Azəri
Wednesday 8th of May 2024
0
نفر 0

“QURAN” Avropaya necə yayıldı

“QURAN” Avropaya necə yayıldı

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Avropada müqəddəs kitabların tərcüməsi uzun müddət qadağa predmeti olub. Dini kitabları tərcüməyə cəhd edənlərin (!) həyatına inkvizisiya tonqalları və digər dəhşətli edamlar son qoyub.

Yalnız orta əsrlərin sonlarına yaxın tərcüməyə münasibətdə yumşalma hiss edildi. Vəziyyətin dəyişməsində avropalıların Şərqə, Müsəlman Aləminə artan maraqları da ciddi rol oynayırdı.

İlk təşəbbüs

"Quran" nazil olduqdan 5 əsr sonra Avropada ilk dəfə latın dilinə tərcümə edilir. Klüni əyalətindən olan abbat Şərəfli Pyer (Pierre le Vénérable 1092-1156) və digər 3 rahib (o cümlədən 1 ingilis) Səlib yürüşləri zamanı "Quran"ın latın dilinə tərcüməsini ərsəyə gətirirlər. Onlara bu işdə Toledolu Reymond adlı bir nəfər də yardımçı olur. Dini mənbələrə görə, o, xristian mənşəli ərəb olub və ərəb dilini latın dilindən daha gözəl bilib.

Pyer tərcüməyə başlamazdan əvvəl İspaniyanı, o cümlədən Toledonu gəzib dolaşır. Bu dövrdə İslam dövləti və mədəniyyəti yüksəliş dövrünü yaşayırdı (müsəlman İntibahı). 7-ci əsrdən bəri xristianlar müsəlmanlarla ciddi rəqabətdə idi. Heç şübhəsiz, bu rəqabətin tərcümənin meydana gəlməsində rolu olub.

Şərəfli Pyer Toledoda məskunlaşır və ingilis Robert de Kettona "Quran"ı latıncaya çevirməyi tapşırır. Şərəfli Pyerin maliyyə köməyi ilə 1141-ci ildə tərcümə hazır olur. Kitabın 1143-cü ildə tərtib edilmiş nüsxəsi hazırda Parisin Arsenal kitabxanasında saxlanır.

Tərcümə ərsəyə gələndən sonra ciddi polemikalara yol açır. Fransız mənbələrinə görə, bu, tərcümədən daha çox ərəb mətninin latın dilində şərhinə bənzəyirdi. "Quran"ın orijinalındakı ahəng, ritm, axıcılıq büsbütün itmişdi.

Lakin tərcüməçi məqsədinə müəyyən dərəcədə nail olur. Təqribən 5 əsr ərzində bu tərcümə xristianlığın islam əleyhinə təbliğatına xidmət edir.

1543 və 1550-ci illərdə İsveç teoloqu Teodor Bukman bu tərcüməni Bazeldə 2 dəfə nəşr etdirir. Lakin bu addım da xoş niyyətdən xəbər vermirdi.

1529-cu ildə türklər Vyananın ətrafını sarmışdı. Düşmənin kitabını nəşr etdirən teoloq bura islamda olmayan əlavələri edir. Kitaba 3 ön söz yazılır. Birinci ön sözün müəllifi Filip Melankton, ikincininki Bukman özü idi. Üçüncü ön sözün müəllifi Robert isə "Quran"ın ümumiyyətlə bir əfsanə olduğunu göstərir. Əvvəlki 2 ön söz də təhriflərdən xali deyildi.

"Quran"ın latın dilinə tərcüməsi Avropada böyük maraq doğurur. Latın dilinə tərcümə əsas götürülərək müqəddəs kitab Avropanın bir neçə dilinə çevrilir.

Fransız dilinə tərcümələr

1647-ci ildə Andre du Ryer (1580-1660) "Quran"ı orijinaldan fransızcaya çevirir. Fransanın Misirdəki konsulu olan mütərcim ərəb, fars, türk dillərini gözəl bilirdi. Bu variant uğurlu alınır və bir çox Avropa dillərinə tərcümə olunur. 5 il ərzində kitab "Məhəmmədin Quranı" adı ilə 5 dəfə nəşr edilir. Ümumilikdə bu tərcümə 1716-cı ilədək 24 dəfə nəşr olunur.

"Quran"ın fransız dilinə tərcüməsi Avropada bu sahədə bir növ canlanma yaradır. Dü Ryerin tərcüməsindən ilham alınaraq "Quran" əksər Avropa dillərinə çevrilir. Sonradan fransızlar "Quran"ı orijinaldan tərcümə etməyə üstünlük verirlər. Bu tendensiya tezliklə bütün Avropaya sirayət edir.

Görkəmli rus alimi Posnikov bu variantı rus dilinə çevirərək 1716-cı ildə Peterburqda nəşr etdirir.

1698-ci ildə Maraksinin tərcüməsi nəşr edilir. Bu tərcümə Dü Ryerin tərcüməsinə nisbətdə daha sanballı olsa da, mütərcim öz xələflərinin strategiyasına "sadiq qalaraq" tərcüməyə islamla əlaqəsi olmayan, hətta islama zidd olan halları daxil edir (türklərin həmin dövrdə Avropanı fəth etdiyini nəzərə alsaq, bu münasibətin səbəblərini araşdırmağa zərurət qalmır). Sonradan bu tərcümə variantı alman və holland dillərinə çevrilir.

1734-cü ildə Jorj Salın tərcüməsi ərsəyə gəlir. Kitab fransız kübar cəmiyyətində böyük maraq doğurur. Hətta Volter özü islam və "Quran" haqqında bu kitab vasitəsilə məlumat əldə edir.

1782-1783-cü illərdə Klod Etyen Savarinin tərcüməsi işıq üzü görür. Savari ərəb danışıq dilini çox yüksək səviyyədə bilsə də, ədəbi dilə dərindən bələd deyildi. Bu səbəbdən onun tərcüməsi uğurlu alınmır. Tərcümə yarımçıq və qüsurludur. Həmin tərcümə 1787, 1821 və 1826-cı illərdə təkrar nəşr edilir. Savarinin kitabının üstünlüyü ona islam peyğəmbərinin həyatı, islam haqqında ümumi məlumatı əlavə olunmasıdır.

1840-cı il Kazimirskinin tərcüməsi ilə yadda qalır. Ən yaxşı tərcümələrdən hesab olunan bu variant Parisdə 1841, 1844 və 1970-də nəşr olunur. Kazimirskinin tərcüməsi tiraj etibarilə ən çox nəşr olunan "Quran" tərcüməsi hesab edilir. Marakçi və Savarinin tərcümələrini gözdən keçirən Kazimirski "Quran"ı yenidən tərcümə etmək qərarına gəlir. Milliyyətcə macar olan Kazimirski Fransanın Tehrandakı səfirliyində çalışıb. Burada əldə etdiyi biliklərin onun tərcümədə karına gəldiyi də şübhə doğurmur.

Fransız teoloq və tərcüməçilər "Quran"ı transliterasiya etməyi də yaddan çıxarmayıblar. "Quran" 1647, 1649, 1672, 1683, 1719, 1734, 1770, 1775-ci illərdə fransız əlifbası ilə nəşr edilib. 20-ci əsrdə ərsəyə gələn nəşrlərin bəzilərində də transliterasiyaya yer ayrılıb.

Nəhayət, XX əsrin birinci yarısında "Quran" fransız dilinə 3 dəfə tərcümə olunur. Eduard Monet (1929), Laimeş və Bendaud (1931, Oran, Əlcəzair), Pesl və Ticani (1931, Rabat) bir-birindən ayrı şəkildə "Quran"ı tərcümə edib nəşr etdirirlər.

İkinci Dünya müharibəsindən sonra "Quran"ın fransızcaya tərcüməsində bir növ canlanma müşahidə olunur. Müqəddəs kitabı 1949-cu ildə Reji Blaşer (təkrar nəşr -1957, 1960), 1959-da Məhəmməd Hamidullah, 1967-də Denis Masson, 1967-də Əhməd Budib (Əlcəzair), 1972-də Həmzə Bubəkr (Mərakeş), 1983-də Pyer Qode, 1976-da Nurəddin bin Mahmud, 1980-də Sadiq Maziqh, 1981-də Səlahəddin Kəşrid, 1990-da Jak Berk və Andrey Şuraki fransız dilinə çevirdilər.

Adları qeyd edilən müəlliflərdən Məhəmməd Hamidullahın tərcümələri daha böyük maraq doğurur.

Məhəmməd Hamidullah kimdir?

Məhəmməd Hamidullah 1908-ci ildə Hindistanın şimalında Heydərabad əyalətində anadan olub. İlk təhsilini doğma şəhərdə alan Məhəmməd Hamidullah sonradan Camiyeyi Nizamiyyədə dini təhsil görüb. Bu məktəb həmin dövrdə Misirin əl-Əzhər Universiteti ilə müqayisə edilirdi.

O, təhsilini Hindistanın Osmaniyyə Universitetində başa vuraraq beynəlxalq islam hüququ sahəsində diplom əldə edir. Universitet onu təhsilini davam etdirmək üçün Almaniyaya göndərir. 1932-ci ildə o, fəlsəfə doktoru elmi dərəcəsi ilə Bonn Universitetində ərəb və urdu dili müəllimi işləməyə başlayır.

Eyni ildə İstanbula gələn Məhəmməd Hamidullah burada görkəmli alimlərlə tanış olur. Fransız kollecində tanış olduğu Vilyam Marsenin təklifindən sonra o, Sorbonn Universitetində "Peyğəmbər və ilk xəlifələr dönəmində diplomatiya" adlı dissertasiya müdafiə edərək ədəbiyyat üzrə doktorluq əldə edir. 1936-da vətənə qayıdaraq doğma universitetdə ərəb və urdu dillərini tədris edir. 1948-ci ildə hind ordusu şəhəri işğal etdikdən sonra Fransaya mühacirətə gedir.

Fransaya qayıtdıqdan sonra o, bir sıra universitetlərdə islam hüququndan dərs deyir, Pakistanın ilk konstitusiyasının hazırlanmasında iştirak edir və 1961-də Cenevrə İslam Mərkəzi və 1963-cü ildə "Fransada islamçı tələbələr assosiasiyası"nı yaradır. Hər cür millətçiliyi rədd edən Məhəmməd Hamidullah 1978-də Parisdə "İslam xristian əməkdaşlığı" cəmiyyətini təsis edir. Onun bu cəmiyyətlərdə ətrafına topladığı insanlar arasında İranın ilk prezidenti Əbülhəsən Bənisədr də vardı (hazırda Fransada mühacirətdədir).

Səhhətində ciddi problemlər olan Məhəmməd Hamidullah 1996-da ABŞ-a gedir və 2002-də Floridada vəfat edir. 22 dildə danışa bilən Məhəmməd Hamidullah ömrünün sonuna yaxın çin dilini öyrənirdi.

Quranı fransızcaya çevirən ilk mütərcim

Məhəmməd Hamidullahın tərcümə etdiyi "Quran" 1959-da Fransa Kitab Klubu tərəfindən nəşr edilir. Alim tarixə "Quran"ı fransızcaya çevirən ilk mütərcim kimi düşdü. Kitabın tərcüməsində Mişel Leturmi ona yaxından kömək etmişdi. Kitab dünyanın fransızdilli əhalisi arasında böyük maraq doğurdu. Kitaba İslam Liqası da müsbət rəy verir və təkcə Fransada 1959-1986-cı illərdə 12 dəfə nəşr edilir. İndi də, Məhəmməd Hamidullahın tərcüməsi ən yaxşı hesab edilir, tədqiqatçılar bu varianta dönə-dönə istinad edirlər.

Hazırda "Quran"ın tərcüməsi üzərində iş dayanmayıb. İstər müsəlman, istərsə də qeyri-müsəlman dövlətlərində "Quran" tərcümələri üzrə tədqiqatlar aparılır.

Nəticə

"Quran"ı tərcümə edən müəlliflər mənanı tam çatdıra bilmədiklərini, ilahi kəlam qarşısında aciz qaldıqlarını etiraf ediblər. Hətta ən mükəmməl hesab edilən tərcümələr belə ciddi tənqidə məruz qalıb. Lakin nəticəsi və niyyəti nə olursa olsun, "Quran"ın fransız dilinə çevrilməsi həm tərcümə işini genişləndirdi, həm də Avropada bu səmavi kitaba marağı artırdı. Avropa xalqlarının böyük əksəriyyəti "Quran"la birbaşa və ya bilavasitə fransız mütərcimlərin sayəsində tanış oldular.

 

Vüqar ƏLƏSGƏROV

Azərbaycan Dillər Universitetinin müəllimi

"Oxu" qəzeti, 14-20 iyul 2011-ci il

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 

 


source : www.aban.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Neysan suyunun xüsusiyyəti. Bahar yağışından qafil olmayın!
NIYƏ RƏNGLI SÜFRƏ BAŞINDA ƏYLƏŞDIN?!
Quranda möminlərin sifətləri
İmam Hüseyn (ə) və İmam Zaman (ə.f)
"Fatihə" surəsi
İslam yaxınlığın zaman və məkanı üçün xüsusi şəraiti təyin edibdirmi?
Qadın öz pulu ilə həccə getmək istəyir, amma əri icazə vermir və getməyə ...
CAHANIN ƏN ŞƏRƏFLI QONAĞI
Kumeyl duasının şərhi
Quranın hikmətləri bir daha təsdiqləndi

 
user comment