Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?

Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?

Bildiyiniz kimi İslam dininə görə imamət mərtəbəsi olduqca məsuliyyətli və əhəmiyyətli bir vəzifədir. Belə ki, Uca Yaradanın Peyğəmbərimizin (s) vasitəsilə bəşəriyyətə ərməğan etdiyi həqiqi dinin saflığı və təhriflərdən, xurafatlardan qorunub, saxlanması məhz İmamın öhdəsinə düşür.

Peyğəmbərimizin (s) tam hüquqlu canişini sayılan İmam, dinimizdə hələ də xalqa tam, şərhli formada bəlli olmayan mühüm məsələləri, insanlara olduğu kimi, lazımı formada izah verib, açıqlayır.

İmam, həmçinin, dinə qarşı irəli sürülən yanlış iddiaları, dinimizlə fikri mübarizə aparan yadların müxtəlif şübhələrini mükəmməl şəkildə cavablandırır.

İmam Peyğəmbərimizdən (s) sonra müsəlmanların rəhbərliyini öhdəsinə alaraq, ən ali hökmə və həlledici qərarlara sahibdir.

İmam həm də, nümunəvi bəndə, kamil bir insan olaraq ilahi höccəti və Allahın yer üzərindəki ən əzəmətli feyz, mərhəmət vasitəsidir.

Sözsüz ki, belə ağır, ciddi və dəyərli vəzifənin öhdəsindən gələn şəxs olduqca ali mənəvi keyfiyyətlərə malik olub, hər bir günahdan, xətadan uzaqdır. Yəni məsum insandır. Elə bunun üçün də, bu məqama seçilən şəxslər birbaşa Allah-taala tərəfindən təyin olunur.

İmam Hüseyn (ə) də digər İmamlar (ə) kimi məsumdur. Bundan əlavə o, ilahi kamilliyin tam zirvəsində durur. Deməli biz nə qədər onun gözəl, qiymətli xüsusiyyətlərindən danışsaq, yenə azdır. Bu haqqda onlarla kitab yazılsa belə onun mənəvi üstünlüklərini vəsf edib qurtara bilməz. Elə buna görə də, bu barədə ətraflı bəhs etmir və İmamın (ə) bəzi əxlaqi keyfiyyətlərinə işarə etməklə kifayətlənirik:

1-İbadəti

«Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (İslama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!»

Tarixçilərin yazdıqlarına və məsumlardan bizə gəlib çatmış hədislərə əsasən İmam Hüseyn (ə) Allaha olan ibadətinə ciddi şəkildə əhəmiyyət verir, gün ərzində vaxtının çox hissəsini yüzlərlə rükət namaz qılaraq, ibadətlə keçirirdi. Keçən bəhslərimizdə işarə etdiyimiz kimi O, iyirmi beş dəfə piyada həcc ziyarətinə getmişdi.

Ibn Əbdül Birr deyir: «Həzrət Hüseyn (ə) çox fəzilətli və Allahşünas bir şəxs idi. O, çoxlu namaz, oruc və həcc yerinə yetirirdi.»

İmam Hüseynin (ə) şəhadət xəbəri Abdullah ibn Zübeyrə yetişdikdə dedi: «Allaha and olsun elə şəxsi öldürdülər ki, gecələr uzun-uzadı ibadət edir, gündüzlər də oruc tuturdu.»

Zərəndi Hənəfi deyir: «Hüseyn ibn Əli (ə) namaz, oruc, həcc və sonsuz ibadət əhli idi. Səxavətli və kəramətli idi.»

Muhəmməd Əbduh da yazır: «Həzrət Hüseyn ibn Əli (ə) təvazökar və abid bir şəxs idi. Gecələr oyaq qalıb, ibadətlə məşğul olardı...»

 

2-Güzəşt və mərhəməti

«Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir.»

Mərhəmət və şəfqət İmamı olan Həzrət Hüseyn (ə) ən qüdrətli olduğu zamanda belə onu təhqir edən, ədəbsizlik göstərən şəxslərlə təmkinlə davranmışdır, O, nəinki, səbirsizlik göstərərək onları cəzalandırmamış hətta dini nəciblik nümayiş etdirərək öz gözəl əxlaqı, tərbiyəvi nəsihətləri ilə qarşı tərəfi sakitləşdirməyə çalışmışdır. Ona qarşı edilən ədəbsizliyin nə qədər böyük olmasına baxmayaraq, əməlinin qəbahətini anlayan və peşmançılıq hissi keçirən insanları bağışlamış, təqsirinə göz yummuşdur. İmamın (ə) saymaqla qurtarmayan belə alicənab hərəkətlərindən bir neçəsinə işarə edirik:

a) Şam (Dəməşq) əhli olan İsam ibn Müstələq belə deyir: «Mədinə şəhərinə gəldim. Şəhərdə gəzərkən gözüm Hüseyn ibn Əlinin (ə) vüqarlı, gözəl simasına sataşdı. Onun pak, əzəmətli və möhtəşəm görünüşünə paxıllıq etdim. Elə bu vaxt onsuz da əvvəllər atası Həzrət Əliyə (ə) qarşı olan düşmənçilik hissim indi daha da alovlanmağa başladı. Qəlbimdəki kin məni yandırıb yaxırdı. Hisslərimi cilovlaya bilməyərək Həzrət Hüseynin (ə) yanına getdim. Əvvəlcə istehza ilə «ey Əbu Turabın oğlu»-deyə, ona müraciət etdim. Sonra isə ona bacardığım qədər söyüş, təhqiramiz kəlmələr yağdırmağa başladım. Amma o, üzünü mənə tutaraq mehribancasına söylədi: «Şam (Dəməşq) əhlisənmi?»

Dedim: «Hə, nə olub ki?»

Buyurdu: «Bilirəm Şamlılar belədir. Lənətlənmiş şeytanın şərrindən Allaha pənah aparıram. Mehriban və bağışlayan Allahın adı ilə sözümə başlayıram. Necə ki, Allah-taala buyurur: «Bağışla, yaxşı əməllərə doğru sövq et və cahil şəxslərdən üz çevir.» Bu ayə Allahın elçisi Həzrət Muhəmmədin (s) ən gözəl əxlaqı barəsindədir. Qardaşım, mənimlə sakit, aram söhbət et ki, həm öz işini və həm də, mənim işimi çətinləşdirməyəsən. Allaha tövbə et və bağışlanmağını dilə. Əgər məndən kömək istəsən, sənə kömək edərəm. Hər nə lazım olsa, nəyə ehtiyacın varsa sənə verərəm. Həmçinin doğru yola yönəlməyə ehtiyac duysan, səni haqq yoluna irşad edərəm.»

Mən Peyğəmbərin (s) evində tərbiyə almış Hüseynin (ə) səmimiyyət, mərhəmət dolu sözlərinin qarşısında utandım və ona dediyim ləyaqətsiz sözlərə görə xəcalət çəkib, peşman oldum.

İmam Hüseyn (ə) mənim peşman olduğumu du-yaraq, Yusif peyğəmbərin (ə) öz günahkar qardaşlarına söylədiyi bu ayəni oxudu: «Bu gün sizə qarşı heç bir danlaq və məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mərhəmətlilərin ən mərhəmətlisidir.»

Allaha and olsun, onun bu mülayim və ədəbli davranışı mənə o qədər təsir etdi ki, utandığımdan öz-özümə dedim: «Kaş yer yarılaydı, yerə girəydim. Amma Hüseynə (ə) belə ədəbsizcəsinə davranmayaydım.»

b) İmam Hüseyn (ə) qonaqları ilə birlikdə yemək yeyirdi. Elə bu vaxt qaynar xörəklə dolu qazanı süfrəyə gətirən qul ehtiyatsız davranaraq, isti xörəyin hamısını İmamın (ə) üstünə dağıtdı. Cəzalandırılacağından qorxan qul üzünü İmama (ə) tutaraq bu ayəni oxudu: «Qəzəblərinə hakim olarlar.»

İmam (ə) xidmətçilərə buyurdu: «Onu buraxın.»

Qul başqa ayəni oxudu: «Camaatın günahlarını bağışlayarlar. »

İmam (ə) buyurdu: «Səni bağışladım.»

Qul yenə bir ayə oxudu: «Allah gözəl əməl sahiblərini sevir.»

İmam (ə) buyurdu: «Səni Allah yolunda azad etdim.» Sonra isə qula cürbə-cür qiymətli hədiyyələr verərək onu azad etdi.»

v) Şəhidlər rəhbəri Hüseyn (ə) buyurur: «Əgər kimsə mənə sağ qulağımın yanında təhqiramiz söz deyə və sol qulağımın kənarına keçib peşman olduğunu söyləyərək üzr istəyə, mən onu bağışlayaram. Çünki, Həzrət Əmirəl-möminin Əli (ə) buyurur: «Allahın Rəsulundan (s) eşitdim: «Üzr istənildikdə qəbul etməyən kəs, Kövsər hovuzuna gələ bilməyəcək. İstər haqlı olsun, istərsə də haqsız.»

 

3-Səxavəti

«Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir və pisliyin qarşısını yaxşılıq etməklə alırlar (gözəl) axirət yurdu məhz onlarındır.»

İmam Hüseyn (ə) böyük kəramət və səxavət sahibi idi. O, maddi imkan az olan şəxslərə, ehtiyaclı insanlara əl tutur və daim onların köməyinə çatırdı. Bəzi nümunələr:

a) İbn Şəhri Aşub özünün «Mənaqib» adlı kitabında Şüeyb ibn Əbdürrəhman Xəzaidən belə nəql edir ki; «İmam Hüseyn (ə) şəhid edildikdən sonra, onun kürəyində qabar bağlamış yaralar göründü. Oradakılar bu yaraların döyüş zərbələrinin əlamətləri olmadığını görüb, İmam Səccadı (ə) yaxına çağırdılar. Ona bunun nə olduğunu soruşdular. Həzrət Səccad (ə) buyurdu: «Atam gecələr (niqabla üzünü örtüb) çörək və yeməklə dolu kisələri kürəyinə atıb, yetimlərin, kimsəsiz insanların yanına aparır onlara paylayırdı. Gördüyünüz yaralar söylədiyim kisələrin izləridir. »

Bəli, elə buna görə də, Həzrət İmam Muhəmməd Baqir (ə), Şəhidlər ağası Hüseyni (ə) «yetimlərin baharı və sevinci» adlandırmışdır.

b) İbn Əsakir «Tarixi-kəbir» adlı kitabında Əbu Haşim Qənnaddan nəql edir ki; «Bəsrə şəhərindən Həzrət Hüseynə (ə) nəfis hədiyyələrlə dolu karvan gəldi. Bu vaxt İmam (ə) bir ağacın kölgəsində əyləşmişdi. O, bütün hədiyyələri zavallı, yoxsul insanlara paylayıb qurtarmayınca öz yerindən qalxmadı.»

v) «Mədinə müsəlmanlarından bir nəfər Həzrət Hüseynin (ə) hüzuruna gəldi və ona məktub verdi. Məktubda yazılmışdı: «Ey Əba Əbdillah (ə)! Beş yüz dinar borcum var. Borclu olduğum şəxslər məni incidir. Onlar səbirsizliklə pulu ödəməyimə israr edirlər. Mənim isə heç nəyim yoxdur. Get, onlarla danış, pul sahiblərini qane et ki, mən pul toplayana qədər gözləsinlər.»

İmam (ə) məktubu oxuduqdan sonra borclu kişini evinə dəvət etdi. Ona min dinar pul verərək belə buyurdu: «Bu pulun beş yüz dinarı ilə borcunu ödə. Yerdə qalan beş yüz dinarla isə öz həyatını yenidən qur ki, heç kimə möhtac olmayasan.»

q) Əmr ibn Dinar rəvayət edir ki, İmam Hüseyn (ə) yataqda xəstə yatan Usamə ibn Zeydin yanına onu yoxlamağa getdi. Xəstənin gözü İmama (ə) sataşdıqda kədərli halda dərindən ah çəkdi. İmam (ə) buyurdu: «Qardaşım, nə üçün qəmlisən?» Usamə ibn Zeyd dedi: «Olduqca böyük məbləğdə, min dinar miqdarında bəzi şəxslərə borcum var.»

Həzrət İmam (ə) buyurdu: «Mən borcunu ödəyərəm.»

Usamə dedi: «Qorxuram ki, borclu halda öləm.»

İmam (ə) buyurdu: «Arxayın ol. Sən nə qədər ki sağsan, mən sənin borcunun hamısını ödəyərəm.»Və belə də etdi.»

q) Yaqut Müstəsəmi, Ənəs ibn Malikdən belə rəvayət edir: «Mən (Ənəs ibn Malik) İmam Hüseynlə (ə) birlikdə söhbət edirdim. Elə bu vaxt kənizi İmamın (ə) yanına gələrək ona bir ədəd qızıl gül bağışladı. İmam (ə) buyurdu: «Allah yolunda səni azad etdim.»

Mən ona dedim: «Bir qızıl gülün nə dəyəri var ki, siz bunun üçün kənizi azad etdiniz?»

İmam (ə) buyurdu: «Allah-taala bizi belə tərbiyə etmişdir: «Sizə xeyirxahlıq etdikdə siz də, ondan daha yaxşı xeyirxahlıq və daha üstün hədiyyə edin.»

d) İmam Hüseyn (ə) evində namaz qılırdı. Elə bu vaxt yoxsul bir ərəb onun evinə gələrək, kömək istədi. İmam (ə) namazı qurtarıb Qənbər adlı xidmətçisinə buyurdu: «Hicazdan evimizin ehtiyaclarını ödəmək üçün gələn puldan bir şey qalıbmı?»

Qənbər dedi: «Yalnız dörd min dinar qalıb.»

İmam Hüseyn (ə) buyurdu: «Pulun hamısını buraya gətir. Bu şəxsin pula bizdən daha çox ehtiyacı var.»

Elə bu zaman kasıb ərəb ağlamağa başlayaraq, belə söylədi: «Əfsuslar olsun ki, bu səxavətli əllər sonda torpaqla örtüləcək.»

e) «İmam Hüseyn (ə) küçə ilə gedirdi. Yol kənarında kimsəsiz itə yemək verən, nəvaziş göstərən bir qulu gördü. Ondan nə üçün belə etdiyini soruşdu. Qul dedi: «Mən həm qəzəbli və həm də kədərliyəm. Bu çarəsiz iti sevindirərkən xoşhal oluram. Mənim sahibim yəhudidir. O, məni incidir.»

İmam Hüseyn (ə) yəhudinin yanına getdi və qulun pulunu ödəyib, azad etmək istədi. Yəhudi Həzrət Hüseyni (ə) tanıdı. O, İmamın (ə) hörmətinə qulu pul almadan azad etdi. Belə olduqda İmam (ə) pulu da qula verdi.»

ə) «Əbdürrəhman Səlami, İmam Hüseynin (ə) övladlarından birinə «Həmd» surəsini öyrətdi. Övladının «Həmd» surəsini əzbər oxuduğunu görən İmam (ə), Əbdürrəhmana min dinar pul, bir ovuc dürr hədiyyə verdi. Və buyurdu: «Bütün bunlar sənin işin müqabilində dəyərli deyildir.»

j) Yəhya ibn Salim deyir: «İmamla (ə) birgə evə gəldim. Kənizi ona su verdi. İmam (ə) mehribanlıqla onun üzünə baxıb bir miqdar pul hədiyyə etdi və buyurdu: “Bununla ailənin ehtiyaclarını ödə. »

z) Əbul Müəyyid, Həsən Bəsridən nəql edir ki, İmam Hüseynin (ə) bol bəhrəli bir bağı var idi. Günlərin birində İmam (ə) bağına baş çəkməyə getdikdə «Safi» adlı qulunun orada oturub nahar yediyini gördü. Qul hər dəfə özü üçün çörək kəsib götürdükdə yanındakı kimsəsiz itə də verir, onun da qayğısına qalırdı. Yeməyi qurtardıqda qul dedi: «Bütün aləmlərin ruzisini yetirən Uca Allaha şükürlər olsun! Ey mənim Allahım, ağamı və məni bağışla...»

İmam Hüseyn (ə) yaxına gəlib buyurdu: «Sən azadsan və mən bu bağı da Allah yolunda sənə hədiyyə edirəm.»

 

4- Təvazökarlığı

«Möminləri qanadın altına al (iman gətirənlərə qarşı təvazökar olub yumşaq davran və onları himayə et)!»

Diqqət etmək lazımdır ki, İlahi şəxsiyyətlərin ən ali mənəvi xüsusiyyətlərindən biri də, onların təvazökarlığıdır. Deməli İmam Hüseyn (ə) izzət, iftixar və vüqar İmamı olduğu kimi, eyni halda təvazökarlıq, ürəyiaçıqlıq və şəfqət İmamıdır. O, necə ki, digər üstün mənəvi, ruhani xislətləri ilə məşhurdur, öz təvazökarlığı ilə də həmişə müsəlman aləminin diqqət mərkəzində olmuşdur. O, heç vaxt digər insanlara laqeyid münasibət bəsləməmiş, qullar, yoxsullar və hətta uşaqlarla birlikdə əyləşib onlara qonaq olmuşdur.

Həzrət Hüseyn (ə) nəinki heç vaxt miskin insanlara etinasızlıq, hörmətsizlik etməmiş, həqiqətdə həmişə onlara xüsusi ehtiram və qayğıyla yanaşmışdır. Bununla da o, öz rəftarı ilə bütün bəşər övladına daim təvazökarlıq dərsi vermişdir. Bu barədə bir neçə rəvayət sizə təqdim edirik:

a) «Bir qrup kimsəsiz, yoxsul adamlar bərabər oturaraq əski parçalarının üzərinə tökdükləri quru çörək qırıntılarını yeyirdilər. İmam Hüseyn (ə) onların yanından keçərkən onu da yeməyə dəvət etdilər. İmam (ə) fağırların dəvətini qəbul etdi və onlarla bərabər dizi üstə əyləşib çörək qırıntılarından yeməyə başlayaraq buyurdu: «Şübhəsiz ki, Allah-taala təkəbbürlü (loğva) insanları sevmir.» Yeyib qurtardıqdan sonra isə buyurdu: «Sizi evimə dəvət etsəm qəbul edərsinizmi?»

Dedilər: «Bəli.» İmam onları evinə apardı və möhtəşəm qonaqlıq verdi.»

b) Şəhidlərin ağası Hüseyn (ə) bir dəstə yetim, zavallı uşağın yol kənarında yığışaraq quru çörək yediyini gördü. Uşaqlar İmamı (ə) gördükdə onu da birgə yeməyə çağırdılar. İmam (ə) uşaqların dəvətini mehribanlıqla qəbul etdi. Onlara qoşulub çörək yedi. Sonra onları ehtiramla evinə aparıb qonaq etdi. O, uşaqlara geyim və ərzaq da verdi. İmam (ə) buyurdu: «Bu balacalar çox səxavətlidir, çünki onlar əllərində olan yeganə azuqələrini mənimlə palyaşdılar.»

v) Biyabanda yaşayan köçəri bir ərəb İmam Hüseynə (ə) yaxınlaşaraq əsəbi halda dedi: «Sən çox təkəbbürlü görünürsən?»

İmam Hüseyn (ə) gülümsəyərək buyurdu: «Qardaşım, təkəbbür yalnız tək olan Allah-taalaya məxsusdur və Uca Tanrıdan qeyrisinə təkəbbürlü olmaq yaraşmaz. Amma o ki, qaldı mənim rəftarıma, məgər eşitməmisən ki, Allah buyurur: «İzzət Allaha və Peyğəmbərinə və möminlərə məxsusdur?» (Yəni mən izzət və vüqar sahibiyəm, lakin təkəbbürlü deyiləm.)

 

5-Allah qorxusu

«Bəndələri içərisində Allahdan ancaq alimlər qorxar. (Onlar elm sahibləri olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar)»

Mənəvi üstünlüklərin və İlahi əxlaqın şahı olan İmam Hüseynin (ə) olduqca dəyərli və hamımıza nümunə ola biləcək xüsusiyyətlərindən biri də, ona daim hakim olan Allah qorxusu idi. O, Böyük Yaradana olan sonsuz imanı nəticəsində həmişə Allah qarşısında məsuliyyət hissi daşıyır, Qüdrətli Xaliqi hər şeyə nazir görərək öz bəndəliyinə aciz şəkildə izhar edirdi.

a) İbn Səbbağ Maliki «Fusulül-mühimmə» adlı kitabında rəvayət edir ki, Həzrət Hüseyn (ə) həmişə namaz qılmaq istərkən qorxusundan rəngi saralardı. Bunun səbəbini ondan soruşduqda isə buyurdu: «Heç bilirsinizmi mən kimin qarşısında durub ibadət etmək istəyirəm?»

b) İbn Şəhr Aşub yazır: «İmam Hüseyndən (ə) soruşdular: «Nə üçün Allahdan bu qədər qorxursan?»

İmam (ə) buyurdu: «Yalnız bu dünyada Allahdan qor-xan (və əməllərinə diqqət edən) insanlar qiyamət gününün (əzabından) əmin-amanlıqda olacaqlar.»

İmamımızın (ə) Allah-taalaya əsl itaətkar qul olmasını özündə təcəssüm etdirən çox saylı münacatları da mövcuddur.

 

6-Allah eşqi

«Allaha iman gətirənlərin Ona olan məhəbbəti daha da şiddətlidir.»

İmam Hüseyn (ə) Allah qarşısında məsuliyyət və qorxu hissi ilə bərabər Tanrıya olan eşqi, sevgisi ilə də məşhur idi. Necə ki, Qurani-Kərim möminləri vəsf edərək buyurur: “Bizim ayələrimizə iman gətirənlər yalnız o şəxslərdir ki, «... öz Allahını qorxu və məhəbbətlə (ümidlə) səsləyirlər...»

Elə buna görə də İmam Hüseyn (ə) belə buyurur: «İlahi, kor olsun o gözlər ki, səni özünə hakim bilməyə və həmçinin necə də, bədbəxtdir o bəndə ki, sənə eşq məhəbbət bəsləməyə»

İmam Hüseynin (ə) ibadi münacatları, həqiqətdə Allah hüzurunda izhar etdiyi «eşqnamə» ləridir. Məşhur «Ərəfə» duasını oxuyan hər kəs Allah müqabilində aciz və eyni halda aşiq bir qulun öz ağası ilə necə də raz-niyaz etdiyinin şahidi olur.

Bu duada, Allahına, «mən sənə müştaq və sənin aşiqinəm» «sən mənim arzumsan»-deyə, müraciət edən Hüseyn (ə) həmçinin öz «qəlbində Allahdan qeyrisinin eşq-məhəbbəti olmadığına» da təkid edir. O, əsl eşqin, həqiqi məhəbbətin Tanrıya məxsus olduğunu dəfələrlə vurğulayaraq buyurur: «İlahi, səni tanımayan şəxs nəyi tapmış olur, səni tapan insan isə nəyi itirmiş olur? Ey Allah, səndən başqasına razılaşan şəxs, hər bir şeydən məhrumdur!»

Bütün vücudunu Allah eşqi saran Həzrət Hüseyn (ə) sanki hər ləhzə onun varlığını daha da hiss edir və hər an ilahi gözəlliyini yaxından seyr edərək, öz sevgisini izhar edir: «Ey Böyük Allah bütün varlığı sənə bağlı olan bir şey sənin varlığına necə dəlil ola bilər? Sən nə vaxt gizli olmusan ki, insanları sənə doğru hidayət edən bir sübuta ehtiyac duyulsun? Nə vaxt uzaqlaşmısan ki, nişanə və əlamətlərin səni insanlara tanıtdırsın? Məndən ayrılmamısan ki, sənin hüzurunu istəyim? Gizli qalmamısan ki, səni aşkara çıxardım? Kor olsun səni görməyən gözlər! Bir halda ki, sən həqiqətən də, onun yanındasan və ondan muğayatsan!»

Əziz oxucu, bir sözlə doğrudan da, İmam Hüseyn (ə) bir «ilahi eşq» məktəbidir.

 

7-Ədəb və nəzakəti

«(Ya Rəsulum!) Bəndələrimə de ki, «ən gözəl sözləri söyləsinlər»...»

Sözsüz ki, Əhli-beyt (ə) öz gözəl xüsusiyyətləri ilə daim ən kamil insan nümunəsi olmuşdur. Həzrət Əbu Abdullah Hüseyn (ə) də alicənablığı, ədəb və nəzakətinə görə İslam dünyasında böyük rəğbətlə mədh edilir. Belə ki, onun hələ uşaqkən özündə əks etdirdiyi bu nəcib xüsusiyyətinə həmişə müsəlmanlar tərəfindən sitayiş edilmişdir. İmamın (ə) bu gözəl, dəyərli xasiyyətinə bir neçə nümunə gətiririk:

a) İmam Hüseyn (ə) hələ kiçik yaşlarında öz qardaşı ilə çay kənarından keçirdi. Onlar səhv şəkildə dəstəmaz alan bir kişi ilə rastlaşdılar. Kişini utandırmamaqla bərabər ona düzgün formada dəstəmaz almadığını anlatmaq məqsədi ilə olduqca nəzakətli bir yol seçdilər. Qardaşlar kişinin yanına gəlib, belə söylədilər: «Əmi, bax gör biz hansımız yanlış formada dəstəmaz alırıq?»

Sonra isə hər ikisi düzgün şəkildə dəstəmaz aldılar.

Uşaqların ağıllı rəftarı nəticəsində səhvini anlayan kişi gülüb dedi: «Siz ikiniz də dəstəmaz əməlini doğru şəkildə əncam verdiniz. Mənim dəstəmaz almağım isə yanlış idi. Amma indi sizin alicənab hərəkətiniz ilə mən düzgün formada dəstəmaz almağı öyrəndim.»

b) «Kasıb bir Mədinəli müsəlman, Osman ibn Əffanın yanına gəlib ondan kömək dilədi. Osman ona beş dirhəm verdi.

Kasıb dedi: «Ən səxavətli şəxsləri mənə göstər.»

Osman, İmam Həsən (ə), İmam Hüseyn (ə) və Abdullah ibn Cəfəri göstərərək dedi: «Bu cavanlara müraciət et.»

Kasıb kişi İmam Həsənin yanına gəlib ona əl tutmasını xahiş etdi. İmam (ə) kişiyə 50 dinar verdi.

Kişi sonra İmam Hüseynə (ə) müraciət etdi Həzrət Hüseyn (ə) də ədəbi riayət edərək özündən böyük qardaşının ehtiramına görə, ona bir dinar az yəni 49 dinar bağışladı.

Abdullah ibn Cəfər də, Həzrət Hüseyni özünə nümunə seçib kasıb kişiyə 48 dinar hədiyyə etdi.

Mədinəli kişi həm onların səxavətinə, həm də ədəb və nəzakətinə heyran qalaraq, əhvalatı Osman ibn Əffana danışıdı.

Osman dedi: «Bəli bunlar kimi alicənab və nəcabətli şəxslər heç yerdə tapılmaz. Çünki elm və anlayışı babalarının (Həzrət Muhəmmədin (s) ) sinəsindən irs apardılar. Və dəyərli hikmətə yetişdilər.»

d) İmam Hüseynin (ə) sədəqə verərkən gizli verməsi, bəzən qapıya gələn dilənçini utandırmamaq üçün gah niqabla, gah da qapı arxasından əta etməsi onun necə də, möhtəşəm ədəb sahibi olmasından xəbər verir.

 

8-Cəsarət və şücaəti

«Allah yolunda vuruşaraq ölən və ya (düşmənə) qalib gələn kəslərə böyük mükafat verəcəyik.»

İmam Hüseyn (ə) hər üç döyüşdə (Cəməl, Siffeyn və Nəhrəvan) Həzrət Əlinin (ə) kənarında olmuş, qəhrəmanlıq göstərib, böyük şücaət nümayiş etdirmişdir.

Hicri qəməri tarixi ilə 36-cı ildə baş vermiş Cəməl savaşında qoşunun böyük bir hissəsinin rəhbərliyini öhdəsinə alan Həzrət Hüseyn (ə) sərkərdə vəzifəsini xüsusi rəşadətlə yerinə yetirmişdir.

O Siffeyn döyüşündə öz igidliyi ilə dillər əzbəri olmuşdu. Bu döyüşdə onun düşməninin zəbt etdiyi su yo-lunu yenidən fəth etməsi və İmam Əlinin (ə) “Bu zəfəri Hüseynin (ə) qəhrəmanlığı sayəsində əldə etdik” deyə, buyurması daim İslam tarixində ön plana çəkilir.

O, Nəhrəvan döyüşündə qoşunun mühüm hissəsinə rəhbərlik edərək, son qələbə üçün böyük rol oynadı.

b) Osmanın özbaşınalıqlarının əleyhinə xalq kütləsinin üsyan etdiyi zaman, onun evinə hücum edərək sorğu sualsız öldürmək istəyənlərin qarşısına məhz qardaşı İmam Həsənlə (ə) birgə həzrət Hüseyn (ə) çıxdı. Və gözləri qəzəblə parlayan silahlı insanlardan qorxmayaraq, böyük cəsarətlə onların Osmanı evində öldürməsinə mane olmağa çalışdı.

v) Müaviyə ilə bağlanan sülh müqaviləsinə sadiq qalan İmam Hüseyn (ə) eyni halda ona qarşı vüqar və cəsarətlə davranırdı. Keçən bəhslərimizdə ətraflı şəkildə işarə etdi-yimiz kimi, o, Müaviyəyə yazdığı məktublarda «Mən sənin bu ümmətə hakim olmağından daha da böyük və qorxunc bir fitnə tanımıram.»- deyə yazır, ona aşkarcasına tənə vurub, qulaqburması verirdi.

q) «Müaviyə məclislərin birində İmam Hüseynlə (ə) üz-üzə gəldikdə dedi: «Ey Əbu Əbdullah, heç bilirsənmi ki, mən əshabımla birlikdə atanın sadiq dostlarını necə amansızlıqla öldürdüm? Və sonra isə onları necə hiyləgərliklə kəfənə büküb, namaz qılıb bastırdım?» (Müaviyə bu sözü İmamı (ə) qorxutmaq üçün söylədi).

Amma Həzrət Hüseyn (ə) qəzəblə dolu baxışlarla Müaviyəyə baxaraq, onun qatil, imansız əshabına əl taparsa rəhm etməyəcəyini söylədi. Müaviyə özünü itirərək məclisi tərk etdi.»

ğ) «Müslim ibn Əqilin Mədinədə torpaq sahəsi var idi. Müaviyə Mədinə valisinə o sahəni zorla Müslimin əlindən almağa, ona cüzi miqdarda pul verib, razılaşmağa məcbur etmək üçün əmr verdi. Vali əmri yerinə yetirdi.

İmam Hüseyn (ə) bunu bildikdə Müaviyəyə kəskin ifadələrlə dolu məktub yazıb buyurdu: «Allaha həmd olsun! Müaviyə, sən hansı cəsarətlə Bəni-Haşim tayfasından olan bu cavana zor tətbiq edib, aldadırsan. Pulunu ondan geri al və torpağı Müslimə qaytar.» Müaviyə belədə etdi.»

e) «Müaviyə ömrünün axır illərində avara və əyyaş oğlu Yezidi özündən sonra xəlifə etmək üçün var-gücü ilə çalışırdı. O, bilirdi ki, əgər oğlu üçün indi İmam Hüseynin (ə) beyətini alarsa, İslam dünyasının digər öncül şəxsiyyətləri də, ona itaət edib Yezidə beyət edəcəklər. Elə buna görə də, o, öz müşavirləri ilə birlikdə Mədinə şəhərinə gəldi.

Mədinədə olduqca təmtəraqlı ziyafət hazırlayan Müaviyə Bəni-Haşim tayfasını İmam Hüseyn (ə) də başda olmaqla oraya dəvət etdi. İmama (ə) böyük ehtiram və sayğı göstərən Müaviyə xeyli yaltaqlandıqdan sonra Yezidi tərifləyərək, əsl niyyətini açıqladı.

Həzrət Hüseyn (ə) onun sözünü kəsib, öncə Peyğəmbər (s) və Əhli-beytin (ə) fəziləti haqqında söhbət etdi. Sonra isə buyurdu: «Yezidə beyət etməyimi istəyirsən? Heç vaxt mümkün deyil! Heç bir zaman ola bilməz! Ey Müaviyə, sübh olduqda qara kömür rəngi ilə rüsvay olar. Günəş parladıqda zəif işıqlar xasiyyətini itirər. Sən özünü və Yezidi tərifləməklə həddən ziyadə ifrata vardın. Sən zalım, paxıl və təcavüzkar adamsan. Sən heç vaxt haqq sahiblərinin haqqını vermədin, amma şeytan səndən öz payını tam olaraq aldı.

Mən oğlunu tərifləməyindən belə nəticə aldım ki, onu hakimiyyətə gətirmək niyyətindəsən. Elə tərifləyirsən ki, sanki biz Yezidi tanımırıq. Onu elə ağızdolusu, canfəşanlıqla öyürsən ki, guya oğlunun bizim xəbərsiz olduğumuz üstün xüsusiyyətlərini aşkarlayıb, bilmədiklərimizi bizə öyrədirsən.

Guya Yezid heç də öz çirkin əməlləri ilə məşhur deyil və xalq onun azğın fikirlərini bilmir.

Yaxşı, əgər belədirsə de ki; «Yezid təhrik olunmuş itlərlə oynayır, quşbazdır. Gecə-gündüz pozğunluqda şöhrət tapmış əxlaqsız qadınlarla əylənir, cür-bəcür iyrənclik və haram dolu eyş-işrətə məşğuldur.” Bəli o, belə işlərə olduqca həvəsli, «bacarıqlı»dır. Müaviyə, bu fikrindən əl çək! Sənin xalqa rəva gördüyün bu qədər zorakılıq, əzab əziyyət və işgəncələr bəs etmədimi ki, yeni bir zülmün, fəsadın təməlini qoymaq niyyətindəsən?! Qiyamət günü Allaha necə cavab verəcəksən?

And olsun Allaha ki, sən bundan artıq istibdad yolunda irəliləməyə, Allah bəndələrinə təcavüz etmək üçün ifrata varmağa nail olmayacaqsan. Çünki daha səbir kasamız dolub və səninlə ölüm arasındakı fasilə bir göz qırpımı qədərdir...»

Misirli alim Mahmud Əqqad deyir: «Şücaət» kimi ilahi xüsusiyyətləri Hüseyn (ə) tək əzəmət sahibində görmək, heç də təəccübləndirici deyildir. Hüseyndə (ə) şücaət axtarmaq, qızıl mədənində qızıl axtarmaq kimidir.»

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment