Azəri
Friday 26th of April 2024
0
نفر 0

Əliyev rejiminin zülmü, Qanlı Naradaran işi üzrə məhkəmədə: “Polisi gözümün qabağında o biri polis güllələdi”

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 2015, 26 Qanlı Noyabr Nardaran Faciəsi işi üzrə Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin məhkəmə prosesi davam edir. Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində 04, 08, 2016 tarixdə keçirilən iclasda ŞƏRLƏNƏN şəxslərdən daha beşi ifadə verib. Onlar ifadələrində məruz qaldıqları amansız işgəncələr
Əliyev rejiminin zülmü, Qanlı Naradaran işi üzrə məhkəmədə: “Polisi gözümün qabağında o biri polis güllələdi”

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 2015, 26 Qanlı Noyabr Nardaran Faciəsi işi üzrə Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin məhkəmə prosesi davam edir. Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində 04, 08, 2016 tarixdə keçirilən iclasda ŞƏRLƏNƏN şəxslərdən daha beşi ifadə verib. Onlar ifadələrində məruz qaldıqları amansız işgəncələrdən danışıblar.

Dünənki məhkəmə iclasında ilk dindirilən Rasim Cəbrayılov olub. O bildirib ki, Nardaran əməliyyatı zamanı dünyasını dəyişmiş iki polisdən birini onun gözü qarşısında digər maskalı polis güllələyib.

Hadisənin necə baş verməsindən danışan Rasim Cəbrayılov deyir ki, Məhərrəmlik ayı olduğu üçün Hacı Əbülfəzin evində İmam ehsanı verilirdi. Özü də ehsan süfrəsində çay paylayıb. Amma polislər hücum edəndə namaz vaxtı olub: “Mən mətbəxdə idim, stəkanları yuyurdum. Səs eşidib çıxdım, gördüm ki, təxminən 70-80 nəfər qara maskalı evi mühasirəyə alıb, bir qismi də güllə ata-ata evə hücum etdi. Atılan güllələrin bir hissəsi rezin idi, bir hissəsi də əsl güllələr. Mənə 14 rezin güllə dəyib. Həyətdə mənim əllərimi qandallayıb aparanda polislərdən biri gözümün qabağında yaralandı. Qara maskalılardan biri o birinə qışqırdı ki, ”zalım balası, sən neylədin, bu öldü ki…” Yaralı maskalını qucaqlarına götürüb apardılar. İki mebel maşını gətirmişdilər. Yaralı polisi sağdakı maşına qoydular, məni isə soldakına tulladılar”.

Rasim Cəbrayılov maşının içində baş verənlərdən də danışıb: “İnsanları qandallayıb maşının içinə zibil kimi tullayırdılar. Yazıblar ki, guya, bizdə silah-sursat olub. Hamısı özlərində olub. Bizdə heç kibrit çöpü də olmayıb. Mən həmin gün və ondan sonra edilən vəhşilikləri əvvəllər ancaq efirlərdə, ”Arka sokaklar” serialında görmüşdüm. Onların elədiklərini sözlə ifadə etmək mümkün deyil. Elə şeylər var ki, burada xanımlar olduğuna görə danışa bilmirik. Bizi maşına mindirib aparanda orada tutulanlarla yanaşı, ölən yoldaşlarımızın cəsədləri də vardı. Yaralıların, cəsədlərin, hamımızın üstündə 45 “razmer” çəkmə ilə elə gəzirdilər ki, sanki yerə kartof tökmüşdülər, adam yox. Silahın qundağı ilə kimin harasından gəldi vururdular. Mənim də vurub qaşımı partlatdılar. Fərahim tam sağlam idi, onu maşının içində gözümüzün qabağında döyə-döyə öldürdülər. Mən hələ söyüşləri, təhqirləri demirəm…

“Camaat yatanda bizi ”dubinka” ilə döyüb, toka verirdilər”

“Bandotdel”ə aparandan sonra gecənin bir yarısı üzü divara saxlayıb, əli qandallı döyürdülər. Təsəvvür edin ki, qaşımdakı yaranı tikmədilər, dedilər ki, başını yastığa qoyma, yataq dəstinə qan dəyməsin. Gecə saat 3-də – hamı yatdığı vaxtda bizi qaldırıb 5-ci mərtəbədə “dubinka” ilə döyüb, toka verirdilər.

Məni 26 noyabrdan sonra bir də 12-də “bandotdel”dən çıxarıb Kürdəxanı türməsinə apardılar, orada da 1 saat ərzində qeydiyyatdan keçirib, yenidən “bandotdel”ə qaytardılar. Vəkilə yalvarırdım ki, evə xəbər ver, çünki onların öldü-qaldımdan xəbərləri yox idi”.

“Məni üst-başım cırıq vəziyyətdə, qan içində dindiriblər”

Rasim Cəbrayılov deyir ki, onlarda silah olması barədə ittihamda yazılanlar ağ yalandır: “Bandotdeldə 5-ci mərtəbədə ayrı-ayrı torbalara silah qoyub, qablaşdırıb üstünü möhürləyib, adlarımızı yazmışdılar. Vallah, ittiham aktında yazılanlar boş şeydir, yalandır. İfadələrimi təsdiqləmirəm, çünki onu dəhşətli işgəncələr altında vermişəm. Məni işgəncə ilə Nardarana aparıb çəkilişdə onların dediklərini təkrarlamağımı tələb etdilər. Çəkilişdə məni məcbur etdilər deyim ki, Tale Bağırzadə evin içində bizə polislərə atəş açmağı əmr edib. Mən bunu işgəncələr altında demişəm. Tale bizim ruhanilərdəndir və ona alim kimi böyük hörmətim var. Biz tərəfdən heç kim polisə müqavimət göstərməyib, silahlı olmayıb. Təsəvvür edin, məni üst-başım cırıq vəziyyətdə, qan içində dindiriblər. Yazıblar ki, guya Abbas Hüseynov və rəhmətlik Əkbər silah gətirib, bizə paylayıblar. Bu, onların öz uydurmasıdır. Abbas bir müddət mənimlə eyni kamerada qalırdı. Onu o qədər döymüşdülər ki, yerindən tərpənə, adi su içə bilmirdi. Bütün bu şərəfsizlikləri edənlərə ayıb olsun.

Gecə yatanda fikirləşirdik ki, görəsən yenə gələcəklər? Lap böyüklərinin yanına qalxanda mənə bir kitab göstərib dedilər ki, bu, Tale Bağırzadənin müraciət kitabçasıdı. Mən də dedim ki, görmədiyim bir şeyi deyə bilmərəm. Elə düzüb-qoşublar ki, guya, biz 26 noyabrda əməliyyatın olacağını bilirmişik və buna görə də 25-də bizə gətirib silah paylayıblar. Mən nə İslam dövləti qurmaq istəmişəm, nə də dövlət çevrilişinə cəhd eləmişəm”.

“Kaş Allahın möcüzəsi olaydı, bizə edilənləri sizə göstərə biləydik…”

Daha sonra təqsirləndirilən Zakir Mustafayev ifadə verib. O da ittiham aktında yazılanların saxta olduğunu bildirib. Zakir Mustafayev Nardaran əməliyyatından bir ay sonra həbs olunub. Özü öz ayağı ilə polisə gedib. İfadəsində bu barədə ətraflı danışıb: “Mən hadisə baş verən gün həmin evdə ehsan süfrəsində idim. Namaz vaxtı hücum elədilər. Mənim də əlimi polietilenlə bağladılar, üzü üstə uzatdılar. Tale Bağırzadəni aparanda qışqırdılar ki, ”əməliyyat bitdi, çıxışa”. Onlar çıxıb gedəndən sonra mənim əllərimi qadınlar gəlib açdı. Mən Nardaran sakini deyiləm. Maşınım da həmin evin qarşısında idi, şüşələri sındırılmışdı. Özüm də halsız idim deyə, maşını orada qoyub çıxıb getdim. Hadisədən iki gün sonra gedib maşınımı götürmək istədim, amma Nardaran sakini olmadığım üçün postdan buraxmadılar. Bundan sonra normal həyatıma davam edirdim. Qardaşım Gəncədə yaşayır. Ona zəng edib deyiblər ki, sənin adına olan maşınla qəza törədilib. O polisə gedib, məlum olub ki, onun maşınının heç bir problemi yoxdur. Sonra deyiblər ki, qoy, səninlə eyni ünvanda qeydiyyatda olan qardaşın da maşınını gətirsin. Mən maşınımla əlaqədar Sabunçu rayon Polis İdarəsinə getdim. Səhər 11-dən axşam 8-ə qədər gözlədim. Mənə dedilər ki, rəisin yanına gedirsən, amma birdən qışqırsa, təhqir eləsə, cavab vermə. Başa düşmədim ki, məni niyə təhqir eləməlidir? Rəis məni görən kimi dedi ki, “gəl görüm ə, bandit, silahlar hardadır?” Başladı məni təhqir eləməyə. Etiraz edəndə döydülər. Rəisin əlində bir tərəfində elektroşok olan fanar vardı. Mənə tok verdilər. Başladılar ki, silahlar hardadır, Taleh sizə silah paylayıb. Dedim olmayıb axı belə bir şey. Məni bir otağa aparıb qandalla stula bağladılar. Mənə səhərə qədər vaxt verdilər ki, düşünüm. Deyim ki, guya, Tale Bağırzadə bizə silah verib, çevriliş hazırlayıb. Dedilər ki, özünə yazığın gəlsin, 3 uşağın var. Ertəsi gün gəldilər ki, “ağıllanmısan?” Dedim, axı olmayan şeyi mən necə deyim? Bundan sonra yenə döyüb, ardınca da rəisin maşınına mindirib “bandotdel”ə apardılar. Kaş, Allahın bir möcüzəsi olaydı, bizə orada edilənləri sizə göstərə biləydik. 28 gün orada saxlanıldım. Axırda məni ailəmlə təhdid etdikləri üçün onların dediklərinə qol çəkdim. Dedilər ki, ailəni bura gətirəcəyik. Sonra da məndən tələb etdilər ki, əməliyyat çəkilişlərində onların dediklərini təkrarlayım. Məni Maştağaya apardılar, hasarın dibinə qumbara və silah qoydular. Dedilər ki, get, oradan çıxar”.

Nardaran hadisələrinin hakimiyyət daxilindəki hansısa xəyanətkar qruplaşmanın işi olduğunu deyən Zakir Mustafayev qeyd edir ki, “bandotdel”də olarkən hüquqlarının təmin olunmasını, ona vəkil verilməsini istəyib. Amma heç biri yerinə yetirilməyib: “Bandotdel”də Kərim mənə dedi ki, səni öldürərik, qanını da itirərik”.

Zakir Mustafayev məhkəmədə əlindəki Quran kitabına and içib ki, onlarda silah olmayıb.

“Elə hərəkət elədilər ki, bunu erməni eləməzdi…”

Təqsirləndirilən Aqil İsmayılov da ifadəsində ittiham aktında yazılanların yalan və böhtan olduğunu bildirib: “Biz kimlərinsə fərziyyəsi ilə tutulmuşuq. Hadisə günü xəbərdarlıq atəşi açmadılar, birbaşa insanları vurdular. Güllə yağdırırdılar. Təsəvvür edin, mənimlə qara maskalı arasında bir metr məsafə vardı, onun da əlində silah, güllə ata-ata gedir. Mən ona necə müqavimət göstərə bilərəm? Əllərimi qandallayandan sonra da başıma avtomat sıxmışdılar. İndi baxın, görün, cinayətkar kimdir. Maşının içində bizə olmazın işgəncələr verdilər. Silahın qundağı, ”dubinka” ilə vəhşicəsinə vururdular. Fərahimi o qədər vurmuşdular ki, “dubinka” əyilmişdi. Onu döyə-döyə vəhşicəsinə qətlə yetirdilər. Hacı Taleyi maşında o qədər vurdular ki, artıq səsi çıxmırdı. Mənim başımı partlatdılar. Elə hərəkət etdilər ki, bunu erməni etməzdi. Üstümüzə silah çəkib dedilər ki, sizi öldürəcəyik. Hamımız kəlmeyi-şəhadəti gətirdik. Əkbərin cəsədinin üstündə gəzirdilər”.

“Görünür, cibimdəki 30 qəpiyi ”limonka” ilə səhv salıblar”

Aqil İsmayılov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılandan sonra da başlarına gələnlər barədə danışıb: “Bizi aparanda ”bandotdel”in həyətində artıq bir dəstə ac qurd kimi bizi gözləyirdi. Təkcə məni 3 nəfər döyürdü, başqalarının hərəsinin üstünə 5-6 nəfər tökülüşmüşdü. Bunlar da özlərinə adam deyib, gəzirlər. Məni ailəmlə təhdid edib, qol çəkdirdilər. Konkret, dedikləri o idi ki, qeyrətinizi burada qoyun, gedin. Mənim cibimdə 30 qəpik pul olub. Görünür, bunlar onu “limonka” ilə səhv salıb. Yazıblar ki, guya, cibimdən “limonka” çıxıb. Mən heç bilmirəm ki, “limonka” necə olur. Necə oldu ki, hamımızın sol cibindən kitabça, sağ cibimizdən də qumbara çıxır? Ölən 6 nəfərin qanı bunların üzərindədir. Bu anaların göz yaşı tez-gec onların axırına çıxacaq”.

“Bizi narahat edən vəkil vicdansızlığıdır”

Aqil İsmayılov dövlət hesabına ona verilmiş vəkildən də narazılıq edib: “Vəkildən soruşuram ki, mənə qol çəkdirilən kağızdakı 120-ci maddə nədir? Deyir ki, narahat olma, çək, izah eləmədi. O vəkil kimi məni müdafiə etməyib”.

Qeyd edək ki, həmin vəkil Səfər Hüseynov məhkəmədə də Aqil İsmayılovun müdafiəçisi qismində iştirak edir. Aqil məhkəmədə onun xidmətindən imtina etdiyini bildirib.

Bu zaman vəkil Səfər Hüseynov müvəkkilini yalan danışmaqda ittiham edib: “Yalan danışma, adamın vicdanı olar”.

Aqil İsmayılov da ona cavab qaytarıb: “Vicdansız sənsən ki, bu cür işlərlə məşğul olursan”.

Bu an məhkəmdə gərginlik yaşanıb və təqsirləndirilən şəxslər həmin vəkilin zaldan çıxarılmasını tələb edib. Son nəticədə vəkil zalı tərk edib.

Tale Bağırzadə də vəkil məsələsinə münasibət bildirib: “Bizi narahat edən odur ki, Vəkillər Kollegiyası vicdanlı vəkilləri cəzalandırır, kollegiyadan xaric edir. Amma sifariş icra edən bu cür vəkillər iş başındadır. Bizi narahat edən vəkil vicdansızlığı, bunların çirkaba bulaşmasıdır”.

Digər təqsirləndirilən İlqar Xudaverdiyev də dövlət tərəfindən təyin olunan vəkildən imtina edib.

Tutulanlar arasında yetkinlik yaşına çatmayan da var

Daha sonra həbs olunarkən heç yetkinlik yaşına çatmamış Ramin Yarıyev ifadə verib: “Adətən bu cür əməliyyatlarda xəbərdarıq atəşi açırlar. Amma bunlar birbaşa bizə atdılar. Əkbərin sinəsindən vurdular. Onu öldürəndən sonra da maşında qollarını, ayaqlarını sındırdılar. Rafael və Əkbərin maşında cəsədi var idi. Fərahimi də döyüb öldürdülər. Biz silahlı şəxslərə necə müqavimət göstərə bilərdik?”

Ramin Yarıyev bildirib ki, yetkinlik yaşına çatmamasına baxmayaraq, onu dindirərkən valideynlərinin heç biri qanuni nümayəndə kimi çağırılmayıb. Həmçinin qeyd edib ki, bu hadisədən cəmi üç ay əvvəl namaz qılmağa başlamışdı.

Taleh Bağırzadə bu yerdə replika verib: “Bu adam 3 ay idi ki, namaza başlamışdı. O, dini dərk etmədiyi halda, necə İslam dövləti qura bilərdi? Biz həmişə demişik ki, bu hakimiyyət dövlət çevirilişi edir. Bu çıxışlarımıza görə həbs ediləcəyimizi də bilirdik. Mən həbs ediləndə dedilər ki, niyə hökumət əleyhinə danışırsan? Niyə deyirsən ki, Azərbaycan ermənilərə qaz verir, bizə vermir?”

“Dodağıma 4 tikiş vurulub, dişlərim sındırılıb”

Dünən dindirilən sonuncu təqsirləndirilən Əli Nuriyev olub: “Mənim adımdan yazıblar ki, guya, mən Zakirdən Hacı Taleyin qaldığı evdə silah olduğunu eşitmişəm. O ifadənin mənə heç bir aidiyyəti yoxdur. Mənə 7 rezin güllə dəyib. Qurana əl basıram ki, Abbas mənə nə silah, nə qumbara, nə də bıçaq verib. Ağzımı partlatmışdılar, dodağıma 4 tikiş vurublar. Alt və üst dişlərimi sındırıblar. Bizi ”bandotdel”in həyətində düşürüb zülm edəndə ətraf binalarda olanlar eyvandan görürdülər. Qolumda güllə yerindən qan axırdı. Mənə təyin olunan vəkil deyirdi ki, sən cinayətkarsan, səni necə müdafiə edim?”

Əli Nuriyevin sözlərinə görə, onun yaxınlarına ayağının birinin kəsilməsi barədə yalan məlumat verilib: “Dekabrın 30-u biz Kürdəxanıya köçürüldük. Yanvarın 1-də ilk dəfə evlə əlaqə saxladım. Ailəmə demişdilər ki, ayağımı kəsiblər. Anam telefonu götürən kimi dedi ki, ”Əli, ayağını kəsiblər?”. Dedim ki, yox. İnanmadı. Ancaq məhkəmədə gəlib görəndə inandı ki, ayağım kəsilməyib. Mənə təyin olunan vəkilə dəfələrlə yalvardım ki, evə xəbər elə ki, sağam. Amma etmədi. Mənə vəkilin yanında 6-7 ağ vərəqə qol çəkdiriblər. “Bandotdel”də Kərim adlı şəxs mənə tok verdi, dedi ki, “səni öldürərəm, deyərəm, qaçmaq istəyirdi, yıxıldı”. Dedim ki, “öldürün, amma kiminsə üzünə qoymayın”. Azyaşlı əmimoğlu və qardaşım var. Onların şəklini göstərib dedilər ki, “əgər onların da bura gəlib, sən çəkən əziyyəti çəkməsini istəmirsənsə, yazılanları imzala”. Allah o Kərimə lənət eləsin. Mənə verilən işgəncələrlə bağlı prokurorluğa, Ombudsmana, Qırmızı Xaç Komitəsinə müraciət etdim. Ombudsmandan mənə cavab gəldi ki, siz müqavimət göstərmisiz. Axı mən yalın əllə silahlı şəxslərə necə müqavimət göstərə bilərdim?”

Məhkəmə prosesi avqustun 10-da digər təqsirləndirilən şəxslərin ifadələri ilə davam edəcək.

 



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ekvadorda Ərdoğana qarşı üsyan, Terrorçu Rədd Ol! Deyə ekvadorlular şüar ...
Tehranda keçiriləcək “İslami oyanış” konfransında 500-dən çox İslam ...
59 ölkə beynəlxalq Quran müsabiqəsi keçirmək üçün razılaşdı
Suriyada "müsəlman-məsihi qardaşlığı" adlı konfrans keçiriləcək
ABŞ Hazırda 7 Ölkəni bombalayır; 7-si də müsəlman ölkələridir.
Xəlifə rejimini muzdlu əskərləri İmam Hüseyn (ə) Əzadarlığının ...
Fazil Mustafa Azərbaycan xalqına “siyğədən əmələ gəlmişlər” Hz. Aişəyə ...
Hacı Taleh: “Sizin arxanızda İlham Əliyev dayanıbsa, bizim də arxamızda Allah ...
İslam Həmkarlar Təşkilatı Qəzzada 100 min yaşayış məntəqəsinin tikilməli ...
Məsumların (ə) Bəqidəki hərəmlərinin dağıdılmasından 93 il ötür

 
user comment