Azəri
Friday 26th of April 2024
0
نفر 0

Müqəddəs Quran və əsas insan haqları (3)

 Müqəddəs Quran və əsas insan haqları (3)

İslam tarixində mərifətşünaslıq bəhsinin fəlsəfi cəhətdən ən geniş və elmi nəzmlə araşdıran dahi filosof Əhli-Beyt (ə) aşiqi Sədrəddin Şirazi və ya Molla Sədra (1571-1641) olmuşdur.

Müqəddəs Quran və əsas insan haqları (3)


Mərifət və elm mənbəyi nəzəriyyələri tarixinə qısa baxış.

1- Qədim Yunan dövrü:

Tarix boyu elm və mərifət inkişaf etdikcə, mərifət və insanın biliyinin ələ gəlməsi mənbələri haqqında nəzəriyyələri də filosof və mütəfəkkirlər arasında həmişə müxtəlif aspektlərdən baxılmışdır. Qədim yunan dövründə Sokrat, Əflatun və Aristoteldən sonra mərifət və bilik tarixində üç mühüm nəzəriyyə özünə yer tutub. Onlar aşağadakılardan irabətdir.

Birinci: Təcrübəyönümlülər; (materialistlər) Bu nəzəriyyəyə əsasən, insan yalnız, təcrübə və hiss vasitəsi ilə elm və mərifət ələ gətirə bilər. Bu nəzəriyyə sahibləri hiss və təcrübədən başqa hər şeyi inkar edirlər. Bu məktəbin banilərindən biri Epikürdür. Epikürus (e.ə. təxm. 341-270) Qədim yunan filosofu, materialist. E.ə. 306 ci ildə "Epikür bağı" fəlsəfə məktəbini yaratmışdır. Samos adasında anadan olmuşdur. Fəlsəfə ilə 14 yaşından məşğul olmağa başlamışdır. Ömrünün sonunadək Afinada yaşamış, 300-ə dək əsər yazmışdır, amma bunlardan bizə gəlib çatmamışdır. Epikürə görə kainat sonsuz və əbədidir.

İkinci: Şübhəçilik (Skeptisizm); Skeptisizm və yaxud, şübhəçilik. Hər cür məlumata şübhə ilə yanaşan, hər hansı bir fikrin nədən yarandığını, sübutunu tələb edən, həmçinin bir ağlın bu suala cavab verə bilməyəcəyini, hər hansı bir şeydə mütləqə çatılmayacağını iddia edən bir fəlsəfi cərəyandır. Bu fəlsəfənin atası qədim Yunanıstanda ilk filosof və riyaziyyat, fizika, astronomiya üzrə alim Miletli Fales (640/624-548/545 b.e.ə.) sayılır. Onun fikrincə açıqlamaların çoxluğu və çeşidliliyi şübhəyə səbəb olur. Bu məktəbə görə insanının mərifət və elmə yiyələnməsi onu heç də kamilliyə tərəf aparmır.

Sofistlərin ən məşhur banisi Protagorasın (yunan alimi 420-480) fikrincə, "Hər şeyin ölçüsü insandır. Hər şey mənə necə görünürsə, mənim üçün elədir. Üşüyən üçün külək soyuq, üşüməyən üçün isə külək soyuq deyil. Hər şey üçün bütünlüklə bir-birini inkar edən iki söz deyilə bilər". Onun nəzəriyyəsi budur ki, insan Allahın varlığına və Onun olub-olmamasına dəqiq elm tapa bilməz çünki, insanın ömrü qısadır və buna onun ömrü çatmaz. Bütövlükdə bu nəzərəiyyə sahibləri hər şeyə şəkk və şübhə ilə baxırlar.

Üçüncü: Neoplatonizm; (Yeni Əflatunçular) Neoplatonizm, Roma imperiyasının tənəzzül dövrünün (III-VI əsrlər) mistik fəlsəfəsidir. Platonun idealist ideyalar nəzəriyyəsi Neoplatonizmdə maddi aləmin mənəvi ilkin başlanğıcından mistik emanasiyası (şüalanması, axması) haqqında təlim formasını almışdır. Materiya kainatın iyerarxiyasında (yun.söz. bütöv bir sistemin hissələrinin aşağıdan yuxarıya tabeçilik əlaqəsi əsasında düzümü, yerləşməsi) yalnız aşağı pilləni təşkil edir; materiya da "dünya ruhunun" emanasiyasıdır; (şualanması) bunun üzərində də ruh yüksəlir, daha yuxarıda isə "ilk mahiyyət" və ya "vahid olan" yerləşir. Neoplatonizmə görə fəlsəfənin ən yüksək pilləsinə təcrübə və zəka vasitəsi ilə deyil, mistik ekstaz (şüur) yolu ilə çatmaq olar. İdeoalizm bu fəlsəfədə teosofiyaya (ilahi hikmətə) çevrilmişdir. Neoplatonizm ilk əvvəl Misirdə, İsgəndəriyyədə meydana gəlmişdir. Plotin Romada yeni platonçuluq məktəbini yaratmışdır. Suriyada Yamvlix məktəbi mövcud olmuşdur; onun təlimində pifaqorçuluq (Hər şey harmoniya və rəqəmlərdən ibarətdir" - Pifaqor fəlsəfəsinin başlanğıc prinsipi budur) ünsürləri güclü idi. Neoplatonizmin məktəbi Prokl (təqr. 410-485) tərəfindən Afinada təşkil edilmiş və 529-cu ilədək mövcud olmuşdur.

Plotin (205-270) özü qədim yunan ideolist filosofu, mənşəcə misirlidir. Romada yaşamış Plotin Platon təliminin mistik məzmununu gücləndirmiş olan neoplatonizm məktəbinin banisidir. Plotinə görə dünya prosesi dərkolunmaz və ifadəolunmaz ilk vahid ilahi başlanğıcdan mənşə götürür. Bu başlanğıc xaricdə təzahür edir - əvvəlcə dünya zəkası, sonra dünyanın ruhu, daha sonra, lap materiyaya qədər, ayrı-ayrı ruhlar, ayrı-ayrı cisimlər kimi təzahür edir. Materiya dedikdə, Plotin qeyri-varlığı başa düşürdü. Plotinə görə insan həyatının məqsədi ilkin vahid başlanğıca doğru yüksəlməkdən ibarətdir. Bu məqsəd cismani meylləri məhdudlaşdırmaq vasitəsilə, həmçinin mənəvi qüvvələrin, o cümlədən idrak qüvvələrin inkişaf etdirilməsi ilə əldə edilir. Yüksəlmənin ali, estetik (həssas) pilləsində ruh Allahla qovuşur. Plotinin təlimində mistik dialektika göz qabağındadır; aləmdə harmoniyanı və gözəlliyi, bəla və eybəcərliyi şərtləndirən çatışmazlıqlar və onların vəhdəti qeyd olunur.

Bu məktəbdə əslində Əflatunla Aristotelin mərifət və elm haqqındakı nəzəriyyələri qatışdırılmış və yeni mərifətşünsalıq və elm nəzəriyyəsi irəli sürülmüşdür. (Nigel Warburton, Fəlsəfənin kökləri)

2-Orta əsr dövrü:

Yeni tarix inkişaf etdikcə insanların şüur və dərk qüvvəsi də dəyişərək inkişaf edirdi. Bu zaman orta əsrdə daha yeni mərifətşünaslıq və elmə malik olmaq nəzəriyyələri verilməyə başladı. Qısaca olaraq o dövrə də işarə edirik:

Birinci: Realizm (dəqiqləşdirmə): Realizim məktəbinin banilərindən biri Avreli Avqustin (Müqəddəs Avqustin) (354-430) xristian teoloqu, görüşlərinə görə neoplatonizmə yaxın filosof-mistik, patristikanın görkəmli nümayəndəsi olmuşdur. Dünyagörüşü "dini inam olmadan bilik də, həqiqət də yoxdur" prinsipinə əsaslanan fideist (lat. fides - etiqad, inam) - elmi dinə tabe etməyə, elmi biliklərdən dini əhkamların müdafiəsində istifadəyə çalışan təlim) xarakter daşıyır. Avqustinin baxışları sxolastikanın (məktəb fəlsəfəsi) mənbələrindən biridir. "Allah şəhəri haqqında" əsərində dünya tarixi barədə xristian konsepsiyasını inkişaf etdirmişdir. Tarixi fatalicəsinə, (batinmeyillik- qəza və qədər, bir hadisə baş vercəksə, qəti olaraq baş vercək) Allah tərəfindən qabaqcadan müəyyən olunmuş nəticə kimi başa düşmüşdür. "Allah şəhərini" - kilsənin dünya hökmranlığını o, "Yer şəhərinə", günahlı dünyəvi dövlətə qarşı qoyur. Xristian teologiyasının sonrakı inkişafına Avqustinin güclü təsiri olmuşdur. Həm katolik, həm də protestant xadimləri indiyədək avqustinizmdən geniş istifadə edirlər.

Realizmin digər banilərindən biri də Foma Akvinalı (1225-1274) orta əsr filosofu və ilahiyyatçısı, sxolastikanın sistemləşdiricisi, tomizmin banisidir. Filosofun fikrincə, fəlsəfə və ilahiyyat bir-birindən fərqlidir. Fəlsəfə idrak, ilahiyyat isə vəhy həqiqətini öyrənir. Fəlsəfə ilahiyyata xidmət edir və ondan aşağı mövqedə olmalıdır. Foma fəlsəfə ilə ilahiyyatı insan ağlı və Tanrı müdrikliyi kimi qavramış və birincinin ikinci qarşısındakı acizliyinin təbii qəbul edildiyini vurğulamışdır. O, Tanrı elminin yalnız vəhy yoluyla öyrənildiyini bildirmişdir.

Aristotel həqiqəti dörd sütuna - təcrübə, sənət, bilik və müdrikliyə ayırmışdır. Foma isə bunun əksinə, müdrikliyi müstəqil mövcud olan və Tanrı haqqında məlumatları ehtiva edən həqiqət kimi qəbul etmişdir. Filosof müdrikliyin üç pilləsi olduğunu bildirmişdir. Bunlar ilahi nemət, ilahiyyat (ağıldan istifadə edən iman müdrikliyi) və metafizikdir (varlığın mahiyyətini dərk etmiş ağlın müdrikliyi) pillələridir.

İkinci: Məfhumyönümlük; Bu məktəbin banilərindən biri Piter Blardın (1079-1142) adını çəkmək olar. Bu nəzəriyyəyə əsasən, külliyyat məfhumu insanın ancaq zehnində ola bilər və əql onun yalnız, hiss və xəyal yolu ilə ələ gətirə bilər. Başqa sözlə desək, küliyyatın məna və anlayışının yeri yalnız, zehndir.

Üçüncü: Adçlıq nəzəriyyəsi; Bu məktəbin fəlsəfi nəzəriyəsinə əsasən, külliyyat məfhumu nə zehndə və nə də xaricdə heç bir mənası yoxdur. Külliyyat yalnız, ümumiyyət mənasını verən sözlərdən ibarətdir. Bu məktəbin banilərindən ingilis filosofu Ockhamlı Williamdır (1300-1349). Mərifət və elm əxz etməyin bu yolu insanı çaşdırmaqdan başqa bir nəticə vermir.

3-Yeni tarix dövrü:

Əgər keçmiş iki dövrdə filosoflar arasında ən çox varlıqşünaslıq haqqında bəhs olunurdusa, artıq bu dövrdə filosofların əsas mövzusunda mərifətşünaslıq və əql diqqətdə olur. Ona görə də bu dövrü, iki dəstə nəzəriyyəçilər arasında bölmək olar:

Birinci: (Ağılyönümlü) Rasionalizm: Rene Dekart (1596-1650) fransız filosofu, riyaziyyatçı və yazıçısı realizim məktəbinin ilk banisidir. Dekart XVII əsr rasionalizm fəlsəfi cərəyanın ilk və ən nüfuzlu nümayəndələrindən biridir. Digər rasionalistlərdən Benedikt Spinoza (əsl adı Barux Spinoza 1632-1677) yəhudi əsilli niderland filosofu, yeni dövr fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri, rasionalist, panteistdir. (pan - uca, teo -Allah poeziyamızda tanrı sevgisini uca tutan)

Spinoza fəlsəfəsinin xaraktertik xüsusiyyəti, fəlsəfəni səhih təməllər üzərində inşa etməkdir. Bu səbəbdən də riyaziyyatı özünə model olaraq seçir. O dövrdə (elə indi də) ciddi və dəqiq isbatlar riyaziyyata məxsus idi. "Etika" da məhz belə ərsəyə gətirilib. Spinozada fəlsəfənin əsasını substansiya təşkil edir. Substansiya dedikdə, nəzərdə tutulan, vahid, daimi və sonsuz təbiətdir. O öz-özünün səbəbidir. Onun insanın idrak qabiliyyəti haqdakı təlimi də oluqca maraqlıdır. Ona görə insan idrakı üç mərtəbədən ibarətdir: Birinci, nəsnəni qeyri-adekvat əks etdirən, çox vaxt tərəddüd yaradan, lakin həqiqətin zərrəciklərindən ibarət olan hissi (sensual) idrakdır. İkinci, anlamaq, istinad nöqtəsi mühakimə və ağıldır. Bu mərtəbə - öz dili ilə desək - "həqiqətin etibarlı mənbəyidir". Üçüncü mərtəbə isə intuisiyadır (sezgi, bəsirət). Bu, "etibarlı (...) biliyin təməlidir". Bu yolla alınan həqiqət daha aydın olur.

Daha sonra rasionalizmi alman filosof və riyaziyyatçısı Gotfrid Vilhelm fon Leybnits (1646-1714) davam etdirir. Hüquq və fəlsəfə təhsili alan Leybnits XVII əsr Avropa siyasəti və diplomatiyasında önəmli rol oynamışdır. Eyni dərəcədə fəlsəfə və riyaziyyat elmlərinə də misilsiz töhfələr vermiş Leybnits ingilis alimi Nyutondan tam müstəqil olaraq Hesab (və ya Riyazi analiz) (Calculus) elmini ixtira etmiş, faktiki olaraq müasir kompyuterlərin əsasını təşkil edən ikirəqəmli hesablama sistemini yaratmışdır. Fəlsəfədə isə ən çox Optimizm (gələcəyə və həyata xoşbaxışlıq) nəzəriyəsinə görə xatırlanır. Optimistik nöqteyi-nəzərdən çıxış edən Leybnits əsərlərində yaşadığımız kainatın məhdud mənada, Allahın yarada biləcəyi ən mükəmməl məkan kimi qəbul edirdi.

Rene Dekart və Baruş Spinoza kimi filosoflarla birgə Lebnits XVII əsr Avropa fəlsəfəsində rasionalistik fəlsəfi cərəyanın ən qabaqcıl nümayəndəsi sayılır. Lakin Lebnits fəlsəfəsində Sxolastik (dini fəlsəfə və ya dini məktəb fəlsəfəsi) fəlsəfi elementlər də aydın sezilməklə məntiq və analizin müasir anlamını üç əsr qabaqlayır. (Aiton, Eric J., 1985. Leibniz: A Biography. Hilger (UK) Bu da əqlməhvərlərin dövründə marifət və biliyə olan fəlsəfi nəzəriyyələrdəndir.)

İkinci: Təcrübəyönümilik; Bu nəzəriyyənin tərəfdarları insanın ələ gətirdiyi bütün mərifət və biliklərin yalnız, birbaşa və ya vasitə ilə təcrübə yolu ilə ələ gəldiyini iddia edirlər. İngilis idealist filosofu Corc Berkli (1685-1753), ingilis filosofu və siyasətçisi Con Lokk (1632-1704) və məşhur Şotland filosofu Devid Yum (1711-1776) bu məktəbin əsas tərəfdarlarındandırlar. Amma, alman filosofu Yohann Qotlib Fixte (1762-1814), Georq Vilhelm Fridrix Hegel (1770-1831) və fəlsəfə tarixində pessimist alim kimi (Optimizm anlayışının əksi) tanınan alman daha bir filosofu Artur Şopenhaur (1788-1860) bu fəlsəfi nəzəriyyəsini ən yeni tarix dövrünə qədər gətirib çıxarmışlar.(Suri məntiq; Doktor Məhəmməd Xosari, Tehran çapı)

4-Ən yeni tarix dövrü 20-i əsr

XX əsrə daxil olduqdan sonra mərifət və bilik mövzusunda çox geniş canlanma müşahidə olunur və qədim dövrə nisbət bu zamanda idealizim (xarici aləmi inkar edib, mənanın əsl olması nəzəriyyəsi) fəlsəfəsindən realizmə (zehni mənanı inkar edib, əsl xarici aləmin olması nəzəriyyəsinə) keçid dövü kimi yadda qalmışdır. Müasir dövrün ən geniş yayılmış mərifət və elm qavramaq mərhələsini qısa olaraq, belə xarakterizə etmək olar:

Birinci: Praqmatizm (əməlyönümlü); Bu məktəbin fəlsəfəsinə əsasən, əsl həqiqət odur ki, insana fayda və xeyir vermiş olsun. Bu nəzəriyyə, əvvəlcə məna daha sonra isə həqiqət kimi tərif olunur. Bu məktəbin tanınmış filosoflarından Charles Sanders Pirs (1839-1914) olmuşdur. Praqmatizm yarandığı andan özündən əvvəlki fəlsəfənin bir sıra başlıca ideyalarından imtina edib, fəlsəfi təfəkkürün tamamilə yeni tipini təklif etmişdi. Fəlsəfi təfəkkürün bu yeni tipi insanın hərəkətlərinə yeni tərzdə yanaşır. Pirs inama qarşı hərəkətlərin müntəzəmliyini pozan şübhəni qoyur. Artıq (hərəkət nöqteyi-nəzərdən) idrak prosesi bilməmədən biliyə yox, şübhədən inama, özü də subyektiv yox, kollektiv və ya sosial inama keçid mənasını verməyə başlayır. Obyektiv bilik cəmiyyət tərəfindən qəbul olunmuş inam anlayışı ilə əvəz olunur. Pirs öz məşhur "prinsipi"ni və ya "praqmatik maksima"sını da aşağıdakı kimi formulə etmişdi: anlayış obyektinin tədqiqatçının fikrincə törədə biləcəyi praktiki nəticələri nəzərdən keçirmiş olsaq, onda bütün bu nəticələr haqqında təsəvvürlər elə məhz obyekt haqqında tam anlayış olacaqdır.

Mərifət və elmin bu növ nəzəriyyəsinin əsl banisi amerikalı filosof Vilyam Ceymisdir (1842-1910). Daha sonra bu fəlsəfəni amerika filosofu Con Dyui (1859-1952) və başqaları davam etdiriblər.

İkinci: Pozitivizm (sübut yönümlü-müsbət); Pozitivizm (lat. positivus - müsbət) XIX əsrdə meydana çıxan fəlsəfi cərəyanlardan biri, banisi fransız filosofu və sosioloqu Ogüst Kont hesab olunur. Pozitivizm konkret (empirik-yəni, təcrübi) elmləri həqiqi, gerçək biliyin yeganə mənbəyi sayır və fəlsəfi tədqiqatın idrakı əhəmiyyətini inkar edir, nəzəri elmləri biliklər əldə etməyin vasitəsi kimi abstraktlaşdırmanı (nəticələri) qəbul etmirdi. Mahiyyətinə görə pozitivizm müəyyən münasibətlərdə ifrat məntiqi nəticələrə gətirib çıxarmış empirisizmdir (təcrübə məhvərlik). Bu məktəb əvvəlcə, pozitivistlərin atası ləqəbi almış Ogüst Kontun vasitəsi ilə daha sonra isə (1920-ci ildə) Viyana Çevrəsi adlı alimlər dəstəsinin vasitəsi ilə davam etdirilmişdir. Sonda bunların meydan gətirdiyi fəlsəfə məktəbi məntiqi pozitivizm adı ilə məhşurlaşır.

Üçüncü: Ekzistensializm (varlıqyönümlü); XX əsrdə fəlsəfədə ziyalıların baxışlarına cavab verə biləcək yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasionalist, subyektiv idealist fəlsəfi cərəyanlardan biridir. Əsas nümayəndələri Haydegger, Yaspers (alman məktəbi), Alber Kamyu, Jan Pol Sartr (fransız məktəbi) və s. Ekzistensializm birinci dünya müharibəsindən sonra Almaniyada, ikinci dünya müharibəsi dövründə Fransada, sonralar isə bir çox ölkələrlə yanaşı ABŞ-da meydana gəlmişdir.

Ekzistensializmin ideya kökləri həyat fəlsəfəsi, Qusserlin fenomenologiyası və Kyerkeqorun dini-mistik təlimidir. Ekzistensializmdə özünün səthi - nikbin anlayışı ilə, mövcud cəmiyyətin mütərəqqi inkişafına inamı ilə birlikdə liberalizmin böhranı əks olunmuşdur. Ekzistensializm pessimizm (Pessimizm insanın hər hansısa xüsusiyyətə mənfi yanaşma tərzidir) dünyagörüşü kimi meydana gəlmiş və məsələni belə qoymuşdur: tarix fəlakətlər qarşısında liberal-mütərəqqi ideyalarını itirmiş insan necə yaşamalıdır? Ekzistensializm maarifçilik və klassik alman fəlsəfəsi dövrünün rasionalizminə, həmçinin, XIX əsrin sonu və XX əsrin əvvəllərində geniş yayılmış kantçı-pozitivist fəlsəfəyə cavab idi. Ekzistensialistlərin fikrincə, rasional təfəkkürün əsas cəhəti ondan ibarətdir ki, o, subyekt və obyektin əksliyi prinsipindən çıxış edir. Buna görə də, rasionalist bütün gerçəkliyə, o cümlədən də insana yalnız elmi-tədqiqat nöqteyi-nəzərindən baxır, bu baxımdan həmin yanaşma "simasız" xarakter daşıyır. Əksinə, ekzistensializm şəxsiyyətdən kənar, "obyektiv" elmi fikrin əksliyi kimi çıxış etməlidir. Beləliklə, ekzistensializm fəlsəfə və elmi bir-birinə qarşı qoyur.

Tarixdə bu məktəbin ilk banilərindən biri Danimarka filosofu Sorn Kyerkeqordur (1813-1855) daha sonra Almaniyanın və dünyanın ən görkəmli filosoflarından biri Karl Yaspers (1883-1969), ikinci dünya müharibəsindən sonra isə bu yolu XX əsr fransız filosofu, yazıçı və dramaturq, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri Jan-Pol Sartrdur (1905-1980). Daha sonra isə bu cərəyanın nümayəndəsi fransız yazıçı və filosof, sağlığında "Qərbin vicdanı" adlandırılmış və ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957) Alber Kamyun (1913-1960) və fransız ekzistensialistl filozof Gabriel Marceldir (1889-1973).

Dördüncü: Hermenevtika; Hermenevtika (yun. hermeneuo-aydınlaşdırıram)-məqsədi mətnin obyektiv (sözlərin qrammatik mənaları və tarixən şərtlənmiş variantları) və subyektiv (müəlliflərin niyyəti) əsaslarına görə mənasının müəyyən etmək olan şərh (təfsir və ya izah) məharəti nəzəriyyəsidir. Ellinizim (Ellinlər (yunan. hellenes) yunanların özlərinə verdikləri ad.) dövründə klassik mətinlərin (məs. Homerin) izahı və tədqiqi ilə əlaqədar meydana gəlmiş və sonradan dini kitabların şərhi çərçivəsi daxilində inkişaf etdirilmişdir. XIX əsrdə müqəddəs mətnin mənasının predmeti, hüdudları ilə məhdudlaşdırılmayan "sərbəst" Hermenevtikanın inkişafı başlayır. Dilteydə (alman filosofu, psixoloqu və sosioloqu Wilhelm Diltey, 1833-1911) Hermenevtika ictimai elmlərin tarixi xadimlərin subyektiv niyyətlərinə əsaslanaraq ictimai hadisələrin "başa düşülməsini" təmin edən spesifik (xüsusi) metoduna çevrilir. Burada "başa düşülmə" təbiətşünaslıqdakı abstraklaşdırma (dərk etmə, ələ gətirmə) ilə və ümuminin, qanunun müəyyən edilməsi ilə bağlı "izaha" əks qoyulur. XX əsrdə Hermenevtika tədricən əvvəlcə ekzistensializm çərçivəsində (Haydegger), sonra isə fəlsəfi Hermenevtikanın özündə fəlsəfənin metedoloji əməliyyatlarından biri kimi formalaşır. Hermenevtika əməliyyatlarından tarix, hüquq elmlərində və şüurlu insan fəaliyyətinin obyektivləşdirilmiş nəticələrinin təhlili ilə əlaqəsi olan digər elmlərdə istifadə oluna bilər.

Hermenevtikanın (müqəddəs mətinlərin təfsiri və ya şərhi) tarixdə ilk dəfə Aristotelin kitablarında rast gəlinmişdir. Amma, sonradan bu elmi Alman idealisti Fridrix Ernst Şleyermaxer (1768 -1834), alman filosofu, psixoloqu və sosioloqu Wilhelm Diltey (1833-1911) və sonda alman filosofu, "fəlsəfi hermenevtika"nın banisi Hans-Georq Qadamer (Hans-Georg Gadamer, 1900-2002) tərəfindən davam etdirilmişdir. Əlbəttə, qeyd etmək lazımdır ki, müqəddəs və ya klassik mətnlərin təfsiri (hermenevtika) mövzusuna yanaşma hər filosof və alimlər arasında xüsusi səliqə və elmi zövqlərə əsaslanımşdır. Bu mövzuda İslam alim və filosoflarının xüsusi nəzəriyyələri və faktları vardır ki, bu haqda sonradan açıqlamalar verəcəyik.

Ümumi çıxarış və İslam fəlsəfəsindəki mərfiətşünaslıq

İslam tarixində mərifətşünaslıq bəhsinin fəlsəfi cəhətdən ən geniş və elmi nəzmlə araşdıran dahi filosof Əhli-Beyt (ə) aşiqi Sədrəddin Şirazi və ya Molla Sədra (1571-1641) olmuşdur. Onun dövrü I şah Abbasın hakimiyyəti illərinə təsadüf edir. Həmin dövrdə şiəlik hakimiyyəti şəriət qanunlarının nüfuzu dini fəlsəfə və teologiyanın populyarlığı öz apogeyinə çatmışdı. Molla Sədra özünü intellektual fənlərin, o cümlədən İbn Sinanın, əs-Sührəvərdinin, neoplatoniklərin, xüsusilə İbn əl-Ərəbinin fəlsəfəsini öyrənməyə həsr etmişdir. Molla Sədra dəqiq fərqlənən müxtəlif tipli üç əsərin müəllifidir. Bunlar: a) Qurana və hədislərə yazılan şərhlər. b) polemik işlər və v) fəlsəfi traktatlardır. Onun Quranın bir sıra ayələrinə xüsusilə işığa həsr olunmuş ayələrə şərhləri müqəddəs kitabın Molla Sədra tərəfindən ezoterik oxunmasından xəbər verir. O, eyni zamanda şiə imamlarının fikirlərinə şərhlər - monumental əsərlər yazaraq onlardakı ezoterik mənanı aydınlaşdırmışdır. Onun polemikası sufi antinomistlərə, onların dini qanunları pozmasına qarşı çevrilmişdir. Nəhayət, üçüncüsü, Molla Sədranın elə əsərləri də vardır ki, onların əksəriyyəti intellektual elita və erudisiyalı alim - bilicilər üçün nəzərdə tutulmuşdur.

Ümumiyyətlə, həmin əsərlər əsaslı şəkildə ənənəvi islam fəlsəfəsi mövzusunda hazırlanmışdır. Molla Sədra öz dünyagörüşündə sxolastik teologiyanın disput ideyalarını İbn Sinanın metafizikasını və İbn əl-Ərəbinin mistik düşüncələrini sintezləşdirmişdir. Nəticədə müdriklik ənənələri təzahür etmişdir ki, o da öz kökünü hər yerdə - teologiyanın ənənəvi peripetiyalarında, filosofların diskursiv düşüncələrində və bilavasitə sufilərin təcrübəsində tapa bilmişdir. Molla Sədra iki böyük filosofun təsiri altında olmuşdur. Bu filosoflar İbn Sina və işıq fəlsəfəsi, "şərq nuru" (Əl-işrak) məktəbinin banisi əs-Sührəvərdidir. Molla Sədra İbn Sinanın fəlsəfəsini əs-Sührəvərdinin mövqeyindən şərh edir. O, eyni zamanda əs-Sührəvərdinin ontologiyasını fundamental surətdə nəzərdən keçirmişdir.

Bu sahədə ikinci dahi İslam və Əhli-Beyt (ə) məktəbinin yetirməsi müasir dahi filosof və əllamə (ən çox bilik sahibi) fəxrimiz sayılan türk dilli İslam alimi Seyid Məhəmmədhüseyn Təbatəbai (1892-1981) olmuşdur. (ardı var...)

 

Cameətul-Mustafa (s) adına Beynəlxalq

İslam Univeristetinin Quran va Hüquq üzrə doktorantı

Faiq Vəlizadə

 

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment