmam Zaman (ə)-ın dövrünə məxsus olan belə bir ağır şəraitdə gizlətmək və s. onların mühüm xüsusiyyətlərindən olmuşdur. Onlar imamın etimad etdiyi və xatircəm olduğu şəxslər, Peyğəmbərin pak xanədanının məktəbində tərbiyə almış insanlar idi. Onların bə`ziləri 11 yaşından e`tibarən imamların nəzarət və tərbiyəsi altında olmuş, güclü imanla yanaşı, öz vücudlarını da kamal həddinə çatdırmışdılar. Onların gözəl və pak adları dillər əzbəri idi, səbir, helm, çətinliklərə dözmək, müşküllər qarşısında müqavimət göstərmək onların bütün varlıqları ilə qaynayıb-qarışmışdı. Belə ki, onlar ən çətin şəraitlərdə də öz imamlarına mütləq şəkildə itaət edirdilər. Bütün bu gözəl sifətlərlə yanaşı gözəl idarəçilik və şiələrin rəhbərliyini də öhdələrinə almışdılar. Onlar kamil agahlıq və fəhm qüvvəsi ilə, zamanın həssaslığını dərk etməklə və mövcud imkanlardan bəhrələnməklə şiə cəmiyyətini Allahın yoluna hidayət edir, onları kiçik qeybət dövrünün enişli-yoxuşlu yollarında düzgün şəkildə istiqamətləndirirdilər.

Kiçik qeybət dövrünün və naibin ümmətlə imam arasında rabitə yaratmaqda ifa etdikləri mühüm rolun dəqiq şəkildə araşdırılması İmam Zaman (ə)-ın həyatının bu dövrünün əhəmiyyətini gözəl şəkildə çatdırır. Bu kimi əlaqələr və eləcə də bə`zi şiələrin də kiçik qeybət dövründə imamın hüzuruna çatması 12-ci imam və Allah təalanın bəndələrə olan son höccətinin təvəllüdünün isbat olunmasında çoxlu tə`sirlərə malik idi və bu mühüm nəticə o zaman baş vermişdi ki, düşmənlər İmam Həsən Əsgəri (ə) üçün bir övladın dünyaya gəlməsi ilə əlaqədar şiələri şəkk-şübhəyə salmaq istəyirdilər. Bundan əlavə, bu dövr böyük qeybət dövrünün başlanmasına münasib bir zəmin yaratmışdı ki, o dövranda camaat xüsusi şəxslərin vasitəsi ilə öz imamları ilə hər növ əlaqə yaratmaqdan məhrum idilər. Lakin tam xatircəmlik və əminliklə imamın varlığına inanılar və onun hazır olmasına və xeyrir-bərəkətlərindən bəhrələnmələrinə iman bəsləyirdilər.

Uzun müddətli qeybət

4-cü naibin ömürünün axır dövrlərində İmam Zaəman (ə)-dan ona xitabən belə bir məktub gəldi: «Bismillahir-Rəhmanir-Rəhim. Ey Əli ibni Məhəmməd Səmuri! Allah sənin vəfatının müsibətində sənin din qardaşlarına böyük mükafat versin! Çünki sən altı gündən sonra axirət aləminə səfər edəcəksən. Buna görə də öz işlərini sahmana sal və özündən sonra canişin barəsində bir kəsə vəsiyyət etmə! Çünki kamil (və uzun) qeybət dövrü gəlib çatmışdır. Bundan sonra yalnız Allah fərman verdiyi zaman mənim üçün zühur gözləniləcəkdir. Bu da uzun müddət keçdikdən sonra olacaqdır ki, nəticədə qəlblər çətinliyə düşərək, qəsavət bağlayacaq, yer üzü zülm və haqsızlıqla dolacaqdır.»[24]

Buna əsasən, İmam Zaman (ə)-ın axırıncı naibinin 329-cu ildə vəfat etməsi ilə «qeybəti kubra» adı ilə məşhur olan uzunmüddətli qeybət dövrü başlanır. Bu dövran Allah təalanın istədiyi bir vaxta qədər davam edəcəkdir, nəhayət Allah təala qeybət buludlarını kənara çəkəcək, vilayət günəşinin nurani işıqları dünyanı birbaşa şəkildə işıqlandıracaqdır.

Yuxarıda qeyd olunduğu kimi, kiçik qeybət dövründə şiələr xas naiblərinin vasitəsi ilə imamla əlaqə yaradır, özlərinin ilahi vəzifələri ilə tanış olurdular. Lakin böyük qeybət dövründə bu növ rabitələr kəsilmişdir. Mö`min insanlar öz dini vəzifələri ilə agah olmaq üçün yalnız o həzrətin ümumi naiblərinə –böyük din alimlərinə və mərcəyi-təqlidlərə müraciət edirlər. Bu da aydın bir yoldur ki, İmam Məhdi (ə) onu şiələr içərisində etimad etdiyi böyük bir şəxsiyyətə yazdığı məktubda bəyan etmişdir. İkinci naibin vasitəsi ilə camaata çatdırılan bu məktubda belə qeyd olunur:

وَاَمَّا الْحَوادِثُ الْواقِعَةِ فَارْجعُوا فيها اِلى رُواةِ حَدِيثِنا فَاِنَّهُم حُجَّتى عَلِيْكُم وَأَنَا حُجَّةُ اللهِ عَلَيهم...

«Amma gələcəkdə baş verən hadisələrə gəldikdə isə, (müxtəlif şəraitlərdə öz ilahi vəzifələrinizi tanımaq üçün) bizim hədisləri rəvayət edənlərə (fəqihlərə) müraciət edin. Çünki onlar mənim sizə olan höccətimdir, mən də Allahın onlar üzərində olan höccətiyəm...»[25]

Şiələrin dini suallarına cavab verilməsi, bundan da mühüm olan şey İmam Zaman (ə) kamil qeybət də olduğu bir vaxtda onların fərdi və ictimai vəzifələrini aydınlaşdırıb sualların cavab verilməsi üçün bəyan olunan bu yeni üslub bu həqiqəti çatdırır ki, şiə mədəniyyətində imamət və rəhbərliyin mütərəqqi quruluşu tamamilə canlıdır, müxtəlif şəraitlərdə camaatın hidayət və rəhbərliyini ən gözəl üslublarla yerinə yetirir və heç bir dövrdə məktəb ardıcıllarını hidayətedici bir mənbə olmadan öz başlarına buraxmamışdır. Əksinə, onların işlərinin həyatlarının ictimai və fərdi yönlərində idarə olunmasını dinşünas və əmanətdar alimlərə həvalə etmişdir ki, islam cəmiyyətinin gəmisi dünyanın tufanlı və təlatümlü dəryalarında, istismarçı qüdrətlərin hoqqabazlıq siyasətləri və s. kimi hadisələr qarşısında qoruyub-saxlasın, şiələrin e`tiqad sərhədlərinin geşiyini çəksin.

İmam Hadi (ə) qeybət dövründə din alimlərinin ifa etdiyi mühüm rolu bəyan edərək buyurmuşdur: «Əgər imam Məhdi (ə)-ın (böyük) qeybətindən sonra camaatı öz imamlarına doğru çağırıb hidayət edən, möhkəm ilahi dəlil və höccətlərlə dini (Allahın dinini) himayə edən alimlər olmasaydı; həmçinin əgər Allah bəndələrini şeytanın və şeytansifətlərin tələsinə düşməkdən qoruyan, onları Əhli-beyt düşmənlərinin düşmənçiliklərindən nicat verən ayıq alimlər olmasaydı, onda elə bir şəxs qalmazdı ki, Allah dinindən çıxmamış olsun! Lakin onlar şiələrin qəlblərini (əqidə və fikirlərini) möhkəm şəkildə əllərində saxlamışlar, necə ki, gəmiçi gəminin sükanını möhkəm şəkildə əlində saxlayıb. O alimlər Allah dərgahında bəndələrin ən yaxşılarıdır.»[26]

Diqqət yetirilməli məsələ cəmiyyət rəhbərinin malik olmalı olduğu xüsusiyyət və şərtlərdən ibarətdir. Çünki insanların din və dünya işlərindəki ixtiyarını bir və ya bir neçə şəxsə həvalə etdikdə onlar həmişə tam diqqətlə, düzgün ayırd etməklə və dəqiq şəkildə bu işi öhdələrinə almalıdırlar. Həmin səbəbə görə də məsum imamlar dini mərcəiyyəti, habelə ondan da yüksəkdə olan müsəlmanların vəliyyi-əmri (vilayəti-fəqih) məqamı üçün son dərəcə yüksək olan xüsusiyyətlər bəyan etmişlər. İmam Sadiq (ə) buyurur: Camaata vacibdir ki, fəqihlər və din alimləri arasında özlərini (böyük və kiçik günahlar qarşısında) saxlaya bilən, dinin və ayinin (özünün və camaatın etiqadlarının) keşiyini çəkən, öz şəxsi meyl və istəkləri ilə müxalifət edən, yalnız mövlasının (İmami Əsrin) göstərişlərinə itaət edənlərə onlara itaət etsinlər. Şiə fəqihlərinin hamısı deyil, yalnız bə`ziləri belədir.»[27]



[1] Əl müstədrəku ələl səhihi 4-cü cild səh 557

[2] Təfsiri Əl Kəbir 16-cı cild səh 40

[3] Təfsiri Qurtubi 8-ci cild səh 121

[4] Sihahi Sitə dedikdə altılıq təşkil edən səhih kitablar nəzərdə tutulur. Sihahi Sitə hədis kitablarından olan altı böyük hədis məcmuəsinə aid edilən ümumi bir ünvandır ki, sünnilərin nəzərində ən mö`təbər hədis kitabları sayılır və aşağıdakılardan ibarətdir: Səhihi Buxari, Səhihi Müslim, Sünəni Əbu Davud, Sünəni İbni Macə, Sünəni Nəsaid, Camei Termizi. Sünni alimləri bu kitabdan nəql olunan hədisləri səhih hesab edir və peyğəmbəri Əkrəmin sözü olaraq qəbul edirlər. Qur`andan sonra onların ən mö`təbər kitabları da bunlardır.

[5] İbni Xəldun sünnilərin arasında böyük cəmiyyət şünas (sosyoloq) hesab olunur və o Məhdi (ə) əlaqədar rəvayətlərlə bir qisminə irad tutmuş onları zəif saymışdır. Amma bununla yanaşı Həzrəti Məhdi (ə) əlaqədar rəvayətlərin bə`zilərini səhih hesab etmişdir bununla da Məhdilik məsələsində şəkk yaratmışdır. Məhəmməd Sidiq məğribi İbrazul vəhmil məknun min kəlmi ibni xəldun adlı kitabında onun sözlərini rədd edərək cavab vermişdir.

Həmçinin Əbdül Möhsin ibni Həmdül İbad Ər rədu əla mən həzəbə bil əhadisi səhihətil varidətil fil Məhdi adlı maqaləsində ibni Xəldunun şübhələrinə cavab vermişdir.

[6] Sünnəni Əbu Davud ikinci cild hədis 4282 səh 106

[7] Mö`cəmi Kəbir onuncu cild hədis 1229 səh 83

[8] Ədyan və məhdəviyyət səh 21

[9] Qeybəti nömani 10-cı bab hədis 3 səh 146

[10] Biharul ənvar 52-ci cild 23 bab səh 152

[11] Qur`ani kərim çoxlu ayələrdə o cümlədən Ğafir 58 Fəth 23 İsra 77 ayələrdə ilahi sünnə və qanunlar irəli çəkmişdir. Onların məcmuəsindən mə`lum olur ki, ilahi sünnələr dedikdə Allahın sabit və əsaslı qanunları nəzərdə tutulur ki, heç vaxt onlarda dəyişiklik baş vermir. Bu qanunlar həm keçmiş qövmlərə hakim olmuş həm də hazır ki, və gələcəkdəki qövmlərə hakim olacaqdır. Təfsiri nümunə 17-ci cild səh 435 xülasə şəkildə

[12] Kəmaludin birinci cild 1- 7-ci bablar səh 254- 300

[13] Biharul-ənvar 52-ci cild hədis 3 səh 90

[14] Müntəxəbul əsər, ikinci fəsil 26-29-cu bablar səh 312 340

[15] Kamaludin birinci cild 25-ci bab 4-cü hədis səh 536

[16] Yenə orada ikinci cild 44-cü bab hədis 11 səh 204

[17] İləlü şərai səh 244 bab 179

[18] Kəmaludin ikinci cild 44 bab hədis 4 səh 232

[19] Qeybəti Tusi beşinci fəsil hədis 284 səh 237

[20] Kəmalu din ikinci cild 44-cü bab 7-ci hədis səh 233

[21] Toqiqat adı ilə məşhur olan məktubların mətni şiə alimlərinin kitablarında mövcuddur (nümunə üçün biharul-ənvar 53-cü cild bab 31 səh 150-197)

[22] Qeybəti Tusi 6-cı fəsil hədis 319 səh 357

[23] Qeybəti Tusi 6-ci fəsil hədis 317 səh 355

[24] Yenə orada 6-cı fəsil hədis 365 səh 395

[25] Kəmalu din ikinci cild 45-ci bab üçüncü hədis səh 236

[26] Ehtica birinci cild 11-ci hədis səh 15

[27] Yenə orada ikinci cild səh 511

  687
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment