Azəri
Friday 26th of April 2024
0
نفر 0

Bu gün İslam Peyğəmbəri Muhəmməd ibn Abdullahın və İmam Həsən Muctəbanın Şəhadətinin ildönümüdür (Araşdırma)

Bu gün İslam Peyğəmbəri Muhəmməd ibn Abdullahın və İmam Həsən Muctəbanın Şəhadətinin ildönümüdür (Araşdırma)

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri Qəməri tarixi ilə 28 Səfər ayı Böyük İslam Peyğəmbəri, aləmlərin Rəhməti həzrəti Muhəmməd ibn Abdullah (səlləllahu əleyhi və alih) ilə böyük nəvəsi, Əhli Beyt (əleyhimus səlam) nümayəndəsi, ali məqamlı səhabəsi, ümmətin ikinci Rəhbəri həzrəti Həsən ibn Əlinin (əleyhimə səlam) şəhadət günüdür.

Biz ABNA olaraq bu hüzünlü gün münasibəti ilə, başda İmam Zaman (Allah onun şərəli gəlişini tezləşdirsin) həzrətləri olmaqla haq nümayəndəsi Vəliyyi Fəqih İmam Xamenei cənablarına, Ali Məqamlı Təqlid Mərcələrinə və bütün bəşəriyyətə dərin hüzn ilə baş sağlığı veririk.

Bu münasibət ilə saytımızın ziyarətçilərinə əziz İslam Peyğəmbəri həzrəti Muhəmməd ibn Abdullahın (səlləllahu əleyhi və alih) və İmam Həsən Muctəbanın həyatı barədə qısa anlayış veririk.

İslam Peyğəmbəri həzrəti Muhəmməd ibn Abdullahın (səlləllahu əleyhi və alih) həyatı.

 

Uşaqlıq dövrü

Böyük İslam Peyğmbəri həzrəti Məhəmməd ibn Abdullah (səlləllahu əleyhi və alih) anadan olduğu il Amul Fil ilinin əvvəli, Rəbiul Əvvəl ayının 17-si, milad tarixi ilə, eramızın 570-ci ili sayılır. Həzrəti Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih) hələ erkən ikən yetim qalmışdır. Atası həzrəti Abdullah (əleyhi səlam) uşaq anadan olmazdan əvvəl vəfat etmiş, anası Aminə isə həzrəti Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih) altı yaşında olarkən ölmüşdür. Anasının ölümündən sonra Peyğəmbərə babası baxırdı. İki il, sonra isə, babası Əbdül Müttalib vəfat etmişdir. Onun vəfatından sonra yetim qalmış uşağa əmisi həzrəti Əbu Talib (əleyhi səlam) qayğı göstərməyə başlamışdır. Həzrəti Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih) onu məhəbbət və qayğı ilə saxlayan babasına və əmisinə bütün ömrü boyu dərin minnətdarlıq hissi bəsləmişdir.

On iki yaşında ikən həzrəti Məhəmməd Peyğəbər (səlləllahu əleyhi və alih) mehriban və pak əmisi həzrəti Əbu Talibin (Allahın səlamı ona olsun) ticarət işləri ilə, əlaqədar olaraq uzaq Şama (Suriya, Fələstin və Livana) aylarla davam edən səfərində iştirak etmişdi. Ərəbistan yarımadasının hüdudlarından kənarda özünün bu ilk səyahəti zamanı o, özü üçün yeni olan, bilavasitə doğulub boya-başa çatdığı bütpərəst qəbilə-tayfa mühiti ilə çox böyük təzad təşkil edən xristian, yəhudi və digər dini icmaların dünyası ilə təmasda olmuşdur.

 

Gənclik dövrü

Həzrəti Məhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alih) 21 yaşı tamam olanda o, Məkkə cəmiyyəti içərisində Əmin (sədaqətli, etibarlı adam) kimi ad çıxarmışdı. Həzrəti Əbu Talibin (əleyhi səlam) məsləhəti ilə həzrəti Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih) Xüvəylid ibn Əsədin qızı, varlı, subay və gənc qadın həzrəti Xədicənin (əleyha səlam) yanında pirkeşlik (ticarət işlərini idarə edən şəxs) vəzifəsi alır.

 

Ailə həyatı

595-ci ildə həzrəti Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih) Xanım Xədicə (səlamullahi əleyha) ilə evlənmişdir. Həmin vaxt həzrəti Xədicənin 27-28 yaşı var idi və xanım Xədicə Peyğəmbər ilə evlənməmişdən öncə subay olmuş heç kim ilə ailə həyatı qurmamışdır. Peyğəmbərin bütün yaxın adamları arasında birinci olaraq həzrəti Xədicə (səlamullahi əleyha) onun peyğəmbərliyinə inanıb iman gətirmiş və yeni din - İslam dini uğrunda mübarizənin çox çətin başlanğıcında Böyük İslam Peyğəmbərinə kömək etmək qüvvəsini və varidatını əsirgəməmişdir. Həzrəti Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih) bunun müqabilində Xədicəyə böyük məhəbbət, dərin minnətdarlıq və hörmət hissi bəsləmişdir. Xədicə ilə ömür sürdüyü 25 il ərzində o, başqa heç bir qadınla evlənməmişdir.

Həzrəti Xədicə (səlamullahi əleyha) həzrəti Məhəmməd Peyğəmbərdən (səlləllahu əleyhi və alih) iki oğlan və bircə dürdanə qız doğmuşdur. İki yaşında ölən böyük oğlunun adı həzrəti Qasim (əleyhi səlam) idi. İkinci oğlu Abdullah da körpə yaşında ikən ölmüşdür. Həzrəti Məhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alih) nəslini davam etdirən yalnız onun Xanım Fatimə (səlamullahi əleyha) adlı qızı olmuşdur.

 

İlk vəhy

Həzrəti Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih) 40 yaşında ikən tez-tez Məkkə yaxınlığındakı Hirə mağarasına çəkilib (xüsusən gecələr) dini düşüncələr edir və ibadətlə məşğul olurdu. Belə məqamaların birində Hz.Məhəmməd insanlara həqiqi sözü - Allahın sözünü oxumağı başlamaq haqqında ona əmr verən həzrəti Cəbraili (əleyhi səlam) görür. Vəhy Mələki ona Allahın sözünü adamlara çatdırmağı buyurur.


Davamçıları

Öz mərdliyi, ciddiyyəti və səmimi fədakarlığı ilə şöhrət qazanmış Həmzə yeni dini icmaya qoşulanda bu icmanın mövqeyi xeyli möhkəmləndi. Bununla birlikdə qüreyşilərin həmin icmaya və ilk növbədə onun imamı Hz.Məhəmmədə düşmənçiliyi artdı. 610-cu ildən 620-ci ilədək dövrü əhatə edən onillik Məkkənin ənənəvi bütpərəst cəmiyyəti ilə yeni təkallahlı dinin - Hz.Məhəmmədin fəal təbliğ etməyə başladığı İslam dininin tərəfdarları arasında ardı-arası kəsilməyən çəkişmələrlə dolu olmuşdur. 620-ci ildə həzrəti Xədicənin (səlamullahi əleyha) və bundan bir qədər, yəni iki ay sonra cənab Əbu Talibin (əleyhi səlam) vəfatı mübarizənin kəskinliyini daha da artırdı. Belə son dərəcə sədaqətli köməkçilərini itirən, öz qəbiləsi tərəfindən demək olar tamamilə tərk edilən həzrəti Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih) Məkkədən təqribən yüz kilometr şərq tərəfdə yerləşən Taifdə kömək axtarıb tapmağa çalışdı, lakin müvəffəqiyyətsizliyə uğradı.

Peyğəmbərə kömək əslində gözləmədiyi yerdən - əvvəlcə Yəsribdən, daha doğrusu Yəsribin Xəzrəc və Ovs qəbilələrindən gəldi. Həmin qəbilələrin on iki nümayəndəsi hər il Məkkəyə ənənəvi ziyarətə gələn bütpərəstlərin illik zəvvarlıq mövsümlərinin birində Böyük İslam Peyğəmbəri həzrəti Məhəmməd ibn Abdullah (səlləllahu əleyhi və alih) ilə görüşmüş, onun təlimini qəbul edib, ona sadiq qalacaqlarına və yardım göstərəcəklərinə and içmiş və buna görə də sonralar fəxri ənsar rütbəsi almışdılar. Növbəti zəvvarlıq mövsümündə bu and içmə təkrar edilmiş, lakin bu dəfə and içmə mərasimində həzrəti Məhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alih) yetmiş yəsribli tərəfdarı iştirak etmişdi. Həmin andiçmədə onlar İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alih) söz verdilər ki, onunu dininə riayət etməklə yanaşı, həm də bu dini həyatları bahasına qoruyacaqlar.

İlk öncə həzrəti Məhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alih) təliminin sədaqətli tərəfdarları (onun əshabələri) ailələri ilə birlikdə Yəsribə kiçik qruplarla və qüreyşilərdən xəlvəti olaraq köçdülər. Onlardan, yəni Yəsribə köçən ilk Müsəlmanlardan (mühacirlərdən) sonra isə Böyük İslam Peyğəmbəri həzrəti Məhəmməd (səlləllahu əleyhi və alih) özü də ailəsi və ən yaxın adamları ilə birlikdə məşhur hicrətini etdi. 622-ci il iyulun 26-da baş verən həmin hadisə Müsəlman Erasının başlanğıc nöqtəsi, daha sonra İmam Əlinin göstərişi ilə, rəsmi Müsəlman təqviminin başlanğıcı oldu.

53 yaşlı Hz.Məhəmmədin köçdüyü şəhər sonradan Mədinə (Peyğəmbərin şəhəri) adlandırılacaq. Yəsribə köçməsi onun ictimai statusunu kökündən dəyişdirdi. Müsəlmanların həyat tərzi və yeni dinin başlıca ayinləri haqqında bütün əsas göstərişləri də həzrəti Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih) öz peyğəmbərliyinin məhz Mədinə dövründə yaratmışdır.


Hicrətdən sonra

Hicrətin ikinci ili Böyük İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) Allah Taalanın hökmü ilə qibləni dəyişdirdi, namaz qılarkən üzü Qüdsə tərəf deyil, Məkkədəki Kəbə məbədinə tərəf tutmağı əmr etdi.

Həzrəti Muhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alih) Mədinə (Yəsrib) şəhərində 8 il davamlı təbiğ etməsi və İslam Hakimiyyətinə başçılığı dönəmində başda Bəni Üməyyə tayfası və Əbu Süfyan olmaqla Məkkə müşrikləri və Mədinədə yaşayan aranı qatan hiyləgər yəhudi qəbilələrinin hücumlarını dəf etmək və onlara qarşı amansız tədbirlər aparmışdır. Nəhayət Hicrətin 8-ci ilində miladı tarixi ilə, 630-cu ildə Məkkə vuruşmasız həzrəti Məhəmməd Peyğəmbərə (səlləllahu əleyhi və alih) təslim oldu.

Böyük İslam Peyğəmbəri həzrəti Məhəmməd (səlləllahu əleyhi və alih) şəhərə zəfərlə daxil olsa da, əvvəllər məkkəlilərə verdiyi başlıca vədləri yerinə yetirdi. Məkkə həqiqətən sürətlə yayılmaqda olan islam dininin mərkəzinə çevrildi. Həzrəti Əli (əleyhi səlam) İslam Peyğəmbərinin göstərişi ilə, Peyğəmbərin çiyinlərinə çıxaraq Kəbədəki bütün çoxallahlılıq bütləri və rəmzləri (Qara daş istisna olmaqla) dağıtdı daha sonra isə Allahın göstərişi ilə Kəbə evi yeni dinin baş ziyarətgahına çevrildi.

 

Ömrünün sonları

Məkkənin təslim olmasından sonrakı il, hicrətin doqquzuncu ili Müsəlman tarixinə "elçiliklər ili" kimi daxil olmuşdur. Rəvayətə görə, bütün Ərəbistanın bədəvi tayfaları həmin il həzrəti Məhəmməd Peyğəmbərə (səlləllahu əleyhi və alih) tabe olduqlarını və onun dinini qəbul etməyə hazır olduqlarını bildirmək üçün bir-birinin ardınca Mədinəyə səlahiyyətli nümayəndələr göndərməyə başlamışdılar.

Hicrətin onuncu ilində, müqəddəs zilhiccə ayının 8-də (632-ci ilin mart ayında) həzrəti Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih) bütün ailəsinin və Ərəbistan Yarımadasındakı əksər Müsəlmanların müşayiəti ilə Məkkənin müqəddəs yerlərinə özünün ilk və yeganə tam ziyarətinə yollandı. Bu "Böyük Həcc" (əl-Həcc əl-əkbər) tarixə Hiccət əl-Vida (Vidalaşma Həcci) adı ilə daxil olmuşdur. Bu tədbirdə ümumilikdə 350 min insanın iştirak etdiyi bildirilir. Habelə qeyd olunan tədbir İslam dininin mərkəzi kimi Məkkənin rolunu qəti surətdə təsdiq etdi. Həmin il Vida Həccin əməlləri yerinə yetirildikdən sonra, zil Hiccə ayının 18-də Qədir Xum çölündə Allah Təalanın əmri ilə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) həzrəti Əli ibn Əbu Talibi (əleyhi səlam) özündən sonra Allah Təalanın yer üzündəki Xəlifəsi və ümmətin imamı təyin etdi. Bütün Müsəlmanlar həzrəti Əli (əleyhi səlam) ilə biət etdilər. İlk biət edənlər isə Əbu Bəkr, Ömər və Osman oldu. Beləliklə də, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) böyük bir məharətlə sonuncu missiyasını həyata keçirtdi.

Vidalaşma həccindən üç ay sonra, 632-ci ilin iyun ayında Hz.Məhəmməd qabaqcadan ona zəhər vasitəsi ilə, olunmuş sui-qəsd nəticəsində dünyasını dəyişərək Şhadətə yetirildi. Mədinə şəhərində, Şəhadətə yetirildiyi evində, həyat yoldaşı Aişə binti Əbu Bəkirin otağında dəfn olundu.

 

İmam Həsən Muctəbanın (ə) həyatı

Həzrət İmam Həsən (əleyhi səlam) Hicrətin 2-ci ilində, Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir. O, 7 ildən bir qədər artıq Peyğəmbəri (səlləllahu əleyhi və alih) görmüş və onun mehriban ağuşunda böyümüşdür. Bu isə, İmam Həsən Muctbanın İslam Peyğəmbərinin ən böyük səhabələrindən biri olduğunun açıq göstəricisidir. "Mübahilə" ayəsində ("Ali-İmran" surəsi, ayə 61) "oğullarımız" təbirinin imam Həsən (ə) və qardaşı imam Hüseyn (ə) barəsində işlədilməsi, eləcə də, "Təthir" ayəsinin Əhli-beyt (ə) haqqında nazil olması onlar üçün əbədi bir iftixar olub, paklıq və müqəddəsliklərini göstərən aydın bir sənəddir. Anası həzrəti Fatimə (səlamullahi əleyha) Peyğəmbərin (səlləllahu əleyhi və alih) Şəhadətindən sonra üç aydan sonra bəzi səhabələr tərəfindən Şəhid edilmişdir. Beləlik lə də, İmam Həsən Muctəba (əleyhi səlam) atası İmam Əlinin (əleyhi səlam) tərbiyəsi altında böyümüşdür.

İmam Həsən (əleyhi səlam) atasının Şəhadətindən sonra Allahın əmri və atasının vəsiyyəti əsasında İmamət məqamına nail oldu. O zahirdə də xilafət məqamında idi (bu məqam 6 ay müddətində davam etdi) və o müsəlmanların işlərini idarə edirdi. Bu müddətdə İmam Əli (əleyhi səlam) və onun övladları ilə qatı düşmən olan, uzun illərdən bəri xilafətə göz dikən Müaviyə (əvvəlcə üçüncü xəlifənin intiqamını almaq bəhanəsilə, sonra isə aşkar xilafət iddiası ilə) müharibəyə başlayıb İmam Həsənin (əleyhi səlam) xilafət mərkəzi olan İraqa qoşun yeritdi. Tərəflər arasında müharibə başlandı. İmam Həsənin (əleyhi səlam) ordu başçıları Müaviyə tərəfindən göndərilən yüksək məbləğdə pulla satın alındı və ordu daxilinə təfriqə düşdü; nəhayət o həzrət sülh müqaviləsi imzalamağa məcbur oldu və qabaqcadan özü tərəfindən irəli sürülən müəyyən şərtlərlə zahiri xilafəti Müaviyəyə həvalə etdi. Həmin şərtlərdən biri də bu idi ki, Müaviyənin vəfatından sonra xilafət yenidən imam Həsənə qayıtmalı, ailəsinin və şiələrin toxunulmazlığı hər bir cəhətdən təmin olunmalı idi. Müaviyə bu yolla islam xilafətini ələ keçirdi. Sonra İraqa daxil oldu, rəsmi və ümumi bir çıxışda sülh maddələrini ləğv etdi və mümkün olan hər bir vasitədən istifadə edərək Əhli Beytə (əleyhim səlam) və onun Şiələrinə ən ağır işgəncə təzyiqləri rəva gördü.

İmam Həsən (əleyhi səlam) on il davam edən imamətinin bütün dövrünü son dərəcə irticaçı vəziyyətlərdə, ağır və şiddətli hadisələrdə yaşadı. Onun hətta öz evində belə təhlükəsizliyi yox idi.

 

İmam Həsənin (ə) fərdi xüsusiyyətləri

Sünnü və şiələr Peyğəmbərdən (səlləlahu əleyhi və alih) rəvayət etmişlər ki, o həzrət İmam Həsən və Hüseyn (əleyhimə səlam) barəsində belə buyurub: "Mənim bu iki övladım qiyam etsələr də, etməsələr də imamdırlar." (Onların zahiri xilafət məqamında olub-olmamalarından asılı olmayaraq, imamət məqamına malik olmalarına işarədir.)

İmam Həsən (ə) kamillik yolunu getmək istəyənlərə fərdi və ictimai siması ilə bənzərsiz bir bələdçi ola biləcək bəşəriyyət simvollarından biridir. Bu haqda nəql edilən rəvayətləri ətraflı şəkildə burada qeyd edə bilmədiyimizdən, bir neçəsi ilə kifayətlənirik.

İmam Həsən (əleyhi səlam) buyurmişdur: "Allahın evinə piyada getmədiyim halda, Allahımla görüşməkdən həya edirəm." Buna görə də, o həzrət iyirmi dəfə Mədinədən Məkkəyə piyada getmişdi. ("Əxbari-İsfahan", Əbu Nəim İsfahani, c.5, s.44.) Yenə nəql olunmuşdur: "İmam Həsən (ə) iyirmi beş dəfə piyada olaraq həcc səfərinə getdi." ("Tarixi-xuləfa", Süyuti, s.73.)

O həzrətin diqqətə çarpan ən önəmli xüsusiyyətlərindən biri də, tarixçilərin dilində dastan olmuş xeyirxahlığı və comərdliyi idi. Bir rəvayətdə belə deyilir: "Bir nəfər o həzrətin hüzuruna gələrək möhtac olduğunu bildirdi. İmam "ehtiyacını yazıb gətir" - deyə buyurdu. O, yazıb gətirdikdə, ehtiyacından ikiqat artığını ona əta edərək razı saldı. ("Əl-məhasin", Beyhəqi, s.55.)

O həzrətin əxlaqi xüsusiyyətlərindən biri də, səbirli və yumşaqxasiyyətli olması, riya və özünügöstərməkdən çəkinməsi idi. Bu haqda da bir çox hədislər nəql edilmişdir ki, biz burada onlardan sadəcə biri ilə kifayətlənirik:

Bir nəfər şamlı deyir: "Bir gün Mədinədə çox gözəl və yaraşıqlı simaya sahib olan, əyninə təmiz paltar geyinən və bəzədilmiş bir qatıra minən bir şəxsi gördüm. Kim olduğunu soruşduqda, "Həsən ibn Əli ibn Əbu Talibdir (ə)" - dedilər. Bu zaman qəzəb atəşi bütün bədənimi bürüdü və Əli ibn Əbu Talibin (ə) belə bir övlada sahib olduğuna qısqandım. Yanına gedib "Sən Əbu Talibin oğlusanmı?" - deyə soruşduqda, "Mən Əbu Talibin oğlunun oğluyam!" - deyə buyurdu. Elə həmin anda onu təhqir və söyüş yağışına tutdum. Sözlərimi bitirdikdən sonra, o, "Bu şəhərdə qəribsənmi?" - deyə məndən soruşdu. Dedim: "Bəli, qəribəyəm." Buyurdu: "Mənimlə gəl, əgər evin yoxdursa, qalmağa yer verər, pulun yoxdursa, kömək edər və bütün ehtiyacını ödəyərəm." Ayrılıq vaxtı yer üzündə o həzrətdən daha çox kimisə sevmədiyim duyğusu ilə ondan ayrıldım." ("Əl-kamilu fi zuəfair-rical", İbn Ədiy, c.3, s.1187.)

İslam nöqteyi-nəzərindən varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məsuliyyət daşıyırlar. Dərin mənəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən, varlılar kasıbların ehtiyaclarını mümkün qədər təmin etməyə çalışmalıdırlar. İslam Peyğəmbəri (s) və dini rəhbərlər (imamlar) bu barədə təkcə sifariş deyil, həm də hər biri öz zamanında insansevərlik nümunəsi olmuşlar.

İkinci imam elm, təqva, zahidlik və ibadətlə yanaşı, öz dövrünün səxavətli şəxsi, məzlumların və miskinlərin köməkçisi kimi tanınmışdır. O həzrətin vücudu dərdli ürəklərin, imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmazdı. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (ə) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bəzi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən qabaq İmam (ə) onun ehtiyacını ödəyər və ona utanmağa icazə verməzdi.

 

İmam Həsənin (ə) Şəhadəti

Atasının şəhadətindən sonra (hicrətin 40-cı ilindən) on il müddətinə qədər Müsəlmanlara İmamlıq etmiş və nəhayət, Hicrətin 50-ci ilində miladi tarixi ilə 669-cu ildə Müaviyənin hiyləsi ilə İmam Həsən (əleyhi səlam) qırx səkkiz yaşında öz həyat yoldaşı Cödə binti Əşəs ibn Qeys tərəfindən zəhərlətdirildi.

Tarixdə bu faciə açıq-aşkar qələmə alınmışdır. Bu cinayət belə həyata keçirildi: Müaviyə hiyləgərcəsinə bir sui-qəsd təşkil edərək Əşəs ibn Qeysin qızından (imam Həsənin (ə) həyat yoldaşı) istifadə etməklə İmamı zəhərləyərək şəhadətə yetirdi.

Təbəri imam Həsən Müctəbaya (əleyhi səlam) dəfələrlə zəhər verilməsinə baxmayaraq, hər dəfə xilas olduğunu, lakin sonuncu dəfə ciyəri parçalanaraq ağzından gəldiyi və bu yolla şəhid olduğunu Ümmü Bəkr binti Müsəvvərdən nəql etmişdir. ("Əl-muntəxəbu min zeylil-muzil", Təbəri, s.514, Misir, "Darul-məarif" çapı.)

O həzrətin dəfn mərasimindəki məzlumiyyəti diqqəti daha çox cəlb edir. İmam Həsənin (ə) yaxınları və şiələri o həzrəti öz vəsiyyətinə uyğun olaraq, İslam Peyğəmbərinin (s) məzarı kənarında dəfn etmək istədikdə, Bəni-Üməyyədən bir qrupu Peyğəmbərin (s) zövcəsi Ayişə ilə birlikdə buna qarşı çıxdı. Bu zaman Mərvan ibn Həkəm bu fitnəkarların arasından səslənərək dedi: "Osman "Bəqi"nin ən uzaq bir yerində dəfn edildiyi halda, Həsən ibn Əlinin (ə) Rəsulullahın (s) evində dəfn edilməsinə icazə verəcəyimizi sanırsınızmı?" ("Əl-mənaqib", İbn Şəhr Aşub, c.2, s.175.)

Fitnəkar şəxs qatıra minərək miras yolu ilə Peyğəmbərin (ə) evinə sahib olduğunu iddia edir və canı bahasına olsa belə, imam Həsənin (ə) Rəsulullahın (s) qəbrinin kənarında dəfn edilməsinə mane olacağını bildirirdi. Bu kədərli hadisədən sonra imam Həsəni (ə) "Bəqi" qəbiristanlığında dəfn etdilər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ

 
user comment