Azəri
Sunday 9th of August 2020
  2789
  0
  0

Saf niyyət əməlin qəbul olması üçün şərtdir!

Saf niyyət əməlin qəbul olması üçün şərtdir!

İmanın dəyəri barəsində irəli sürdüyümüz digər bir sual budur ki, görəsən əməlin Allah dərgahında qəbul olunub-olunmamasında imanın rolu var yoxsa yox?
Kafirlərin xeyir əməllərinin Allah dərgahında qəbul olunacağını deyənlərin dəlillərini nəql edəndə qeyd etdik ki, onlar deyirlər: Əməllərin yaxşı və pis olması zati olduğu üçün yaxşı əməl mömin və kafir tərəfindən yerinə yetirilməsindən asılı olmayaraq yaxşıdır və o, Allah dərgahında mütləq qəbul olunmalıdır, çünki yaxşı iş yerinə yetirənin kimliyindən asılı olmayaraq yaxşı, pis isə pisdir və digər tərəfdən Allahın bütün bəndələri ilə münasibəti birdir.

Biz indi deyirik ki, həmin dəlildə gətirilən mətləblər düzdür, amma burada yaddan çıxan bir məsələ var və biz onu bəyan etmək üçün üsul elminə aid olan terminlərdən birini izah etmək məcburiyyətindəyik və o, yaxşı və pisliyin iki növ – feli və faili – olmasıdır.
Hər bir əməlin iki cəhəti var və onun cəhətlərinin hər biri yaxşı və pis olmaq baxımından özünəməxsus xüsusiyyətə malikdir. Hər hansı bir əməl, həmin cəhətlərin biri baxımından yaxşı, digəri baxımından isə pis ola bilər. Bunun əksi də mümkündür. Həmçinin hər hansı bir əməlin hər iki cəhətdən də yaxşı və ya pis olması mümkündür.
Bu iki cəhət əməlin xarici aləm və insan cəmiyyətindəki xeyirli və ya ziyanlı təsir dairəsi və əməlin, failin özünə bağlılığı və amili, hədəfə çatmaq üçün həmin əməli yerinə yetirməyə sövq edən nəfsi və ruhi maraqlarından ibarətdir.
Birinci cəhətdə əməlin xeyirli və ya ziyanlı təsirinin əhatə dairəsinə, ikincidə isə əməlin fikir və ruhi baxımdan da hərəkət edərək hansı məqsədə doğru getməsinə baxmaq lazımdır.
İnsanların əməlləri, xeyirli və ya ziyanlı təsirlərinin əhatə dairəsi baxımından tarixin dəftərində qeyd edilir və tarix, onun barəsində hökm verir, onu ya pisləyir ya da tərifləyir. Amma bəşəriyyətin ruhuna mənsub olması baxımından, yalnız uca mələkuti dəftərdə qeyd edilir. Tarix dəftəri sitayiş olunmaq üçün böyük və təsirli əməllər istəyir. Amma uca və ilahi mələkuti dəftər, bundan əlavə canlı əməli soraqlayır.
Quran buyurur:
«Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur...» [102]
Gördüyünüz kimi Quran «ən çox» deyil, «ən yaxşı» əməl deyib, çünki əsas məsələ bizim ruhi amillərin təsiri altında bir sıra hərəkət və davranışdan ibarət olan və bir sıra ictimai təsir və dəyərlərə malik bir iş görəndə, mənəvi cəhətdən də hansı istiqamətdə getməyimizi və hərəkətdə olmağımızı bilməyimizdir.
Bəli, mövzu «əsas məsələ əməl, iş və sərf edilən əzələ enerjisidir, düşüncə və niyyətlər əməl üçün müqəddimə olmaq dəyərinə malikdir, onların hamısı zehni və müqəddimə xarakteri daşıyan şeylərdir və əsas məsələ əməldir, müqəddimə hər nə cür olsa olar!?» demək o qədər sadə deyil. Fikir və niyyətin əhəmiyyəti əməlin özündən az deyil. Əməli əsas sayan, niyyət və əqidəni əsil məsələ hesab etməyən və ona yalnız müqəddimə olmaq dəyəri verən bu düşüncə və fikir, maddi bir təfəkkürdür. Bu məktəbin puç olması aydın bir məsələdir və qəti məsələlərdən biri budur ki, Quran maarifini bu cür təfəkkür tərzi ilə izah etmək olmaz.
Quran baxımından gerçək şəxsiyyət və həqiqi «mən» bizim ruhumuzdur. Bizim ruhumuz hər bir ixtiyari əməl ilə qüvvədən feliyyətə doğru addımlayır və öz iradə, hədəf və məqsədinə uyğun təsir və xüsusiyyət əldə edir. Bu təsir və xüsusiyyətlər şəxsiyyətimizin bir hissəsinə çevrilir və bizi, varlığın münasib aləminə aparır.
Deməli, feli yaxşı və pislik və ya işlərin yaxşı və pisliyi, birinci cəhət baxımından həmin əməlin xarici təsirinə bağlıdır. Faili baxımdan yaxşılıq və pislik və ya ikinci cəhətdən olan yaxşılıq və pislik isə həmin əməli yerinə yetirənin onu yerinə yetirməsi keyfiyyətindən asılıdır. Biz birinci cəhətdə əməlin xarici və ictimai nəticələrinə, ikincidə isə onun, həmin əməli yerinə yetirənin öz ruh və batininə etdiyi təsirə nəzər salırıq.
Məsələn, biri xəstəxana tikirsə və ya hansısa bir ölkənin mədəniyyət, səhiyyə və iqtisadiyyat sahələrinin birində xeyirxah bir iş görürsə, onun həmin işinin ictimai və tarixi baxımdan xeyir olmasında heç bir şəkk-şübhə yoxdur. Belə ki, həmin iş Allah bəndələrinin xeyrinədir. Bu cəhətdən həmin şəxsin xəstəxana tikməkdən və ya xeyriyyə müəssisəsi yaratmaqdan məqsədinin nə olması fərq etmir. Burada onun həmin işdən məqsədinin istər riyakarlıq, öz nəfsani istəklərini qane etmək, özünü göstərmək, istərsə də ali, insani və qeyri-maddi olması fərq etmir. Hər halda ictimai baxımdan bir xeyriyyə müəssisəsi yaranıb. Tarix həmişə insanların əməlləri barəsində bu cəhətdən hökm çıxarır. Tarix heç vaxt insanların niyyətlərini nəzərə almır. Məsələn, İsfahan şəhərində olan memarlıq abidələrindən söhbət gedəndə Şeyx Lütfullah və Şah Abbas məscidlərini tikən şəxsin niyyətinin nə olması ilə heç kəsin işi olmur. Tarix gözlərini yumaraq işin adını xeyirli əməl qoyur.
Amma faili cəhətdə, işin ictimai və xarici təsirləri nəzərə alınır. Burada əməlin, onu görənlə əlaqəsinə diqqət edilir və həmin işin xeyirli əməl sayılması üçün onun xeyir olması kifayət etmir. Bu cəhətdən həmin işi görən şəxsin bu işi hansı niyyət və məqsədlə və hansı hədəfə çatmaq üçün yerinə yetirməsi nəzər alınır. Əgər fail yaxşı niyyət və hədəfə malik olubsa və həmin xeyir işi xeyir niyyətlə yerinə yetiribsə, iş xeyirli sayılır, yəni onun işi faili yaxşılığa və hər iki cəhətə malikdir və o, iki cəhətin ikisində də müsbətdir. Belə ki, o, həm tarixi və ictimai insan həyatı istiqamətində və həm də mənəvi və mələkuti istiqamətdə hərəkət edib. Amma birdən həmin şəxs bu işi riya və ya maddi mənfəət əldə etmək üçün görübsə, onun işi bir cəhətlidir və o, tarix və zaman istiqamətində irəliləyib, amma mənəvi və mələkuti cəhətdə hərəkət etməyib. Başqa ifadə ilə desək, onun əməli yüksələn xətt üzrə olmayıb və ya həmin şəxs cəmiyyətə xidmət edərək onu ucaldıb, amma özünə heç nə etməyib və bəlkə də özünə xəyanət edib. Onun ruhu bu əməl ilə ucalmaq əvəzinə, tənəzzülə uğrayaraq öz mövqeyini itirib.
Əlbəttə, bu sözlərdən məqsədimiz feli yaxşılıqla faili yaxşılığın bir-birindən tamamilə ayrı olması və insanın ruhi və mənəvi təkamülü üçün, xeyirli ictimai işlərlə məşğul olmaması deyil. Məqsədim budur ki, xeyirli ictimai iş, ruhi və mənəvi təkamül baxımından o vaxt xeyirlidir ki, ruh həmin əməl yerinə yetiriləndə mənəvi səfər etsin, xudxahlıq və eqoistlik mənzilindən çıxaraq saflıq mənzilinə qədəm bassın.
Feli və faili yaxşılığın bir-birinə nisbəti bədənin ruha olan nisbəti kimidir. Canlı varlıq ruh və bədəndən ibarətdir. Əməlin feli yaxşılığının «peykərdə canlanma»sı və həyat əldə etməsi üçün feli yaxşılığın olması gərəkdir.
Buna görə də dırnaqarası ziyalıların «Allahın bütün məxluqlarla münasibəti yeksandır; əməllərin yaxşı və pisliyi zatidir; əməlin xeyirli olmasında onu edənin kimliyi fərq etmir və bu yeksanlıq möminlə qeyri-möminin mükafatının fərq etməməsini tələb edir» kimi sözləri, səhv və qəbul edilməzdir. Onlar bu nəzəriyyədə əməlləri və Allahın məxluqları ilə bərabər münasibətini nəzərdə tutublar, amma əməllərin yeksan olmamalarına səbəb olan və onlar arasında ölü ilə dirinin fərqi qədər fasilə yaradan amil və onun şəxsiyyəti, hədəf və məqsədi və onun ruhi və mənəvi seyrini unudublar. Deyirlər Allah üçün xeyir iş görənin Onu tanıyıb-tanımaması, Allah üçün həmin şəxsin onunla tanış olub-olmaması, işi Onun razılığı üçün və ya başqa məqsədlə etməsi nə fərq edir? Niyyətin Allaha yaxınlaşmaq və ya başqa şey olması nə deməkdir?
Bütün bunların cavabı budur ki, bəli, həmin şeylər Allah üçün fərq etmir, amma həmin şəxsin özü üçün fərq edir. O, Allahı tanımasa və Onunla tanış olmasa bir cür ruhi hərəkət edir, Allahı tanıyanda isə başqa cür! O, Allahı tanımayanda bir cəhətli iş görür və əməli ancaq feli və tarixi dəyər əldə edir. Amma Allahı tanıyanda iki cəhətli iş görür və əməli faili yaxşılıq da qazanır. O, Allahı tanıyanda həm özü və həm də əməli Allaha tərəf gedir, tanımayanda isə yüksəlmir. Əməl, fərzlərin birində canlı və yüksələn, digərində isə ölü və tənəzzülə uğrayan olur.
Onlar deyirlər ki, «Ədalətli və həkim Allah heç vaxt bəndəsi onunla dost olmadığı üçün, onun yaxşı əməllərinin üstündən qara xətt çəkməz!»
Allahın qara xətt çəkməməsinə biz də etiqad bəsləyirik, amma gərək bu məsələyə nəzər salaq ki, həmin şəxs Allahı tanımayanlardan olanda o, həm yaxşı təsirə və həm də yaxşı əlaqəyə malik olan, həm ictimai və həm də ruhi baxımdan yaxşı iş görə bilər, ya bilməz? Bütün səhvlər bizim hər hansı bir əməlin yaxşı və xeyirli olması üçün onun ictimai cəhətdən faydalı olmasını qənaətbəxş hesab etməyimizdən yaranıb. Aydındır ki, bir nəfər Allahı tanımasa və öz xeyir əməli ilə Allaha tərəf getsə, Allah onu geri qaytarmaz. (Əlbəttə bu qeyri-mümkün olan bir fərzdir.) Amma həqiqət budur ki, Allahı tanımayan pərdəni aradan götürə bilmir, nəfsin növlərini keçmir, ilahi mələkuta doğru getmir və buna görə də onun əməli o biri aləmlik olmur, mələkuti cəhət tapmır və onun həmin dünyada ləzzət, şadlıq, sevinc və xoşbəxtlik qazanması üçün lazım olan şəklə düşmür.
İlahi qanunlarla bəşəri qanunlar arasında olan əsaslı fərqlərdən biri budur ki, ilahi qanunlar ikicəhətli, bəşəriyyətin düzəltdiyi qanunlar isə bircəhətlidir. İnsanların düzəltdikləri qanunlar şəxsin ruhi vəziyyəti və mənəvi təkamülünü nəzərə almır. Hər hansı bir dövlət ölkənin mənafeyini nəzərə alaraq vergi qanunu düzəldəndə, məqsədi yalnız pul əldə edərək dövlət büdcəsini təmin etmək olur. Dövlət vergi verənin niyyətinin nə olmasını, onun vergini ölkəyə canı yandığı və ya qorxudan verməsini nəzərə almır. Dövlətin məqsədi ancaq pul toplamaq olur. Hətta əgər vergini verən şəxs ürəyində dövləti söysə belə, dövlətin hədəfi təmin edilmiş olur.
Həmçinin ölkəni qorumaq üçün əsgərləri bir bayraq altında toplayanda həmin əsgərlərin niyyətlərinin nə olmasını nəzərə almır. Dövlət əsgərin döyüş meydanında düşmənlə vuruşmasını istəyir və onun üçün əsgərlərin ürəkdən, arxasında olan avtomat qorxusundan, özünü göstərmək və ya qəhrəmanlıq üçün, təəssübkeşlik üzündən və ya öz haqqını və həqiqəti qorumaq üçün vuruşmaları fərq etmir.
Amma Allah qanunlarında məsələ belə deyil. Bu qanunlarda vergi və əsgərlik mütləq deyil, saf və Allaha yaxınlaşmaq niyyəti ilə istənilib. İslam ruhsuz deyil, ruhu olan əməl istəyir. Buna görə də əgər müsəlman zəkat versə, amma onun niyyətində riyakarlıq olsa, həmin zəkat Allah dərgahında qəbul edilmir. Həmçinin cihada getsə, amma onun məqsədi özünü göstərmək olsa, yenə də qəbul deyil. İlahi qanun məcburi əsgərin heç nəyə yaramamasını bildirir. İslam deyir ki, mən ruhi cəhətdən əsgər olan və «Allah şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır...» [103]
Şiə və sünni mənbələrində mütəvatir olan rəvayətlərin birində Peyğəmbərdən(s) belə nəql edilib:
«İşlər niyyətlərə bağlıdır».
«hər bir şəxs niyyətindəkini alacaqdır».
«Niyyətsiz heç bir əməl qəbul deyil».
Digər bir hədisdə isə belə nəql edilib:
«Həqiqətən əməllər niyyətlərə bağlıdır. İnsan qəsd edərək hədəf seçdiyi şeyi əldə edəcəkdir. Kim Allah və Onun Peyğəmbərinə görə hicrət edibsə, hicrəti Allah və Peyğəmbərə tərəfdir. Kim evlənmək istədiyi arvad və ya əldə etmək istədiyi sərvətə görə hicrət edibsə, onun hicrəti həmin şeyə tərəfdir».
İmam Sadiq (ə) belə buyurub: «İşlərinizi camaata görə deyil, Allaha görə edin, çünki Allah üçün olan Allaha, camaat üçün olan isə camaata tərəf gedir».
İnsanın canının şərəfi onun ruhu ilə olduğu kimi, niyyəti də əməlinin ruhudur və əməlin şərəfi də onun ruhundan asılıdır. Əməlin ruhu nədir? Əməlin ruhu onun saf və xalis niyyətlə yerinə yetirilməsidir.
Qurani-kərim belə buyurur:
«Halbuki onlara əmr edilmişdi ki, Allaha — dini yalnız ona məxsus edərək digər bütün batil dinlərdən islama dönərək — ibadət etsinlər...» [104]
KEYFİYYƏT, YOXSA KƏMİYYƏT?
Keçən bəhsimizdən maraqlı bir nəticə əldə edilir və o da budur ki, Allahın nəzərində əməllərə dəyər verən onların kəmiyyəti deyil, keyfiyyətidir. Bu nöqtəyə diqqət etməmək camaatın bir qrupunun Allah övliyalarının həddindən artıq çox dəyərə malik olan əməllərinin ictimai tutumunu az gördükləri üçün onların barəsində əfsanələr düzəltməyə başlayıblar. Məsələn, Əmirəl-möminin (ə) rüku halında yoxsula verdiyi və haqqında ayə nazil olan üzük barəsində deyirlər ki, onun dəyəri Suriya və Şamın xəracı qədər olub. Onlar camaatın bu sözlərə inanması üçün onu rəvayət halına da salıblar. Onların fikrincə, sadə bir üzüyün yoxsula verilməsi ilə Quranın əzəmətli bir ayəsinin nazil olması çox təəccüblüdür. Bəli, onlar bu məsələyə inana bilmədikləri üçün əfsanə qoşaraq üzüyün maddi dəyərini həddindən artıq çoxaldıblar. Amma fikirləşməyiblər ki, maddi dəyəri Suriya və Şam xəracı qədər olan üzük, yoxsul və biçarə Əlinin barmağında ola bilməzdi. Əgər Əlinin əlində elə bir üzük olsaydı o, həmin üzüyü bir dilənçiyə verməzdi, onunla Mədinəni abadlaşdırar və şəhərin bütün səfillərini ağır vəziyyətdən xilas edərdi.
Əfsanə quraşdıranlar bu məsələni dərk etməyiblər ki, Allah yanında böyük əməl maddi hesablarla müəyyənləşdirilmir. Onlar belə güman ediblər ki, üzüyün çox qiymətli olması Allahı heyrətləndirib və O da ayə nazil etməklə ona öz minnətdarlığını bildirmək istəyib.
Mən bu dar fikirlilərin Əli və onun ailəsinin infaq etdikləri və barəsində «Həl əta» surəsi nazil olan arpa çörəkləri barəsindəki nəzərlərinin nə olmasını bilmirəm. Yəqin onlar həmin hadisə barəsində də belə deyirlər ki, həmin çörəyin unu arpadan deyil, məsələn qızıldan olub.
Xeyir, məsələ belə deyil. Əli (ə) və onun ailəsinin əməllərinin əhəmiyyəti bizim diqqətimizi cəlb edən maddi cəhətdən deyil. Onların əməllərinin əhəmiyyəti əməlin bizim təsəvvür edə bilməyəcəyimiz dərəcədə saf, pak və Allaha görə olmasıdır. O elə bir saflıqdır ki, mələkut aləmində əks olunaraq tərif və yüksək qiymətləndirmə əks-əməli yaradıb. Şeyx Əttar Nişapurinin sözü ilə desək:
Məzmunu: Onun vəsf və sənası bu dünyanı keçib və üç dənə çörəyinin vəsfi o dünyaya çatıb.
Onların əməllərinin əhəmiyyəti Quranın nəql etdiyi bu nöqtədə olub:
«...Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik».[105]
Bu, onların ürəklərində olan niyyətdir ki, Allah-taala onu faş edib, yəni onlar həmin fədakarlıq və güzəştlə Allahdan, Onun Özündən başqa bir şey istəmirdilər.
Qurani-kərimin kafirlərin əməllərini ilğım kimi puç bir şey adlandırmasının səbəbi, onların əməllərinin aldadıcı zahirə malik olmasıdır ki, həmin əməllər Allaha görə deyil, alçaq maddi hədəflər üçün yerinə yetirildiyindən mələkuti simaya malik deyil.
Harun Ər-Rəşidin arvadı Zübeydə Məkkədə bir arx çəkdirib ki, o vaxtdan indiyə kimi Allah evinin zəvvarları ondan istifadə edirlər. Bu iş zahirdə çox yaxşı bir işdir. Zübeydənin himməti bu arxı Taif ilə Məkkə arasındakı daşlıqlardan, susuz Məkkə torpaqlarına axıdıb və təqribən on iki əsrdir ki, hacılar ondan istifadə edirlər.
Bu iş maddi baxımdan çox böyük bir işdir. Amma mələkuti baxımdan necə? Görəsən mələklər də bizim kimi fikirləşirlər? Onlar da gözlərini bu xeyriyyə işinin zahiri həcminə dikirlər?
Xeyr! Onlar başqa cür hesablayırlar. Onlar ilahi meyarlarla işin başqa cəhətlərini ölçürlər. Onlar Zübeydənin bu pulu haradan gətirməsini hesablayırlar. Zübeydə Harun Ər-rəşid adlı zalım və müsəlmanların Beytul-malı ixtiyarında olan və onu istədiyi kimi xərcləyən bir kişinin arvadı idi. Zübeydənin özünün malı yox idi və o, bu xeyir işə öz malını sərf etməyib. O, xalqın öz malını xalqın özünə sərf edib. Zübeydənin onun məqamında olan arvadlarla fərqi bu idi ki, başqaları xalqın malını öz şəhvətləri yolunda xərcləyirdilər, o isə həmin malın bir hissəsini ümumi işlərə sərf edib. Zübeydənin bu işdən məqsədi nə olub? O, adının tarixdə qalmasını istəyirmiş, yoxsa doğrudan da Allahın razılığını nəzərdə tutubmuş? Bunu ancaq Allah bilir.
Buna görə də deyirlər ki, Zübeydəni yuxuda görüb ondan «Allah səninlə çəkdirdiyin arxa görə necə rəftar etdi?» deyə soruşublar və o, cavab verib ki, Allah onun savablarının hamısını pulların əsl sahiblərinə verdi.
BƏHLULUN MƏSCİDİ
Deyirlər ki, bir gün bir dəstə adam məscid tikirmiş. Bəhlul onların yanına gəlib soruşur ki, nə edirsiniz? Cavab verirlər ki, məscid tikirik. Soruşur ki, nə üçün? Deyirlər ki, necə yəni nə üçün, Allahın razılığı üçün!
Bəhlul məscidi tikdirənlərin niyyətlərinin saflığını onlara başa salmaq üçün gizlincə bir daş sifariş verir və deyir ki, həmin daşın üstündə «Bəhlulun məscidi» kəlməsini yazsınlar. Gecə gəlib həmin daşı məscidin əsas qapısının üstünə vurur. Məscidi tikənlər səhər gəlib görürlər ki, məscidin qapısının üstündə «Bəhlulun məscidi» kəlməsi yazılıb. Narahat olurlar və Bəhlulu tapıb döyməyə başlayırlar ki, başqalarının zəhmətini öz adına çıxırsan?! Bəhlul deyir ki, məgər siz məscidi Allaha görə tikdiyinizi demədiniz? Əgər elədirsə, camaat səhv edərək məscidi mənim tikməyimi güman etsə də, Allah səhv etəməyəcək.
Çox işlər var ki, bizim gözümüzdə çox böyük görünür, amma Allah yanında bir qara pul qədər də dəyərə malik deyildir. Böyük binalar, məscid, məbəd, ziyarətgah, xəstəxana, körpü, karvansara, məktəb və sairənin belə aqibətə düçar olması mümkündür. Onların hamısının hesabı Allaha aiddir.
ALLAH VƏ AXİRƏTƏ İMAN
Dünya ilə axirətin bir-birinə nisbəti bədənin ruha, yəni zahirin batinə nisbəti kimidir. Dünya ilə axirət bir-birindən tamamilə ayrı olan şeylər deyildirlər. Dünya ilə axirət, başqa sözlə desək, mülklə mələkut iki səhifəsi olan vərəq və ya iki üzü olan pul kimi bir şeydir. Dünyada olan yer, mələkuti çöhrə ilə axirətdə də olacaqdır. Dünyanın cansız əşya və bitgiləri mələkuti çöhrə ilə axirətdə zahir olacaqlar. Ümumiyyətlə axirət, dünyanın mələkuti çöhrəsidir.
Hər hansı bir əməlin yaxşı mələkuti forma almasının şərti, onun Allahı nəzər almaqla və mələkut aləminə yüksəlməklə yerinə yetirilməsidir. Qiyamətə inanmayan və Allahı nəzərə almayan şəxsin əməli mələkuti çöhrəyə malik olmayacaq, başqa sözlə desək, yuxarı aləmə qalxmayacaqdır. Əməlin mələkuti çöhrəsi onun yuxarı siması, mülki çöhrəsi isə aşağıdakı simasıdır. Əməl niyyət, əqidə və iman baxımından nuranilik əldə etməyincə uca mələkuta çatmır. Mələkuta, ruhu olan əməl çatır və əməlin ruhu onun axirət və mələkuti nəsibidir.
Qurani-kərim necə də gözəl buyurub:
«...Pak (tövhid kəlməsi zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar...» [106]
Bu ayə iki cür təfsir edilə bilər və təfsir kitablarında onların hər ikisi qeyd edilib. Həmin təfsirlərdən biri budur ki, ləyaqətli və yaxşı rəftarı, pak söz və pak etiqad yuxarı aparır və mələkuti edir. Digər təfsir isə budur ki, pak söz və pak etiqadı layiqli və yaxşı rəftar yuxarı apararaq mələkuti edir. Hər ikisi düz olan və hər ikisinin nəzərdə tutulmasına heç bir mane olmayan bu iki təfsir, bu mətləbi bəyan edir ki, iman, əməlin qəbul edilməsində və yuxarı qalxmasında, əməl isə imanın dolğunlaşaraq dərəcəsinin yüksəlməsində təsirlidir. Bu, islam maarifində qəti və danılmaz prinsiplərdən biridir. Dediyimiz kimi, ayənin eyni zamanda hər iki mənanı verməsinin düz olmasına baxmayaraq, biz onun ikinci təfsirinə istinad etmək istəyirik.
Hər halda Allaha və qiyamət gününə imanı olmayan şəxsin əməlinin Allaha tərəf getməsi və ali məqamda yerləşməsini güman etmək səhvdir.
Əgər bizə, bir nəfərin Tehranın şimal istiqamətinə doğru səfərə çıxaraq bir neçə gün öz yolunu davam etdirməsini desələr, biz həmin şəxsin Qum, İsfahan və Şiraza çatmasını təsəvvür edə bilmərik. Biz belə ehtimal verən şəxsə gülər və əgər o, həmin şəhərlərə çatmaq istəyirdisə, Tehranın cənub yolu ilə hərəkət edərək səfərini davam etdirməli idi, deyərik.
Türküstana tərəf hərəkət edən şəxsin Kəbəyə çatması qeyri-mümkündür.
Cənnətlə cəhənnəm insanın mənəvi seyrlərdir. O dünyada hər kəs özünü öz hədəfinin sonunda görəcək, biri aşağıda, digəri isə yuxarıda, biri lap ali və yüksək, digəri isə ən aşağı məqamda olacaq.
Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan möminlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) «İlliyyun»dadır. Şübhəsiz ki, pis əməllərə uyanların əməl dəftəri şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) «Siccin»dədir.»
Müəyyən məqsədə doğru hərəkət etməyən və ya həmin məqsədin əksi istiqamətdə hərəkət edən şəxsin həmin məqsədə çatması necə mümkün ola bilər? «İlliyyun»a doğru hərəkət, ona çatmaq istəyində olmaqdan sonrakı mərhələdir. İradə və istək isə bir tərəfdən mərifət və etiqad, digər tərəfdən isə imkan və təslim olmaqdan asılıdır. Belə məqsədə etiqadı olmayan və ya ona imkanı və təslim olmayan və habelə ona rəğbəti olmayan və ora çatmaq üçün kiçicik bir hərəkət etməyən şəxsin orada olmasını necə təsəvvür etmək olar? Şübhəsiz ki, hər bir yol öz məqsədində sona çatır və məqsəd Allah olmasa, o, Allaha çata bilməz.
Qurani-kərim belə buyurur:
«Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, Cəhənnəmə qınanmış və (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar.
Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar».[107]
Yəni, təfəkkür səviyyəsi dünyadan üstün olmayan və ondan yüksək hədəfə malik olmayan şəxsin ali axirət hədəfinə çatması qeyri-mümkündür. Amma bizim Allahlıq lütfümüz onu, istədiyi dünyəvi hədəflərdən bəhrələndirməyi tələb edir.
Burada digər bir nöqtə var. Dünya təbiət və maddə, amil və səbəblər aləmidir və dünyəvi səbəblər bir-birləri ilə çarpışma və mübarizədədirlər. Bu dünyada «qəsr» də mövcuddur. Buna görə də hədəfi dünya olanın məqsədinə yüz faiz çatacağına heç bir zəmanət yoxdur. Qurani-kərimin bu nöqtəni başa salmaq üçün seçdiyi ibarət budur:
«Nə qədər istəsək istədiyimiz şəxsə veririk.»
Amma ruhi cəhətdən ali hədəfə malik olan, kiçik hədəflərə ürək bağlamayan, ilahi hədəf istiqamətində addımlayan və imanla irəliləyən şəxs, mütləq hədəfinə çatacaqdır, çünki Allah-taala işləri qiymətləndirəndir, Ona təqdim edilən yaxşı işi qəbul edərək mükafatlandırandır.
Burada səy və cəhd də şərt kimi qeyd edilib, çünki kiminsə addımlamadan irəliləyərək hədəfə çatması qeyri-mümkündür.
Bunun ardınca gələn ayədə belə buyurur:
«Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik. Rəbbinin neməti (istər dünyada, istərsə də axirətdə heç kəsə) qadağan deyildir».[108]
Yəni Biz, mütləq formada feyz bəxş edənik və dünyanı fəaliyyət göstərmək imkanına malik yaratmışıq. Kim nə əksə, onu da biçəcəkdir, kim hansı hədəfə doğru irəliləsə, onu həmin hədəfinə çatdıracağıq.
İslam filosofları deyirlər ki, zati cəhətdən vacib olan varlıq bütün cəhət və heysiyyətlərdən vacibdir. Buna görə də kim nə istəsə, Allah ona həmin hədəfində kömək edir. Biri dünyanı istəyəndə, Allah ona «sən azğınsan, bizim hidayətimizin əksinə hərəkət edirsən, bəs buna görə də biz sənin əməlini təsdiq eləmirik» sözlərini demir. Xeyir, belə deyil. Dünyapərəst də öz dünyatələbliyində bu səbəb, maneçilik və çarpışma dünyasının icazə verdiyi çərçivədə ilahi himayə və yardımlardan istifadə edir və Onun sonsuz lütf və mərhəmətlərindən bəhrələnir.
Başqa sözlə desək, dünya əkin, biçin və inkişaf üçün münasib yerdir. Bütün bunlar insanın əkib-becərmək üçün hansı toxumu seçməsindən və nə məhsulu əldə etmək istəməsindən asılıdır. O, hansı toxumu seçsə, münasib dünya tarlasında eyni ilə həmin toxum yetişdiriləcəkdir.
Bəli, həqiqət əhli üçün xüsusi bir himayə də var ki, o, rəhimlik rəhməti adlanır. Dünyapərəstlər bu rəhmətdən məhrumdurlar, çünki onlar onu istəmirlər. Amma Allahın həmin rəhimlilik rəhməti bütün insanlar barəsində və bütün yollarda bərabər formada mövcuddur.
Sədinin dili ilə desək:
Məzmunu: Yer üzü onun ümumi süfrəsidir; bu süfrədə dost-düşmən ayrı-seçkiliyi yoxdur.
Bu fəsildə edilən söhbətdən, barəsində danışdığımız məsələlərin bəziləri həll edilir.
Biz burada feli yaxşılığın əməlin axirət mükafatına layiq görülməsi üçün kifayət etməməsini və bunun üçün faili yaxşılığın da lazım olmasını aydınlaşdırdıq. Feli yaxşılıq bədən, faili yaxşılıq isə ruh və həyat misalındadır. Həmçinin Allaha və qiyamət gününə imanın faili yaxşılıq üçün əsas və lazımı şərt olmasını və onun şərti deyil, hər bir yolun müəyyən məqsədə çatmaq üçün zati və təkvini şərtləşmə yolu ilə olmasını bəyan etdik.
Burada yalnız bir nöqtəyə işarə etmək lazımdır. Kimsə belə bir fikir irəli sürə bilər ki, faili yaxşılıq üçün iş görən şəxsin ancaq Allaha yaxınlaşmaq niyyətində olması zəruri deyil və əgər kimsə xeyir işi vicdanla və qəlbinə hakim olan mərhəmət və rəhmət hissi ilə yerinə yetirsə, əməlin faili yaxşılıq olması üçün kifayətdir. İnsanın məqsədi «özü» olmayanda, onun işi faili yaxşılıq hesab olunur, indi məqsədi istər «Allah», istərsə də «insanlıq» olsun!
Bu nöqtə fikirləşmək tələb edən bir məsələdir. Hər halda mən insanın məqsədinin Allah və ya insanlıq olmasının digərlərindən fərqli olmamasını təsdiq etmirəm və indi bu barədə dərin bəhsə də girişə bilmərəm. Amma eyni halda bu məsələyə də çox inanıram ki, xalqa xidmət və insanlıq üçün yerinə yetirilən əməl, insanın yalnız özünü düşünərək etdiyi əməllə bir sırada durmur. Əlbəttə, Allah-taala belə insanları mükafatsız qoymayacaqdır. Bəzi hədislərdə deyilir ki, Hatəm kimi müşrik olmuş şəxslər, müşrik olmalarına baxmayaraq, dünyada gördükləri xeyirli işlərə görə əzaba düçar olmayacaqlar və ya onlara verilən əzab yüngülləşdiriləcək.
Əlimizdə olan çoxlu hədislərdən belə bir nəticəyə gəlmək olar. Misal olaraq aşağıdakı rəvayətlərə nəzər salmaq kifayətdir:
1. Əllamə Məclisi Şeyx Səduqun «Səvabul-əmal» kitabından, Əli ibni Yəqtindən və o da imam Musa Kazimdən (ə) o həzrətin belə buyurduğunu nəql edib:
«Bəni İsraildə mömin bir kişinin kafir bir qonşusu var idi. Həmin kafir şəxs həmişə öz mömin qonşusu ilə xoş və mehriban davranırdı. O, öləndə Allah ona cəhənnəm odunun ona yetişməsinə mane olmaq üçün gildən bir ev tikdi və onun ruzisi onun ətrafında olan alov mühitindən kənardan gəlirdi. Ona dedilər: Bu sənin mömin qonşunla xoş və mehriban rəftarına görədir.»[109]
Mərhum Məclisi bu rəvayəti nəql etdikdən sonra belə deyir: Bu rəvayət və buna bənzər digər rəvayətlər cəhənnəm əhli olan bəzi kafirlərdən yaxşı əməllərinə görə əzabın götürüləcəyinə dəlildir və kafirlərin əzablarının yüngülləşdirilməyəcəyini bildirən ayələr bu cür xeyir işlər görməyən kafirlərə aiddir.
2. O, həmçinin imam Məhəmməd Baqirdən (ə) nəql edir:
«Zalım bir şahın hakim olduğu ölkədə mömin bir şəxs yaşayırdı. Həmin zalım şah bir gün həmin möminə zülm etmək fikrinə düşdü və mömin müsəlman olmayan ölkələrdən birinə qaçaraq müşrik bir şəxsin yanına getdi. Həmin müşrik öz yanında bu möminə yer verərək ona qulluq etdi. Həmin şəxs ölən kimi ona belə xitab edildi: İzzət və Cəlalıma and olsun ki, əgər cənnətdə müşrikə yer olsaydı, sənə orada yer verərdim; ey atəş! onu qorxut amma ona ziyan vurma.»
İmam bu mətləbi deyəndən sonra buyurdu ki, hər səhər və axşam həmin şəxsə yerləşdiyi mühitin xaricindən ruzi gətirilir. O həzrətdən soruşdular: Cənnətdən? İmam cavabında dedi ki, Allahın Özü istədiyi yerdən.[110]
3. Peyğəmbər (s) cahillik dövrünün məşhur kafirlərindən və Qureyş qəbiləsinin başçılarından olmuş Abdullah ibni Cədan barəsində belə buyurub:
«Cəhənnəmin ən yüngül əzablısı Abdullah ibni Cədandır.» O həzrətdən bunun səbəbini soruşurlar. Cavabında buyurur: «Çünki o, camaatın qarnını doyuzdururdu.»[111]
O həzrət həmçinin cahillik dövrünün bir neçə nəfəri barəsində belə buyurub:
«Hacıları qovan Qəba və həsa sahibini və həmçinin pişiyi bağlayaraq ona nə özü yemək verən və nə də onu özü bir şey əldə etməsi üçün buraxan arvadı atəşdə gördüm və cənnətə daxil oldum və orada iti susuzluqdan qurtararaq doyuzduran kişini gördüm. (Əvvəlki mənbə və səhifə.)
Bütün zamanlarda az-çox tapılan bu cür insanlar barəsində bunu demək olar ki, onların əzabı ən azı yüngülləşdiriləcək və ya tamamilə götürüləcəkdir.
Məncə başqa insanlara və hətta insan və ya heyvanlığından asılı olmayaraq, hər hansı bir varlığa təmənnasız yardımlar edən və hətta vicdanının dərinliklərində belə, gördüyü işi özünü həmin məhrumun yerində təsəvvür etməsi və özünün də nə vaxtsa belə bir taleyə giriftar olmasını fikirləşməsindən yaranan qorxu hissinin təhriki ilə deyil, xidmət və yaxşılıq şövqündən heç bir mənfəət olmamasını, bir nəfərin belə həmin işdən xəbər tutmayacağını və heç kəsin ona «əhsən» deməyəcəyini biləndə, həmin işi yenə də edən, adət və sairə şeylərin təsiri altına düşməyən insanların batinlərinin dərinliklərində ilahi mərifət və agahlıq nuru var. Onlar bu məsələni dilləri ilə inkar etsələr də, batinlərində onu iqrar edirlər və onların bu inkarları əslində Allah və həqiqi qiyamətin inkarı deyil, Allahın ya da Allaha doğru qayıdış və qiyamətin yerində təsəvvür etdikləri xəyali bir şeyin inkarıdır.
Xeyir, ədalət və yaxşılığa başqa şeyə görə deyil, yalnız onların özlərinə və xeyir, ədalət və yaxşılıq olmaları baxımından olan rəğbət zati, mütləq gözəllik olanın məhəbbətinin nişanəsidir. Buna görə də bu cür şəxslərin dildə kafir sayılmalarına baxmayaraq, həqiqət və əməldə kafirlərin içində olmamaları mümkün bir şeydir. Allah daha yaxşı bilir.
NÜBUVVƏT VƏ İMAMƏTƏ İMAN
İndi də məsələnin digər bir tərəfini araşdıraq. Görəsən təkallahlı və qiyamətə imanı olan və Allah yolunda iş görən qeyri-müsəlmanların vəziyyəti necə olacaq?
Kitab əhli arasında elələri var ki, onlar nə İsanı və nə də Üzeyri Allahın oğlu hesab edir və nə də atəşpərəst və dualistdirlər. Onlar nə «İsa Allahın oğludur», nə «Üzeyr Allahın oğludur» və nə də «Əhrimən pisliklər allahıdır» deyirlər. Belə adamlar qiyamət gününə də inanırlar. Bu qism adamların aqibəti necə olacaq?
Burada bizim söhbətimiz materialist və Allahı inkar edən və təbii ki, elmi məqsədləri maddiyyat çərçivəsindən kənara çıxmayan ixtiraçı alim və bəşəriyyət xidmətçilərindən getmir. Keçən söhbətimizdə bizim, onlar barəsində İslam məntiqi əsasında olan nəzərimiz məlum oldu. İndiki söhbətimiz dünyanın başlanğıc və sonuna imanı olan və təbii ki, əməl cərəyanında yuxarı gedə bilən və qeyri-maddi məqsədlər üçün iş görə bilən şəxslər barəsindədir. Deyirlər ki, Edison və Pastor bu cür adam olublar. Onların dindar və Allahpərəst insan olmaları da bildirilir. Belə ki, onlar dindar müsəlmanlar kimi işə Allahın razılığı üçün və ilahi niyyətlərlə başlayırlarmış. Bunlar əslində xristian olmayan xristianlardırlar, çünki onlar həqiqi xristian olsaydılar və xristianlığın mövcud əsaslarına iman bəsləsəydilər və İsanı allah hesab etsəydilər, onların təkallahlı olmaları mümkün olmazdı. Bu günki xristian alimlər bəlkə də triada etiqadı (üç üqnumaya inam) xurafatına daha az inam bəsləyirlər.
Bu bölmədə irəli sürülən suallara cavab vermək üçün nübüvvət və imamətə imanın nə üçün lazım olmasına nəzər salmaq lazımdır. Nübüvvət və imamət nə üçün lazımdır və onlar nə üçün əməlin qəbul olma şərti sayılırlar?
Peyğəmbərlər və Allah övliyalarına imanın əməllərin qəbul edilməsində aid olması iki səbəbdəndir.
Həmin səbəblərdən biri onların tanınmalarının Allahın tanınmasına bağlı olmasıdır. Əslində Allah və Onun sifətlərinin tanınması Allah övliyalarını tanımayınca kamilləşmir. Başqa sözlə desək, Allahı tam surətdə tanımaq hidayət və istiqamətləndirmə nümunələrini tanımaqdır.
Digər bir səbəb isə peyğəmbər və imamların məqamlarının tanınmasının lazımlığı, onları tanımayınca kamil və düzgün həyat proqramı əldə etməyin mümkün olmamasıdır.
Bir xeyirxah müsəlmanla xeyirxah kafir arasındakı fərq budur ki, xeyirxah kafir düzgün proqrama malik olmadığı üçün onun müvəffəqiyyət qazanma ehtimalı çox azdır.
Amma müsəlman özünü hərtərəfli və düzgün proqramı olan dinə tapşırdığı üçün öz proqramını düzgün həyata keçirsə müvəffəqiyyət qazanması qətidir. Saleh əməl təkcə xalqa yaxşılıq etməkdə deyil. Bütün vacib, haram, müstəhəb və məkruhlar saleh əməl proqramına daxil olan şeylərdəndirlər. İslamdan uzaq düşdüyü üçün bu düzgün proqrama malik olmayan dindar xristian, bu proqramın böyük nemətlərindən məhrumdur. Çünki o, yerinə yetirilməsi qadağan edilmiş bir sıra işlər, məsələn içilməsi qadağan edilmiş şərab içir. Bildiyiniz kimi, şərab içilməsinin qadağan edilmə səbəbi onun fərdi, ictimai və ruhi ziyanlarına görədir və onu içən şəxs təbii ki, həmin ziyanlara düçar olur. həmin şəxs bu baxımdan həkimin məsləhətlərindən məhrum qalmış şəxsə bənzəyir. O, həmin məhrumluq nəticəsində öz qəlb, ciyər və sinir sisteminin vaxtından qabaq xəstəliyə tutulması və ömrünün qısalmasına səbəb olan işlər görür.
İslami proqramlarda bir sıra göstərişlər var ki, onlara əməl edilməsi ruhi və mənəvi təkamülə çatmağın şərtlərindəndir. Məlumdur ki, bir nəfər qeyri-müsəlman hər nə qədər təəssübsiz və inadsız olsa da, kamil insanlıq proqramından məhrumluğuna görə onun üstünlüklərindən məhrum və bəhrəsiz qalacaq.
Belə şəxs beş vaxt namaz, Ramazan ayının orucu və Allah evinin ziyarəti kimi böyük ibadətlərdən məhrum qalır. O, əkinçilik proqramına malik olmadan toxum əkən şəxsə bənzəyir. Bu cür proqramsız əkinçiliklə məşğul olan şəxsin əldə etdiyi məhsul heç vaxt düzgün və hərtərəfli proqram üzrə torpağı əvvəlcə şoxumlayan, münasib vaxtda toxum səpən və alaqları təmizləyən, bir sözlə lazım olan bütün texniki və elmi hazırlıqlarla əkin əkən şəxsin məhsulu kimi olmayacaq.
Müsəlman xeyirxahla qeyri-müsəlman xeyirxah arasındakı fərq barəsində belə demək olar ki, müsəlman xeyirxah dərin məlumatlı bir həkimin nəzarəti altında müəyyən proqrama malik olan və bütün dava- dərman və yeməklərini həkimin nəzarəti altında qəbul edən xəstəyə bənzəyir. Amma müsəlman olmayan xeyirxah şəxs isə proqrama malik olmayan və əlinə düşən dərman və yeməyi özbaşına qəbul edən xəstəyə bənzəyir. Bu xəstənin faydalı bir dərman ataraq sağalması mümkündür. Lakin onun, ziyanlı bir dərmandan istifadə edərək həlak olmaq ehtimalı da vardır. Həmçinin ola bilər ki, faydalı bir yemək yesin, amma sonra pərhizkarlıq etməməsi və münasib olmayan yeməklər yeməsi səbəbindən əvvəlki faydalı yeməyin təsirini də aradan aparsın.
Bu bəyanla məlum olur ki, müsəlmanla müsəlman olmayan Allahpərəst arasındakı fərq, müsəlmanın düzgün proqrama malik Allahpərəst, qeyri-müsəlmanın isə işləri düzgün proqramla olmayan Allahpərəst olmasıdır. Başqa sözlə desək, müsəlman hidayət yolunda olan, qeyri-müsəlman isə Allahı tanımasına baxmayaraq, hidayət yolunda olmayandır. Qurani-kərim bu barədə belə buyurur:
«...Əgər təslim olarlarsa (islamı qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar...» [112]
Son iki fəsildə dediklərimizin hamısından belə məlum oldu ki, qeyri-müsəlman şəxslərin hamısı xeyir əməllərinə görə Allah tərəfindən mükafatlandırılmaq baxımından bərabər deyildirlər. Allah və qiyamətə inamı olmayan qeyri-müsəlmanla Allah və qiyamətə imanı olan, amma nübüvvətə iman bəsləməkdən məhrum olan qeyri-müsəlman arasında çox böyük fərq vardır. Birinci dəstənin Allah dərgahında qəbul edilən iş görmək imkanı yoxdur, amma ikinci dəstə üçün bu imkan var. Bu dəstə müəyyən şərtlərlə cənnətə gedə bilər. Amma birinci dəstənin cənnətə getməsi mümkün deyil. Deyəsən İslamın birgə yaşayış prinsipi baxımından kitab əhli ilə müşrik arasında fərq qoyması, kitab əhlinə güzəştə gedərək müşrikə güzəştə getməməsi, müşriki əqidəsini tərk etməyə məcbur etməsi, kitab əhlini isə həmin işə məcbur etməməsinin fəlsəfəsi müşrik və ya Allahı inkar edən şəxsin şirk və inkarla nicat qapısını əbədi olaraq öz üzünə bağlaması və özünü maddi təbiətdən keçərək mələkut aləmi və əbədi cənnətə tərəf ucalmaqdan həmişəlik məhrum etməsi, kitab əhlinin isə naqis də olsa saleh əməl yerinə yetirmək və onun nəticəsini görmək şəraitində yerləşməsidir. Qurani-kərim kitab əhlinə xitab edərək belə buyurur:
«...Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəli! (O kəlmə budur ki, Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!...» [113]
Qurani-kərim kitab əhlinə belə bir çağırış verib, amma müşriklərə heç vaxt bu şəkildə müraciət etməyib.
ZƏRƏR-ZİYANA UĞRAMA
İmanın dəyəri barəsindəki söhbətimizə uyğun olaraq diqqət edilməsi lazım olan üçüncü məsələ, küfr və inadkarlığın mənfi dəyəridir. Yəni, görəsən küfr və inadkarlıq xeyir əməlin məhv olaraq təsirini əldən verməsinə səbəb olur və bir «bəla» kimi onu xarab edirmi? Başqa sözlə desək, görəsən insan bütün lazımı şərait və faili və feli yaxşılığı ilə bir yaxşı iş görsə və digər tərəfdən həqiqət, xüsusilə dinin əsaslarından olan bir həqiqət müqabilində inadkarlıq etsə, onun öz zatında xeyir, mələkuti və nurani olan, ilahi və mələkuti baxımdan naqisliyi olmayan əməli bu inadkarlıq və ya digər ruhi azğınlıq ucbatından məhv olurmu? Burada söhbət afət və bəladan gedir.
Əməl həm feli və həm də faili yaxşılığa, başqa sözlə desək, həm normal bədən və həm də sağlam ruha malik ola bilər və həm mülki və təbiət, həm də mələkuti cəhətdən xeyir ola bilər, amma eyni zamanda bəlaya uğraması səbəbindən mələkuti cəhətdən məhv olaraq puça çıxa bilər. Məsələn münasib yerdə əkilən və məhsul verən, amma istifadə edilməmişdən qabaq bəlaya düçar olan, çəyirtəgə və ya ildırımın məhv etdiyi toxum kimi. Qurani-kərim bu zərər-ziyan və bəlaya uğramağı «hubt» adlandırır.
Ziyanverici və bəlaya düçar olmaq ancaq kafirlərə məxsus deyil. Bu müsəlmanların yaxşı əməllərində də baş verə bilər. Məsələn ola bilər ki, bir mömin müsəlman Allah yolunda və Allaha xatir bir yoxsula sədəqə versin və onun sədəqəsi Allah dərgahında qəbul edilsin, amma o, sonra minnət qoymaq və ya ona başqa cür ruhi əziyyət verməklə həmin sədəqəni məhv edərək puça çıxarsın.
[114]
Xeyir əməlin afətlərindən biri həsəddir. Hədislərin birində bu barədə belə deyilir: «Alov, odunu yandıraraq aradan apardığı kimi, həsəd də insanın xeyir əməllərini udaraq məhv edir.»
Həmin afətlərdən biri «cuhud», yəni həqiqət qarşısında dayanaraq onunla mübarizə aparmaqdır. Cuhudun mənası, insanın həqiqəti dərk etməsinə baxmayaraq, onun əleyhinə çıxmasıdır. Başqa sözlə desək, cuhud fikir və düşüncənin dəlil vasitəsi ilə təslim olması və həqiqətin əqli baxımdan aydınlaşması, ruh və hisslərin isə eqoistlik və təkəbbürcəsinə boyun qaçıraraq təslim olmamasıdır. Küfrün ruhu, həqiqəti tanıya-tanıya onunla mübarizə apararaq onun əleyhinə çıxmaqdır. Biz təslimin dərəcələri barəsində danışanda bu hal barəsində bəzi izahlar verdik. İndi isə afətlərə düçar olma bəhsi ilə əlaqədar məlumat verəcəyik.
Əmirəl-möminin Əli (ə) İslamın tərifində belə buyurub: «İslam həqiqətə təslim olmaqdır».
Yəni, şəxsi mənafe, təəssübkeşlik və adəti həqiqətlə üz-üzə dayananda insan özünü həqiqətə təslim edərək ondan başqa bütün şeylərdən üz döndərməlidir.
Cuhud, Əbu Cəhlin malik olduğu qərəzli kafirlik halətidir. O, Peyğəmbərin (s) öz peyğəmbərlik iddiasında düzgün olduğunu bilirdi, amma qərəzli kafirlik halətinə düçar oduğu üçün iman gətirmirdi. Bəzən bəzilərinin «biz cəhənnəmə getməyə hazırıq, amma bu işi görmərik» kimi ifadələr işlətdiklərini eşidirik. Bunun mənası odur ki, həmin iş həqiqət olsa da, onu qəbul etməyə razı deyilik. «Sərquz oftadən» «iki ayağı bir başmağa dirəmək» kimi ifadələr də həmin cuhud sifətinin nişanələrindəndir. Qurani-kərim bu çirkin sifətin bəzi şəxslərdə olmasını çox ali formada təsvirə çəkib. Ənfal surəsinin 32-ci ayəsində belə oxuyuruq: «Bir zaman da: Ya Allah! Əgər bu sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!- demişdilər.»
Quran necə də qəribə bir səhnəni canlandırıb! Bir cümlə ilə bəzi insanların ruhi xəstəliklərini necə də gözəl təsvir edib?
Sözləri bu ayədə nəql edilmiş bu tərs insan «ilahi, əgər bu məsələ haqdırsa və Sənin tərəfindəndirsə mənim qəlbimi onu qəbul etməyə doğru yönəlt» demək əvəzinə, «ilahi, əgər haqdırsa əzab göndərərək məni məhv et», mənim sağ qalıb onu görməyə taqətim yoxdur, deyir.
Bu hətta çox kiçik məsələlərdə olsa belə, çox qorxulu bir haldır. Bizim çoxumuz, Allah eləməmiş, ona düçar ola bilərik. Məsələn ola bilər ki, dünya şöhrətli çox yüksək məqama malik bir təbib, müctəhid və ya mütəxəssis öz elmi sahəsində bir söz deyərək nəzərini bildirsin və sonra tanınmamış bir təbib və ya tələbə həmin şəxsin nəzərinə zidd bir fikir söyləyərək qəti dəlillər gətirsin. Belə bir vəziyyətdə yüksək məqama malik olan həmin şəxs, öz ürəyində həmin gəncin sözlərini təsdiq edir, amma camaat həmin nəzərdən xəbərsiz qalır. Belə olan halda əgər həmin məşhur mütəxəssis bu tələbənin sözlərinə təslim olsa, yəni həqiqətə təslim olsa və öz səhvini etiraf etsə, doğrudan da «müsəlman» (təslim olan)-dır. Çünki İslam həqiqət müqabilində təslim olmaqdır. Demək olar ki, o, bir növ Quranın «...Özünü Allaha təslim edənlər» təbirinin nümunəsidir. Belə olan şəxs çirkin cuhud sifətindən pak və uzaqdır. Amma əgər həmin tanınmamış tələbənin sözlərini inkar edərək öz heysiyyət və şöhrətini qorumaq üçün həqiqətlə mübarizə aparsa, inadkar kafir və cuhud edəndir.
Həmin təbib əgər çox insafsız olmasa sözünü yox, əməlini geri götürər. Amma əgər çox insafsız olsa, əməlini də dəyişdirməyərək həmin nüsxəni yazar, xəstəni öldürər və sonra «xəstənin sağalmasına ümid yoxdur» deyər. Yüksək məqama malik olan alimlər də bu cürdür. Bu halətin əksi də çox baş verir. «Kafi» kitabında olan bir rəvayət bu həqiqəti aydınlaşdırır:
Məhəmməd ibni Müslim deyir ki, imam Baqirin (ə) belə buyurduğunu eşitdim: «İqrar, təslim və qəbul etmə ruhunun nəticəsi olan hər bir şey iman, inadkarlıq və haqdan boyun qaçırmanın nəticəsi olan hər bir şey isə küfrdür.»[115]
Deyirlər ki, «Cəvahirul-kəlam» kitabının müəllifinin şagirdlərindən olmuş və sonralar məşhur müctəhid kimi tanınmış ayətullah Seyyid Hüseyn Kuhkəməri hər gün həmişə olduğu kimi Nəcəf məscidlərindən birinə gələr və orada dərs keçərdi.
Bildiyimiz kimi, fiqh və üsul elmlərinin xaric dərsininin tədrisi, müctəhidliyə hazırlıq kimidir və müctəhid olmaq tələbə üçün sonsuz bir məqama çatmaq deməkdir. Çünki tələbə müctəhid olmayınca heç nə sayılmır və onun rəy və əqidəsinə etina edilmir. Buna görə də müctəhid olmaq ehtimalı olan tələbə həssas bir mərhələ keçir. Mərhum Seyyid Hüseyn Kuhkəməri belə bir mərhələdə olub.
O, bir gün hardansa, məsələn kiminsə görüşündən qayıdırmış. Tədrisinin vaxtına yarım saatdan artıq vaxt qalmayıbmış. Buna görə də özlüyündə fikirləşir ki, bu məhdud vaxtda evə getsə heç nə edə bilməyəcək, ona görə də həmişəki yerdə oturub şagirdləri gözləmək yaxşı olar. O, məscidə gedir və görür ki, şagirdlərindən hələ heç kəs gəlməyib, amma məscidin küncündə köhnə-külə geyinmiş bir qoca və bir neçə şagird oturub və həmin qoca şeyx onlara dərs keçir. Mərhum Kuhkəməri onun sözlərinə qulaq asır və çox maraqlı halda həmin köhnə-külə geyimli şeyxin ondan daha dəqiq dərs keçdiyini hiss edir. O, səhərisi gün bilərəkdən tez gəlir və həmin şeyxin sözlərinə qulaq asır və dünənki əqidəsinə olan inamı bir az da artır. Bu hadisəni bir neçə gün təkrar etdikdən sonra Kuhkəməriyə tam yəqinliklə məlum olur ki, həmin şeyx ondan üstündür və özü də, şagirdləri də onun dərsindən bəhrələnsələr daha yaxşı olar.
Bəli o, burada özünü təslimlə inad, imanla küfr və dünya ilə axirət arasında görür.
Səhəri gün şagirdləri gələndən sonra onlara deyir ki, dostlar bu gün sizə yeni bir mətləb demək istəyirəm və o budur ki, kənarında bir neçə şagird oturmuş bu şeyx dərs deməyə məndən daha layiqlidir və mənim özüm də onun dərsindən bəhrələnirəm, hamımız gedib onun dərsində iştirak edək. O, həmin gündən gözlərində bir az xəstəlik olan və onda yoxsulluq nişanələri görünən həmin şeyxin şagirdləri sırasına qoşulur.
Bu köhnə-külə geyimli şeyx sonralar hacı Mürtəza Ənsari adı ilə tanınan məşhur alim idi. O, Şuştərdən olub və «ustadul-mütəəxxirin» (müasir alimlərin ustadı) ləqəbini alıb.
Şeyx həmin vaxt Məşhəd, İsfahan və Kaşan səfərindən təzə qayıdıbmış və həmin səfərdə Kaşanda Molla Əhməd Nəraqidən çoxlu elmi azuqə əldə edibmiş.
Kimdə bu halət olsa «Özünü Allaha təslim edənlər» ayəsinin nümunələrindəndir.
Deməli, küfr və cuhud qərəzli kafirlik və inadkarlıq etməkdir.
Biz sonra bu məsələni açıqlayacağıq ki, kafir Quran baxımından həqiqəti dərk etməsinə baxmayaraq, onun qarşısında inadkarlıq göstərdiyinə görə kafir adlandırılıb. Elə əməlin puça çıxması və xeyir əməlin afəti də həmin halətdir.
Buna görə də Allah-taala kafirlərin əməlləri barəsində belə buyurub:
«Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir.»
Biz Pastorun, mikrobun kəşf edilməsinə səbəb olan elmi araşdırmalarının Allaha görə olmasını və onun məqsədinin Allaha yaxınlaşmaq niyyəti ilə xalqa xidmət olduğunu fərz etsək, bu, onun Allah dərgahında mükafatlandırılması üçün kifayət deyil.Əgər o, cuhud və bu kimi sifətlərə malik olubsa, yəni məsələn öz əqidəsində təəssübkeşlik göstərirmişsə və ona «xristianlıq sənin üçün coğrafi və irsi bir dindir, sən ondan yaxşı və kamil bir dinin olmasını araşdırmısanmı?» deyilsəydi, o da razılaşmayaraq «varsa da xristianlıqdır, yoxsa da!» cavabını verərmişsə və hətta araşdırma aparmaqla belə razılaşmasaydı, onun əməllərinin puça çıxması barəsində söz ola bilməzdi. Çünki bu fərzdə o, «qərəzli kafir»dir və bu sifət insanın bütün əməllərini məhv edir. Bu sifətə malik olan insanın əməlləri tufan qarşısında olan kül kimidir.
Biz burada Pastoru misal olaraq qeyd etdik və məqsədimiz onun, elə dediyimiz kimi olmasını demək deyil. Allah bilir. Haqqa qarşı inadkarlıq etsək həmin ümumi qanun bizə də şamildir. İlahi, bizi küfr və inadkarlıq halətinə düçar olmaqdan qoru!
Əməllərin, dediklərimizdən başqa afətləri də vardır və bəlkə onlardan biri də haqq və həqiqətin qorunmasına etinasızlıqdır. İnsan nəinki həqiqətin müqabilində inadkarlıq və cuhud göstərməməli, hətta ona qarşı bitərəf və etinasız də olmamalıdır. Bəli, insan haqq və həqiqəti müdafiə etməlidir. Kufə əhalisi imam Hüseynin (ə) haqq olmasını bilir və etiraf da edirdilər, amma haqqı himayə edərək onu müdafiə etməkdə səhlənkarlıq edirdilər, möhkəm dayanaraq müqavimət göstərmirdilər. Əslində haqqı himayə etməmək əməli cuhuddur.
Həzrət Zeynəb (s) kufəlilərə söylədiyi məşhur xütbəsində onları haqqın himayəsində səhlənkarlıqda və ona qarşı zülm və cinayət törətməkdə günahlandıraraq buyurub:
«Ey Kufə əhli! Ey yalançı və vəfasız hoqqabazlar! Göz yaşı tökürsünüz. Sizi görüm göz yaşlarınız heç qurumasın və nalələriniz sönməsin! Siz pambığı əyirərək sap toxuyan və sonra toxuduqlarını sökərək yenidən pambıq edən arvada bənzəyirsiniz.»
Məğrurluq və özünü öymək də əməlin afətlərindəndir.
Əməldən sonra olan riya da həsəd, məğrurluq və cuhud kimi əməli məhv edən amillərdəndir. Hədisdə deyilir:
«İnsan bəzən saleh və nurani bir iş görür və onun əməli «İlliyyun»da yer tutur, amma o, sonralar cəmiyyət içində öz əməlini başqalarına danışır və camaata minnət qoyur. Bu həmin şəxsin əməlinin tənəzzülə uğramasına səbəb olur. Şəxs həmin əməli barəsində bir də danışır və əməl daha bir tənəzzülə uğrayır. O, bu haqda üçüncü dəfə danışanda əməl tamamilə aradan gedərək məhv olur və bəzən hətta şər əmələ çevrilir».
İmam Baqir (ə) buyurub:
«Əməlin qorunması onu yerinə yetirməkdən daha çətindir».
Ravi deyir ki, əməlin qorunmasından məqsədiniz nədir? İmam buyurur:
«Yəni insan Allaha görə camaatın gözündən uzaq bir iş görür və həmin işi onun əməl dəftərində olduğu kimi qeyd edilir, amma o, sonra həmin əməli başqalarına danışır və nəticədə əməl dəftərində gizli əməl formasından xaric olaraq aşkar bir əməl kimi yazılır. Şəxs onu bir daha başqalarına danışır və bu vaxt əməl yaxşılıqlar siyahısından silinərək pis əməllər siyahısına salınır».

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub

  2789
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

    İmam Rizanın (ə) ziyarətinin ikinci Həcdən üstünlüyü
    BUNLARI BILMƏK MARAQLIDIR
    Kəlamın möcüzəsi
    İMAM HÜSEYN (Ə)
    Bismillah” tövhid rəmzidir
    Bəlalar – İlahi tərbiyədir. Bəla qarşısında səbirdən başqa yol yoxdur
    İMAM HÜSEYNİN (Ə) HİCRƏTİ
    211- ci xütbə
    İMAM HÜSEYNİN (Ə) KƏLAMINDA ZÜHUR ƏLAMƏTLƏRİ-2
    Xanım Fatimeyi Zəhranın (s.ə) mövludunun ildönümü münasibətilə qadınları təbrik edirik

 
user comment