Azəri
Wednesday 8th of December 2021
3535
0
نفر 0
0% این مطلب را پسندیده اند

Zülmkar Yezidin zillətli sonu

Zülmkar Yezidin zillətli sonu

Rəbiul-əvvəl ayının 14-ə təsadüf edir. Yezid ibni Müaviyə məhz bu gündə cəhənnəmə vasil olub.

Yezid ibn Müaviyə Əməvilər soyunun Süfyanilər qoluna mənsubdur. Hicri 25-ci ildə (miladi 645-ci il) doğulmuşdur. Anası Bəni-Kəlb qəbiləsindən Bəcdəlin qızı Meysun idi. Bəni-Kəlb qəbiləsi bədəvi qəbilələrdən sayılırdı.

Buna görə, Yezid anasının tərbiyəsi altında böyüyərək, bədəvilərə xas olan adət-ənənələrə (ov və şeirə meylilik, əyləncəyə aludəlik və s.) yiyələndi. Zahiri görünüşcə kök, bədəni tüklü idi.

Yezid cavanlığından eyş-işrətə, içkiyə, musiqiyə, zinaya, meymunbazlıq və itbazlığa həvəsli idi. Hətta xəlifə olduqdan sonra da bu adətlərindən əl çəkməmişdi. Tarix kitablarında yazırlar ki, o, öz meymununa insan kimi Əbu Qeys adını vermişdi. Meymuna bahalı paltarlar geyindirir, başına papaq qoyur, məclislərdə yanında saxlayır, onunla eyni qabdan içki içir, hətta öz qədəhinin dibində qalan şərabı meymuna içizdirirdi. Cıdır yarışlarında Əbu Qeysi bir vəhşi qatırın belinə mindirib yarışa buraxırdı. (Məsudi. Mürucüz-zəhəb, III, 67-68). Cıdır yarışlarının birində Əbu Qeys qatırın belindən yıxılıb atların tapdağı altında qalaraq öləndə Yezid onun üçün mərsiyə söyləyib ağladı. Yezid deyirdi ki, Əbu Qeys əslində Bəni-Israil qövmündən qoca bir kişi olub, sonra Allah onu meymuna döndərib (Bəlazuri. Ənsabül-əşraf, V, 300).

Yezidin zamanında günah və fisq açıq-aşkar edilən əmələ çevrildi, Məkkə və Mədinə kimi müqəddəs şəhərlərdə haram məclislərə xas əyləncə səsləri eşidilməyə başladı. Məhz bundan istifadə edən Abdullah ibn Zübeyr Məkkədə qiyam qaldırdı və bütün Hicazın hakimiyyətini ələ keçirdi.

Yezid şair idi, əsasən, kef məclislərinə aid olan mövzularda şeir deyirdi. Bəzi şeirlərində islam dinini, vəhyi inkar edir, peyğəmbərlə(s) və nəsli ilə düşmənçiliyini açıq-aşkar şəkildə dilə gətirirdi.

Yezid atasının sağlığında hakimiyyət işlərinə qarışmadan, eyş-işrət içində gününü keçirirdi. Müaviyə onu dövlət işlərinə alışdırmaq üçün ardıcıl cəhdlər göstərirdi. Hətta Bizans yürüşlərinin birinə Yezidi sərkərdə təyin etmişdi. Bu missiya Yezidin ürəyincə olmasa da, atasının sözündən çıxa bilmədi. Bəzi böyük səhabələrin (məsələn, Əbu Əyyub Ənsarinin) də qatıldığı yürüş Konstantinopolun qala divarlarının qarşısında sona çatdı və müsəlmanlar şəhəri uzun müddət mühasirədə saxladıqdan sonra nəticəsiz halda geri qayıtmağa məcbur oldular.

Müaviyə can verəndə belə, Yezid sarayda deyildi, ova getmişdi. Atasının ölümündən sonra o, hakimiyyətə keçdi və ilk növbədə ona beyət etməmiş şəxsləri özünə ram etmək uğrunda tədbirlər görməyə başladı. Yezid təqribən 3 il yarım davam etmiş xəlifəlik dövründə üç böyük cinayətə imza atdı. Hakimiyyətə gəldikdən təqribən altı ay sonra Kərbəla səhrasında peyğəmbərin(s) əziz nəvəsi imam Hüseyni (ə), ailə üzvlərini və yaxın silahdaşlarını görünməmiş qəddarlıqla qətlə yetirdi.

Bundan iki il sonra – hicri 63-cü ildə Yezid ona qarşı qiyam qaldırmış Mədinə əhalisini amansızlıqla cəzalandırdı. Daha sonra isə Məkkdə Məscidul-Həram onun ordusu tərəfindən daşqalaq edildi və yandırıldı.

Ibn əl-Cövzi bunları nəzərdə tutaraq deyirdi: «Nə deyim bir adamın barəsində ki, üç il hakimiyyət sürmüş, birinci il Hüseyn ibn Əlini qətlə yetirmiş, ikinci il Mədinə əhalisini qorxudub camaatın qanını halal elan etmiş, üçüncü il də Allahın evini mancanaqlardan daşa tutmuşdur?» (Sibt ibn əl-Cövzi. Təzkirətül-xəvass, səh. 291-292).

Yezidin aqibətinin nə ilə qurtardığı da maraqlı məsələlərdəndir. Tarix səhifələrini öz qanlı cinayətləri ilə bulamış əksər şəxslər kimi Yezidin də həyatının faciəli şəkildə və ağır əzablar içində bitdiyini gözləmək təbiidir. Onun ölüm tarixçəsi barədə bir neçə fərqli nəzəriyyə vardır. Əvvəla, bunu qeyd edək ki, Yezidin hicri 64-cü il 14 və ya 15 rəbiül-əvvəl tarixlərində (miladi 683-cü il), təqribən 39 yaşında öldüyünü yazırlar.

Mərhum Şeyx Səduq yazır ki, Yezid gecə sərxoş halda yatdı, səhər onu ölmüş vəziyyətdə gördülər. Bədəni qapqara qaralmışdı, sanki dərisinə qətran sürtmüşdülər.

Başqa bir rəvayətə görə, Yezid eyş-işrət məclisində içib sərxoş olmuşdu. Qalxıb rəqs etmək üçün taxtından endi, amma qəfildən ayağı büdrəyib yıxıldı, başı zərblə yerə dəyib yarıldı, hətta beyni kəlləsindən çölə töküldü (Zəhəbi. Siyərü əlamin-nübəla, IV, 37).

Yezidin ölümü haqqında daha bir nəzəriyyə ilə Seyyid ibn Tavusun «Lühuf» kitabında rastlaşırıq. Bu nəzəriyyəyə görə, Yezid öz adamları ilə Dəməşqdən xeyli uzaqlarda, səhrada ova çıxır. Rastına çıxan bir ceyranı ovlamaq üçün dəstədən ayrılır və təkbaşına ceyranın dalınca düşür. Ceyranı qova-qova bir quyunun başına çatır. Görür ki, bir nəfər quyudan su çəkməklə məşğuldur. Yezid həmin adama yaxınlaşıb su istəyir, amma ondan xəlifəyə layiq təzim və ehtiram görmür. Qəzəblə deyir: «Yəqin mənim kim olduğumu bilmirsən. Bilsəydin, mənə layiq olan hörməti göstərərdin. Mən möminlərin əmiri Yezid ibn Müaviyəyəm». O adam bu sözləri eşidən kimi qılıncını çəkib Yezidin üstünə hücum edir: «Sən mənim ağam Hüseyni səhrada susuz öldürtdürmüsən. Vallahi, mən də səni o şəkildə həlak edəcəyəm». O adamın qılınc zərbəsi Yezidin atına dəyir. Hürkmüş at şaha qalxır, sonra sürətlə çapıb gedir. Yezid atın tərkində özünü saxlaya bilməyib yıxılır. Amma bir ayağı üzəngidə qaldığı üçün at onu səhra boyunca sürüdüb aparır. Bir neçə gündən sonra nökərləri səhrada Yezidin atını tapırlar. Atın üzəngisindən bir ayaq asılmışdı. Məlum olur ki, Yezidin bədəni yerə sürtünərək tikə-tikə olub dağılıb, yalnız üzəngiyə ilişmiş ayaq salamat qalıb. Onun cəsədinin qalıqlarını Şama gətirib, Babüs-səğir məntəqəsində dəfn edirlər. Hər bir halda, bu gün Yezidin qəbri kimi tanınan məzar Əməvilər məscidinin yaxınlığında, Bəni-Üməyyə soyunun mənsublarının basdırıldığı uçuq-sökük bir məqbərədə yerləşir. Atası Müaviyə kimi onun da dəfn yeri Dəməşq əhalisinin zibilxanasına çevrilib.

Bir çox müsəlman alimləri Yezidin törətdiyi zülmlərə əsaslanaraq, onun ruhuna lənət oxumağı icazəli bilmiş, hətta onu kafir saymışlar. Bunların sırasında İbn əl-Cövzi, Təftazani, Qazı Əbu Yəla, Əllamə Süyuti, İmam Yafei, Cahiz, Şovkani kimi böyük sünni alimlərin adlarına rast gəlirik.

3535
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həqiqi Əhli-beyt (ə) davamçısının müəyyən edilməsi üçün 8 xüsusiyyət
Aya Quranın hər bir ayəsinin dərman hökmü vardır?
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
YERİN DAİRƏVİLİYİNƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
QUR᾽ANIN İFADƏ TƏRZİ ilƏ NATİQLƏRİN ÇIXIŞ ÜSLUBU ARASINDA OLAN FƏRQ
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI
Öz evində ...
QUR᾽ANIN TƏHRİFƏ OLAN BAXIŞI
İmam Hüseyn (ə) və Ərbəin

 
user comment