Azəri
Friday 26th of April 2024
0
نفر 0

Quranda təkamül nəzəriyyəsi haqqında yekun söz

 

Müasir elmi dairələrdə elmi nəzəriyyələr əvəz oluna biləcək versiyalar şəklində qəbul olunur. Başqa sözlə desək, elmi nəzəriyyələr faydalı fikirlər kimi qəbul olunur və onu əvəz edə biləcək yeni və dəqiq bir nəzəriyyə irəli sürülənədək öz elmi dəyərini itirmir. Təkamül nəzəriyyəsi qəti olaraq isbat olunmasa da o hal-hazırda elmi ictimaiyyət tərəfindən (təcrübi elmlər nəzərdə tutulur) məqbul nəzəriyyə kimi dəyərləndirilir. Eləcə də “Növlərin dəyişməzliyi” nəzəriyyəsi bir ehtimal olaraq irəli sürülmüşdür. Gördüyünüz kimi Quran ayələri hər iki nəzəriyyənin xeyrinə şərh oluna bilər. İki nəzəriyyədən birini tam təsdiq edən aydın bir ayə mövcud deyil. Belə olduqda təbii ki, heç bir nəzəriyyəni qəti olaraq Qurana aid etmək olmaz.

Qeydlər:

1. Quranın hər hansısa bir nəzəriyyəni isbat və ya rədd etməsi bir zərurət deyil. Çünki Quran hidayət kitabıdır və onun elmi məsələlərə toxunması da hidayət məqsədi daşıyır.

2. Təkamül nəzəriyyəsini qəbul və ya inkar etməkdə dinə etiqad heç bir rol oynamır. Yəni Təkamül nəzəriyyəsini qəbul etməyib dinə etiqad bəsləmək mümkün olduğu kimi, eyni nəzəriyyəni qəbul edərək dinə etiqad bəsləmək də mümkündür. Bəzi etiqadlı təbiblər bu yolu getmişlər.

3. Təkamül nəzəriyyəsini qəbul etmək və onu Quran ayələrinə tətbiq etmək heç də Quranın elmi möcüzəsi deyil. Çünki bir tərəfdən istinad olunan ayələr haqqında fərqli ehtimallar, müxtəlif şərhlər mövcuddur, digər tərəfdən isə növlərin (üzvi aləmin) mərhələli təkamülünün (birhüceyrəlidən insana qədər) ayələrə tətbiqi dəqiq deyil (Nur surəsinin 45-ci ayəsi haqqında danışarkən bunun şahidi olduq).

Bitki və əşyaların cütlüyü (erkək və dişi cinsi hüceyrələrə- qametlərə malik olması)

Cütlükdən məqsəd erkək və dişidən (bitkilərdə erkəkcik və dişicik) ibarət olmaqdır. Quran bir çox ayələrə nəinki bitkilərin, hətta bütün əşyaların cüt olduğuna (yəni erkək və dişi cinslərindən ibarət olmasına) işarələr vurur.

وَمِن كُلِّ الثَّمَرَاتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ اثْنَيْنِ يُغْشِي اللَّيْلَ النَّهَارَ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

“Bütün meyvələrdən (erkək-dişi olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!”

“Məgər onlar yer üzünə baxıb orada gözəl cütlər yetişdirdiyimizi görmürlərmi?”

“Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)”.

“Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!”

“Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən zövcəsini (Həvvanı) yaradan Odur”.

Məqamlar:

1. Fikrimizcə yuxarıdakı ayələri aşağıdakı şəkildə sıralamaq olar.

Bəzən Quran meyvələrin cütlüyündən, növbəti mərhələdə isə bitkilərin cütlüyündən söhbət açır. Sonra insanların bilmədiyi şeylərin cütlüyündən, daha sonra isə dünyada mövcud olan bütün əşyaların cütlüyündən danışır.

2. Bütün bunlardan məqsəd diqqəti ilahi nişanələrə yönəltmək və insanı düşünməyə vadar etməkdir.

“Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!” (Rəd, 3)

“Bəlkə, bir düşünüb ibrət alasınız!” (Şüəra, 7)

3. “زوج” [zəvc] sözü leksik baxımdan aşağıdakı mənaları ifadə edir:

1. Heyvanlarda erkək və dişi cinsin hər birinə “زوج” [zəvc] deyilir.

2. Qeyri-heyvanlarda biri-birinə yaxın olan hər bir şeyə (ayaqqabı tayı və s.) “زوج” [zəvc] deyilir.

3. Biri-birinə yaxın və oxşar olan hər bir şeyə “زوج” [zəvc] deyilir.

4. Biri-birinə yaxın və zidd olan hər bir şeyə “زوج” [zəvc] deyilir.

Qısa tarix

İnsanlar tarix boyu erkək və dişi cinsinin yalnız insan, heyvan və xurma kimi bəzi bitkilərə aid olduğunu düşünürdülər. Lakin İsveç botaniki Karl Linney (1707-1727) 1731-ci ildə bitkilərin də erkək və dişi cinslər üzrə bölündükləri haqqında fikrini açıqladı. Bu nəzəriyyə elmi ictimaiyyət tərəfindən müsbət qarşılandı.

Sonralar kəşf olundu ki, maddə son dərəcə kiçik zərrəciklər şəklində olan enerji yığınından, yəni atomdan təşkil olunmuşdur. Çox keçmədən cütlük məsələsi hər şeyə aid edildi. Çünki artıq varlıqların əsasını təşkil edən atomun (mənfi yüklü) elektron və (müsbət yüklü) protonlardan ibarət olduğu aşkarlanmışdı.

“XX əsrin görkəmli fiziki Maks Plank “hər maddi cisim elektron və protonolardan ibarətdir” deyə bildirirdi. Zaman keçdikcə atomda neytron adlanan üçüncü elmentar zərrəcik aşkar olundu. Neytron neytral (elektrik yükünə malik olmayan) elementar zərrəciklər.

Son fiziklər kvark adlanan digər əsaslı zərrəcik kəşf etmişlər. Elektron, proton və neytron kvarkdan təşkil olunmuş və onlarda müsbət, mənfi və neytral elektrik yüklərinin meydana gəlməsini təmin edir.

Elmi sirlər

Bir çox təfsirçilər və elm adamları nəinki bitkilərin, hətta bütün şeylərin (erkəkcik və dişicik olmaqla) cüt olmaları ilə bağlı qeyd olunan ayələrə əsaslanmışlar. Aşağıda belə fikirlərdən bir neçəsini diqqətinizə çatdırırıq.

1. Mərhum Təbərsi təqribən 9 əsr bundan öncə Quran ayələrini əsas götürərək (“Məcmə əl-bəyan” təfsir əsərində) bitkilərin, heyvanların, hətta əşyaların (erkək və dişi olmaqla) cüt-cüt yaradıldıqları fikrini önə çəkir və qəbul edir.

Ayətullah Məkarim Şirazi Yasin surəsinin 36-cı ayəsini şərh edərkən yazır:

“Aydındır ki, “ازواج” [əzvac] sözü “زوج” [zəvc] sözünün cəm formasıdır və adətən erkək və dişi cinslərin cütlüyünə deyilir. Sonradan bu söz daha geniş mənada, bir-birinə yaxın olan və ya biri-digərinin əksi olan hər bir varlıq haqqında işlənməyə başladı. Quran nazil olduğu dönəmdə yalnız xurma və s. bəzi bitkilərin (erkək və dişi olmaqla) cüt olduqları məlum idi. Lakin Quran bu qanunun hər bir şeyi əhatə etdiyini aşkara çıxartdı. Son dövrlərdə cütlük məsələsinin ümumilikdə bütün bitkiləri (nəbatat aləmini) əhatə etdiyi elmi yollarla sübuta yetirilmişdir”.

Zariyat surəsinin 49-cu ayəsini şərh edərkən “زوج” [zəvc] sözünü növ və ya digər mənalara yozanlara cavab olaraq yazır:

“Ərəb dilində “زوج” [zəvc] sözü adətən erkək və dişi cinslərə deyilir. Bu baxımdan nəbatat və ya heyvanat aləmi arasında fərq qoyulmur. Əgər həmin ifadəni daha geniş mənada götürsək bütün mənfi, müsbət yükləri əhatə edir. Əgər yuxarıdakı ayədə “فی کل شیء” (hər bir şeydən) ifadəsinə nəzər salsaq, bunun nəinki canlı varlıqlara, hətta dünyada mənfi və müsbət yüklü zərrəciklərdən ibarət hər şeyə aid olduğunu görərik. Artıq elmi baxımdan atomların müxtəlif zərrəciklərdən ibarət olduğu isbat olunmuşdur. Bu zərrəcikləri mənfi elektrik yüklü elektronlar və müsbət elektrik yüklü protonlar təşkil edir. Ayədə sözügedən “شیء” [şey`] ifadəsini isə növ və ya fəsilə kimi başa düşməyə məcbur deyilik”.

3. Əllamə Təbatəbai “Quranın ecazkarlığı” kitabının ön sözündə yazır:

“Dünya cəhalətə qərq olduğu bir dönəmdə Quran on ayədə bitkilərin cütlüyündən söhbət açır və bildirir ki, bitkilər cüt yaradılmışlar (Rəd, 3; Şüəra, 7 və s.).

4. Bəzi yazıçılar Yasin surəsinin 36-cı ayəsindən belə nəticə alırlar:

“Tam aydındır ki, ayə bitkilərin (erkəkcik və dişicik olmaqla) cütlüyünə aiddir. Bundan başqa, ayə bizim bilmədiyimiz şeylərin də cüt-cüt yaradıldığını bildirir. Buradan ayənin mənfi və müsbət elektrik yüklərinə və s. aid olduğunu da söyləmək olar”.

5. Digər yazıçılar da məlum ayələrin nəinki bitkilərin, hətta atomun tərkibini təşkil edən elektron və protonları da əhatə etdiyini vurğulamışlar.

6. Əhməd Məhəmməd Süleyman da sual-cavab şəklində tənzimlədiyi kitabda Zariyat surəsinin 49-cu ayəsinə əsaslanaraq maddənin cütlüyü qənaətinə gəlmişdir.

7. Məhəmməd Əli Sadat atomun tərkibi haqqında ətraflı söhbət açaraq atom barəsindəki bəhslərin tarixi keçmişinə toxunur və Zariyat surəsinin 49-cu ayəsinə əsaslanır.

8. Müasir yazarlardan biri maddənin cütlüyündən (Puality of Matter) söhbət açarkən Zariyat, 49; Ər-Rəhman, 52 və Taha, 53 ayələrinə istinad edir.

9. Məhəmməd Təqi Şəriəti sözügedən ayələri Quranın ecazkarlığının nümunələri hesab edərək hər bir şeyin (erkək və dişi olmaqla) cüt-cüt yaradıldığını bildirir.

10. Əbd ər-Razzaq Nofel Əraf surəsinin 189-cu ayəsi haqqında yazır:

“Bu gün kəşf olunan məlum elmi həqiqət (bütün varlıqların eyni zərrəciklərdən ibarət olması) 1400 il öncə Quranda açıqca bildirilmişdir. “نفس واحده” [nəfsin vahidə] ifadəsindən məqsəd vahid elektrik yüklü (mənfi və müsbət olmaqla) elektron və protonlardır”.

O, “لیکسن الیها” ibarəsi haqqında yazır:

“Ayədə “نفس واحده”-in təskinliyinə səbəb kimi “زوج” [zəvc] göstərilmişdir. Bu gün elmdə sübuta yetirilmişdir ki, elektron və protonların stabilliyi onlarda mövcud olan elektrik yükünün bərabərliyi və ya fərqliliyindən asılıdır”.

11. Təntavi bitkilərin cütlüyü haqqında geniş söhbət açaraq bitki və heyvanları müxtəlif bölgülərini, onların cinslərini tədqiq etmişdir. Lakin bunların məlum ayə ilə (Zariyat, 49) heç bir bağlılığı yoxdur.

Yekun

Burada bir neçə məqama toxunmağı zəruri hesab edirik.

1. Əbd ər-Rəzzaq Nofelin Əraf surəsinin 189-cu ayəsini şərh edərkən irəli sürdüyü fikirlər iki cəhətdən tənqid oluna bilər.

Birincisi, “نفس” [nəfs] və “زوج” [zəvc] sözləri istər leksik, istərsə də terminoloji məna baxımından elektron və protonlar haqqında işlədilmir.

İkincisi, protonun elektrondan əmələ gəlməsi elmi baxımdan yanlışdır. Öncə də qeyd olunduğu elektron və proton hər biri adi U və D kvarklarından təşkil olunmuşdur.

Üçüncüsü, ayədəki ümumi vəziyyət və məsələnin qoyuluşu göstərir ki, onun açıqlaması ayəyə uyğun deyil. Çünki ayədə oxuyuruq:

“Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı (onunla oturub-durdu). (Həvva) ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: "Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq versən, (bu ne’mətə görə Sənə) şükür edənlərdən olarıq!" – dedi”.

Ayə qadının kişidən uşağa qalması (Həvvanın Adəmdən) və uşaq dünyaya gətirməsi haqqında danışır. Deməli, “نفس” [nəfs] və “زوج” [zəvc] sözlərindən də məqsəd elektron və proton deyil, kişi və qadındır.

2. Digər ayələr (Rəd, 3; Şüəra, 7; Yasin, 36) meyvə və bitkilərin cüt-cüt (erkəkcik və dişicik cinsi hüceyrələr şəklində) yaradıldığını bildirir. Öncə də qeyd etdiyimiz kimi, təbiətdə hakim olan bu qanun 18-ci əsrdə kəşf olunmuşdur. Ondan öncə isə cütlük məsələsinin yalnız xurmaya aid olduğu düşünülürdü. Deməli, bu bir növ elmi sirdir və Quranın ecazkarlığını göstərir.

3. Cütlük məsələsini ümumiləşdirilərək hər şeyə aid edilməsi Zariyat surəsinin 49-cu ayəsində açıqca göstərilir. Lakin bunun elektron və protonlar kimi izah olunması ayənin tam mənası demək deyil.

4. Zariyat surəsinin 49-cu ayəsində “زوجین” [zəvcəyn] sözünün real nümunələri tam dəqiqliyi ilə göstərilməmişdir. Lakin buna baxmayaraq, cütlük məsələsinin ümumiləşdirilərək hər bir şeyə aid edilməsi İslamın erkən çağlarında heç kimin təsəvvür belə etmədiyi elmi sirlərdəndir və elə ona görə də Quranın elmi möcüzələrindən sayılır.

5. Bəziləri varlıqların cütlüyünün ümumiləşdirilməsi bəzi birhecüyrəlilərin qarşı cinsə ehtiyac olmadan çoxalması ilə ziddiyyət təşkil etdiyini iddia edə bilərlər. Qeyd etməliyik ki, bu haqda növbəti bəhslərdə ətraflı söhbət açacaq və ziddiyyətin olmadığını aydınlaşdıracağıq.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment