Azəri
Wednesday 8th of December 2021
244
0
نفر 0
0% این مطلب را پسندیده اند

1-ci məktub

1-ci məktub

İmam Əli əleyhis-salamın Mədinədən Bəsrəyə (Təlhə, Zübeyr və onların tərəfdarları ilə müharibəyə) gedərkən yoldan Kufə əhlinə göndərdiyi məktublarındandır. (O, Maul-uzəybə çatanda bu məktubu Kufə əhlinə yazdı və onları Osmanın öldürülmə səbəbindən xəbərdar edərək öz köməyinə  çağırdı.Məktubu Kufəyə imam Həsən və Əmmar ibn Yasir ilə göndərdi.)

Allahın bəndəsi Əmirəl-möminin Əlidən alicənab yardımçı və ərəbin şərafətlilərindən olan Kufə əhlinə:

Allaha həmd və Peyğəmbərə salamdan sonra, mən sizi Osmanın işindən (və onun öldürülmə səbəbindən) elə xəbərdar edirəm ki, onu eşitmək görmək kimi olsun. (Kufə əhlindən həmin hadisədə olmayanlar orada olanlar və görənlər kimi olsunlar.) Xalq (yaramaz əməllərinə görə) Osmana çirkin və nalayiq sözlər dedi. Mən (Həzrət Peyğəmbərlə Məkkədən Mədinəyə sülh və asayiş üçün gəlmiş) Mühacirlərdən biri idim ki, (fitnə-fəsad və qan tökülməsinə nifrət bəsləyərək ondan uzaq gəzirdim və) xalqın ondan razı olmasını çox istəyir, onu az məzəmmət edirdim. (Ona həmişə öyüd-nəsihət verir və davranışını dəyişməyə çağırırdım.) Və (amma) Təlhə və Zübeyrin onun barəsindəki ən yüngül davranışları kəskin mövqe tutmaq, ən yavaş sövq etmələri isə (vəziyyətin kəskinləşməsini) daha da sürətləndirmək idi.[1] Həmçinin Aişə fikirləşib düşünmədən, qəflətən onun barəsində qəzəbləndi.[2] Sonra (Təlhə, Zübeyr və Aişə camaatı onu öldürməyə sövq etdilər və) bir qrup hazırlaşaraq onu öldürdü. (Buna görə də onlar Osmanın intiqamını almaq fikrinə düşməməlidirlər, bəlkə onlardan intiqam alınmalıdır.) Xalq heç bir ikrah və məcburiyyət olmadan öz meyl və istəyi ilə mənə bey’ət etdi. (Bəs görəsən Təlhə, Zübeyr və onların ətrafındakıların mənə qarşı çıxmalarının və fitnə və çaxnaşma yaratmalarının səbəbi nədir?!)

Və bilin ki, (Təlhə, Zübeyr və Aişənin fitnələri nəticəsində) hicrət diyarı (Mədinə) boşalıb və əhalisi ondan uzaqlaşıb. (Mən naçar qalıb ordan çıxdım.) Fitnə qazanın qaynaması Kimi qaynayaraq cuşa gəlib. (Hərc-mərclik səbəbindən oranın sakitlik və asayişi aradan gedib.) Fitnə (dinin) qütbünə (yəni, İmam əleyhis-salama) qarşı yönəlib. Odur ki, öz əmir və imamınıza doğru tələsin (ona kömək və yardım edin) və Allahın istəyi ilə düşmənlərinizlə (Təlhə, Zübeyr və onların ətrafındakılarla) müharibə etməyə çalışın.

 
2-ci məktub

 

İmam Əli əleyhis-salamın Kufə əhlinə olan məktublarındandır (ki,həmin məktubda onlara) Bəsrə (müharibəsindəki) qələbəsindən sonra (minnətdarlıq edib).

Allah siz Kufə əhlinə Peyğəmbərinizin əhli-beyti tərəfindən (əvəzindən) itaətkarlarına və nemətinə şükr edənlərə verdiyi mükafatların ən gözəlindən versin ki, (bizim fərmanımızı) eşitdiniz və (ona) tabe oldunuz və (dinə yardım etməyə) çağırıldınız və qəbul etdiniz (və sonda Allah düşmənlərini məğlub edib əldən saldıq).

 
3-cü məktub

 

İmam Əli əleyhis-salamın onun tərəfindən qazı təyin edilən Şüreyh ibn Harisə yazdığı məktublardandır (ki, onda dünyaya və dünya malına bel bağlamağın ziyanlarından danışıb).[3] Rəvayət edilib ki, Əmirəl-möminin tərəfindən də qazı olan Şüreyh ibn Haris, o Həzrətin xilafəti zamanında səksən dinara bir ev alıbmış. Bu xəbər İmama çatanda, onu çağırtdıraraq deyib ki, mənə sənin səksən dinara ev almağın və sənəd yazaraq bir neçə nəfəri şahid tutmağın barəsində xəbər çatıb. Şüreyh cavab verir ki, ey Əmirəl-möminin, elə olub. Ravi deyir: Həzrət qəzəbli şəxsin baxışları ilə ona baxaraq belə buyurdu :

Ey Şüreyh, bil ki, tezliklə sənin yanına (yazdığın) sənədə baxmayan və şahidlərdən (bir şey) soruşmayan bir kimsə (Əzrail) gələcək, səni həmin evdən gözün baxa-baxa (heyran və sərgərdan, yaxud köçəri kimi) çıxaracaq və hər şeydən ayrı, göruna tapşıracaq. Odur ki, ey Şüreyh, bax! Məbada bu evi başqasının pulu ilə almış olasan, yaxud onun pulunu halal olmayan şeylə vermiş olasan ki, əgər belə olsa dünya və axirət zərər-ziyanını qazanmış olarsan!! (Çünki əgər evi başqasının malı və ya haram malla almış olsan, dünyadan lazımınca bəhrələnməyəcək, axirətdə isə əzaba düçar olacaqsan.) Bil (ki), əgər ev alanda mənim yanıma gəlsəydin, sənin üçün bu (aşağıdakı) kimi bir sənəd yazardım. Onda həmin evin çox (yəni, səksən dinar) deyil heç bir dirhəmə də alınmasına rəğbət göstərməzdin. Həmin sənəd budur:

Bu, xar və həqir bəndənin, (mütləq öləcək və evindən axirət evinə) köçmək üçün çıxmış ölüdən, yox olanların yeri  və məhv edilmişlərin nişanəsi olan yalan diyarda aldığı bir evdir. Bu evin dörd hasarı var: Birinci hasar xoşagəlməz və acınacaqlı hadisələrə (dağıntı, xəstəlik, çətinlik və oğurluğa) gedib çıxır. İkinci hasar qəmlər amilinə (əzizlərin ölümü, arzu və sərmayənin əldən getməsinə), üçüncü hasar məhv edici istək və arzulara və dördüncü hasar azdırıcı şeytana gedib çıxır.Bu evin qapısı  isə dördüncü hasardandır.

İstək və arzulara uymuş bu şəxs, belə bir evi ölüm üçün çıxmış  şəxsdən qənaət kəramətindən xaric olmaq və istək və xarlıq həqirliyinə daxil olmaq bahasına alıb.[4] Bu alıcıya aldığı  şeydə satıcı tərəfindən dəyən (və onun zamin olmasına səbəb olan, yəni, satıcının, əvəzini ödəməli olduğu) ziyan və pisliyin intiqamı padşahların canlarını məhv edən, itaətdən çıxanların canlarını alan və (İran şahları) Kəsra, (Rum şahları) Sezar, (Yəmən şahları) Tübbə, (qəbilə sahibi olan Himyər ibn Səba ibn Yəşğəb ibn Yə’rəb ibn Qəhtanın övladları) Himyər kimi fironların səltənətlərini aradan aparan və mal üstünə mal toplayaraq onu çoxaldan, (binalar) tikib ucaldıb onları bəzəyərək zinətləndirənləri, sərvət toplayan və ev, bağ və əşyalarını öz gümanları ilə övladları üçün nəzərdə tutaraq toplayanları aradan aparanın (yox edən ölüm mələyinin) öhdəsinədir. (Allah tərəfindən haqq və batil,) cənnətlik və cəhənnəmliklər barəsində qəti hökm veriləndə, O, onları sorğu-sual ediləcək və mükafat veriləcək yerə göndərəcək.[5] Orada, pozğun və puç işlər görənlər ziyana uğrayarlar. (Pis işlərə əmr edən nəfsin) istəklərinə tabeçilikdən azad olan və dünyaya bağlılıqdan sağlam qalan ağıl bu sənədə (onun düzlüyünə) şahiddir. (Dünyaya ürək bağlamış və nəfsi istəklər əlində əsir  olan kimsə isə bu sözlərə inanmaz və ona görə də onun düzlüyünə şəhadət verməz.)

4-cü məktub

 

İmam Əli əleyhis-salamın öz qoşun başçılarından bəzilərinə (İmam əleyhis-salam tərəfindən Bəsrənin hakimi olmuş və sərgüzəştlərinin bir hissəsi 171-ci xütbənin şərhində deyilmiş Osman ibn Hüneyfə) məktublarındandır. (İmam ona düşmənin itaət etməyəcəyi təqdirdə onlarla vuruşmağı əmr edir.)

(Cəməl əhli «Təlhə, Zübeyr, Aişə və onların tərəfdarları» Bəsrəyə çataraq müharibəyə hazırlaşdıqdan sonra Osman ibn Hüneyf İmam əleyhis-salamı onların məqsədlərindən xəbərdar etmək üçün ona məktub yazdı. O Həzrətin Osman ibn Hüneyfə cavab olaraq yazdığı məktubun bir hissəsi belədir:) Əgər itaət kölgəsinə qayıtsalar (fitnə-fəsaddan əl çəkərək asayiş bərqərar edilməsini istəsələr) bu, elə bizim sevdiyimiz (istədiyimiz) şeydir. Amma əgər işlər onları düşmənçilik və üsyankarlığa sövq etsə (müharibəyə hazırlaşsalar), sənin əmrinə tabe olanlarla, əmrinə tabe olmayanlara qarşı qalx və döyüş. Sənin dalınca gedən kimsə ilə sənə yardım etməkdən çəkinən kimsəyə möhtac olma (kömək etməyənlərə möhtac olduğunu sanma). Çünki bir işə meyli olmayan kimsənin (orada) olmaması olmasından daha yaxşıdır, oturması durmasından daha xeyirlidir. (Ona görə ki, meyli olmadan məcburiyyətlə bir işə başlayan şəxs öz sirrini aça bilər və nəticədə başqaları da onun dalınca gedərək işdən qalarlar.)

 
5-ci məktub

 

İmam Əli əleyhis-salamın Əş'əs ibn Qeysə (-onun barəsində 19-cu xütbənin şərhində bir az danışılıb) məktublarındandır. O, (Osman tərəfindən) Azərbaycanın hakimi idi.[6]

Sənin işin (və hakimliyin) sənin üçün ruzi və yemək deyil. (Səni ona görə hakim etməyiblər ki, bir şey tapan kimi ondan özbaşına yeyəsən.) O iş sənin boynunda olan bir əmanətdir (ki, qoruyaraq onun yolunda, dinin hökmlərinə zidd bir addım atmamalısan). Səndən özündən üstün olan kimsə üçün gözətçi olmağını istəyiblər. (Sən elə bir əmirin əli altındasan ki, səni gözətçi təyin edib və sənə vilayəti onun tərəfindən qorumağı tapşırıb. Buna görə də) rəiyyətin işində öz istədiyin kimi davrana bilməzsən. (Sənə əmr edilməmiş bir iş görə bilməzsən.) Sənə əmr və fərman gəlməyincə böyük işə girişə bilməzsən. Sənin əllərində bənzərsiz və böyük Allahın mallarından var. Sən onları mənə təhvil verənə kimi mənim xəzinədarlarımdan birisən. Ümidvaram ki, mən sənin üçün vali və əmirlərin ən pisi olmayım. (Bu hökmün sənin dünya və axirətinə də xeyri var.) Salama layiq kimsəyə salam olsun!

 
6-cı məktub

 

İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır (ki, onu Şama Cərir ibn Abdullah Bəcəlli vasitəsi ilə göndərib və onda öz xilafətinin haqq və düzgün olmasını sübut edərək Osmanı öldürməkdən uzaq olduğunu açıqlayıb).

Əbu Bəkr, Ömər və Osmanla bey’ət edənlər (onları xilafətə təyin edənlər) həmin yolla mənimlə bey’ət edərək əhd-peyman bağladılar (işlərin idarəçiliyini mənə tapşırdılar). Odur ki, (xilafətin Allah və Peyğəmbər tərəfindən təyin edilmə ilə deyil, ümmətin ümumi rəyi ilə bərqərar olmasına və xalqın ümumi rəyə gələrək Əbu Bəkr, Ömər və Osmanı xəlifə təyin etmələrinə əqidə bəsləyən sizlər bilməlisiniz ki, məni də xilafətə həmin şəxslər, yəni, xalq kütləsi təyin edib. Buna görə də) orada (beyətdə) olanların (Təlhə və Zübeyr kimilərin) ondan başqasını seçmək haqqları yoxdur. Orda olmayanın da (sənin kimilərin də) onu qəbul etməmək haqqı yoxdur. (Sizin əqidənizə görə xilafət məsələsində) məşvərət aparmaq Mühacirlərin (Məkkədən Mədinəyə gələrək Həzrət Peyğəmbərə-səlləllahu əleyhi və alih- qoşulanların) və Ənsarın (Mədinədə Həzrət Peyğəmbərə iman gətirərək yardım edənlərin) haqqıdır. Onlar toplaşaraq bir nəfəri xəlifə və imam adlandırsalar, Allahın razılığı da həmin işdə olar. Əgər kimsə (xəlifədə) eyb və nöqsan tapması səbəbindən (bəhanəsi ilə, məsələn, Müaviyənin Osmanın öldürülməsini ona nisbət verməsi kimi) və ya (dində rəva olmayan şeyi ona daxil etmək ‑ Təlhə, Zübeyr və onların tərəfdarlarının əhd-peymanlarını pozmaları kimi) bid’ət  nəticəsində onların əmrlərindən (onların gördükləri işlərdən) boyun qaçırsa, onu itaət etməyə vadar edərlər. Əgər (öyüd-nəsihət fayda verməsə və) onların göstərişlərini qəbul etməsə, (sizin əqidənizə görə) onunla möminlərin yolundan başqa bir yol ilə getdiyi üçün vuruşarlar. Allah (da) onu üz tutduğu şeyin öhdəsinə buraxar.

Ey Müaviyə, canıma and olsun, əgər ağlına müraciət etsən (fikrə dalıb düşünsən) və nəfsi istəklərinə göz yumsan, (yersiz danışmaz, Osmanın öldürülməsini mənimlə peyman bağlamamağına bəhanə gətirməzsən) görərsən ki, mən Osmanın qanında (öldürülməsində) ən təmiz adam olmuşam; bilərsən ki, mən ondan uzaqlaşaraq bir guşəyə çəkilmişdim. Amma sən (nəfsi isətəklərə uyaraq) böhtan atıb onun öldürülməsini mənə nisbət verirsən və sənə məlum olan şeyi gizlədirsən. Salama layiq kimsəyə salam olsun!

 
7-ci məktub

 

Bu da imam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındadır (ki, onda onu, o Həzrətə yazdığı məktuba görə məzəmmət edib və onun nadanlıq və azğınlığını xatırladıb).

Allaha həmdü-səna və Həzrət Peyğəmbərə salamdan sonra: Səndən mənə müxtəlif sözləri bir-birinə yapışdırıb məktub bəzədiyin öyüd-nəsihət gəlib çatdı. (Bəzi mətləblər əldə edərək bu məktubda onları bir-birinə yapışdırmısan, halbuki onların bir-biri ilə heç bir əlaqəsi yoxdur. Onların hər birinin harada və necə işlədilməsinin gərəkliyini bilmədiyin üçün) öz azğınlığın səbəbindən bu məktubu hazırlamısan və fikir və düşüncənin pisliyindən onu (mənə) göndərmisən! Məktub düz yola istiqamətləndirəcək gözü (bəsirət və gözüaçıqlığı) və nicat yoluna sövq edəcək başçısı və cilovdarı olmayan kimsədəndir. Nəfsi istək onu (belə bir işə) vadar edib, o da qəbul edib, azğınlıq onun rəhbəri olub, o da onun dalınca gedib. (Buna görə də) o, sayıqlayaraq boşboğazlıq edib və bihudə fəryad qoparıb (mənası başa düşülməyən nadürüst sözlər deyib); yolunu azaraq səhv edib (belə nalayiq sözlər yazıb).

Bu da həmin məktubun bir hissəsidir

 

(O Həzrətə bey’ət edənlərlə bey’ət etməyənlərin boyunlarına düşən vəzifələrin bərabərliyi barəsində:)

(Ey Müaviyə, mənimlə bey’ət etmək və peyman bağlamaq məsələsində Bəsrə əhalisi, Təlhə, Zübeyr, sən və Şam əhlinin vəzifəsi yeksan və bərabərdir.) Çünki o bir bey’ətdir ki, (Məhəmməd - səlləllahu əleyhi və alih – ümmətinin dayaq nöqtəsi saydığınız Mühacirlər və Ənsar toplaşaraq həmin məsələdə birləşiblər və onların, barəsində qərara gəldikləri heç bir bey’ətdə) rəy və fikir iki olmur və onda (başqa bir rəy) seçmək başdan başlanmır, (necə ki, Əbu Bəkr, Ömər və Osman və onlarla bey’ət barəsində belə əqidədəsiniz. Odur ki, həmin bey’ət  məclisində olan kəs peymanı pozaraq başqasını seçə bilməz və orada olmayanın onu qəbul etməmək haqqı yoxdur. Buna görə də) hər kim peymanı pozaraq ondan əl götürsə, (müsəlmanların din və ayinlərinə) tənə vurandır. (Elə isə  onunla çıxdığı yola qayıdana kimi vuruşmaq lazımdır.) Onun (qəbul edilib-edilməməsi) barəsində fikrə dalan da  münafiq və ikiüzlüdür. (Çünki sizin əqidə və əməl təcrübənizə görə həmin şəxsin rədd və ya qəbul etmək barəsində fikirləşməsi, möminlərin getdikləri yol və ona tabe olmağın vacibliyində şəkk-şübhədə olması və onun meylinin səmimiyyət və saflıqla olmaması deməkdir. Ona görə ki, əgər onun doğrudan da meyli olmuş olsaydı, fikirləşib duruxmadan möminlərin toplaşaraq barəsində birləşdikləri şeyi qəbul edərdi.)

 
8-ci məktub

 

İmam Əli əleyhis-salamın Cərir ibn Abdullah Bəcəlliyə, onu (bey’ət almaq üçün) Müaviyənin yanına (Şama) göndərərkən yazdığı məktublardandır.[7] Allaha həmd və Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) salamdan sonra: mənim məktubum sənə çatan kimi Müaviyəni işini sona çatdıraraq bir tərəf barəsində qəti qərara gəlib hazırlaşmağa vadar et. (Sərgərdanlığı özündən uzaqlaşdırsın və səni yubatmasın, bey’ət etməkdə bəhanə axtararaq bu gün–sabah etməsin.) Sonra ona camaatı məcburiyyət və nigaranlıqla öz vətən və asayiş yurdundan didərgin salan dağıdıcı müharibə ilə xaredici sülh və barışıq arasında sərbəst seçim etmək imkanı ver. (Çünki barışıq acizliyin nişanəsidir. İmam əleyhis-salam burada hər iki halda, istər müharibə etsə, istərsə də barışıq etsə qələbənin onunla olacağını başa salmaq istəyir və bu sözlərlə onu hədələyir.) Beləliklə, əgər müharibəni seçsə, amannaməni ona tərəf at və qayıt. Amma sülh və barışığı qəbul etsə, ondan bey’ət al. (Vəzifəni tezliklə yerinə yetirərək geri dön və bizi gözü yolda qoyma). Salama layiq kimsəyə salam olsun!

 

9-cu məktub

 

İmam Əli əleyhis-salamın Müaviyəyə məktublarındandır. (Müaviyə o Həzrətə məktub göndərərək ondan Osmanın qatillərini ona təhvil verməyi istəmişdi. İmam əleyhis-salam bu məktubu ona cavab olaraq yazıb və orada öz fəzilət və kəramətlərini, həmçinin İslam və imanda öncül olmasını xatırladaraq buyurur:)[8]

Beləliklə, qəbiləmiz (Qüreyş) Peyğəmbərimizi öldürmək və bizim kökümüzü kəsmək (məhv etmək) istədi. Bizim üçün qəm-qüssə yaratdılar, barəmizdə nalayiq işlərə əl atdılar və bizi (həyatın) asayiş və şirinliyindən məhrum etdilər. Qorxu və vahiməni ancaq bizə aid etdilər və bizi məcburi olaraq sərt dağa (otsuz, susuz Şe’b Əbu Talibə) getməyə vadar etdilər (və orada bizi mühasirəyə aldılar; bütün bunlar Həzrət Peyğəmbərin ilahi elçi kimi göndərilməsinin yeddinci ilinin əvvəlində baş verdi) və bizə qarşı müharibə alovu qızışdırdılar. Biz Allahın istəyi ilə düşmənin şərini Onun Peyğəmbərindən uzaqlaşdırdıq. (O Həzrətə bir xəsarət dəyməyə qoymadıq.) Bizim (Peyğəmbərə iman gətirmiş Əbu Talib və Həmzə kimi) möminlərimiz Peyğəmbəri himayə etməyin mükafatını (Allahın razılığını) diləyir, (Abbas və Mət’əm ibn Ədiyy kimi İslamı qəbul etməmiş) kafirlərimiz (isə o Həzrətlə) qohumluqlarına görə (onu) himayə edir və yardım göstərirdilər. (Biz Bəni-Haşimdən başqa) Qureyşdən müsəlman olan digər kimsələrin bizim qədər (kafir və müşriklərdən) qorxu və vahimələri yox idi. Səbəb onların (müşriklərlə) and və peymanlarının olması, ya da (onlarla) qohum olmaları idi. (Bu səbəblər) onu qorxu və vahimədən saxlayırdı və o, öldürülməkdən (ölüm təhlükəsindən) amanda olurdu.

(Allah müşriklərlə müharibə və onların şərlərinin uzaqlaşdırılmasını əmr edəndə və) savaş, camaatın (qorxu və vahimədən) geri çəkilmələri həddinə qədər çətinləşəndə, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) öz əhli-beytini qabağa verir və onların vasitəsi ilə səhabələri və qoşununu nizə və şəmşirlərin (yaradacağı yaraların) istiliyindən qoruyurdu. (O Həzrətin əmisi oğlu) Ubeydə ibn Haris (ibn Əbdülmüttəlib) Bədr müharibəsində (Bədr Məkkə yolunda, Mədinə yaxınlığında qazılmış quyunun adıdır), (o Həzrətin əmisi) Həmzə Ühüd müharibəsində (Ühüd Mədinə yaxınlığındakı bir dağın adıdır) və (qardaşım) Cə’fər Mu’tə müharibəsində (Mu’tə Şam ətrafında yer adıdır) öldürüldü. İstəmədiyim üçün adını çəkmədiyim kimsə də (İmam əleyhis-salam), onlar kimi öldürülməyi və (Allah yolunda) şəhid edilməyi istəyirdi. (Mənim də şəhid olmaq və öldürülmək arzum var idi.) Lakin onların ömürləri daha tez sona çatdı və adını çəkmədiyim şəxsin ölümü təxirə düşdü. (Peyğəmbər mənə xəbər verdi ki, sən də öldürüləcəksən. İmam yüz əlli beşinci kəlamda bu mətləbə işarə edib.) İndi (Həzrət Peyğəmbəri qorumaq və İslam dinini yaymaq üçün çəkdiyim bu qədər əziyyət və çətinliklərdən sonra) ruzgara təəccüb edirəm ki, elə bir zamana gəlib çıxmışam ki, dinin yardımı üçün mənim kimi çalışmamış və İslamda mənim (Allaha və Peyğəmbərə iman gətirməkdə) malik olduğum birincilik və öncüllük iftixarıma malik olmayan birisi mənimlə bərabər hesab edilir. Heç kəs belə bir iftixar əldə edə bilməz. Ancaq iddia edən (Müaviyə) iddia edərək (özü barəsində) mənim bilmədiyim və Allahın da tanımasını güman etmədiyim belə bir şey deyər. (Çünki Allaha və Peyğəmbərə ilk iman iftixarı məndən başqasına nəsib olmayıb ki, Allah da onu tanısın.) Hər halda həmd-səna Allaha məxsusdur (ki, məsləhət bilib sənin kimisini mənim qarşımda qoyub, sən də haqq və həqiqətə zidd nalayiq şeylər iddia edirsən).

Amma Osmanın qatillərini sənə göndərməklə bağlı istəyin barəsində: mən bu barədə fikirləşdim və gördüm ki, onları sənə və səndən başqasına göndərmək mənim öhdəmdən xaricdir.[9] (İmam sonra Müaviyəni hədələyərək buyurur:) Canıma and olsun, əgər azğınlıq və düşmənçilikdən əl çəkməsən, tezliklə səni axtaranları tanıyacaqsan ki, onlar bu axtarışlarında səni səhrada, dənizdə, dağda və düzənlikdə zəhmətə salmayacaqlar (birbaşa sənin sorağına gələcəklər). Amma bu axtarış səni incidərək qəmləndirəcək və bu ziyarətçilərlə görüşmək və onları görmək səni sevindirməyəcək (sənin sorağına elə gələcəklər ki, deyəcəksən: Ey kaş, mən onları tələb etməyəydim). Salama layiq kimsəyə salam olsun![10]

 

10-cu məktub

 

Bu da, imam Əli əleyhis-salamın Müaviyəyə məktublarındandır (ki, İmam əleyhis-salam onda Müaviyənin çirkin əməllərini məzəmmət edir, ona öyüd-nəsihət verir və onu işlərinin pis nəticəsi ilə qorxudur).

Özünü (dünyapərəstlər üçün) bəzəyərək gözəl göstərən və ləzzətləri ilə aldadan yaşadığın dünyanın pərdələri səndən (gözün önündən) götürülən zaman nə edəcəksən? (Dünya) səni (öz dostluğuna) dəvət edib, (sən də) qəbul etmisən; qabağına düşüb dalınca getmisən; sənə əmr edib itaət etmisən. (Ölüm, əzab və günahların cəzası ilə nə edəcəksən?) Qarşını alacaq birisinin səni saxlaması (onun gələcəyi zaman) yaxındır. (Ölüm gəlib çatıb səni) o şeydən (əzab və cəzadan) xəbərdar edəcək ki, heç bir nicat verən səni xilas edə bilməyəcək. Buna görə də (bu çətin keçidləri nəzərə alaraq nəfsi istəklərə tabe olmayıb) bu işdən (layiq olmadığın xilafət iddiasından) əl çək və özünü hesab və sorğu gününə hazırla. Sənə çatacaq şey (ölüm və ondan sonrakı çətinliklər) üçün qolunu çırma (çevik ol, çalış). Qulağına (Əmr ibn As və Mərvan kimi) azğınları dinləmək imkanı vermə (onların sözlərinə qulaq asma və göstərişlərinə tabe olma). Əgər belə etməsən (bu öyüd-nəsihəti qəbul etməsən), səni özün barəndə qafil olduğun şeydən xəbərdar edirəm: sən naz-nemət içərisində qərq olmusan, (nemət səni üsyankar edib və buna görə də) şeytan səndə (sənin qəlbində) yer tutub və öz arzusuna çatıb, sənin (vücudunda) can və qan kimi hərəkət edib. (Sənə elə hakim olub ki, etdiyin hər bir iş, dediyin hər bir söz onun göstərişi ilədir. İmam əleyhis-salam bundan sonra onu məzəmmət edərək buyurur: )

Ey Müaviyə, siz (Üməyyə övladları) heç bir xeyir və yaxşılıq iftixarına, möhtərəmlik və şərəfə malik olmadan nə vaxtdan rəiyyətə hakimlik və müsəlmanlara başçılıq ləyaqətinə sahib olmusunuz?! (Bundan qabaq heç bir işdə fəzilət və üstünlüyün olmayıb ki, sənin xilafət və əmirlik iddiası etməyinə səbəb olsun.) (İnsanı şeytanın və nəfsi istəklərin davamçısı edən) bədbəxtlik tarixçələrinin bərpa olmasından Allaha pənah aparıram! Səni həmişə arzulara aldanmaqdan və zahirinlə batininin iki cür olmasından çəkindirirəm. (Dünyapərəstlik, münafiqlik və ikiüzlülükdən qorx. Sonra onu müharibə ilə hədələyərək buyurur:)

Məni döyüşə çağırmısan. Elə isə camaatı bir tərəfə qoyaraq özün mənim yanıma gəl. Hər iki qoşunu döyüşdən saxla ki, günahın, bizlərdən hansının qəlbinə qələbə çalması, pərdənin (qəflət pərdəsinin) kimin gözü önündən asılması məlum olsun.(Camaatı öz hallarına qoy ki, kimin Allah yolunda qılınc çalması, haqq yolda dayanması və qaçmaması bilinsin.) Mən Əbul-Həsənəm, sənin babanı (ciyər yeyən anan Hindin atası Ütbə ibn Rəbiəni), dayını (Vəlid ibn Ütbəni) və qardaşını (Hənzələ ibn Əbu Süfyanı) öldürən! Mən onları Bədr müharibəsində məhv etdim. Həmin qılınc (indi də) məndədir. Həmin ürəklə düşmənimlə üz-üzə gəlirəm. Başqa din seçməmiş, yeni peyğəmbər götürməmişəm. (İslamın hökmlərinin heç birinin əksinə hərəkət etmirəm.) Mən bir yoldayam ki, siz öz ixtiyarınızla onu tərk etdiniz və ona məcburiyyət üzündən daxil olmuşdunuz.[11] Belə güman edirsən ki, (məndən) Osmanın intiqamını almağa gəlmisən?! Halbuki Osmanın harada öldürülməsini (və onu kimlərin qətlə yetirmələrini məndən yaxşı) bilirsən. Əgər (doğrudan da) intiqam almaq istəyirsənsə, oradan (onu öldürmüş Təlhədən, Zübeyrdən və digərlərindən) intiqam al. Səni sanki (onun intiqamını bəhanə edən, əslində isə) müharibədən, dəvələrin yükün ağırlığından qopardıqları fəryadları kimi fəryad edib şivən qoparan görürəm, qorxursan ki, (o,) dişlərini sənə batırsın (sənə üz tutsun). Sanki sənin qoşununu görürəm ki, aldıqları ardıcıl zərbələr, baş verəcək çətin hadisələr və bir-birinin ardınca torpağa düşmələri nəticəsində çarəsizlikdən məni Allahın kitabına dəvət edirlər (ki, müharibədən əl götürüm).[12] Həmin qoşun haqqa kafir və onu inkar edənlərdir (ki, mənə bey’ət etməyiblər), yaxud bey’ət edib (sonra ondan) əl götürüblər. (İraq münafiqləri o Həzrətə bey’ət edəndən sonra əhdlərini pozaraq Şama, Müaviyənin yanına getmişdilər.)

 

 

[1] Onlar Osmana nəinki heç vaxt öyüd-nəsihət vermirdilər, əksinə, həmişə fətnə-fəsad yaratmaq fikrində idilər. Buna görə də camaatı yaxın-uzaq yerlərdən toplayaraq onu öldürməyə həvəsləndirirdilər. Belə ki, Zübeyr deyirdi: Onu öldürün, o, sizin dininizi dəyişdirib. Osman öz evində mühasirədə olarkən belə deyirdi: Vay olsun Təlhəyə! Mən ona hər cür hörmət etdim, o isə indi mənim qanımı tökmək fikrinə düşüb.

[2] O, Osman beytülmalı ancaq öz qohum-əqrəbası arasında bölüşdürdüyü üçün özündən çıxdı və camaatı onu öldürməyə vadar edərək dedi: «اُقْتُلُوا نَعْثَلاً قَتَلَ اللهُ نَعْثَلاً» «Nə’səli öldürün, Allah Nə’səli öldürsün!» Yəni, bu axmaq şeyx və ağılsız qocanı öldürün! Allah onu öldürsün! Nə’səl Mədinədə yaşayan uzunsaqqallı bir yəhudinin adı idi. Aişə belə deməklə Osmanı ona bənzədirdi. Rəvayət edilib ki, bir gün Osman minbərə çıxmışdı və məscid cəmiyyətlə dolu idi. Aişə pərdə arxasından əlini çölə çıxartdı və Həzrət Peyğəmbərin nə’leyn və köynəyini camaata göstərərək dedi: Bunlar Peyğəmbərin nə’leyn və köynəyidir və onlar köhnəlməmiş sən onun din və sünnəsini dəyişdirmisən. Onlar orada bir-birlərinə kobud sözlər dedilər.

[3] Şüreyh kosa idi və üzünə tük çıxmırdı. Ömər ibn Xəttab onu Kufənin qazısı təyin etmişdi və o, həmin diyarda qazılıq və şəriət hakimliyi ilə məşğul idi. Əmirəl-möminin onu öz vəzifəsindən uzaqlaşdırmaq istədi. Kufə əhalisi dedi: Onu vəzifəsindən uzaqlaşdırma, çünki o, Ömər tərəfindən təyin edilib və biz səninlə o şərtlə bey’ət etmişik ki, Əbu Bəkr və Ömərin qərarlarını dəyişdirməyəsən. Muxtar ibn Əbu Ubeydə Səqəfi hakimiyyətə gələndə Şüreyhi Kufədən çıxardaraq sakinləri yəhudi olan bir kəndə göndərdi. Həccac Kufənin hakimi olanda onu Kufəyə qaytardı və yaşlı qoca olmasına baxmayaraq, ona qəzavət işləri ilə məşğul olmağı əmr etdi. O, Muxtar tərəfindən xar edildiyi üçün xahiş etdi ki, Həccac onu qəzavət etməkdən üzrlü saysın. Həccac onun bu istəyini qəbul etdi. Axır  ki, o, yetmiş beş il qazı olub. Ömrünün ancaq son iki ilini bu işdən kənarda qalıb və yüz iyirmi yaşında dünyadan köçüb.

[4] Çünki qənaət və başqalarına möhtac olmamaq hissini əldən vermək zillət və xarlığa səbəb olan çətinlik və giriftarlıqlar gətirir. Deməli, əslində ehtiyac olmayan evin alınmasının qiyməti qənaət, şərafət və abır izzətindən çıxmaq və nəfs zilləti, çətinlik və giriftarçılıqlara daxil olmaqdır.

[5] Qur’ani-Kərimin Mu’min surəsinin 78-ci ayəsində deyilir: «فَإِذَا جَاء أَمْرُ اللَّهِ قُضِيَ بِالْحَقِّ وَخَسِرَ هُنَالِكَ الْمُبْطِلُونَ» «Allahın əmri gəldikdə ədalətlə hökm olunar. Yalan danışanlar, batil söyləyənlər elə oradaca ziyana uğrayarlar».

[6] Azərbaycan İranın şimal-qərbində olan bir vilayətdir ki, çoxlu şəhər və kəndləri var və oranın ən mühüm və mərkəzi şəhəri Təbrizdir. Əmirəl-möminin Osmandan sonra işlərin idarəçiliyini ələ aldıqdan sonra Əş'əs nalayiq işlərinə görə İmamın onu öz vəzifəsindən uzaqlaşdıracağından qorxurdu. İmam, Cəməl müharibəsi qurtardıqdan sonra Əş’əsin Azərbaycan mallarının qorunmasında sayıq olması üçün ona bir məktub yazdı. Aşağıdakı cümlələr də həmin məktubdandır.

[7] Bəcəli, babaları Yəməndə Bəcilə ibn Səmar ibn Ərş ibn Əmr ibn əl-Qausa nisbət verilən Bəcilə adlı qəbiləyə mənsubdur. «Rical» yəni, ravilərin şəxsiyyətini və etibarını tədqiq edən elm alimləri Cəriri  məzəmmət edir və onun rəvayət və sözlərinə etimad etmirlər. Onlar deyirlər ki: Cəririn İmam əleyhis-salam tərəfindən Müaviyəyə məktub aparmasının ilk baxışda onun yaxşılığına dəlalət etməsinə baxmayaraq, işin sonunda o Həzrətdən ayrılaraq Müaviyəyə qoşulması onun pisliyini sübut edir. Mərhum Hacı Şeyx Abdullah Mamqani «Tənqihul-məqal» kitabında həmin məsələləri geniş şəkildə bəyan edib. Xülasə, İmam əleyhis-salam Cəriri Müaviyədən bey’ət almaq üçün Şama göndərəndə, Müaviyə müxtəlif bəhanələrlə ona cavab vermir, bu gün–sabah edirdi, o vaxta qədər ki, özü üçün Şam əhalisindən bey’ət aldı. İmamın Müaviyənin o Həzrətin əmrinə tabe olmayacağını bilən səhabələri Cərir Şamdan qayıdıb cavab gətirəndən qabaq dedilər: Şamlılarla müharibəyə hazırlaşmağımız məsləhətdir. İmam əleyhis-salam Cərir cavab gətirməmişdən qabaq şamlılarla  müharibəyə başlamaqda qabağa düşməyi məsləhət bilmir və onun səbəbini qırx üçüncü kəlamda deyilənlərlə izah edirdi. Buna görə də işin birdəfəlik olması məqsədi ilə Cərirə Müaviyədən bey’ət alması üçün bu məktubu yazmışdır.

[8] Müşriklər Həbəşistanın müsəlmanlar üçün sığınacaq yeri olmasını və ora qaçanların hər birinin təhlükəsiz və rahat gəzib-dolanmasını, Məkkədə qalanların isə Əbu Talibin pənahında olmasını, həmçinin Həmzənin İslamı qəbul etməsinin müsəlmanları gücləndirməsini gördükdən sonra böyük bir məclis təşkil etdilər və Qüreyş qəbiləsi üzvlərinin hamısı Peyğəmbəri (səlləllahu əleyhi və alih) öldürmək üçün əlbir oldu. Bu fikirdən xəbərdar olan Əbu Talib Bəni-Haşim və Bəni-Əbdülmüttəlibi bir yerə toplayaraq arvad-uşaqları ilə «Şe’b Əbu Talib» deyilən dərədə yerləşdirdi. Əbdülmüttəlib övladlarının müsəlman və qeyri-müsəlmanları qəbiləni qorumaq və Əbu Talibin göstərişlərini yerinə yetirmək üçün Həzrət Peyğəmbərdən köməklərini əsirgəmədilər, düşmənlərlə əlbir olan Əbu Ləhəbdən başqa! Əbu Talib öz qohumları ilə Peyğəmbəri qorumağa çalışaraq «Şe’b»in, yəni, dərənin hər iki tərəfində gözətçi qoyur və Həzrət Peyğəmbərin yerində çox vaxt öz oğlu Əli əleyhis-salamı yatırdırdı. Həmzə gecələr Peyğəmbərin ətrafında gəzişirdi. Qüreyş kafirləri bu vəziyyəti müşahidə edib o Həzrətə bir şey edə bilməyəcəklərini bildikdən sonra, onların böyüklərindən qırx nəfəri Məkkədə toplantı məkanı olan «Darun-nədvə»də toplaşaraq Əbdülmüttəlib və Bəni-Haşimlə Peyğəmbəri öldürmək üçün onlara təhvil verməyincə dostluq etməmək, qız verib-almamaq, alış-veriş etməmək və onlarla barışmamaq barəsində peyman bağladılar. Onlar həmin peymanı bir səhifəyə yazaraq ona möhür vurdular və onu saxlamaq üçün Əbu Cəhlin xalası Ummul-Culasa tapşırdalır. Bəziləri də nəql ediblər ki, həmin peymannaməni Kə’bə evinin qapısından asdılar. Bu peymanla da Bəni-Haşim «Şe’b Əbu Talib»də mühasirədə qaldı. Məkkə əhalisindən heç kəsin onlarla alver etməyə cürəti yox idi. Yalnız müharibə haram olan Həcc mövsümündə bu iş qismən mümkün idi və ərəb qəbilələri Məkkəyə gəlirdilər. Müsəlmanlar da Şe’bdən çölə çıxaraq digər ərəblərdən ərzaq məhsulları alıb geri qayıdırdılar. Qureyş bunu da rəva bilmirdi. Qureyş Bəni-Haşim üzvlərindən birinin nəyisə almaq istədiyindən xəbərdar olan kimi həmin şeyin qiymətini yuxarı qaldıraraq onu özləri alırdı. Qureyşdən kiminsə Əbdülmüttəliblə qohumluq əlaqələrinə görə Şe’bə yemək göndərməsini bilsəydilər, həmin şəxsi incidirdilər. Şe’bdə olanlardan kimsə çölə çıxsaydı və onlar onu tutsaydılar, ona işkəncə verirdilər. Əbulas ibn Rəbi, Xədicənin qardaşı oğlu Həkim ibn Xəram ibn Xuvəylid və Hişam ibn Əmr onlara yemək göndərənlərdən idilər. Üç il belə keçdi. Bəzən Bəni-Əbdülmüttəlib uşaqlarının acından fəryad səsləri elə ucalırdı ki, müşriklərin Bəziləri həmin peymanı bağladıqları üçün peşman olurdular. Onlardan beş nəfəri – Hişam ibn Əmr, Züheyr ibn Əbi Üməyyə, Mət’əm ibn Ədiyy, Əbulbəxtəri və Zəm’ə ibn əl-Əsvəd – bir-biri ilə söz qoydular ki, əhdlərinə qarşı çıxaraq peymanı pozsunlar və müqaviləni cırsınlar. Qureyşin böyükləri səhər vaxtı Kə’bədə toplaşaraq bu məsələ barəsində danışdıqları zaman birdən Əbu Talib, ətrafındakı bir dəstə ilə Şe’bdən çıxaraq Kə’bəyə gəldi və müşriklərin arasında oturdu. Əbu Cəhl belə güman etdi ki, Əbu Talib Şe’bdə çəkdiyi əziyyətlər nəticəsində dözümünü itirib və indi Peyğəmbəri (səlləllahu əleyhi və alih) təhvil verməyə gəlib. Əbu Talib dedi: Ey camaat, sizin xeyrinizə olan bir söz deyim. Qardaşım oğlu Məhəmməd (səlləllahu əleyhi və alih) mənə xəbər verib ki, Allah, peymanı yazdığınız kağıza mürgənə göndərib və o, orada yazılanların hamısını yeyib və ancaq Allahın adını saxlayıb. İndi həmin peymannaməni gətirin. Əgər o düz deyibsə sizin onunla danışmağa nə sözünüz ola bilər? Onunla düşmənçilikdən əl çəkin. Əgər yalan demiş olsa, onu sizə təhvil verəcəyəm ki, öldürəsiniz. Onlar dedilər: Yaxşı sözdür. Sonra gedib həmin məktubu Ummul-Culasdan alıb gətirdilər və açıb gördülər ki, mürgünə cahiliyyət dövründə məktubun əvvəlində yazılan «بِاسْمِكَ اللّهُمَّ» «bismikəllahummə» kəlməsindən başqa onun hamısını yeyib. Həmin peymannaməni yazan Mənsur ibn Əkrəminin əli çolaq olmuşdu. Müşriklər vəziyyəti  belə görüb xəcalət çəkdilər. Sonra Mət’əm ibn Ədiyy məktubu cıraraq dedi: Biz bu zülmedici məktuba nifrət edirik. Bundan sonra Əbu Talib Şe’bə qayıtdı. Səhərisi gün Mət’əm ibn Ədiyy Qureyşdən olan digər dörd nəfərlə birlikdə Şe’bə gedərək Bəni-Əbdülmüttəlibi Məkkəyə gətirib evlərində yerləşdirdilər. Amma müşriklər Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) Şe’bdən çıxandan sonra yenə də öz səhv əqidələrinə görə bacardıqca o Həzrətlə düşmənçilik etməkdən əl çəkmədilər və ona əzab-əziyyət verməyi davam etdirdilər. Xülasə, İmam əleyhis-salamın aşağıdakı məktubda həmin hadisələrə toxunaraq buyurduqları Müaviyəni qəflət yuxusundan oyatmaq üçün olmuşdur.

[9] Çünki onların sayı hədsiz, gücləri çoxdur. Necə ki, İmam əleyhis-salam yüz altmış yeddinci kəlamda həmin məsələyə işarə edərək buyurur: «كَيْفَ لِى بِقُوَّةٍ وَ الْقَوْمُ الْمُجْلِبُونَ عَلى حَدِّ شَوْكَتِهِمْ يَمْلِكُونَنا وَ لا نَمْلِكُهُمْ» Yəni: «Mən Osmanın qatillərindən necə intiqam ala bilərəm, halbuki onu öldürməyə toplaşanlar çox qüdrətli olmaqda qalmaqdadırlar və bizə ağalıq edirlər və biz onlara ağalıq etmirik.»

[10] İbn Əbil-Hədid özünün «Nəhcul-Bəlağə»yə olan şərhinin bu yerində belə deyir: İmam əleyhis-salamın «sənə salam olsun» deməsi düzgün olmazdı. Çünki o Həzrət Müaviyəni fasiq və günahkar hesab edirdi. Fasiqə hörmət göstərmək isə düz deyil. Buna görə də buyurur: Salama layiq kimsəyə salam olsun.

[11] Mənim söz və əməllərim, sizin elə əvvəldən öz xoşunuzla qəbul etmədiyiniz İslam dininin hökmləri əsasındadır. Siz naçar olduğunuz üçün zahirdə iman gətirərək batində kafir qaldınız.

[12] «Hərir» gecəsinin sübh çağı Şam qoşunu Əmr ibn Asın göstərişi ilə Qur’anları nizələrin başına keçirtdi və İraq qoşunundan sülh və barışıq istədi. Otuz altıncı xütbənin şərhində bu mətləbə işarə edilib. İmam əleyhis-salamın buyuruğundakı bu cümlə qeyb xəbərlərindəndir ki, hadisə baş verməmişdən onu Müaviyəyə xatırladır.

244
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həqiqi Əhli-beyt (ə) davamçısının müəyyən edilməsi üçün 8 xüsusiyyət
Aya Quranın hər bir ayəsinin dərman hökmü vardır?
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
YERİN DAİRƏVİLİYİNƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
QUR᾽ANIN İFADƏ TƏRZİ ilƏ NATİQLƏRİN ÇIXIŞ ÜSLUBU ARASINDA OLAN FƏRQ
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI
Öz evində ...
QUR᾽ANIN TƏHRİFƏ OLAN BAXIŞI
İmam Hüseyn (ə) və Ərbəin

latest article

Həqiqi Əhli-beyt (ə) davamçısının müəyyən edilməsi üçün 8 xüsusiyyət
Aya Quranın hər bir ayəsinin dərman hökmü vardır?
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
YERİN DAİRƏVİLİYİNƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
QUR᾽ANIN İFADƏ TƏRZİ ilƏ NATİQLƏRİN ÇIXIŞ ÜSLUBU ARASINDA OLAN FƏRQ
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI
Öz evində ...
QUR᾽ANIN TƏHRİFƏ OLAN BAXIŞI
İmam Hüseyn (ə) və Ərbəin

 
user comment