Azəri
Friday 29th of March 2024
0
نفر 0

Müsəlmanların günahları

Müsəlmanların günahları

Müsəlmanların günahlarının cəzası qeyri-müsəlman şəxslərin cəzası kimi olacaq, yoxsa yox?
«Şiə olmayanların yaxşı əməlləri Allah dərgahında qəbul ediləcək?»
«Şiələrin pis və günah işlərinin hökmü nədir?»

Bu qrup adamlar adətən belə dəlil gətirirlər:
1. Əgər bizimlə başqalarının günahları bir cür nəzərə alınaraq hesablanacaqsa, bəs onda şiə ilə qeyri-şiə arasında nə fərq var?
 
2. Belə məşhur bir rəvayət var: «Əlinin (ə) məhəbbəti elə bir gözəllikdir ki, onun olması ilə insana heç bir günahı zərər gətirməz.»
Onların birinci dəlillərinin cavabında demək lazımdır ki, şiə ilə qeyri-şiə arasındakı fərq, şiə öz rəhbərlərinin verdiyi proqramlara, qeyri-şiə də öz dini proqramlarına əməl edəndə məlum olur. Bəli, onda həm dünya və həm də axirətdə şiənin başqalarından üstün olması aydınlaşır. Fərqi mənfi deyil, müsbət cəhətlərdə axtarmaq lazımdır. «Şiə ilə qeyri-şiə, dini poqramlarını ayaq altına qoyanda fərqə malik olmalıdırlar və onlar arasında fərq olmasa, bəs şiə ilə qeyri-şiə arasında nə fərq var?» demək lazım deyil.
Bu eynilə iki xəstənin həkimə müraciət etməsi kimidir. Həmin xəstələrdən biri dərin məlumatlı həkimə, digəri isə səthi məlumatlı həkimə müraciət edir, amma həkimdən nüsxə alandan sonra onların heç biri ona əməl etmirlər. Sonra birinci xəstə gileylənir ki, bəs mənimlə dərin məlumatı olmayan həkimə müraciət edən xəstə arasında nə fərq var? Nə üçün mən də onun kimi xəstə qalmalıyam, halbuki mən dərin məlumatlı həkimə, o isə səthi məlumatlı həkimə müraciət edib?!
İndi bizim də Əli (ə) ilə başqalarının fərqini biz o həzrətin göstərişlərinə əməl etməyəndə ziyan görməyəcəyimizdə, onların isə öz rəhbərlərinin sözlərinə əməl etsələr də, etməsələr də ziyan görəcəklərində görməyimiz düz deyil!
İmam Sadiqin (ə) səhabələrindən biri o həzrətə deyir ki, sizin şiələrinizdən bəziləri yollarından çıxıblar və haramları halal sayaraq deyirlər ki, əsas məsələ ancaq imamı tanımaqdır, imamı tanıdınsa istədiyin işi görə bilərsən. İmam Sadiq (ə) onun cavabında belə buyurur:
«İnna lillah və inna iləyhi raciun! Bu kafirlər bilmədikləri şeyi öz ağılları ilə yozurlar. Söhbət bundan gedir ki, imamı tanı və sonra itaət olunası əməllərdən nə istəyirsənsə et, Allah qəbul edəcək, çünki Allah-taala agahlıqla olmayan əməli qəbul etmir.»
Məhəmməd ibni Marid imam Sadiqdən (ə) soruşur ki, siz doğrudan da «İmamı tanıyandan sonra istədiyini et» cümləsini demisiniz?
İmam deyir ki, bəli demişəm.
Məhəmməd ibni Marid deyir ki, hər əməl hətta zina, oğurluq və içki içmək?!
İmam buyurur: «Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq. Allaha and olsun ki, bizim barəmizdə insafsızlıq ediblər. Biz öz əməllərimizə məsuliyyət daşıyırıq, bizim şiələrimizin məsuliyyətlərinin götürülməsi necə mümkündür? Mən demişəm ki, imamı tanıyan kimi istədiyin qədər xeyir iş gör, qəbul olacaq».
«Əlinin(ə) məhəbbəti elə bir gözəllikdir ki, onun olması ilə insana heç bir günahı zərər gətirməz.» hədisinə gəldikdə isə, onun təfsirinin nə olmasını araşdırmaq lazımdır. Böyük alimlərdən biri - deyəsən Vəhid Behbəhani - bu hədisi xüsusi bir tərzdə təfsir edib. O, buyurub ki, hədisin mənası budur ki, əgər Əlinin (ə) məhəbbəti düzgün məhəbbət olsa, günah insana heç vaxt zərər gətirməz, yəni insanlıq, ibadət, itaət və əxlaqın kamil nümunəsi olan Əlinin məhəbbəti, yalançı və qondarma deyil, həqiqi məhəbbət olsa insanın günah etməsinə mane olar. Bu məhəbbət mühafizə yaradaraq xəstəliyin insana yol tapmasına mane olan peyvənd kimidir. Əməl, təqva və pərhizkarlıq simvolu olan Əli kimi rəhbərin məhəbbəti, adamı onun rəftarının vurğunu edir, günah fikrini onun başından çıxardır. Əlbəttə bunların hamısı məhəbbətin həqiqi olması şərti ilədir. Əlini (ə) - onun təqvasını, ah-nalələrini, gecə yarısı olan nalələrini dərk edən, ona məhəbbət bəsləyən şəxsin həmişə təqva və əmələ sifariş edən Əlinin (ə) göstərişlərinə zidd işlər görməsi qeyri-mümkündür. Hər bir aşiq öz sevgilisinin istəklərinə hörmət bəsləyir və onun göstərişlərini əziz tutur. Sevgiliyə tabe olaraq onun göstərişlərinə əməl etmək düzgün məhəbbətin zərurətlərindəndir. Bu təkcə Əliyə (ə) aid deyil və Peyğəmbərə (s) olan düzgün və həqiqi məhəbbət də belədir. Deməli «Əlinin (ə) məhəbbəti elə bir gözəllikdir ki, onun olması ilə insana heç bir günah zərər gətirmir» hədisinin mənası budur ki, Əlinin məhəbbəti günahın insana zərər vurmasına mane olur, yəni günahın insana yol tapmasına mane olur. Bəli həmin hədisin mənası nadanların güman etdikləri şey, yəni Əli məhəbbətinin hər bir günahı təsirsiz edən bir şey olması deyil.
Bəzi dərvişlər bir tərəfdən Allahın dostu olmalarını iddia edir, digər tərəfdən isə bütün günahkarlardan çox günah edirlər. Onlar da yalançı iddiaçılardırlar.
İmam Sadiq (ə) buyurub: «Allah məhəbbəti iddiası ilə Ona asi olursan; Canıma and olsun ki, bu çox təəccüblü işlərdəndir; əgər sənin məhəbbətin həqiqi məhəbbət olsaydı ona itaət edərdin; çünki hər bir dostun öz dostuna tabe olması təbiidir».
Əmirəl-möminin (ə) həqiqi dostları həmişə günahlardan uzaqlaşıblar. O həzrətin vilayəti günaha təşviq və sövq edən deyil, günahdan saxlayan bir amildir.
İmam Baqir (ə) buyurub:
«Bizim vilayətimizə yaxşı əməl və günahdan çəkinməkdən başqa heç bir şey ilə çatmaq mümkün deyil».
İndi də bu mətləbi təsdiq edən bir neçə rəvayətə nəzər salaq.
1. Tavus Yəmani deyir:
Mən Əli ibni Hüseyni axşamdan səhərə kimi Allah evinin başına təvaf edən və ibadətlə məşğul olan halda gördüm. O, ətraf sakitləşən kimi heç kəsin olmadığını görüb göyə baxaraq belə dedi: «İlahi, ulduzlar göydən yoxa çıxdılar, camaatın gözü yuxuya getdi və Sənin qapıların dua edənlərin üzünə açıqdır...»
Tavus o həzrətin bu barədəki təvazökar və abidanə olan dualarından çoxlu cümlələr nəql edərək belə deyir: O həzrət münacatının ortasında bir neçə dəfə ağladı və sonra torpağın üstünə düşdü və səcdə etdi. Mən onun yanına gedib başını dizimin üstünə qoyub ağladım. Gözlərimdən yaş axdı və damcılar o həzrətin üzünə düşdü. O ayağa durub oturdu və məndən soruşdu ki, sən kimsən ki, məni Allahla danışmaqdan ayırdın? Dedim ki, mən Tavusam, ey Peyğəmbərin oğlu! Bu nalə və ağlamaqlar nə üçündür? Biz belə etməliyik, çünki, günahkar və cəfakarıq? Sənin atan Hüseyn ibni Əli (ə), anan Fatimeyi-Zəhra, baban isə Allahın Peyğəmbəridir. (Yəni belə şərəfli əsil-nəcabətə malik ola-ola sən nədən qorxursan?) O həzrət mənə baxıb belə dedi: «Xeyir, xeyir, ey Tavus! Əsil-nəcabət məsələsini kənara qoy. Allah cənnəti itaətkar və xeyirxah olanlar üçün yaradıb, o, hətta qara qul olsa belə ! Atəşi isə Onun fərmanından çıxan üçün yaradıb, hətta Qureyşin şahzadələrindən olsa belə! Məgər Allahın bu sözünü eşitməmisən ki, buyurub: «Sur çalınanda əsil-nəsəblər aradan gedir və bir-birlərindən heç nə soruşmurlar. Allaha and olsun ki, bu gün göndərdiyin əməldən başqa sənə heç nə xeyir verməyəcək».
2. İslam Peyğəmbəri (s) Məkkənin fəthindən sonra Səfa dağının başına çıxaraq belə fəryad etdi: Ey haşim oğulları! Ey Əbdul-Müttəlib oğulları! Haşim və Əbdul-Müttəlib övladları toplaşdılar. Onlar hamısı toplaşandan sonra o həzrət onlara xitab edərək belə buyurdu:
«Mən Allahın sizə göndərdiyi elçisiyəm, mənim sizə ürəyim yanır. Məhəmməd bizdəndir - deməyin, Allaha and olsun ki, sizin və sizdən başqalarının arasından yalnız pərhizkarlar mənim dostlarımdırlar. Məbada qiyamət günü siz çiyninizdə dünyanı daşıdığınız, başqaları isə axirəti daşıdıqları halda gələsiniz. Mən özümlə siz və sizinlə Allah arasında heç bir üzr yeri qoymadım. Bizim hər birimiz üçün yalnız öz əməlimiz qalacaqdır.»
3. Tarix kitablarında yazılıb ki, əziz İslam Peyğəmbəri ömrünün son günlərində, bir gecə təkcə çölə çıxaraq Bəqi qəbristanlığına gedir və Allahdan orada yatanların günahlarının bağışlanmasını istəyir. Sonra səhabələrinə belə deyir: Cəbrail Quranı mənə hər il bir dəfə gətirərdi, bu il isə iki dəfə gətirib, məncə bunun səbəbi ölümümün yaxınlaşmasıdır. Səhəri gün minbərə çıxaraq ölümünün yaxınlaşmasını elan etdi və dedi ki, kimə nə vəd vermişəmsə gəlsin yerinə yetirim və kimə borcluyamsa gəlsin borcunu qaytarım.
Sonra sözünü belə davam etdirdi:
«Ey camaat! Allahla heç kəs arasında əməldən başqa heç bir qohumluq əlaqəsi və ya digər bir bağlılıq yoxdur ki, Allah ona görə həmin adama xeyir yetirsin və ya ondan şəri uzaqlaşdırsın. Heç kəs əməldən başqa bir şeyin ona xeyir gətirəcəyini iddia etməsin, arzulamasın və güman etməsin. Məni peyğəmbərliyə göndərən Allaha and olsun ki, əməllə Allahın rəhmətindən başqa heç nə insana nicat verməyəcək. Əgər mən də günah etsəydim süqut edərdim. İlahi! Öz vəzifəmi yerinə yetirdiyimə şahid ol».
4. Həzrət Əli ibni Musa Rzanın (ə) Zeydunnar adlı bir qardaşı olub. İmam bu qardaşının rəftarından elə də razı deyildi. İmam Mərvdə olanda bir gün çoxlu adamın iştirak etdiyi bir məclisdə söhbət edirdi. Zeyd də həmin məclisdə idi. O həzrət söhbət əsnasında onun bir dəstəyə üz tutub peyğəmbər nəslinin məqamından dəm vurmasını və qürurla «biz belə etdik, biz elə etdik» söyləməsini eşitdi. İmam söhbətini yarımçıq kəsib Zeydə üz tutaraq belə dedi: «Bu nə sözlərdir danışırsan? Əgər sənin sözlərin düz olsa və peyğəmbər övladları istisnai şəraitə malik olsalar, Allah onların pis iş görənlərinə əzab verməyərək onlara mükafat versə, onda sən Allah yanında atan Musa ibni Cəfərdən (ə) daha əzizsən? Çünki o, Allaha bəndəlik etməklə Ona yaxınlıq məqamına nail olub, amma sən güman edirsən ki, Allaha bəndəlik etmədən Musa ibni Cəfərin məqamına çata bilərsən!»
İmam sonra Kufə alimlərindən olan və həmin məclisdə iştirak edən Həsən ibni Musa Vəşşaya üz tutaraq belə buyurdu: Kufə alimləri «Qalə ya nuhu...» ayəsini necə qiraət edirlər?
O dedi: Onlar bu ayəni «İnnəhu əməlun ğəyru salihin» şəklində oxuyurlar. (Yəni o, sənin oğlun deyil, sənin nütfəndən deyil, o zinakar bir kişinin oğludur.)
İmam buyurdu: Xeyr, belə deyildir, onlar ayəni səhv oxuyur və yanlış də təfsir edirlər. Ayə belədir: (İnnəhu əməlu ğəyri salihin» Yəni sənin övladın özü nasaleh adamdır. O, doğrudan da Nuhun (ə) oğlu idi. Onun Allah dərgahından qovularaq boğulmasının səbəbi, özünün nasaleh olmasıdır. Deməli, peyğəmbər və ya imamın oğlu olmaq və ya onlara bağlılığın heç bir xeyiri yoxdur, bunun üçün saleh əməl lazımdır.
TƏKVİNİ VƏ ŞƏRTİ ŞƏRTLƏR
İnsanlar adətən yaradılış, cəza, mükafat, xoşbəxtlik və bədbəxtliklər barəsindəki ilahi qanunları bəşəriyyətin ictimai qanunları ilə müqayisə edirlər. Halbuki bu işlər təkvini və həqiqi şəraitə tabedirlər. Amma ictimai qanun və şəraitlər şərti və etibari qanunlara tabedirlər. İctimai qanunlar şərti şəraitlərə tabe ola bilərlər, amma yaradılış qanunları, o cümlədən ilahi cəza və ya mükafatlandırma həmin şəraitə tabe ola bilməz və onlar təkvini şəraitə tabedirlər. Təkvini və şərti sistemlərin fərqini aydınlaşdırmaq üçün bir misal gətirirəm.
Bildiyimiz kimi, hər bir ölkə ictimai sistem və quruluşlarda özünə məxsus qanunlara malikdir. İctimai qanunlar bəzi məsələlərdə təbii və təkvini şərait baxımından bir-biri ilə bərabər, şərti şərait baxımından isə fərqli, məsələn biri bir ölkədən, digəri isə başqa ölkədən olan iki nəfər arasında fərq qoyur.
Məsələn, İranda bir nəfəri rəsmi surətdə işə götürmək istəyəndə təkvini cəhətdən bərabər olan müraciətçilərin biri iranlı, digəri isə əfqanıstanlı olsa, ola bilər ki, iranlını işə götürsünlər, amma əfqanıstanlını isə bu ölkə vətəndaşı olmadığı üçün işə götürməsinlər. Belə olan halda əgər əfqanıstanlı etiraz edərək işə götürülən iranlı ilə təbii şərait baxımından tamamilə bərabər olmasını desə, məsələn desə ki, əgər o sağlamdırsa mən də sağlamam, əgər gəncdirsə mən də gəncəm, əgər filan sahədə mütəxəssisdirsə mən də mütəxəssisəm və sairə, ona idarə qanunlarının onu işə götürmək icazəsi verməməsini deyəcəklər.
Şərti bir iş ilə həmin əfqanıstanlının da vəziyyəti dəyişə bilər və o da başqaları kimi olar, yəni o, müraciət edərək İran vətəndaşlığını qəbul edə bilər Vətəndaşlığı qəbul etməyin onun həqiqi şəxsiyyətində heç bir təsir göstərməməsi aydın bir məsələdir. Amma ictimai qanunlar baxımından onun şəxsiyyəti dəyişir. Adətən şərti şəraitin nəzərə alınması, həqiqi və təkvini şəraitdəki bərabərliklərin riayət edilməməsi ilə birgə olur.
Amma ictimai və şərti qanunlara tabe olmayan və ancaq təkvini şəraitə tabe olan məsələlərdə iş başqa cürdür.
Məsələn İrana, Allah eləməmiş, vəba xəstəliyi gələndə bu ölkə vətəndaşı ilə başqaları arasında fərq qoymur. Əgər iranlı ilə əfqanıstanlı cismi və mühit baxımından bərabər şəraitdə olsalar mikrobun ayrı-seçkilik salması və «əfqanıstanlı iranlı olmadığı üçün onunla işim yoxdur» deməsi qeyri-mümkündür. Burada məsələ ictimai və şərti deyil, xilqət və təbiət məsələsidir, qanunvericilik və qanun düzəltmək deyil, təkvin məsələsidir.
İlahi qanunlar, insanların cəza və mükafatlandırılmaları, bədbəxtlik və xoşbəxtlikləri baxımından həqiqi və təkvini şəraitə tabedir. Məsələn, biri «mənim adım müsəlman olduğu üçün üstünlüyə malik olmalıyam» deyərək iddia edəndə onun sözünə baxılmır.
Məsləni qarışdırmayın, söhbət İslamın müsəlmanların ictimai həyatları üçün müəyyənləşdirdiyi qanunlardan deyil, cəza və mükafatla bağlı məsələlərdə Allahın bəndələri ilə rəftarından gedir.
İslamın ictimai qanunlarının da, dünyanın ictimai qanunları kimi bir sıra şəraitləri nəzərdə tutaraq müəyyənləşdirilmiş şərti qanunlar olmasında və insanların, dünyəvi həyatlarına aid olan bu qanunları bir sıra şərti şəraitlərə riayət etmələrinin gərəkliyində heç bir şübhə yoxdur.
Amma Allahın işi və ilahi iradənin yaradılışdakı cərəyanı, o cümlədən insanlara səadət bəxş etmək, onları bədbəxtliyə çəkmək və cəza vermək, yaxud mükafatlandırmaq ictimai qanunlara tabe deyil. Ümumiyyətlə həmin məsələ bu qismə daxil deyil Allahın müqəddəs zatı mütləq iradəsinin cərəyanında şərti qanunlar əsasında hərəkət etmir. İctimai sistemlərdə yetərli təsiri olan şərti qanunların, Allah-taalanın müqəddəs zatının təkvini iradəsinin cəryanında heç bir təsiri yoxdur.
İslamın bəşəriyyətin ictimai rəftar və davranışlarına aid olan qanunlarına əsasən, dilinə şəhadət kəlməsini gətirən şəxs müsəlman sayılır və o, İslamın zahiri imkanlarından istifadə edir. Amma axirət qanunları və o biri dünya hesabında, Allahın rəftarı baxımından «Kim ardımca gəlsə, o, şübhəsiz ki, məndəndir»[118] və «Allah yanında ən hörmətli olanınız Allah qarşısında ən çox təqvalı olanınızdır»[119] qanunu hakim olur.
Əziz İslam Peyğəmbəri (s) belə buyurub:
«Ey camaat, sizin hamınızın bir ata və bir Allahınız var, hamınız Adəmdən, Adəm isə torpaqdan yaradılıb.»
Yəni hamının əsil-nəsəbi torpağa qayıdır, ərəbin əcəmdən heç bir üstünlüyü yoxdur və yeganə üstünlük meyarı təqvadır.
Həqiqət axtarışı istiqamətində addımlayan Salman Farsi elə bir yerə çatmışdı ki, Peyğəməbr (s) onun barəsində belə buyurmuşdu: «Salman bizdən, Əhli-beytdəndir».
Buna görə də şeytani vəsvəsələrin təsiri altına düşən və ürəklərini «bizim adımız Əli ibni Əbutalibi sevənlərin adları arasındadır, hər nə olsa onun rəiyyətlərindən sayılırıq» kimi sözlərlə şad edənlər, nahaq yollarla əldə etdikləri və ya yaşadıqları müddətdə xeyir işlərə sərf etməli olduqları pulların böyük miqdarını müqəddəs məkanların idarəçilərinə verərək mələklərin əzab verməyə cürət etəməmələri fikri ilə onları övliyaların qəbirləri yaxınlığında dəfn etmələrini vəsiyyət edənlər bilməlidirlər ki, çox xam xəyaldadırlar və qəflət pərdəsi gözlərini örtüb. Onlar özlərini dözülməz ilahi əzabın içində görəndə gözlərini açacaqlar və elə həsrətə düçar olacaqlar ki, ölüm imkanı olsaydı min dəfə ölməyə razı olardılar. Bəs elə isə, bu gün nə qədər ki, gec olmayıb qəflət yuxusundan ayılsınlar və tövbə edərək keçənlərin yerini doldursunlar.
«(Ya Məhəmməd!) qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!» [120]
Qurani-kərimin ayələri və İslami rəvayətlər baxımından günahkarın hətta müsəlman olsa belə, əzaba düçar olacağı qəti bir məsələdir. Həmin sənədlərdən belə bir nəticə əldə edilir ki, əgər günahkar iman əhlidirsə ol bilsin axırda son nicat və cəhənnəmdən qurtuluşa nail olacaqdır. Amma onun bu nicatı neçə il əzabı daddıqdan sonra ola bilər. Bir dəstə adamın günahı ölüm zamanı çəkdiyi çətinliklərdə, digər bir dəstəninki isə qəbir və bərzəx aləmində təmizlənir. Digər bir qrup isə öz cəzasını qiyamətin qorxuları və hesabın çətinliyində çəkəcək. Bir qrup isə cəhənnəmə düşəcək və illərlə əzabda qalacaq. İmam Cəfər Sadiqdən (ə) «Onlar orada sonsuz müddətə qalacaqlar» ayəsinin təfsirində nəql edilib ki, bu ayə atəşdən nicat tapanlar barəsindədir.
İndi də ölüm zamanı verilən əzabları açıqlayan rəvayətlərdən nümunə üçün bir neçəsini gətiririk, bəlkə bizim qəflət yuxusundan oyanmağımıza səbəb ola və bizi qarşımızda olan qorxulu və çətin mənzillərə hazırlaya.
1. Şeyx Kuleyni həzrət imam Sadiqdən (ə) nəql edib ki, Əlinin (ə) gözü ağrıyırdı. Həzrət Peyğəmbər (s) ona baş çəkməyə gəlmişdi və Əlinin (ə) ağrıdan ah-nalə səsi ucalırdı. O həzrət soruşdu: Bu səs-küy tabsızlıqdandır, yoxsa ağrının çoxluğundan? Əmirəl-möminin dedi ki, ey Allahın Peyğəmbəri, mən indiyə kimi bundan şiddətli ağrı görməmişəm. Peyğəmbər həmin vaxt kafirin çətin və qorxulu olan canvermə halını nəql etdi. Əli (ə) həmin sözləri eşidən kimi durub oturdu və dedi: Ey Allahın Peyğəmbəri, həmin söhbəti bir də danış, o mənə ağrılarımı unutdurdu. Sonra belə dedi: Ey Allahın Peyğəmbəri, sizin ümmətinizdən də bu cür canı alınan olacaq? Peyğəmbər buyurdu: Bəli. Zülm edən hakim, yetim malı yeyən və yalandan şahidlik edən şəxsin canı belə alınacaq.
2. Şeyx Səduq «Müctəhidə əli çatmayanlara» adı ilə yazdığı kitabda nəql edib ki, Əbuzərin oğlu Zər dünyadan köçəndən sonra Əbuzər onun qəbrinin yanında dayanaraq əlini qəbrə sürtüb belə dedi: Allah rəhmət etsin. Allaha and olsun ki, sən mənə qarşı xoşrəftar idin və indi ki, mənim əlimdən çıxmısan, səndən razıyam. Allaha and olsun ki, sənin getməyindən qorxmuram, məndən heç nə əskilməyib və mən Allahdan başqa heç kəsə möhtac deyiləm. Əgər xəbərdarlıq vaxtının qorxusu olmasaydı, mən sənin yerinə getməyi arzulayardım. Amma istəyirəm ki, bir az keçənlərin yerini doldurum və o dünyaya hazırlaşım. Sənin qəmini çəkmək, mənə ayrılıq qəmini unutdurub. (Yəni bütün fikrim budur ki, nə edim ki, sənə daha xeyirli olsun və bu mənə səndən ayrılığın qəmini çəkmək imkanı vermir.) Allaha and olsun ki, məndən ayrıldığına görə ağlamamışam. Amma sənin halının necəliyinə və başına nələr gəlməsinə ağlamışam. Ey kaş sənin nə dediyini və sənə nə deyildiyini biləydim. İlahi! Sənin, övladımın mənim barəmdə qoyduğun haqqından keçirəm, bəs Sən də öz haqqından keç, ki, Sən bağışlamaq və kərəm göstərməyə daha layiqsən».
3. İmam Sadiq (ə) ata və babalarından nəql edib ki, Peyğəmbər (s) belə buyurub: Qəbir əzabı və çətinlikləri möminin günahlarının kəffarəsidir.
4. Əli ibni İbrahim «onların önündə dirilib duracaqları günə qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır» ayəsi barəsində həzrət Sadiqdən (ə) nəql edib: Allaha and olsun ki, mən sizin bərzəx aləmindən başqa heç nəyiniz üçün nigaran deyiləm. İş bizə tapşırılanda biz sizi bağışlamağa daha layiqik.»
Yəni bərzəxdə şəfaət yoxdur və bizim şəfaətimiz ondan sonradır.
Ümumiyyətlə yalan, qeybət, töhmət, xəyanət, zülm, başqalarının malını yemək, şərab içmək, qumar oynamaq, söz gəzdirmək, söyüş söymək, namaz qılmamaq, oruc tutmamaq, həccə getməmək, cihada getməmək və sairə günahların cəzaları barəsində Quranda və mütəvatir rəvayətlərdə o qədər sözlər deyilib ki, saymaqla qurtarmaz. Onların heç biri kafirlərə məxsus deyil. Merac hədislərində Peyğəmbərin (s) «ümmətimin kişi və arvadlarının müxtəlif qruplarını əzabın müxtəlif dərəcələrində gördüm ki, onlar müxtəlif günahlarına görə əzab çəkirdilər» məzmunlu sözləri çoxdur.
 
Yazıda tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslamofobiya fenomeninin təhlili
SEKULYARİZM
SÜFYANININ XƏBƏRI
Rəbiüs-sani ayının 8-i İmam Həsən Əskərinin (ə) təvəllüd günüdür. ...
Mübahilə` duası
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır

 
user comment