Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

İmam Həsən Əskərinin (əleyhis səlam) Şəhadəti münasibətilə təsliyyət deyirik

İmam Həsən Əskərinin (əleyhis səlam) Şəhadəti münasibətilə təsliyyət deyirik

Əhli Beyt -ABNA-Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri Qəməri tarixi ilə Rəbiul Əvvəl ayının ayının 8-zi əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) nəvəsi, on üçüncü Məsum və on birinci İmam həzrəti Həsən Əskərinin (əleyhi səlam) şəhadət günüdür.

Biz ABNA olaraq bu münasibətlə başda İmam Zaman (Allah onun şərəfli gəlişini tezləşdirsin) həzrətlərinə, onun haqq naibi İmam Xamneyi cənablarına və bütün Müsəlman dünyasına baş sağlığı verir və Allahdan hər birimizə Məsumlarımızın (əleyhimus səlam) həyat yolunu səbrlə davam etdirməyi arzu edirik.


İmam Həsən Əskərinin (əleyhi səlam) həyatına bir baxış (ixtisarla)

Adı: Həsən (əleyhi səlam)

Ləqəbi: Әskəri (ə)

Künyəsi: Әbu Məhəmməd (ə)

Atası: Həzrət İmam Әliyyən Nəqi (ə)

Təvəllüdü: Hicri 232-ci il

İmamlıq müddəti: 7 il

Ömrü: 28 il

Şəhadəti: 260-cı Hicri-qəməri ilində Abbasi xəlifəsi Mötəmid (Allahın lənəti ona olsun) tərəfindən şəhid edildi.

Məzarı: İraq Samirra şəhəri.


İmamın əxlaqi xüsusiyyətləri

İmam Həsən Әskəri (əleyhis slam) çox vüqarlı və əzəmətli bir insan idi. O, öz zamanında Quranın misilsiz müfəssiri sayılırdı. Yüz nəfərdən çox məşhur alim o həzrətin məclisində iştirak edirdi. İraqda qaldığı 16 il ərzində Şamdan Mədinəyə qədər olan ərazi o həzrətin nüfuz dairəsində idi. İmamın elmi və mənəvi nüfuzu o qədər böyük idi ki, Abbasi xəlifəsi Mötəzin sarayında yaşayıb elə orada da işləyən alimlər belə ona heyran qalıb tabe olmuşdular.

Peyğəmbər (s) xanədanının düşmənlərindən olan və Abbasi aparatında çalışan Әhməd ibni Xaqan adlı bir şəxs belə demişdir: Mən Samirrada Bəni Haşim xanədanından nəciblik, böyüklük və fəzilət baxımından imam Həsən Әskəridən (əleyhis slam) başqasını görməmişəm. Әgər xəlifəlik Abbasilərin əlindən çıxsa, heç kim imam Həsən Әskəridən (əleyhis slam) başqa xəlifə olmağa layiq deyildir. Daha sonra demişdir: Bir gün atamın yanında idim. Onun Peyğəmbər xanədanın düşmənlərindən olmasına baxmayaraq, həmişə Həsən Әskəri (əleyhi səlam) onun yanına gəldikdə yerindən qalxıb onun əlindən öpər öz yerini ona verər və imamı müəllimin qarşısında duran bir şagird kimi dinləyərdi.
Әbu Yusif imamın səxavət və əliaçıqlığı barədə belə deyir: Mən çətin bir vəziyyətdə idim, belə ki, uşaqlarıma çörək pulu qazana bilmirdim. Hamımız ac və narahat idik. Dəfələrlə Abbasilərin sarayına getmişdim ki, orada olan qohumlarımızdan köməklik alım. Lakin onlar o qədər məğrur idilər ki, sözümə qulaq asmırdılar. Bir gün imam Həsən Әskəri əleyhisslamın hüzuruna gedib vəziyyətimi onun üçün danışdım. Həzrət 400 dinardan ibarət pulunun hamısını mənə verib belə buyurdu: «Get, ailəni ağır vəziyyətdən qurtar.»

Bir dəfə həzrət iki yüz min dinar Әli ibni Cəfər üçün göndərdi ki, yoxsul və möhtac əshabı arasında paylasın.


İmam Həsən Əskərinin (əleyhi səlam) İrana səfəri

İmam (ə) İrana etdiyi səfər zamanı Qum və Rey şəhərlərindən keçərək Ləvasana gəldi. Әhli Beyt (əleyhim səlam) məktəbinin tərəfdarları onu seinclə qarşıladılar. Həzrət (ə) Ləvasanda camaatla görüşüb onlara bir məscid tikərək onu öz mərkəzlərinə çevirmələrini tapşırdı. İmamın bu əmri xalqın həyatında o qədər təsiredici və mühüm rol oynadı ki, deyilənə görə hətta bir gündə 70 məscid tikməyə başlamışdılar.


İmamın Zindan Həyatı

Həzrət (ə) altı il davam edən imamlıq müddətində üç ilini zindanda keçirmişdi, lakin qarşılaşdığı çətinliklər və narahatçılıqlara baxmayaraq həmişə xalqla yaxşı rəftar edirdi. Әn çirkin və qəddar məmurları zindana keşikçi təyin etmişdilər ki, o həzrətə əzab-əziyyət etsinlər. Lakin onlar imamın zöhd və ibadətinə heyran qalıb onunla yaxşı rəftar edirdilər. Bir gün zindan müdiri bu işlərinə görə onlara etiraz etdikdə belə cavab verdilər: O, bir insandır; həmişə Allahına ibadət və dua ilə məşğul olan bir insan. Gündüzlər oruc tutur, gecələr də ibadət edir. Bizə nəzər saldıqda isə bədənimiz titrəyir. Bizdən belə bir şəxsiyyətə əziyyət etməyi necə tələb edirsiniz?

Mütəvəkkilin vəziri Abdullah Xaqan çox qürurlu və etinasız bir adam olmasına baxmayaraq, imamı görəndə yerindən qalxar və əgər ata minmiş olsaydı, atdan düşərdi. O, imam (ə) haqqında belə deyib: Həsən Әskəri gecələr dua və ibadətlə məşğul olan, gündüzlər isə oruc tutan bir kişi idi. Ürəyi o qədər pak idi ki, hətta düşmənlərini dua etməyi belə unutmazdı. Yoxsul bir adamla qarşılaşdıqda bütün pulunu ona verərdi.

Bir dəfə xəlifənin əmri ilə imam Həsən Әskərini yırtıcı heyvanların yanına saldılar ki, heyvanlar onu parçalasınlar. Lakin yırtıcı heyvanlar o həzrətin ətrafına yağışıb özlərini onun ayaqlarına sürtdülər. Bu səhnəni görən xəlifə onu azad buraxaraq həzrətə hörmət etmək istədi.

Samirrada bir monastır var idi ki, başçısı xristianların böyüklərindən sayılırdı. O, çox hörmətli bir adam idi. Həmin xristian bir gün imamın hüzuruna gələrək müsəlman oldu. Ondan müsəlman olmasının səbəbini soruşduqda isə belə cavab vermişdi: Mən bu kişidə yalnız həzrət Isada mövcud olan nişanələri görmüşəm.


İlahi Elm (Elmi Lədunni)

İmamın elmi dalğalı və dərin bir ümman kimi idi ki, elmə susamışları doyururdu. Xarəzminin dediyinə görə elm aşiqlərindən on səkkiz min nəfər o həzrətin elmi məclislərindən istifadə edirdilər. Abbasi xəlifəsinin sarayına mənsub olan Məhəmməd ibni Məsud Şirazi imamla beyət edən ilk saray alimi olub bu şöhrətli alim Mötəzin sarayında çalışırdı.

Qaynaqlardan yazıldığına görə, o həzrətin elmi o qədər çox idi ki, Әbunəsr Farabinin ustadı olan Kendi onunla mübahisə edə bilməyib İslamın ziddinə yazdığı kitabını odlamışdı.

Xristian alimlər imamın elminə, eləcə də dərin biliyinə o dərəcədə heyran olmuşdular ki, onu Məsih adlandırırdılar. İmam (ə) ayrı-ayrı ölkələrdən gələn və ona sual vermək istəyən şəxslərə onların öz dili ilə danışdığı zaman hamını heyrətdə qoymuşdu.


İmam Həsən Əskərinin (əleyhis səlam) təhlükəsizlik təbdirləri

Dediklərimizdən əlavə, əldə olan bir sıra tarixi sübutlar bir tərəfdən Abbasilərin İmama və eləcə də, o Həzrətin şiələrinə qarşı yönəltdiyi hiylə və xaincəsinə işlətdikləri planların nə dərəcədə olduğunu, digər tərəfdən isə İmamın çox diqqətli olduğunu və həyata keçirdiyi təhlükəsizlik tədbirlərini müəyyənləşdirir. Aşağıda qeyd edilmiş məqamları buna dair nümunə göstərmək olar:

1) Əbu Haşim Davud ibn Qasim Cəfəri deyir: "Biz bir neçə nəfər zindanda olarkən İmam Həsən Əskəri (əleyhissəlam) və qardaşı Cəfəri də zindana gətirirlər. İmam Həsən Əskəri əleyhissəlama hörmət əlaməti olaraq ona xidmət etmək məqsədilə, o Həzrətə yaxınlaşdıq. Orada bizimlə birgə əcəm (qeyri-ərəb) bir şəxs də var idi və o, Ələvilərdən olduğunu iddia edirdi. İmam diqqətini ona cəlb edib buyurdu: "Əgər aranızda sizdən olmayan bir şəxs olmasaydı, sizin nə vaxt azad olcağınızı deyərdim." Sonra isə həmin əcəm şəxsə buyurdu ki, qırağa çıxsın. O da qırağa çıxdı. Sonra o Həzrət buyurdu: "O, sizin danışdıqlarınız barədə xəlifə üçün məlumat toplayıb onu kağıza yazaraq paltarlarının arasında gizlətmişdir." Orada olanlardan biri onun paltarlarını axtarıb yazdığı məlumatı tapdı. Bizim haqqımızda çox əhəmiyyətli, eyni zamanda təhlükəli məlumatlar yazmışdı."
Bu hadisədən belə başa düşülür ki, Abbasilər İmama və şiələrə nəzarət etmək məqsədilə hətta zindanda da, onların üstündə gizli nəzarətçi saxlayırmışlar.

2) İmam Həsən Əskəri əleyhissəlamın Əhməd ibn İshaq adlı bir səhabəsi deyir: İmam Həsən Əskəri əleyhissəlamın hüzuruna gedib ondan bir şey yazmasını xahiş edərək dedim: "Sizin xəttinizi görmək istəyirəm, qoy bir məktub gəldikdə xəttinizi tanıyım" (və düşmən sizin adınızdan məktub yaza bilməsin). O Həzrət buyurdu: "Mənim xəttim (bir məktubda) bəzi hissələrdə nazik qələmlə, bəzi hissələrdə isə enli qələmlə yazılmışdır. Əgər bir məktubda bu cür xətt fərqi görsən, qorxma (mənim məktubumdur)..."

3) İmamın səhabələrindən biri deyir: "Biz bir neçə nəfər Samirra şəhərinə getdik. Gözləyirdik ki, İmam Həsən Əskəri (əleyhissəlam) evdən çıxsın və biz onu küçədə görək. Bu vaxt o Həzrətdən bizə bu məzmunda bir məktub yetişdi: "Heç biriniz mənə salam verməyin, heç biriniz də mənə tərəf yaxınlaşmayın. Çünki bu, sizin canınız üçün təhlükəyə səbəb olar."

4) Əbdüləziz Bəlxi deyir: "Bir gün qoyun bazarına tərəf gedən küçədə oturmuşdum. Birdən şəhər darvazasına tərəf gedən İmam Həsən Əskəri əleyhissəlamı gördüm. Ürəyimdə dedim yaxşı olar ki, "Ey camaat, bu, Allahın hüccətidir, onu tanıyın!" - deyə qışqırım. Ancaq fikirləşdim ki, onda məni öldürərlər. O Həzrət mənə yaxınlaşarkən mən ona baxdıqda, barmağını ağzına tutub mənə işarə etdi ki, sakit olum. Mən tez ona tərəf gedib əl-ayağını öpməyə başladım. O, mənə buyurdu: "Ehtiyatlı ol, əgər bu sirri faş etsən, həlak olarsan." Həmin gün axşam İmamın hüzuruna getdim. O Həzrət mənə buyurdu ki, gərək sirri saxlayasınız, yoxsa öldürülərsiniz. Özünüzü həlak etməyin!"

5) İmam Həsən Əskəri əleyhissəlamın dövründə Ələvilərdən biri işləmək məqsədilə Samirradan çıxıb Cəbəl (İranın Qərb hissəsindəki dağlardan Həmədan və Qəzvinədək olan ərazi) şəhərlərindən birinə gedir. İmamın dostlarından olan hələvanlı bir şəxs onunla rastlaşıb soruşur: Haradan gəlmisən?

- Samirradan.

- Filan məhəllə və küçəni tanıyırsan?

- Bəli!

- İmam Həsən Əskəri əleyhissəlamdan xəbərin varmı?

- Xeyr!

- Bura nə üçün gəlmisən?

- İşləmək üçün.

- Mənim əlli dinar pulum var, onu götür, birlikdə Samirraya gedək. Məni orada İmam Həsən Əskəri əleyhissəlamın evinə apar.

Ələvi şəxs qəbul edib onu İmamın evinə aparır...

Bu hadisədən məlum olur ki, hökumətin ciddi təqibi nəticəsində İmam Həsən Əskəri əleyhissəlamın yanına getmək həddən artıq çətin olmuşdur. Bundan əlavə, Hələvandan olan kişinin Ələvi şəxsə onu İmam Həsən Əskəri əleyhissəlamın evinə aparmasına görə bu məbləğdə pul verməsi, o dövrdə İmamla görüşməyin nə qədər əhəmiyyətə malik olduğunu göstərir. Çünki o vaxt əlli dinar pul böyük məbləğ olmuşdur. Ona görə ki, bəzi alimlər (tarixçilər) o vaxt bir dinarı bir dəvənin pulu (bir dəvəyə bərabər) hesab etmişlər.(İmam Həsən Əskəri əleyhissəlamın həyatı, səh.181.) Deməli, o vaxtın əlli dinarı dəyər baxımından indiki dövrdə əlli dəvənin qiymətinə bərabər olmuşdur.


İmam Həsən Əskəri (əleyhis səlam) yeddicəhətli fəaliyyəti

Abbasilər hökumətinin amansız təqibinə, bu qədər əzab-əziyyətlərinə baxmayaraq İmam Həsən Əskəri (əleyhissəlam) bir sıra siyasi-ictimai və elmi fəaliyyətlər göstərmişdir. O Həzrətin fəaliyyətlərini aşağıdakı şəkildə xülasə etmək olar:

1)-İslam dininin müdafiəsi uğrunda göstərdiyi elmi fəaliyyətlər, müxaliflərin şübhə və iradlarını rədd etmək və əsl İslam ideyasını camaata çatdırmaq;

2)-Nümayəndələr təyin etmək, qasid və məktublar vasitəsilə uzaq yerlərin şiələri ilə əlaqə saxlamaq;

3)-Abbasilər hökumətinin son dərəcə nəzarətinə baxmayaraq gizli siyasi fəaliyyət;

4)-Şiələri, xüsusən də, yaxın dostlarını maliyyə cəhətdən təmin etmək;

5)-Mühüm şiə ünsürlərini müşkülat qarşısında siyasi baxımdan qüvvətləndirmək;

6)-İmaməti inkar edənləri cəlb etmək və şiələri arxayınlaşdırmaq üçün qeybi məlumatlardan geniş istifadə etmək;

7)-Şiələri öz oğlu on ikinci İmamın qeybə çəkilməsi dövrünə hazırlamaq.

İndi isə bu fəaliyyətlərin hər birini ayrı-ayrılıqda şərh edirik.


1. Elmi fəaliyyətlər

Düzdür, İmam Həsən Əskəri (əleyhissəlam) Abbasilər hökumətinin yaratdığı o cür pis və məhdud şəraitdə öz geniş elmini bütün cəmiyyətə çatdıra bilməzdi. Lakin buna baxmayaraq, o Həzrət çətinliklə də olsa, hər birinin İslam maarifini yaymaqda və düşmənlərin iradlarını rədd etməkdə böyük rolu olmuş və neçə şagird yetişdirmişdi. Şeyx Tusi o Həzrətin şagirdlərinin sayının yüzdən çox olduğunu qeyd etmişdir.(Rical, səh.427.)Onların arasında Əhməd ibn İshaq Əşəri Qummi, Əbu Haşim Davud ibn Qasim Cəfəri, Abdullah ibn Cəfər Himyəri, Əbu Əmr Osman ibn Səid Əmri, Əli ibn Cəfər və Məhəmməd ibn Həsən Səffar kimi böyük şəxsiyyətlər də olmuşdur. Əgər onların göstərdiyi xidmət və fəaliyyətləri barədə yazsaq, bu kitaba sığmaz. Onlar haqqında geniş məlumatı yalnız "rical" kitablarından ələ gətirmək olar.(Rical elmi hədis deyənlərdən bəhs edir.)
Bu cür şagirdlər yetişdirməkdən əlavə, bəzi vaxtlar müsəlmanlar üçün elə çətinliklər yaranır və müsəlmanlar elə çıxılmaz vəziyyətə düşürdülər ki, onu İmam Həsən Əskəri əleyhissəlamdan başqa heç kəs həll edə bilmirdi. İmam bu cür hallarda öz İmamət elmi sayəsində fövqəladə bir tədbir töküb müşkülü həll edir və müsəlmanları çıxılmaz vəziyyətdən qurtarırdı. Buna dair aşağıdakı iki nümunəni göstərmək olar.


2. Şiələrlə əlaqə yaratmaq

İmam Həsən Əskəri əleyhissəlamın dövründə bir çox şəhərlərdə şiələrin sayı artmış və onlar müxtəlif yerlərdə mərkəzləşdirilmişdilər. Kufə, Bağdad, Nişabur, Qum, Abe (Ave), Mədain, Xorasan, Yəmən, Rey, Azərbaycan, Samirra, Qorqan (Corcan) və Bəsrə kimi yerlər artıq şiələrin mərkəzinə çevrilmişdi. Bu şəhərlər arasında Samirra, Kufə, Bağdad, Qum və Nişabur bir sıra səbəblər üzündən xüsusi əhəmiyyətə malik idi.

Şiə mərkəzlərinin çoxalması və müxtəlif yerlərdə olması, onların həm İmamət xətti ilə, həm də bir-biri ilə əlaqə saxlamaları üçün tənzimlənmiş bir əlaqə mərkəzi tələb edirdi. Belə ki, bu mərkəz onları siyasi və dini baxımdan idarə etməli idi. Belə bir mərkəzə olan ehtiyac artıq doqquzuncu İmamın dövründən hiss olunmağa başlanmışdı. İmam Cavad (əleyhis səlam) və İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatından danışarkən artıq o vaxtdan belə bir mərkəzin yarandığını qeyd etmişdik. Bu iş İmam Həsən Əskəri əleyhissəlamın dövründə də, davam etdirilirdi. Tarixi qaynaqlara əsasən, İmam Həsən Əskəri (əleyhis səlam) şiələr arasında tanınmış şəxsləri seçib müxtəlif yerlərə nümayəndə göndərmiş, onlarla əlaqə saxlayaraq bütün şiələrə nəzarət edə bilmişdir. Bu nümayəndələr arasında o Həzrətin Nişabur şəhərindəki nümayəndəsi İbrahim ibn Əbduhu nümunə göstərmək olar. İmam Həsən Əskəri (əleyhis səlam) İshaq ibn İsmayıl və Nişabur şiələrinə yazdığı geniş məktubda İslam ümmətinin hidayət edilməsində (düz yola yönəldilməsində) İmamətin rolunu, İmamlardan itaət etməyin nə dərəcədə vacib olduğunu izah etdikdən və İmamın əmrindən çıxmamağı tapşırdıqdan sonra yazmışdır: "İshaq, sən İbrahim ibn Əbduhu yanında mənim nümayəndəmsən. O da Məhəmməd Musa Nişaburi vasitəsilə ona göndərdiyim məktuba əməl etsin. Sən və şəhərinizdə olanların hamısı məktubda göstərilənlərə əməl etməlisiniz! İbrahim mənim məktubumu hamıya oxusun. Qoy heç kimdə şəkk-şübhə qalmasın... Allahın sonsuz rəhməti İbrahim ibn Əbduha, sənə və bizdən itaət edən bütün şəxslərə olsun. Mənim bu məktubu oxumuş şəhərinizdəki bütün şiələrim və o tərəflərdə haqdan dönməyən bütün şəxslər bizə çatdırılacaq şəri vergiləri İbrahim ibn Əbduha, o isə Raziyə,(Çox güman ki, Razidən məqsəd Rey şəhərindəki görkəmli şiə başçılarından və İmamın nümayəndələrindən biri olan Əhməd ibn İshaq Razidir.) ya da onun dediyi bir şəxsə təhvil verməlidir. Bu, mənim əmrimdir...".

Bu məktubdan şiələrin maddi vəziyyətini dirçəltməkdə böyük rol oynayan şəri vergilərin yığılması məsələsindən əlavə, belə başa düşülür ki, İmamın nümayəndələrinin müəyyən mərtəbələri olmuş, hər birinin fəaliyyət dairəsi həmin mərtəbəyə əsasən, müəyyən edilmişdi. Toplanmış şəri vergilər axırda əsas nümayəndəyə, ondan da birbaşa İmama çatdırlımalı idi. İmam Həsən Əskəri (əleyhis səlam) sanki İbrahim ibn Əbduhun fəaliyyət dairəsini müəyyənləşdirmək və onun mövqeyini möhkəmlətmək məqsədilə Abdullah ibn Həmdiveyh Beyhəqiyə yazdığı məktubda buyurur: "Mən İbrahim ibn Əbduhu o tərəflərin və sizin məntəqənin şəri vergilərini toplamaq üçün təyin etmişəm. O, şiələr yanında mənim sədaqətli və etibarlı nümayəndəmdir. Təqvalı olun, özünüzü gözləyin, şəri vergilərinizi ödəyin, heç kəs onu ödəməkdən boyun qaçırmaqda, ya onu kecikdirməkdə üzürlü sayılmır...". Deyəsən bəzi şiələr İmam Həsən Əskəri əleyhissəlamın İbrahim ibn Əbduh barədə yazdığı məktubda şəkk edib onun saxtalaşdırıldığını zənn etmiş, buna görə də İmam başqa bir məktubda yazmışdır: "Oranın (Nişaburun) şəri vergilərinin toplanılması üçün İbrahim ibn Əbduhun mənim vəkilim olması barədə oxuduğunuz məktub mənim öz xəttimlədir...".

İmam Həsən Əskərinin (əleyhis səlam) digər bir nümayəndəsi isə o Həzrətin yaxın dostlarından və Qum şiələrinin adlı-sanlı şəxslərindən olan Əhməd ibn İshaq ibn Abdullah Qummi Əşəri olmuşdur. Bəzi "rical" mütəxəssisləri onu qumlularla İmam Həsən Əskəri (əleyhis səlam) arasında vasitəçi və o Həzrətin yaxın dostlarından biri kimi qələmə vermişlər. Başqa alimlər isə onu İmamın vəkil və nümayəndəsi bilmişlər. "Biharül-ənvar" kitabında gəlmiş bir hədisdən belə başa düşülür ki, o, İmamın Qumdakı nümayəndəsi olmuşdur. Görkəmli tarixçi Məhəmməd ibn Cərir ət-Təbəri yazır: "Əhməd ibn İshaq Qummi Əşəri Şeyx Səduqun müəllimi və İmam Həsən Əskəri əleyhissəlamın nümayəndəsi olmuşdur. İmam Həsən Əskəri (əleyhissəlam) vəfat etdikdən sonra isə Həzrət Sahib əz-Zaman əleyhissəlamın nümayəndəsi olmuşdur. O Həzrət ona məktublar yazır, o da Qum və onun ətraf məntəqələrindən şəri vergiləri toplayıb ona çatdırırdı." O, (Əhməd ibn İshaq) Qum şiələrindən topladığı yüz altımış kisə qızıl-gümüşü İmam Zaman əleyhissəlama çatdırır ki, bu da toplanmış şəri vergilərin külli miqdarda olduğunu göstərir.

Əhvazlı İbrahim ibn Məhziyar da İmam Həsən Əskəri əleyhissəlamın nümayəndələrindən biri olmuşdur. O, topladığı bir qədər şəri vergini İmam Həsən Əskəri əleyhissəlama çatdıra bilməmiş, o Həzrətin şəhadətindən sonra İbrahim xəstələndiyindən oğlu Məhəmmədə vəsiyyət edir ki, yığılmış şəri vergiləri Həzrət Məhdi əleyhissəlama çatdırsın. O, atasının vəsiyyətini yerinə yetirərək atasının əvəzinə on ikinci İmamın nümayəndəsi təyin olunur.

İmam Həsən Əskəri əleyhissəlamın nümayəndələrinin başında Məhəmməd ibn Osman Əmri dururdu. Digər nümayəndələr isə onun vasitəsilə İmamla əlaqə saxlayırdılar. Onlar adətən topladıqları şəri vergiləri Məhəmmədə, o isə onları İmam Həsən Əskəri əleyhissəlama çatdırırdı.


Qasidlər və məktublar

İmam Həsən Əskəri (əleyhis səlam) şiə mərkəzlərində nümayəndələr təyin etməkdən əlavə, qasidlər vasitəsilə də şiələrlə əlaqə saxlayır və bu yolla onların müşkülatını həll edirdi. Bu sahədə İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın dostlarından biri olan Əbül-Ədyanın misilsiz xidmətlərini nümunə göstərmək olar. O, İmamın məktublarını müxtəlif yerlərdə yaşayan şiələrə çatdırır, eləcə də şiələrin İmama yazdığı məktubları, sualları, həmçinin, onların çətinlik və müşkütlatını, habelə İmama göndərdikləri şəri vergiləri Samirraya gətirərək İmama çatdırırdı.

Qasidlərdən başqa İmam Həsən Əskəri (əleyhis səlam) məktublaşma yolu ilə də şiələrlə əlaqə saxlayır və onları öz hidayət qanadı altına alırdı. İmamın ibn Babəveyhə yazdığı məktub bu məktublaşmalardan bir nümunədir. Bundan əlavə, o Həzrət Qum və Ave şəhərlərinin şiələrinə də iki məktub yazmışdır. Bu məktublar hədis kitablarında dərc olunmuşdur. Müxtəlif münasibətlərlə o Həzrətin yazdığı başqa məktublar da vardır. Bir rəvayətə görə İmam Həsən Əskəri (əleyhis səlam) şəhadətindən bir neçə gün qabaq hicrətin iki yüz altımışıncı ili rəbiül-əvvəl ayının səkkizində Mədinə camaatına çoxlu məktub yazmışdır.


İmamın tərbiyyə üsulu

İmam Sadiqin (əleyhis salam) nəslindən olan Әbülhəsən Qumda yaşayır və çirkin əməllər sahibi kimi tanınırdı. Bir gün Әbülhəsən Qum şəhərində imam Həsən Әskərinin nümayəndəsi olan Әhməd ibni Ishaq Әşərinin qapısına gələrək evə girmək üçün izn istədi. Lakin imamın nümayəndəsi onu gördüyü pis işinə görə qəbul etmədi.

Әbülhəsən kor-peşman evinə qayıtdı və ona edilən bu hörmətsizliyə görə çox narahat oldu.

Həmin ildə Әhməd ibni Ishaq Әşəri Məkkəyə getdi, qayıdanbaş imam Həsən Әskəri əleyhissalamın qapısına gələn Әşərini imam da qəbul etmədi.

Çox yalvar-yaxardan sonra imamın hüzuruna gəlib bu işin səbəbini soruşdu. Həzrət (ə) belə buyurdu: «Səninlə bizim əmioğlumuzla rəftar etdiyin kimi rəftar etdim».

Әşəri dedi: Ey Peyğəmbərin övladı, mən onu tərbiyələndirmək və gördüyü pis işlərindən uzaqlaşdırmaq üçün bu işi gördüm.

Həzrət (ə) buyurdu: «Sənin gördüyün iş doğru deyildi. Islamda yolunu azmış insanlarla belə rəftar etməzlər, əksinə onları hidayət edib doğru yolu göstərərlər.»

Әşəri Quma qayıtdı və bu münasibətlə hamı onun görüşünə gəlmişdi. Onların arasında Әbülhəsən də var idi. Әşəri onu görən kimi yerindən qalxıb ona hörmət etdi və öz yerini ona verdi. Әbülhəsən onun bu işindən heyrətlənib dedi: Bu işin keçmişdəki rəftarınla çox fərqlidir. Məni əhvalatdan xəbərdar et. Әşəri əhvalatı olduğu kimi ona danışdı. Әbülhəsən o qədər utanmışdı ki, evə qayıtdıqdan sonra pis işləri buraxıb təqvalı olmaq qərarına gəldi və ondan sonra zahid və pak kişilərdən oldu.


İmamın qeyb aləmi ilə əlaqısi

Bir çox kitablarda imamın möcüzəli işlərindən çoxlu rəvayət nəql olunub. Biz burada həmin rəvayətlərdən bir neçəsini qeyd edirik:

1. Cəfər Cürcani deyir: Həccə getmişdim və imam Həsən Әskəri əleyhissalamın hüzuruna gəldim. Dostlarının verdiyi pullar mənim yanımda idi. Imamdan pulları kimə verəcəyimi soruşmaq istəyirdim ki, hüzurunda olmaq şərəfinə nail olandan sonra mən heç bir söz demədən həzrət (ə) özü belə buyurdu: «Yanındakı pulları xidmətçim Mübarəkə ver.» mən pulları ona təhvil verib imama «gürgandakı dostlarınız sizə salam söylədilər» - dedim. Imam (ə) belə buyurdu: «Allah onları mükafatlandırsın. Sən Gürgana qayıtdıqdan sonra Allah sənə bir oğlan uşağı əta edəcək. Adını Şərif qoy. O, bizim dostlarımızdan olacaq. Allah-taala bizim dostlarımızdan olan Ibrahimə də bir oğlan uşağı əta edəcək. Ona da de ki, oğlunun adını Әhməd qoysun. O da bizim dostlarımızdan olacaq.» Mən imamla xudahafizləşib getdim və sonralar elə imamın buyurduğu kimi oldu.

2. Sünni alimlərindən Şəblənci, Әbu Haşimdən belə nəql etmişdir: Mən imamın əshabından dörd nəfərlə birlikdə zindanda idim. Həzrət (ə) bizim yanımıza gəldi. Biz onun ətrafına yığışıb söhbət etməyə başladıq. Bizim aramızda özünü Әli övladından sanan bir kişi də var idi. Həzrət ona işarə etdi ki, bayıra çıxsın. O, gedəndən sonra imam (ə) belə buyurdu: «Bu kişi yalan deyir. O, bizdən deyildir. O, xəlifənin casusudur və sizin haqqınızda məlumat hazırlayaraq paltarında gizlətmişdir ki, xəlifəyə çatdırsın». Biz onu gətirib paltarını axtardıq və imamın buyurduğu kimi bizim haqqımızda yazılmış məlumatı ondan tapdıq ki, əgər xəlifənin əlinə yetişsəydi, bizim hamımızı öldürərdi. Biz həmin kağızı məhv etdik və o gündən etibarən həmişə ehtiyatla hərəkət etməyi qərara aldıq.»

3. İbrahim adlı bir şəxs belə deyir: Mənimlə qardaşıma xəbər verdilər ki, atamız uzaq bir yerə səfərə gedib lakin ondan heç bir xəbər-əsər yoxdur. Qardaşımla birlikdə Mədinədnə Iraqa tərəf yola düşdük. Mən imam Həsən Әskəri əleyhissalamın yanına gedib ondan kömək almaq istəyirdim. Çünki imamlıq elmi ilə atamı tapmaq üçün mənə kömək edə bilən yeganə şəxs yalnız o həzrət idi. Uzaq yollardan gəlib o həzrətin qapısına yetişdim. Bir müddət orada oturdum. Bir nəfərin həzrətin evindən çıxmasını gözləyirdim ki, ona nə üçün oraya gəldiyimi deyim ki, o da imama xəbər versin. Düşüncəyə dalıb gələcəyimi düşünürdüm ki, elə bu zaman evin qapısı açıldı və həzrətin xidmətçisi bayıra çıxdı və «Mədinədən imamı görmək üçün gələn Ibrahim adlı müsafir sizin hansınızdır?» - deyə soruşdu.

Mən sevinə-sevinə yerimdən qalxıb «buyurun İbrahim mənəm» - dedim. O, mənə baxıb əlindəki kisəni mənə verdi və dedi: Imam buyurdu ki, yol xərclərini ödəyəcək pul bu kisədədi. Bunu al yoluna davam et. Çox keçməz ki, atanı taparsan. Mən təəccüblənərək kisəni aldım və öz-özümə dedim ki, mən hələ imamla görüşüb əhvalatı ona danışmamış, necə ola bilər ki, o həzrət (ə) mənim məqsədimdən xəbərdar olsun. Xidmətçiyə «məni həzrətin hüzuruna apar ki, atamın harada oludğunu mənə desin» - demək istəyirdim ki, birdən yadıma düşdü ki, o, imamın «yoluna davam et» - deyə buyurduğunu mənə bildirmişdi. Başqa bir tərəfdən isə sirli bir qüvvə məni Təbəristana doğru çəkir və məhz ora səfər etməyə məcbur edirdi. Mən də Təbəristana tərəf yola düşdüm. Oraya yetişəndən sonra bir müddət o yan-bu yanı gəzdim və nəhayət atamla qarşılaşdım. Ona tərəf qaçıb onu qucaqladım. Atamı tapa bildiyim üçün çox sevinirdim. Mən bütün əhvalatı təfsilatı ilə atama danışdım və ikimiz də başa düşdük ki, imam bizim gizli sirlərimizdən xəbərdar imiş. Mənim heyrətim o vaxt artdı ki, imamın mənə verdiyi puldan təkcə bir dirhəmin qaldığını gördüm; bu da mənə istədiyim yerə çatmaq üçün kifayət idi.

4. İsmail adlı bir şəxs isə belə deyir: Imam Həsən Әskərinin keçəcəyi yolun üstündə oturmuşdum ki, həzrət oradan keçəndə ondan köməklik istəyim. Mən qabaqca 200 qızıl sikkə gizlətmişdim ki, gələcəkdə çətinliyə düşəndə xərcləyəm. Düşüncəyə dalmışdım ki, birdən imam Həsən Әskəri əleyhissalam yanımdan keçdi. Ona tərəf qaçıb qabağını kəsdim və öz yoxsulluğum barədə danışıb and içdim ki, dünya malından heç nəyim yoxdur. Mənim and içməyim həzrəti narahat etdi. Lakin xidmətçisinə «yanında nə qədər pulun varsa bu kişiyə ver» - deyə buyurdu. Xidmətçi əlini cibinə salıb bir kisə qızıl çıxardıb mənə verdi. Sonra həzrət (ə) mənə tərəf dönüb belə buyurdu: «Biz heç kimi öz köməyimizdən məhrum etmərik. Lakin sən yalandan and içdin və Allahı qəzəbləndirdin. Bundan sonra heç vaxt bu işi görmə və Allahın nemətini danma. Həmişə Allaha ümidvar olub sənə verdiyi nemətdən istifadə et. Sən 200 qızıl sikkəni bir yerdə gizlətmisən ki, dar gündə işinə yarasın. Lakin bunu bil ki, möhtac olduğun vaxt onu tapmaycaqsan.»

İsmail belə davam edir: İmam (ə) bu sözləri ilə mənə necə yanıldığımı başa saldı və imamın buyurduğu kimi də oldu. Bir gün həmin sikkələrə ehtiyacım olduqda onları basdırdığım yerə getdim. Lakin oranı qazdıqdan sonra sikkələri yerində görmədim. Sonra aşkar oldu ki, oğlum məndən xəbərsiz sikkələrin hamısını götürüb qaçıb. Demək, imamın buyurduğu kimi ehtiyacım olanda sikkələri tapa bilmədim. Ondan sonra belə qərara gəldim ki, Allah qarşısında pak və əməli-saleh olub pis işlərdən çəkinəm.


İmamın öz səhabələrindən birinə yazdığı məktub

Həzrət (ə) öz əshabına məktublar yazıb göndərirdi. Həmin məktublardan biri Әli ibni Babviyhi Qumiyə yazılmış məktubdur. Bu məktubun bəzi hissələrinin tərcüməsi belədir: «Allaha həmd və sənadan sonra, sənə ki, bizim əshabımızdansan deyə tövsiyə edirəm: pəhrizkar olasan, camaatın səhvlərini bağışla, öz qəzəbinə hakim ol, qohumlarını-əqrabanı həmişə başa çıx, yoxsulların ehtiyaclarını təmin et, dinini düzgün şəkildə qiymətləndir, Quranı öyrən, namaz və ibadətlərinə diqqətli ol. Mənim əmirlərimi yerinə yetirmək və şiələrimi onları həyata keçirməyə vadar etmək sənin borcundur.


İmamın Şəhadəti

İmam (ə) dörd yaşında ikən atası ilə birlikdə Samirraya sürgün edilib xəlifənin əskərlərinin bazasında nəzarət altında saxlanıldı. Buna görə də Әskəri ləqəbi ilə məşhur idi.
Atasının şəhadətindən sonra Abbasi xəlifəsi Mötəmidin əmri ilə həbs olundu. Imamın paklığı bütün məhbusları ona tərəf yönəltmişdi və hamı o həzrətə bağlanmışdı. Xəlifənin məmurları hər gün imamın vəziyyəti barədə xəlifəyə məlumat verirdilər. Nəhayət o həzrət (ə) 260-cı hicri ilinin Rəbül-əvvəl ayının 8-də şəhid oldu və Samirrada atasınan yanında dəfn olundu.

Həzrətin şəhadətindən sonra azğın bir kişi olan və xəlifənin adamlarından sayılan qardaşı Cəfər Kəzzab meyidə namaz qılmaq istəyirdi. Lakin balaca uşaq olan imamın oğlu irəli gəlib əmisini dala itələdi və özü onun yerində dayanıb atasının meyidinə namaz qıldı. Imam Həsən Әskəri əleyhissalamın oğlu olan on ikinci imamın qısa qeyblik dövrü elə bu vaxtdan başlandı və yalnız xüsusi şiələri onun hüzuruna gəlmək şərəfinə nail ola bilirdilər. Lakin Abbasi xəlifələrinin o həzrətin gizləndiyi yeri tapmaq üçün cəhd etdiklərindən sonra onun uzun qeybət dövrü başlandı və o həzrətin inqilab edəcəyi günə kimi gizli qalacaqdır.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qurani-kərimi oxumağın qaydaları
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-2
Peyğəmbərimizin (s) Quran barəsində nigaranlığı
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ
Rüşvətə bürünmüş \"ədalət\"
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI
Nəfsani istəklərdən ən rəzili – həsəd
IMAM ӘLIYYӘN-NӘQI ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Quranın dünya görüşü
Qulun duası

 
user comment