Azəri
Wednesday 12th of August 2020
  3797
  0
  0

KƏRBƏLA FACİƏSİ VƏ ONUN TƏSİRLƏRİ (1)

KƏRBƏLA FACİƏSİ VƏ ONUN TƏSİRLƏRİ (1)

 KƏRBƏLA FACİƏSİ VƏ ONUN TƏSİRLƏRİ (1)

Hicri tarixinin 61-ci ili Məhərrəm ayının 10-u bir neçə saat müddətində baş verən mübarizədə imam Hüseyn (ə) və onunla birgə olan kişilər və cavanlar şəhid edildilər. Qadınlar və imamın yetkin yaşa dolmayan övladları əsir edilərək Kufəyə, ordan da Şama yollandılar. Yalnız xəstə halda olan Əli ibni Hüseyn (ə)-ı öldürmədilər.

Bu acınacaqlı faciə başdan-başa islam dünyasında narazılığa səbəb oldu, hətta Əməvilərin tərəfdarları belə keçirdikləri təəssüf hissini gizlədə bilmədilər. Bu vaxt Məkkədə yaşayan Zübeyrin oğlu Abdullah bu fürsətdən istifadə edərək Kərbəla faciəsini əldə əsas tutub Yezidi məzəmmət etməyə başladı. İraqlıları xəyanətkar, əhd-peymanı pozan adlandırıb camaatın onunla bey’ət etməsini istədi. Ubeydullahın mə’murlarının sərt nəzarətinə baxmayaraq Kufə əhalisi də əksül-əməl göstərdi. Ubeydullah mənbərdə Yezidi və onun nəslini tərif edib imam Hüseyn (ə)-a və atalarına nalayiq sözlər dediyi zaman Əzd qövmündan olan təqvalı, özü də kor olan Abdullah ibni Əfif ayağa qalxıb onun sözünü kəsdi. Peyğəmbər (s)-ın ailəsinə verdiyi söyüşləri onun özünə, bir də onu buraya hakim tə’yin edənə qaytardı. Dövlət məmurları onu susdurub tutmaq istədikdə Əzd tayfası onu himayə etmək üçün ayağa qalxdı və onlarla hakimin məmurları arasında toqquşma baş verdi.

Bu il Mədinənin hakimi Utbə ibni Əbu Süfyanın olmasına baxmayaraq şəhər sakit oturmamışdı. Təbəri bu şəhərdə vəziyyətin sakit olmamasına dair bir şey yazmışdır. Lakin iki il ərzində üç dəfə hakim dəyişikliyinin baş verməsi şəhərdə vəziyyətin qeyri-normal olmasını yetirir.

Təbəri yazmışdır: Zübeyrin oğlu Abdullah Mədinənin hakimi Vəlid ibni Utbənin əxlaqının kobud olmasından Yezidə şikayət etmiş və ondan oraya mülayim əxlaqlı bir hakim göndərməsini tələb etmişdir. Yezid də Osman ibni Məhəmməd ibni Əbi Süfyanı o şəhərə hakim yollamışdı. Ancaq inandırıcı deyildir ki, belə bir vəziyətdə Abdullah Yezidə Mədinənin hakimini dəyişmək məsələsinə dair məktub yazmış olsun. Ancaq həqiqətə uyğun gələn budur ki, Yezid cavan şahların yolu ilə gedərək təcrübəli kişiləri iş başına qoymaq istəmirdi. Bu səbəbdən də yeniyetmə cavanları hakim tə’yin edərdi, onlar da xalqı lazımınca tanıya bilmir və hökumətin idarə olunmasında çətinlik çəkirdilər.

Təbərinin yazdığına əsasən Osman da yeniyetmə və təcrübəsiz cavan idi.

Hər halda səbəb nə olsa da belə, yeni hakimin qədəmləri onun özünə və şəhərin əhalisinə düşərli olmadı. Güman etdiyi kimi özünün bacarıqlı olduğunu göstərmək, Mədinə böyüklərini razı salmaq və hakimin olduğu ərazini sakit saxlamaq istədi.

Mühacir və ənsar övladlarının bir dəstəsini cavan xəlifənin yanında görüb onun bəxşiş və mərhəmətini qazanmaq üçün Dəməşqə yolladı.

Yazdığımız kimi Yezid dini tərbiyə görməmiş, ümumiyyətlə adicə ailə tərbiyəsi almamışdı. Bundan əlavə belə bir hakimiyyətin xüsusiyyəti də budur ki, yaşlı və təcrübəli adamlar onun ətrafını boş qoyub gedər, əvəzində yaltaq, sərvət toplayan cavanlar yığışaraq onun dediyi hər bir sözə, etdiyi hər bir əmələ afərin deyərlər.

Yazılarda onun rumlu müşaviri Sərcunun da adı çəkilir. Görəsən xaçpərəst olan bu adam zahirdə müsəlman xilafəti sayılan Yezidin hakimiyyətində nə məqsədlə çalışırdı? Allah bilir!

Lakin bir şeyi tam qətiyyətlə demək mümkündür ki, Yezid geniş əraziyə malik müsəlmanların əhatə dairəsini idarə etməkdə aciz idi. Peyğəmbər nəvəsindən bey’ət alınmasında tələskənlik etməsi, 61-ci il Məhərrəm ayında elə bir faciə törətməsi, ən dəhşətlisi isə peyğəmbər ailəsini əsir edib Kufəyə, oradan da Şama aparması, bütövlükdə bunların hamısı onun təcrübəsiz, bəlkə də ağılsız bir insan olduğunu göstərir.

Ən pisi bu idi ki, Mədinənin hakimi ənsar və mühacir övladlarını onun yanına göndərdiyi zaman, Yezid onları elə qarşıladı ki, guya onun tay-tuşlarını və ya uşaqlıq dostlarını yanına gətiriblər. Əgər onun azacıq da olsa ağlı və ya təcrübəli müşavirləri olsaydı qonaqlar sarayda olan müddətə qədər gərək düşünülmüş surətdə rəftar etmiş olaydı. İslam ayininə əks olan hərəkət etməməli, zahirdə də olmuş olsa özünü dinə bağlı müsəlman kimi aparmalı idi. Lakin onun nə dindən xəbəri var idi və nə də xalqdan.

Mədinə şəhəri islam Peyğəmbəri (s) oraya köçdükdən sonra islam hökumətinin paytaxtına çevrilmişdi. Ora Peyğəmbər (s)-dan sonra hicri tarixinin 35-ci ilinədək xilafət mərkəzi olmuş və xəlifələrin üçü də bu şəhərdə yaşamışdır. Əli (ə) paytaxtı və hökuməti Kufəyə köçürməsinə baxmayaraq Mədinə yenə də öz dini və elmi rövnəqini əldən verməmişdi. Mühacir və ənsardan olan bir dəstə, böyük şəxsiyyətlər orada yaşayaraq dünyalarını dəyişmiş və onlardan sonra övladaları onların yerini tutmuşdular. Hicrətin ilk çağlarında təqva və pərhizkarlıq dalğası şəhəri bürümüş və az-çox hələ də davam etməkdə idi.

Yezid bu camaatı tanımalı, öz rəftarlarına fikir verməli idi. Lakin o, belə etmədi. Deyəsən elə bu günlər idi ki, meymuna paltar geyindirib ulağa otuzduraraq atlarla yarışa göndərmişdi. Hər halda bu hadisə onun başıboşluğunu çatdırır. Məs’udinin yazdığına görə Yezidin yaramaz bir meymunu var idi, şərab içən zaman saraya daxil olaraq balışa söykənərdi. Bu meymunun da əhilləşdirilmiş bir vəhşi ulağı var idi. Günlərin bir günündə meymunu ulağa mindirib atlarla yarışa çıxmağa göndərdi və o atları ötərək müsabiqənin qalibi oldu. Şam şairlərindən birinin yazdığı şe’rin məzmunu belədir:

Əbu Qeys, ulağın noxtasından bərk tut

Çünki onun üstündən yıxılsan ona heç bir cərimə yoxdur.

Kim indiyəcən görüb ki, vəhşi bir ulaq

Meymunu əmirəl-mö’minin atlarından qabağa salmış olsun.

Deyilənlərə görə bu şe’rləri Yezid özü yazıb, bəlkə də bu ehtimal doğrudur, çünki Ğərsün-nə’mə ibni Hübeyrə ilə Ziyad ibni Ubeydi Harisi arasındakı baş vermiş danışığa həsr etdiyi hekayənin sonunda belə yazır:

Ziyad deyir: Mərvanın yanına gedərkən o, məndən soruşdu ki, səninlə ibni Hübeyrə arasındakı danışığın məzmunu nədən ibarət idi? Cavab verdim ki, görəsən meymunun ləqəbi Əbu Qeysdir, yoxsa Əl-yəmən. Mərvan gülərək dedi: Doğrudur, məgər əmirəl-mö’minin “Əbu Qeys, ulağın noxtasını möhkəm tut” deməyibmi.

Yezid Mədinədən gəlmiş nümayəndələrə hörmət göstərib onlara saysız-hesabsız hədiyyələr bağışladı. Hətta onlardan birinə (Munzər ibni Zübeyrə) yüz min dirhəm verdi. Lakin onun ləyaqətsizliyi və alçaq tərbiyəsi qonaqlara gizlin qalmadı. Onlar öz şəhərlərinə qayıtdıqdan sonra Peyğəmbər məscidində fəryad edərək Yezid haqda yaramaz sözlər danışmağa başladılar. Və onlar “biz dini olmayan, şərab içən, it oynadan, gecələri kənizlər və musiqiçilərlə keçirən bir şəxsin yanından gəlirik” dedilər. Sizi şahid tutaraq onu xilafətdən azad etdik (yə’ni xəlifə hesab etmirik).

Şəhər əhalisi Abdullah ibni Hənzələ (mələklər vasitəsilə yuyulan) ilə bey’ət edərək bəni Uməyyədən olan min nəfəri ilk olaraq Mərvan ibni Həkəmin evində mühasirəyə aldılar sonradan onları şəhərdən qovdular. Bu çətin və ağır günlərdə Mərvan Abdullah ibni Ömərin yanına gedib onun ailəsini öz yanında saxlamasını istədi, ancaq Abdullah qəbul etmədi. Mərvan onun himayəsindən mə’yus olaraq Əli ibni Hüseyn (ə)-ın yanına gedib ona dedi ki, mənim də ailəm sənin ailənlə bir yerdə olsun. Əli ibni Hüseyn (ə) onun xahişini özünəməxsus bir böyüklüklə qəbul edib Mərvanın yaxın adamlarını özünün xanımı və övladı ilə birgə Yənbu’ adlı bir yerə göndərdi. Mərvan daim bu yaxşılıqdan razılıq edirdi. Lakin Təbəri yazır ki:

Əli ibni Hüseyn (ə)-la Mərvanın qədimdən dostluq əlaqələri var idi, ancaq bu sözün heç bir əsası yoxdur. Mərvan heç bir zaman Bəni Haşimlə xoş rəftar etməmişdir. Deməli onunla Əli ibni Hüseyn (ə) arasında dostluq münasibəti olmamışdır. Təbəri Haşimi ailəsinin malik olduqları səxavətə göz yumaraq onu yalnız şəxsi dostluqla əlaqələndirmək istəmişdir.

Mədinə əhalisinin iğtişaş xəbəri Yezidə çataraq onu həddən artıq hiddətləndirir. İlk olaraq bu şəhərin və Məkkənin işini Zübeyrin oğlu Abdullaha, qiyamı yatırtmaq məsələsini də Ubeydullah ibni Ziyada tapşırmaq istəyir, ancaq Ubeydullah qəbul eməyib dedi: Bir fasiqdən ötrü Hüseynin qətlini və Kə’bə evinin ehtiramsızlığını öz üzərimə götürə bilmərəm.

Əgər bu sözlər özgələrinin deyil, həqiqətən Ubeydullahın öz dedikləri olmuş olsa, onda demək lazımdır ki, o, Yezidə nisbətən uzaq görən olub. Çünki o, bilirdi ki, Süfyani ailəsinin hakimiyyəti artıq sona yetməkdədir, hər halda o, heç də günahdan qorxan adam deyildi. Yezid bu tapşırıqı Əmr ibni Səidin – Mədinənin keçmiş hakiminin öhdəsinə qoymaq istədi, lakin o da qəbul etməyib belə dedi: Mən əlimi Qüreyşin qanına batırmaq istəmirəm, bu işi qoy yad bir adam öz üzərinə götürsün.

Yezid çarəsizlikdən qoca və xəstəlikdən yataqda yatan Müslim ibni Uqbəni qoşunla birgə Mədinəyə yolladı. Müslim şəhəri mühasirəyə alıb Hərrə Vaqim tərəfdən şəhərə daxil olub əhaliyə üç gün möhlət verəcəyini söylədi. Əlavə olaraq dedi: Əgər təslim olsanız buradan birbaşa Məkkəyə, Zübeyrin oğlunun üzərinə gedəcəm, yox əgər təslim olmasanız məni üzürlü hesab edin.

Şəhər əhalisi müqavimət göstərsə də nəhayət məğlub edilərək təslim oldular. Müslim şəhəri üç günlüyə qan içən Şam ordusunun ixtiyarına qoydu ki, ürəkləri nə istəsə onu da etsinlər.

Allah bilir neçə dindar və təqvalı kişilər öldürülüb, neçə qadın və qızlara təcavüz edilib saysız-hesabsız hörmətsizliklər olundu! Bu faciədən yalnız bir şey anlaşılır ki, bu yürüşdə həm göstəriş verənlər, həm də icra edənlər islam fiqhindən xəbərsiz idilər, mə’lumatları olan şeylərə də biganə yanaşırdılar. Hər iki halda bu nəticəyə gəlmək olar ki, islam onlar üçün ilahi hökmləri icra etmək deyil, öz qüdrətlərini qorumaq üçün bir alətə çevrilmişdi. Təəccüblü burasıdır ki, Mədinə faciəsi sona yetdikdən sonra Müslim dedi: İlahi, Sənin təkliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə verdiyim şəhadətdən sonra Mədinə əhalisinin qırğınına səbəb olan işdən başqa heç bir işi sevmirəm və qiyamətdə bu işin müqabilində veriləcək əvəzdən başqa heç bir işin savabına göz dikməmişəm.

Bilmirəm bu sözləri o şəxsən özü deyib, yoxsa Əməviləri gözdən salmaq üçün Abbasilər dövründə yaşamış tarixçilər yazıblar. Həqiqətən bu sözlər onundursa (özünün deməsi də mümkündür) görəsən bu şəxs həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verməyini dilə gətirməklə yanaşı müsəlmanların kütləvi surətdə qırılmasını necə bir yerə sığışdıra bilib? Görəsən Yezidin əmrinə tabe olmaq hər hansı şəriət hökmünün yerinə yetirilməsinə, başqa bir hökmün isə ləğv olunmasına səbəb ola bilərmi?

Bu yaramaz hadisə hicrətin 62-ci ilində baş vermişdir. O, Yezidə göstərdiyi bu “xidmətə” görə tarixdə “müsrif” ləqəbi almışdır.

Görkəmli Misir alimi və yazıçısı doktor Taha Hüseyn sülh müqaviləsindən sonra Müaviyənin şiələri tə’nə və tənqid etməsini qeyd edərək yazır: «Müaviyənin son on il hakimiyyəti dövründə şiələrin işi artdı və onların də’vəti İslam ölkəsinin Şərqində və ərəb məntəqələrinin Cənubunda həddən artıq yüksəliş tapdı. Belə ki, Müaviyənin ölümü zamanı camaatın əksəriyyəti, xüsusən də, İraq əhalisi Müaviyəni lə’nətləməyi və Əhli-beyt məhəbbətini özlərinə bir dini vəzifə kimi hesab edirdi.» Beləliklə də, İslam cəmiyyəti Əməvi hökumətinin həqiqi simasını kifayət qədər tanıdı. Onlar bu hökumətin işkəncələrini kifayət qədər daddılar və bu hökumətin müsəlmanların hüquqlarına etdiyi təcavüz və zülmləri gördülər. Bu hökumətin Müaviyənin hakimiyyəti dövründə üzünə keçirdiyi üzlük kənara çəkilərək camaat onun həqiqi qiyafəsini tanıdı. Bunun da nəticəsində Müaviyənin ölümü və İslam cəmiyyətinin oyanması ilə Müaviyənin dövründə baş tutacaq bir qiyama mane olan səbəblər aradan qaldırıldı və Əməvi hökumətinə qarşı qiyam üçün yol açıldı. Belə bir vaxtda Hüseyn ibn Əli (əleyhissəlam) azğın Bəni–Üməyyə hökumətinə qəti zərbə endirərək o böyük və misilsiz qiyamı həyata keçirtdi.

İlhamverən qiyam

İmam Hüseyn əleyhissəlamın qiyamı cəmiyyətdə böyük dönüş yaradaraq vəziyyəti dəyişdirdi. Bütün fikirləri Əməvi hökumətinə qarşı yönəldərək «Təvvabin» qiyamı, Mədinə əhalisinin qiyamı, Muxtari-Səqəfinin qiyamı, Zeyd ibn Əli ibn Hüseyn əleyhissəlamın qiyamı və bir neçə başqa ardıcıl qiyamlara səbəb oldu. Əgər bu qiyam İmam Həsən əleyhissəlamın dövründə və o Həzrətin başçılığı altında həyata keçsəydi, heç bir nəticəsi olmayacaqdı.

İmam Hüseyn (əleyhissəlam) həqiqətdə öz əziz qardaşının tutduğu proqramla irəliləyirdi. Çünki İmam Həsən (əleyhissəlam) son dərəcə vüqarla kütbeyin insanların səhvlərinə dözərək o dövrün həqiqətlərinin üstü-örtülü olması nəticəsində sülh imzalamaqla yavaş-yavaş qiyam üçün zəminə yaradaraq camaatın beynində inqilabi fikirlər oyatdı. Elə ki şərait tamamilə hazır oldu, Hüseyn ibn Əli (əleyhissəlam) fəsad mərkəzinə hücumun rəhbərliyini öz öhdəsinə götürdü.

  3797
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

    Həyatın müşküllərini çözən 25 hədis!
    Öz evində ...
    KƏRBƏLA FACİƏSİ VƏ ONUN TƏSİRLƏRİ (1)
    Aşuradan sonra Məhərrəmin 12-də baş verən hadisələr
    MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
    Atasın zinəti
    İmam Səccad (ə) –ın həyatına bir baxış
    İmam Rizanın (ə) ziyarətinin ikinci Həcdən üstünlüyü
    BUNLARI BILMƏK MARAQLIDIR
    Kəlamın möcüzəsi

latest article

    Həyatın müşküllərini çözən 25 hədis!
    Öz evində ...
    KƏRBƏLA FACİƏSİ VƏ ONUN TƏSİRLƏRİ (1)
    Aşuradan sonra Məhərrəmin 12-də baş verən hadisələr
    MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
    Atasın zinəti
    İmam Səccad (ə) –ın həyatına bir baxış
    İmam Rizanın (ə) ziyarətinin ikinci Həcdən üstünlüyü
    BUNLARI BILMƏK MARAQLIDIR
    Kəlamın möcüzəsi

 
user comment