Azəri
Friday 26th of April 2024
0
نفر 0

Böyük qeyb dövrünün bə’zi mühüm məsələlərinə bir baxış

İmam Mehdi (ə) tərəfindən fərman göndərilməsi ilə və dördüncü səfir dörd naibin sonuncusu olaraq dünyasını dəyişdikdən sonra on ikinci imamın böyük qeyb dövrü başladı. Kiçik qeyb dövrünün arxada qalması ilə şiə tarixinin yeni səhifəsi açıldı.

Əvvəlki fəsildə uyğun fərman haqqında danışdıq, onu nəzərdən keçirdik. Kitabın bu fəslində isə böyük qeyb dövrünün ən mühüm məsələlərini aşağıdakı dörd başlıq altında xülasə şəkildə nəzərdən keçirəcəyik:

1.Böyük qeyb dövründə şiə tarixi, inqilablar və şiə dövlətləri;

2.Bu əsrdə şiə alimlərinin ideoloji-siyasi mübarizələri;

3.Bu əsrdə dini və siyasi mərcəiyyət dövrləri;

4.Kiçik və böyük qeyb dövrlərində Mehdilik iddiaları.

 

BÖYÜK QEYB DÖVRÜNDƏ ŞİƏ TARİXİ, İNQİLABLAR VƏ ŞİƏ DÖVLƏTLƏRİ
Böyük qeyb dövründə şiə tarixini araşdırmazdan qabaq kiçik qeyb dövründəki şiə tarixinə nəzər salmaq münasib olardı.

Böyük qeyb dövründən qabaq hicri I-IV əsrlərdə şiəliyin vəziyyəti necə idi? Həzrət peyğəmbərin xilafət və canişinliyini, elmi və dini mərcəiyyəti həzrət Əli (ə) və onun on bir övladının haqqı bilənlərə imamiyyə şiəsi deyilir.

Həzrət Əli (ə) və onun tərəfdarları həzrət Peyğəmbərdən (s) sonra şuranın çıxardığı qərarlara e’tiraz etdilər. Amma İslam və müsəlmanların faydasını nəzərə alaraq, eləcə də, yetərincə qüvvəyə malik olmadıqlarından qanlı qiyama əl atmadılar. Qəti şəkildə demək olar ki, həzrət və onun ardıcılları həmin məqamda əksəriyyətin əqidəsinə təslim olmadılar.

Şiə əqidəsinə görə, cəmiyyət üçün ən əhəmiyyətlisi əsl İslam tə’limlərinin aydınlaşdırılmasıdır. İkinci yerdə həmin tə’limlərin cəmiyyətdə gerçəkləşməsi dayanır. Bu iki məqsədi yalnız mə’sum rəhbər yerinə yetirə bilər. Hökumətə mə’sum şəxs rəhbərlik etmədikdə o, zalım bir səltənətə çevrilir və pak dini maarif təhrif olunur.

İslam tarixi bu e’tiqadı sübuta yetirmiş və şiələr uyğun əqidələrində daha da möhkəmlənmişlər. Onlar İslamın qüdrətini hifz etmək məqsədi ilə aşkar müxalifətçilik göstərməmiş, başqaları ilə çiyin-çiyinə cihada getmiş və ümumi işlərdən kənarda qalmamışlar.

Hicri 35-ci ilin axırlarında, iyirmi beş il ardıcıl büdrəmələrdən sonra həzrət Əli (ə) rəhbərlik məqamına qalxdı və mənfəətpərəst müxaliflərlə savaşa başladı. Dörd il beş aydan sonra Xəvaric (xarici məzhəblər) həzrəti şəhadətə yetirdi və Müaviyə min bir hiyləgərliklə xilafətə hakim oldu. O, İslam hakimiyyətini irsi yolla ötürülən sultanlığa çevirdi və hakimiyyətdə olduğu iyirmi il ərzində şiəliyin kökünə balta çalmaq üçün əlindən gələni etdi.

İmam Həsən Müctəba (ə), Əlinin (ə) sadiq tərəfdarlarının şəhadəti, faciəli Kərbəla hadisəsi, bəni-Üməyyə sülaləsinin harınlığı şiəlik əqidəsini zaman keçdikcə möhkəmləndirdi. Seyyidüş-şühəda Hüseynin (ə) şəhadəti hətta İraq, Yəmən, İran kimi ucqar məntəqələrdə də şiəliyin yayılması ilə nəticələndi.

Ona görə də hicri I əsrin sonlarında bəni-Üməyyə hökuməti zəifləməyə başladı. Şiələr İslam məmləkətinin ətrafından sel tək axışıb imam Baqirin (ə) ətrafında toplanır v İslam maarifindən bəhrələnirdilər. Qum şəhərinin bünövrəsi qoyuldu və bu məntəqədə şiələr sakin oldu. Amma şiələr təqiyyə vəziyyətində yaşayırdılar. Bəni-Üməyyə hökumətinin təzyiqləri ələvi qiyamları ilə müşayiət olunurdu. Bu qiyamlar məğlubiyyətə uğrayır, ələvilər öz canlarını bu müqəddəs yolda qurban verirdilər.

Əhli-beyt şəhidlərinin qanı və dərin şiə təbliğatı bəni-Üməyyənin hakimiyyətdən getməsi və Abbasilərin hakimiyyəti oğurlamasına səbəb oldu. Abbasilər ilk günlərdə bəni-Üməyyəni qətlə yetirir, şiələrə məhəbbət göstərirdilər. Amma çox keçmədi ki, onlar da bəni-Üməyyənin azğın yolunu tutdular və harınlığa başladılar. Beləcə, Abbasilərin hakimiyyətə gəlməsi şiələrin vəziyyətini cüz’i də olsa dəyişmədi. Xalqın əqli elmlərə üz tutması, xəlifə Mə’munun Mö’təzilə məzhəbinə meydan verməsi şiə alimlərinin daha qızğın şəkildə öz məzhəbini təbliğ etməsinə səbəb oldu.

Vəliəhdliyin səkkizinci imama verilməsi ələviləri bir qədər sıxıntıdan çıxarsa da, abbasi xəlifəsi Mütəvəkkil qılıncını şiələrə qarşı çevirdi, hətta imam Hüseynin (ə) məzarı da onun əlindən amanda qalmadı.

 

BÖYÜK QEYB DÖVRÜNDƏ ŞİƏLƏR
Abbasilərin amansızlığı və ələvilərin ardıcıl qiyamları mövcud hakimiyyətin sütunlarını laxlatdı və şiə dövlətlərinin zühuru üçün şərait yarandı. Bu şərait şiə məzhəbinin azad təbliği üçün də münasib idi.

Hicri IV əsrdə Ərəbistan yarımadasının böyük şəhərlər istisna olmaqla əksər hissəsində şiələr sakin idi. Sünnə əhlinin mərkəzi sayılan Bəsrənin də əhəmiyyətli bir hissəsi şiələrdən ibarət idi. Trablosda, Nablosda, Təbəriyyədə, Hələbdə və Həratda şiələr çox idi. Əhvaz və Fars körfəzinin sahillərində şiələr məskunlaşmışdı.

Bağdad, Bəsrə və Nişabur kimi böyük şəhərlərdə tez-tez şiələr və sünnilər arasında çəkişmələr olardı.

Hicri 5-9-cu əsrlərdə şiəlik genişlənir və şiə dövlətləri iş başına gəlirdi. İranın mərkəz hissəsində yüz əlli ilə yaxın İsmailiyyə hakimiyyətdə oldu. Mər’əşi seyyidləri səkkizinci əsrin ortalarından doqquzuncu əsrin ortalarınadək Mazandarandan Qəzivinədək ərazilərdə hakim oldu. Monqol xanlarından olan sultan Məhəmməd Xudavəndi şiəliyi qəbul etmişdi. Ondan sonra sultanlar arasında şiəlik yayılmağa başladı. Əllamə Hilli və onun oğlunun nüfuzu sayəsində şiəliyin hüdudları daha da genişləndi, inqilabi əhli-beyt məktəbi formalaşmağa başladı.

Təbrizdə Qaraqoyunlu və Ağqoyunlu sultanları hakimlik etmiş, Fars və Kirmanadək məntəqələr onların hakimiyyəti altında olmuşdur.

Ali-Əyyub sultanlarının gəlişi ilə Misir və Şam şiələri dini azadlıqlarını itirmiş və bir çox şiələr qılıncdan keçirilmişdir. Şəhide-əvvəl adı ilə tanınmış Məhəmməd ibn Məkki Amili kimi şiə fəqihi hicri 786-cı ildə Dəməşqdə öldürülmüşdü. Şeyxe-İşraq (Şəhabəddin Söhrəvərdi) Hələbdə fəlsəfə ilə məşğul olduğu üçün günahlandırılaraq qətlə yetirilmişdir.

Bu beş əsr ərzində şiələrin vəziyyəti sultanların məzhəb və qüdrətindən asılı olmuşdur. Uyğun zaman kəsiyində heç bir məntəqədə şiə məzhəbi rəsmi məzhəb kimi e’lan olunmamışdır.

Hicri X əsrin başlanğıcında şiə məzhəbindən olan İsmail Səfəvi öz qiyamına Ərdəbildən başlamışdır. O bir çox döyüşlər apararaq parçalanmış İranı vahid dövlət şəklinə gətirmiş və şiə məzhəbini rəsmi hökumət məzhəbi e’lan etmişdir. On ikinci əsrin ortalarınadək səfəvilər şiə məzhəbini rəsmi məzhəb sayaraq hakim olmuşlar.

Şah Abbas Kəbir ölkənin sahəsini və cəmiyyətini indikindən iki dəfə artıq həddə çatdıra bilmişdir. Şiə məzhəbi hicri on dördüncü əsrədək İranda rəsmi məzhəb sayılmışdır. Hazırda Yəmən və İraq cəmiyyətinin əksəriyyətini şiələr təşkil edir. Əksər müsəlman ölkələrində şiələr məskunlaşmışdır. Dünyadakı müsəlmanların sayı çoxdan bir milyardı aşmışdır.

Hicri on beşinci əsrin əvvəllərində uzun-uzadı mübarizələrdən sonra mütərəqqi «vilayəte-fəqih» nəzəriyyəsi əsasında İranda şiə İslam hökuməti qurulmuşdur.

 

BÖYÜK QEYB DÖVRÜNDƏ ŞİƏ QİYAMLARI VƏ DÖVLƏTLƏRİ
Zülmə qarşı İslamda ilkin olaraq şiələr qiyam bayrağı qaldırmışdır. Şiə nəzəriyyələri daim inqilabi ruha malik olmuşdur. Şiələrin imamət məsələsinə dərin inancı olanların zalım hakimlər qarşısında mübariz mövqe tutması ilə müşayiət olunmuşdur. Şiə tarixi bu həqiqətin aşkar göstəricilərindəndir.

Şiə e’tiqadına görə, mə’sum imamın və onun naibinin rəhbərlik etmədiyi hakimiyyət qəsbkar və zalımdır. Bu səbəbdən də şiələr daim öz inqilabi hərəkatları ilə tarixi zənginləşdirmişlər.

Şiə mübarizləri və rəhbərləri zalım hakimlərdən heç zaman çəkinməmişlər. Onlar təqiyyə etməklə, sirr saxlamaqla ən çətin şəraitlərə dözmüş, sarsıdıcı tufanlar qarşısında diz çökməmişdilər.

Şiələrin siyasi mübarizələri mə’sum imamların dostlarının rəhbərliyi altında aşkar və gizli şəkildə davam etmişdir.

Əzəmətli şiə qiyamları xalq kütlələri və böyük şəxsiyyətlər tərəfindən himayə olunmuş, ona böyük din alimləri başçılıq etmişlər.

Şiə hərəkatları öz inqilabi təlaşlarını həzrət Peyğəmbərin vəfat etdiyi gündən başlamışdır.

Bu inqilabların bir çoxu İraqda və Hicazda baş vermişdir. Şiələr azğın xəlifələrə qarşı mübarizə səngərini heç vaxt boş buraxmamışlar.

Şiələr öz mübarizələrində məzhəbi qruplara yox, əzilən xalq kütlələrinə arxalanmışlar. Ona görə də onların əməvilərə və Abbasilərə qarşı qiyamları geniş xalq kütlələri tərəfindən rəğbətlə qarşılanmışdır. Əslində Əhli-beyt ardıcıllarının parlaq simasını yalnız şəhadət meydanlarında axtarmamalıyıq. Bu çöhrələr mədəniyyət inqilabları çərçivəsində də şö’lələnməkdədir. İdris ibn Həsən Müsənna məğrib məntəqəsini təbliğ vasitəsi ilə fəth etdi. Eləcə də, İndoneziya və İslam dünyasının uzaq şərqi təbliğ yolu ilə haqqı tapdı. Hicri beşinci əsrdə Hindistan xalqının böyük bir hissəsi yalnız iki şiənin təbliği ilə İslamı qəbul etdi. Hansı ki, Abbasilər üç yüz il müddətində əllərində qılınc qan tökməklə İslamı yaymağa çalışmışdılar.

İnqilabi şiə hərəkatları bütün dünyada hərəkat ruhu yaratdı. Bu hərəkatlar ardıcıl məğlubiyyətlərə uğradıqdan sonra, nəhayət, hicri dördüncü əsrdə əhəmiyyətli nəticələr qazandı. İslam dünyasında bir sıra inqilabi dövlətlər formalaşdı.

İnqilabi İdrisilər dövləti iki əsr, Ələvilər dövləti yarım əsr, Ali-Buyə dövləti bir əsrdən çox Fatimilər dövləti üç əsrədək yaşaya bildi. Eləcə də, Həmdanilər, Bəni-Mərdas, Bəni-Əmmar hicri dördüncü əsrin əvvəllərindən hicri altıncı əsrin əvvəllərinədək Şamat məntəqəsində hakimiyyətdə oldu və şiə dəyərləri təbliğ edildi.

Bu növ dövlətlər nəzəri baxımdan ideal tövhidi dövlətlə müqayisədə əməvi və Abbasilərin bir sıra səhvlərini təkrarlasalar da, onların əsas məqsədləri İslam nizamını qorumaq olmuşdu. Bu dövlətlər elm, ədəbiyyat sahəsində qiymətli xidmətlər göstərmiş, böyük İslam alimlərini himayə etmişdilər.

Ali-Buyə öz hakimiyyətində İslam mədəniyyəti və əhli-beyt tə’limlərinə əsaslanırdı.

Onlar başqa məzhəb nümayəndələri ilə yaxşı davranır, onlara qarşı mərhəmətsizlik göstərmirdilər. Bu xüsusiyyətlər əksər şiə dövlətlərinə aiddir. Hansı ki, qeyri-şiə dövlətlərində şiələr daim tə’qib olunur, bə’zən də qılıncdan keçirilirdilər.

Buna görə də şiə inqilabi dövlətləri əsri sayılan hicri IV əsr İslam mədəniyyətinin çiçəklənmə dövrü sayılmışdır. Bu yüksəlişin yeganə səbəbi şiə dövlətləri sayəsində yaranmış və elmi inkişafa aparan düşüncə azadlığı olmuşdur. Uyğun tərəqqinin ən böyük amili məhz hakim dövlətlərin tə’sisçilərinin uca idealları olmuşdur. İslam mədəniyyətini tənəzzülə uğradansa müxtəlif hakimlərin addım-addım İslami amallardan uzaqlaşması sayılmalıdır.

Rəhbərlər arasındakı ixtilaf, dövlət xadimlərinin inqilabi ideallardan uzaqlaşması nəticəsində İslam dünyası hicri VI-VII əsrlərdə Abbasilər dövlətinin süqutuna, siyasi hakimiyyətin bölüşdürülməsinə, kiçik dövlətlərin formalaşmasına, əbləhanə keməkeşlərin, qardaş qırğınlarının və rəqabətlərin şahidi oldu.

Hicri 489-cu ildə təşkilatlanmış səlib yürüşlərinin ilk dövrü başladı. Hansı ki, xilafət mərkəzində eyş-işrətdən başqa bir şey haqda düşünən yox idi. Belə bir şəraitdə Monqolların İslam dünyasına hücumu başladı. İslam hökuməti monqolların istilaları altında uçulub dağıldı.

İslamı bu istilalardan başıuca çıxaran siyasi hakimiyyətdə heç bir payı olmayan müsəlman alimlərin qalib monqolların qəlbinə yol tapıb, onları İslam qarşısında müt’iliyə sövq etmələri oldu. Əgər Bağdad əhlindən doqquz yüz min nəfəri qətlə yetirən monqol Hulaku xan imam Kazimin (ə) məqbərəsinin bərpası barədə göstəriş vermişdisə, bunun səbəbkarı Müəyyəd-din əl Qəmə və Xacə Nəsirəddin Tusi kimi şücaətli İslam alimləri olmuşdu. Hansı ki, bu insanlar olmazın böhtanlarına tuş gəldilər.

Xacə Nəsirəddinin məqsədi qırğınların və mə’nəvi dağıntıların qarşısını almaq idi. O, monqol təşkilatına nüfuz etməklə bir çox İslam alimlərinin həyatını xilas edə bildi. O, altmışdan çox əsər yazmaqla İslamın ən qatı düşmənlərini bu dinə və şiə məzhəbinin şüarlarına iman gətirməyə məcbur etdi. Nəticədə İslamın əyilmiş qəddi düzəldi, o vəhşi istilalara qalib gəldi. Bəli, elm və din keşikçilərinin məqamı o qədər yüksələ bilər ki, onlar hakimiyyət dairələrini öz nüfuzu altına alar və öz tədbirləri ilə mədəniyyət düşmənlərinə məscid və kitabxanalar tikdirərlər.

Monqollar İslam məmələkətlərinə gələrkən özləri ilə budda və məsihi dinlərini də gətirmişdilər. Çünki onlar öz siyasətlərini bu dinlərlə əlaqələndirmişdilər. Bütün müqavimətlər qırıldığı bir vaxtda İslam dünyasını hansı aqibət gözləyirdi?!

Amma şiə alimlərinin alovlandırıcı inqilabi qiyamları monqolların ayağı altında qalmış dini onların qəlbinə hakim etdi. İslama qənim kəsilmiş istilaçılar İslamın inkişafında vasitəyə çevrildi.

Hicri VIII və IX əsrlərdə İranın şimalı və şərqi bir sıra inqilabi hərəkatların şahidi oldu. Şiə nəzəriyyəsi üzərində qurulmuş səfəvilər dövləti bir çox zəifliklərinə baxmayaraq məzəhəbi şüarları canlandırırdı. Səfəvilərin hakimiyyəti altında olan sünnilər, məsihilər, yəhudilər və zərdüştilərlə müdara edilirdi.

Əkinçiliyin inkişafı nisbi də olsa xalqın rifah halının yaxşılaşması səfəvilər dövlətinin iqtisadi siyasətinə qarşı xalqda rəğbət oyadırdı. Səfəvilər dövründə elm və sənət inkişaf edir, eləcə də, İslami maarifin genişlənməsinə xidmət göstərirdi.

Hökumətin siyasi və idarəçilik sistemindəki dəyişikliklərin yaranması və alimlərin siyasi işlərə qatılması üçün münasib zəmin olması bu dövrün digər səciyyəvi xüsusiyyətlərindəndir. Şiəlik istiqlalı və şəxsiyyətinin geri qaytarılması, biganə qorxusundan qurtuluş və dinin varlığının kamil şəkildə hidayət edilməsi səbəbindən şiə alimləri səfəvi sultanlarının siyasi hakimiyyətini təsdiqlədilər.

Amma sonradan səfəvi hakimlərinin dünya zövqünə aldanması, daxili və xarici savaşlar bu dövləti tənəzzülə uğratdı, iki əsr yarımdan sonra səfəvilər dövlətinin mərkəzi İsfəhan əfqanların hücumu qarşısında diz çökdü. Belə bir şəraitdə İslami hərəkatların formalaşması labüd idi. İranın bir çox şəhər və kəndləri qiyam qaldırdı və cəsarətlə döyüş meydanına atıldı. Səfəvi başçıları ruhdan düşsələr də, xalq partizan müharibələri ilə fatehlərin qələbəsinə acı qatdı.

Zəndilər hökuməti Nadir şahı terror etdikdən sonra hərəkatlar üçün yaranmış şərait aradan getdi. Amma hicri 1164-cü ildə Kərim xan Zəndinin qələbəsi ilə məzhəbi dəyərlər canlanmağa başladı və ruhanilər Kərim xan hökuməti tərəfindən himayə edildi. Amma çox çəkmədi ki, Zəndilərlə qacarilər arasındakı rəqabət yenidən İranı savaş səhnəsinə çevirdi. Xalqın e’tiqadlarına və istəklərinə diqqətsizlik, eləcə də, qədim səlibçi düşmənlərin tamahkarlığı nəticəsində İran qərbin müstəmləkəsi olaraq süquta uğradı.

Qərbin İslam dünyasına siyasi, iqtisadi, mədəni və hərbi hücumları şərqin oyanışında əhəmiyyətli rol oynadı. Bu istilalar nəticəsində islami hərəkatlar sür’ətləndi, daxili istibdadlar problemləri bir az da üzə çıxardı və mübarizələrə xəlqilik verdi. Son əsrdə baş vermiş islami hərəkatlar arasındakı bağlılıq bu hərəkatları nəhayətdə vahid inqilabi oyanışa çevirmişdir. Əzəmətli oyanış və mübarizə dalğası İslam dünyasının çox böyük bir hissəsini əhatə etmişdir. Misir, Suriya, Livan, İran, Türkiyə, Əfqanıstan, Pakistan, Əlcəzair, Tunis, Mərakeş, Hicaz, İndoneziya, Hindistan və İran kimi ölkələrdə İslam prinsiplərinə əsaslanan yeni bir siyasi düşüncə yaranmışdır.

Bir çox İslam ölkələrində ruhaniyyətin xəlqiliyi onların üzərinə rəhbərlik məs’uliyyəti qoymuşdur. Bütün bu hərəkatların fövqündə imam Xomeyninin (r) İslami hərəkatı dayanır. Dünyada baş vermiş islami hərəkatların idealları məhz bu hərəkatda gerçəkləşmişdir.

 


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSLAMIN ZÜHURU
Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...
Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan ...
GƏNCLƏR VƏ ONLARIN SƏLAHIYYƏTLƏRI
TƏBUK MÜHARİBƏSİ
Riya və təkəbbür

 
user comment