Azəri
Friday 26th of April 2024
0
نفر 0

İBADƏTİN QƏBUL ŞƏRTLƏRİ

İBADƏTİN QƏBUL ŞƏRTLƏRİ

İbadətin düzgünlük şərtlərindən əlavə qəbul və kamillik şərtləri də var. Bu şərtlər yerinə yetirildikdə insan Allaha yaxınlaşır və mə’nəvi kamilliyə çatır. Şərtlərin yerinə yetirilməsi fərd və cəmiyyət üçün də tə’sirlidir.

Bə’zən düzgün ibadət inkişafa səbəb olmur. Necə ki, bə’zən dərman şəfa vermir.

Bə’zən ibadət əzabın qarşısını alır, lakin bizi Allahın sevimlisi etmir. Ayə və rəvayətlərdə əməllər və ibadətlərin qəbul olması üçün bə’zi şərtlər göstərilmişdir:

E’tiqadi şərt;

Siyasi şərt;

Əxlaqi şərt;

İqtisadi şərt;

İctimai şərt;

Sağlamlıq şərti və s.

Bu şərtlərə izah verməzdən öncə tə’kid olunur ki, insan daha çox mə’nəvi fayda əldə etmək üçün ibadətin qəbul olma məsələsinə xüsusi diqqət göstərməlidir. Həzrət Əli (ə) buyurur: “Əməldən daha çox onun qəbul olunmasına diqqət göstərilməlidir.” 

İnsan giriş vəsiqəsi əldə edib, göstərilmiş qaydalara əməl edərək kiminləsə görüşə gedə bilər. Lakin görüş zamanı pis əxlaq, pis keçmiş və sair səbəblərə görə geri qaytarılar. İbadətin də ilahi göstərişlərə uyğun yerinə yetirilib, lakin Allah tərəfindən qəbul olunmaması mümkündür. Necə ki, bə’zən düzgün işlər görən qeyri-məs’ul şəxslər təşəkkür yox, tənqid olunur. Demək, işin qəbul olma şərti ayrıdır. İndi isə bu şərtləri bəyan edək:

E’tiqadi şərt: Allaha iman

İmansızlıq əməllərin puç olma səbəbidir: “İmanı dananın bütün işləri puç olar.”  Allaha və məada iman gətirən şəxslər Allahın məscidlərini abad edirlər: “Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirənlər abad edə bilərlər.” 

İmanlı qadın və kişilərin yaxşı əməlləri pak həyat səbəbidir: “Mö’min olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə onlara daha yaxşı mükafat verəcəyik.” 

Allahı tanımayan şəxs Ona xatir heç bir iş görmədiyindən mükafat gözləyə bilməz. Qur’ani-kərim kafirlərin əməllərini tufan qarşısında dayanmış külə bənzədir. Tufan qoparkən küldən əsər-əlamət qalmır.

2. Siyasi şərt: Vilayət

Cəmiyyətin rəhbərliyi maşının sürücüsü kimidir. Bütün sərnişinlər ayıq-sayıq və ədəbli olsalar belə, sərxoş sürücü və ya pis yol süquta səbəb olacaq. Lakin sürücü sağlam və təcrübəli olarsa, yorğun və intizamsız sərnişinlər sağ-salamat məqsədə çatacaqlar.

İmam Baqir (ə) buyurur: “Allaha iman gətirib, taqətdən düşənədək ibadət edən şəxsin Allah tərəfindən ləyaqətli rəhbəri olmazsa, onun sə’yləri faydasızdır.” 

Əgər səmavi rəhbər olsaydı, Allaha pərəstiş bütpərəstliyə çevrilməz və səmavi qanunlar xürafatla əvəz olunmazdı. Əzəmətli cümə namazları zalımlara xeyir verməz, müsəlmanların və İslamın izzəti sayılan həcc tə’sirli olar, qeyri-İslam hakimlərinə gəlir gətirməzdi.

Hədisdə deyilir: “Hər kəs bizim vilayət və rəhbərliyimizi qəbul etməsə, Allah da onun əməllərini qəbul etməz.” 

Həzrət Əli (ə) buyurur: “Biz Allahın qapısıyıq və Allahın yolu bizimlə tanınır.”  Demək, ibadətin qəbul olması üçün vilayət şərtdir. Lakin vilayətlə yanaşı təqva da olmalıdır. İmam Baqir (ə) buyurur: “Təqvası olmayan şəxslər bizim hakimiyyət xəttində deyil.” 

3. Əxlaqi şərt: Təqva

Qur’anda Adəm (ə) övladlarının macərası nəql olunur. Onların hər ikisi qurban verdilər. Lakin birinin qurbanı qəbul oldu, o birininki isə qəbul olmadı. Allah-təala buyurur: “Allah yalnız təqvalılardan qəbul edir.” 

Nəql olunur ki, bir şəxs bazardan keçərkən bir dükandan iki çörək, o biri dükandan iki nar oğurladı. Sonra çörək və narı fəqirə verdi. Ona dedilər: “Bu nə işdir?” Dedi: “Allah hər günaha bir cəza, lakin hər savaba on qat mükafat verir. Mən iki nar, iki çörəklə dörd günah etdim, lakin onları fəqirə verib qırx savab qazandım. Qırx savabdan dörd günah çıxılanda otuz altı savab qalır.” Ona dedilər: “On qat mükafat təqva əsasında iş görənlərə verilir. Qəsb olunmuş maldan infaq etməyin mükafatı yoxdur. Yoxsa, oxumamısan ki, “Allah yalnız təqvalılardan qəbul edir.” 

4. İqtisadi şərt: Xalqın haqqını ödəmək

Ehtiyaclılara əl tutmaq, məzlumların haqqını ödəmək o qədər əhəmiyyətlidir ki, bə’zən ibadətin qəbul olması üçün şərt sayılır. Zəkat ödəmək və ya halal qazanmaq bu növ nümunələrdəndir. İmam Riza (ə) buyurur: “Zəkat (İslam vergisi) ödəməyən şəxsin namazı qəbul olmaz.” 

Başqa bir hədisdə həzrət Əli (ə) Kumeylə buyurur: “Halal yolla qazanc əldə etməsən, Allah-təala zikr və şükrünü qəbul etməz.” 

5. İctimai şərt: Xeyirxahlıq

İctimai əlaqələr, müsəlmanlar arasında qardaşlığın qorunması və İslam ardıcılları arasında yaxşı əlaqələr yaratmaq çox əhəmiyyətlidir. Buna görə yaxşı əlaqələrin pozulmasına səbəb olan hər bir əməl və söz pislənilir. “Qeybət”, “sui-zənn”, bədxahlıq, əlaqələri kəsmək, pis xasiyyət və sair bu kimi sifətlər və əməllər ibadətin qəbul olmamasına səbəb olur.

Allahın rəsulu (s) buyurur: “Hər kəs müsəlman qadın və kişinin qeybətini edərsə, onun tərəfindən bağışlananadək 40 gün namaz və orucu qəbul olunmaz.”  “Ey Əbuzər! Din qardaşlarından uzaqlaşıb, əlaqələri kəsmə. Çünki bu işləri görən insanların əməlləri qəbul olunmaz.” 

İmam Sadiq (ə) buyurur: “Allah din qardaşına qarşı pis niyyəti olan mö’minin əməlini qəbul etməz.”  “Sirkə balı məhv edən kimi, xalqla pis rəftar da əməlləri məhv edir.” 

Beləliklə, insanlar haqqında pis niyyət, dostluğun tərki, qeybət, müsəlmanların ictimai əlaqələrinin süstləşməsinə səbəb olan bu kimi əməllər ibadətin qəbul olmasına maneçilik yaradır. İbadətkar insanlar ibadətlərinin qəbul olması üçün Allah bəndələri ilə möhkəm dini əlaqələr yaratmalıdırlar.

6. Ailə şərti: Xoş rəftar

Müqəddəs İslam dini ibadət, siyasət, əxlaq və cəmiyyət arasında müsbət rabitələr yaratmışdır. Ailə daxilində qadın və kişinin bərabər hüquqlarının qorunması ibadətlərin qəbuluna maneə hesab olunur. Yer əlaqələrinin kəsilməsi səmavi əlaqələrin kəsilməsi ilə nəticələnir. Bu barədə İslam Peyğəmbəri (s) buyurur: “Allah pis rəftarlı, əziyyət verən qadının namazını və yaxşı işlərini qəbul etməz. Həmçinin kişinin!”  Təkcə qadının kişi ilə pis rəftarı və ya kişinin qadınla pis rəftarı yox, hətta ata-anaya qəzəbli baxış ibadətin qəbuluna mane olur. İmam Sadiq (ə) buyurur: “Hətta övladına zülm etmiş ata-anaya qəzəblə baxan övladların namazı qəbul olmur.”  Bəli, yerə möhkəm dayanmış namaz nərdivanı ilə me’raca qalxırıq. Lakin buz bağlamış və ya yumşaq yerə dayanmış nərdivanla yuxarı qalxmaq çətin, yaxud qeyri-mümkündür. İctimai əlaqələr, gözəl rəftarla yanaşı ibadət sayəsində mə’nəvi kamillik əldə olunur. İbadətin qəbul olmasına mane olan başqa işlər də rəvayətlərdə bəyan olunmuşdur. Məsələn, şərab içmək və sair. Əlbəttə, əgər Allah qəbul etmirsə də, namaz və orucdan uzaqlaşmaq düzgün deyil. Rəvayətlərin məqsədi ibadət edən şəxsin pis rəftarına xatir onun əməllərinin az dəyərli və zəif olmasını göstərməkdir.

QƏBUL NİŞANƏSİ

Qur’an namazın faydasını onun insanı çirkin və pis əməllərdən çəkindirməsində görür: “Həqiqətən, namaz çirkin və pis əməllərdən çəkindirər.”   Bu səciyyə namazın əsas dəyəri və əməllərin qəbul olma nişanəsidir. Boş toxum inkişaf etmir və bəhrə vermir. Pis əməllərdən çəkindirməyən namaz həmin dəyərsiz ibadətdir.

İmam Sadiq (ə) buyurur: “Hər kəs namazının qəbul olub-olmamasını bilmək istəyirsə, namazın onu günahdan və pisliklərdən uzaqlaşdırıb-uzaqlaşdırmamasına baxsın. Namaz onu günahdan nə qədər uzaqlaşdırarsa, həmin qədər də qəbul olar.” 

İBADƏTİN KAMİLLİK ŞƏRTLƏRİ

İbadətin düzgünlük və qəbul olma şərtlərindən əlavə kamillik şərtləri də var. Bu şərtlər ibadətin daha dəyərli və daha tə’sirli olmasına səbəb olur:

Çətinliyi olsun

Asan ibadətlər hamının əlindən gəlir. Lakin daha çox iradə, əziyyət tələb edən çətin ibadətlər daha dəyərlidir və kamilliyə daha yaxındır. Qur’an çətin vaxtlarda Allahın peyğəmbərinə kömək edən şəxsləri mədh edir.  İmam Həsən Müctəba (ə) minik olmasına baxmayaraq, daha çox mükafat əldə etmək üçün həccə piyada gedirdi. Qur’an yumşaq və isti yataqdan ayrılıb yalvarış və namaza başlayanları tə’rif edir. 

Həzrət Əli (ə) buyurur: “Ən üstün iş özünü vadar etdiyin işdir.” 

Qur’an çox çalışan və böyük mücahidlərin məqam və mükafatının daha üstün olduğunu bildirir: “Allah mücahidlərə evlərində oturanlardan daha böyük mükafatla imtiyaz vermişdir.”

2. Əhəmiyyətli olsun

Əhəmiyyətli işlər görmək ağıl, uzaq görənlik və xeyir tanıma nişanıdır. İslam daha faydalı və daha mühüm olan işlərə çağırır. İstər elm öyrənməkdə, istər ibadətdə, istərsə infaqda! İslam peyğəmbəri (s) buyurur: “Ehtiyaclı yaxınlar olan halda özgələrə kömək dəyərsizdir.”   Həzrət Əli (ə) buyurur: “Müstəhəb namazlar vacib namazlara ziyan yetirərsə, Allaha yaxınlığa səbəb olmaz.” 

3. Daimi tə’sirə malik olsun

İnsan əməlinin faydası onun bərəkətindədir. Daimi tə’sirli ibadətlər kamil ibadətlərdir. Bə’zi kiçik işlər bə’zi böyük işlərdən daha çox inkişafa səbəb olur. Bə’zi müqəddimələr bir çox əsərlərdən daha çox tə’sirli və bərəkətlidir. Demək, bərəkət ibadətin kamillik şərtlərindəndir.

4. Peyğəmbər (s) xəttində olsun

Xalqın istəyinə və mühitin tələbinə uyğun, ata-babalardan irs qalmış şəkildə ibadətlər yox, din övliyaları və Peyğəmbər (s) sünnəsi xəttində olan ibadətlər kamildir. İbadət hər nə qədər mə’sumların üsuluna yaxın olarsa, bir o qədər dəyərlidir.

5. Öncüllük

İbadət və yaxşı işlərdə öncüllük dəyərdir. Bu qəbil işlərdə önə keçmək kamillik me’yarıdır. Qur’an təkrar-təkrar “sariu” və “sabiqu” göstərişi verir. Qur’an buyurur: “Sizlərdən fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) infaq edənlər və vuruşanlar (başqaları ilə eyni deyillər). Onlar (mallarını Allah yolunda) fəthdən sonra infaq edib döyüşənlərdən dərəcə e’tibarı ilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına ən gözəl mükafat və’d buyurmuşdur.”  Demək, yaxşı işlərdə (infaq və cihad) öncüllük kamillik me’yarıdır. Həzrət Əli (ə) buyurur: “Xeyir iş üç halda daha dəyərli olur: sür’ətlə görüldükdə, görülmüş işi kiçik hesab etdikdə (qürrələnmədikdə) və gizli şəkildə olanda.”   Buna görə də ən yaxşı namaz vaxtında qılınan namazdır. Namazın vaxtından ötdükcə onun fəziləti azalır. Bizim rəsmi şüarımız sayılan azanda deyirik: “Namaza, qurtuluşa və yaxşı işlərə doğru tələs!”

6. Çətin şəraitdə ibadət

Zülmkar hakimiyyət altında edilən ibadətlər daha çox fədakarlıq istədiyi üçün yüksək tə’sirə və dəyərə malikdir. İbadət və bəndəliyə mane olan xarici mühit və daxili istəklər əl-ələ verərkən onlara qalib gəlmək və Allaha pərəstiş etmək dəyər və kamillikdir. Qur’an həqiqi mö’minləri belə mədh edir: “Allah yolunda vuruşar və heç kəsin tə’nəsindən qorxmazlar.”  “Onlar Allahın hökmlərini çatdırar, Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar.” 

Bəli, zalım hökumət və günahkar mühitdə özlərini və dinlərini qoruyanlar (məsələn, Fir’onun arvadı) yüksək məqam sahibləridir.

7. Həvəslə və davamlı olmalı

Həvəssiz ibadət münafiqlik nişanəsidir. Qur’an münafiqləri təsvir edərkən onların namaz zamanı həvəssiz olduqlarını bildirir: “Onlar namaza durduqları zaman tənbəlliklə (könülsüz) qalxar...”  Lakin bəndəliyə həvəs dəyərdir. Davamlı ibadət kamillik səbəbidir. Hədislərdə daimi az əməllərin könülsüz və müvəqqəti çox əməllərdən üstün olduğu göstərilir. Qur’an İslam dinində möhkəm olanlara elm, düşüncə və sair sahələrdə faydalar və mükafatlar və’d edir: “Əgər doğru yolda sabit qalsaydılar, biz onlara bol yağış verərdik...” 

8. İbadəti böyük saymamaq

Qürurlu insanlar ibadətlərini böyük və əhəmiyyətli sayırlar. Bu isə əməllərin puç olmasına səbəb olur. Abidin öz ibadətini böyük zənn edib, qürrələnməməsi ibadətin kamillik şərtlərindəndir. İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında Allahdan istəyir: “İlahi, mənə ibadət tövfiqi ver və ibadətlərimi təkəbbürlə puç etmə.”

Bir çox hədislər göstərir ki, insan yaxşı işlərini və ibadətlərini böyük hesab etməməlidir. Allah-təala Qur’anda mələklərin çox təsbihini, ibadətini və daimi zikrlərini yad edir ki, insanlar bir neçə rəkət namaz və kiçik ibadətləri ilə qürrələnməsinlər. 

9. Bəsirətli olmalı

Dində düşüncə, bəsirət və agahlıq əməllərin və ibadətlərin dəyər nişanəsidir. Agahlıq və bəsirət olmadan əməllər lazımi qədər dəyərli ola bilməz. Həzrət Əli (ə) buyurur: “Düşüncə və bəsirətsiz ibadət dəyərsizdir.”  Başqa bir hədisdə “yəqin” tə’biri bəyan olunur: “Yəqin” əsasında az, lakin həmişəlik əməl Allah yanında bəsirətsiz və yəqinsiz çox əməldən üstündür.”  Əməl və ibadətin kamillik şərtləri barəsində deyilənlərlə kifayətlənirik.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Aclığın dəyəri nədir?!
BӘDBӘXTLIKLӘR XOŞBӘXTLIKLӘRIN ANASIDIR
Islami rəvayətlərdə bayram günləri
ÖVLIYALAR ÜÇÜN BӘLA
FӘLSӘFI BӘDBINLIK
İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)

 
user comment