Azəri
Saturday 27th of April 2024
0
نفر 0

MƏDƏNİ-MAARİF SAHƏSİNDƏKİ İNQİLAB

 

İslam meydana gəldiyi ilk vaxtlardan elm və biliyi himayə etmiş, təhsil almağı hər bir fərd üçün vacib saymışdır. Maarif və təlim-tərbiyənin tarazlığını əldə etmək elmi gizlətməyi və başqalarına öyrətməməyi qadağan edir. İslamın böyük peyğəmbəri Məhəmməd (s.ə.v.v) əxlaqi və fərdi xüsusiyyətlərinə görə bəşəriyyətin ən görkəmli şəxsiyyəti olmaqla yanaşı, elm və maarifin insanlar arasında yayılmasının ən kəskin tərəfdarı idi. Elm öyrənməyin savabı və fəzilətləri haqqında o Həzrətdən (s.ə.v.v) çoxlu hədis və rəvayətlər nəql olunmuşdur. Aşağıda nəql olunan tarixi hadisə bir daha Peyğəmbərimizin (s.ə.v.v) elm və savad öyrənməyə nə qədər qiymət verdiyini sübut edir:

Bədr döyüşündə müsəlmanlar qələbə çalmışdılar və müşriklərdən bir hissəsi əsir alınmışdı. Əsirlərdən bəziləri özlərini azad etdirmək üçün pul və mal-dövlətə malik deyildilər. Amma onlar yazıb-oxumağı bacarırdılar. Peyğəmbər (s.ə.v.v) göstəriş verdi ki, əsirlərdən kim on nəfər müsəlmana yazıb-oxumağı öyrətsə, onu azad edəcəklər. Peyğəmbərin (s.ə.v.v) göstərişinə əməl olundu və bu yolla bir çox müsəlman yazıb-oxumağı öyrəndi.

Həzrət Əli (ə) öz xütbələrinin birində elm və maarifin yayılmasını İslam hökumətinin vəzifələrindən biri hesab edərək belə buyururdu: Ey camaat! Mənim sizin boynunuzda haqqım və sizin də mənim boynumda haqqınız vardır. Sizin haqqınız budur ki, gərək mən həmişə sizə öyüd-nəsihət verəm və sizə xeyirxahlıq göstərəm. Sizin sərmayələrinizin və mal-dövlətinizin artırılması üçün çalışam. Cəhl və nadanlıq vəziyyətində qalmamaq üçün sizə xoşrəftarlıq və ədəb, elm və təlim-tərbiyə öyrətmək mənim vəzifəmdir».

Hicri qəməri tarixilə 215 -ci ildə Bağdad şəhərində Abbasi xəlifəsi Məmun tərəfindən bir rəsədxana və böyük kitabxanaya malik olan «Beytul-hikmət» adlı elmi mərkəz təsis edilmişdi. Məmun bunun üçün 200 min dinar pul sərf etmiş və orada müsəlmanların elmi əsərlərini başqa dillərə tərcümə etmək üçün bir çox alimləri toplamışdı.

Məmun ibni Təriq və Həccac ibni Mətər kimi xarici dillərə bələd olan alimləri əcnəbi ölkələrə göndərib, oradakı yunan, fars, latın, suryani, hind dillərində olan həndəsə, riyaziyyat, tibb və fəlsəfəyə aid kitabları əldə edərək Bağdada gətirməyi əmr etmişdi. Onlar da hər yerdən qiymətli kitabları tapıb Məmuna göndərirdilər. Bu kitablar yüz dəvə yükü qədər idi.

Bütün Avropada bircə dənə də olsun elmi-maarif mərkəzi tapılmayan dövrdə, İslam ölkələrində çoxlu belə mərkəzlər mövcud idi. Həmin elmi mərkəzlərdə bütün sahələr üzrə tədqiqatlar aparılır və mütəxəssislər yetişdirilirdi. Səlib yürüşlərinin başlanması ilə İslam mədəniyyəti və elmi nümunələri sürətlə Avropada da yayıldı.

Doktor Qustav Loben belə yazır:

«Kitab və kitabxanaların Avropa xalqları nəzərində heç bir dəyəri olmadığı və bütün kilsə və monastırlarda cəmi 500 cild dini kitab mövcud olduğu dövrdə, İslam ölkələrində kifayət qədər zəngin kitabxanalar var idi. Bağdaddakı «Beytul-Hikmət» kitabxanasında 4 milyon kitab, Qahirədəki «Səltənət» kitabxanasında bir milyon, Şamdakı «Trablos» kitabxanasında 3 milyon kitab mövcud idi. O dövrdə müsəlmanların əlində olan İspaniyada təkcə bir ildə 80 minə yaxın cild kitab hazırlanırdı».

Qərb tarixçilərindən biri belə yazır:

«Mustənsiriyyə şəhərində çox böyük və əzəmətli binası olan, İslam dünyasında görünməmiş bir universitet var idi. Burada ayrı-ayrı fəaliyyət göstərən dörd mədrəsə yerləşirdi. Hər mədrəsədə 75 tələbə və dörd ustad olurdu ki, bunların hamısı aylıq məvaciblə təmin edilirdi. 300 tələbənin hər birinə ayda bir qızıl dinar verilirdi. Universitetin yeməkxanasında onlar pulsuz yeməklə təmin olunurdular. Bundan əlavə, burada xəstəxana və böyük bir kitabxana mövcud idi. Universitetin özünün hamamı və qida məhsulları ilə dolu olan anbarları da var idi. Nəzərə almaq lazımdır ki, bütün bunlar 13-cü əsrin əvvəllərində mövcud olmuşdur!»

Doktor Maks Meyerhof isə belə yazırdı:

«İstanbulda 80-dan artıq kitabxana var ki, burada on minlərlə kitab toplanıb. Qahirədə, Dəməşqdə, Mosulda, Bağdadda və İranda bir-birindən böyük çoxlu kitabxanalar mövcuddur. Təəssüf ki, bu kitabxanalarda yığılmış kitablardakı məlumatlar müasir dünya tərəfindən çox az araşdırılıb. Nəzərimcə, gələcəkdə dünya alimləri İslami elmlərə daha artıq əhəmiyyət verərək, bu qiymətli xəzinələri öyrənməyə çalışacaq».

Doktor Qustav Loben belə yazır: «Müsəlmanların müxtəlif elmləri öyrənməyə yüksək əhəmiyyət göstərməsi doğrudan da çox heyrətamizdir. İslam fəthləri zamanı onlar tutduqları hər bir şəhərdə birinci olaraq məscid və mədrəsələr inşa edirdilər. 12-ci əsrin alimlərindən olan Bencamen Tuvel yazırdı ki, mən təkcə İskəndəriyyə şəhərində 20 elmi labaratoriya görmüşdüm. Bağdad, Qahirə və başqa müsəlman şəhərlərində çoxlu elmi mərkəzlər, labaratoriyalar, kitabxanalar və rəsədxanalar mövcud idi. Halbuki, Avropada ilk kitabxana bundan 400 il sonra Parisdə təsis edilmişdi».

Müsəlmanların dünya mədəniyyəti qarşısındakı xidmətləri təkcə elmi tədqiqat və kəşflərlə bitmir. Kitabların yazılması, qorunması və elmlərin yayılmasını da buna əlavə etmək olar.

Müsəlmanlar bütün dünyada elm və maarifin yayılmasından ötrü çox böyük işlər görmüşlər. Onların avropalılara bəxş etdikləri elmi məlumatları nəzərə alsaq, müsəlmanların həqiqətən qərblilərə bir neçə əsr müddətində həqiqi mənada müəllimlik etdiyini başa düşərik. Maraqlısı da budur ki, avropalılar müsəlmanlar vasitəsilə qədim Yunan və Roma mənbələrini öyrənməyə başlamışdılar.

Orta əsrlərdə Avropa cəhalət və nadanlıq içərisində boğulurdu. Xalq qəribə bədbəxtlik şəraitində yaşayırdı. Onların hökmdarları müalicə üçün, elm axtaran adamları isə bilik qazanmaqdan ötrü İslam universitetlərinə üz tuturdular. Qahirə, Bağdad, İstanbul və İsgəndəriyyə universitetləri dövrün müasir təcrübə və tədqiqat labaratoriyaları ilə fəxr edə bilərdilər.

Jozef Mak-Kap orta əsrlərdə müsəlmanların elm və maarif sahəsindəki tərəqqisini belə göstərirdi:

«Hətta ən aşağı ictimai təbəqə kitab oxumaq üçün təşnə idi. Kasıblar ən az yeməklə və köhnə geyimlə kifayətlənib, axırıncı pulları ilə kitab alırdılar. Yüksək elm sahiblərinin arasında çoxlu qadınlar da var idi!»

Nehru müsəlmanların Əndəlusdakı əzəmət və qüdrəti haqqında belə deyirdi:

«Burada əhalisi bir milyondan artıq olan müsəlman şəhəri var idi. Həmin şəhərdə 20 km. uzunluğunda olan bir bağ salınmışdı. Şəhərdə 60 min saray və qəsr, 200 min kiçik ev, 80 min dükan, 3800 məscid, 800 ümumi hamam mövcud idi.

Bu şəhərdə çoxlu kitabxanalar, o cümlədən 400 min kitabı olan böyük «Əmir kitabxanası» var idi.

Tarixçilərdən biri deyir ki, müsəlman İspaniyasında hamı yazıb-oxumağı bilirdi. Halbuki xristian Avropasında ruhanilərdən başqa hətta ən yuxarı təbəqənin böyük bir hissəsi savadsız idi».

TƏBABƏT

Doktor Meyerhof müsəlmanların təbabət elmindəki inkişafı barəsində belə yazır: «Səlib yürüşləri zamanı müsəlmanlar avropalı həkimlərin məlumatlarının çox aşağı və ibtidai səviyyədə olduğunu görüb onlara gülürdülər.

Xristianlar İbni Sina, Cabir ibni Həyyan, Həsən ibni Heysəm və Zəkəriyya Razinin kitablarını latınca tərcümə etdilər və hal-hazırda da həmin tərcümələrdən istifadə edirlər. 16-cı əsrdə İbni Rüşd və İbn Sinanın əsərləri İtaliyada tərcümə olundu. Bu kitabların kimlər tərəfindən tərcümə olunduğu məlum olmasa da, onlar İtaliya və Fransa universitetlərində tədris edilirdi».

Razinin vəfatından çox keçməmişdi ki, İbni Sina elm dünyasında günəş kimi parladı. Baxmayaraq ki, çoxları onu fizik və filosof kimi tanıyırdı. Amma Avropada İbni Sinanın təbabət elmindəki nüfuzu heyrətamizdir. Razi və İbn Sinadan başqa İslam aləmində bir çox böyük həkimlər də olmuşdur. Əndəlosi, Əbbas İrani, Əli ibni Rizvan Misri, İbni Bətlan Bağdadi, Əbu Mənsur Herati, İbni Vəfid İspaniyayi, Masəviyyə Bağdadi, Əli ibni İsa Bağdadi, Əmmar Mosuli, İbni Rüşd Əndəlosi kimi təbiblər özlərindən sonra elm aləminə çoxlu qiymətli kitablar yadigar qoyub getmişlər. Həmin kitablar latıncaya və bir çox Avropa dillərinə tərcümə edilmişdir. Müsəlmanlar bir çox elmlərdə öz dövrlərini alimlərindən irəlidə idilər. Onlar Avropaya daxil olan zaman avropalılar hələ vəba mikrobunu kəşf etməmişdilər. Bütün İspaniya camaatı o vaxt deyirdi ki, bu, göydən gələn bir bəladır və günahkar bəndələri tənbeh etmək üçün nazil olub. Amma müsəlman həkimləri vəbanın yolxucu xəstəlikdən başqa bir şey olmadığını sübut etdilər.

Doktor Hof İbni Sinanın «Qanun» adlı kitabı haqqında deyir: «Bu kitab İslam aləmində təbabət haqqındakı şah əsərlərdən biridir. 15-ci əsrin axırlarında bu kitab Avropada 16 dəfə çap olunub və yayılıb. 15 dəfə latınca, bir dəfə də ərəbcə çap edilib. 16-cı əsrdə isə 20 dəfədən artıq çap olunub. Bu da həmin əsərin əhəmiyyətini aşkar şəkildə göstərir.

Onun latınca və ərəbcə şərhləri həddən artıq çoxdur. Dəfələrlə çap olunmuş bu kitab 17-ci əsrin 2-ci yarısına qədər təbabət üzrə ən mühüm dərslik hesab edilirdi. Təbabət sahəsində onun qədər çap olunan kitab tapmaq çətindir. Hal-hazırda tibb elminin sivil inkişafına baxmayaraq, hələ də alimlər ondan istifadə edirlər».

Vil Dorant yazır: «Ən məşhur və qabaqcıl müsəlman təbibi Məhəmməd ibni Zəkəriyyə Razi hesab edilir. O, 200 dən çox kitab yazmışdır. Bunların da əksəriyyəti təbabətə aiddir. Onun «Çiçək» və «Qızılca» adlı iki kitabı ən mühüm və qiymətli əsərlər sayılır.

Bu kitablar əvvəlcə latıncaya, sonra isə digər Avropa dillərinə tərcümə edilib. Dörd əsr müddətində 40 dəfə müxtəlif dillərə tərcümə olunub.

«Əl-haviəl-kəbir» kitabı da onun ömrü boyunca apardığı tədqiqat və təcrübələrinə aiddir və 20 cilddən ibarətdir. Hal-hazırda onun yalnız 10 cildi mövcuddur. Əsərin 5 cildi yalnız göz xəstəliklərinə dair imiş. Bu kitab 1279-cu ildə latıncaya tərcümə edilib və dövrünün ən mühüm tibbi əsəri hesab olunurdu».

Cərrahlıq sahəsinin tərəqqisi də müsəlman alimləri vasitəsilə başlamışdır. Hətta cərrahiyyə əməliyyatı zamanı istifadə edilən narkoz kimi dərmanlar da müsəlman cərrahlarının elmi ixtiralarından sayılır.

İbni Sinanın kitabları bütün dünya dillərinə tərcümə edilib və altı əsr müddətində tibb elminin əsasları kimi onlardan geniş istifadə olunub. Xüsusilə, İtaliya və Fransada onun kitablarından dərslik kimi istifadə edirdilər.

İslam alimləri və həkimləri tibb elmində bir sıra yenilik və ixtiralar əldə etmişdilər. O cümlədən, vərəm xəstəliyinin dırnaq yolu ilə müəyyən olunması, sarılıq xəstəliyinin müalicəsi, soyuq su vasitəsiylə qanaxmanın qarşısının alınması, böyrək və sidik kisəsindən daşların salınması və s.

İslam aləminin ən böyük cərrahı isə Əbul Qeys Əndəlosi sayılır. O, 11-ci əsrdə yaşamışdır və cərrahiyyə alətlərinin çoxunu özü kəşf etmişdir. 14-cü əsrdən sonra gələn bütün cərrahlar Əbul Qeysin kitablarından faydalanmışlar. Onun əsərləri dəfələrlə latıncaya çap edilib və ən axırıncı çapı 1816-cı ilə təsadüf edir.

ƏCZAÇILIQ

Doktor Qustav Loben yazır: «Müsəlmanlar müalicə üsullarında bir çox kəşflər etmişlər. O cümlədən, qızdırma xəstəliyinin müalicəsində soyuq sudan istifadə edirdilər ki, bir neçə əsr sonra avropalılar da həmin üsula müraciət etməli oldular. Müsəlmanların ixtira etdiyi bar çox kimyəvi tərkiblər hələ də işlədilməkdədir. Onlar dərmanları xüsusi üsullarla hazırlayırdılar. Uzun əsrlər keçdikdən sonra Avropada həmin dərmanlar yeni üsul adıyla tətbiq edilməyə başlamışdır.

Müsəlmanlar pulsuz dərmanlar verən apteklərdən istifadə edirdilər və xəstəxanası olmayan yerlərə müəyyən ləvazimat və dava-dərman göndərilirdi.

Corc Zeydan yazır: «Avropa alimləri əczaçılıq elmində apardıqları tədqiqatlar nəticəsində başa düşdülər ki, bu elmin əsasını qoyan müsəlmanlardır. Müsəlmanlar əczaçılıq üsullarını tərtib etmiş və yeni dərmanların kəşfində misilsiz nailiyyətlər qazanmışdılar. Onlar hələ neçə əsr qabaq müasir apteklər formasında olan dərmanxanalar açmışdılar.

Mak-Kapın dediyinə görə, təkcə Bağdadda 60 aptek mövcud idi. Avropalıların əlində olan bir çox dərman bitkilərinin və otların adları hələ də ərəb mənşəli sözlərdən təşkil olunmuşdur. Bu da bir daha sübut edir ki, həmin dərman bitkilərini avropalılar müsəlmanlar vasitəsilə tanımışlar.

XƏSTƏXANALAR

Corc Zeydan yazır: «Üçüncü əsr hələ başa çatmamış, Məkkə və Mədinə, habelə başqa müsəlman şəhərlərində xəstəxanalar mövcud idi. Müqtədir Abbasi və onun vəziri xəstəxana tikintisində bir-biri ilə yarışa çıxmışdılar. Qısa bir müddətdə təkcə Bağdadda dörd xəstəxana inşa edilmişdi. Oradakı Əzdi xəstəxanasında hər biri müəyyən sahənin mütəxəssisi olan 24 həkim çalışırdı.

Müsəlmanların xəstəxanaları nizam-intizamla idarə olunurdu və millətindən, məzhəbindən, peşəsindən asılı olmayaraq, bütün xəstələr yüksək səviyyədə müalicə edilirdilər. Hər bir növ xəstəlik üçün xüsusi salonlar nəzərdə tutulmuşdu. Oradaca tibb və əczaçılıq tədris edilirdi. Tələbələr nəzəri biliklərlə yanaşı, təbabət elmini də praktiki qaydada öyrənirdilər. Hələ o dövrdə səyyar xəstəxanalar da mövcud idi. Bunlar qatır və dəvələr vasitəsilə bir yerdən digərinə aparılırdı. Sultan Mahmud Səlcuqinin səyyar xəstəxanası 40 dəvə vasitəsilə daşınırdı».

Doktor Qustav Loben yazır:

«Müsəlmanların xəstəxanaları sağlamlığı qorumaq üçün nəzərdə tutulmuşdu və onlar indiki Avropa xəstəxanalarından daha yaxşı idi. Həmin xəstəxanalar həddindən artıq geniş olub, hava və su ilə yaxşı təmin edilirdilər. Məhəmməd ibni Zəkəriyyə Razi xəstəxana inşa etmək üçün göstəriş aldıqda, bir yoxlama aparmışdı ki, indiki yoluxucu xəstəliklər üzrə mütəxəssislər də onu təsdiq etmişlər. O, şəhərin müxtəlif yerlərində bir parça ət asmış, ətin ən gec xarab olan yerini xəstəxana binası üçün münasib bilmişdi.

Müsəlmanların xəstəxanaları müasir xəstəxanalar kimi böyük salonlara malik idi. Orada tibbi öyrənən tələbələr üçün də xüsusi otaqlar nəzərdə tutulmuşdu və onlar öz peşələrinə əməli olaraq yiyələnirdilər. Həmin dövrlərdə, hətta ruhi xəstələri müalicə etmək üçün xəstəxanalar da var idi».

Mak-Kap yazır: «Qahirədə böyük bir xəstəxana tikilmişdi. Orada fəvvarələr, bağçalar və dörd iri həyət mövcud idi. Həmin xəstəxanaya müalicəyə gələn kasıb adamlar sağaldıqdan sonra oranı tərk edən vaxt onlara beş ədəd qızıl sikkə də verilirdi!»

KİMYA ELMİ

Cabir ibni Həyyan İmam Sadiq (ə)-ın şagirdi və böyük elmi şəxsiyyətlərdən biri olmuşdur. O, kimya elmində fövqəladə məharət qazanmışdı. Maks Hof onun barəsində belə deyir: «Cabir bütün dünyada ərəb kimyasının atası sayılır. Onun yüz cildə yaxın kimya elminə dair kitabı hələ də əllərdədir və həmin kitabların müasir kimyaya nüfuzu çox güclüdür».

Mərhum Əllamə Seyyid Şəhristani yazırdı: «Mən Cabirin qədim xəttlə yazılmış 50 cild kitabını görmüşəm. O, bu kitablarda hər hansı bir elmi mövzu barədə fikir söyləməzdən əvvəl, onları İmam Sadiqə (ə) nisbət verir. Cabirin kitablarından 500 cildi çap edilib. Bundan daha çox sayda Berlin və Paris kitabxanalarında yəqin ki, hələ də qalmaqdadır».

Avropa alimləri ona «hikmət ustadı» ləqəbini veriblər və adını daim əzəmətlə yad edirlər. Onlar etiraf edirlər ki, indiyədək kəşf olunan elementlərdən on doqquzunu vaxtilə Cabir kəşf etmişdir. Cabir özü belə deyirdi: «Bütün bu elementlər öz mənşəyini maddənin tərkibindəki güclü elektrik sahəsinə malik olan çox xırda, müşahidə olunmayan zərrəcikdən alırlar.»

Cabir qəribə bir şəkildə atomun ətrafında fırlanan elektron haqqında məlumat verir!

Doktor Qustav Loben yazır: «Müsəlmanlar bu gün də lazımlı olan bir çox maddələri kəşf etmişdilər. Təəssüflər olsun ki, müsəlman alimlərinin çoxlu qiymətli əsərləri məhv olub aradan getmişdir. Mövcud olan kitablarda onların əldə etdiyi kimyəvi tərkibləri nəzərdən keçirdikdə, bu sahədə hansı böyük müvəffəqiyyətlər qazandıqlarını aydın dərk etmək olur.

Rənglərin düzəlməsi, filizlərin çıxarılması, polad istehsalı və dabbağçılıqdakı məharətləri sübut edir ki, onlar sənətkarlıq sahəsində də kimya elmindən istifadə edirmişlər.

İndiki kimya kitablarında Lavuazye bu elmin banisi adlandırılır. Bu tamamilə yanlış bir fikirdir. Halbuki min illik tarixə malik olan İslam kimyaşünaslığı mövcud olmuş və müəyyən inkişaf səviyyəsinə yüksələ bilmişdi».

Corc Zeydan yazır: Şübhə etmək olmaz ki, müsəlmanlar öz təcrübə və tədqiqatları ilə yeni kimya elminin əsasını qoymuşlar. Onlar bir çox kimyəvi tərkibləri kəşf etmişlər. Yeni kəşflər də məhz həmin kəşflərdən faydalanmaqla müasir vəziyyətə gəlib çıxa bilmişdir. Bundan əlavə, müsəlman kimyaçıları elə şeylər kəşf ediblər ki, onlar bizə yalnız ümumiləşdirilmiş formada gəlib çatıb. Amma, onların necəliyi barəsində hələ də dəqiq məlumatımız yoxdur».

Doktor Hof, Razi haqqında belə yazır: Onun «Kimya sənəti» kitabı son zamanlarda bir hind şahzadəsinin kitabxanasından tapılmışdı. Razi bu kitabda müxtəlif maddələrin təsnifatını vermiş və onların hər birinin xassələrini dəqiqliklə göstərmişdir».

Vill Dorant yazır: «Kimyanın elm kimi formalaşması müsəlmanların təşəbbüslərinə bağlıdır. Çünki onlar dəqiq elmi müşahidələr və təcrübələr apararaq, bu elmin təşəkkül tapmasında müstəsna rol oynamışlar. Müsəlmanlar bir çox maddələri tərkib hissələrə bölə bilmiş, daşların təsnifatını tərtib etmişlər. Turşu və qələvilərin xassələrini aydınlaşdırmış, onların rolunu dəqiq müəyyənləşdirə bilmiş və yüzlərlə yeni tibbi dərmanlar aşkar etmişlər. Dəmirin qızıla çevrilməsi ideyasından əl çəkib, həqiqi kimyanın məsələlərilə dərindən məşğul olmuşlar. İslam alimlərinin, müəllifləri bəlli olmayan kimyaya dair çoxlu kitabları latıncaya tərcümə edilib və həmin əsərlər Avropada bu elmin inkişafında vəsfolunmaz təsir göstərmişdir».

SƏNAYE

Abbasi xəlifəsi Harunun dövründə icad olunan ilk saat böyük sənət nümunəsi sayılırdı. Müsəlmanlar tərəfindən ixtira edilən bu saatı Harun hədiyyə kimi Fransa kralına göndərmişdi. Doktor Qustav Loben bu barədə belə deyir: «Harun Ər-Rəşid Fransa kralı üçün çoxlu hədiyyələr göndərmişdi. Onlardan ən mühümü vaxtı göstərən bir saat idi. Hər saat tamam olduqda o, zəng vururdu. Fransa kralı və onun əyanları bundan mat-məəttəl olmuşdular. Sarayda heç kim bu saatın «sirrini» başa düşə bilmirdi».

Doktor Loben sözünə davam edir: «Ərəblər Əndəlosdan (indiki İspaniya) çıxarıldıqdan sonra bu diyar tənəzzülə uğradı. Tarixdə belə bir qısa müddətdə bu cür şiddətli tənəzzülə düçar olan ikinci ölkə görünməyib. Elm, sənət, əkinçilik xülasə bütün sahələrdə mövcud olan tərəqqi az bir zamanda məhv olub getdi. 400 min əhalisi olan Madriddə 200 mindən də az adam qalmışdı. Şəhərlərdəki emalatxanalar yavaş-yavaş dağılmağa başladı».

Həmin fransız alimi qeyd edir ki, ilk dəfə pambıqdan kağız istehsal etməyi öyrənənlər müsəlmanlardır. O, deyir: «Orta əsrlərdə uzun müddət avropalılar dəri üzərində yazı yazırdılar. Bu da çox baha başa gəldiyindən kitabların böyük həcmlə nəşr olunmasında maneçilik törədirdi. Dəri o qədər az tapılırdı ki, yunan və rum rəhbərləri qədim kitabları yığıb, onlardakı yazıları pozaraq, əvəzinə xristian məzhəbi mətnlərini yazmağı əmr etmişdilər. Əgər müsəlmanlar kağızı icad etməsəydilər, rahiblər əllərində olan bütün qədim kitabları məhv edəcəkdilər. Müsəlmanların kağızı ixtira etməsi, doğrudan da elmə böyük töhfə idi.

Kasiri «Eskorial» kitabxanasında 1009-cu ildə kağız üzərində yazılmış bir kitab aşkara çıxarmışdı. Bu kitabdan məlum olurdu ki, ilk dəfə dəri əvəzinə kağızdan istifadə edənlər məhz müsəlmanlar olmuşlar. İpəkdən kağız ixtira edilməsini çinlilərə nisbət verənlər belə etiraf ediblər: «İpəkdən olan kağız Avropaya çatmamışdı. Çünki Avropada ipək yox idi. Müsəlmanlar birinci olaraq pambıqdan kağız istehsal edib, onu avropalılara tanıtdırdılar. Kağız üzərində yazılmış müsəlmanların çoxlu qədim kitabları mövcuddur. Onlar elə yüksək keyfiyyətli kağız əldə etmişdilər ki, hətta indinin özündə də belələrinə rast gəlmək olmur!»

RİYAZİYYAT

Baron Karra De Vu yazırdı:

«Müsəlmanlar müxtəlif elmlərdə böyük müvəffəqiyyətlər əldə etmişdilər. Onlar ədədlərin işlədilməsini xalqa öyrətmişdilər...

Onlar cəbri dəqiq elm səviyyəsinə qaldırdılar və onu inkişaf etdirdilər. Təhlili həndəsənin əsasını qoydular. Şübhə yoxdur ki, səthi üçbucaqlar və dairələri (triqonometriya) onlar kəşf etdilər. Xristian Qərbinin başı müharibə və çəkişmələrə qarışdığı vaxt, müsəlmanlar elmləri tədqiq edir və öz mənəviyyatlarının qorunmasına çalışırdılar».

Müsəlmanlar riyaziyyat, həndəsə və triqonometriya sahələrində çoxlu kəşflər etmişlər. Avropalılar onlardan bu elmlər barəsində çox şey öyrənmiş və hal-hazırda da həmin məlumatlardan istifadə edirlər. Avropalıların bu gün işlətdikləri riyazi terminlərin çoxunun ərəb mənşəli olması buna ən yaxşı sübutdur. Alqebra ərəbcə əl-cəbr deməkdir. Fransız dilində hesab rəqəmlərinə «ərəb rəqəmləri» deyilir.

Müsəlman riyaziyyatçılarının keçmişdə etdiyi mühüm kəşflər hələ də diqqət mərkəzindədir. Onlar səma cisimlərinin hərəkətlərini öyrənmək və hesablamaq üçün nəzərdə tutulan «üstürlab» rəsəd alətini kəşf etmişlər. Triqonometriya və onun terminləri də müsəlman riyaziyyatçılarının kəşfləri nəticəsində meydana çıxıb. Bir ingilis tarixçisi yazırdı ki, biz avropalılar riyaziyyat elmlərinin hamısını məhz müsəlmanlardan öyrənmişik.

COĞRAFİYA

Məşhur fransız tarixçisi Doktor Qustav Loben yazır:

«Müsəlmanlar gəmiçilikdə həmişə mahir olmuşlar və çox uzaq məsafələrə səfərlər etmişlər. Onlar Çin və Afrikanın ucqar bölgələri ilə ticarət əlaqələri saxlayırdılar. Həmin dövrlərdə bu məntəqələr avropalılar üçün əlçatmaz yerlər sayılırdı. Süleyman adlı səyyah öz «Səfərnaməsini» çap etdirmiş və bu kitab Avropada da nəşr olunmuşdur.

İbni Hoqəl böyük müsəlman coğrafiyaşünasıdır. O, öz kitabında belə yazırdı: «Mən bu kitabda Yerin eni və uzunluğunu göstərmişəm. Bütün İslam ölkələri və onların sərhədləri barəsində məlumat vermişəm. Hər ölkənin şəhərləri, qəsəbələri, çayları, gölləri, məhsulları, əkinçiliyi və yolları haqqında olan məlumatları gətirmişəm. Ölkələrin arasındakı məsafələr, oradakı ticarət məhsulları, xülasə coğrafiya elmi üçün lazım olan bütün məlumatlar haqqında şərhləri bu kitabda tapmaq olar».

Fransız tarixçisi daha sonra Əbu Reyhan Biruni, Əbul Həsən və başqa müsəlman coğrafiyaşünaslarının adını çəkərək belə qeyd edir: «Müsəlmanlar coğrafiya elmində çox inkişaf etmişdilər. Bunun da səbəbi onların səyyahlıqda bacarıqlı olmaları, astronomiya elmilə yaxından tanış olmaları idi».

SƏNƏTKARLIQ

Doktor Loben yazır: «Müsəlmanların keçmişdən qalan məscidlərinə, mədrəsələrinə, mehmanxanalarına və digər tikililərinə baxanda başa düşürük ki, İslamda din və mədəniyyət bir-biri ilə elə qaynayıb-qarışıbdır ki, onların birini digərindən ayırmaq heç vaxt mümkün olmaz. Hər millətin zövq və bacarığını onun yaratdığı sənətkarlıq nümunələrindən anlamaq olar.

Müsəlmanların hal-hazırkı əsrə qədər qorunub saxlanılmış sənət nümunələri sübut edir ki, heç bir millət bu sahədə onlardan irəli gedə bilməmişdir. Qədim binaları və tikintiləri müşahidə etməklə müsəlmanların sənət aləmində necə böyük nailiyyətlər qazanmasını yaxşı dərk edə bilirik. Buna ən yaxşı nümunə olaraq, Kordova məscidini göstərmək olar. Gözəl memarlıq incisi olan bu məscidin inşasında o dövrün yeni və mütərəqqi tikinti üsullarından istifadə edilib.

Ağac, fil sümüyü və sədəf üzərində nəqqaşlıq sənətində müsəlmanlar fövqəladə ustalıq qazanmışdılar. Qədim məscidlərdə, yaraşıqlı darvazalarda, minbərlərdə, pəncərə və tavanlarda həmin gözəl nəqqaşlıq nümünələrini görmək olar. Hansı ki, bu gün müasir imkanlardan istifadə etməklə, bu kimi sənət əsərlərini düzəltmək çox çətindir.

Səlib yürüşləri zamanı İslam ölkələrindən gətirilmiş gözəl naxışlı sandıqlar və mücrülər indi də Avropadakı muzeylərdə sənət inciləri kimi qorunmaqdadır. Təəccüblüsü də budur ki, müsəlmanlar belə incə və nəfis işləri ən sadə və adi alətlərlə yaradırdılar. Bu da onların ustalığının çox yüksək səviyyədə olmasına ən yaxşı dəlildir. Hələ indiyədək Avropada belə nəqqaşlıq nümunələrinə rast gəlinməyib.

Saxsı qablar düzəltməkdə və dulusçuluqda da memarlıqda olduğu kimi müsəlmanlara çatan yox idi. 10-cu əsrin əvvəllərindən Əndəlosda müsəlmanlar kaşı istehsalına başladılar. Onlar orada emalatxanalar təsis edir və öz məhsullarını dünyanın hər yerinə ixrac edirdilər.

«Qırmızı sarayda» kaşı nümunələrinin misilsiz incilərini görmək olardı. İtalyanlar bu sənəti məhz müsəlmanlardan öyrənib, Avropada məşhurlaşmışdılar. Kaşı düzəltmək sənətinin ən böyük yadigarlarından biri «Qırmızı sarayda»kı məşhur güldan hesab edilir. Onun hündürlüyü 1,5 metrdir və naxışlarının gözəlliyi doğrudan da heyrətamizdir».

Doktor Maks Meyerhof deyir: «Müsəlmanların elmi potensialı get-gedə aşkar olur. Son illərin kəşfləri İslam elmləri tarixinə işıq salmışdır. Lakin bunlar hələ kifayət qədər həmin mədəniyyəti dünyaya tanıtdıra bilmir. Ümidvaram ki, gələcəkdə dünya xalqları İslamın dərin elm və mədəniyyətinin misilsiz nümunələrini öyrənib, onlardan daha çox faydalanacaq. Müsəlmanların elmləri orta əsrlər Avropasını qaranlıq gecədə parlayan Ay kimi işıqlandırmışdı və həmin elmlərin nurunu biz hələ də hiss etməkdəyik».

Avropa və Amerika tarixçilərinin bir çoxu Qərbdə elmin inkişafına müsəlmanların elmi məlumatlarının necə böyük təsir etdiyini etiraf edirlər.

Kembric universitetinin professorlarından olan Con Brend Trend belə deyirdi: «Avropanın böyük bir hissəsi maddi və mənəvi bədbəxtçiliklərə düçar olduğu zaman, İspaniya müsəlmanları mədəniyyət və iqtisadiyyatda çox böyük nailiyyətlər qazanmışdılar.

İspaniyalı müsəlmanlar sənaye, elm, ədəbiyyat və digər sahələrdə elə böyük tərəqqiyə çatmışdılar ki, istər-istəməz bu mədəniyyət başqa Avropa ölkələrinə nüfuz etməyə başlamışdı. Avropanın tanınmış alim və mütəfəkkirlərinin çoxu həmin mədəniyyətin təsiri altına düşmüşdülər. Buna görə də müsəlman İspaniyasını Avropa mədəniyyətinin bayraqdarı saymaq lazımdır».

İngilis alimi Çember yazır: «Etiraf etməliyik ki, müsəlmanlar öz insanlıq və səadət bəxş edən adət-ənənələri ilə bizim torpaqlara işıqlı bir mədəniyyət daxil etmişdilər. Avropanın tərəqqi və inkişafında bu böyük mədəniyətin oynadığı rolu təsəvvür etmək çox çətindir.

Əgər 711-ci ildə Tariq ibni Ziyadın başçılığı altında müsəlmanlar Cəbəlüt-Tariq boğazından Avropaya keçməsəydilər, biz indiki vəziyyətimizə heç vaxt nail ola bilməzdik».

İngilis alimi Buqold isə belə yazır:

«Bağdad və Əndəlosdakı İslam universitetlərində yəhudi və xristian tələbələrə xarici olduqlarına baxmayaraq, «xoş gəldin» deyirdilər və onları maddi cəhətdən dövlət xəzinəsindən təmin edirdilər. Onlara hörmətlə yanaşırdılar. Yüzlərlə avropalı cavan müsəlmanların bu alicənablığından istifadə edərək, həmin mərkəzlərdə təhsil alırdılar».

Məşhur Amerika tarixçisi Draber yazır:

«Müsəlman alimləri bir çox qədim və yeni elmlərdə mühüm məlumatlar əldə etmişdilər. Mexanika, hidravlika, dinamika, kimya və ümumi fizika sahələriində misilsiz göstəricilərə nail olmuşdular.

İslam universitetlərində fizika, kimya, astronomiyadan tutmuş əxlaq və fəlsəfəyə qədər bütün elmlər tədris edilirdi. Bəzi böyük universitetlərdə 6 minə qədər tələbə təhsil alırdı!»

Kordovada neçə kilometrlərlə uzanan daş döşəməli yollar var idi. Halbuki, Londan və Paris bundan 7 əsr sonra belə vəziyyətə nail ola bilmişdilər. Bütün müsəlman şəhərlərində saysız-hesabsız gözəl memarlıq əsərləri olan hamamlar mövcud olduğu halda, avropalılar hamamın nə olduğunu bilmirdilər!

Biz müsəlmanlar belə işıqlı və əzəmətli mədəniyyətin varisi olduğumuz halda, nə üçün bu gün hazırkı vəziyyətdə yaşayırıq? Dünya mədəniyyətində aparıcı məqamı hansı səbəblər üzündən əldən vermişik? Niyə bizim mədəniyyətimiz, elmlərimiz və siyasi qüdrətimiz zəifləyib? Nə üçün tərəqqimiz dayanıb? Niyə biz yerimizi qərblilərlə dəyişmişik? Nə üçün elm və sənayedə biz onlardan asılı olmuşuq, onların isə bizə ehtiyacı yoxdur?

Tarix göstərir ki, müsəlmanlar öz səmavi təlimlərinin ruhundan uzaq düşən kimi, zəlillik və bədbəxtliklərə düçar olurlar. Keçmişdə əzəmətli dövrünü yaşayan müsəlmanlar öz dinlərinə və mədəniyyətlərinə bizdən daha artıq bağlı idilər. Dini dəyərlərin əvvəlki zamanlardakı kimi qiymətləndirilməməsi elm və fikir, maddi və mənəvi həyat arasındakı tarazlığı pozub, İslam ölkələrində çəkişmələr və müharibələrə səbəb oldu. Nəticədə iqtisadi gerilik, elm və mədəniyyətin tənəzzülü müsəlmanların başının üstünü aldı. Bundan istifadə edən Qərb millətləri öz mədəniyyətlərini və həyat tərzlərini dünyada sürətlə yaymağa başladılar. Müsəlman ölkələrinin bir çoxu qərblilərin təsiri altına düşüb, hətta bəziləri öz siyasi və iqtisadi müstəqilliklərini də itirdilər.

Müsəlmanların əxlaqi səciyyələri də dəyişdi. Səmimiyyət, düzgün əməl, səadət və iman kimi keyfiyyətlər başqa şeylərlə əvəz olundu. Bu sərhədlər pozulduqdan sonra müsəlmanlar öz dinləri ilə vidalaşdılar. İslamın müqəddəs prinsiplərini tərk edənlər isə hökmən bədbəxtlik və cəhalətə düçar olurlar. Əgər müsəlmanlar həqiqi İslamdan uzaq düşməsəydilər, onların əzəmətli vəhdəti heç vaxt pozulmazdı və bu din bütün dünyanı fəth edərdi.

«Müqəddəs Yelena» adasında Napoleon ilə birgə sürgündə olmuş onun yaxın adamlarından sayılan Lakas deyirdi: «Napoleon Misirdə olduğu vaxt öz təəccübünü ifadə edərək deyirdi: İslam peyğəmbəri və başqa müsəlmanlar necə olub ki, asanlıqla bu qədər ölkələri fəth edə biliblər? Lakas belə davam edir: «Həmin amil Napoleonun İslama meylini gücləndirmişdi. O vaxtlar imperator izhar edirdi: «Mən İslam dinini seçəcəyəm». Hal-hazırda İslam qanunları ictimai və siyasi səhnədən, hətta müsəlmanların həyat tərzindən kənarda qalıb. Qeyri-islami qanunlarla yaşayan cəmiyyət isə əslində İslam cəmiyyəti deyildir. Müsəlmanlar yaşadığı bir çox ölkələrdə İslami əxlaq və təfəkkür tərzi demək olar ki, tamamilə aradan getmək üzrədir. Ona görə də mədəniyyətimizin tənəzzülü bəzi müsəlmanların günahı ucbatındandır və bu işdə İslam dininin heç bir günahı yoxdur.

Müsəlmanlar bu günkü dünyada layiqli yer tutmaqdan ötrü vəziyyəti düzgün qiymətləndirib, öz imkanlarından əlverişli şəkildə istifadə etməlidirlər. Geriliyi aradan qaldırmaq üçün öz dini köklərinə qayıdıb, maddiyyatla mənəviyyatı tarazlaşdırmağa çalışmalıdırlar. Başqa sözlə desək, müsəlmanlar qiymətli İslam təlimlərinə müraciət etməyincə, əvvəlki əzəmət və qüdrətlərini heç vaxt əldə edə bilməzlər. Müsəlmanlar dünya və axirətə şamil olan həqiqi İslama qayıtmayınca, dini əqidələrini möhkəmləndirməyincə və Allahla sarsılmaz rabitəni bərpa etməyincə, səadət və xoşbəxtliyə yetişməyəcəklər.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Aclığın dəyəri nədir?!
BӘDBӘXTLIKLӘR XOŞBӘXTLIKLӘRIN ANASIDIR
Islami rəvayətlərdə bayram günləri
ÖVLIYALAR ÜÇÜN BӘLA
FӘLSӘFI BӘDBINLIK
İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)

 
user comment