Azəri
Friday 26th of April 2024
0
نفر 0

ALLAHA YAXINLIQ

ALLAHA YAXINLIQ

 Allaha yaxınlıq dedikdə, insanın son məqsədi nəzərdə tutulur. İnsan öz ixtiyari hərəkəti ilə bu məqama nail olmalıdır. Allah-təala zaman və məkanın yaradıcısı olduğundan, bu işdə insan üçün zaman və məkan məfhumu yoxdur. «Hədid» surəsinin 3-cü ayəsində buyrulur: «Əvvəl də, axır da, zahir də, batin də Odur». Bu surənin növbəti ayəsində oxuyuruq: «Siz haradasınız O sizinlədir». Bəqərə surəsinin 115-cu ayəsində bu fikir bir daha təsdiqlənir: «Hansı tərəfə üz tutsanız, üzünüz Allaha tərəfdir».
Əgər Allah üçün zaman və məkan yoxdursa, demək, Ona zaman və məkan baxımından yaxınlaşmaq mümkünsüzdür. Bəs yaxınlıq dedikdə, nə nəzərdə tutulur?
Sözsüz ki, Allah-təala bütün yaratdıqlarını əhatə edir. «Fussilət» surəsinin 54-ci ayəsində buyrulur: «Allah-təala hər şeyi əhatə edir. Bütün varlıq aləmi onun qüdrəti əhatəsində, Onun iradəsinə bağlıdır. Mövcud olan hər bir şey Ona aiddir. Buna görə də, O hər bir varlığa hər şeydən yaxındır». «Qaf» surəsinin 16-cı ayəsində buyrulur: «Biz ona şah damarından da yaxınıq». «Vaqiə» surəsinin 85-ci ayəsində bu yaxınlıq bir daha təsdiqlənir: «Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz».
Bu həqiqi bir yaxınlıqdır. Amma qazanılmış yaxınlıq deyil ki, insan üçün kamillik hesab olunsun. Bu yaxınlıqda insan kamilliyinin heç bir rolu yoxdur. İnsan kamilliyinə aid olan ilahi yaxınlıq imanın təkamülü yolu ilə əldə edilir. Bu yaxınlıq zamanı, insan ilahi lütfə qərq olur və onun bütün istəkləri yerinə yetir.
Belə bir məqama çatmış bəndə istəyinə nail olur. Ümumiyyətlə, cəmiyyətdə böyük bir şəxslə əlaqəsi olan adam haqqında «filankəsin yaxınıdır» ifadəsi işlədilir. İman baxımından yaxınlıq ifadəsinə Qur’ani-şərifdə də rast gəlmək olar: «Bunlar yaxın olanlardır.» Məqsədimiz, yaxınlıq sözünə münasib mə’na tapmaq yox, diqqəti insanlığın son məqsədinə yönəltməkdir.
İnsan üçün son kamillik hesab olunan və «Allaha yaxınlıq» adlanan həqiqət elə bir mərtəbədir ki, insanın zatı iste’dadları onun iradəsi ilə fəaliyyətə başlayır. Bu fəaliyyət şimşək tək iti ola bilər. İsa Məsihin beşikdə danışması, Əhli-beytdən olanların ana bətnində Allahı təsbih etməsi və səcdə halında doğulması buna bir nümunədir. Bu fəaliyyət orta və zəif də ola bilər. Bu iradi hərəkət nəticəsində əldə edilən kamillik, zamandan və məkandan, maddi və fiziki vəziyyətdən asılı deyildir. Bu işdə maddi vəziyyət hərəkət üçün lazım olan şəraitdə müəyyən rol oynasa da, ümumi fəaliyyət, insanın ruhuna və qəlbinə aiddir. İnsanın fiziki vəziyyəti, eləcə də, zaman və məkan dəyişmələri onun kamilləşməsi prosesinə yalnız köməkçi tə’sir göstərə bilər.
İnsanın həqiqi təkamülü ruhun Allaha tərəf elmi yaxınlaşmasından ibarətdir. Bu yolda insana nəsib olan elm və təcrübə onun mərtəbəsini yüksəldir və zatı cövhərini kamilləşdirir. İnsan özünü Allahdan ehtiyacsız bilib, ehtiyaclarını müstəqil şəkildə tə’min etməyə çalışdıqca, daha da nadanlaşır və Allahdan uzaq düşür. Əksinə, özünü Allahdan ehtiyaclı bilən insan, təkamül yolu keçib elə bir mərhələyə çatır ki, artıq özünü müstəqil varlıq kimi hiss etmir. Allahın sevimli bəndələrinin nail olduğu bu məqamda bəndə ilə mə’bud arasında heç bir hicab qalmır. Bəli,                                                                             Allaha həqiqi yaxınlıq odur ki, insan Allahla hər şeyə malik, Allahsız hər şeydən məhrum olduğunu anlayır.
YAXINLIQ YOLU
Bütün mövcudlar Allah-təalaya ehtiyaclıdırlar və mütləq istiqlala malik deyillər. «Muminun» surəsinin 62-ci ayəsində buyrulur: «Bu sizin Rəbbiniz, hər şeyin yaradanı olan Allahdır». «Fatir» surəsinin 15-ci ayəsində oxuyuruq: «Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir və hər cür tə’rifə layiqdir». «Qəsəs» surəsinin 88-ci ayəsindəki «Allahdan başqa hər şey məhvə məhkumdur» buyruğu bir daha göstərir ki, bütün mövcudların varlığı, yalnız bəndə və  mülk olmaqdan ibarətdir.
«Taha» surəsində oxuyuruq: «Bütün çöhrələr əzəli və əbədi Allaha təslim olub, zəlil bir görkəmə düşər».
«Məryəm» surəsinin 93-cü ayəsində belə buyrulur: «Göydəki və yerdəki məxluqlardan eləsi yoxdur ki, Allahın hüzuruna bir qul kimi gəlməsin».
Əslində mövcudlardan baş verən fəaliyyətlər onları vücudunun ali varlığa aidiyyatının nişanəsidir. «Ali-imran» surəsinin 83-cü ayəsində oxuyuruq: «Göylərdə və yerdə olanların hamısı istər-istəməz Ona təslimdir».
«Nəhl» surəsinin 49-cu ayəsində buyrulur: «Göylərdə və yerdə olan bütün canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər». «İsra» surəsinin 44-cü ayəsində uyğun mövzu bir daha təsdiqlənir: «Elə bir şey yoxdur ki, Allaha tə’rif deyib, Ona şükr etməsin, lakin siz onların təqdisini anlamazsınız».
İnsan da bu ümumi qanunauyğunluqdan istisna deyildir. Lakin o özünü müstəqil zənn edib, öz bəndəliyini sezmir. Ona elə gəlir ki, bütün mövcudlar müstəqildir. Hətta öz tə’sir dairəsini genişləndirib, qüdrətlənmək fikrinə də düşür. Sanki bununla öz müstəqilliyini möhkəmləndirmək istəyir. Onda fitrətən ehtiyaclı olduğunu xatırladan duyğu olsa da, dünyəvi və heyvani istəklər bu duyğuya qalib gələrək, onun dərk olunmasına maneçilik törədir.
Əqli yetkinliyə çatmış insan, öz vücudunun möhtaclığını anlamaq qüvvəsinə malikdir. O, dünyanın yaradıcısı haqqında düşünsə, getdikcə daha çox dəlillər toplayıb, elmə yiyələnə bilər. Lakin hisslər, meyllər fitri mə’rifətin zühuru üçün daimi bir maneədir. Amma insan həmin meyillərin tüğyanının qarşısını almaq qərarına gəlsə, ruhunda Allahına doğru bir yol açılar. Allaha yönəlmiş diqqət gücləndikcə, fitri mə’rifət də güclənər və insan Allaha daha da yaxınlaşar.
Məhz bu zaman insanın kamilləşmə fəaliyyəti həqiqi və fitri məqsədə doğru üz tutur. İnsan azad iradə və seçimlə Allahla əlaqə yaratmaq üçün sə’y göstərir, eləcə də, öz möhtaclığını və acizliyini e’tiraf edir. Məhz bu zaman insan özünə və başqalarına məxsus hesab etdiyi hakimiyyəti həqiqi sahibinə qaytararaq, Allahın əzəmət ridasını Ona təqdim edir. «Əhzab» surəsində buyrulduğu kimi «sitəmkar və nadan olan insan» xalis bəndəlik məqamına ucalanadək, nadanlığını davam etdirir.
Deyə bilərik ki, insan kamilliyinin zirvəsi xalis bəndəlik və zatən möhtaclığın e’tirafıdır. Kamilliyə çatmağın yolu isə, bəndəlik etməklə Allahın razılığına çalışmaqdır. Yə’ni Allahın istəyini öz istəyi bilmək! «O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edir» .
Demək, əsl təkamül yolu Allaha bəndəlik və möhtaclığın e’tirafıdır. «Mənə pərəstiş edin, budur doğru yol!» .
O fəaliyyəti Allaha yaxınlıq yolunda fəaliyyət hesab etmək olar ki, bəndəlik rənginə malik olmuş olsun. Allaha ibadətdən savayı heç bir iş insanı həqiqi kamilliyə apara bilməz.
İBADƏTIN HƏQIQƏTI
İbadət müxtəlif mə’na və əlaqələrə malik olub, genişlik baxımından bir-birindən fərqlənir:
1. İbadət, Allah qarşısında kiçilməklə icra olunan bir əməldir və zatən, Allahdan qeyrisi ilə bağlılığı yoxdur. Məsələn, namaz, oruc, həcc və s.
2. İbadət, Allaha yaxınlaşmaq məqsədi ilə icra olunan əməldir. Onun ilk ünvanı bəndələr da ola bilər. Məsələn, xüms, zəkat, cihad və s.
3. İbadət, düzgünlüyü Allaha yaxınlaşmaq məqsədindən olmasa da, Ona yaxınlaşma üçün icra olunan əməldir. Əgər insan istənilən bir halal işi Allahın razılığını qazanmaq üçün icra edərsə, bu iş ibadət hesab olunar.
4. İbadət, itaətini müstəqil şəkildə vacib bildiyin varlığa itaət etməkdir. Bu işdə pərəstiş məqsədi olmasa da, onu ibadət hesab etmək olar.
Mümkündür ki, ibadət sözünü lüğətlərə əsasən araşdırsaq, onun müxtəlif mə’naları ilə qarşılaşaq və bu mə’naların biri o birindən daha dolğun görünsün. Amma bu kitabda bizim məqsədimiz, ayrı-ayrı kəlmələrin lüğət mə’naları ətrafında geniş müzakirə açmaq deyil. İbadətin Allaha yaxınlaşma yolu olduğunu deyərkən nəqli yox, əqli dəlillərdən nəticə çıxarmışıq.
Artıq sübuta yetmiş, istifadə edə biləcəyimiz mətləblər aşağıdakılardır:
1. İnsan, öz ixtiyari hərəkəti ilə kamilliyə yetişməli olan bir mövcuddur. Onun əsl hədəfə çatması, azad və agah seçimindən asılıdır.
2. Onun ixtiyarında olan təbii və fitri qüvvələr, kamilliyə çatmaq üçün istifadə etməli olduğu vasitələrdir. Bu vasitələrin heç biri yararsız və artıq deyil.
3. İnsanın əsl hədəfi Allaha yaxınlıqdır və yaxınlığın həqiqəti Allah ilə vücudi əlaqədən ibarətdir.
4. Belə bir məqsədə doğru hərəkət, insan ruhundan baş qaldıran batini bir hərəkətdir. Bu hərəkətin maddiyyatla heç bir əlaqəsi yoxdur.
Öncə dediklərimizdən aşağıdakı nəticələri alırıq: Əvvəla, insanın kamilləşməsi, onun yalnız müsbət fəaliyyətlərindən asılıdır. Bütlərə ibadəti, zalıma itaəti tərk etmək Allaha yaxınlaşma yolu hesab olunmur. Çünki mənfini tərk etmək yaxşı iş hesab olunsa da, müsbətə bərabər deyil.
İkincisi, hər bir fəaliyyət o zaman təkamül istiqamətində yönəlir ki, son məqsədlə müsbət əlaqədə olsun.
Üçüncüsü, belə bir rabitəni bilavasitə qəlb, ruh, mə’nəviyyat dairəsində axtarmaq olar. Ona görə də, əsl ibadət azad və agah şəkildə, fitri istəyə çatmaq üçün icra olunan fəaliyyətdir.
Dördüncüsü, insanın digər fəaliyyətləri uyğun qəlb fəaliyyətinə bağlı olmaqla, təkamül yoluna yönəlməlidir. Bu istiqamətdən kənara yönəlmiş qüvvələr, əsl məqsədə müxalifdir və onların dayandırılması zəruridir. Digər bir tərəfdən, hər hansı dayandırılmış qüvvə insan üçün itkidir. Demək yeganə doğru yol, bütün qüvvələri təkamül istiqamətinə yönəldib, onlara ibadət rəngi verməkdir. Belə olsa, heç bir qüvvə hədər getməz və insanın ixtiyar dairəsi Allahın istədiyi genişliyə çatar.
Bir qrup insan bu qənaətdədir ki, təkamül insan qəlbindən Allaha istiqamətləndiyi üçün bütün həyat fəaliyyətlərindən üz döndərib, bütün insanlarla əlaqəni kəsmək və xəlvət bir guşəyə çəkilərək, ibadətə məşğul olmaq lazımdır. Bu insanlar insanlığın son məqsədini düzgün tanısalar da, bu məqsədə aparan yolu düzgün seçməmişlər. Onlar insanın bir sıra ruhi xüsusiyyətlərini nəzərdən qaçırmışlar.
Diqqət olunmalıdır ki, insanın digər varlıqlardan üstünlüyü, təkamül yolunu azad şəkildə seçə bilməsidir. İnsan üçün nəzərdə tutulmuş kamillik, yalnız ziddiyyətlər və çəkişmələr ağuşunda ərsəyə gəlir və bu məqama çatmış insan, mələkdən üstün olur. İnsanın cəmiyyətdən uzaqlaşması onun ixtiyar və mübarizə meydanını daraldır, bir çox tərəqqi yolunda qırmızı işıq yandırır.
Bunu da nəzərdən qaçırmaq olmaz ki, insanların tutumu və iste’dadı müxtəlifdir. Hər bir insan öz qüvvəsinə uyğun meydan seçməlidir. Hər quş qartal kimi zirvəyə qalxa bilməz. Hər idmançı dünya çempionu ola bilməz. Hər halda, düzgün təkamül yolu bütün qüvvələrə meydan açan tədrici inkişafdır.
TƏKAMÜLDƏ ELMIN ROLU
Artıq mə’lum oldu ki, insanın təkamülündə əsl bələdçisi qəlbdir. Qəlb, bəndəlik yolunda Allaha tərəf irəliləyir və insanın digər fəaliyyətləri də bəndəlik rəngi alaraq, insanın təkamülünə tə’sir göstərir. Qəlb o zaman uyğun fəaliyyətə başlayır ki, insan hədəf və yolu tanıyır, öz iradəsi ilə bu yola qədəm qoyur. Demək, bu hərəkətin əsas şərti mə’rifəttanıma və elmdir. İndi baxaq görək ki, təkamül yolunda elm nə rol oynayır. Elm özü kamillikdirmi? Əgər kamillikdirsə, əsl, nisbi, yoxsa müqəddəmidir?
Elmin əhəmiyyəti haqqında müxtəlif nəzəriyyələr vardır. Bə’zi filosoflar belə güman edirlər ki, elm bütün kamilliklərin əsasıdır. Varlıq aləminin bütün sualları qarşısında elmi dəlillərə malik olan insan, ən kamil insan hesab olunur. Digər bir qrup filosof isə bu qənaətdədir ki, insanın təhsil yolu ilə öyrəndiyi elmin onun kamilliyinə heç bir dəxli yoxdur. Hətta elmi, kamilləşmə yolunda maneə hesab edənlər də var.
Biz bütün deyilənləri araşdırıb orta bir yol tutmaq fikrində deyilik. Sadəcə, yalnız isbat olunmuş müddəalara əsaslanaraq, elmin təkamüldə oynadığı rolu müəyyənləşdirmək istəyirik.
İnsanın son kamilliyinin Allahla yaxınlıqdan ibarət olduğunu bildikdən sonra aydın olur ki, həmin son mərhələdəki elm, haqqında danışdığımız insanın oxumaqla öyrəndiyi «hüsuli elm» yox, fitrətə məxsus olan «hüzuri elm»-dir. Bəs insanın oxumaqla öyrəndiyi elmin əhəmiyyəti nədir?
Şübhəsiz ki, elm insan üçün kamillik sifətidir. İnsanın fitri ehtiyacı olan elm, insanın varlıq aləmi ilə tanışlığında mühüm rol oynayır.
Qeyd etdik ki, kamillik həm əsl, həm nisbi, həm də müqəddəmi ola bilər. İnsan vücudunun malik olduğu sifət, əsl kamillik sifəti olmaya da bilər. Onun kamillik sifəti hesab olunması üçün kamilliyə çatmaq üçün vasitə olması şərtdir. Əgər insanın malik olduğu bir sifət kamilliyin ziddinə işlədilə bilərsə, bu sifət şəxsiyyətin kamilliyi yox, süqutu üçün müqəddimədir.
Söhbətimizin əsas mövzusu olan elmi-hüsuli, başqa sözlə, oxumaqla öyrənilən elm iki növdür: nəzəri və əməli. Nəzəri elmlərin insan xarakteri ilə əlaqəsi olmasa da, onlardan bə’ziləri (məsələn, ilahiyyat) son məqsədi tanımaqda insana kömək edir. Bu elmlərdən Allaha yaxınlaşmaq üçün istifadə olunduqda, onları müqəddəmə kamilliyi hesab etmək olar. İnsanın dünya görüşündə müsbət rol oynayan, yaranış sirlərini açıqlayan, həyat ehtiyaclarının tə’minatında tə’sirli olan digər nəzəri elmlər, insanın Allaha yaxınlaşmasında ona yardımçı ola bilər. Amma təkamül yolunda insanın agah şəkildə kamilləşməsi əməli elmlərdən asılıdır.
Qeyd etməliyik ki, insanın səadətini bilavasitə tə’min etmək qüvvəsinə malik olmayan hüsuli elmlər, yalnız köməkçi rol oynaya bilər.
Praqmatizm nəzəriyyəsinə görə, elm və sənət yalnız o zaman dəyərlidir ki, insan onun vasitəsi ilə özü üçün gözəl və rahat həyat qura bilsin. Biz isə onlara belə cavab veririk ki, nəinki elm və sənət, hətta dünya həyatının özü insan üçün əsl dəyər hesab oluna bilməz. Əsil dəyər Allahla yaxınlıqdır. Bu yolda insana yardımçı olan hər bir qüvvə, yalnız faydalı olduğu qədər dəyərlidir. Kamil insan üçün Allahpərəstlikdən uzaq bütün «iizm»lər puçdur. «Allah haqq, müşriklərin Ondan başqa ibadət etdikləri isə, batildir» .
Demək, nə elmi təhsil, nə sənət, nə də fərdi və ictimai işlər mütləq dəyər deyil. Bütün bunlar yalnız Allahla yaxınlığa xidmət etdikdə dəyərli ola bilər.
Sual oluna bilər ki, axirət həyatı üçün dünyanın vasitə olduğunu nəzərə alaraq, praqmatizmi son məqsəd üçün faydalı hesab etmək olarmı? Axirət üçün faydalı iş yalnız nisbi əsas ola bilər. Hətta belə olduğu təqdirdə, elm və sənət nisbi əsas hesab olunmur.
İnsanın həqiqi səadəti bədən üzvləri və istehsal alətlərindən yox, insanın qəlbindən cücərir. Ona görə də, Allaha yaxınlaşmada əsas rolu qəlb ifa edir. Qəlbin fəaliyyətləri isə, nisbi hesab oluna bilər. Bütün digər əməllər bu fəaliyyətlərin sayəsində fayda verə bilir. Elm yaxşı əməllərə müqəddimə ünvanında dəyərlidir. Eləcə də, iman üçün müqəddimə olan elm dəyərli hesab edilir.
ELM, IMAN VƏ ƏMƏL ARASINDA ƏLAQƏ
Zehni təsdiq mə’nasında götürülmüş iman elə elmdir. Elə elmlər var ki, onların kəsbində insanın iradəsi heç bir rol oynamır.
Digər bir qrup elmin müqəddiməsinin təhsili insanın ixtiyarında olsa da, bu ixtiyar davamlı deyil. Məsələn, bir səsin eşidilməsi və ya bir xəttin müşahidəsi ilə insan zehnində yaranmış ilkin anlayış, insanın ixtiyarında olmayan müqəddimə hesab oluna bilər. Lakin insanın iradəsi ilə əldə olunmuş elmi müqəddimə sonrakı təhsil üçün stimuldur. İnsanı elmə sövq edən stimul həm maddi, həm də mə’nəvi ola bilər. Elm öyrənməkdə kiminin məqsədi ad-san, var-dövlət, kiminin məqsədi isə, Allahın razılığını qazanmaqdır. Allaha yaxınlıq məqsədi ilə elm təhsili ibadətdir. Amma bu işdə Allahı tanımaq ilkin şərtdir.
İnsan səadətinin əsası hesab olunan iman, həqiqəti bilmək deyil. Bir çox insanlar müəyyən bir həqiqəti bilsələr də, onu qəlbən qəbul etmək istəmirlər. Onlar mövcudluğuna inandığı bir həqiqəti düşmənçilik səbəbindən inkar da edə bilərlər. Bildiyini inkar etmək, bilmədiyini inkar etməkdən daha pisdir və insanın təkamülü üçün daha ziyanlıdır. «Nəml» surəsinin 14-cü ayəsində buyrulur: «Ayələrimizin həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə təkəbbür göstərərək, onları inkar etdilər».
Həzrət Musanın (ə) dilindən Fir’ona xitabən buyrulur: «Sən bunların məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşkar mö’cüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən» . Fir’on deyir: «Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm» .
 Fir’on kimi bildiyini inkar edənlər, İslam peyğəmbərinin dövründə də var idi. Belə bir inkarın səbəbi, nəfs istəklərinin qarşısında itaətdir. Onlar həqiqəti qəbul etməklə öz azadlıqlarını itirəcəklərindən qorxurlar. «Qiyamət» surəsinin 5-ci ayəsində buyrulur: «Lakin insan bundan sonra da günah etmək, pis işlər görmək istəyir».
Demək iman, əqlin təsdiq etdiklərini qəlbin qəbul etməsi və onun şərtlərinə əməl etmək qərarına gəlməsidir. İman tanımadan asılıdır, amma eynən elmi deyil.
Buradan iman və elm arasındakı əlaqə mə’lum olur. İman əməl yox, əməlin əsası, onun istiqamətvericisidir. Əməlin necəliyi imandan asılıdır. İmana əsaslanan əməl, insan səadətində tə’sirlidir. Əksinə, imana əsaslanmayan əməl dünyası həyat üçün faydalı olsa da, insanın əbədi səadətində tə’sirsizdir. «Nur» surəsinin 39-cu ayəsində buyrulur: «Kafirlərin əməlləri ucsuz-bucaqsız səhradakı ilğıma bənzər. Susuzluqdan ürəyi yanan, onu su bilər. Gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu bilər». İbrahim surəsinin 18-ci ayəsində oxuyuruq: «Rəbbini inkar edənlərin əməlləri, fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzər». «Fürqan» surəsinin 23-cü ayəsində belə buyrulur: «Biz onların əməllərini qəsdən dağınıq zərrələrə döndərərik».
Nəhayət, belə bir nəticə əldə etdik ki, insanın həqiqi kamillik yolunda atacağı ilk addım, imandır. Bu addım bütün təkamül mərhələlərinin ruhudur. İkinci addım, qəlbin Allaha diqqətdən ibarət olan fəaliyyətidir. «Allahı çox zikr edin. Olsun ki, nicat tapmışlardan olasınız» .
Qəlb nə qədər diqqətli olarsa, insan bir o qədər çox inkişaf edər. İnsanın bir an diqqətli olması, onun illər uzunu ibadətindən tə’sirli ola bilər. Üçüncü addım, insanın Allahı xatırlayaraq onun dəlillərini, qüdrətini, əzəmətini, hikmətini düşünməsidir. Davamlı zikr, Allaha məhəbbətə səbəb olur. «Ali-imran» surəsinin 191-ci ayəsində buyrulur: «O kəslər ki, ayaq üstə duranda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər...».
Növbə bədən fəaliyyətlərinə çatır. İman üçün şərt olan ümumi qərar müxtəlif iradə qəliblərində müxtəlif cür cilvələnir. Bu cilvələr imanın qüvvətlənməsinə tə’sir göstərir. «Taha» surəsinin 14-cü ayəsində buyrulur: «Məni xatırlamaq üçün namaz qıl». «Fatir» surəsinin 10-cu ayəsində oxuyuruq: «Pak söz Ona tərəf yüksələr və pak sözü də yaxşı əməl qaldırar».
İnsanın iradəsi onun imanının ziddinə olsa, iman tədricən zəifləyər. İnsan iradəsinin təcəssümü olan əməl salehdirsə, iman qüvvətlənəcək, çirkindirsə iman süquta uğrayacaq:
«Allaha verdikləri və’də xilaf çıxdıqlarına və yalan danışdıqlarına görə, Allah onların qəlbinə qiyamət gününədək nifaq saldı» .
«Sonra da Allahın ayələrini yalan hesab edib məsxərəyə qoymaqla, pislik edənlərin aqibəti daha pis oldu» .
İRADƏ
Ötən söhbətlərdə insanın təkamül yolu, son kamal həddi təhlil olundu. Bu prosesin dəqiqliklə araşdırılması, əxlaq elmi və fiqhin vəzifəsidir. Bizim isə son söhbətimiz ibadət mərhələlərinin qət olunması və bəndəlik vəzifələrinin icrası üçün qəti qərar məqsədi ilə necə hazırlıq görülməsidir.
Bilirik ki, hər bir canlı mövcudda iki əsas xüsusiyyət vardır: idrak və iradi hərəkət. Bu iki xüsusiyyətin məcmusu, canlı sinfin imtiyazını təşkil edir.
Canlı varlıqların ən üstünü olan insanda da bu iki xüsusiyyət daha geniş və dərin şəkildə mövcuddur. Sadə dillə desək, psixologiyası iki mexanizmdən ibarətdir: idrak və iradə mexanizmləri. Bu iki mexanizm o qədər oxşar və bağlıdır ki, bə’zən ən diqqətli alimlər belə onları fərqləndirə bilmir. İradənin necə ortaya çıxmasından xəbərdar olmaq üçün onun mənşəyi olan dərketmə qüvvələrinə nəzər salaq. Hələ qədim zamanlardan insanın idrak qüvvələrini araşdıran alimlər, onları müxtəlif şəkillərdə qruplaşdırmışlar. Dərin elmi söhbətlərə varmadan, özünütərbiyə prosesində faydalı ola biləcək ümumi icmalla kifayətlənirik.
İDRAK MEXANIZMI
İnsan idrakı müxtəlif surətlərdə gerçəkləşir. Bir qrup dərketmə qüvvəsi fiziki, kimyəvi və fizioloji fəaliyyət göstərməklə yanaşı, xarici aləm və hiss üzvləri arasında yaranır. Məsələn, görmə, eşitmə, qoxulama, dadma və toxunma. Digər bir qrup dərketmə qüvvəsi kənar maddəyə toxunmadan işə düşür: məsələn aclıq və susuzluq.
Daha bir qrup idrak qüvvəsi xüsusi psixoloji qüvvələr vasitəsi ilə insan zehnində yaranır. Məsələn, görmə, eşitmə, qoxulama, dadma və toxunma. Digər bir qrup dərketmə qüvvəsi, kənar maddəyə toxunmadan işə düşür: Məsələn aclıq və susuzluq.
Daha bir qrup idrak qüvvəsi, xüsusi psixoloji qüvvələr vasitəsi ilə insan zehnində yaranır.
İnsanın özünümüşahidəsindən aydın olur ki, xarici hiss üzvləri ətraf aləmə qapandıqdan sonra belə, onların əldə etdiyi mə’lumatlar insan yaddaşında qorunur.
Zehnin digər bir fəaliyyət növü «varlıq», «yoxluq», «mümkün», «imkan» kimi ümumi məfhumların dərkinə aiddir. Zehnin başqa bir fəaliyyət növü müxtəlif məfhumlar arasında vəhdət yaratmaq, iki mühakimənin tərkibinə əsasən, üçüncü mühakimənin dərkinə nail olmaqdır.
Zehni mühakimə nəzəri və əməli olmaqda iki qismə bölünür. Bə’zən nəzəri idrakı «nəzəri əql», əməli idrakı «əməli əql» adlandırırlar. Əslində bu iki qüvvə bir-birindən ayrı deyildir. Əql, hərəkət və onun nəticəsi arasındakı əlaqəni dərk edir. Onun iradə ilə birbaşa əlaqəsi yoxdur.
Dərketmə qüvvələrindən biri, nəfsin özünə olan elmidir. Yə’ni bütün mövcudlar öz daxili qüvvələrindən xəbərdardırlar.
Hamıya məxsus dərketmə qüvvələrindən əlavə telepatiya, hipnoz kimi xüsusi qüvvələr də vardır.
Bütün dərketmə qüvvələrinin fövqündə Allahın peyğəmbərlərə göndərdiyi vəhy dayanır. Vəhy bir çox insanlarda müşahidə olunanan ilhamın oxşarıdır. Məsələn, Musanın (ə) peyğəmbərlik məqamına çatması onun anasına ilham olundu. Bir çox elmlərin mə’sum imamlara ilham olunduğu da bir gerçəklikdir. Amma adi insanlar daim şeytani vəsvəsələrlə qarşılaşdıqları üçün onlarda müşahidə olunan uyğun halı əsaslı hesab etmək olmaz.
İRADƏ MEXANIZMI
İnsanda iradə və iradi hərəkətin mənşəyi olan meyillər və cazibələr mövcuddur. Psixoloqlar müxtəlif təbii və fitri meyilləri araşdıraraq, müxtəlif cür qruplaşdırmışlar. Biz isə, yalnız özümüzdə müşahidə etdiyimiz meyillər haqqında danışacağıq.
Yemək və içmək kimi bə’zi meyillər orqanizmdəki kimyəvi və fizioloji proseslərlə əlaqəlidir. Bu meyllər orqanizmdə uyğun ehtiyaclar yaranan kimi baş qaldırır. Digər bir qrup meyllər bədəndə xüsusi halətlər yaradır. Məsələn, insanda intiqam hissi baş qaldırdığı zaman o qəzəblənir, çöhrəsinin rəngi dəyişir. Başqa bir qrup meyillərə «atifi» hisslər daxildir.  Bu hisslərə misal olaraq ailə üzvləri arasındakı şəfqət və mehribançılığı göstərmək olar.
Digər bir qüvvə, insan xarakterindəki həqiqətaxtarma hissidir. İnsan daim çalışır ki, hadisələrin mahiyyətini anlayıb, həqiqətdən xəbər tutsun. İnsan xarakterindəki meyillərdən biri də öz qüdrətini artırıb, tə’sir dairəsini genişləndirmək meylidir.
Xarakterdə əhəmiyyətli yer tutan hisslərdən biri e’tibar, məqam, şəxsiyyət azadlığı qazanmaq meylidir.
İnsanı həqiqi kamillik qarşısında baş əyməyə vadar edən, onun zahiri və mə’nəvi gözəlliklərə olan fitri meylidir. Bütün meyillərin əsasını insanın özünə olan məhəbbəti təşkil edir. Bu meyil, mövcudluğu qoruma və mümkün kamilliklərə yiyələnmədən ibarətdir. Təhlükədən qaçma, qidalanma, şəhvət, intiqam, ailə məhəbbəti kimi bütün hisslər insanın özünə məhəbbətindən doğur.
Sözsüz ki, bu bəhsdə bütün fitri meyilləri sadalaya bilmədik. Bu meyillər ayrı-ayrılıqda, eləcə də, qrup şəkilində fəaliyyət göstərə bilərlər. Onu da qeyd edək ki, fitri meyillərin elm və idrakdan ayrılıqda zikr olunması, onların şüursuz olması məqsədini daşımır. Sözsüz ki, iradə mexanizmi idrak mexanizmi ilə sıx əlaqədədir.
İDRAK VƏ IRADƏ MEXANIZMLƏRININ ƏLAQƏSI
Hər bir meyl xüsusi bir hisslə müşayiət olunur. Məsələn, yeməyə iştaha, aclıq hissindən başlayır. Bu bağlılıq o qədər güclüdür ki, tərəflər vahid halda görünür.
Bütün meyllər və istəklər də münasib dərketmə qüvvəsi ilə bağlıdır. Uyğun misallardan idrak mexanizminin iradə mexanizmini necə hərəkətə gətirməsi aydın görünür. Hətta bir fitri meyli işə salmaq üçün bir neçə dərketmə qüvvəsi eyni zamanda işə düşə bilər.
Bu iki mexanizm arasında xüsusi əhəmiyyət kəsb edən digər bir əlaqə də vardır. Məsələn, yemək qoxusu duyan insanın iştahası oyanır və ya müəyyən bir səhnənin müşahidəsindən insanda nifrət yaranır. Bu bağlılıq təbii olmadığından, olduqca maraqlıdır. Bə’zən insan elə güman edir ki, onun bə’zi meyilləri tamamilə səbəbsiz oyanmışdır və bu işə təəccüb edir. Amma insanın nəzərindən qaçan bu əlaqə, daha çox əhəmiyyətə malikdir. İnsan elə yaradılmışdır ki, o bir dəfə yediyi dadlı xörəyin qoxusunu sonralar duyanda, həmin yeməyin dadını xatırlayır və iştahası oyanır. İnsanın bir dəfə gördüyü səhnədən ömrünün sonunadək təxəyyülündə iz qalması, onu olduqca ehtiyatlı davranmağa məcbur edir.  «İsra» surəsinin 36-cı ayəsində insana xəbərdarlıq olunur: «Bilmədiyin bir işin ardınca getmə. Çünki qulaq, göz və ürək hər biri sorğu-sual olunacaqdır».
Demək, insanın xatirələri onun qəlb halətinə daimi tə’sir göstərir. Saleh insanlarla görüş, dini məclislərdə iştirak, müqəddəs yerlərin ziyarəti insan xatirəsində canlandıqca Allah yada düşür. İnsan diqqətini doğru yola yönəltməkdə bu xatirələrdən kömək alır. Əksinə, insan təxəyyülünü çirkləndirmiş günah səhnələri onun diqqətini həqiqətdən  yayındırır. Şəhvət yaradan səhnələrin tamaşasını haram buyuran İslam, insan təxəyyülünün paklığını yüksək qiymətləndirir və onu insan səadətində tə’sirli bilir. Qur’ani-şərifdə fitri paklığı qorumaq məqsədi ilə insanın seçdiyi dostun, onun səadətindəki əhəmiyyətinə işarə olunur: «Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim. And olsun ki, Qur’an mənə çatdıqdan sonra məni doğru yoldan o sapdırdı» .
Həvarilər İsa peyğəmbərdən soruşdular: «Kiminlə yoldaşlıq edək?» İsa peyğəmbər buyurdu: «Görüşü Allahı xatırladan, danışığı elminizi artıran, rəftarı axirəti sevdirən insanları dost seçin».
MEYIL VƏ ƏLAQƏNIN IDRAKDA ROLU
İdrak qüvvələrinin istifadəsi çox zaman bizim ixtiyarımızdadır. İstədiyimiz vaxt istənilən bir səhnəyə tamaşa edə bilər, istənilən vaxt bu səhnəyə göz yuma bilərik. Belə təsəvvür oluna bilər ki, əgər göz açıqdırsa, o hökmən qarşısındakı səhnəni görməlidir. Lakin təcrübə başqa söz deyir. İnsan açıq gözlə qarşısındakı səhnəni görməyə də bilər. İnsan qulağına yetişən səsi eşitməyə də bilər. Bu hal o zaman baş verir ki, insanın diqqəti tamam başqa bir istiqamətə yönəlir. Demək, diqqət yoxdursa, dərketmə də yoxdur.
Diqqətin olub-olmaması çox zaman insanın meylindən asılı olur. Yə’ni insan dərk etməyə meyilli olduqda idrak hasil olur, meyl olmadıqda, idrak da fəaliyyət göstərmir. Məsələn, uşaq ağlayarkən onun səsini birinci ana eşidir. Hətta ana öz körpəsinin səsinə yuxudan oyanır. Hansı ki, bu səsə başqa bir şəxs yuxudan oyana bilməz.
Meyl təkcə hissi idraka tə’sir göstərmir. O, təxəyyülə, ağıla, düşüncəyə də tə’sirlidir. Məsələn, insan maraqlandığı şeyi asanlıqla yadda saxlayır. Mütəfəkkir maraqlandığı məsələlərdə daha çox irəliləyiş əldə edir. Bir çox insanlar müəyyən bir məsələnin analizində əvvəlcədən maraq göstərdikləri nəticəyə gəlirlər. Bə’zən insanın doğru olmayan bir nəticəyə marağı onu azdırır və insan həqiqətdən uzaq düşür. Meylinin ziddinə olan bir nəticəyə gəlmiş insan, şübhəyə düşür. Açıq-aşkar dəlillər şübhəni aradan qaldırdığı zaman hafizədə xətalar yaranır və dəlillər qısa müddətdə unudulur. Müəyyən amillər həqiqəti ona xatırlatdığı zaman, yenə də qəlbən qəbul etməyib, inkar yolunu seçir. «Onlar yalnız zənnə və nəfslərindən gələn istəklərə uyurlar. Halbuki, onlara haqq yolu göstərən rəhbər göndərilmişdi» .
Demək, yalnız daxili meyillərinə qələbə çalmış insanların gəldikləri nəticələr e’tibarlıdır. Əgər insanın cilovu nəfs istəklərinin əlindədirsə, doğru nəticəyə heç bir ümid yoxdur.
Hətta hüzuri elmlərə münasibətdə də daxili meyillər mühüm rol oynayır. Bu meyillər diqqəti əsl məsələdən yayındıraraq, insanı qəflətə düçar edirlər. Bu qəflət səbəbindən, insan hüzuri elmin bir mərtəbəsi olan Allahpərəstlik meylinə biganəlik göstərir.
İdrak qüvvələrindən yalnız o zaman düzgün faydalanmaq mümkündür ki, qəlb nəfs istəklərindən pak, zehn təxəyyül mühakiməsindən azad olsun. Tərəqqi yalnız təqvadadır. İnsan yalnız təqva ilə zinətlənir, mə’nəviyyat nurundan bəhrələnmək iste’dadı qazanır.
«Şübhəsiz ki, bunda qəlb sahibi, eşitdiyinə qulaq asan bir kimsə üçün ibrət vardır» .
«Bu kitabda şübhəyə yer yoxdur və o, müttəqilərə doğru yol göstərir» .
«Nəfsini təmizləyən mütləq nicat tapacaqdır» .
«Əgər Allahdan qorxsanız, O, sizə haqla-nahaqqı ayırd  edən nur verər» .
«Ey iman gətirənlər! Allahdan qorxun və onun peyğəmbərinə iman gətirin ki, Allah sizə öz mərhəmətindən ikiqat pay versin və sizə nur bəxş etsin» .
Doğru düşüncə tərzindən məhrum olan insana şeytan hakim kəsilir və bu insan cəhalətə düçar olur: «Nəfsini özünə tanrı edən insanı Allahın necə azdırıb, qulağını və qəlbini möhürlədiyini, gözünə də pərdə çəkdiyini gördünmü? Allahdan başqa kim onu doğru yola qaytara bilər?!» .
Şeytan haqqında əzəldən belə yazılmışdır ki, «hər kəs şeytanla dostluq etsə, şeytan onu yoldan çıxarıb cəhənnəm əzabına sürükləyər» .
«Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, biz ona şeytanı urcah edərik və o şeytanın yaxın dostu olar» .
İRADƏ VƏ SEÇIM
Müxtəlif dərketmə qüvvələrinə və onların xüsusiyyətlərinə diqqət etdikdə, insanda iradənin necə fəaliyyətə başlaması aydın olur. İnsan əvvəlcə özündə bir növ çatışmazlıq hiss edir və bu çatışmazlıqdan əziyyət çəkməyə başlayır. Bir zaman dadılmış ləzzət yada düşür, onun ardınca gəzib əldə edə bilməyən insan, əzab çəkir. İnsan bu əzab-əziyyətdən qurtulub, ləzzət meylini tə’min etmək etmək üçün çalışmağa başlayır.
İnsan fitrətən nöqsanların aradan qaldırılması və kamillik qazanma yoluna istiqamətləndirilmişdir. O, daim ağrıdan qaçıb, ləzzətə qovuşmaq arzusundadır. Bu zaman insanda hərəkətə gəlmiş fəaliyyət həm psixoloji, həm də fiziki ola bilər. İnsan ləzzət əldə etmək üçün hətta başqalarına da yardım göstərə bilər. Sanki onun qəlbindəki ağrı, başqalarının narahatlığından yaranmışdı. İnsan başqalarını sevindirməkdən elə ləzzət ala bilər ki, ağrı-acısını unudar.
İnsan bə’zən öz daxili ehtiyaclarını təbii yolla hiss edir. Məsələn, insanın suya olan ehtiyacı bu qəbildəndir. Bə’zən qorxulu bir səhnəni müşahidə etməklə, insanda təbii olaraq özünümüdafiə hissi oyanır.
Fitri meyillərin oyanmasında xarici amillər də tə’sirli rol oynaya bilər. Məsələn, ilahi peyğəmbərlərin bəşəriyyəti də’vəti, onların daxilindəki Allahpərəstlik hissini oyadır.
Əgər bir anda yalnız bir meyil oyansa, insan dərhal onu tə’min etmək qərarına gəlir və əlverişli şərait vardırsa, fəaliyyətə başlayır. Amma belə də ola bilər ki, bir anda bir neçə meyil oyansın. Bu zaman hansı meyil daha güclüdürsə, əvvəlcə onun tə’mini üçün fəaliyyət göstərir. Məsələn, uşaqlar oynamağı yeməkdən üstün tutur. Ana ac olsa da, övladını doyurmağa üstünlük verir. Gənc tələbə mütaliəni, təqvalı insan ibadəti, gənc mücahid vuruşu digər şeylərdən daha üstün tuta bilər. Məhz bu zaman insanın gizli iste’dadları aşkarlanır, o səadət və bədbəxtliyə düçar olur. Dəfələrlə deyildiyi kimi, bu ziddiyyətlər insanın yaranış fəlsəfəsinə tam uyğundur. Sual oluna bilər ki, bir neçə meyil eyni zamanda oyandığı vaxt, insan hansı meylin qalib gələcəyini gözləməlidir, yoxsa düşüncəsini işə salıb, ağıl yolu ilə seçim aparmalıdır?
İnsan oturub gözləsə ki, daha güclü meyl qalib gəlib işə düşsün, heç şübhəsiz ki, bədbəxtliyə düçar olar. İnsanın nəfsə bu sayaq kor-koranə itaəti, Qur’anda «qəflət» adlandırılmışdır: «Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da, məhz onlardır» .
Növbəti sual budur ki, insan eyni zamanda oyanmış meyillərdən hansına üstünlük verməlidir? Bu suala üç şəkildə cavab vermək olar:
1. Əgər eyni zamanda bir neçə istək baş qaldırmışsa, insan fitri olaraq ən ləzzətli meylə üstünlük verir. Bu doğru yoldurmu? Çox dəyərli bir avtomobili qaçırmaq qərarına gəlmiş şəxs gördüyü işin əvvəlinin ləzzət, sonunun əzab olacağını, düşüncəsini işə salmadan anlaya bilərmi? Yə’ni ləzzət birinci addımda duyulan ləzzət deyil. Ləzzətə əsaslanaraq hər hansı bir meylə üstünlük vermək üçün bu meylin son mərhələyədək ləzzətli olub-olmadığından xəbərdar olmaq lazımdır. Məsələn, insan üçün ən üstün və ən e’tibarlı ləzzət Allahla yaxınlıqdır.
2. Qeyd etmişdik ki, fitri meyillər iki əsasa malik ola bilər: İnsanın varlığının qorunması və kamilliyin əldə olunması. Məsələn, insan öz varlığını qorumaq üçün qidalanır və ya özünü kamilləşdirmək üçün Qur’an oxuyur.
Meyil seçimində ikinci yol budur ki, meylin əsasına diqqət olunsun və onun, insanın varlığı və kamilliyi üçün nə dərəcədə faydalı olduğu nəzərə alınsın.
3. Meyil seçimində üçüncü yol kamillik üçün faydalılığa diqqət yetirilməsidir. İnsanın fiziki varlığı, əsl yaranış məqsədi olan kamillik üçün bir şərtdir. Demək, insan varlığının tə’mininə yönəlmiş meyillər, kamillik meyilləri ilə müqayisədə ikinci dərəcəlidir.
SON NƏTICƏ
Aydın oldu ki, insan təbii və ictimai səhnələr qarşısında bitərəf tamaşaçı mövqeyi tutmamalıdır. Əksinə, bu işdə öz insani qüvvələrini işə salıb, aparıcı rol oynamalıdır. O, öz iradə və agah fəaliyyəti ilə bütün meyilləri həqiqi kamillik istiqamətində yönəltməlidir.
Heç şübhəsiz ki, bütün bəşəriyyəti doğru yola yönəldəcək yeganə qüvvə ağıldır. Bu qüvvənin güclənməsi, kamillik yolunda olduqca mühüm rol oynayır. Sokrat əql, elm və hikməti «əsl fəzilət» adlandırmışdır. Ərəstun isə belə qeyd edir ki, elm və hikmətə malik olub, onu işlətməmək səbəbindən əxlaqi fəzilətlərdən məhrum olanlar çoxdur. Biz də Ərəstunun bu fikrinə qoşuluruq ki, elm və hikmət fəzilətin əsası ola bilməz və idrak qüvvələrinin əsas işi təhrik deyil. Hətta səmavi hidayətlər də öz-özlüyündə iradə yarada bilməz. «Onlara ayələrimizi verdiyimiz şəxsin xəbərini də söylə. O imandan döndü. Şeytan onu özünə tabe etdi və o, azanlardan oldu» .
Səadət üçün kafi şərt, Allahpərəstlik istəyinin qələbəsi və nəfs istəklərinin süqutudur. Amma buna da şübhə yoxdur ki, insanın düşüncə qüvvəsi onun iradəsinin müəyyənləşməsində mühüm rola malikdir. Seçim hazırlığında bizə kömək edən qüvvə də, düşüncədir. Ona görə də, biz əqlin köməyi ilə yolumuzu tə’yin etməli və ilahi nura qovuşmaq üçün çalışmalıyıq.
Doğru yolu tanımaqda ağıl qüvvəsi çox əhəmiyyətlidir. Lakin doğru yolun incəliklərini tanımaq, ağılın qüvvəsi daxilində deyil. Həqiqi doğru yolun tam kəşfi, ilahi vəhy və dini proqramlar vasitəsi ilə mümkündür. Demək, dini elmləri öyrənərək dini dünya görüşünü artırmaq zəruridir. Bütün bu həqiqətlər əql və düşüncə yolu ilə əldə olunur.
Söhbətlərimizin sonunda bizim üçün çox böyük əhəmiyyət kəsb edən məsələ, ilahi yaxınlıq məqamına çatma meyli və bu meylin gücləndirilməsinin yollarını öyrənməkdir.
Yuxarıda qeyd edildi ki, fitri meyil daxili bir hərəkət və ya xarici mühitlə təmas nəticəsində oyanır. Adətən, mövcudluğu qoruma meyilləri  ya təbii, ya da yuxarıda göstərilən iki yolla oyana bilər. İnsanın özünüqoruma meyilləri onun iradəsindən asılı olsaydı, qəflət və unutqanlıq səbəbindən bir çox çətinliklər yarana bilərdi. Bu çətinliklər isə, təkamül üçün zəruri olan şəraiti korlaya bilər. Yalnız zəruri şərait yarandıqdan sonra növbə insanın iradi fəaliyyətinə çatır. İnsanın həqiqi kamilliyi onun iradəsi ilə həyata keçdiyindən, seçmə imkanı böyük olduqca, iradi kamilləşmə də yüksək olur. Demək, kamilliyə aparacaq meyllərin oyadılması və fəaliyyəti, birbaşa onun özündən asılıdır.
Meyillər fəaliyyətə başlayıb insana ləzzət və ya ağrı gətirdiyi an, insan bu meyillərə daha çox diqqət göstərir. Təkrar gerçəkləşən meylə maraq yaranır. Məhz bu zaman, «filan işi, filan şeyi, filan şəxsi sevirəm» deyirlər. Bu bağlılığın şərti, nəfsin məhbuba ardıcıl diqqətidir.
Əgər öz fəaliyyətimizə istiqamət verib onu həqiqi kamillik istiqamətinə yönəltsək, diqqətimizi ardıcıl şəkildə həmin məqsədə məşğul etməliyik ki, bu məqsədə məhəbbət yaransın. Əgər insan qəlbində allahpərəstlik meylinə digər meyllərlə bərabər yer verilsə, həmin meylin təkamülü mümkünsüz olacaq. Amma əsl kamilliyə çatmaq üçün bütün digər meyillər allahpərəstlik meylinə bir növ xidmətçi olmalıdır.
Bu işdə yalnız əməli proqramla müvəffəqiyyət qazanmaq olar. Bu proqramın üç əsas maddəsini şərh edirik:
1. İbadət, xüsusi ilə də vacib namazları vaxtında və qəlbin iştirakı ilə yerinə yetirin. «Həqiqətən mö’minlər nicat tapmışlar! O kəslər ki, namazlarında müt’i olub, boyun əyərlər» .
İmkan daxilində münasib vaxt və münasib bir yerdə Allahı düşünmək üçün xüsusi vaxt ayırın. «Səhər-axşam yalvararaq və qorxaraq səsini qaldırmadan Allahını yad et» . Əgər insan bu işi fasiləsiz davam etdirə bilsə, Allahla  ünsiyyətin şirinliyini dadar, maddi ləzzətlərə olan maraq insanı tərk edər.
Başqalarının ehtiyacını ödəmək (infaq) və özünün ehtiyaclı olduğunu ətrafdakılara vermək (isar), nəfs istəklərindən uzaqlaşmağın gözəl vasitəsidir.
«Nəfsinin xəsisliyindən, tamahkarlıqdan qorunanlar-məhz onlar nicat tapıb səadətə qovuşanlardır» .
«Sevdiyiniz şeylərdən sərf etməyincə, savaba çatmazsınız» .
«(Ya Məhəmməd) Onların mallarından sədəqə almaqla, onları pak etmiş olarsan» .
Qur’ani-şərifdə namazla zəkat kəlmələri adətən qoşa işlədilir. Bəlkə də bu onların bir-birini tamamlamasına işarədir: «...O, mənə diri olduqca namaz qılıb zəkat verməyi tapşırdı» .
2. Hər günün müəyyən bir vaxtını Allahın sifətlərini, insanın yaranış məqsədini, ne’mətləri, yolun uzaqlığını və vaxtın azlığını, dünyanın müvəqqətiliyini və ölümü, xəstəlikləri və bəlaları düşünməyə sərf edin. «Yeri döşəyən, orada möhkəm dağlar və çaylar yaradan, bütün meyvələrdən cüt-cüt yetişdirən, gecəni gündüzlə örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda düşünən insanlar üçün dəlillər vardır» .
3. Kamilliyə yönəlmiş doğru məqsəd və yolun daim yadda qalması üçün gündəlik proqram tərtib edib, bu proqramda Qur’an qiraəti, dini mətnlərin mütaliəsi, fiqh və əxlaqla məşğul olmaq üçün vaxt ayırmaq lazımdır. «And olsun ki, biz Qur’anı ibrət almaq, öyüd-nəsihət qəbul etmək üçün belə asanlaşdırdıq. Amma hanı ibrət alan, öyüd-nəsihət qəbul edən?!» .
Bəs insan ilahi hədəfdən yayınmamaq üçün nədən qorunmalıdır?
1. Nəfsin heyvani ləzzətlərə məhəbbətinin qarşısını almaq üçün maddi ləzzətlərdən istifadədə ifrata getməmək lazımdır. Maddi ləzzətlər yalnız o zaman faydalı olur ki, insanın fiziki və mə’nəvi sağlamlığı üçün şərait yaradır. Oruc tutmaq, çox yeməmək, az danışmaq, az yatmaq, orta həddi gözləmək insan səadəti üçün mühüm şərtdir. «O kəslər ki, lüzumsuz işlərdən üz döndərərlər...» . «Oruc tutmaq sizin üçün faydalıdır» .
2. Heyvani meyillərin oyanmaması üçün təxəyyülü pis təsəvvürlərdən, fikirlərdən qorumaq lazımdır. İnsan gözünü şəhvət yaradan səhnələrdən, qulağını batil sözlərdən hifz etməlidir. «Qulaq, göz, qəlb, hər biri sorğu-suala çəkiləcək» .
3. İnsan öz düşüncəsini yanlış fikirlərdən qorumalı, əsassız şübhələrdən, əlçatmaz arzulardan çəkinməlidir. «...Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman ... onlarla bir yerdə əyləşməyin» .
«Vəsailuş-şiə»-də oxuyuruq: «İnsan qulaq asdığı adama pərəstiş edir. Danışan şəxs Allah tərəfindəndirsə, pərəstiş də Allaha aid olacaq. Yox, əgər danışan şeytan tərəfindəndirsə, pərəstiş də şeytana aid olar».
Proqramın tənzimi və icrasında hökmən orta həddi gözləmək lazımdır. İnsanın özünü gücü çatmayan bir işə məcbur etməsi nəfsi qiyama qaldırır, fiziki və psixoloji xəsarətlərə səbəb olur.
Proqram tərtib edərkən agah və e’tibarlı bir şəxslə məsləhətləşmək yaxşı olardı. Proqram tərtib edildikdən sonra süstlüyə yol vermək olmaz. Götürülmüş öhdəliyi hər hansı bir bəhanə ilə pozmaq, pis nəticələrə səbəb ola bilər. Hər halda, bu işdə Allaha sığınıb, Ondan yardım diləmək zəruridir.

 


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment