Azəri
Friday 26th of April 2024
0
نفر 0

ŞƏHADƏT [ŞAHİDLİK VERMƏK] AYƏSİNİN NƏSXİ

ŞƏHADƏT [ŞAHİDLİK VERMƏK] AYƏSİNİN NƏSXİ

يِا أَيُّهَا الَّذِينَ آمَنُواْ شَهَادَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ حِينَ الْوَصِيَّةِ اثْنَانِ ذَوَا عَدْلٍ مِّنكُمْ أَوْ آخَرَانِ مِنْ غَيْرِكُمْ

(Ey iman gətirənlər! Sizdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən [müsəlman] olmayan iki nəfəri şahid tutun). (5/106).

Şiə alimlərinin fikrincə ayənin verdiyi hökm sabitdir və nəsx olunmamışdır. Bu səbəbdən də (min ğəyrikum – özünüzdən olmayan) cümləsini nəzərə alaraq deyə bilərik ki, kitab əhlinin səfər zamanı müsəlmanlara vəsiyyət üçün şahidlik etməsi tamamilə düzgün və e᾽tibarlıdır. Abdulla ibni Qeys, İbni Abbas, Şurəyh, Səid ibni Musəyb, Səid ibni Cubəyr, Ubəydə, Məhəmməd ibni Siyrin, Şə᾽bi, Yəhya ibni Yə᾽mar kimi tanınmış əshab və tabeinlər və əhli-sünnə fiqhinin banilərindən olan Süfyan Suri və Əbu Ubeyd kimi görkəmli şəxsiyyətlər bu nəzəriyyəni qəbul etmişlər.

Lakin Zeyd ibni Əsləm, Malik ibni Ənəs, Şafei və Əbu Hənifə ayənin nəsx olunduğunu demişlər. Kafirlərin şəhadət verməsi hansı şəraitdə olursa-olsun, e᾽tibarlı sayılmır.[1]

AYƏNİN NƏSX OLUNMADIĞINI SÜBUTA YETİRƏN DƏLİLLƏR

Ayənin nəsx olunmadığını aşağıdakı dəlillərlə sübuta yetirmək olar.

1. Əhli-sünnə və şiə mənbələrində nəql olunmuş rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, kitab əhlinin müsəlmanlara verdikləri şəhadət yalnız o zaman qəbul oluna bilər ki, müsəlmanın verdiyi şəhadəti qəbul etmək mümkün olmasın. Belə ki, Koleyni, Hişam ibni Həkəmdən nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə)-dan «və axərani min ğəyrikum» – özünüzdən olmayan iki nəfəri şahid tutun — ayəsinin anlamını soruşdum. İmam (ə) buyurdu: Əgər bir şəxs qürbətdə [səfərdə] olarsa və vəsiyyət etməyə müsəlman tapmazsa, qeyri-müsəlmanın verdiyi şəhadəti e᾽tibarlı hesab etmək olar.[2] Şə᾽bi nəql etdiyi rəvayətdə deyir: Dəquqa adlı məntəqədə müsəlmanlardan biri vəfat edir. Vəsiyyət etməyə müsəlman tapa bilmədiyi üçün kitab əhlindən vəsiyyətinə şəhadət verəcək iki nəfər şahid tutur. Onlar Kufəyə gəlib əhvalatı Əbu Musa Əş᾽əriyə danışdıqdan sonra həmən şəxsin verdiyi əmanətləri ona təhvil verirlər. Əbu Musa onları diqqətlə dinlədikdən sonra deyir: Peyğəmbərdən (s) sonra belə bir əhvalat baş verməmişdir.

Sonra onlara and içdirir ki, həmən şəxsin pul və var-dövlətinə xəyanət etməmiş və etdiyi vəsiyyətdə dəyişikliklər aparmamışlar. Onlar da əmanətə xəyanət etmədiklərinə və vəsiyyətdə heç bir dəyişikliklər aparmadıqlarına and içirilər. Beləliklə, Əbu Musa kitab əhlindən olan iki nəfər şəxsin verdikləri şəhadəti bir müsəlmanın verdiyi şəhadətlə bərabər tutaraq qəbul edir.

2. Əvvəlki fəsildə Maidə surəsinin nazil olması haqda nəql olmuş rəvayəti ayənin nəsx olunmamasına dair ikinci əsaslı dəlil hesab etmək olar. Çünki rəvayətdən belə nəticəyə gəlmək olur ki, Maidə surəsi, Qur᾽anın nazil olmuş son surəsidir və onun ayələri nəsx olunmadan qüvvədə qalmaqdadır.

3. Ayənin nəsx olunmasını sübuta yetirəcək əsaslı dəlillər olmalıdır. Nəsx nəzəriyyəsi tərəfdarlarının istinad etdikləri dəlillər isə bunu sübuta yetirməyə qadir deyildir.

NƏSX NƏZƏRİYYƏSİ TƏRƏFDARLARININ İSTİNAD ETDİKLƏRİ DƏLİLLƏR

Qeyd etdiyimiz kimi, əhli-sünnə alimlərinin bir qismi ayənin nəsx olunmasına dair müxtəlif fikirlər irəli sürmüşlər və bu barədə bir neçə dəlilə istinad etmişlər. Biz onlardan bir neçəsinə işarə edirik.

1. Deyilir: Allah-taalanın, şəhadət verən şəxslər üçün tə᾽yin etdiyi əsas şərt onların adil olmaları və müsəlmanların e᾽timadını qazanmalıdır.

Qur᾽ani-Kərimdə bu haqda yazılır:

«Razı olduğunuz şahidlərdən» (2/282).

2. «İçərinizdən iki ədalətli şahid tutun» (63/2).

E᾽timad və ədalətin kafirlərdə olmadığını nəzərə alaraq deyə bilərik ki, onların verdikləri şəhadət e᾽tibarsız və qeyri-məqbuldur. Belə olduqda onların vəsiyyət üçün verdikləri şəhadət də e᾽tibarsız hesab olunmalıdır. Demək, haqqında söhbət açdığımız ayə də yeni verilən hökm ilə nəsx olunaraq öz qüvvəsini itirmişdir.

Cavab:

Gətirilən bu dəlili bir neçə səbəbdən əsassız hesab edə bilərik. Əvvəla ona görə ki, birinci ayənin şahidlik verməyə dəlalət etdiyini fərz etsək də belə, ikinci ayəyə diqqət yetirməklə onun şəhadətə deyil, təlaq hökmünə aid olunduğunun şahidi olarıq. Demək, onların heç biri vəsiyyət üçün verilən şahidlikdə ədalətin əsas şərt olmasına dəlalət etmir. Digər tərəfdən isə hər iki ayənin təlaq hökmünə aid olması və onun bütün hallara şamil olunduğunu fərz etsək, haqqında söhbət açdığımız ayəni təlaq hökmünə şamil olan bu iki ayə üçün bir növ əlavə hesab etməli olacağıq. Çünki ümumi xarakter daşıyan bir hökm, başqa bir məhdud hökmü nəsx etməyə qadir deyildir. Belə olduqda adətən məhdud hökm, mütləq və ümumiyyət xarakteri daşıyan hökmlərə əlavə olunur.

2. Nəsx nəzəriyyəsi tərəfdarlarının istinad etdikləri ikinci əsaslı dəlil icmanın irəli sürdüyü nəzəriyyədir. İcma belə bir fikirdədir ki, əməli-saleh olmayan fasiq şəxslərin verdikləri şahidlik [şəhadət] e᾽tibarsız sayılır. Kafirlər də fasiq [günahkar] olduqları üçün onların verdikləri şəhadət e᾽tibarsız sayılmalıdır.

Alimlərin əksəriyyəti kitab əhlinin verdikləri şəhadəti e᾽tibarlı hesab etdikləri üçün icmanın irəli sürdüyü bu nəzəriyyəni tamamilə əsassız hesab etmək olar. Belə ki, alimlərin bir çoxu fasiq müsəlmanın vəsiyyəti üçün kitab əhlinin verdiyi şəhadəti e᾽tibarlı hesab edir. Demək, fasiq müsəlmanın şəhadət verməsinin e᾽tibarsız hesab olunması, öz din və məzhəbində e᾽timad qazanmış qeyri-müsəlman adil bir şəxsin verdiyi şəhadətin e᾽tibarsız olmasına dəlalət etmir. Çünki əqli baxımdan bu iki ayə arasında heç bir əlaqə yoxdur.

3. Deyilir: Kafirlərin verdiyi şəhadət yalnız vəsiyyət üçün qəbul oluna bilər. Lakin bu barədə də bə᾽zi ixtilaflar nəzərə çarpır. İxtilaf doğuran məsələlərdə icmaya və şübhə meydana gəldikdə isə qəti və əsaslı hökmə müraciət etmək lazımdır.

Cavab:

Bir o qədər də məntiqli olmayan və insanda təəccüb doğuran belə bir dəlilin əvəzinə yaxşı olardı ki, bunun tam əksinə istinad olunub deyiləydi. Peyğəmbərin (s) zamanında kafirlərin vəsiyyət üçün verdikləri şəhadət hamı tərəfindən qəbul olunardı. Lakin Peyğəmbər (s) vəfat etdikdən sonra bu barədə ixtilaf meydana gəldi. İxtilaf doğuran hər bir məsələdə isə icmaya müraciət etmək lazımdır.

Nəticə:

Dediklərimizdən belə bir qənaətə gəlmək olur ki, ayənin nəsx olunmasına dair irəli sürülmüş nəzəriyyələr tamamilə batil və əsassızdır və bu nəzəriyyəyə istinad edən varsa, o da son dövrün bə᾽zi fiqh alimləridir.

Məgər Qur᾽anın verdiyi qəti bir hökmü kimlərinsə verdikləri fətvalarla əvəz etmək olarmı?

Daha da təəccüb doğuran Həsən Zəhranın irəli sürdüyü nəzəriyyədir. O deyir: «Ov axərani min ğəyrikum» – özünüzdən olmayan iki nəfər şəxsi — cümləsindən məqsəd, heç də kafir və kitab əhlinin şəhadət vermələri deyildir. Buradan məqsəd «öz qövm və qəbilənizdən olmayan» şəxslərdir. Çünki ayədə birbaşa olaraq kitab əhlinin adı çəkilmədiyi üçün biz verilən şəhadətin onlara dəlalət etdiyi haqda bir söz deyə bilmərik. Bu nəzəriyyə ayənin təfsiri haqda nəql olmuş rəvayətlə yanaşı, ayənin zahiri mə᾽nası ilə də tam ziddiyyət təşkil edir. Çünki ayədə xitab [müraciət olunan] yalnız mö᾽minlərdən və «ğəyrikum» – özünüzdən olmayan — deyildikdə mö᾽min olmayanlar, yə᾽ni, kafirlər nəzərdə tutulmalıdır.

Diqqət yetirmək lazımdır ki, ayə heç bir şərt olmadan şəhadətin verilməsinə dəlalət edir və verilən şəhadət istər kitab əhlindən olan kafirlər tərəfindən verilsin, istərsə də kitab əhlindən olmayan kafirlər və həmçinin istər mö᾽minlərin özləri tərəfindən mümkün olsun, istərsə də qeyri-mümkün.

Lakin bu məzmunda nəql olmuş bir çox rəvayətlərdə şəhadətin mö᾽minlər tərəfindən verilməsi mümkün olmadıqda, kitab əhlindən olan kafirlər tərəfindən verilməsinə dəlalət etdiyi göstərilir və bu hökm istisna ilə aradan qaldırılaraq Qur᾽anın ümumi xarakter daşıyan hökmünün, Peyğəmbərin (s) buyurduqları ilə sabit olunan hökmlərə daxildir.

ZƏKAT AYƏSİNİN NƏSXİ

وَهُوَ الَّذِي أَنشَأَ جَنَّاتٍ مَّعْرُوشَاتٍ وَغَيْرَ مَعْرُوشَاتٍ وَالنَّخْلَ وَالزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُتَشَابِهًا وَغَيْرَ مُتَشَابِهٍ كُلُواْ مِن ثَمَرِهِ إِذَا أَثْمَرَ وَآتُواْ حَقَّهُ يَوْمَ حَصَادِهِ وَلاَ تُسْرِفُواْ إِنَّهُ لاَ يُحِبُّ الْمُسْرِفِينَ

“Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı [bostanları və bağları], dadları müxtəlif olan xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. [Onların hər biri] bar verdiyi zaman barından yeyin, yığım günü haqqını [zəkatını, sədəqəsini] ödəyin, lakin israf etməyin. Allah israf edənləri sevməz.)

Əhli-sünnə alimlərinin bir çox ayənin nəsx olunduğuna istinad edirlər. Onlar buna dair müxtəlif nəzəriyyələr irəli sürmüşlər:

1. Ayə zəkat barəsində nazil olmuşdur. Lakin verilən hökm arpa, buğda, xurma və s. bu kimi istisna olmaqla ayədə adları çəkilən meyvələr ilə nəsx olunmuşdur. Çünki Peyğəmbərin (s) bir çox səhabələri və onların davamçıları olan tabeinlər bütün bitkilərə zəkat verməyi vacib hesab etmişlər. Lakin Əbu Hənifə istisna olaraq «odun», «qamış» və «samandan» başqa bütün becərilən bitkilərə zəkat verməyi vacib hesab etmişdir.

2. Deyirlər:

Ayə Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlə nəsx edilmişdir. Belə ki, zəkat olduğu vəziyyətdən 10-da bir və 20-də birə qədər müəyyənləşdirilmişdir. Sudey və Ənəs ibni Malik ayənin nəsx olunmasına dair bu nəzəriyyəni irəli sürmüşlər. Bə᾽zən İbni Abbasın və Məhəmməd ibni Hənəfinin də bu fikirdə olduqlarına istinad etmişlər.

3. Nəsx nəzəriyyəsi tərəfdarları bə᾽zən deyirlər: Ayənin zəkat hökmü ilə heç bir əlaqəsi yoxdur. Haqq və ödəniş deyildikdə zəkat deyil, bu ayə ilə veriləsi vacib olan başqa bir ödəniş nəzərdə tutulur.

Zəkat hökmü verildikdən sonra isə ayə nəsx olunmuşdur.

Bizim nəzərimiz: Bizim fikrimizcə ayənin nəxs olunmasına dair irəli sürülmüş hər üç nəzəriyyə tamamilə batil və əsassızdır. Dediklərimizi sübuta yetirəcək bir neçə dəlilə işarə etmək istəyirik.

1. Əhli-beyt tərəfindən nəql olmuş bir neçə rəvayətdə «haqq və ödəniş» zəkat kimi təfsir olunmamışdır. Belə ki, Koleyni nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə), Müaviyə ibni Həccaca deyir: Əkinçilikdə iki ödəniş vardır. Onlardan biri səndən alınır, digərini isə sən özün ödəyirsən. Müaviyə deyir: İmam Sadiq (ə)-dan onlardan hansının alındığını və hansının ödənildiyini soruşdum.

İmam Sadiq (ə) buyurdu: Əkdikləriniz şeylərdən 10-da biri və 20-də bir qismi zəkat halında sizdən alınır. Özünüz ödədiyiniz isə Allah buyurduğu «Və atu həqqəhu yovmə həsadihi» – yığım günü haqqını ödəyin — ayəsidir.[3]

İbni Mərdəveyh, Əbu Səiddən və o da Peyğəmbərdən (s) ayənin təfsirinə dair nəql etdiyi rəvayətdə deyir: Burada yığım zamanı yerə tökülmüş sünbüllər nəzərdə tutulur.

2. Bildiyimiz kimi Ən᾽am surəsi Məkkədə bir dəfəyə [eyni zamanda] nazil olmuşdur. Zəkat ayəsi isə hicrətdən sonra Mədinədə nazil olmuşdur. Demək ayənin birinin digərini nəsx etməsi sadəcə olaraq qeyri-mümkündür.

Ən᾽am surəsinin Məkkədə nazil olmasına dair kifayət qədər hədis və rəvayət nəql olmuşdur. Bu rəvayətlərdən birini Koleyni öz kitabında Həsən ibni Həmzədən nəql edir.

İmam Sadiq (ə) buyurur: Ən᾽am surəsi birdəfəyə nazil olmuşdur. Surədə Allahın adı yetmiş dəfə çəkildiyi üçün onu yetmiş min mələk Peyğəmbərə (s) tə᾽zimlə nazil etmişlər. Əgər camaat onun oxunmasının nə qədər fəzilətli olduğunu bilsəydilər, daim onu qiraət etməyə can atardılar.

İbni Abbasdan nəql olunmuş rəvayətdə deyilir: Ən᾽am surəsi gecə ikən birdəfəyə Məkkədə nazil olmuşdur. Surə nazil olarkən yetmiş min mələk onu müşahidə edərək Allaha şükür və səna edirdi.

Bu və bu məzmunda nəql olunmuş digər rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, haqqında söhbət açdığımız ayə zəkat hökmü verilməzdən əvvəl nazil olmuşdur.

Zucac deyir: Bə᾽zilərinin fikrincə ayə Mədinədə nazil olmuşdur. Lakin bu nəzəriyyə əsassız olmaqla yanaşı nəql olunmuş rəvayətlərlə də ziddiyyət təşkil edir.

3. Ayənin nəsx olunmadığını sübuta yetirəcək sonuncu dəlil məhsulun biçim zamanı ödənilməsidir. Demək bu zəkatdan fərqli olan başqa bir vergi haqqıdır. Çünki zəkat yığım zamanı deyil, məhsul yığılıb dəyirmanda döyüldükdən və bölündükdən sonra ödənilir.

Əhli-beytin məhsulun axşam yığılmasına dair qoyduğu qadağa və bu məzmunda onlar tərəfindən nəql olunmuş onlarla hədis və rəvayət dediklərimizi bir daha sübuta yetirir. Rəvayətlərdən belə bir mə᾽na əldə etmək olur ki, məhsul gecə ikən yığıldıqda yoxsul və imkansız təbəqə bundan xəbərsiz qalır və paylarına düşən ödənişdən məhrum olurlar.

Cə᾽fər ibni Məhəmməd ibni İbrahim İmam Sadiq (ə)-a istinad edərək atası İmam Baqir (ə) və o da atası İmam Səccad (ə)-dan nəql edir ki, Peyğəmbər (s), xurma və digər əkin məhsullarının gecə ikən yığılmasını yasaq etdirdi. Cə᾽fər rəvayəti nəql etdikdən sonra deyir: Yasaq hökmü bəlkə də yoxsul və imkansızların yığımdan xəbərsiz qaldıqları üçün verilmişdir.

Cavab:

Bə᾽zilərinin fikrincə «haqqını ödəyin» deyildikdə zəkat, və «yovmə həsadihi» – yığım günü cümləsindən ödəniş vaxtı deyil, ödənişin vaxtının vacib olması nəzərdə tutulur. Çünki ödəniş məhsul yığılıb, üyüdülüb və bölündükdən sonra həyata keçirilir. Demək «yovmə həsadihi» – yığım günü cümləsi ödəniş haqqı [vergi] deyildikdə hökmən zəkatın nəzərdə tutulduğuna dəlalət edə bilməz.

Cavab:

Nəql olmuş rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, «yovmə həsadihi» – yığım günü deyildikdə ödəniş vacibliyi deyil, ödəniş vaxtı nəzərdə tutulur.

1. Zaman şəkilçisi hökm halında deyil, fe᾽l mə᾽nasında işlənilir. Məsələn «Zeydə cümə günü hörmət və ehtiram et» deyildikdə, cümə günü burada hörmət və ehtiramın vacibliyi üçün deyil, Zeydə olunacaq ehtiramın nə zaman olunacağına dəlalət edir.

2. Haqqında söhbət açdığımız ayə ilə tətbiq olunmayınca, zəkat verilməsi biçim zamanı vacib olunmur. Zəkat haqqı [vergisi] yalnız o zaman tə᾽yin oluna bilər ki, buğda və ya arpa dən halına düşüb istifadəyə yararlı olsun. Bu səbəbdən də ayədə «yığım gününə» xüsusi diqqət yetirilməsi, verilməsi vacib olan zəkat vergisindən fərqli olan başqa bir ödəniş nəzərdə tutulur.

3. Ayənin zəkat hökmünə dəlalət etmədiyinə dəlalət edən başqa bir dəlil Allahın, israfa yol verilməməsinə dair verdiyi hökm və zəkatın müəyyən həddə ödənilməsidir.

Beləliklə ayədə ödəniş deyildikdə, zəkatın nəzərdə tutulmadığı bəlli oldu və zəkat hökmünü verən ayənin bu ayə ilə heç bir bağlılığı yoxdur və təbii ki, belə olduğu bir halda onu nəsx etməsi də qeyri-mümkündür.

Nəticə:

Qeyd etdiklərimizdən belə mə᾽lum olur ki, ayənin nəsx olunmasına dair irəli sürülmüş nəzəriyyə əkin məhsullarına aid olan zəkat kimi vacib olan başqa bir verginin ödənilməsinin vacibliyi ilə sübuta yetirilir. Və bu hökm zəkat ayəsi ilə əvəz edilərək nəsx olunur. Lakin nəsx nəzəriyyəsi tərəfdarları zəkat vergisindən əvvəl belə bir verginin vacibliyini sübuta yetirəcək əsaslı dəlil gətirməyə qadir deyildirlər. Çünki əgər «Ayədə verilən hökm onun vacibliyinə dəlalət edir və bu səbəbdən də nəsx olunan vergi [ödəniş], vacibdir» deyərlərsə, cavabında deyilməlidir:

Hökmün icrası vacib olmaqla yanaşı, davamiyyətli olması da zərurət doğurur və onların hər ikisi haqqında söhbət açdığımız ayədə özünü büruzə verməyir. Çünki əgər davamiyyəti nəzərə alarıqsa, vaciblik istər-istəməz öz əhəmiyyətini itirmiş olur. Vacibliyi nəzərə aldıqda da eyni qaydada davamiyyət öz əhəmiyyətini itirmiş olacaq və bilirik ki, zəkatdan savayı başqa bir verginin ödənişi vacib deyildir.

Bu səbəbdən də ya gərək hökmün vacib olmasından əl çəkib onun davamiyyətinə əsaslanmalı, ya da davamiyyətdən əl çəkməli və vacibliyinə əsaslanaraq hökmün nəsx olunduğu qəbul olmalıdır. Lakin verilən ikinci ehtimal bə᾽zi üstünlüklərə malikdir.

Əvvəla ona görə ki, ödənişin davamiyyəti və daimi olduğuna dair imamlardan kifayət qədər hədis və rəvayət nəql olunmuşdur və biz növbəti fəsillərdə bu rəvayətlər haqda danışacağıq.

Digər tərəfdən də əgər belə bir vacib vergi haqqı olsaydı, Peyğəmbərin (s) əshabı və sonrakı dövrlərdə yaşayan müsəlmanlar tərəfindən ödənilər və yalnız Əkrəmə və Zəhhan kimilərin nəql etdiyi rəvayətlərdə məhdudlaşmazdı.

Demək, ayədə vergi deyildikdə ödənişi müstəhəb olan başqa bir vergi haqqı nəzərdə tutulur. Vergi meyvələr yığıldıqdan və dənli bitkilər biçilərək döyüldükdən sonra yoxsul və ehtiyacı olanlara verilir ki, onlar bu yolla ailə üzvlərini qismən də olsa tə᾽min edərək özlərini hər şeydən məhrum hiss etməsinlər. Bir sözlə, haqqında söhbət açdığımız ayə nəsx olunmadan öz qüvvəsində qalmaqdadır.

ƏTİ HARAM OLAN HEYVANLARIN YEYİLMƏSİNƏ DAİR NAZİL OLMUŞ AYƏNİN NƏSXİ

قُل لاَّ أَجِدُ فِي مَا أُوْحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَى طَاعِمٍ يَطْعَمُهُ إِلاَّ أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍ فَإِنَّهُ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلاَ عَادٍ فَإِنَّ رَبَّكَ غَفُورٌ رَّحِيمٌ

«[Ya Rəsulum!] De ki: «Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə [“Bismillah” deyilmədən] kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər [bunlardan yesə, Allah ona cəza verməz]» Çünki sənin Rəbbin, həqiqətən bağışlayan və rəhm edəndir!» (6/145).

Nəsx nəzəriyyəsi tərəfdarları deyirlər: Ayə nazil olmaqla bə᾽zi heyvanların ətinin yeyilməsi haram, başqalarının yeyilməsi isə halal edilmişdir. Lakin sonralar Peyğəmbərin (s) buyruqları ilə digər yeyim şeyləri də haram edilərək ayə nəsx olunmuşdur.

Cavab:

Digər ayələr kimi, bu ayənin də verdiyi hökm sabitdir və nəsx olunmamışdır. Çünki ayə qanunvericilik xarakteri daşımır və belə bir halda təbii ki, onun nəsx olunması da tamamilə əsassız olardı. Ayədə sadəcə olaraq İslam dinində əvvəllər haram olmayan şeylər (meytə, qan, donuz əti və kəsilərkən Allahın adı çəkilməyən heyvanlar) haqda xəbər verilir və bunun, sonralar digər yemək şeylərinin haram olmasına dair verilən yeni hökm ilə heç bir ziddiyyəti yoxdur. Çünki hər hansı bir mətləb barədə mə᾽lumat verən xəbər cümləsində nəsx heç bir mə᾽na kəsb etmir.

Ayədə haram olan şeylərin bir-bir adlarının çəkilməsi isə bir növ əlavə xarakteri daşıyır. Belə ki, müşriklər İslam dini zühur etməzdən, İslamın haram etmədiyi bə᾽zi şeyləri özlərinə haram etmişdilər. Ayə nazil olmaqla onların əqidə və adət-ən᾽ənlərini inkar və ləğv edir. Əvvəlki ayəyə diqqət yetirsək görəcəyik ki, qoyulan məhdudiyyət, həqiqi məhdudiyyətdir, yə᾽ni, ayə nazil olarkən yeyilməsi haram olan ətlər məhz ayədə göstərilən miqdarda müəyyənləşdirilmişdir və belə bir mə᾽nanın dərk olunması daha asandır. Çünki ayə İslamın zühur etdiyi ilk illərdə nazil olmuşdur və təbii ki, sonralar həzrət Məhəmmədin (s) 23 illik peyğəmbərliyi dövründə tədriclə yeni ayələr nazil olmuş və yeni-yeni qanun və qadağalar tə᾽yin olunmuşdur. Yasaq hökmü verildikdən sonra, başqa bir yasaq və qadağanın tə᾽yin olunması hər hansı bir hökmün nəsx olunmasına əsla dəlalət etmir. Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, əvvəla haqqında söhbət açdığımız ayə qanunverici deyil, xəbər xarakteri daşıyır və yeyilməsi haram olan ətlərin müəyyənləşdirilməsi ya həqiqidir və ya nisbi və hər iki halda ayənin nəsx olunması heç bir mə᾽na və məfhum kəsb etmir.

DÖYÜŞDƏN FƏRARİLİK AYƏSİNİN NƏSXİ

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُواْ زَحْفاً فَلاَ تُوَلُّوهُمُ الأَدْبَارَ وَمَن يُوَلِّهِمْ يَوْمَئِذٍ دُبُرَهُ إِلاَّ مُتَحَرِّفاً لِّقِتَالٍ أَوْ مُتَحَيِّزاً إِلَى فِئَةٍ فَقَدْ بَاء بِغَضَبٍ مِّنَ اللّهِ وَمَأْوَاهُ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ

«Ey iman gətirənlər! Kafirlər bir yerə toplaşdıqları vaxt onlarla rastlaşsanız, dönüb qaçmayın! [Düşməni aldatmaq məqsədilə yoldan özünü qaçan kimi göstərib] təkrar döyüş üçün bir tərəfə çəkilən və ya [kömək məqsədilə müsəlmanlardan ibarət] başqa bir dəstəyə qoşulanlar istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olur. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir!» (8/15-16).

Bə᾽zi müfəssirlərin fikrincə bu ayə həmən surənin 66-cı ayəsi ilə nəsx olunmuşdur. Orada deyilir:

الآنَ خَفَّفَ اللّهُ عَنكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًا فَإِن يَكُن مِّنكُم مِّئَةٌ صَابِرَةٌ يَغْلِبُواْ مِئَتَيْنِ وَإِن يَكُن مِّنكُمْ أَلْفٌ يَغْلِبُواْ أَلْفَيْنِ بِإِذْنِ اللّهِ وَاللّهُ مَعَ الصَّابِرِينَ

«[Ey mö᾽minlər!] İndi Allah yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə [kafirə], min kişi olsa, iki min nəfərə Allahın izni ilə qələbə çalar. Allah səbir edənlərlədir!» (8/66).

Nəsx nəzəriyyəsi tərəfdarları deyirlər: Ayədən belə bir qənaətə gəlmək olur ki, əgər müsəlmanların sayı kafirlərin yarısından az olarsa, döyüş meydanını tərk edə bilərlər. Göründüyü kimi birinci ayədə döyüş meydanından qaçmaq qətiyyətlə qadağan olunur, növbəti (66-cı) ayə nazil olmaqla hökm nəsx olunur və müsəlmanlara bir növ güzəştə gedilərək döyüş meydanını tərk etməyə icazə verilir.

Əta və İbni Reyhan ayənin nəsx olunmasına dair irəli sürülmüş bu nəzəriyyəyə istinad etmişlər.

Cavab:

Gətirilən dəlil tamamilə əsassızdır və ayənin nəsx olunması ilə heç bir əlaqəsi yoxdur. Belə ki, döyüş meydanını tərk etmək yalnız o zaman haram ola bilər ki, müsəlmanların sayı kafirlərin yarısından az olmasın. Onların sayı kafirlərin yarısından az olduqda isə, döyüş meydanını tərk etmələrinin qətiyyətlə haram olduğunu deyə bilmərik.

Bu səbəbdən də ayələrin birinin digərini nəsx etməsi üçün heç bir ziddiyyət yoxdur. Diqqət yetirsək görərik ki, bu iki ayə arasında sıx bağlılıq vardır və bu bağlılıq müharibə üçün böyük əhəmiyyət kəsb edən təbii qanunun əsasını qoyur. O da bundan ibarətdir ki, müsəlmanlar qələbəyə yaxın olduqlarını gördükdə son damla qanlarınadək mübarizə aparmalı və döyüş meydanını tərk etməməlidirlər. Kifayət qədər qüdrətə malik olmadıqda və məğlubiyyətin qəti olduğunu gördükdə isə, döyüş meydanını tərk etməyə bilərlər.

Lakin Əmr ibni Ömər, Əbu Hüreyrə, Əbu Səid, Əbu Nəzrə, Nafe Mövla ibni Ömər, Həsən Bəsri, Əkrəmə, Qətadə, Zeyd ibni Əbi Həbib və Zəhhakdan nəql olmuş rəvayətdə döyüş meydanının tərk olunmasına dair verilmiş yasaq hökmünün hamıya [və bütün dövrlərə] şamil olmadığı göstərilir. Onların fikrincə, bu verilən yasaq hökmü «Bədr» döyüşündə iştirak edən döyüşçülərə aid olmuş və onlar ayə nazil olmaqla döyüşə sövq edilmişlər.

Əhli-sünnənin məşhur alimlərindən olan Əbu Hənifə də ayənin nəsx olunmasına dair irəli sürülmüş bu ayəyə istinad etmişdir.

Müəllif:

İrəli sürülmüş bu nəzəriyyə də digər ayələrin nəsx olunmasına dair irəli sürülmüş nəzəriyyələr kimi bir neçə səbəbdən batil və tamamilə əsassızdır.

1. Ayə Bədr döyüşündən sonra nazil olmuşdur. Demək bu hökmü Bədr döyüşçülərinə aid etmək tamamilə əsassız olardı.

2. Hər hansı bir məsələyə dair verilən hökm müəyyən şəxslərə deyil, ümumi olaraq hamıya şamil olunur. Bu səbəbdən də fərariliyə dair verilən yasaq hökmü yalnız Bədr döyüşünə deyil, bütün dövrlərə şamildir.

Demək haqqında söhbət açdığımız ayədən üç nəzəriyyə əldə etmək olar:

1. Nəsx nəzəriyyəsi;

2. Ayənin Bədr döyüşünə aid olması;

3. Hər iki nəzəriyyənin batil və əsassız oldması.

Sonuncu nəzəriyyə bizim tərəfimizdən irəli sürülmüşdür. Bir qədər əvvəl qeyd etdik ki, ayənin məzmunu qəti məğlubiyyət istisna olmaqla, bütün döyüş meydanlarını tərk etməyə şamil olunur. Hökm indinin özündə də sabitdir və nəsx olunmamışdır. O ki, qaldı ikinci ayəyə, döyüş meydanını yalnız çıxılmaz vəziyyətdə və məğlubiyyət qəti olduqda tərk etməyə icazə verir.

Şiə və əhli-sünnə alimlərinin bir çoxu ayənin nəsx olunmadığı haqda məhz bu fikirdədirlər və hər iki mənbələrdə nəql olmuş rəvayətlərdə bu nəzəriyyə bir daha sübuta yetirilir.

Belə ki, Koleyni, İmam Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə deyir: Böyük günahlar yeddi qismə bölünür: Mö᾽min bir şəxsi bilərəkdən öldürmək, ismətli qadını zinakarlıqda ittiham etmək, döyüş meydanını tərk etmək, yetimin malını yemək [mənimsəmək], hicrət etdikdən sonra yenidən cahiliyyət dövrünün adət-ən᾽ənələrinə qayıtmaq və Allahın Qur᾽anda əzab və᾽dəsi verdiyi [yasaq etdiyi] hər bir şeylərə əməl etmək.

Əbu Hüreyrə, Peyğəmbərdən (s) nəql etdiyi rəvayətdə deyir: Sizi fəlakətə sürükləyəcək yeddi günahdan uzaq olun. Peyğəmbərdən (s) onların hansı günahlar olduğunu soruşduqda buyurdu: Allaha şərik qoşmaq, sehr [cadugərlik] etmək, haqsız olaraq qan tökmək, yetimin malını yemək [mənimsəmək], döyüş meydanını tərk etmək və ismətli bir qadını zinakarlıqda ittiham etmək.

SÜLH AYƏSİNİN NƏSXİ

وَإِن جَنَحُواْ لِلسَّلْمِ فَاجْنَحْ لَهَا

«Əgər onlar sülhə [barışığa] meyl etsələr, sən də sülhə meyl et.» (8/61).

Müfəssirlərin bə᾽ziləri, o cümlədən İbni Abbas, Mucahid, Zeyd ibni Əsləm, Əta, Əkrəmə, Həsən Bəsri və Qətadə ayə barədə öz fikirlərini belə bəyan edirlər: ...Ayə «Səyf» ayəsi ilə nəsx olunmuşdur. Çünki yuxarıda qeyd olunan ayə müsəlmanları sülh və sazişə də᾽vət edir. Sərf ayəsində isə heç bir güzəşt olunmadan müşriklərə qarşı cihad hökmü verilir.

Cavab:

Ayənin nəsx olunmadığına dair iki əsaslı dəlilə istinad edə bilərik.

1. Cihad hökmünü verən “Səyf” ayəsi yalnız müşriklərə şamil olunur. Belə ki, Peyğəmbər (s) hicrətin 10-cu ilində kitab əhlindən olan Nəcran müşrikləri ilə sülh sazişini imzalamışdır. Həmən surədə olan “Səyf” ayəsi isə Nəcran müşrikləri ilə imzalanan sülh sazişindən bir il əvvəl, yə᾽ni, hicrətin 9-cu ilində nazil olmuşdur və təbii ki, əgər “Səyf” ayəsi kitab əhlindən olan Nəcran məsihilərinə də şamil olsaydı, Peyğəmbər (s) onlarla sülh sazişini imzalamazdı. Demək sülh ayəsi hamıya cihad hökmünü verən “Səyf” ayəsi ilə müşriklərə şamil olunur. Bir sözlə, «Səyf» ayəsi bir növ istisna xarakteri daşıyır. Hökmün istisna xarakteri daşıması isə ayənin nəsx olunmasına əsla dəlalət etmir.

2. Müşriklərlə müharibənin vacibliyi və sülh sazişinin bağlanılmasının ən başlıca şərti müsəlmanların kifayət qədər qüdrətə malik olması və onların qələbəyə yaxınlaşmasıdır. Əks təqdirdə, kafirlərlə sülh sazişinin bağlanılmasının heç bir nöqsanı yoxdur. Belə ki, Peyğəmbər (s) Hüdeybiyyə döyüşündə bu qanundan istifadə edərək Qureyş qəbiləsi ilə sülh sazişini imzalayır.

Qeyd etdiklərimizdən belə mə᾽lum olur ki, «sülh ayəsi» «Səyf» ayəsi ilə nəsx olunmamışdır. Lakin sülh sazişi – müsəlmanlar kifayət qədər qüdrətə malik olmadıqda – imzalanmalı, döyüş isə onların düşməndən üstün olduqları vaxt aparılmalıdır.

Məhəmməd surəsinin 35-ci ayəsində bu haqda deyilir:

فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَن يَتِرَكُمْ أَعْمَالَكُمْ

«Buna görə də [cihadda] zəiflik göstərməyin və [kafirlərə] üstün [qalib] gəldiyiniz zaman [onları] sülhə də᾽vət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi boş [mükafatsız] qoymaz! (41/35).

Göründüyü kimi, ayədə müsəlmanların üstünlüyünə və kifayət qədər qüdrətə malik olduqda sülh sazişinə razı olmamalarına işarə olunur.

DÖYÜŞ ZAMANİ [DÜŞMƏNƏ QARŞI] MÜQAVİMƏT GÖSTƏRMƏK AYƏSİNİN NƏSXİ

يَا أَيُّهَا النَّبِيُّ حَرِّضِ الْمُؤْمِنِينَ عَلَى الْقِتَالِ إِن يَكُن مِّنكُمْ عِشْرُونَ صَابِرُونَ يَغْلِبُواْ مِئَتَيْنِ وَإِن يَكُن مِّنكُم مِّئَةٌ يَغْلِبُواْ أَلْفًا مِّنَ الَّذِينَ كَفَرُواْ بِأَنَّهُمْ قَوْمٌ لاَّ يَفْقَهُونَ الآنَ خَفَّفَ اللّهُ عَنكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًا فَإِن يَكُن مِّنكُم مِّئَةٌ صَابِرَةٌ يَغْلِبُواْ مِئَتَيْنِ وَإِن يَكُن مِّنكُمْ أَلْفٌ يَغْلِبُواْ أَلْفَيْنِ بِإِذْنِ اللّهِ وَاللّهُ مَعَ الصَّابِرِينَ

«[Ya Peyğəmbər!] Mö᾽minləri döyüşə həvəsləndir [təşviq et]. İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar anlamayan bir tayfadır. [Ey mö᾽minlər!] İndi Allah yükünüzü yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə [kafirə], min kişi olsa iki min nəfərə – Allahın izni ilə – qələbə çalar. Allah səbir edənlərlədir.» (8/65-66).

Nəsx nəzəriyyəsinin tərəfdarları deyirlər:

Birinci (65-cı) ayə növbəti (66-cı) ayə ilə nəsx olunmuşdur. Belə ki, İslam zühur etdiyi ilk illərdə kafirlərin sayı müsəlmanlardan on dəfə çox olsa da, müsəlmanlara [vacib olaraq] cihad hökmü verilmişdir. Sonralar isə müsəlmanlara güzəşt olunaraq müharibə zəruri olduğu şəraitdə və sayca iki dəfə az olduqda cihad əmri verilir. Göründüyü kimi yuxarıda qeyd olunan ayədə yüz nəfərin, iki yüz və min nəfərin iki min nəfərə qarşı döyüşərək zəfər çalacaqları haqda xəbər verilir.

Cavab:

Deyə bilərik ki, bu ayə də digər ayələr kimi nəsx olunmadan hökmü sabit olaraq qalmaqdadır. Çünki ayənin nəsx olunması üçün iki əsas şərt lazımdır:

1. Ayələrin fasilə ilə nazil olunmasını sübuta yetirmək;

2. İkinci ayənin, birinci ayəyə əməl olunduqdan sonra nazil olduğunu sübuta yetirmək. Çünki hökm icra olunmazdan əvvəl nəsx olunarsa birinci verilən hökm ləğv və öz qüvvəsini itirmiş olur.

Lakin nəsx nəzəriyyəsi tərəfdarları yalnız vahid xəbərə istinad edərək bu iki şərti sübuta yetirə bilmirlər. Və biz vahid xəbərlə Qur᾽an ayəsinin nəsx olunmadığının sübuta yetirilmədiyini dəfələrlə qeyd etmişik. Bunu da qeyd etməliyik ki, hər iki ayənin məzmunu, onların fasiləsiz olaraq eyni zamanda nazil olmasına dəlalət edir. Bu səbəbdən də hər iki ayənin hökmü sabit və dəyişilməzdir. İkinci ayənin verdiyi hökm, yə᾽ni, yüz nəfər müsəlmanın iki yüz nəfərlik düşmən ordusu müqabilində mübarizə aparması – qələbəyə ehtimal verildikdə – vacib və tə᾽xirəsalınmazdır. Lakin birinci ayənin verdiyi hökm isə, yə᾽ni, məsələn iyirmi nəfər müsəlmanın [on dəfə çox olan] iki yüz nəfərlik düşmən ordusuna qarşı mübarizə aparması vacib deyil, müstəhəb hökmdür.

Belə bir halda müstəhəb hökmün başqa bir vacib hökm ilə nəsx olunmasına dair yeni nəzər irəli sürmək nə dərəcədə düzgün ola bilər?

Nəsx nəzəriyyəsi tərəfdarları irəli sürdükləri nəzəriyyəni sübuta yetirmək üçün deyirlər: İslam zühur etdiyi ilk illərdə İslam mücahidləri sonrakı dövrlərdən daha dözümlü və daha cəsur olmuşlar.

Müsəlmanların sonrakı dövrlərdə döyüş meydanlarında göstərdikləri heyrətedici fədakarlıqları nəzərə alaraq deyə bilərik ki, irəli sürülmüş belə bir fərziyyə məntiqdən uzaq və tamamilə əsassızdır. Bütün bunları nəzərə alaraq müsəlmanların kifayət qədər qüdrətə nail olduqdan sonra düşmənin qarşısında süstlük göstərməsini əsaslı hesab etmək olarmı?!

Ayənin zahiri mə᾽nasından belə qənaətə gəlmək olur ki, müşriklərin sayının müsəlmanlardan on dəfə çox olmasına baxmayaraq, Allah-taala onları mübarizə aparmağa də᾽vət edir və nəticədə qələbə çalacaqlarına və᾽də verir.

Lakin Allah-taala müsəlmanların zəif və özlərindən sayca on dəfə çox olan düşmən müqabilində müqavimət göstərə bilməyəcəklərindən agah olduğu üçün belə bir hökmü onlara vermir. Onlara mübarizə aparmağa və müqavimət göstərməyə icazə verir və eyni zamanda düşmən sayca onlardan on dəfə çox olduqda mübarizəni dayandırmağa da izn verir.

Allah-taala, müsəlmanlara, düşmən sayca on dəfə onlardan çox olsa belə, layiqincə müqavimət göstərəcəkləri təqdirdə zəfər çalacaqlarını və᾽də verir. Lakin eyni zamanda onlara güzəşt də edir. Belə ki, düşmənə qarşı müqavimət göstərməyin vacib deyil, olduqca xeyirxah iş olduğu bildirilmiş və onlara müqavimətin yalnız düşmən onlardan iki dəfə çox olduqda zəruri olduğunu agah etmişdir. Belə olduqda müsəlmanlar qələbəyə nail olacaqlar. Çünki kafirlərin nə yaradılışa, nə də axirət dünyasına e᾽tiqadları vardır. Onlar çətinliklərə qarşı müqavimət göstərməyə qadir olmaz, həyatın ağrı-acısına sinə gərə bilməzlər. Bütün çətinliklərin həlli yolunu tapan və ümidini bir an da olsun qırmayan, yalnız Allaha sidq ürəklə iman gətirən mö᾽minlər isə qəlblərindəki iman nuru ilə küfrə qarşı qiyam edərək haqq sözünü bəyan edərlər. Çünki onlar istər zəfər çalsınlar, istərsə də zahirdə məğlub olsunlar, özlərini qalib hesab edirlər.

Nisa surəsinin 104-cü ayəsində bu haqda deyilir:

وَلاَ تَهِنُواْ فِي ابْتِغَاء الْقَوْمِ إِن تَكُونُواْ تَأْلَمُونَ فَإِنَّهُمْ يَأْلَمُونَ كَمَا تَأْلَمونَ وَتَرْجُونَ مِنَ اللّهِ مَا لاَ يَرْجُونَ وَكَانَ اللّهُ عَلِيمًا حَكِيمًا

«[Ey müsəlmanlar!] Kafirləri tə᾽qib etməkdə zəiflik göstərməyin! Əgər siz [yaralarınızdan və səfərin çətinliklərindən] əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki, siz onların ummadıqlarını Allahdan umursunuz. Allah hər şeyi bilən və hikmət sahibidir!»

CİHAD AYƏSİNİN NƏSXİ

إِلاَّ تَنفِرُواْ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا

«Əgər [sizə əmr olunan bu döyüşə] çıxmasanız Allah sizə şiddətli bir əzab verər». (9/39).

İbni Abbas, Həsən Bəsri və Əkrəmədən nəql olunmuş rəvayətdə ayənin həmən surənin 122-ci ayəsi ilə nəsx olunduğu göstərilir.

Orada deyilir:

وَمَا كَانَ الْمُؤْمِنُونَ لِيَنفِرُواْ كَآفَّةً

«[Ehtiyac olmadıqda] mö᾽minlərin hamısı birdən [cihada, döyüşə] çıxmamalıdır.» (9/122).

Nəsx nəzəriyyəsi tərəfdarlarının irəli sürdükləri nəzəriyyədə deyilir: Tövbə surəsinin 39-cu ayəsində bütün müsəlmanlara döyüşə getmək əmr olunur. Lakin həmən surənin 122-ci ayəsində hökm artıq ümumi xarakter daşımır.

Cavab:

Ayənin nəsx olunduğunu yalnız o zaman qəbul edə bilərik ki, birinci ayədə döyüşə getməyin vacibliyi bütün müsəlmanlara şamil olsun. Belə olduqda hökm ikinci ayə ilə nəsx və yalnız müəyyən şəxslərə aid ola bilər.

Lakin əvvəlki ayələri nəzərdən keçirməklə belə qənaətə gəlmək olur ki, döyüşə getmək bütün müsəlmanlara deyil, yalnız o şəxslərə vacib olmuşdur ki, onlar özləri bunu Peyğəmbərdən (s) dəfələrlə xahiş etmişlər. Əvvəlki ayələrdə deyilir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ انفِرُواْ فِي سَبِيلِ اللّهِ اثَّاقَلْتُمْ إِلَى الأَرْضِ أَرَضِيتُم بِالْحَيَاةِ الدُّنْيَا مِنَ الآخِرَةِ فَمَا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا فِي الآخِرَةِ إِلاَّ قَلِيلٌ إِلاَّ تَنفِرُواْ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلاَ تَضُرُّوهُ شَيْئًا وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

«Ey iman gətirənlər! Sizə nə oldu ki: «Allah yolunda döyüşə çıxın!» – deyildikdə yerə yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki, dünya malı axirət yanında [axirətlə müqayisədə] yalnız cüz᾽i bir şeydir! Əgər [sizə əmr olunan bu döyüşə] çıxmasanız Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz edər [yerinizə başqa bir tayfa gətirər]. Siz isə [döyüşə çıxmamağınızla Allaha və Peyğəmbərinə] heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir!» (9/38-39).

Ayənin ümumi məzmunu:

«Cihad hökmü verilən və döyüş meydanına getməyə əmr olunan, lakin buna tabe olmayan şəxslər əzaba layiqdirlər.» Belə bir mə᾽nanı nəzərə alaraq deyə bilərik ki, cihadın bütün müsəlmanlara vacib olması ilə heç bir bağlılığı yoxdur ki, başqa bir ayə ilə cihadın vacibliyini aradan götürərək onu nəsx etmiş olsun.



[1] Әnnәsx vәl-mәnsux, Nәhhas, 133-134-cü sәh.

[2] Vafi, 13-cü cild, 8-ci sәh. “Vәsiyyәtә şahid olmaq” fәsli.

[3] Tәfsiri Burhan, 1-ci cild, 338-ci sәh.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq

 
user comment