Azəri
Friday 26th of April 2024
0
نفر 0

Ilahi ədalət bəhsində araşdırılan mövzulardan biri də müsəlman olmayan şəxslərin gördüyü xeyir əməllər məsələsidir.

GIRIŞ

Ilahi ədalət bəhsində araşdırılan mövzulardan biri də müsəlman olmayan şəxslərin gördüyü xeyir əməllər məsələsidir.

Bu gün savadlı və savadsızlığından asılı olmayaraq, müxtəlif təbəqələr arasında belə bir sual irəli sürülür ki, müsəlman olmayan şəxslərin xeyir əməlləri Allah dərgahında qəbul edilir, yoxsa yox? Әgər qəbul edilirsə, onda insanın müsəlman olub-olmamasının nə kimi tə`siri vardır? Belə olan surətdə əsas məsələ insanın dünyada xeyir işlər görməsidir. Әgər biri müsəlman olmasa və ya heç bir dinə qulluq etməsə, ziyana uğramayıb. Yox, əgər müsəlman olmayanların xeyir əməlləri qəbul edilmirsə və onların bütün əməlləri puç olursa və Allah yanında heç bir savab və mükafat almırlarsa, bu məsələ ilahi ədalətlə bir araya necə sığır?

Bu sual eynilə Islam çərçivəsində, Әhli-beytə tabe olub-olmamaq barəsində də irəli sürülə bilər. Görəsən Әhli-beytə tabe olmayan müsəlmanın əməli Allah dərgahında qəbul edilir, yoxsa yox? Әgər qəbul edilirsə, onda müsəlmanın Әhli-beytə tabe olub-olmamasının fərqi nədir? Çünki, belə olan surətdə əsas məsələ insanın müsəlmançılığında olur və əgər kimsə Əhli-beytin vilayətini qəbul etməsə, heç bir ziyana uğramır. Amma əgər Әhli-beytə tabe olmayanın əməli qəbul deyilsə, onda bu məsələ ilahi ədalətlə necə izah edilir?

Әvvəllər ancaq filosoflar arasında və fəlsəfi kitablarda bəhs edilən bu məsələ, indiki zamanda bütün təbəqələrə sirayət edib.

Ilahi filosoflar bu məsələ barəsində belə bəhs edirdilər ki, əgər dindən xaric olan insanların hamısı ilahi əzaba düçar olsalar, onda varlıq aləmində şər çoxluq təşkil edər, halbuki əsalət və çoxluğun bədbəxtlik və şərlərlə deyil, xoşbəxtlik və xeyirlərlə olması ən qət`i və aydın əsaslardandır.

Insan varlığın gülüdür və hər şey onun üçün yaradılıb. (Әlbəttə «hər şey onun üçün yaradılıb» sözündən məqsəd, adətən dar fikirli insanların başa düşdükləri şey deyil, filosofların dedikləri düzgün məfhumdur.) Indi birdən bu insanın cəhənnəm üçün yaradılması qərara alınmış olsa, yə`ni onların əksəriyyətinin son yeri cəhənnəmdirsə, onda Allahın qəzəbinin rəhmətindən çox olmasını e`tiraf etmək lazım gəlir. Çünki, insanların çoxu haqq dindən uzaqdırlar və hətta haqq dində olanlar da əməl baxımından zəlalət və azğınlıqdadırlar. Bu məsələyə filosoflar bu nöqteyi-nəzərdən yanaşırdılar.

Təqribən yarım əsrdir ki, müsəlman və qeyri-müsəlman xalqlar arasındakı əlaqələrin asanlaşması, əlaqə vasitələrinin çoxalması və xalqların bir-birləri ilə dostluqlarının artması nəticəsində bu məsələ bütün təbəqələr, xüsusilə dırnaqarası ziyalılar arasında sual doğurur ki, görəsən saleh əməllərin Allah dərgahında qəbul olmasının yeganə şərti Islam və imandırmı?

Onlar son əsrdə yaşamış və müsəlman olmamış, amma bəşəriyyətə çox dəyərli xidmət göstərmiş ixtiraçıların həyatlarını oxuyaraq həmin alimləri mükafata layiq hesab edir, digər tərəfdən isə əvvəllər qeyri-müsəlmanın əməllərinin puça çıxmasını fikirləşdikləri üçün çox nigaran olurlar. Beləliklə, illərlə ancaq fəlsəfə dairəsində olan bir mövzu ümumi kütlə arasına qədəm qoyur və ilahi ədalətə varid edilən irad şəklində irəli sürülür.

Әlbəttə, bu irad ilahi ədalətlə birbaşa əlaqəli deyil. O, Islamın insan və onun əməlləri barəsindəki baxışına bağlıdır. Dediyimiz bu irad ilahi ədalətə belə aid olur ki, deyəsən insan, onun əməlləri və Allahın onunla bu cür rəftar etməsi barəsindəki bu nəzər və fikir, ilahi ədalət me`yarlarına ziddir.

Mən gənc tələbələrlə olan əlaqələrimdə bu sualın irəli sürülməsi ilə çox rastlaşmışam. Bə`zən soruşurlar ki, dünyanın böyük ixtiraçıları bəşəriyyətə olan bu qədər böyük xidmətlərinə baxmayaraq cəhənnəmə gedəcəklər? Məsələn, Pastor, Edison və bu kimi ixtiraçılar cəhənnəmə, ömürlərini məscidin bir küncündə keçirən bekar zahidlər isə cənnətə gedəcəklər? Allah cənnəti ancaq bizim üçün yaradıb?

Yadımdadır ki, bir gün mənim çox mö`min və dindar yerlilərimdən biri Tehrana gəlmişdi və mənimlə görüşəndə həmin məsələni soruşdu.

Həmin kişi Məşhəddə olan dəri-zöhrəvi xəstəxanasına baş vurmuşdu və orada xəstələrə səmimi qəlbdən qulluq edən xristian tibb bacılarını görəndə həyəcanlanaraq tə`sirlənmişdi. Elə oradaca zehninə bu sual gəlmiş və şəkkə düşmüşdü.

Bilirsiniz ki, dəri-zöhrəvi xəstəliklərinə tutulmuş şəxslərə qulluq etmək çox çətin, ağır və ürpəşdirici bir işdir. Məşhəddə həmin xəstəxana yaradılanda çox az həkim orada işləməyə razı oldu. Orada xəstələrə qulluq etəməyə də heç kəs razı deyildi. Qəzetlərdə həmin xəstəxanada tibb bacısı işləmək üçün qüvvə lazım olması barədə e`lanlar verildi və bütün Iranda bu işə müsbət cavab verən bir nəfər belə tapılmadı. Fransadan bir neçə nəfər «tərkidünya» xristian qız gəldi və həmin xəstələrə qulluq etməyi öz öhdəsinə götürdü.

Bu qızların, hətta ata-anaları tərəfindən atılmış xəstələrə qarşı humanist rəftar və səmimi qulluqlarını görmüş həmin şəxs, çox güclü şəkildə onların tə`siri altına düşmüşdü.

O danışırdı ki, həmin xristian tibb bacıları uzun və geniş paltarlar geyinmişdilər və əllərində bəlkə də min dənəsi olan uzun bir təsbeh var idi, işləri qurtaran kimi zikr deməyə başlayırdılar.

Həmin kişi pərişan və narahat halda soruşurdu ki, müsəlmandan başqa heç kəsin cənnətə girməyəcəyi düzdürmü?

Әlbəttə biz indi həmin xristian qızların bura hansı məqsədlərlə gəlmələrini və doğrudan da ancaq və ancaq Allaha görə və Allah yolunda qulluq etmək və ya digər məqsədlərə malik olmalarını araşdırmaq istəmirik. Bu işə çox nikbin olmadığımız kimi, bədbin də olmaq istəmirik. Məqsədimiz budur ki, bu kimi hadisələr bizim adamlarımızı ciddi bir sualla üzləşdirir.

Mən neçə il bundan əvvəl bir cəmiyyətdə söhbət etməyə də`vət olunmuşdum. Həmin cəmiyyətdə onların öz adətləri üzrə, iştirakçılara deyildi ki, əgər sualları varsa yazsınlar, münasib bir vaxtda onlara cavab verilsin. Orada sualları bir dəftərə yazmışdılar və həmin dəftəri mənə verdilər ki, söhbətimin mövzusunu onların əsasında hazırlayım. Mən gördüm ki, ən çox təkrar olunan sual budur ki, görəsən Allah müsəlman olmayan bütün insanları cəhənnəmə aparacaq? Pastor, Edison və Kox əzab əhli olacaqlar?

Mən ondan sonra bu məsələnin, camaatın fikrini özünə cəlb etmək baxımından əhəmiyyətli olmasını başa düşdüm.

Biz indi kitabın bu fəslində, Allahın köməyi ilə, məsələnin araşdırılmasına başlayacağıq. Amma həmin mövzuya daxil olmamışdan əvvəl, həmin mövzunun aydınlaşması üçün iki məsələni izah etməyimiz lazımdır.

1. MÖVZUNUN ÜMUMI CӘHӘTI

Bizim bu söhbətdən məqsədimiz şəxsi məsələləri araşdırmaq, məsələn Pastorun cəhənnəm əhli olub-olmamasını müəyyənləşdirmək deyil. Biz onun həqiqi fikir və inanclarının, mə`nəviyyatının, ruhi və əxlaqi xüsusiyyətlərinin və hətta zahiri əməllərinin nə olmasını bilə bilmərik. Bizim onunla tanışlığımız onun yalnız elmi xidmətləri səviyyəsindədir.

Bu məsələ təkcə Pastora aid deyil. Ümumiyyətlə, insanların müqəddəratı Allahın əlindədir. Heç kəsin, kiminsə cənnət və ya cəhənnəm əhli olub-olmaması barədə qəti fikir söyləmək haqqı yoxdur. Әgər bizdən məsələn, «Şeyx Mürtəza Әnsari o yüksək pərhizkarlıq, təqva, iman və əməli ilə mütləq cənnət əhli olacaq?» deyə soruşsalar, cavabımız budur ki, biz onun barəsində olan mə`lumatımız çərçivəsində onun elm və əməlində bir pislik eşitməmişik, bildiyimiz şey ancaq yaxşılıq və xeyirdir. Amma onun yüz faizlik cənnət əhli olmasını demək bizim ixtiyarımızda deyil. Insanların ruh və batinlərindən xəbərdar olan ancaq və ancaq Allahdır və O, insanların bütün gizli sirlərini bilir və varlıqların hesabı da Ona məxsusdur. Yalnız Allah övliyaları tərəfindən son müqəddəratları bildirilmiş şəxslər barəsində fikir söyləmək olar.

Bir də görürsən ki, bə`ziləri alimlərin ən fəzilətlisi və Allah dərgahına ən yaxının kim olması barəsində danışırlar. Məsələn, Ibni Tavus fəzilətlidir, yoxsa Bəhrul-Ulum və ya Şeyx Әnsari? Bə`zən imamzadələrin hansının daha fəzilətli olmasını soruşurlar. Məsələn, Allah yanında həzrət Әbdül-Әzim əzizdir, yoxsa həzrət Mə`sumə (s)?!

Bir dəfə müctəhidlərin birindən soruşmuşdular ki, həzrət Әbulfəzl üstündür, yoxsa həzrət Әli Әkbər? Sualı elmi şəkildə irəli sürüb müctəhidi cavab vermək məcburiyyətində qoymaq üçün belə yazmışdılar ki, əgər bir nəfər imamzadələrin ən fəzilətlisinə qoyun nəzir edibsə nə etməlidir? Həzrət Әbulfəzl fəzilətlidir, yoxsa həzrət Әli Әkbər?

Bu cür söhbətlərin səhv olması, müctəhid və qeyri-müctəhidin bu qism suallara cavab vermək məs`uliyyəti daşımaması mə`lum məsələdir. Allah bəndələrinin məqamlarını müəyyənləşdirmək bizim öhdəmizdə deyil və bu işi Allaha tapşırmaq lazımdır. Kimin məqamının nə olmasını Ondan başqa heç kəs bilmir və bunu Allah tərəfindən bildirilməsə, heç kəs bilə bilməz.

Islamın ilkin çağlarında müsəlmanların bə`ziləri müəyyən yerlərdə bu cür yersiz fikirlər bildiriblər və Peyğəmbər (s) onların bu işlərinin qarşısını alıb.

Osman ibni Məz`un dünyadan köçəndə, onun elə evində yaşadığı və qonağı olduğu kişinin arvadı, ənsardan olan Ummu Әla adlı bir arvad Peyğəmbərin hüzurunda Osmanın cənazəsinə xitab edərək belə dedi: Cənnət sənə halal olsun.

Peyğəmbər (s) Osman ibni Məz`unun görkəmli şəxsiyyət olması, o həzrətin özü onun ölümündə bərk ağlaması və onun cənazəsini öpməsinə baxmayaraq, həmin arvadın bu yersiz fikir söyləməsindən qəzəbləndi və qəzəbli baxışlarla ona baxaraq belə buyurdu: Haradan bilirsən? Nə üçün bilməyə-bilməyə hökm çıxarırsan? Məgər sənə vəhy olub? Məgər sən Allah bəndələrinin hesabından xəbərdarsan? Arvad deyir ki, ey Allahın Peyğəmbəri, o sizin səhabəniz və mücahid döyüşçülərinizdən olub. Peyğəmbər (s) onun cavabında diqqət edilməsi lazım olan bir cümlə buyurur:

«Mən Allahın elçisiyəm, amma mənimlə necə rəftar ediləcəyini bilmirəm.»

Bu cümlə eyni ilə, Qur`an ayələrinin birinin məzmunudur ki, buyurur:

قُلْ مَا كُنتُ بِدْعًا مِّنْ الرُّسُلِ وَمَا أَدْرِي مَا يُفْعَلُ بِي وَلَا بِكُمْ

«De ki: Mən peyğəmbərlərin birincisi deyiləm. Rəbbimin mənimlə və sizinlə nə edəcəyini bilmirəm....» (Әhqaf-9).

(Burada zehnlərdə belə bir sual yarana bilər ki, bu ayə müsəlmanlar arasında qəti və inkaredilməz olan bir şey, yə`ni o həzrətin qiyamətdə bə`zi günahkarların bağışlanmaları üçün özünün yüksək məqamından istifadə edərək onlara şəfaət edəcəyini xəbər verməsi ilə ziddir. Hətta Qur`anın «Həqiqətən Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne`mətlər) bəxş edəcək və sən (Ondan) razı olacaqsan! və ya «Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq....» və bu kimi bə`zi ayələri ilə də müxalifdir.

Bu iradın cavabı budur ki, yuxarıdakı hədisin məzmunundan mə`lum olduğu kimi, ayənin mə`nası belədir ki, heç kəsin müqəddərat və aqibətinin nə olacağı və hara gedib çıxacağı ona qəti surətdə mə`lum deyil. Işlərin qəti aqibətlərini ancaq Allah bilir və əgər bunları başqası da bilirsə, o, ilahi vəhy vasitəsi ilədir. Belə isə, son müqəddəratın bilinməsini rədd edən ayə, Peyğəmbər və ya hər hansı bir digər şəxsin özünə və öz əməlinə arxalanaraq müqəddəratı barəsində xəbər verməsini nəzərdə tutur. Amma Peyğəmbərin özü və ya başqalarının aqibətinin bilməsini göstərən ayələr ilahi vəhy vasitəsi ilədir.)

Buna bənzər hadisənin Sə`d ibni Məazın ölümündə də baş verməsi nəql edilib. Həmin vaxt Sə`din anası onun yatağının yanında ona bənzər bir cümlə deyəndə, Peyğəmbər (s) buyurur ki, sakit ol, öz başından Allaha aid işlər barəsində hökm çıxarma.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ÖVLIYALAR ÜÇÜN BӘLA
FӘLSӘFI BӘDBINLIK
İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı

 
user comment