Azəri
Saturday 20th of April 2024
0
نفر 0

153-cü xütbə

153-cü xütbə

İmam Əli əleyhis-salamın (camaata öyüd-nəsihət verib pak İmamları öydüyü) xütbələrindəndir.

Ağıllı insanın işinin sonunu (ölümü və qiyamət gününün haqq-hesabını) görən, öz eniş-yoxuşunu (xeyir və şərini) tanıyan qəlbinin gözü, (camaatı İslam dininə) dəvətə səsləyən (xeyri və şəri, səadət və bədbəxtlik yolunu onlara bəyan edən) carçı (Həzrəti Peyğəmbər) və (o Həzrətin şəriətinin əsaslarını düşmənlərin fəsad və pozğunluğundan) qoruyan keşikçidir. Belə isə, dəvət edəni qəbul edin və keşikçiyə tabe olun (ki, dünyada başıuca, axirətdə xoşbəxt olasınız. Bilin ki,)

İkiüzlü insanlar fitnə dənizlərinin dibinə gömülmüş[23] və sünnələrə (Həzrət Peyğəmbərin hökmlərinə) göz yumaraq bid’ətlərdən yapışmışlar (onlar nəfslərinə uyaraq hər hökmü icra edəcəklər). Möminlər (batil haqqa qalib gəldiyi üçün) kənara çəkilərək sakit dayanmış və azğın yalançılar dil açmışlar. Biz Əhli-Beyt (Həzrəti Peyğəmbərə yaxınlığa görə onun bədənində) köynək kimiyik, (o Həzrətin) səhabələriyik (Allah tərəfindən ona nazil olanlara iman gətirib təsdiqlədik), o, xəzinədir və (biz elmə, maarifə açılan) qapılarıq.[24] Evlərə onların qapılarından qeyri yerdən daxil olmaq olmaz. Evlərə qapıdan başqa yerdən girənlərə oğru deyərlər.[25]

Bu xütbənin (Əhli-Beyt əleyhimus-salamın fəzilətləri haqda olan) bir hissəsidir

Qur’anın elm və doğru yolun tərifi, mədhi barədə olan ayələri Onların barəsində nazil olmuşdur və Onlar bağışlayan Allahın xəzinələridir.[26] (Buna görə də) söz demək üçün ağızlarını açsalar, doğrunu deyərlər, sakit otursalar, heç kəs onlardan qabağa getməz.[27] Hər qövmün öndə gedənləri və rəhbərləri öz ardıcıllarına doğru deməlidir.[28] Öz ağlını yönəltməli (dediklərimizin doğruluğunu dərk etmək üçün sözlərimizi diqqətlə, düşüncə ilə dinləməlidir) və axirət övladlarından olmalıdır. Çünki oradan gəlib və ora da dönər. (Allahı nəzərində saxlayıb, ondan, çıxmalı olduğu dünyaya ürək bağlamaz. Axirəti isə özünə əbədi məkan sanar.) Ürəyinin gözünü açıb bəsirətlə bir iş görürsə, onu görməmişdən qabaq ziyanına, yoxsa xeyrinə olduğunu bilməlidir. Xeyrinədirsə - həmin işi görməli, ziyanınadırsa - ondan uzaqlaşmalıdır. Nadancasına iş görənlər başqa yolda hərəkət edənlər kimidir. İşıqlı yoldan uzaqlaşmaq onun yaxşılıqlarından uzaqlaşmaqdan başqa ona bir şey artırmaz. (Əyri yolda olanlar nə qədər çox yol getsələr, mənzil başından bir o qədər uzaqlaşarlar.) Biliklə bir işi görən işıqlı yolda addımlayan kimidir. Deməli, gözü olan insan (qəlbinin gözünü açaraq düşünüb iş görənlər) yolda hərəkət etdiklərini, yoxsa yolsuzluğa getdiklərini görməlidir. (İşin əvvəlində götür-qoy etməlidir. Allahın bəyəndiyi işlərdəndirsə, görməli, əks təqdirdə isə ondan uzaqlaşmalıdır.)

Bil ki, hər zahir və aşkarın müqabilində batin və gizlin var. Zahiri yaxşı olanın batini də yaxşıdır. Zahiri çirkin və pis olanın batini də çirkin, natəmiz olar. (Bəzən də zahiri batininə uyğun olmur. Çünki) doğru danışan Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: «Allah-təala bəndəni sevər (Öz rəhmətini onun halına şamil edər), onun əməlindən (haram və günahından) acığı gələr və (bəzən də) əməlini (yaxşı işlərini) bəyənər, onun sahibini sevməz». Bil ki, hər əməl, rəftar üçün bir bitki var və hər bitkinin də suya ehtiyacı var. Sular müxtəlifdir. Saf sudan içənin ağacı yaxşı, meyvəsi şirindir. Natəmiz və pis su içənin ağacı pis, meyvəsi acıdır.[29]
154-cü xütbə

İmam Əli əleyhis-salamın (Allah-təalanın sifətlərindən biri və) yarasanın yaradılışının əsrarəngizliyi haqda olan xütbələrindəndir.

Həmd O Allaha məxsusdur ki, vəsflər Onu tanımağın həqiqətlərində aciz qalıb, əzəmət və böyüklüyü ağılları (Onun dərkindən) tutub saxlayıb. Onun səltənət və hökmranlığının əslinə yol tapmayıblar. (Çünki ağıllar məhdud, O isə qeyri-məhduddur.) Odur (varlığı zəkalıların nəzərində) görünən, gözlərin gördüyü hər bir şeydən daha sabit və aşkar olan Allah, haqq və doğru olan padşah.[30] Ağıllar hədd və hüdudunu sübut etmək üçün Onun zatının əslini qavraya bilmədilər ki, bənzərini tapa bilsinlər. (Çünki onun həddi-hüdudu yoxdur.) Xəyallar onu təsvir etmək üçün Ona yol tapmadılar ki, Onun bənzərini xəyallarında canlandıra bilsinlər. (Çünki Onun oxşarı yoxdur ki, Ona bənzədilsin.) Məxluqları nümunəsiz (başqasının yaratdığı numunə olmadan və nəzərdə tutmaqla təsvir etmədən), başqası ilə məsləhətləşmədən və bir yardımçıdan kömək istəmədən yaratdı.[31] (İlahi) əmr və iradəsi ilə yaratdıqları nizamlandı, bərqərar oldu və Ona boyun əydilər. Əmrini qəbul edib rədd etmədilər və tabe olaraq boyun qaçırmadılar.[32] Düşünüləsi, diqqət yetiriləsi, yaratdıqlarından biri də bizə göstərilən əsrarəngiz yaradılışlarından olan yarasalardakı qəribəlikləridir. (Onlarla bütün heyvanlar arasında fərq var. Çünki) hər şeyin gözünü açan gün işığı onların gözünü bağlayır, hər canlının gözünü bağlayan gecənin qaranlığı onların gözünü açır. Nur saçan günəşdən getdikləri yollara nur və işıqlıq istəməkdə, günəşin şəfəqləri saçan zaman istədiklərinə çatmaqda gözləri necə də kor və qaranlıqdır? Necə də Allah-təala günəşin şüalarının parıldamasıyla onları günəşin şəfəqlərinin saçdığı yerlərə getməkdən saxlamış, onları öz yerlərində gizlətmişdir? Onlar gündüzlər gözlərinin qapaqlarını oyuqlarına qoyaraq gecəni çırağa döndərib onunla ruzi axtarmaq üçün yola düşərlər. Gecənin qaranlığının zülməti onların gözlərinə mane olmaz (əksinə, hər şeyi görər), gecənin qaranlıq zülmətlərində getməkdən usanmazlar. Günəş öz rüxsarındakı pərdəni çəkdikdə (qaranlığı yox edərək parlayanda) şəfəqləri görünəndə, parıltısı və işıqları kərtənkələlərin də yuvasına çatanda (günəş hər yana saçanda) göz qapaqlarını gözlərinin ətrafına çevirər, gecənin qaranlığında topladıqları ilə kifayətlənərlər. Gecəni onlar üçün ruzi vasitəsinə, gündüzü isə istirahət, rahatlıq vasitəsinə çevirən, ehtiyacları olanda uçmaları üçün ətlərindən onlara qanadlar yaradan Allah pakdır. Qanadları sanki (insanın) qulağın ətinə bənzəyir, lələyi və sümüyü yoxdur. Ancaq damarların yerini aydın-aşkar görürsən (quşların qanadlarındakı lələklər əvəzinə yarasanın qanadlarında damarlar var). Onların iki qanadı nazik deyil ki, (qanad çalanda) cırılsın, qalın da deyil ki, ağır olsun (onların uçuşuna mane olsun). Balaları onlara yapışmış və sığınmış halda uçurlar. Anası əyləşəndə əyləşər, anası uçanda da uçar. Bədənləri güclənib qanadları uçmağa hazır olana kimi, həyatın yollarını və xeyirlərini bilənə qədər analarından ayrılmazlar. Xaliqliyi Ondan öncə qeyrisi tərəfindən yaradılmış nümunə olmadan bütün varlıqları yaradan pakdır. (Varlığı hikmətinə və məsləhətinə uyğun yaratmışdır.)
155-ci xütbə

İmam Əli əleyhis-salamın Bəsrə əhlinə xitabən buyurduğu və ağır hadisələrdən xəbər verdiyi kəlamlarındandır.

O fitnə və pozğunluq dövründə kimin Allaha itaətə və bəndəliyə gücü çatarsa, bunu etməlidir. Mənə itaət edib tabe olsanız, mən Allahın istəyi ilə sizləri çox ağır və acı bir yol olsa da cənnət (əbədi ağalıq və səadət) yoluna aparacağam.[33] O qadını (Aişənin mənə düşmən kəsilməsinin səbəbi budur ki,) qadınların düşüncəsinin süstlüyü yaxalamış, sinəsində kin və düşmənçilik dəmirçinin qazanı qaynayan tək cuşa gəlmişdir.[34] Əgər onu mənə etdiklərini başqasına qarşı da görməyə vadar etsəydilər, bunu etməzdi.[35] Bundan (bütün bu çirkin əməllər, düşmən kəsilmək, fitnə törətmək, müsəlmanların qanını tökmək və bu kimi işlərdən) sonra belə, əvvəlki (Allahın peyğəmbərinin vaxtındakı) hörməti və böyüklüyü qalır, (peyğəmbərin zövcəsi və möminlərin anası olduğuna görə əməllərinin cəzasını vermirik. Ancaq axirətdə) hesabı və sorğu-sualı Allahladır.[36]

Bu sözlərin (iman barədə olan) bir hissəsidir

İman yolu (Allaha və Peyğəmbərə meyl etmək) yolların ən işıqlısı (əbədi ağalıq və səadətə çatmaq üçün) və çıraqdan daha parlaqdır. (Yolçusu heç vaxt azmaz.) İman səbəbindən layiqli əməllərə yol açılır, layiqli əməllər imana yol göstərir.[37]

(Səmərəsi saleh əməllər olan) iman səbəbindən elm və bilik abad olur.[38] Elm səbəbindən ölümdən qorxu və xof yaranır.[39] Ölümün təsirindən dünya sona yetir. (Çünki məzar dünyanın son mənzili, axirət mənzilinin isə ilkidir.) Dünyanın vasitəsilə axirət (də əbədi səadət) əldə olunur.[40] Qiyamət səbəbindən cənnət pərhizkarlara yaxın, cəhənnəm isə azğınlara və nəfspərəstlərə aşkar olar.[41] O meydanda son mənzilə doğru (əbədi cənnətdə səadətli və xoşbəxt, cəhənnəm atəşində bədbəxt olmağa) tələssələr də camaatın qiyamətdən qaçıb canlarını qurtarmağa yeri yoxdur (hamı ora daxil olmalıdır).

Bu sözlərin (qəbir əhlinin qiyamətdəki halı, camaatın yaxşı işləri görməyə və pis işlərdən çəkinməyə, Qur’ani-Kərimə tabe olmağa həvəsləndirildiyi, fitnə-fəsadın baş verəcəyi haqda Həzrət Peyğəmbərin buyurduğunun bəyan edildiyi) bir hissəsidir:

(Qiyamətdə ölülər) qəbirlərdən çölə çıxar və son mənzillərinə (cənnətə və ya cəhənnəmə) gedərlər. Hər sarayın (cənnət və ya cəhənnəmin) öz əhli var. (Oraya getməyə hazırdırlar. Xoşbəxtlər və Allaha, Peyğəmbərə tabe olanlar cənnətə, bədbəxtlər və günahkarlar cəhənnəmə.) Onu başqa saraya çevirməzlər. (Cənnət əhli cəhənnəmə getməz, cəhənnəmdəkilər isə cənnətə gedə bilməzlər.) O saraydan çölə çıxmazlar. (Cənnət əhlindən olmaq istəyirsinizsə, Allaha, Peyğəmbərə tabe olub camaatı yaxşı əmələ və sözlərə yönəldin, nalayiq işlərdən çəkindirin. Çünki) yaxşı əməllərə dəvət və pis işlərdən çəkindirmək Allahın bəyəndiyi, sevdiyi xasiyyətlərdən olan iki sifət və əxlaqdır. (İlk baxışda heç bir ziyanı olmayacağı halda xeyir işlərə dəvət etmək və pis işlərdən çəkindirməkdən qorxmaq doğru deyil. Öldürüləcəyini və ruzisinin azalacağını ehtimal etmək də yersizdir. Əksinə, bilmək lazımdır ki,) bu iki iş ölümü yaxınlaşdırmaz və ruzini azaltmaz.[42] (Dinin hökmlərini öyrənmək üçün) Allahın Kitabı (Qur’ani-Kərimə müraciət) sizinlə olsun. Çünki Allahın Kitabı (bəndənin Allahla birləşməsi üçün) möhkəm (heç vaxt qırılmayacaq) bir kəndir, (haqq yolda hərəkət üçün) aşkar (qaranlığın yol tapmadığı) bir nur, (Allah və peyğəmbərin elmində cahil və nadan olmaq xəstəliyinə) şəfa bəxş edən dərman, (haqq elm və maarifinə təşnə olanlar üçün) susuzluğu aradan götürən sirablıq, (ona) əl uzadana (xəta və büdrəmələrdən) qoruyucu, ondan asılan (hökmlərinə tabe olan) üçün (ilahi əzabdan) nicatdır. Onda əyrilik yoxdur ki, düzəlsin. (Onda ixtilaf tapılmaz ki, düzəlişə ehtiyac olsun.)

Haqdan, həqiqətdən dönmür ki, ondan əl çəkilsin. (Dillərdə) çox təkrarlanmaqdan və qulaqları döyməkdən köhnəlməz.[43] Onu dilinə gətirən doğru danışandır. (Çünki Qur’ani-Kərimdə həqiqətə zidd heç nə bəyan olunmamışdır.) Hər kim ona tabe olsa, (əbədi cənnətə) önə keçmişdir (xilas olmuşdur.). (Seyyid Rəzi buyurur:)

Bir kişi (İmam əleyhis-salam danışarkən) üzü Həzrətə dayanıb dedi: «Bizə fitnələrdən xəbər ver. Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) onun necə olacağı barədə soruşmusanmı?» Sonra İmam əleyhis-salam buyurdu: «Pak olan Allah (Ənkəbut surəsinin 1 və 2-ci ayələrində) الم أَحَسِبَ النَّاسُ أَن يُتْرَكُوا أَن يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ  «Əlif, lam, mim! Mənəm böyük Allah. İnsanlar yalnız (Allaha və peyğəmbərə) «İman gətirdik!» -demələri ilə onlardan əl çəkiləcəyinimi sanırlar? Onlar (fitnə-fəsadla) imtahan olunmayacaqlarmı?» kəlamını buyurduqda bildim ki, Həzrət Peyğəmbər - səlləllahu əleyhi və alih - bizim aramızda olduqca həmin fitnələr başımıza yağmayacaq. Sonra soruşdum: «Ya Peyğəmbər! Allahın sənə, haqqında xəbər verdiyi bu fitnələr nədir?» Buyurdu: «Ey Əli! Məndən az sonra ümmətim (səhv düşüncələrin təsirindən) fitnə və pozğunluğa düşəcək.» Sonra dedim: Ya Peyğəmbər! Ühüd günündə[44] bir dəstə müsəlman şəhadət məqamına çatanda, mən Allah yolunda öldürülməkdən saxlandıqda, öldürülməməyim mənə ağır gələndə (buna görə qəmgin olanda) mənə «müjdələr olsun sənə ki, bundan sonra öldürüləcəksən» deyə buyurmadınmı?» Sonra mənə buyurdu: «Dediklərin doğrudur. Şəhidliyi qəbul edərkən dözümün necə olacaq?» Dedim ki, «ya Peyğəmbər! Bu iş səbrlik deyil, müjdə və şükrdür. (Allah yolunda öldürülmək mənim üçün ən böyük nemət və ilahi bəxşişdir.) Sonra buyurdu: «Ey Əli! Məndən sonra müsəlmanların var-dövlətləri ucbatından fitnə-fəsada düşəcəkləri gün yaxındadır. (Mal-dövlətin azlığı və çoxluğu, halal və ya haram yolla qazanılması, xeyir və şər işlərə sərf edilməsi ilə sınağa çəkiləcəklər.) Dindarlıqlarına görə Allaha minnət qoyub, Onun rəhmət və mehribanlığını Onun qəzəbindən amanda, asudə qalmağı arzulayarlar (halbuki dində qorxu, həmçinin Allaha və Peyğəmbərə itaətsizliklə rəhmət arzusunda olmaq səhvdir). Onun qəzəbindən xatircəm olarlar (halbuki Onun qəzəbindən xatircəm olmaq və rəhmətindən uzaqlaşmaq da rəhmətinə ümidsiz olmaq kimi böyük günahlardandır). Nadürüst şübhələrə və (haqdan və qiyamət gününün cəzasından) qəflətə salan istəklərə görə haramı halal edəcəklər. Sonra (buna görə də) şərabı üzüm və xurma suyu(-na bənzətməklə), rüşvəti hədiyyə və ərməğan, sələmi alver adı ilə halal sayacaqlar.» Sonra dedim: «Ey Allahın Peyğəmbəri! Elə bir zəmanədə onları hansı təbəqənin insanları sayım? Onları mürtəd və kafir, yoxsa fitnəyə uyanlar hesab edim?» Buyurdu ki, (dində) «fitnə və sınaq» məqamında olanlardan.[45]
156-cı xütbə

İmam Əli  əleyhis-salamın (öyüd-nəsihət, günahlardan çəkinmək və axirətə azuqə toplamaq barədə) olan xütbələrindəndir.

Şükrlər O Allaha məxsusdur ki, şükr etməyi Özünü xatırlamağın açarına, yaxşılıq və bəxşişi artırma vasitəsinə, nemət və böyüklüyünə aparan yola çevirmişdir.[46] Ey Allah bəndələri! Ruzigar indikilərdən də əvvəlkilərdən ötən kimi ötəcəkdir. (Sizdən əvvəlkilər öldülər, siz də diri qalmayacaqsınız.) Gedən (keçən ömür) geri dönməz, olan isə (yaxşı, yaxud pis) həmişə qalan deyil. Onun sonunun rəftarı ilkinki kimidir. (Keçmişdəkilər və gələcəkdəkilərlə eyni cür rəftar olunacaq.) İşləri bir-birini ötər, nişanələr isə bir-birinin yanındadır. (Onun işləri tez məhv olar. Deməli, ağıllı insanlar ruzigarın gərdişindən ibrət alaraq ona ürək bağlamasınlar. Dünya yoxluğa və yenilməyə elə sürətlə gedir ki,) sanki qiyamətdəsiniz. Sizləri sarvan doğuşlarından yeddi ay keçmiş və südləri qurumuş dəvələrini qovan kimi qovur. (Hamiləliyinin son aylarında olduqlarına görə mehribanlıqla, yavaş-yavaş sürülən dəvələrdən fərqli olaraq bu dəvələri yüngül olduqlarından bərk, sürətlə qovurlar.) Başını başqa şeylərlə (nəfsi istəklər və dünyanın bər-bəzəyi ilə) qatanlar bədbəxtliyin zülmətində sərgərdan qalar, (xilas ola bilməyəcəyi) pozğunluqlarla qarışar. (Azdıranların) şeytanları onu itaətsizliyə məcbur edər, pis əməlini gözündə bəzəyər. (Ey öz başını başqa şeylərlə qatan, bil ki, ibadət və bəndəlikdə) öndə gedənlərin sonu cənnətdir, təqsirkarların (günahkarların) sonu isə atəşdir. (Əbədi cənnət yalnız günahlardan çəkinilməklə qazanıldığına görə buyurur:)

Ey Allah bəndələri! Bilin ki, təqva və günahlardan çəkinmə möhtərəmliyin hasarlı sarayı, günahkarlıq isə öz sakinini (bəla və çətinliklərdən) saxlamayan, ona pənah gətirəni qorumayan hasarlı zəlil saraydır. Agah olun, pərhizkarlıq günahların zəhərli dişindən uzaqlaşdırar, yəqinlik və inamla (Allaha və peyğəmbərə iman gətirməklə) yüksək məqamların sonu (əbədi cənnət) əldə olunar.

Ey Allah bəndələri, Allahdan qorxun! Sizlərə ən əziz olan insanlar və onlardan sizin üçün ən sevimlisindən ötrü qorxun Allahdan (özünüzü fikirləşib öz hayınızda olun. Çünki təbii olaraq, heç kəsə özündən daha əzizi və sevimlisi yoxdur). Çünki Allah sizin üçün haqq yolunu aşkar edib onun yollarını işıqlandırdı.[47] Deməli, (işinizi asan sanmayın ki, ölümdən sonra ya) bədbəxtlik və zavallılıq yol yoldaşınız olacaq (Allahın və Peyğəmbərin göstərişlərinə uyğun rəftar etməyənlər üçün), ya da əbədi səadət və xoşbəxtlik (Allaha və peyğəmbərə itaət edənlər üçün). Belə isə, məhv olan günlərdən (dünyadan) qalacaq günlər (axirət) üçün azuqə yığın ki, azuqə yığmaq yolunu sizin üçün qoyublar.[48] (Bu dünyadan) köçməyə məhkumsunuz və sizin (bu dünyadan) getməyiniz üçün tələsirlər. Deməli, siz dayanmış (getməyə hazır olan və), getməyə nə vaxt hökm olunacağını bilməyən atlılar kimisiniz (bu dünyadan gedəcəksiniz).

Agah olun: axirət üçün yaradılmışın dünya ilə nə işi var? Tezliklə ondan alacaqları, günahının ziyanı və sorğu-sualının qalacağı var-dövləti neyləyir?![49]

Ey Allahın bəndələri! Allahın vəd etdiyi xeyir və mükafat (itaət və bəndəlik) tərk olunası deyil. (Çünki Allahın fəziləti və yaxşılığı ən böyük, ən yaxşı ehsandır.) Pislik və cəzadan çəkindirdikləri (günah və itaətsizlik) isə istəniləsi deyil. (Çünki Allahın cəzası ən ağır cəzadır.) Ey Allah bəndələri, əməllərə görə haqq-hesab olunacaq gündən çəkinin (hər kəsin əməl dəftərinə baxıb, onların ən xırda yaxşı və pis əməllərini araşdıracaqlar). Həmin gündə saysız-hesabsız iztirab və narahatlıq olar, uşaqlar qocalarlar.[50] Ey Allahın bəndələri, bilin ki, sizə özünüzdən olan gözətçilər və əndamınızdan olan casuslar qoyulub.[51] (Mələklərdən) qoruyucular var ki, sizin əməllərinizi və nəfəslərinizin sayını düzgünlüklə qeydə alırlar (yazırlar).[52] Gecənin qaranlığı sizin tükünüzü belə bu mələklərin gözündən yayındırmaz, möhkəm bağlanmış böyük qapı sizi onlardan gizlətməz. (Qısası, hər yerdə və həmişə sizinlədirlər. Dünya keçici olduğuna görə) sabah (ölüm) bu günə yaxındır.

Bir gün onda olanlarla (yaxşı-pis, xeyir-ziyan) keçir, sabah da onun ardınca gəlir. (Sabahın yaxın olmağı və ölümün çatması elədir ki,) sanki, sizlərdən hər biriniz torpaqdan olan tənha mənzilinə və gorunun çuxuruna çatmışdır. Heyhat, tənha eviniz, qorxunc mənziliniz və kimsəsiz məkanınızdan. Sanki (qiyamət gününün hamını dirildən uca səsi) fəryadlar qulağınıza çatmış, qiyamət sizi tapmış və haqla batil arasında hökm vermək üçün üzə çıxmısınız (qəbirlərdən çıxmısınız). Bu vaxt sizdən (yersiz) bəhanələr və nadürüstlüklər (əbəs sübutlar) uzaqlaşmış, aradan getmiş və həqiqətlər sübut olmuşdur. Sizin hər yaxşı və pis işiniz öz yerinə qayıdar.[53] Belə isə, (ölüm və ondan sonrakı çətinliklərdəki) ibrətlərdən dərs alın, ruzigarın dəyişməsindən öyüd götürün və (Allah və Peyğəmbərin) qorxutmağından faydalanın. (Elə bir iş görün ki, özünüzü ilahi əzabdan qurtarasınız.)
157-ci xütbə

İmam Əli əleyhis-salamın (Həzrət Məhəmmədə peyğəmbərlik verilməsi və Qur’ani-Kərimin tərifi haqda) xütbələrindəndir.

Allah-təala bir müddət peyğəmbərin gəlmədiyi, camaatın müxtəlif firqələrinin qəflət, azğınlıq və nadanlıq yuxusunun uzandığı, möhkəm özüllərin (ilahi hökm və göstərişlər) viran olduğu vaxtda peyğəmbərini göndərdi.[54] Peyğəmbər əlində olanla və itaət etməli olduqları nuru təsdiqləyib etiraf etməklə camaata tərəf gəldi. O (əlində olan və Həzrətin peyğəmbərliyinin sübutu, nadanlıq və azğınlıq zülmətini işıqlandıran) Qur’andır. İstəyin ki, dilə gəlsin.[55] Heç vaxt (Qur’an öz-özünə və həqiqi şərhçi olmadan) dilə gəlməz, ancaq (biz Əhli-Beyt onun həqiqət və sirlərini bildiyimizə görə) mən sizlərə ondan xəbər verirəm (onun elm və hökmlərini bəyan edirəm). Agah olun, Qur’andadır (bundan sonra) gələnin elmi, keçmişin xəbərləri (səmaların və yerin, onun üzərində olanların yaradılışı, sizdən öncəkilərin vəziyyəti), dərdin (nadanlıq və azğınlığın) dərmanı və sizə aid olanların (dünya və axirət işlərinin, xeyir və ziyanların) nizama salınması.

Bu xütbənin (Bəni-Üməyyə, onların zülmkarlıqları və hakimiyyətlərinin süqutu barədə olan) bir hissəsidir

O zamanlarda (Bəni-Üməyyənin camaata hakim kəsiləcəyi vaxt) zülmkarların qəm, kədər, çətinlik və səfalət gətirmədikləri nə gildən bir ev, nə də bir çadır ev (şəhərlərdə tikilən ev və biyabanlarda salınan çadırlar) qalmayacaq. Həmin zəmanədə göylərdə onlar üçün üzr istəyən, yerdə isə kömək edən qalmayacaq. (Zülm hər yanı bürüdüyünə görə səma və yer əhli qarğış edəcək. Sonra Allah-təala onların kökünü kəsib pərən-pərən salacaq. Onların hakimiyyətləri dövründə törətdikləri zülm isə onun nəticəsidir ki,) siz xəlifəliyə layiq olmayan adamı seçmisiniz və (dünyada dost və haqq əhlinə düşmən olduğu halda) onu özü üçün olmayan bir yerdə əyləşdirmisiniz. Allah-təala zülm edənlərdən (istər Bəni-Üməyyə olsun, istərsə də qeyriləri) tezliklə intiqam alacaq, yeyiləndən yeyilənlə, içiləndən içilənlə. (Çox acı bitki olan) Hənzəlin yeyilənlərindən və (acı olan) səbr ağacının şirəsinin zəhər dadan içilənlərindən. Geyilənlərdən isə qorxu libası və qılınc paltarı.[56] (Çünki) onlar günah yükünü çəkən heyvan və günah azuqəsini daşıyan dəvələrdir. (Buna görə də) and içirəm, bir daha and içirəm ki, Bəni-Üməyyə məndən sonra xəlifəliyi ağızdan çölə atılan sinə xıltı kimi atacaq (əldən verəcək). Ondan sonra isə onu heç vaxt dadmayıb, gecə və gündüz bir-birini əvəz edənə qədər onun dadını bilməyəcək.[57]
158-ci xütbə

İmam Əli əleyhis-salamın (camaatla mehribanlıq və ünsiyyət barədə buyurduğu) xütbələrindəndir.

Mən sizlər üçün yaxşı yoldaş və tərəf müqabili olub sizi öz səylərimlə arxadan qorudum. (Gələcək pozğunluqdan və hadisələrdən xəbərdar etdim ki, özünüzü onlara düçar etməyəsiniz.) Sizləri zillət, xarlıq kəndirlərindən və zülm, sitəm zəncirlərindən (çirkin olmaqdan) xilas etdim. Bu (sizlərin etdiyiniz) az sayda yaxşılıqların müqabilində təşəkkür etdiyimə, mənim yanımda törətdiyiniz və gözlərimlə gördüyüm çoxlu çirkin işlərinizə göz yummağıma görədir.[58]
159-cu xütbə

İmam Əli əleyhis-salamın (Allah-təalanın sifətləri haqda) xütbələrindəndir.  

Allahın əmri lazımi (rədd edilməyən) və Onun məsləhətinə, razılığına uyğun hökm, mehribanlıq və (bəlalardan, çətinliklərdən) əmin-amanlıqdır. Elm və bilik əsasında (hər şeyin) hökmünü buyurur. Helm və səbrlə (əfvə layiq günahı) bağışlayır. İlahi, aldığın və bəxş etdiyin hər bir şeyə, məlhəm verdiyin və mübtəla etdiyin xəstəliklərə görə Sənə şükrlər olsun.[59] Elə bir şükr ki, Sənin üçün ən bəyənilmiş, Sənə doğru ən sevimli, Sənin yanında ən üstün şükr olsun. Elə şükr ki, (səmada və yerdə) yaratdığını doldursun, istədiyinə çatsın. Elə şükr ki, Səndən gizlədilməz və hüzurunda yasaq olunmaz. Elə şükr ki, onun sayı kəsilməz, kömək və yardımı yox olmaz. (Qısası, Sənə hər şükrdən üstün olan şükrlə şükr edirəm.) Deməli, (nə qədər çalışsaq da Sənin Allahlığına layiq şükr edə bilmərik. Çünki) biz Sənin böyüklük və əzəmətini dərk etmirik.Yalnız bunu bilirik ki, hər bir şey (imkan və ehtiyaca görə) Səninlə dirçəlib, Sənə bağlıdır, Sənin yuxudan qabaq süstləşmədiyini (mürgüləmədiyini), yuxuya getmədiyini bilirik.[60] Düşüncələr Sənin əslinə və zatına çatmayıb, heç bir göz Səni anlamayıb, gözləri Sən anlamısan.[61] (Bəndələrin) əməllərin hesabını saya alırsan.[62] (Günahkarları) kəkillərindən və (əməllərinin cəzası üçün) ayaqlarından tutarsan.[63] Sənin yaratdıqlarından gördüyümüz, onun üçün işlətdiyin güc və qüdrətdən heyrətə gəlməyimiz, onu səltənət və hakimiyyətinin böyüklüyü sanaraq vəsf etdiyimiz nədir ki? Bir halda ki, bizdən gizlin olanlar, gözlərimizin görmədiyi və ağıllarımızın onda durub qaldığı (dərk etmədiyi), bizimlə onların arasında pərdələrin asıldığı şeylər daha böyükdür. Hər kəs ürəyini boşaldıb (heç nəyə diqqət yetirməyib) öz ərşini (yeddi göyün üstündəki) necə yaratdığını, məxluqlarını necə xəlq etdiyini, səmalarını havada necə asılı saxladığını, su dalğasının üstünə necə bəzək vurduğunu bilmək istəsə gözləri çönüb qalar, ağlı məğlub olar, qulağı işdən düşər və düşüncəsi sərgərdan qalar.[64]

Bu xütbənin (sözü əməli ilə uyğun gəlməyənin iddiasının rədd edildiyi, camaatın dünyaya ürək bağlamamağa və peyğəmbərlərə itaətə həvəsləndirildiyi) bir hissəsidir

(Camaat arasında eləsi var ki, nəfsi istəklərinə tabe olaraq günahın içində itib-batmışdır. Bununla belə) öz gümanı ilə Allaha ümid bağladığını iddia edir! Böyük Allaha and olsun ki, yalan danışır! Necə ola bilər ki, ümidinin Allaha olması onun əməl və rəftarında görünməsin?[65] Hər kəsin (nəyə) ümidvar olduğu əməlindən üzə çıxar, yalnız Allaha olan saf deyil, qarışıq ümiddən başqa. Hər qorxu aydın olar (onun nişanələri qorxanda görünər), yalnız Allahdan olan namünasib qorxudan başqa (qorxan kimsədə qorxudan əsər-əlamət görünmür). Böyük işlərdə ümidini Allaha bağlayır (əbədi cənnətdə yüksək məqamlarla birgə iki dünya rahatlığını arzulayır) və kiçik şeylərdə (fani dünya malında ümidini) Allahın bəndələrinə bağlayır. Allahın bəndəsi ilə elə rəftar edir (təvazökarlıq və itaət göstərir) ki, Allaha qarşı elə etmir. Allahın şə’ninə nə olub ki, bəndələri üçün edilən (təvazökarlıq və ümid) Ondan əsirgənir? Allaha ümid bəsləməkdə yalançı olmağa qorxursan?[66] Yoxsa Onu ümid bəsləməyə layiq bilmirsən? (Əgər Onu öz ümidini doğrultmaqda aciz sanırsansa, bu, əsl küfrdür.) Allahın bəndələrinin birindən qorxan, bu qorxuya görə də onunla Allahı ilə etmədiyi rəftarı edən bəndənin halı da Allaha ümidvar olduğunu iddia edən kimsənin halı kimidir.[67] Deməli, bəndələrdən olan qorxusunu nağd və mövcud, Allahın qorxusunu isə nisyə və vəd sanmışdır. Həmçinin nəzərində dünyaya əhəmiyyət verən, onun mövqeyi qəlbində böyük yer tapan, onu (malını) Allahdan (Allahın bəyəndiyi itaət və ibadətdən) üstün tutan, yalnız ona yönələn və ona (sahib olan hər kəsə) bəndəlik, itaət edən də Allaha ümid bəslədiyini iddia edən kimsə kimidir. (Çünki ümidi və qorxusu dünyadan, dünya sahiblərindəndir.)

Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) ardınca getmək sənə kifayət edər. Dünyanın məzəmməti, onun eybli olması, rüsvayçılıq və pisliklərinin çoxluğunda sənin üçün sübut və yol göstərən olar. Çünki onun ətrafı (bağlılıq və sevgi) o Həzrətdən alınmış və onun tərəfləri (onun hər şeyinə bağlılıq) o böyük şəxsiyyətdən qeyrisi üçün hazırlanmışdır. Südünü (onun ləzzətini) içməsi qadağan olunmuş, onun bəzək-düzəklərindən uzaqlaşdırılmışdır. Bir daha peyğəmbərin ardınca getmək istəsən, Allahla danışmış (buna görə də Kəlimullah ləqəbi verilmiş) Musa əleyhis-salamın ardınca get. O demişdir: (Qur’ani-Kərimin Qəsəs surəsinin 24-cü ayəsi) رَبِّ إِنِّي لِمَا أَنزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ -Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam». Allaha and olsun, Musa Allahdan yeməyə çörəkdən başqa bir şey istəmədi. Çünki torpaqda bitən otu yeyirdi. Arıqlığına, ətinin azlığına görə otun yaşıllığı qarnının daxili dərisinin nazikliyindən görünürdü. Əgər üçüncü dəfə itaət etmək istəyirsənsə, Zəburun sahibi və cənnət əhlinin xanəndəsi olan Davud əleyhis-salama itaət et. Öz əlləri ilə xurmanın liflərindən zənbillər toxuyaraq yoldaşlarına deyərdi: «Sizlərdən hansı biriniz bunları satmaqda mənə kömək edər? Onların puluna alınandan onun xörəyi bir arpa çörəyi idi. İsa ibn Məryəm əleyhis-salama tabe olmaq istəyirsənsə, de (yadına sal) ki, (yatarkən) daşı başının altına qoyaraq yastıq edərdi. Cod paltar geyinər, dadsız xörək yeyərdi. Yavanlığı aclıq idi (son dərəcə ac olanda yemək yeyərdi ki, onu yeməkdən ləzzət alsın və əlavə yavanlığa ehtiyacı olmasın). Gecələr onun çırağı ayın işığı idi. Qışda daldalanacağı günəşin doğduğu və ya qürub etdiyi yer idi. (Evi yox idi.) Onun ətirli meyvə və göyərtisi yerin heyvanlar üçün bitirdiyi ot idi. Nə onu fitnə və fəsada salmağa arvadı var idi, nə də kədərləndirməyə övladı. Nə var-dövləti var idi ki, onu (Allaha diqqətdən) döndərsin, nə (dünya və onun əhlinə) tamahı yox idi ki, onu xar etsin. Onun miniyi iki ayağı (piyada gedərdi), xidmətçiləri isə iki əli idi. (İstədiyi hər işi özü görürdü.)

(Peyğəmbərlərin üslubunun bəyanından əvvəl Həzrət Məhəmməd peyğəmbərin dünyaya bel bağlamamaq yolunu ümumi şəkildə bildiyinə görə, bir daha eşit:) Daha yaxşı və (bütün məxluqlardan) daha təmiz olan öz Peyğəmbərinə (səlləllahu əleyhi və alih) tabe ol, o böyük şəxsin ardınca get. Çünki o Həzrət tabe olan üçün itaətə layiqdir. Onunla bağlılığı olmasını istəyən üçün ən layiqli bağlılıqdır. (Onun səbri və dözümü dözümlü insan üçün nümunədir.) Allah yanında ən sevimli bəndələr öz peyğəmbərlərinə tabe olub onun nişanələrinin ardınca gedənlərdir.[68] (Ancaq Həzrətin nişanəsi bu idi ki,) dünyanın tikəsini dişlərinin ətrafı ilə yeyərdi (ağız dolusu yeməzdi. Dünyada istifadə etməyə məcbur olduğundan çox istifadə etməzdi). Dünyaya gözünün ucu ilə baxardı (dünyaya heç cür ürək bağlamazdı). Bel baxımdan ən arıq və qarın baxımdan dünyanın ən ac insanı idi. Dünya ona təklif olundu, (Allah-təala Cəbrailin vasitəsilə dünyanı seçməyi ona təklif etdi). O isə onun qəbulundan imtina etdi. Allah-təalanın bir şeyi (dünya sevgisini) düşmən saydığını bildikdə, o da düşmən sandı. Xar bildiyini o da xar bildi. Kiçik qərar verdiyini o da kiçiltdi. (Buna görə də) Bizdə Allah və Peyğəmbərin düşmən sandığı dünya sevgisindən, Allah və Peyğəmbərin kiçik bildiyi dünyanı böyütməyimizdən başqa bir şey olmasaydı belə, bunlar Allaha itaətsizlik və Onun fərmanına qarşı çıxmaq üçün bəs edərdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) quru yerdə (süfrə açmadan) yeməyini yeyər, bəndə kimi oturardı. (Dizi üstə oturardı və ayağını ayağının üstünə aşırmazdı.) Öz əli ilə ayaqqabısının cırığını tikər, paltarına yamaq vurardı. Çılpaq uzunqulağa minər, təkinə də (başqasını) alardı. Evinin qapısından surətlərin təsvir edildiyi pərdə asmışdı. Sonra arvadlarından birinə buyurmuşdur: «Ey qadın, bu pərdəni mənim gözümdən gizlət. Çünki gözüm ona sataşanda dünyanı və onun bəzək-düzəklərini yada salıram». Ürəkdən (doğrudan) dünyadan uzaq durmuş, onun xatirəsini özündən uzaqlaşdırmışdı. Onun bər-bəzəyinin gözünün önündən itməsini istəyirdi ki, həmin gözəl paltardan təsirlənməsin və oranın dinclik yeri olmasına inanmasın, orada ləngiməyə ümid bağlamasın. Onu (ona məhəbbəti) özündən qopararaq ürəyindən uzaqlaşdırdı və (bər-bəzəklərini) gözünün önündən itirdi. (Çünki ona qarşı çox bədbin idi.) Bir şeyi düşmən bilən (kəsin rəftarı) belədir. Ona gözü sataşmaqdan, yanında adının çəkilməsindən acığı gəlir.

Allahın peyğəmbərinin (səlləllahu əleyhi və alih) yolunun hər anı dünyanın pislik və çirkinliklərində sənin yol göstərənindir. Çünki o Həzrət dünyada öz yaxınları (Əhli-Beyti) ilə qarın dolusu yemədi, məqam və (Böyük Allahın yanında) rütbəsinin böyüklüyünə rəğmən onun bər-bəzəkləri o Həzrətdən uzaqlaşdı. Belə isə, düşünən kimsə öz ağlına müraciət edərək baxmalıdır ki, Allah-təala Məhəmmədi (səlləllahu əleyhi və alih) bu vəziyyəti ilə sevdi, yoxsa xar edərək kiçik sandı? Əgər desə ki, «xar etdi», böyük Allaha and olsun, yalan danışaraq böyük böhtan atmış olar.[69] Əgər «onu sevmişdir» desə, bilməlidir ki, Allah-təala o Həzrətdən qeyrisini dünyanı ona bağışlamaqla xar etdi. Deməli, itaətkar öz peyğəmbərinə tabe olmalı, onun nişanələrinin ardınca getməli, gəldiyi hər bir yerdə ona qoşulmalıdır. (Sözləri və əməlləri onun göstərişinə uyğun olmalıdır.) O Həzrətin ardınca getməsə, (dünya və axirətdə) puç olmaqdan amanda qalmaz. Çünki Allah Məhəmmədi (səlləllahu əleyhi və alih) qiyamətin nişanəsi (çünki ondan sonra peyğəmbər olmayacaq), cənnətin müjdəçisi və əzabla qorxudan qərar verib. (Deməli, hər şeydən agah olub.) Ac qarınla bu dünyadan çölə çıxdı (onun ləzzət və xoşluqlarından bəhrələnmədi) və axirətə (bütün günahlardan) sağlam qalmaqla daxil oldu. Öz yolunu tapana (öz ömrünü başa vurana) və Allahının dəvətini yerinə yetirənə (dünyadan gedənə) qədər daşı daş üstünə qoymadı (ev tikmədi). Deməli, Allah-təala o Həzrətin nemətinin vücudunu bizə rəhbər olmaq və onun ardınca getməyimiz üçün bizə əta buyurmaqla nə böyük ehsan və yaxşılıq etmişdir. Elə bir rəhbər ki, addımımızı onun ayağının izinə qoyaq. (Mən bütün ömrüm boyu o böyük insanın ardınca getdim. Belə ki,) Allaha and olsun, bu cübbəmə (köynəyimə) o qədər yamaq vurdurdum ki, onu tikəndən utandım. Birisi mənə dedi: «Onu (bu qədər yamaqdan sonra) özündən uzaqlaşdırmırsanmı? Dedim ki, məndən uzaq ol عِنْدَ الصَّباحِ يُحْمَدُ الْقَوْمُ السُّرى  yəni, gecə yol gedənlərə səhər erkən təşəkkür edilər.[70]
160-cı xütbə

İmam Əli əleyhis-salamın (böyük Peyğəmbəri mədh etdiyi və camaata öyüd-nəsihət verdiyi) xütbələrindəndir.

Allah-təala Həzrət Mustafanı (dünya əhlinin qəlblərini) işıqlandıran (peyğəmbərliyin) nur, aşkar dəlil və sübutu ilə (möcüzələrlə), aydın yolla (İslam dini) və yol göstərən kitabla (Qur’ani-Kərim) seçdi. Onun əhli-beyti ən yaxşı əhli-beyt, şəcərəsi (o Həzrətin ata-babası) ən gözəl şəcərədir. Bu şəcərənin budaqları birbaşa və düz, (o böyük şəxsin əhli-beyti haqq işdə ifrat və azlıqdan-yəni, həddi aşmaq və təqsirdən uca və təmizdir) meyvələri yerə dağılmışdır. (Elmlərinə və maarifinə hamının əli çatandır). Dünyaya gəlməyi Məkkədə, hicrəti Mədinəyə olmuşdur. Orada onun adı ucalmış, dəvətinin səs-sədası yayılmışdır. (Oranın «ənsarlar» adlanan sakinləri kafirlərlə döyüşlərdə və düşmənləri məğlub etməkdə Həzrətə kömək etmişdir). Allah-təala onu kifayət edən dəlil (o Həzrətin digər möcüzələrindən əlavə Qur’ani-Kərim də peyğəmbərliyini sübut etmək üçün kifayətdir) və şəfa verən nəsihətlə, (qəlblərin xəstəliklərinə şəfa bəxş edən o Həzrətin sünnəsi və ehkamları ilə) və (İslama doğru) tədarük görən dəvətlə göndərdi. (Cahiliyyət dövründə aradan getmiş din və dünya işlərini bərpa etdi.) O Həzrətin vasitəsilə məlum olmayan şəriət hökmlərini aşkarladı, (cahiliyyət dövrünün) nadürüst bid’ətlərini məhv etdi və (Qur’an və sünnədə) bəyan etdiyi ehkamları üzə çıxardı. İslamdan qeyri bir din istəyən kimsənin bədbəxtliyi qəti, (səadət və xoşbəxtlik) ipi qırıq, (atəşə) üzü üstə düşməsi ağırdır. Onun (qiyamətdə) qayıdışı dərin kədər və ağrılı əzabladır. (Buna görə də) mən gözünü hər şeyə yumub Ona tərəf açan kimsənin təvəkkül etdiyi kimi Allaha təvəkkül edir, (yolçunu) cənnətə (İslama əməl etmək xoşbəxtliyinə) çatdıran, razılığını və şadlığını nəsib edən bir yolu Ondan diləyirəm.

Ey Allahın bəndələri! Sizlərə Allahdan qorxmağı və Ona itaət etməyi tövsiyə edirəm. Çünki Onun əmrlərinə tabe olmaq sabah (qiyamətdə) nicata və həmişəlik (əzabdan) qurtuluşa səbəb olar. (Camaatı qiyamət gününün cəzasından) qorxutdu, sonra (peyğəmbərin vasitəsilə Öz hökmlərini) təbliğ və (onları səadət və xoşbəxtlik yoluna) təşviq edib (onu) təkmilləşdirdi. (Əbədi səadətə çatmağa aid olanı bəyan etdi.) Sizin üçün dünyanı, onun ayrılıb məhv olması və başqa şeyə çevrilməsini vəsf etdi. Sizi bu dünyada heyran edənlərdən uzaqlaşın, çünki ondan az bir şey sizinlə gələcək (dünyanın zəngin mallarından yalnız kəfəndən artıq bir şey qazancınız olmayacaq, o da torpağın altında çürüyəcək). Dünya (şəhvət və nəfsi istəklərə tabeçiliyə görə) Allahın qəzəbinə ən yaxın saray, (haqqa, həqiqətə tabe olanların azlığına görə) Allahın razılığından (əbədi cənnətdən) ən uzaq saraydır. Belə isə, ey Allahın bəndələri, onun ayrılığına, halının dəyişəcəyinə inandığınıza görə (dünyadan tezliklə ayrılacağınızı, çəkdiyiniz əzab-əziyyətin başqasına nəsib olacağını bilirsiniz) çətinliklərə və (sizi axirətdən saxlayan) işlərə göz yumun. Dünyadan (ona aldanıb, vurğun olmaqdan) çəkinib qorxun, öyüd verən, çalışan və zəhmət çəkən xeyirxahın (İmam əleyhis-salamın) çəkindiyi kimi. (Camaatın çətinliklərdən xilas olmasına çalışıb, onların doğru yola yönəlməsi və nicatı üçün zəhmət çəkir.) Sizdən öncəki ruzigarların əhlinin korlanmasından gördüklərinizdən ibrət götürün ki, onların da ipləri bir-birindən ayrılmış, göz və qulaqları sıradan çıxmış, şərafət və böyüklükləri əllərindən getmiş, şadlıq və sevinc onlardan uzaq düşmüşdür. Övladları ilə olmaqları onlardan uzaqlığa, arvadları ilə yoldaşlıqları ayrılığa döndü. Bir-biri ilə öyünüb naz etmir, övlad əkmir, bir-birini görməyə getmirlər. Qonşu və yoldaş da deyillər.

Ey Allahın bəndələri! (Bu sözlərdən) qorxun! Öz nəfsinə hakim olub nəfsi istəklərinin qarşısını alaraq ağlın və zəkanın köməyi ilə düşünənin (xeyrini və ziyanını başa düşənin qorxduğu) çəkindiyi kimi. Çünki (dinin) əmri aşkar, (qurtuluş) nişanəsi asılı, (əzabdan nicat) yolu hamar, (Allah və peyğəmbərin razılığını qazanmağın) vasitəsi görünən və doğrudur.
Back

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment