Azəri
Sunday 9th of August 2020
  2971
  0
  0

QEYBƏT QURAN BAXIMINDAN

QEYBƏT QURAN BAXIMINDAN

Qurani-Kərim qeybəti insana zidd əməl sayır və onu şəxsin öz ölmüş qardaşının ətini yediyi kimi tanıtdırır. Məlumdur ki, “insan ətini yemək”, özü də həmin surətdə insandan baş verə biləcək ən pis əməldir. Quranda bu ibarə yalnız qeybət barəsində işlənir. Bu bənzətmənin səbəbi də aydındır. Çünki İslam nöqteyi-nəzərindən müsəlman qardaşın abır-heysiyyəti qanı kimi möhtərəm sayılır. Peyğəmbəri-Əkrəm (s) buyurur:

كُلُّ الْمُسْلِمِ عَلَى الْمُسْلِمِ حَرامٌ: دَمُهُ وَ مالُهُ وَ عِرْضُهُ

“Müsəlmanın hər bir şeyi (başqa) müsəlmana haramdır; qanı, malı və abır-heysiyyəti.” (“Məhəccətül-beyza”, Feyz Kaşani, 5-ci cild, səh.251.)

Şübhəsiz, qeybət müsəlman qardaşın heysiyyətini kiçildir, abrını aparır.

Diqqəti cəlb edən məsələ odur ki, Qurani-Kərimdə əvvəlcə “sui-zənn” (bədgüman), sonra “eyibləri arayıb-axtarmaq”, daha sonra “qeybət” qadağan edilir. Belə ki, “Hücurat” surəsinin 12-ci ayəsində buyurulur:

{يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ تَوَّابٌ رَّحِيمٌ}

“Ey iman gətirənlər! Çox vaxt zənnə – gümana qapılmaqdan çəkinin. Çünki zənnin bəzisi günahdır. (Başqalarının işlərində) axtarış aparmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? (Şübhəsiz,) sizin bundan xoşunuz gəlməz. Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edən və mehribandır!”

Bu ibarədəki sıra göstərir ki, insan əvvəlcə bədgümanlığa düçar olur, bu onu başqalarının eyiblərini arayıb-axtarmağa sövq edir və insan gizli eyiblərdən agah olduqda, qeybətə yol verir.

Həmçinin ayədə qeybət ölü ətin yeyilməsinə bənzədilərək böyük günah adlandırılır. Məlumdur ki, ölü (murdar) cəsədi (qoyun cəsədi olsa belə) yemək haramdır. O ki qaldı insan cəsədinə!!! Hələ bu cəsədlə qardaşlıq münasibəti olduğunu düşünsək, iş daha da qəlizləşər. Bu müqayisədən qeybətin nə qədər pis və xoşagəlməz olduğu nəticəsinə gəlmək olar.

Uyğun ayənin təfsiri ilə bağlı diqqəti cəlb edən məsələ odur ki, qeybəti olunan şəxs ölmüş şəxs kimi fərz olunur. Yəni ölmüş insan özünü müdafiə edə bilmədiyi kimi, qeybəti olunan şəxs də qaib olduğundan öz şəxsiyyətini və abır-həyasını müdafiə edə bilmir. Həm də ölünün (bu dünyada) dirilməsi mümkün olmadığı kimi, qeybəti olunanın da əldən getmiş abır-həyasını yenidən bərpa etmək də mümkün deyil!

Bir rəvayətdə Peyğəmbəri-Əkrəmin (s) “merac” gecəsində müşahidə etdiklərinə işarə edilərək deyilir ki, o həzrət cəhənnəm atəşinə baxarkən alovlar içində bir dəstə adamın ölü adam əti yediyini görür və o həzrət Cəbraildən onların kim olduğunu soruşur. Cəbrail cavab verir: “Onlar qeybət qıranlardır.” (“Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 9-cu cild, səh.125, hədis 10431, Ayətullah Müctəba Tehraninin “İlahi əxlaq” kitabından nəqlən.)

Qeyd etmək lazımdır ki, qeybət “həqqün-nas”a (camaatın haqqı) aid hüquqların sırasındadır. Çünki qeybət insanın ehtiramı, şəxsiyyəti və abır-həyasını aradan aparır və sözsüz, bu məsələ əqli və şəri baxımdan maddi dəyərlərdən qat-qat üstündür. İkincisi, “Hücurat” surəsində qeybətin mömin qardaşın ətinin yeyilməsinə bənzədilməsindən belə məlum olur ki, bu əməl zülmün növlərindəndir və insanın boynuna haqq qoyur. Üçüncüsü isə, bunu müxtəlif rəvayətlərdən də başa düşə bilərik. Misal üçün, bir rəvayətdə buyurulur:

اِنَّ صاحِبَ الْغِيْبَةِ لا يُغْفَرُ لَهُ حَتّى يَغْفِرَ لَهُ صاحِبُهُ

“Qeybət olunan qeybət edəni bağışlamayınca, (qeybət edən) bağışlanılmaz.” (“Məhəccətül-beyza”, c.5, səh.251.)

Məşhur bir hədisdə də Cabir ibn Abdullah Ənsari və Əbu Səid Xudri Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql etmişlər: “Qeybət zinadan daha pisdir.”

Bunun səbəbi hədisin davamında belə açıqlanır: ”Zinakar tövbə etməklə Allahın məğfirətini qazanıb bağışlana bilər. (Çünki zina “həqqullah” (Allahın haqqı) qəbilindəndir.) Qeybət edən kəs isə qeybət etdiyi şəxsin razılığını qazanmadan bağışlanmır. (Çünki “həqqün-nas” (camaatın haqqı) qəbilindəndir.)” (“Biharul-ənvar”, 75-ci cild, səh.222. Ayətullah Məkarim Şirazinin “Əxlaq sayəsində sağlam həyat” kitabından nəqlən.)

Göründüyü kimi, qeybətdə zülm və haqsızlığın aşkar nişanələri vardır ki, haqqı tapdalananın razılığı olmadan qeybət edənin bağışlanması çətin məsələdir. Bəli, əgər halallıq üçün heç bir yol qalmayıbsa və yaxud qeybət olunanın abır-heysiyyətinə bir zərər toxunmayıbsa, istiğfar və tövbə ilə kifayətlənməyi mümkün saymaq olar.

  2971
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

    İmam Rizanın (ə) ziyarətinin ikinci Həcdən üstünlüyü
    BUNLARI BILMƏK MARAQLIDIR
    Kəlamın möcüzəsi
    İMAM HÜSEYN (Ə)
    Bismillah” tövhid rəmzidir
    Bəlalar – İlahi tərbiyədir. Bəla qarşısında səbirdən başqa yol yoxdur
    İMAM HÜSEYNİN (Ə) HİCRƏTİ
    211- ci xütbə
    İMAM HÜSEYNİN (Ə) KƏLAMINDA ZÜHUR ƏLAMƏTLƏRİ-2
    Xanım Fatimeyi Zəhranın (s.ə) mövludunun ildönümü münasibətilə qadınları təbrik edirik

 
user comment