Azəri
Friday 26th of April 2024
0
نفر 0

HƏMZƏNİN RAVİLƏRİ

HƏMZƏNİN RAVİLƏRİ

Həmzənin vasitəsi ilə onun qiraətini nəql edən şəxslər Xələf ibni Hişam və Xəlad ibni Xalid olmuşlar.

1. Əbu Məhəmməd künyəsi ilə tanınmış və Bəni-Əsəd qəbiləsinə mənsub olmuş Xələf, Bağdadlı Hişam ibni Sə᾽lət Bəzadın oğlu olmuşdur.

İbni Cəzri deyir: «Xələf on məşhur qarilərdən və Səlimin vasitəsilə Həmzənin qiraətini nəql edən ravilərdən biridir. On yaşında ikən Qur᾽anı əzbərləmiş, on üç yaşına çatdıqda isə qiraət elminə yiyələnməyə başlamışdır. Ümumi şəkildə götürsək Xələf, Həmzənin qiraət üsulundan istifadə etmiş, lakin yüz iyirmi yerdə onunla müxalif olmuşdur. Xələf Hicrətin 150-ci ilində doğulmuş, 229-cu ilində isə vəfat etmişdir. (Təbəqatul-qurra, 1-ci cild, səh.272.)

Ləlkai deyir: «Abbas Dovridən, Əhməd ibni Hənbəlin Xələf ibni Hişam haqda nəql etdiyi əhvalat barəsində soruşduqda deyir: Bu əhvalatı mən özüm Əhməd ibni Hənbəldən eşitmişəm. Lakin belə nəql edirlər ki, günlərin bir günündə Əhməd ibni Hənbələ, Xələf barəsində xoşagəlməz mə᾽lumat verirlər. Belə ki, hətta onu şərabxorluqda belə ittiham edirlər. Əhməd onların dediklərini təsdiq edir və sonra deyir: Onun barəsində nə deyirlər desinlər. Hər halda o bizim nəzərimizdə ən e᾽tibarlı şəxslərdəndir.»

Nəsai deyir: «Xələf Bağdadi mö᾽təbər şəxslərdəndir.» Dar Qütni isə onun haqqında bu sözləri deyir: «Xələf abid və fəzilət sahibidir. Sözünü davam edərək deyir: Qıldığım qırx illik namazları Kufi məzhəbçiləri kimi şərab içdiyim üçün yenidən təzələməli oldum.»

Xətib Bağdadi öz kitabında Məhəmməd ibni Hatəm Kəndidən nəql edərək yazır: «Yəhya ibni Muindən Xələf haqda soruşdum. Cavabında dedi: Xələf sadəcə olaraq hədisin nə olduğunu bilmir.» (Təhzibut-təhzib, 3-cü cild, səh.156.)

Müəllif: Xələfin barəsində rəvayət nəql edən şəxslərin kimliyi haqda bir qədər sonra söhbət açacağıq.

2. Xəlad ibni Xalid, Əbu İsa Şeybani kimi Kufənin tanınmış şəxsiyyətlərindən olmuşdur.

İbni Cəzri onun barəsində deyir: «Xəlad qiraət elminə mükəmməl yiyələnmiş təhqiqatçı alim olmuşdur. Qiraəti Səlimdən öyrənmiş və onun özünə təqdim etmişdir. Öz yaşıdları arasında hamıdan e᾽tibarlı və hafizəli sayılırdı. Doğum tarixi dəqiq mə᾽lum deyildir. Vəfatı isə Hicrətin 220-ci ilinə təsadüf etmişdir.

Müəllif: Digər ravilər kimi Xələf barəsində rəvayət nəql edən şəxslərin kimliyi namə᾽lum qalmışdır.

NAFE᾽ MƏDƏNİ

Nafe᾽ ibni Əbdürrəhman ibni Əbi Nəim.

İbni Cəzri onun barəsində deyir: «Nafe᾽ tanınmış yeddi qaridən biri hesab olunur. O, əməli-saleh və mö᾽təbər bir şəxs olmuşdur. Əsli İranın İsfahan şəhərindən olmuş, lakin təhsilini Mədinə tabeinlərindən* almışdır.»

Səid ibni Mənsur deyir: «Malik ibni Ənəs deyərdi: Mədinə camaatı qiraəti Peyğəmbərdən (s) əxz etmişlər. Ondan - Mədinə camaatının qiraəti dedikdə, Nafe᾽nin qiraətini nəzərdə tutursunuz?-deyə soruşduqda, «Bəli!» – deyə, cavab vermişdi.»

Abdulla ibni Əhməd ibni Hənbəl deyir: «Atamdan qiraətlərdən hansı birini daha çox sevdiyini soruşdum. Dedi: Mədinə camaatının qiraətini. Dedim: Bu qiraətə yiyələnmək mümkün olmazsa necə? Dedi: Asimin qiraətinə üstünlük verərəm.»

Nafe᾽nin doğum tarixi haqda dəqiq mə᾽lumat göstərilmir. Vəfatı isə Hicrətin 169-cu ilinə aid olunur. (Təbəqatul-qurra, 2-ci cild, səh-330.)

Əbu Talib, Əhməd ibni Hənbəldən nəql edərək deyir: «Camaat, Qur᾽anı Nafe᾽dən öyrənsələr də, nəql etdiyi hədislərə əsla e᾽tina etmirdilər.»

Dovri, İbni Muindən nəql edərək onun e᾽timad olunası şəxs olmadığına işarə etmişdir. Nəsai deyir: «Nafe᾽nin heç bir nöqsanı olmamışdır.» İbni Həyyan da onun mö᾽təbərliyinə işarə etmişdir. Əhməd ibni Hənbəl və Yəhya onun haqqında müxtəlif rə᾽ylər vermişlər. Belə ki, Əhməd ibni Hənbəl onun nəql etdiyi hədisləri bütünlüklə yalan, Yəhya isə mö᾽təbər hesab edir.

NAFE᾽NİN RAVİLƏRİ

Nafe᾽nin qiraətini Qalun və Vərəş arada heç bir vasitə olmadan nəql etmişlər.

1. Qalun: İsa ibni Mina ibni Vərdan, Əbu Musa ləqəbi ilə tanınmış və Bəni-Zəhrə qəbiləsi tərəfindən köləlikdən azad edilmişdir.

Deyir: İsa Rəbib fitri iste᾽dada və qeyri-adi hafizəyə malik olduğuna görə, Nafe᾽ ona Qalun ləqəbini vermişdir. Qalun isə Rum dilində zirək və gözəl mə᾽nasını verir.

Abdulla ibni Əli deyir: «Ona Qalun ləqəbinin verilməsinin əsas səbəbi əsliyyətcə rumlu və babası Abdullahın Rum əsirlərindən olmasıdır.»

Qalun, qiraəti Nafe᾽dən öyrənmiş və onun özünə təqdim etmişdir.

İbni Əbi Hatəm deyir: «Qalun lal olduğu üçün Qur᾽anı dodaqlarını tərpətməklə oxuyur, hətta başqaları qiraətdə səhvə yol verdikləri zaman işarələrlə onların səhvini düzəldirdi. Qalun Hicrətin 120-ci ilində doğulmuş və 220-ci ildə 100 yaşında vəfat etmişdir.» (Təbəqatul-qurra, 1-ci cild, səh.615.)

İbni Həcər deyir: «Qalun qiraət elmində hamıdan bilikli və e᾽tibarlı olsa da, nəql etdiyi hədislər bir o qədər də mö᾽təbər deyildi. Əhməd ibni Saleh, Misirdən Qalunun nəql etdiyi hədislər barəsində soruşduqda, gülümsəyərək demişdir: Məgər hamıdan hədis nəql etmək olar?!»

Müəllif: Qalunun qiraətini nəql edən ravilər digər ravilər kimi namə᾽lum qalmışlar.

2. Vərəş: Osman ibni Səid.

İbni Cəzri onun barəsində deyir: «Vərəş Misirdə olduğu illər ərzində qiraət tədrisi ona həvalə olunmuşdu. Onun özünəməxsus qiraət üsulu var idi. Qiraətdə Nafe᾽ ilə müxalif olmasına baxmayaraq, zəmanəsinin ən mö᾽təbər şəxsiyyətlərindən biri hesab olunurdu.»

Vərəş Hicrətin 110-cu ilində Misirdə doğulmuş, 197-ci ildə elə oradaca vəfat etmişdir. (Təbəqatul-qurra, 1-ci cild, səh-502.)

KƏSAİ KUFİ

Əsli iranlı olmuş Əli ibni Həmzət ibni Abdullah ibni Bəhmən ibni Firuz, Kəsai ləqəbi ilə məşhur olmuşdur. Bəni-Əsəd qəbiləsi tərəfindən köləlikdən azad olunmuşdur.

İbni Cəzri onun barəsində deyir: «Həmzə Zəyyatdan sonra qiraət elminin tədris olunması Kəsaiyə həvalə edildi. O, qiraəti Həmzədən öyrənmiş və dörd dəfə onun qarşısında tilavət etmişdir.»

Əbu Ubeyd isə özünün «Əl-qiraət» adlı kitabında yazır: «Kəsainin özünəməxsus qiraət üsulu var idi. Bə᾽zən o, Həmzənin qiraətindən də istifadə edərdi. Vəfat tarixi haqqında müxtəlif mə᾽lumatlar söylənmişdir, lakin daha dəqiq nəzərə çarpan tarix Hicrətin 189-cu ilidir.» (Təbəqatul-qurra, 1-ci cild, səh. 535.)

Kəsai qiraəti Həmzə Zəyyatdan, Məhəmməd ibni Əbdürrəhman ibni Əbi Leyladan və İsa ibni Əmr Ə᾽məşdən müzakirə yolu ilə və şifahi olaraq öyrənmişdir. Onun qiraətini Süleyman ibni Ərqəm, İmam Sadiq (ə), Əzrəmi və İbni Ueynə də dinləmişdir. Sonralar o, qiraəti Rəşidə və oğlu Əminə də tədris etmişdir. (Təhzibut-təhzib, 8-ci cild, səh. 313.)

Mərzbani İbni Ə᾽rabidən nəql edərək deyir: «Kəsai şərab içərək bilərəkdən bə᾽zi günahlara mürtəkib olsa da, Qur᾽an elmlərinə mükəmməl yiyələnmiş və güclü hafizəyə malik olmuşdur.» (Mö᾽cəmül-üdəba, 5-ci cild, səh. 185.)

KƏSAİNİN RAVİLƏRİ

Leys ibni Xalid və Həfs ibni Əmr, Kəsainin qiraətini heç bir rabitə olmadan nəql etmişlər.

1. Leys ibni Xalidin əsil adı Haris, künyəsi Əbdülharis, atasının adı isə Xalid Bağdadi olmuşdur.

İbni Cəzri onun barəsində deyir: «O, qiraəti Kəsaidən öyrənmiş, öz elmi gücü və hafizəsi ilə hamıdan fərqlənirdi. Doğum tarixi dəqiq mə᾽lum deyildir. Vəfat tarixi isə Hicrətin 240-cı ilinə aid edilir.» (Təbəqatul-qurra, 2-ci cild, səh. 34.)

2. Həfs: Onun kimliyi haqda Asim barədə söhbət açarkən ətraflı mə᾽lumat verdik.

* * *

Yeddi məşhur qari və onların raviləri haqda ətraflı mə᾽lumat əldə etdik. Onlardan əlavə, Xələf ibni Hişam, Yə᾽qub ibni İshaq və Yəzid ibni Qə᾽qadan ibarət olan başqa bir üçlük də vardır. İndi isə onlar barəsində:

XƏLƏF İBNİ HİŞAM

Həmzənin şərh-halını verərkən Xələf barəsində də kifayət qədər mə᾽lumat əldə etdik. Xələfin qiraətini nəql edənlər də iki nəfər olmuşdur.

1. İshaq: İbni Cəzri onun barəsində deyir: «Adı İshaq, atasının adı İbrahim ibni Osman ibni Abdullah, künyəsi isə Əbu Yə᾽qub olmuşdur. Əsli Mərv vilayətindən olsa da, Bağdadda yaşamışdır. Xələfin hədislərini köçürür və onları nəql edirdi. İshaqın düzlüyü və mö᾽təbərliyi hamıya bəlli idi. Doğum tarixi dəqiq mə᾽lum deyildir, vəfatı isə Hicrətin 286-cı ilinə təsadüf edilir.» (Təbəqatul-qurra, 1-ci cild, səh. 155.)

Müəllif: Digər ravilər kimi onun qiraətini nəql edən şəxslərin də kimliyi mə᾽lum deyildir.

2. İdris: İbni Cəzri onun barəsində deyir: «Adı İdris, atasının adı Əbdülkərim Həddad, künyəsi isə Əbül Həsəndir; Bağdadda sakin olmuşdur. Güclü hafizəyə malik olduğu üçün şəriət elminin dərinliklərinə yiyələnə bilmişdir. Nəql etdiyi hər bir şey hamı tərəfindən rəğbətlə qarşılanardı. Qiraəti ona Xələf tədris etmişdir.

Dar Qutnidən İdris barəsində soruşduqda cavabında deyir: «İdris inanılmış və e᾽tibarlı bir şəxsdir. Doğum tarixi dəqiq mə᾽lum deyildir, vəfatı isə Hicrətin 292-ci ilinə təsadüf edilir.» (Təbəqatul-qurra, 1-ci cild, səh. 154.)

Müəllif: Digər ravilər kimi İdrisin də qiraətini nəql edən şəxslərin kimliyi namə᾽lumdur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment