Azəri
Wednesday 8th of May 2024
0
نفر 0

MÖ᾽CÜZƏlƏr ARASINDA OLAN OXŞARLIQ

MÖ᾽CÜZƏlƏr ARASINDA OLAN OXŞARLIQ

Bir qədər əvvəl qeyd etdik ki, mö᾽cüzə, kimsənin qadir olmadığı, təbii qununlardan fərqlənən və yalnız Allahın izni ilə peyğəmbərlər tərəfindən yerinə yetirilən qeyri-adi işlərə deyilir.

Amma mö᾽cüzəni tanımaq heç də hamıya müyəssər olmayır. Mö᾽cüzəni yalnız o kəslər tanıya bilər ki, həmin mö᾽cüzəyə oxşar elm və fənlərə dərindən yiyələnmiş olsun. Çünki alim və mütəxəssislər yiyələndikləri elm və fənlərin sirlərini başqalarından daha dəqiq və daha ətraflı dərk edirlər. Və belə bir halda yalnız onlar mö᾽cüzənin kimin üçün mümkün, kimin üçünsə qeyri-mümkün olduğunu bilirlər.

Bu səbəbdən də elm adamları mö᾽cüzəni hamıdan tez təsdiq etmiş, sair insanlar isə əksinə olaraq, bə᾽zən ona şübhə ilə yanaşmış və hətta bir çox hallarda onu inkar da etmişlər.

Onlar belə güman edirlər ki, mö᾽cüzə iddiası edən şəxslər bunları hər hansı bir elm və ya fənnə yiyələnməklə həyata keçirirlər. Buna görə də onlar daim mö᾽cüzəyə şəkk-şübhə ilə yanaşmışlar.

Bu səbəbdən də ilahi hikmət, mö᾽cüzənin cəmiyyətdə geniş yayılmış işlərə aşkar olaraq uyğun olmasını tələb edir. Allah öz peyğəmbərinə geniş yayılmış elm və fənlərə oxşar mö᾽cüzələr verir və onun məqamını, şan-şöhrətini hamının nəzərində ucaldır. Demək, zəmanəsinin peyğəmbəri o dövrün yayılmış elm və sənətinə oxşar mö᾽cüzələr göstərmiş və bu yolla yaşadığı məntəqənin tanınmış və nüfuzlu şəxsiyyətlərini özünə cəlb edə bilmişdir. Belə olduğu bir şəraitdə insanların əksəriyyəti həqiqətdən agah olur, ən başlıcası isə Allah-taala Öz höccətini onların [insanların] üzərində tamamlayır.

Bu ilahi qanuna əsasən, tarixə nəzər saldıqda baxıb görürük ki, sehrbazlıq və cadugərlik baş alıb getdiyi bir gündə Allah-taala həzrət Musa (ə)-a əsanı, Yunan tibbi aləmə səs saldığı vaxtda isə həzrət İsa (ə)-a ağır xəstələri, hətta ölüləri diriltməyi mö᾽cüzə olaraq bəxş edir.

Həzrət Musa (ə) öz əsasını sehrbazların qarşısına atır və əsa Allahın izni ilə əjdahaya dönüb onların bütün sehr alətlərini udur və beləliklə də, başda cadugərlər olmaqla, yəhudilərin böyük bir hissəsi Musa (ə)-a iman gətirir. Çünki onlar sehr və cadunun nə olduğunu bilir və Musa (ə)-ın mö᾽cüzəsinin isə ilahi qeyb tərəfindən olduğunu da yaxşıca dərk edirdilər.

İsa (ə)-ın zamanında da biz həmin həqiqətin bir daha şahidi oluruq. Yunan tibbi yunanların müstəmləkəsi olan Suriya və Fələstin ərazilərində özünün son inkişaf mərhələsinə çatdığı bir vaxtda Allah-taala İsa (ə)-ı məhz burada peyğəmbərliyə seçir, mö᾽cüzə yolu ilə ağır xəstələri və ölüləri diriltməyi onun ixtiyarına qoyur. Musa (ə)-ın dövründə olduğu kimi, Yunan təbibləri də İsa (ə)-ın mö᾽cüzəsinin qarşısında diz çöküb onun göstərdiyi mö᾽cüzələrin ilahi qeybdən qaynaqlandığını dərk edir və ona iman gətirirlər.

Bir anlığa qayıdaq Ərəbistan yarımadasının cahiliyyət dövrünə. Onların ictimai həyat tərzini nəzərdən keçirdikdə baxıb görürük ki, cahil ərəblərin məharətlə yiyələndikləri və fəxr edəcəkləri yeganə şey vardırsa, o da onların şe᾽r sənətində əldə etdikləri fəsahət və bəlağətdir. Müxtəlif qəbilələrin söz ustadları şəhərin mərkəzində şe᾽r məclisləri qurur və orada özlərinin ən gözəl şe᾽rlərini oxuyurdular. Burada oxunan şe᾽rlər adətən özünütə᾽rif və ya başqalarını tənqid-təhqir xarakteri daşıyırdı. Şairlərin sayı artıqda onlar mərkəzi bazarlarda toplanır və öz iste᾽dadlarını fəxrlə nümayiş etdirirdilər. Şairlər arasında münsiflər hey᾽əti seçilir və ilin ən gözəl şe᾽ri elə oradaca e᾽lan olunurdu.

Şairlər çoxaldıqca oxunan qəsidələrin sayı da çoxalır və onlardan ən yaxşısını seçmək daha da çətinləşirdi. Belə ki, münsiflər hey᾽əti yeddi ən gözəl qəsidəni seçib onları Kə᾽bənin divarlarından asmaq qərarına gəlir. Şe᾽rlər qızıl su ilə yazılır və camaat arasında «qızıl şe᾽rlər» və ya «muəlliqati səb᾽ə» [yeddi asılmış şe᾽r] adlanırdı. Münsiflər hey᾽ətinə Nabicə Zibyani rəhbərlik edirdi. O, həcc ziyarəti zamanı Məkkənin Ukkaz bazarına gələr və yeni yazılmış şe᾽rləri oxuyardı. Ehtiram əlaməti olaraq Zibyani üçün qırmızı çadır qurur və şairlər növbə ilə onun görüşünə gəlib yeni qəsidələrini ona təqdim edirdilər. O da şe᾽rləri diqqətlə dinləyir və ən gözəl şe᾽r ustalarına fəxri mükafatlar təqdim edirdi. (Şuəraul Nəsraniyyə, 2/640. Beyrut çapı).

Şe᾽r və ədəbiyyatın inkişaf etdiyi belə bir dövrdə həzrət Məhəmməd (s) Allah tərəfindən peyğəmbərliyə seçilir və qiyamətə qədər qüvvədə olacaq müqəddəs Qur᾽anı ona vəhy edir. Şöhrəti bütün Ərəbistan yarmadasana yayılmış şe᾽r ustaları Qur᾽an ayələrini oxuyaraq onun fəsahətinə məftun olurdular. Nəhayət onlar da Qur᾽anın bəşər yaradıcılığı olmadığını və Allah tərəfindən həzrət Məhəmmədə (s) vəhy olaraq nazil edildiyini dərk etdilər.

İbni Sukəytdən nəql olunmuş hədisdə bu həqiqət bir daha açıqlanır. Hədisdə deyilir:

«İmam Rza (ə)-ın yanına gəlib ondan soruşdum ki, nə üçün Allah-taala mö᾽cüzə olaraq Musa (ə)-a əsa və parlaq əli, İsa (ə)-a tibbi, Məhəmməd (s)-a isə e᾽cazkar kəlamları bəxş etmişdir?

İmam Riza (ə) buyurdu: Allah-taala Musa (ə)-ı peyğəmbərliyə tə᾽yin etdiyi zaman sehr və cadugərlik geniş yayılaraq hamı tərəfindən rəğbətlə qarşılanırdı. Musa (ə) da Allahın izni ilə kimsənin bacarmadığı mö᾽cüzə göstərir və bu yolla həm öz peyğəmbərliyini sübuta yetirir, həm də cadugərlərin sehrlərini bütünlüklə batil edirdi.

İsa (ə)-ın zamanında isə bir çox ağır xəstəliklər yarandığından bu sahədə mütəxəssislərə böyük ehtiyac hissi duyulurdu. Belə bir şəraitdə Yunanıstanda və onun müstəmləkələrində görkəmli təbiblər meydana gəldi, tibb elmi get-gedə əsil gəlir mənbəyinə çevrilməyə və bir çoxları tərəfindən sui-istifadə edilməyə başladı. Tibb elmi öz inkişaf mərhələsini keçdiyi belə bir şəraitdə, İsa (ə)-a bu elmə oxşar mö᾽cüzə verilir. O, ağır xəstələri, anadangəlmə kor və karları sağaldır, hətta bə᾽zi hallarda Allahın izni ilə ölüləri də dirildirdi. Beləliklə, həm onun peyğəmbərliyi, həm də Allahın insanlar üzərindəki höccəti tamamlanmış olurdu.

Həzrət Məhəmməd (s)-ın dövründə isə, şe᾽r və ədəbiyyat özünün son inkişaf mərhələsinə çatmışdı. Belə bir şəraitdə Məhəmməd (s) peyğəmbərliyə tə᾽yin olunaraq, vəhy yolu ilə Qur᾽an ayələrini şe᾽r, qəsidə və yüksək sənətkarlıqla söylənilmiş söz vurğunu olan cahil ərəblərə tilavət etməyə başlayır. Beləliklə, həm onun peyğəmbərliyi sübuta yetirilir, həm də Allahın insanlar üzərindəki höccəti tamamlanmış olur. (Üsuli-kafi, 1-ci cild. Əql və cəhalət fəsli, 20-ci hədis).

Diqqət yetirmək lazımdır ki, Peyğəmbər (s)-ın Qur᾽andan başqa «şəqqul qəmər», kərtənkələni danışdırması, daşların onun qarşısında Allahı zikr etməsi və s. mö᾽cüzələri olmuşdur. Amma Qur᾽an bir neçə səbəbə görə bütün bu mö᾽cüzələrdən daha çox əhəmiyyət kəsb edir.

1. Yaradılış və bir çox elmlərin sirlərindən agah olmayan ərəblər bu kimi mö᾽cüzələrə şəkk və tərəddüdlə yanaşa bilsəydilər də, şe᾽r sənətindən kifayət qədər mə᾽lumatları olduqları üçün Qur᾽anın fəsahətini heç cür inkar edə bilmirdilər. Çünki onların özləri bu elmlərə yiyələnmiş və bir çox dəyərli əsərlər yarada bilmişdilər. Amma necə olursa-olsun, özlərini Qur᾽anın qarşısında tamamilə aciz hesab edirdilər.

2. Peyğəmbər (s)-ın göstərdiyi bə᾽zi mö᾽cüzələr müəyyən zaman, məkan və şərait çərçivəsində idi və məhz bu səbəbdən də onlar müvəqqəti olmalı, zaman keçdikcə bir tarixi hadisəyə çevrilməli və ağızdan-ağıza nəql olunmalıydı. Qur᾽an isə əbədi mö᾽cüzə olaraq Məhəmməd (s)-a nazil olmuş və qiyamətə qədər qüvvədə qalacaqdır.

Biz növbəti fəsillərdə bə᾽zi şəxslər tərəfindən tərəddüd ilə yanaşılan, Peyğəmbər (s)-ın digər mö᾽cüzələrinə işarə edəcəyik.

QUR᾽AN İLAHİ MÖ᾽CÜZƏDİR

İslam və Qur᾽an tarixindən mə᾽lumatı olan hər bir insan bu həqiqəti tərəddüd etmədən qəbul edir. Həzrət Məhəmməd (s) bəşəriyyəti Qur᾽anla birliyə, qardaşlığa çağırır. Müxalif olanların e᾽tirazlarının qarşısında Qur᾽an ayələrinə istinad edir və bunun bəşər kəlamı olduğunu iddia edənlərə Qur᾽an ayələrinə oxşar bir ayə gətirmələrini tələb edirdi. O deyərdi:

Əgər dedikləriniz düzdürsə Qur᾽ana oxşar bir kitab gətirin, gətirərsinizsə, mən öhdəmə düşən vəzifədən əl çəkəcəyəm. Bununla da o, həm Allahın yer üzündəki höccətini, həm də öz peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmiş olurdu.

O iddiaçıların uğursuzluqlarını görüb Qur᾽ana oxşar on surə gətirmələrini təklif etdi. Bunun da öhdəsindən gələ bilməyəcəklərini görüb, yalnız bir surə gətirmələrini istədi.

Bu mübarizə əsrlər boyu davam etmiş və qiyamət gününədək davam edəcəkdir.

İlk baxışda şe᾽r və ədəbiyyatın, fəsahət və bəlağət elmlərinin dərinliklərinə yol tapan ərəblər üçün Qur᾽ana oxşar ikinci bir kitabın tərtib olunması heç də çətin bir iş deyildi. Onlar belə bir kitab yazmaqla həm öz adlarını əbədi olaraq tarixdə edər, həm də ərəb millətini gələcək sarsıntı və çətinliklərdən xilas edə bilərdi.

Amma fəsahətli ərəblər Qur᾽an ayələrini tilavət etdikləri ilk gündən onun ilahi mö᾽cüzə olduğunu dərk etdilər. Onlar artıq başa düşürdülər ki, Qur᾽anla mübarizə aparmaq yalnız onların məğlubiyyəti və rüsvayçılığı ilə nəticələnə bilər. Bu səbəbdən də Qur᾽anın əzəmətinin qarşısında aciz olduqlarını e᾽tiraf etdilər.

Beləliklə, onlardan bə᾽ziləri İslamı qəbul edərək Məhəmməd (s)-a iman gətirdi, bə᾽ziləri isə inadkarlıq edərək mübarizəni qılınc-qalxan ilə davam etdirməyi hər şeydən üstün tutdular.

Fəsahətli ərəblərin Qur᾽anı ilahi mö᾽cüzə kimi qəbul etmələri və onun qarşısında özlərinin aciz olduqlarını e᾽tiraf etmələri, Qur᾽anın bir daha ilahi vəhy olduğunu sübuta yetirir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Neysan suyunun xüsusiyyəti. Bahar yağışından qafil olmayın!
NIYƏ RƏNGLI SÜFRƏ BAŞINDA ƏYLƏŞDIN?!
Quranda möminlərin sifətləri
İmam Hüseyn (ə) və İmam Zaman (ə.f)
"Fatihə" surəsi
İslam yaxınlığın zaman və məkanı üçün xüsusi şəraiti təyin edibdirmi?
Qadın öz pulu ilə həccə getmək istəyir, amma əri icazə vermir və getməyə ...
CAHANIN ƏN ŞƏRƏFLI QONAĞI
Kumeyl duasının şərhi
Quranın hikmətləri bir daha təsdiqləndi

 
user comment