Azəri
Friday 26th of April 2024
0
نفر 0

QUR᾽AN İLAHİ MÖ᾽CÜZƏDİR

QUR᾽AN İLAHİ MÖ᾽CÜZƏDİR

İslam və Qur᾽an tarixindən mə᾽lumatı olan hər bir insan bu həqiqəti tərəddüd etmədən qəbul edir. Həzrət Məhəmməd (s) bəşəriyyəti Qur᾽anla birliyə, qardaşlığa çağırır. Müxalif olanların e᾽tirazlarının qarşısında Qur᾽an ayələrinə istinad edir və bunun bəşər kəlamı olduğunu iddia edənlərə Qur᾽an ayələrinə oxşar bir ayə gətirmələrini tələb edirdi. O deyərdi:

Əgər dedikləriniz düzdürsə Qur᾽ana oxşar bir kitab gətirin, gətirərsinizsə, mən öhdəmə düşən vəzifədən əl çəkəcəyəm. Bununla da o, həm Allahın yer üzündəki höccətini, həm də öz peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmiş olurdu.

O iddiaçıların uğursuzluqlarını görüb Qur᾽ana oxşar on surə gətirmələrini təklif etdi. Bunun da öhdəsindən gələ bilməyəcəklərini görüb, yalnız bir surə gətirmələrini istədi.

Bu mübarizə əsrlər boyu davam etmiş və qiyamət gününədək davam edəcəkdir.

İlk baxışda şe᾽r və ədəbiyyatın, fəsahət və bəlağət elmlərinin dərinliklərinə yol tapan ərəblər üçün Qur᾽ana oxşar ikinci bir kitabın tərtib olunması heç də çətin bir iş deyildi. Onlar belə bir kitab yazmaqla həm öz adlarını əbədi olaraq tarixdə edər, həm də ərəb millətini gələcək sarsıntı və çətinliklərdən xilas edə bilərdi.

Amma fəsahətli ərəblər Qur᾽an ayələrini tilavət etdikləri ilk gündən onun ilahi mö᾽cüzə olduğunu dərk etdilər. Onlar artıq başa düşürdülər ki, Qur᾽anla mübarizə aparmaq yalnız onların məğlubiyyəti və rüsvayçılığı ilə nəticələnə bilər. Bu səbəbdən də Qur᾽anın əzəmətinin qarşısında aciz olduqlarını e᾽tiraf etdilər.

Beləliklə, onlardan bə᾽ziləri İslamı qəbul edərək Məhəmməd (s)-a iman gətirdi, bə᾽ziləri isə inadkarlıq edərək mübarizəni qılınc-qalxan ilə davam etdirməyi hər şeydən üstün tutdular.

Fəsahətli ərəblərin Qur᾽anı ilahi mö᾽cüzə kimi qəbul etmələri və onun qarşısında özlərinin aciz olduqlarını e᾽tiraf etmələri, Qur᾽anın bir daha ilahi vəhy olduğunu sübuta yetirir.

BİR İRAD VƏ ÜÇ CAVAB

Bə᾽zi mə᾽lumatsız şəxslər belə bir iddia irəli sürürlər ki, ərəblər o zaman Qur᾽ana oxşar kitab yazmış, amma zaman keçdikcə istifadə olunmadığından unudularaq aradan getmişdir.

Bu nəzəriyyəni üç cəhətdən əsassız hesab edə bilərik:

1. Həqiqətən əgər belə bir əsər olsaydı, şe᾽rsevər ərəblər ondan öz məqsədlərinə nail olmaq üçün şe᾽r məclislərində istifadə edərdilər.

Digər tərəfdən isə belə bir kitabın mövcud olduğu tarix və ədəbiyyat kitablarında qeyd olunar və nəticədə yaddaşlardan silinməzdi.

2. Qur᾽anın mübariztələblik çağırışı təkcə ərəblərə deyil, eləcə də bütün bəşəriyyətə şamil olunurdu. Çünki Qur᾽anın bu də᾽vəti ümumbəşəri xarakter daşıyırdı. Bu haqda İsra surəsinin 88-ci ayəsində deyilir:

قُل لَّئِنِ اجْتَمَعَتِ الإِنسُ وَالْجِنُّ عَلَى أَن يَأْتُواْ بِمِثْلِ هَذَا الْقُرْآنِ لاَ يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا

«[Ya Peyğəmbərim!] De ki: Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qur᾽ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.»

Tarix boyu xristianlar və İslamın digər düşmənləri bu müqəddəs ilahi dinin əzəmətini aradan aparmaq üçün milyonlarla pul xərcləmiş və saysız-hesabsız məkirli planlar tərtib edərək həyata keçirmişlər. Əgər onlar Qur᾽ana oxşar bir surə yazmış olsaydılar, İslamın məhvi uğrunda gecə-gündüz fədakarlıq göstərən şəxslər bundan səmərəli istifadə edər və öz hədəflərinə nail olardılar.

يُرِيدُونَ لِيُطْفِؤُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

«Onlar Allahın nurunu [İslam dinini] öz ağızları [öz iftiraları və şər sözləri] ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də – öz nurunu [dinini] tamamlayacaqdır.» (Əs-səff-8).

3. Kəlam nə qədər fəsahətli və bəlağətli olsa belə, insan bir müddət məşğul olduqda onun kimi və ya heç olmasa ona oxşar ifadələr bəyan etməyə qadir olur. Bu hamıya mə᾽lum olan ümumi bir qanundur. Qur᾽ani-Kərim isə bu ümumi qanundan istisnadır.

Belə ki, insan nə qədər çox Qur᾽an əzbərləsə, onun ayələri haqda düşünüb-daşınsa, nəhayət fəsahət və bəlağət elmlərinə dərindən yiyələnsə, bu işin qeyri-mümkünlüyünü daha yaxşı dərk etmiş olar. Demək, e᾽tiraf etmək lazımdır ki, Qur᾽anın bəyan tərzi və onun ifadə üslubu təkrarolunmaz olub tə᾽lim olunası deyildir.

Buradan belə mə᾽lum olur ki, əgər Qur᾽an Peyğəmbər (s)-ın öz buyurduqları sözlərdən ibarət olsaydı, onda o, nəql olunmuş digər hədis və rəvayətlərə oxşar olmalıydı. Qur᾽an və hədis üslubları arasında belə bir oxşarlıq nəzərə çarpsaydı, İslam düşmənləri bunu nəzərdən qaçırmaz, onu istifadə etdikləri planlara və müsəlmanlara qarşı tərtib etdikləri mübarizə proqramına daxil edərdilər.

Bunu da nəzərdən qaçırmamalıyıq ki, adətən ədəbiyyatın bir sahəsində va ya müəyyən bir janrda müvəffəqiyyət qazana bilən şəxslər, digər bölümlərdə öz məharətlərini bir o qədər də göstərə bilmirlər.

Məsələn, gözəl şe᾽r ustaları nəsr yazmaqda, dastan yazanlar şe᾽r sənətində, nohə yazanlar hekayə və poema yazmaqda bir o qədər də uğur qazana bilmirlər. Qur᾽ani-Kərimdə isə biz bunun tam əksini müşahidə edirik. Bu müqəddəs kitabda müxtəlif mövzular haqda söhbət açılmasına baxmayaraq, bir neçə ədəbi fənlərdən istifadə olunmuş və onların hamısında fəsahət və bəlağət qanunlarından ən yüksək formada istifadə olunmuşdur.

QUR᾽AN ƏBƏDİ MÖ᾽CÜZƏDİR

Bir qədər əvvəl mə᾽lum oldu ki, peyğəmbərləri yalnız onların göstərdikləri mö᾽cüzələrlə tanımaq mümkün olur. Onlar müəyyən müddət ərzində yaşadıqları üçün, göstərdikləri mö᾽cüzələr də məhdud və müvəqqəti olmuşdur. Mö᾽cüzələr müvəqqəti olsa da, Allah-taala, peyğəmbərlərin vasitəsilə öz höccətini onların üzərində tamamlamış və beləliklə mö᾽cüzələr nəsilbənəsil nəql olunmuşdur.

Amma belə nəzərə gəlir ki, bu mö᾽cüzələr içərisində əbədi olaraq öz tə᾽sirini qoruyub saxlayacaq bir mö᾽cüzəyə də ehtiyac vardır. Çünki əvvəlki peyğəmbərlərin mö᾽cüzələri zaman keçdikcə ya unudulur, ya da müxtəlif səbəblər üzündən müəyyən şəkk-şübhələrə mə᾽ruz qalır. Belə bir halda, gələcək nəsillər peyğəmbərlərin mö᾽cüzələrindən agah olmayıb, yəqinlik hasil etməkdən məhrum olarlar. Ən başlıcası isə Allahın insanlar üzərindəki höccəti tamamlanmaz, onların üzərlərinə düşəcək vəzifələr müəyyənləşdirilməmiş qalar. Bu isə ilahi hikmətlə heç bir şəkildə uyğun gəlmir. Bu səbəbdən də əbədi peyğəmbərlik əbədi bir mö᾽cüzə tələb edir. Çünki əbədi peyğəmbəri təsdiqləyəcək yeganə amil, onun gətirdiyi əbədi mö᾽cüzə olacaqdır. Allah-taala əbədi mö᾽cüzə olan Qur᾽anı, əbədi və sonuncu peyəmbəri (s) təsdiqləmək üçün nazil etmişdir. Onun peyğəmbərliyi keçmiş nəsillər üçün dəlil olduğu kimi, gələcək nəsillər üçün də açıq-aşkar höccət və dəlil olacaqdır.

Dediklərimizdən belə bir nəticəyə gəlirik:

1. Qur᾽an, Məhəmməd (s)-ın özünün və eləcə də digər peyğəmbərlərin mö᾽cüzələrindən daha üstün və daha fəzilətlidir. Çünki Qur᾽an müəyyən dövr və şəxslər üçün deyil, əbədi olaraq bütün bəşəriyyət üçün nazil olmuşdur. Qur᾽an, mübarizə səhnəsində rəqibi olmayan, qiyamət gününədək bəşəriyyətə hakim olan əbədi ilahi qanundur.

2. O dövrün mö᾽cüzələri məhdud və müvəqqəti olduğu üçün, keçmiş şər᾽i hökm və ictimai qanunlar da qüvvədən düşmüş hesab olunur.

Qur᾽anın özünəməxsus xüsusiyyəti, onu digər peyğəmbərlərin mö᾽cüzələrindən fərqləndirir və ona xüsusi dəyər verir. O da, Qur᾽anın bəşəriyyəti xoşbəxt həyata, kamala, səadətə hidayət etməsi və onlara belə bir həyat tərzini tə᾽lim verməsidir. Bildiyimiz kimi cahiliyyət dövründə yaşayan ərəblər əxlaq normalarına yiyələnməyən, bütpərəstliyə, günahsız qanlar tökməyə adət etmiş kəslər olmuşlar. Qur᾽an belə bir inadkar qövmü, daha dəqiq desək milləti cəhalət, rəzalət və zülmətdən çıxarıb yüksək mədəniyyətə, həqiqi əxlaq və insaniyyətə qovuşdurdu. İslamın və Peyğəmbər (s)-ın şəhadət şərbətini, səhabələrinin parlaq tarixini mütaliə edən hər bir şəxs, Qur᾽anın əzəmətini və bəşəriyyətin hidayətində qoyduğu izin şahidi olacaqdır.

Ərəbistan yarımadasının o dövrdəki ictimai durumu yerli əhalini uçuruma doğru aparır və onların qarşısına zülmət pərdəsi çəkirdi. Qur᾽an bütün bəşəriyyəti, xüsusilə də cəhalət zülmündə qərq olmuş ərəbləri səadətə və xoşbəxt həyata qovuşdurdu. Bir qədər əvvəl kiçik bəhanələrlə bir-birinin qanını tökməyə hazır olan cahil ərəblər, İslamı qəbul etdikdən sonra Allah yolunda canlarını, mallarını və hətta övladlarını qurban verməyə, Peyğəmbər (s)-ın haqq yolunda şəhadət şərbətini içməyə tələsirdilər.

Təbəri öz tarix kitabında yazır: «Müsəlmanlar Bədr döyüşünə tədarük gördükləri zaman, İslam fədailərindən biri olan Miqdad, Peyğəmbər (s)-ın yanına gəlib deyir:

Ya Rəsuləllah! Allahın sənə əmr etdiyi haqq yolunu davam etdir! Biz də son damla qanımıza qədər bu yolda sənə yardımçı olacağıq. And olsun Allaha! Biz sənə Bəni-İsrailin Musa (ə)-a «Sən öz Allahınla birgə vuruş, biz isə burada səni gözləyəcəyik!» söylədiklərini deməyəcəyik. Biz sənə deyirik: «Allahın sənə yardımçı olsun və get, düşmənlərinlə vuruş. Biz də son nəfəsimizə kimi sənə yardımçı olacaq və tutduğun haqq yolda cihad edəcəyik. And olsun səni haqq olaraq peyğəmbərliyə göndərən Allaha! Əgər bizi dəhşətli tufanlardan keçərək Həbəşistana doğru hərəkət etməyimizi əmr etsən, son mənzilədək səninlə birgə olacaq və bu yolda əlimizdən gələni əsirgəməyəcəyik.» Peyğəmbər (s) Miqdada öz təşəkkürünü bildirib onun üçün xeyir-dua etdi.»

Miqdad elm və fədakarlığı ilə şöhrət tapmış, haqqı söyləməkdən çəkinməyən və bütpərəstliklə mübarizə aparan qabaqcıl müsəlmanlardan idi. Onun kimi, Peyğəmbər (s)-ın ətrafını əhatə edən mö᾽minlər onlarca idi.

Qur᾽an, bütləri özlərinə tanrı bilən daşürəkli insanlardan olan düşmənlərə qarşı barışmaz, mö᾽minlərə isə mehriban olan haqsevər insanlar tərbiyə etdi. Qur᾽an, səksən il ərzində müsəlmanları, başqalarının səkkiz yüz il müddətində nail ola bilmədikləri qələbəyə çatdırdı.

Peyğəmbər (s)-ın səhabələrinin tarixini digər peyğəmbərlərin səhabələri ilə müqayisə etsək görərik ki, onların qısa müddət ərzində əldə etdikləri zəfər və müvəffəqiyyətlərin əsas səbəbi, müsəlmanların Qur᾽ana olan bağlılıqları və ondan aldıqları mə᾽nəvi ilham olmuşdur.

Bir anlıq həzrət İsa (ə)-ın və digər peyğəmbərlərin səhabələrinin tarixinə nəzər salaq. Onların barəsində azacıq mütaliə etməklə, həmin qövmlərin iman gətirdikləri peyğəmbərlərə qarşı nə qədər biganə olduqlarının şahidi oluruq. Belə ki, onlar bir çox hallarda öz düşmənləri ilə birləşərək peyğəmbərləri ağır şəraitdə qoymuş, ya da onları cəmiyyətdən təcrid edərək mağaralara sığınmağa və mübarizə meydanını tərk etməyə məcbur etmişlər.

Bütün bunları nəzərə alaraq, müsəlmanların Peyğəmbər (s)-a və İslam dininə olan fədakarlıqlarını, Qur᾽anın digər mö᾽cüzələrindən biri hesab edə bilərik. Gələcək fəsillərdə biz bu barədə ətraflı söhbət açacağıq.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment