Azəri
Friday 26th of April 2024
0
نفر 0

İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (2)


1. Xəvaric firqəsinin yaranma səbəbləri nədən ibarətdir?
2. Əqidəvi və kəlami məzhəblər hansı amil əsasında yaranmışdır?
3. Fiqhi məzhəblər necə formalaşmışdır?


İSLAM ÜMMƏTİNİN İXTİLAFLARI
Osman ibni Əffan öldürüldükdən sonra müsəlmanlar Əli ibni Əbi Talibə (ə) üz tutdular və o Həzrəti xəlifə tə᾿yin etdilər. İmam Əmirəl-mö᾿minin Əli ibni Əbi Talibin (ə) xilafətinə qarşı çıxanlar, o Həzrətin əməl və rəftarını bəyənməyənlər «Cəməl» və «Siffeyn» müharibələrini törətdilər və nəticədə müsəlmanlardan bir qrupu qətlə yetirildi.
Peyğəmbərin (s) məşhur səhabələrinin və yaxın adamlarının hər iki cəbhədə iştirak etməsi, haqqı batildən ayırmağa qadir olmayan bə᾿zi müsəlmanların heyrət və çaşqınlığa düçar olmasına və nəticədə onların camaat məzhəbindən xaric olmasına şərait yaratdı. Onlar xəlifələrin barəsində mühakimə yürütməkdən imtina edərək, bu işi Allaha həvalə etdilər. Bu dəstə sonralar «mürciə» adı ilə məşhurlaşdı.
Siffeyn müharibəsindəki həkəmiyyət məsələsinin icrasından sonra onun nəticələrindən narazı qalan müsəlmanlardan bir qrupu Əlinin (ə) bey᾿ətindən xaric olub, Müaviyənin tərəfdarlarına da qoşulmadılar. Onlar, sonralar İslam tarixində xəvaric adı ilə məşhur olan digər bir dəstəni yaratdılar. Bu da İslam ümmətində ikinci ən böyük parçalanma sayılır.
Qeyd etmək lazımdır ki, həmişə dini cəmiyyətlərdə əqidə baxımından qarşıdurma yaranan zaman və ifratçı ideoloji qruplaşma əmələ gəldikdə, qarşı tərəfdə də başqa bir ifratçı cərəyan meydana gəlmişdir. Əli ibni Əbi Talib (ə)-ın imaməti müqabilində də ifratçı xəvaric cərəyanı formalaşmışdı. Belə ki, onlar Əmirəl-mö᾿minin əleyhissəlamın bütün dəyər və fəzilətlərini inkar edirdilər və hətta o həzrəti həmin firqənin üzvlərindən biri şəhadətə yetirmişdi. Onların da qarşısında başqa bir dəstə formalaşdı ki, Əli əleyhissəlama itaət etməkdə ifrata vararaq, o həzrəti Allahlıq məqamına qədər yüksəltdilər. Bu firqə də İslam tarixində «ğulat» adı ilə məşhurdur.
Zaman keçdikcə İslam ümmətində təfriqələr daha da dərinləşdi və böyük məzhəblər də öz növbəsində kiçik firqələrə bölündü.
ƏQLİ BƏHSLƏRƏ VARİD OLMAQ
Müxtəlif dəstə və firqələrin yaranmasının ikinci əsas səbəbi müsəlmanlar arasında əqli və ideoloji məsələlərin irəli sürülməsi idi. İslamın zühurundan və Peyğəmbər (s) əsrindən uzaqlaşdıqca, dini əsasların haqq olmasını isbat etmək üçün əqli dəlillərə üz gətirməyin zərurəti artırdı. Xüsusilə, İslamın sərhədləri genişləndikcə və cəmiyyət inkişaf edib böyüdükcə bu ehtiyac daha artıq hiss olunurdu. Müsəlmanlar müxtəlif millətlərlə üzləşdikləri zaman İslam daha güclü dəlillərlə təqdim olunmalı idi ki, onlar bu dinə cəzb edilsinlər. Bu zərurət Peyğəmbərin (s) dövründə o qədər də hiss olunmurdu, çünki o həzrət özü şəxsən e᾿tiqadi şübhələrə cavab vermək üçün ən mö᾿təbər müraciət yeri hesab olunurdu. Buna görə də müsəlmanlar nəzəri və fikri məsələlərə, eləcə də əqli dəlillər üzərində fikirləşməyə bir o qədər də ehtiyac duymurdular.
Müsəlmanların inkişaf etmiş mədəni xalqlarla ünsiyyətdə olması, İslami fəthlər nəticəsində yeni ölkələrin müsəlman ərazilərinə qatılması, xüsusilə onların yunan mədəniyyəti ilə tanış olmaları cəmiyyətdə yeni bir ab-hava yaratmışdı. Bundan əlavə, bə᾿zi xəlifələrin bu xalqlar arasında məşhur olan elmlərin müsəlmanlar üçün tərcümə və tədrisinə çalışmaları da əqli və fəlsəfi bəhslərə, həmçinin İslamın əqidə prinsiplərinin fəlsəfi yollarla araşdırılmasına kəskin bir təmayül yaratdı. Bu da İslamda əş᾿əri, mö᾿təzilə və bu kimi digər fikri-ideoloji məzhəblərin formalaşmasına səbəb oldu.
FÜRUİDİNDƏ İXTİLAF
Müsəlmanlar arasında e᾿tiqad prinsipləri, xüsusilə imamət məsələsi ilə əlaqədar yaranan ixtilaflardan əlavə, şəriət hökmlərində, yə᾿ni füruidində də bir çox fikir müxtəlifliyi meydana gəldi. Bu da nəticə e᾿tibarilə Hənəfi, Hənbəli, Maliki, Şafei və Cə᾿fəri məktəbləri kimi mühüm fiqhi məzhəblərin formalaşmasına səbəb oldu.
İSLAM ÜMMƏTİNDƏ TƏFRİQƏNİN ƏSAS MEHVƏRİ
Son iki dərsdə bəyan olunan mətləblərdən belə nəticə alırıq ki, İslam ümməti üç əsas mehvərdə parçalanma və təfriqəyə mə᾿ruz qalıb:
1. İmamət və canişinlik məsələsi, imamın şəxsi xüsusiyyətləri və onun necə tə᾿yin olunması;
2. Əqli məsələlər və əqidə prinsipləri;
3. Füruidin məsələləri.
Bu üç mehvər əsasında İslam cəmiyyəti müxtəlif firqə və məzhəblərə bölünmüşdür. Bu kitabda e᾿tiqadi məsələlər araşdırıldığından, burada birinci və ikinci amil əsasında yaranan firqə və məzhəblər söhbətimizin əsas mövzusu olacaq, fiqhi məsələlərin araşdırılmasına isə toxunulmayacaq. Fikri-e᾿tiqadi prinsipləri və İslamdakı firqə və məzhəbləri araşdırmazdan əvvəl, onların əsas məzhəblərinin adlarını təqdim edirik.
Qeyd etmək lazımdır ki, İslam dünyasında bir çox məzhəblərin yaranmasında bilavasitə rolu olan digər bir cərəyan da mövcuddur. Bu hələ də öz xüsusiyyətini davam etdirən ifratçı zahidlik cərəyanıdır ki, istisnasız olaraq, sufi məzhəblərinin hamısı bu məsləkdən doğmuşdur. Bunların formalaşmasında qeyri-islami cəmiyyətlərlə təmas və əqli bəhslərin rol oynamasına baxmayaraq, fikri-fəlsəfi cərəyanlarla olan fərqlərinə görə, onlar öz yerində ayrıca araşdırılacaq.
Buna əsasən, İslam ümməti aşağıdakı dörd cərəyanla qarşılaşır:
1. Sünnülük;
2. Şiəlik;
3. Xəvaric;
4. Sufilik.
DÖRDLÜK TƏŞKİL EDƏN MƏZHƏBLƏRİN FİRQƏLƏRİ
Yuxarıdakı dörd cərəyandan hər biri öz növbəsində müxtəlif firqələrə bölünür. Bu dərsin mövzusunu təşkil edən ən mühüm firqələr aşağıdakılardır:
1. Sünnü firqələri:
a) Əhli-hədis;
b) Əş᾿ərilik;
v) Mö᾿təzilə;
q) Matüridiyyə;
ğ) Sələfilik;
d) Vəhhabilik.
2. Xəvaric firqələri:
a) Əzariqə;
b) Buxdat;
v) Beyhəsiyyə;
q) Ücaridə;
ğ) Əbaziyyə;
d) Səfəriyyə;
ə) Şəbihiyyə.
3. Şiə firqələri:
a) Keysaniyyə;
b) Zeydiyyə;
v) İsmailiyyə;
q) Fətəhiyyə;
ğ) İmamiyyə;
d) Qadiyaniyyə;
ə) Babiyyə.
4. Sufi firqələri:
a) Nurbəxşiyyə;
b) Nəqşbəndiyyə;
v) Ticaniyyə;
q) Sənusiyyə;
ğ) Bektaşiyyə;
d) Şazliyyə;
ə) Səfəviyyə;
i) Ne᾿mətullahiyyə.
İzahlar:
1. Sünnü, şiə və sufi firqələrinin ən məşhurlarının adlarını sadaladıq. Lakin bu məzhəblərdən ayrılan firqələrin sayı qeyd olunanlardan daha çoxdur.
2. Xəvaric firqələrindən isə, hal-hazırda yalnız əbaziyyə firqəsinin ardıcılları vardır və onun başqa firqələrindən əsər-əlamət qalmamışdır.
3. İslam firqələrini araşdırarkən bə᾿zən elə firqələrlə rastlaşırıq ki, onlar özü aradan getmişdir, amma hal-hazırda mövcud olan məşhur firqələrin formalaşmasında mühüm rol oynamışdır. Məşhur firqələri araşdırarkən belə firqələrin haqqında da qısa şəkildə danışacağıq.
4. Bə᾿zi firqələr ikiyönlü xüsusiyyətə malikdirlər: Üsulidinin bə᾿zi məsələlərində bir məzhəbə, bə᾿zilərində isə digər məzhəbə yaxındırlar. Bunlar da sonradan araşdırılacaq.
5. Son bir neçə əsrdə formalaşan və əksərən inhirafçı və azğın xüsusiyyətlərə malik olan bə᾿zi firqələr haqda da yeri gəldikcə danışılacaq. Bu firqələr haqda belə bir ifadənin işlədilməsinin səbəbi budur ki, ana məzhəbin ardıcılları o firqələri rəsmi şəkildə qəbul etmir və onlar da öz əsas məzhəblərinin ardıcıllarını tanımaq istəmirlər. Misal üçün, dəqiq araşdırmalara əsasən, qadiyaniyyə, yaxud bəhai firqəsi imamiyyə məzhəbindən ayrılmışdır. Lakin, imamiyyə şiələri qadiyaniyyə və bəhai ardıcıllarını mürtəd kimi tanıyır və bu iki firqə ardıcılları da şiəliyi rəsmi şəkildə qəbul etmirlər. Burada biz, elmi nöqteyi-nəzərdən bu iki firqəni də şiə firqələri sırasında araşdırmaq məcburiyyətindəyik.
6. Hər bir firqəni araşdırarkən onun banilərini və mühüm şəxsiyyətlərini də təqdim edəcəyik. Bundan əlavə, həmin firqələrin yaranma səbəblərinə və tarixçəsinə toxunmaqla, onların ən əsas əqidə prinsiplərini araşdıracağıq.
SUALLAR VƏ TAPŞIRIQLAR
1. Əlinin (ə) xilafəti zamanında İslam ümməti arasında ixtilaf necə yarandı?
2. Peyğəmbər (s) əsrindən sonra əqli bəhslərin meydana gəlməsi nə üçün İslam ümmətində ixtilafa bais oldu?
3. Müsəlmanların arasında ixtilafların əsas mehvəri hansılardır?

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment