Azəri
Thursday 25th of April 2024
0
نفر 0

161-ci xütbə

161-ci xütbə

İmam Əli əleyhis-salamın (Siffeyn müharibəsindəki) kəlamlarındandır. Səhabələrindən biri o Həzrətdən soruşdu: Ətrafınızdakılar (üç xəlifə və onların davamçıları) sizi xilafətdən necə kənarda qoydular, halbuki siz bu məqama (onlardan və başqalarından) daha layiq idiniz? İmam əleyhis-salam (həm soruşana, həm də digərlərinə məlum olan və ya araşdırılması məsləhət olmayan bu yersiz sualdan xoşlanmadı və tünd şəkildə müxtəsər cavab verib belə) buyurdu:

Ey Bəni-Əsəd (tayfasından olan dini) qardaş! Sən (atının) örkəni boş və yırğalanan bir şəxssən (az bir şübhə ilə iztirab və nigarançılığa düçar olan bir nadansan) və cilovu (öz miniyinin cilovunu) yersiz buraxırsan.[1] Amma bununla belə (sual soruşmaq yeri olmamasına baxmayaraq,) sənin (Peyğəmbərlə) bağlılıq və qohumluğuna ehtiram səbəbindən (Həzrət Peyğəmbərin zövcələrindən biri, yəni, Zeynəb Bəni-Əsəd tayfasından olan Cəhşin qızı idi) və soruşmaq haqqına malik olduğun və bilmək istədiyin üçün bil: Biz nəsil (Peyğəmbərlə qohumluq) baxımından üstün və Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) yaxınlıq (və məqam) baxımından daha möhkəm olmağımıza baxmayaraq, (üç xəlifə tərəfindən) xilafətlə bizə hökmranlıq edilməsinin səbəbi xilafətin rəğbət bəslənilən və istənilən olması idi. (Hətta ləyaqəti olmasa da hamı onu istəyirdi. Beləliklə,) bir dəstə onda paxıllıq etdi (və həmin məqama layiq kimsəni həmin kürsüdə oturmağa qoymadı) və digər bir dəstə (İmam əleyhis-salam) bəxşiş edərək (İslamın əsasını qorumaq üçün) gözünü ondan çəkdi.[2] (Bizimlə onlar arasında) hakim Allahdır və Qiyamət günü qayıdış Ona tərəfdir. (İmam əleyhis-salam sonra İmrəul-Qeysin şe’rini misal gətirir:) «وَدَعْ عَنكَ نَهْباً صِيحَ فِى حَجَراتِهِ» «Ətrafında fəryad qoparılan qarətçinin hekayətini burax, danışma».[3] Və gəl Əbu Süfyanın oğlundakı (Müaviyədəki və onunla müharibədəki) bu böyük (və təəccübləndirici) mətləbi eşit ki, həqiqətən ruzigar məni ağladandan sonra güldürdü. (Dövranın rəftarındakı qəribəliklərin çoxluğuna gülməyim gəldi.) Allaha and olsun ki, qəribəlik qalmayıb. Odur ki, qəribəliyi aradan aparan (onu son həddinə çatdıran və nəticədə ondan bir şey qalmayan) və əyriliyi çoxaldan bu böyük iş təəccüb doğurandır. İnsanların bir dəstəsi (Müaviyə və onun tərəfdarları) hiylə və kələk ilə Allahın nurunu çırağından söndürmək və Onun suyunun qaynaq mənbəyi və yolunu çeşməsindən bağlamaq niyyətinə düşdülər. (İslamın hökmlərini aradan götürərək Həzrət Peyğəmbərin canişinini ev dustağı etmək istədilər.) Mənimlə özləri arasında vəba gətirən suyu bir-birinə qatışdırdılar (fitnə-fəsad, müharibə və qan axıdılmasına səbəb oldular). Buna görə də qəm və kədərlərin çətinlikləri bizdən və onlardan götürülsə, onları tam haqq yola çəkəcəyəm (ki, Allah və Peyğəmbərin razılığını əldə edərək xoşbəxt olsunlar). Başqa cür olsa[4] isə (çəkinməli bir şey yoxdur. Çünki Allah Qur’ani-Kərimin Fatir surəsinin 8-ci ayəsində buyurur): « فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ» «Belə isə onların azğınlıqlarına görə çoxlu qəm-qüssə çəkməklə özünü həlak və məhv etmə. Çünki Allah onların etdiklərini biləndir (və onları əməllərinin cəzasına çatdıracaqdır)».
162-ci xütbə

İmam Əli əleyhis-salamın (şə’ni uca olan Allahın bəzi sifətlərinin bəyanı barəsindəki) xütbələrindəndir.

Şükr bəndələri yaradan, yeri döşəyən, bol suyu alçaq yerlərdə axıdan və bitkiləri yüksəkliklərdə bitirən Allaha layiqdir. Onun əvvəl olmasının başlanğıcı və əbədiliyinin sonu yoxdur.[5] (Buna görə də buyurur:) Həmişə olmuş əvvəl və sonu olmayan əbədi Odur. (Əzəmət və böyüklüyünə görə ibadətə layiq olduğu üçün) alınlar torpağa qoyularaq Ona səcdə edib və qəlblər Onun tovhid və təkliyi barəsində yekdildir. Şeylərin hər birini yaradan zaman onların hədlərini müəyyənləşdirdi ki, Özü onlara oxşarlıqdan və bənzərlikdən üstün olsun. (Deməli, şeylərin məhdud olmaları Onun bənzərinin olmamasına bir dəlildir.) Düşüncələr Onu hədd, hərəkət, üzv və alətlərlə (zahiri və batini qüvvələrlə) fərz edə bilməz. (Çünki Onun mümkün varlığın tələblərindən olan hədd, hərəkət, üzv və aləti yoxdur.) Onun barəsində «nə vaxt olub?» deyilmir. Həmçinin nə vaxta kimi olacağı müəyyənləşdirilməz.[6] (Ağıl qarşısında elə) əyandır ki, «nədən zahir oldu?» demək olmaz. (Gözlərdən elə) məxfidir ki, «nədə gizlənib?» deyilməz. (Çünki O, bütün səbəblərin səbəbidir və yer və məkanda olmaqdan uzaqdır). Cisim deyil ki, uzaqdan gözə çarparaq sonra yox olsun. Həmçinin pərdənin altında deyil ki, nəsə onu əhatə etsin. Onun şeylərə yaxın olması yapışmaqla və uzaq olması ayrılıqla deyil.[7] Bəndələrindən (baş verən) gözaltı baxış, sözü təkrar edərək bir neçə dəfə demək və torpaq təpəyə yaxınlaşmaq Ona gizli deyil. Həmçinin O, qaranlıq gecədə və (ya) işıq saçan ayın kölgə saldığı (zülmətini yox etdiyi) və arxasınca nurlu günəşin gəldiyi sükutlu gecədə, batan və çıxan zamanda (ay batan kimi gün çıxanda və günəş batan kimi ayın görünməsində) və ruzigarın günlərinin gecənin gəlməsi və gündüzün getməsi ilə olan dövründə bir addım atılmasından xəbərsiz deyil.[8] O, hər bir son və müddətdən, həmçinin hər bir saydan və sayılandan qabaq olub. (Çünki O, hər bir şeyin yaradanı olduğu üçün yaranmışlardan qabaq olmalıdır.) Hədləri təyin edənlərin ölçüləri, tərəf və cəhətlərin sonunu, yerlərin hazırlanmasını və məkanlarda yerləşərək məskunlaşmağı Ona nisbət vermələrindən uca və uzaqdır.[9] (Buna görə də buyurur:) Hədd və son Onun yaratdığı varlığa layiqdir və Ondan başqasına (mümkün varlıqlara) nisbət verilir. Əşyaları əzəli və əbədi əsas, mənşə və nümunələr əsasında yaratmayıb (çünki Onun yaratmasının mənşəyi olmayıb), bəlkə yaratdığını və həddini təyin etdiyini (nümunə və mənşəyi olmadan, sırf istəməklə) yaradıb. Vücuda gətirdiyinə surət və şəkil verdi və onun surətini gözəl və münasib etdi. Heç bir şey Onun (fərmanı) müqabilində itaətsizlik etməz (hər bir şey itaətkar və tabedir). İtaət və tabeçilikdən Ona bir xeyir və mənfəət nəsib olmur.[10] Onun keçən ölülər barəsindəki elmi qalan dirilər barəsindəki elmi kimidir. Həmçinin Onun uca göylərdə olanlara elmi, alçaq yerlərdəkilərə elmi kimidir.[11]

Bu da həmin xütbənin (insanın yaradılışının heyranediciliyi və yaradanın əzəmət və böyüklüyü barəsindəki) bir hissəsidir

Ey bərabər yaradılışla (heç bir nöqsan və çatışmazlığı olmadan) yaradılan insan! Ey qaranlıq uşaqlıqda və çoxlu pərdələrdə (bətn, uşaqlıq və ciftin, yəni, insanın dünyaya gələrkən ana bətnindən onunla birlikdə çıxdığı pərdənin qaranlığında) qorunmuş məxluq! Xalis gildən (və torpaq ünsürlərindən təşkil olunmuş insan bədənindən) başlanmısan və məlum ölçüyə (en, uzun, naziklik və qalınlıq aşkar olana) və bölünmüş müddətə (yeddi və ya doqquz ay, yaxud ondan az və ya çox hamiləlik dövrünə) qədər möhkəm yerə (ananın uşaqlığına) qoyulmusan. Ananın qarnında döl olmağına baxmayaraq, tərpənirdin. Sözə cavab vermir, səsi eşitmirdin. Sonra öz yerindən (ananın uşaqlığından) görmədiyin və xeyir yollarını bilmədiyin evə çıxarıldın. Sənə ananın döşlərindən süd əmmək yolunu kim göstərdi? Səni ehtiyacın olan zaman möhtac olduğun və istədiyin şeylə kim tanış etdi? (Məgər bütün bunlar yaradanın varlığına və mövcud olmasına bir dəlil deyil ki, sən Onun zatının həqiqət və mahiyyətini araşdırıb dərk etmək istəyirsən? Onun zatının həqiqət və mahiyyətini dərk etmək) necə də uzaqdır! (Çünki) şəkil, surət və əndam sahibinin sifətlərində (onları tanımaqda) aciz qalan kəs, onu yaradanın sifətlərində daha aciz və Onu, yaratdıqlarının hədd və sifətləri vasitəsi ilə dərk etməkdən daha uzaqdır.[12]
163-cü xütbə

İmam Əli əleyhis-salamın yanına toplaşaraq Osmanın nalayiq əməllərindən şikayət edilərkən buyurduğu kəlamlarındandır. (Osmanın özünün və nümayəndələrinin fitnə-fəsad və əyrilikləri Mədinə və digər şəhərlərdə yayıldıqdan sonra Mədinənin Həzrət Peyğəmbərin səhabələrindən olmuş və digər sakinlərinin bir dəstəsi, başqa şəhərlərin əhalisinə belə bir məktub yazdılar: Siz ki Allah yolunda cihad edərək din düşmənləri ilə vuruşmaq istəyirsiniz, tez bizim yanımıza gəlin. Sizin xəlifəniz dini məhv edib və aradan aparıb. Beləliklə, xalqın qəlbi Osmandan sındı və onu məqamından uzaqlaşdırmaq qərarına gəldilər. Misir, Bəsrə və Kufə əhalisinin böyük bir dəstəsi Mədinəyə gəldi.) Onlar (Osmandan İmama gileylənərək) o Həzrətdən onların tərəfindən Osmanla söhbət etməsini və onun onların razılığını təmin etməsini (pis davranmaqdan əl çəkərək dində yaratdığı bid’ətləri yox etməsini, Həzrət Peyğəmbərin səhabələrinə bu qədər zülm etməməsini və şəhərlərin hakimi vəzifəsinə düz insanları göndərməsini) istəməsini xahiş etdilər. Buna görə də İmam əleyhis-salam Osmanın yanına gedib belə buyurdu:

Xalq mənim arxamdadır və məni səninlə özləri arasında elçi və vasitə təyin edib. (Məndən onların sözlərini sənə çatdıraraq fəsadı aradan qaldırmağımı istəyiblər.) Allaha and olsun ki, sənə nə deyəcəyimi bilmirəm. (Nə dil ilə danışım ki, sənə təsir etsin? Sənin bid’ət və çirkin əməllərindən) sənin özünün xəbərsiz olduğun bir şey bilmirəm. Sənə tanımadığın və bilmədiyin bir iş (yerinə yetirdiklərinin haram olması) barəsində bələdçi deyiləm. (Bəlkə özün davranışının haram və dinə zidd olmasını bilirsən.) Bizim bildiyimizi sən də bilirsən. (Sənin gördüyün işlərin çirkinliyi bizə məlum və aşkar olduğu kimi sənin özünə də aşkar və məlumdur.) Bir şeydə səndən qabağa düşməmiş, səni ötməmişik ki, səni ondan xəbərdar edək. Heç bir hökmdə xəlvətə çəkilməmişik ki, onu sənə çatdıraq.[13] Sən bizim gördüklərimizi görmüş və eşitdiklərimizi eşitmisən. Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə biz ünsiyyətdə olduğumuz kimi, sən də ünsiyyətdə olmusan. Nə Əbu Quhafənin və nə də Xəttabın oğulları düzlüyə səndən layiq deyildi.[14] Halbuki sən qohumluq baxımından Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) onlardan daha yaxınsan.[15] Həmçinin sən Peyğəmbərin kürəkəni olmaqla Əbu Bəkr və Ömərin çatmadıqları bir məqama çatmısan.[16] Odur ki, öz barəndə Allahdan qorx, Allahdan qorx! Çünki Allaha and olsun ki, sən kor olub sonra görən və nadan olub sonra öyrədilən olmayacaqsan.[17] Həqiqətən yollar (Allahın hökmləri) aşkar və dinin nişanələri (Qur’an və Əhli-Beyt) möhkəm və bərqərardır. Odur ki, (əgər qəflətə düşmüsənsə) bil: Allah yanında bəndələrin ən üstünü (haqq yola) hidayət olunmuş və (başqalarını) hidayət edən, məlum sünnə (qayda) və yolu (Həzrət Peyğəmbərin sünnəsini) bərqərar edən (onun əsasında davranan) və batil və səhv bid’əti öldürən (aradan qaldıraraq xalqı onun səhvliyindən xəbərdar edən) ədalətli və düz başçıdır. Həqiqətən sünnələr aydın və aşkardır və onların öz nişanələri var. Həmçinin bid’ətlər aşkardırlar və onların (da) öz nişanələri vardır. Allah yanında bəndələrin ən pisi isə özü azğın olan və başqaları onun vasitəsi ilə azğınlığa düşən, (Allahın Peyğəmbərindən) götürülmüş sünnəni öldürən və məhv olmuş bid’əti dirildən (haqdan əl götürüb batili yaymaq istiqamətində çalışan) zalım başçıdır. Mən Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) belə buyurduğunu eşitmişəm ki: «Qiyamət günü zalım başçını gətirəcəklər və onun nə kömək edəni olacaq (ki, onu cəhənnəm odundan xilas etsin), nə də üzrxahı (ki, əzabı ondan dəf etsin). Beləliklə, o, cəhənnəm oduna atılacaq və dəyirman fırlanan kimi onda fırlanacaq. Sonra cəhənnəmin quyusunda və dibində həbs olunaraq saxlanılacaq». Səni Allaha and verirəm ki, bu ümmətin öldürülən başçısı olmayasan. Çünki bundan əvvəl deyilirdi (Həzrət Peyğəmbər buyurub) ki: Bu ümmətdə bir başçı qətlə yetiriləcək və (onun öldürülməsi nəticəsində) qiyamətə kimi qan axıdılması və döyüş (qapısı) açılacaq, işlər onlara şübhəli və qaranlıq görünəcək, aralarında fitnə-fəsadı yayacaq və onlar haqqı batildən seçə bilməyəcəklər. Həmin fitnə-fəsadlarda çoxlu çaxnaşma törədər, haqdan əl götürərlər. Həmçinin çox iztirablı və nigaran olarlar. Buna görə də (səksən ildən artıq olan), uzun illərdən və ömürü başa vurduqdan sonra (katib və məmurun) Mərvan (ibn Həkəm) üçün düşmənin qarət edərək sürətlə sürdüyü dəvə kimi olma ki, səni istədiyi yerə sürsün.

Osman o Həzrətə dedi: Xalqla danış mənə möhlət versinlər ki, onlara edilmiş zülmləri aradan qaldırım. İmam əleyhis-salam buyurdu:

Mədinədə olana möhlət lazım deyil. Onda olmayanın möhləti isə sənin əmrin ona çatana kimidir.[18]
164-cü xütbə

İmam Əli əleyhis-salamın tovuz quşunun yaradılışının heyranediciliyini xatırlatdığı xütbələrindəndir.

Allah təəccüblü və qəribə varlıqlar yaradıb: bəziləri (insan və heyvanlar kimi) canlı, bəziləri (cansız təbiət kimi) cansız, bəziləri (dağlar kimi) hərəkətsiz və bəziləri (ulduzlar kimi) hərəkət edəndir. Onun yaradılışının gözəlliyi və qüdrətinin böyüklüyünə şəhadət verən aşkar dəlillərdən ağılların, qarşısında tabe olaraq inandıqları şeyi bərqərar etdi. Belə ki, (ağıllar) Onun varlığını iqrar edərək əmrinə tabedirlər və ağılların inandıqları şeyin Onun birliyinə olan dəlilləri, bizim qulaqlarımızda fəryad qoparırlar. Həmçinin quşların yerin dəliklərində, (iki dağın arasında yerləşən) geniş dərələrdə və dağların başında yerləşdirdiyi müxtəlif şəkillilərini yaratdı. Onların cürbəcür qanadları və müxtəlif görkəmliləri vardır. Onların boyunlarına itaətkarlıq və tabeçilik cilovu salınıb və açıq hava və geniş fəzanın boşluqlarında qanad çalırlar.[19] Onları bu aşkar heyranedici surətlərdə yaratdı, halbuki bundan öncə yox idilər. (Onları yoxdan yaratdı.) Onları (ət və dərilərində) gizlənmiş oynaqların möhkəm sümükləri ilə bir-birinə birləşdirdi. Onların bəzisini (dəvəquşu və hacıleylək kimisini) iti yerimək və asan uçmaq üçün yüksəklikdə uçmaqdan saxladı və onu elə yaratdı ki, yerə yaxın uçur. Növbənöv quşları hikmət və məsləhətə əsaslanan qüdrət və yaradılışı ilə müxtəlif rənglərdə sıraladı. (Hər birini məxsus bir rəngdə yaratdı.) Beləliklə, onların bəzisi elə bir rəngin qəlibinə salınıb ki, ona başqa bir rəng qarışmır,[20] bəzisi isə bir rəngə salınıb və boynunda elə bir boyunbağı cizgilənib ki, onun rəngi bədəninin digər yerlərinin rənginin əksinədir.[21]

Quşların yaradılış baxımından ən heyrətləndiricisi tovuz quşudur ki, Allah onu ən möhkəm ölçüdə yaradıb və rənglərini kökünü (piy, sümük və damarla) bir-birinə birləşdirdiyi qanadla və uzunluğunu çox etdiyi quyruqla ən gözəl qaydada nizama salıb. Nə vaxt (cütləşmək istəsə və) dişi tovuzquşuna tərəf getsə, quyruğunun burulğanını açar və onu qaldıraraq başına kölgə salar. Həmin quyruq (bir yerə yığılanda və açılaraq yayılanda) sanki Darəyn (gəmisinin) yelkənidir ki, gəmiçi onu bir tərəfdən digər tərəfə çevirir.[22] O, rəngləri ilə lovğalanaraq özünü öyür. Quyruğunun hərəkəti ilə öyünür və nazlanır. Xoruzlar kimi cütləşir və bala verməsi üçün öz dişisi ilə çox şəhvətli erkəklər kimi yaxınlıq edir. (İmam əleyhis-salam burada tovuzquşunun cütləşməsinin belə olmamasını güman edən şəxsin sözünü puç etmək üçün buyurur:) Tovuzquşunun cütləşməsi barəsində dediklərimdə səni müşahidə etmək və göz ilə görməyə göndərirəm və (sözünü) etimad edilməyən zəif və səhv dəlilə əsaslandıran kəs kimi deyiləm. (Çünki həmin şəxs deyir: Belə deyirlər. Mən isə deyirəm: Get gör!) Əgər onların zənn etdikləri kimi olsa - erkək tovuzquşunun öz dişisini mayalandırması, erkəyin gözündən axaraq göz qapaqlarının kənarlarında yığılan göz yaşı vasitəsi ilə olsa və dişi tovuzquşu onu öz dimdiyi ilə götürüb daddıqdan sonra yumurta qoysa və erkək tovuzquşunun cütləşməsi gözdən çıxan yaşdan başqa bir yol ilə olmasa, hər halda bu (yanlış) güman ala qarğanın cütləşmə üsulundan (onların dimdiklərini bir-birinin üstünə qoyaraq cütləşmələrindən) daha təəccüblü və qəribə deyil.[23] (İmam əleyhis-salam sonra yenə də tovuzquşunun vəsfinə davam edərək buyurur: Ağlıq və şəffaflığının çoxluğundan) onun lələklərinin sümüklərini gümüş millər təsəvvür edər və həmçinin həmin lələklərin üstündə bitənləri - heyrətamiz dairələr və boyunbağıları (sarılıq və parlaqlıqda) xalis qızıl və (yaşıllıqda) zəbərcəd (qızıla çalar yaşımtıl rəngli qiymətli daş) parçaları sanarsan. Buna görə də əgər onun qanadını yerin bitirdiyi gül və çiçəklərə oxşatsan, deyəcəksən ki: O, hər baharın çiçəklərindən toplanmış bir dəstə güldür. Əgər onu geyimlərə oxşatsan, (deyəcəksən ki:) rəsm və şəkil işlənmiş bəzəkli və ya Yəməndə toxunmuş gözəl rəngli və qəşəng paltar kimidir. Əgər zinət əşyalarına bənzətsən, (deyərsən ki:) cəvahirlə bəzədilmiş gümüş arasında yerləşdirilmiş rəngarəng üzük qaşları kimidir. Çox işvəli sevincək şəxsin nazlanması kimi yol gedir. Tam diqqət və mülahizə ilə öz quyruq və qanadına baxır. Köynəyinin və paltarının (müxtəlif) rənglərinin gözəlliyindən qəhqəhə ilə gülür. Gözü ayaqlarına sataşanda isə haray qopararaq uca səslə ağlayır, sanki aşkarcasına, köməyə bir kimsə çağırır və (bu əməli ilə) özünün (ayaqlarının çirkinliyindən olan) qəm-qüssənin həqiqiliyinə şəhadət verir. Çünki ayaqları (nə ağ, nə də qara, bəlkə torpaq rəngində olan) xoruzun ayaqları kimi nazikdir (və çirkindir) və onun baldırının sümüyü tərəfdən (xoruzun ayağında olan və elə də aşkar olmayan tikan kimi) gizli bir tikan qabarır. Boynunun arxasında yalının yerində nəqş edilmiş bir yaşıl kəkil var. Boynunun çıxacağı bardaq kimidir (nazik və uzundur). Boynunun batacağı isə qarnının altına qədər (çox yaşıl olan və rəng qoyulmasında istifadə edilən) Yəmən basması və ya cilalı güzgüyə bükülmüş rəngli və bəzəkli ipək kimidir. Tovuzquşu sanki özünü qara çadraya bürüyüb. Amma təravət və parıltının çoxluğundan, ona çoxlu gözəl yaşıl rəngin qatışdırıldığı güman edilir. (Şəffaflıq və aydınlığının çoxluğundan onun qaralığı yaşıla çalır və baxanda hər an bir rəngdə görünür. Odur ki, buyurur:) Qulağının yarığında qələmin ucuna bənzər (nazik) bir xətt var və o, rəng baxımından çox ağ olan çobanyastığı gülüdür (onun kimidir). O, qara rəng içində parıldayan ağ xətt kimidir. Tovuzquşunun bəhrələnmədiyi rəng çox azdır. O, çox cilalı, parlaq, işıqlı və gözəl olduğu üçün həmin rəngi daha yaxşı göstərib. Beləliklə, o, (rənglərə boyanmasında) bahar yağışlarının və çox isti günəşlərin yetişdirmədiyi (bəlkə eyb və nöqsanlardan pak və uzaq olan Allahın hikmət əsasında yaradılışın əvvəlindən başdan-ayağa müxtəlif heyranedici rənglərlə yaratdığı) dağınıq çiçəklər kimidir. O, bəzən öz tük və lələklərindən xaric olaraq paltarını çıxarıb lütlənir. Beləliklə, tükləri bir-birinin ardınca tökülür və yenə bir-birinin ardınca bitir. Tükləri yarpaqlar ağacdan tökülən kimi tökülür. Sonra bir-birinin ardınca tükləri tökülməmişdən qabaqkı şəklinə düşənə kimi bitir. (Belə ki,) onun heç bir rəngi əvvəlki rənglərin əksinə olmur və heç bir rəng öz yerindən başqa yerdə durmur. (Düşən hər bir tük və lələyin yerinə həmin şəkil və rəngdə olan bir tük və lələk çıxır.) Əgər onun lələklərinin tüklərindən birinə diqqətlə baxsan, (onların rəngə boyanmaları) sənə (bir dəfə) qızılgül qırmızısı, bir dəfə zəbərcəd yaşılı, bəzən isə qızıl sarısı rəngində görünər. Buna görə də dərin və dəqiq dərrakələr bu heyvanın yaradılışının necəliyini necə qavraya, əqli düşüncələr onu necə dərk edə və ya vəsf edənlərin sözləri onun necəliyini necə nəzmə çəkə bilər?! Halbuki həmin heyvanın ən kiçik hissəsi (tükü) fikirləri onu dərk etməkdə və dilləri öz vəsfində aciz qoyub. Buna görə də eyb və nöqsan sifətlərdən pak və uzaqdır o Allah ki, ağılları gözlər önündə cilvələnən və onların məhdud, yaranmış, mürəkkəb və rənglənmiş şəkildə dərk etdikləri varlığın vəsfində məğlub edib, dilləri Onun həqiqətinin necəliyinin bəyanında bacarıqsız və sifətlərinin şərhində aciz edib. Həmçinin eyb və nöqsan sifətlərdən pak və uzaqdır o Allah ki, kiçik qarışqa və balaca ağcaqanadların ayaqlarını, eləcə də onlardan böyüklərin - balıq və fillərin yaradılışını möhkəm edib. Özünə vacib edib ki, ruh və can verdiyi heç bir cüssə, onun üçün ölüm vədəsi və yoxluq sonluğu müəyyənləşdirməyincəyə qədər hərəkət edib tərpənməsin.

Bu da həmin xütbənin Cənnətin necəliyi barəsindəki bir hissəsidir

Əgər qəlb gözü ilə sənin üçün Cənnətdən vəsf edilənlərə baxsan (və onlar barəsində fikrə dalaraq düşünsən), nəfsin mütləq bu dünyada olan və onun, nəzərdə cilvələnən istək, ləzzət və bər-bəzəklərindən uzaqlaşar. Fikir və düşüncə ilə kökləri Cənnət arxlarının kənarında müşk dəfinələrində basdırılmış ağacların yarpaqlarının bir-birinə dəymələrinin səsindən, təzə və təravətli mirvari salxımların nazik və qalın budaqlardan asılmasından, heç bir çətinlik olmadan (ağacın başına çıxmadan və ya daş və çubuq vasitəsi ilə salınmadan) yığılan və yığanın arzusuna uyğun olaraq onun ixtiyarında duran (onu zəhmətsiz yığması üçün arzulaması ilə yaxınlaşan) rəngarəng meyvələrin həmin ağacların güllərinin tumurcuqlarından zahir olmasından çaş-baş qalar. Cənnət əhli üçün onun saraylarının qarşısında pak və təmiz ballar və saflaşdırılmış şərbətlər dolandırılır (ki, istəyən götürüb içsin).[24] Cənnət əhli həmişəlik evə (əbədi Cənnətə) daxil olana və yerdəyişmə və səfərlərdən qurtarıb rahatlanan zamana kimi ilahi əta və bəxşişlər daim hallarına şamil olan dəstədir (və onlar Allah və Peyğəmbərə tabedirlər). (İnsan öləndən sonra qiyamət başlanana kimi səfər çətinliklərinə düçar olan şəxs kimidir və ölüm, bərzəx aləmi və qiyamətin çətinliklərindən nicat tapıb, yükünü Cənnətdə açandan sonra yolun əziyyətlərindən qurtulur, rahatlıq tapır.) Buna görə də ey dinləyici, əgər qəlbini qəflətən sənə çatacaq şeyə - heyranedici mənzərələrə məşğul etsən (fikrə dalaraq onların barəsində düşünsən), canın onlara çatmağın şövqündən bədənindən çıxar və həmin mənzərələrə çatmağa tələsdiyin üçün mənim bu məclisimdən qəbristanlıq əhlinin qonşuluğuna gedərsən (dünyaya və onda olanlara göz yumaraq ölümü gözləyərsən). Allah fəzl və mehribanlığı üzündən bizi və sizi yaxşı əməl sahibilərinin mənzillərinə (əbədi Cənnətə) getmək üçün qəlbən səy göstərib çalışanların (Allah və Peyğəmbərin razılığını əldə edənlərin) zümrəsində yerləşdirsin. (Seyyid Rəzi deyir:)

 

Bu xütbənin bir neçə qeyri-adi kəlməsinin mənası belədir:

O Həzrət əleyhis-salamın buyuruğundakı «يَؤُرُّ بِمُلاقَحَةِ» «yəurru bimulaqəhəti» birləşməsində «يَؤُرُّ» «yəurru»nun kökü olan «أَرَّ» «ərrə» kəlməsi yaxınlıq etmək barəsində metaforadır. Ərəblər kişi qadın ilə yaxınlıq edəndə onun barəsində «أَرَّ الرَّجُلُ الْمَرْأَةَ» «ərrə ər-rəculu əl-mər’ətə» deyirlər. O Həzrət əleyhis-salamın digər «كَأَنّهُ قِلْعُ دارِىٍّ عَنَجَهُ نُوتِيُّهُ» buyuruğundakı «قِلْع» «qil’» kəlməsi yelkən mənasındadır. «دارِىٍّ» «Dariyy» «دارَيْن» Darəynə mənsub deməkdir. O, dəniz kənarında olan bir şəhərdir ki, oradan ətir gətirilir. «عَنَجَهُ» «Ənəcəhu»nun mənası isə döndərməkdir. Ərəblər birinə dəvənin başını döndərdiklərini çatdırmaq istəyəndə «عَنَجْتُ النّاقَةَ كَنَصَرْتُ أَعْنُجُها عَنْجاً» deyirlər. «نُوتِىّ» «Nu’tiyy» isə gəmiçi mənasındadır. O Həzrət əleyhis-salamın «ضَفَّتَىْ جُفُونِهِ» «zəffətəy cufunihi»dən məqsədi tovuzquşunun göz qapağının iki tərəfidir. «ضَفَّتان» «Zəffətan» hər iki tərəf mənasındadır. İmam əleyhis-salamın «فِلَذَ الزَّبَرْجَدَ» «filəz əz-zəbərcədə» birləşməsindəki «فِلَذُ» «filəz» kəlməsi «فِلْذَةٍ» «filzə»nin cəmidir və onun mənası tikə və parça deməkdir. «كَبائِسُ» «Kəbais» kəlməsi «كَباسَة» «kəbasə»nin cəmidir və o, «عِذْق» «izq» xurma salxımı mənasındadır. «عَسالِيج» «Əsalic» budaqlar deməkdir və onun təki «عُسْلُوج» «usluc»dur.
     

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?

 
user comment