Azəri
Friday 29th of March 2024
0
نفر 0

İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları

İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları

Toplayan:

Seyyid Rəzi
41-ci xütbə

İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Bu xütbədə vəfalılıq təqdir, hiylə isə məzəmmət olunur.)

Vəfa doğruluğun yoldaşıdır və mən (ilahi əzabın qarşısını almaq üçün) əhdə vəfa etməkdən daha qoruyucu sipər tanımıram. (Qiyamətdə) qayıdışın nə cür olmasından agah kimsə (ondan hansı şəkildə sorğu-sual ediləcəyini bilən heç vaxt) məkr işlətməz. Elə bir zəmanədəyik ki, adamlarının çoxu məkr işlətməyi zirəklik sanırlar və nadanlar onları zirək bilirlər. Bu məkr edənlərin xeyirləri nə olur? Allah onları həlak etsin (ki, camaat şərlərindən azad olsun və ya Allah onları öz rəhmətindən uzaq salsın)! Zirək və işini bilən insan hiylənin və hər bir işin çarə yolunu bilir. Hiylə işlətməməyinin səbəbi isə Allahın əmr və qadağasının ona mane olmasıdır. Hiyləni gördüyü, tanıdığı və işlətmək qüdrətinə malik olduğu halda onu tərk edir. Dində (Müaviyə və Əmr ibn As kimi) heç bir günahdan qorxusu olmayanlar, fürsəti əldən verməyərək hər işdə hiylə və məkrə əl atırlar.[1]
42-ci xütbə

İmam Əli əleyhis-salamın (nəfsi istəklərə itaətin və hədsiz arzuların dalınca düşməyin məzəmmət olunduğu) xütbələrindəndir.

Ey camaat! Sizin iki ən dəhşətli şeyə-birincisi nəfsi istəklərə itaətə, ikincisi isə saysız-hesabsız arzuların dalınca getməyə mübtəla olmağınızdan qorxuram. Nəfsi istəklərin ardınca getmək insanı haqq yoldan saxlayar, saysız-hesabsız arzular isə axirəti yadından çıxardar. Agah olun, dünya (öz əhlindən) sürətlə üz döndərər (onun əhli tezliklə fani olacaq və ya onda xoş güzəran keçirmək, ona ürək bağlamaq nəticəsiz qalacaq). Bir kimsənin (başıaşağı tutaraq) tökdüyü su qabının dibində qalandan (həmin qabda azacıq sudan başqa su qalmaz) başqa bir şeyi qalmadığı kimi ondan bir şey qalmaz. Bilin ki, axirət yaxındır və dünya ilə axirətin hər birinin (öz) övladları var. Elə isə siz axirət övladlarından olun (Allahın və Peyğəmbərin göstərişinə uyğun rəftar edin və bu müvəqqəti həyata ürək bağlamayın) və dünyanın övladlarından olmayın. Çünki tezliklə qiyamətdə hər övlad anasına qovuşacaq. (Deməli, dünyanın övladı odda, axirətin övladı isə Cənnətdə olacaq.) (Bilin) bu gün (fani ömrün günləri) əməl və iş günüdür, hesabı, sorğu-sualı yoxdur. Sabah (qiyamət) əməl və iş günü deyil, hesab və sorğu-sual günüdür.[2] (Seyyid Rəzi buyurur.)

Deyirəm: حَذّاء sözü sürət və tələskənlik mənasını verir. Bəziləri جذّاء - cim və zal hərfləri ilə nəql edərlər yəni, bu dünyaya ürək bağlamağın xeyir və faydası yoxdur.
43-cü xütbə

İmam Əli əleyhis-salamın (bey’ət almaq üçün) Cərir ibn Abdullah Bəcəllini Şama, Müaviyənin yanına göndərdikdən sonra buyurduğu kəlamlarındandır.

O böyük şəxsiyyətin səhabələri (Müaviyənin Həzrətin əmrinə itaət etməyəcəyini bildiklərindən, Cərir Şamdan qayıtmamış və cavab gətirməmiş) dedilər ki, Şam camaatı ilə müharibəyə hazırlaşmaq məsləhətdir. (Həzrət buyurdu:)

Cəririn onların yanında olduğu (hələ mənim cavabımı gətirmədiyi) halda mənim Şam əhalisinə qarşı müharibəyə hazırlaşmağım qapını onların üzünə bağlamaqdır və niyyət etmiş olsalar, onların yaxşılıqdan (bey’ətdən) üz döndərmələrinə səbəb olar.[3] Amma mən Cərir üçün bir vaxt qoymuşam ki, (Müaviyəyə) aldanmasa (onu cavabı almaq üçün məəttəl saxlamasa) və ya itaətsizlik göstərməsə (ondan cavab almağa səhlənkar yanaşmasa) bundan artıq orada qala bilməz. Mənim rəyim (onlarla) mülayim rəftar etməkdir, siz də mülayim rəftar edin. (Hərçənd ki) döyüşə hazır olmanızdan da acığım gəlmir. وَلَقَدْ ضَرَبْتُ أَنْفَ هَذَا الْأَمْرِ وَ عَيْنَهُ Yəni, mən bu işin burnunu və gözünü vurmuşam,[4] gizlinini və aşkarını alt-üst etmişəm. Mən özüm üçün başqa çarə görmürəm. Ya (Müaviyəyə və tərəfdarlarına qarşı) döyüşməli və ya küfrü və Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) gətirdiklərini inkar etməliyəm.[5] (Daha sonra Müaviyənin o Həzrətin adı ilə bağladığı Osmanın qətlinin səbəbi haqda buyurur:) Osman ümmətə rəhbərlik edirdi və bir neçə bid’ət (nalayiq və imana zidd işlər) yaratdı, (bu çirkin işlər də) xalq arasında söz-söhbətə (məzəmmətə və etiraza) səbəb oldu. Onlar da, (onun barəsində deyilməli olanı) dedilər və ona rəğbətlərini itirib dəyişdirdilər. (Onu öldürdülər, buna görə də onun qətlini Müaviyənin mənim adıma çıxması həqiqətə ziddir.)  
44-cü xütbə

 İmam Əli əleyhis-salamın Məsqələ ibn Hübeyrə Şeybaninin Müaviyənin yanına qaçdığı vaxt buyurduğu kəlamlarındandır. O, Bəni-Naciyə əsirlərini Əmirəl-mömininin nümayəndəsindən satın alaraq azad etmiş, Həzrət onların pulunu istədikdə isə xəyanət edərək Şama qaçmışdı.[6]

Allah Məsqələnin üzünü qara eləsin. Böyüklərə layiq iş görüb (əsirləri satın alıb, azad etdi), qullara layiq qaçışla qaçdı. Onu öyəcək adama fürsət verməmiş susdurdu. Vəsf edən onun işini təsdiqləməmiş, onu qınamağa və pisləməyə məcbur oldu.[7] Əgər getməyib qalsaydı, gücü çatan qədərini ondan alacaq, (qalan hissəsini almaq üçün) var-dövlətinin artmasını gözləyəcəkdik.
45-ci xütbə

İmam Əli əleyhis-salamın (dünyanı və onun fəsadlarını qınadığı) xütbələrindəndir.

Həmd olsun Allaha ki, heç kəs rəhmətindən məyus olmaz, nemətləri hamıya şamil edilər, heç kimsə onun bağışlamasından ümidsiz olmaz, ona ibadət kimsəyə başıaşağılıq gətirməz.[8] Elə bir mə’buddur ki, rəhmətini əsirgəməz və neməti bitib-tükənməz. Dünya bir saraydır ki, onun üçün fənalıq və yoxluq, əhli üçün isə köçünü çəkmək labüddür. O (öz əhlinin nəzərində), xoş və yamyaşıldır və (aldatmağının, qəflətə salmağının səbəbi budur ki,) tələsik onu istəyənlərin, tələb edənlərin sorağına gəlir, öz məhəbbət və istəyini ona nəzər salanın ürəyinə salır. Belə isə ondan köçün (ona ürək bağlamayıb, axirət səfərinə hazırlaşın və rahatlığı orada axtarın) və ən yaxşı malınızdan (Xaliqə ibadət və xalqa xidmətdən) azuqə yığın, orada ehtiyacınızdan artıq istəməyin. Sizə çatandan artığını tələb etməyin.[9]
46-cı xütbə

İmam Əli əleyhis-salamın Şam şəhərinə hərəkət etmək qərarına gəldiyi vaxt buyurduğu kəlamlarındandır:[10]

Ey Allah! Səfərin məşəqqətindən, (yaxınların ölümü və ya malın tələf olmasından yaranan) dönüşün kədərindən, (camaatın) əhli-əyala, mala və övlada pis baxışından Sənə pənah gətirirəm. Allahım, Sən səfərdə yoldaşım, ailəmdə isə canişinimsən. Səndən başqa səfərdə yoldaşım, vətənimdə isə canişinim ola biləcək kimsə yoxdur. Çünki (vətəndə) hər kim canişin olsa, (səfərdə) yoldaş olmaz, yoldaş olan isə canişin deyil (Seyyid Rəzi buyurur:)

Bu sözlərin əvvəli Allahın peyğəmbərindən (səlləllahu əleyhi və alih) nəql olunur və Həzrət əleyhis-salam ondan sonra وَلا يَجْمَعُهُمَا غَيْرُكَ sözündən buyuruğunun sonuna qədər ən bəlağətli kəlmələr işlətmiş və onu ən gözəl şəkildə tamamlamışdır.
47-ci xütbə

İmam Əli əleyhis-salamın Kufə barədə (onun viran olması, o böyük şəxsiyyətdən sonra zülmkarların şəhər əhalisinə edəcəyi zülm və sitəm haqda xəbər verdiyi) kəlamlarındandır.

Ey Kufə! Səni sanki Okkaz gönü kimi[11] (müxtəlif qoşunların gediş-gəlişi və hərcmərclikdən) dartılmış görürəm. Baş verən hadisələrdən (zülmkarların zülm və sitəmindən, dabbaqlar gönü ayaqlayan kimi) tapdalanacaq, (cürbəcür müsibət və bəlalarla) çalxalanacaqsan. Mən bilirəm ki, yalnız Allah-təalanın bəlaya düçar etdiklərindən və ya onların üzərində bir qatili hakim etdiklərindən başqa heç bir zülmkar sənə zülm və sitəm etmək qəsdində olmaz.[12]

 
48-ci xütbə

İmam Əli əleyhis-salamın Şama gedərkən (Nuxeylədə) buyurduğu xütbələrdəndir. (Siffeyn müharibəsi iyirmi beş şəvval otuz yeddi h. q. ilində baş vermişdir.)

Gecənin düşdüyü və dünyanın zülmətə, qaranlığa qərq olduğu hər dəfə Allah həmd olunmağa layiqdir. Ulduzların görünüb və gizləndiyi hər vaxt Haqq-təalaya sitayiş etmək rəvadır (həmişə, günün hər bir vaxtında Allah-təalaya həmd və şükür etmək hər bir kəsə vacib və lazımdır). Saysız-hesabsız şükrlər bütün kamal sifətləri özündə cəmləşdirən, nemət və bəxşişləri bitib-tükənməyən (hamıya şamil olan), fəzl və kəramətinin bərabəri olmayan bir mə’buda məxsusdur. Sonra öz qoşunumun önündə gedənləri (Ziyad ibn Nəsr və Şüreyh ibn Hanini on iki min süvari ilə) göndərdim və mənim (hərəkət barədə) fərmanım onlara çatana qədər Fəratın sahilində ləngimələrini əmr etdim. Məsləhət bildim ki, bu sudan (Fəratdan) keçərək Dəclənin ətrafında yaşayan (Mədain əhalisi) sizlərdən (müsəlmanlardan) bir dəstənin yanına gedim və onları təchiz edərək sizinlə birgə düşmənlərinizə qarşı döyüşə gətirim, onları sizə köməkçi edim. (Seyyid Rəzi buyurur:)

Deyirəm: Həzrət مِلْطَاط dedikdə Fəratın sahilində yerləşən və öz qoşununun öndə olanlarına ora enməyi əmr etdiyi yeri nəzərdə tutur. Bundan başqa, dəniz sahilinə də مِلْطَاط deyirlər. Bu sözün əsl mənası isə «hamar yer» deməkdir. Həzrətin نُطفَة dedikdə məqsədi (az və ya çox miqdarda saf su mənasını daşıyır) Fəratın suyudur. Bu təbirlər qeyri-adi və heyrətamiz ifadələrdəndir.
49-cu xütbə

 

İmam Əli əleyhis-salamın (Haqq-təalanın sifətləri vəsf olunduğu) xütbələrindəndir.

Həmd olsun Allaha ki, gizlin işləri bilir, (gizli şeylər onun üçün aşkardır. Deməli, aşkar olan hər şeyi, şübhəsiz, bilir) görünən və aşkar nişanələr (bütün varlıq) onun mövcudluğuna, varlığına dəlalət edir[13] gözlə görünməsi mümkün deyil (çünki bir yerdə deyil ki, gözlə görünsün). Deməli, Onu görməyənin gözü (varlığının nişanələrini gördüyünə görə onun mövcudluğunu) inkar etməz, varlığını (nişanə və əlamətlərinə görə) başa düşənin qəlbi isə zatının həqiqətini dərk etməz. Yüksəklikdə (hər şeydən) üstündür, heç nə ondan uca deyil, yaxınlıqda (hamıya) yaxındır və heç nə ondan daha yaxın deyil. Deməli, (hər şeyi əhatə etdiyinə görə) yüksəkliyi onu yaratdıqlarından uzaqlaşdırmamış, yaxınlığı isə xalqı bir məkanda onunla bərabərləşdirmişdir. Ağılları öz sifətinin sərhəd və hüdudlarından agah etməmiş (çünki onun zatının eyni olan sifətləri üçün hədd-hüdud yoxdur) və (ancaq) onları vacib həddə özünü tanımaqdan məhrum etməmişdir.[14] Deməli, O elə bir Allahdır ki, mövcud əlamət və nişanələr Onu inkar edənin qəlbinin Onu təsdiqləməsinə şəhadət verir.[15] Allah Onu məxluqata bənzədənlərin və Onu inkar edənlərin sözlərindən pak və nöqsansızdır.
50-ci xütbə

İmam Əli əleyhis-salamın (fitnə-fəsadın səbəblərinin izahı haqqında) xütbələrindəndir.

(Camaat arasında) fitnə-fəsadın mənşəyi nəfsi istəklərə tabe olmaqda və şəriətə zidd çıxarılmış hökmlərdədir. Allahın kitabı (Qur’ani-Kərim) belə istək və hökmlərin əleyhinə olmuşdur. (Eyni zamanda fitnə-fəsad vasitələrindən biri də budur ki,) camaatın bir hissəsi dinə zidd istək və hökmlərdə başqalarına yardım edir, onların ardınca gedir. (Haqla batili bir-birinə qatdıqlarına görə fitnə-fəsad yaranır.) Deməli, batil haqqa qarışmasaydı haqqın yolu onu istəyənlərə bağlanmazdı. Haqq batilin içində gizlənməsəydi, düşmənlər (heç vaxt) onun haqqında pis danışa bilməzdilər. Lakin bir hissə haqdan, bir hissə isə batildən qarışdığına görə şeytan öz dostlarına hakim kəsilir.[16] Allahın lütfünə şamil olan insanlar isə (şeytanın azğınlığından) xilas olurlar (haqqın batilə qarışmasından şübhəyə düşmürlər).

[1] Həzrətin məqsədi budur ki, Allah qorxusu olmasaydı hiylə və məkr işlətməkdə mən hamıdan mahir olardım.

[2] Deməli, bu günləri qənimət bilib Allahın razılığı olan işləri görməyə çalışın ki, qiyamətdə hesab vaxtı rahat olasınız.

[3] Əgər sənin müharibə etməyin bizi fərmanını qəbul etməməyə vadar etdi desələr, onların itaətsizliyinə bizim iradımız olmaz. Fərzən, bey’ət etmək istəsələr, bizim müharibə başlamağımız onların fikrini dəyişmələrinə səbəb olar.

[4] Bu ərəb atalar sözü «mən bu işi yüz dəfə ölçüb-biçmişəm» mənasında işlədilir.

[5] Çünki kafirlərin və münafiqlərin azğınlıq və yolsuzluqlarının qarşısını almamaq Allahın, peyğəmbərin əmrinə etinasızlıqdır və bu da Əli üçün küfrdür. Deməli, Allahın və peyğəmbərin əmrinə itaət etmək üçün əlbəttə, onlarla döyüşüb şərlərini dəf etməliyəm.

[6] Bəni-Naciyədən bir dəstə Siffeyn müharibəsindən sonra Nəhrəvan Xəvaricilə müttəfiq olaraq Həzrətə düşmən kəsilmiş və Mədainə üz tutmuşdu. Həzrət iki min süvari ilə Məqəl ibn Qeysi onlarla döyüşə göndərdi. Məqəl Fars dənizinin sahilində onlara çataraq döyüşə başladı və Bəni-Naciyyə qəbiləsinin başçısı Xirrit ibn Raşidi tərəfdarları ilə birgə öldürdü, əvvəl xristian, sonra müsəlman, həmin döyüş zamanı isə mürtəd olan və Xirritə qoşulan beş yüz qadın, kişi və uşağı əsir aldı. Qayıdarkən Xuzistanın Ərdəşir Xürrə şəhərinə çatdıqda əsirlər Əmirəl-mömininin tərəfindən şəhərə hakim təyin olunmuş Məsqələyə pənah gətirərək ondan azad edilmələrini istədilər. Məsqələ onları Məqəldən beş yüz min dirhəm alaraq, azad etdi və müəyyən olunmuş vaxtda həmin pulu Həzrətə göndərəcəyini vəd etdi. Sonra Məqəl Kufəyə gedərək əhvalatı Həzrətə danışdı. O böyük şəxsiyyət Məsqələnin beş yüz min dirhəmi göndərəcəyini gözləyirdi. Ödəniş gecikdiyinə görə, ona məktub yazdı ki, ya malı göndər, ya da işinə baxılmasına hazırlaş. Məsqələ Həzrətin qulluğuna gələrək ona iki yüz min dirhəm verdi, pulun qalanını isə ödəyə bilmədi. Bir neçə günlük möhlət istəyib gecə ikən Şama, Müaviyənin yanına qaçdı. Həzrət onun qaçması xəbərini eşitdikdə bunları buyurdu.

[7] Əsirləri azad etməsi onun tərifinə, mədhinə səbəb olsa da, onların pulunu ödəməmək üçün düşmənin yanına qaçması ilə öz mədhini məzəmmətə çevirdi və xalqın qınağına tuş gəldi.

[8] Çünki yalnız O, ibadətə layiqdir və ibadətələrinə, sitayişlərinə görə təkəbbür etmir ki, bəndəyə başıaşağılıq gətirsin.

[9] Dünyada var-dövlət toplamağa çalışmayın. Çünki onun halalının sorğu-sualı, haramının isə cəzası və əzabı var.

[10] Kufə şəhərinin yaxınlığında Nuxeylədə Müaviyə ilə döyüş üçün mübarək ayağını üzəngiyə qoyduğu vaxt, səfərə çıxmaq və yaxınları, ailəsini Allahın amanına tapşırmaq üçün ən yaxşı dua olan buradakı duanı oxudu.

 

[11] Dartılan, uzanan və elastik olduğuna görə gönçülükdə, dabbaqlıqda çox istifadə olunur. Okkaz Nəxlə ilə Taif arasındakı çöldə bazarın adıdır. Ərəblər İslamdan öncə hər il bir ay orada toplaşar, şe’r oxuyar və əsl-nəsəbləri ilə öyünərdilər. Orada ən çox alınıb-satılan məhsul isə gön idi.

[12] Bu xəbər Həzrətin qeybdən agah olmasını göstərən xəbərlərdəndir. Çünki Kufədə baş verən hadisələr və onun zülmkarlarının başına gələnlər tarixdə şərh olunmuşdur.

 

[13] Əlamət və nişanələr əsasən görünür, bilinir. Çünki məxluqun xaliqə ehtiyacı var. Varlığı mümkün olanın öz-özünə vücud və varlıq sahibi olması qeyri-mümkündür.

[14] Çünki idrak onun zat və sifətlərinin həqiqətini dərk etməsə də, vacib həddə qədər əlamət və nişanələrindən tanıma üçün yol taparaq, onu etiraf etmişdir.

[15] Sözləri və əməlləri ilə Allahı inkar edənlər olsa da, mövcud əlamət və nişanlar onların ürəklərində bunu etiraf etdiklərini göstərir.

[16] Azğınlıq üçün fürsət qazanaraq batili haqqı istəyənlərin nəzərində cilvələndirərək din düşmənləri üçün nalayiq söhbətlərə yol açır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslamofobiya fenomeninin təhlili
SEKULYARİZM
SÜFYANININ XƏBƏRI
Rəbiüs-sani ayının 8-i İmam Həsən Əskərinin (ə) təvəllüd günüdür. ...
Mübahilə` duası
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır

 
user comment