Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə tarix boyu şiələr nə kimi nailiyyətlər qazanmışlar?

Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə tarix boyu şiələr nə kimi nailiyyətlər qazanmışlar?

Məscidul-əqsa əvvəlcə Ömərin xilafəti dövründə fəth edilmiş, son dövrlərdə də sünnü məzhəbində olan Səlahəddin Əyyubi onu azad etmişdir. Tarix boyu şiələrin nə kimi nailiyyətləri olmuşdur? Onlar bir qarış olsa belə, hər hansı bir ərazini fəth ediblərmi? Yaxud, islamın və müsəlmanların düşmənlərindən hər hansı birini geri oturdublarmı?
Qısa cavab

Sual verən şəxs sələfdən Ömər ibni Xəttaba, xələfdən isə Səlahəddin Əyyub olmaqla bu iki nəfərin adını çəkmişdir. Biz də həm sələf, həm də xələf əsrində şiənin apardığı cihad nümunələrini qeyd edirik. Sələf dövründə, yəni Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in dövründə cihadın ən çox məsuliyyəti və ağırlığı Əli (əleyhis-salam)-ın öhdəsində idi. لَا فَتَي إِلاَّ عَلِيٌّ لاَ سَيْفَ إِلاَّ ذُو الْفِقَارِ "Əlidən başqa pəhləvan, Zülfüqardan başqa qılınc yoxdur" hədisi də onun misilsiz şücaətləri barəsində deyilmişdir. Xəndək müharibəsində Peyğəmbər onun barəsində buyurmuşdu: "Bütünlüklə islam (və ya iman) bütünlüklə şirkin müqabilində qərar tutmuşdur."[1]

Əmirəl-möminin Əli (əleyhis-salam) islamı müdafiə edərək ərəblərin məşhur və şücaətli pəhləvanı Əmr ibni Əbdu Vuddu öldürən zaman özündən elə böyük şücaət və ixlas göstərdi ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) onun barəsində buyurdu:

لَمُبَارَزَةُ عَلِيٍّ لِعَمْرِو بْنِ عَبْدِ وُدٍّ (يَوْمَ الْخَنْدَقِ) اَفْضَلُ مِنْ عِبَادَةِ الثَّقَلَيْنِ، اَوْ اَفْضَلُ مِنْ اَعْمَالِ اُمَّتِي اِلَي يَوْمِ الْقِيَامَةِ

"(Xəndək günü) Əlinin Əmr ibni Əbdu Vuddlə mübarizəsi səqəleynin (insanların və cinlərin) ibadətindən üstün (və başqa nəqldə:) qiyamət gününə qədər ümmətimin bütün (yaxşı) əməllərindən fəzilətlidir."[2]

Gördüyünüz kimi, Əli (əleyhis-salam)-ın islamı müdafiə etməkdə sadəcə bir əməli qiyamət gününə qədər islam ümmətinin bütün əməllərindən üstündür. Xəlifələrin və onların ardıcıllarının fəthlərinin də öz yeri vardır. Amma Xeybərin fəthində Peyğəmbər Əli (əleyhis-salam) barəsində buyurdu: "O, həmişə hücum edən və heç vaxt qaçmayan bir insandır (pəhləvandır)." Halbuki, ondan qabaq döyüşə gedən iki nəfər (Əbu Bəkr və Ömər) müharibə meydanından qaçmışdılar.

Həzrət Əli (əleyhis-salam) müşriklərlə cihaddan əlavə, digər üç qrupla da cihad etmişdi: əhd-peyman pozanlarla, zalımlarla və itaətsizlik edən qiyamçılarla. O həzrətin bu üç qrupla müharibə aparacağını Peyğəmbər əvvəlcədən buyurmuşdu.

Bunlar şiə imamlarının fədakarlıqlarının cüzi bir hissəsidir. Amma şiələrin özlərinin əldə etdikləri nailiyyətlərə gəldikdə isə, bunu qeyd etmək kifayətdir ki, fəthlərin çoxunda Əlinin şiələri tam mənada iştirak edirdilər. Həmdan, Kində və s. müxtəlif Yəmən qəbilələrinin hamısı şiə idilər. Buna görə də onlardan bir qrupu Yəməndən İraqa köçərək orada məskunlaşmışdılar ki, islami fəthlərdə iştirak etsinlər.

Şamın, Diyarbəkrin və Kiçik Asiyanın fatehi Əbu Əyyub Ənsari idi ki, Peyğəmbər Mədinəyə köçəndə onu öz evinə qonaq aparmışdı, özü də Əli (əleyhis-salam)-ın xalis şiələrindən idi. Hal-hazırda onun İstanbuldakı qəbri müsəlmanların ziyarətgahıdır. Əli (əleyhis-salam)-ın mənəvi övladı olan Məhəmməd ibni Əbu Bəkr o həzrətin göstərişi ilə və islamı yaymaq üçün Misirə getdi və orada şəhid edildi. Bundan sonra bu məsuliyyəti Malik ibni Əjdər davam etdirmək üçün Misirə göndərildi, amma təəssüflər olsun ki, yol əsnasında Müaviyənin hiyləsi ilə zəhərləndirilib şəhid edildi. Onun da qəbri hal-hazırda ziyarətgahdır. Xəlifələrin dövründə şiə-sünnü arasındakı ixtilaf və fasilə hazırkı qədər deyildi; müxtəlif əqidələrə malik olmaqla hamı bir nəfər kimi islami fəthlərdə iştirak edirdi.

Qeyd olunanlar sələf dövrünün şiələri idi. Amma xələf şiələr barəsində bunu bilmək kifayətdir ki, müsəlmanların böyük vəzifələrindən biri olan ölkə sərhədlərinin qorunması əksər hallarda şiə dövlətlərinin vasitəsi ilə baş verirdi.

Şamda həmdanilər, Afrikanın şimalında fatimilər, Təbəristanda, Deyləmdə və Gilanda ələvilər islam sərhədlərini qoruyurdular. Hindistanda mövcud olan şiə dövlətləri bütpərəstliklə mübarizədə və islam dövləti təşkil etməkdə özünəməxsus rol ifa etmişdir. Hindistandakı Əkbərabad şiə dövlətlərinin mərkəzi idi.

Şiənin hərbi cihadları barədə əlavə məlumat almaq istəyənlər xanım doktor Səmirə Muxtar Leysinin yazdığı "Şiənin cihadı" adlı kitaba müraciət edə bilərlər.

İranın cənubunda səfəvilərin portuqaliyalı işğalçılarla müharibəsi, iranlıların şimalda ruslarla və cənubda ingilislərlə müharibəsi və s. şiələrin kafirlərlə mübarizəsinin qızıl səhifələrindəndir. Portuqaliyalılar Bəndər-Abbası (liman şəhərini) işğal edərək onun adını Bəndər-Gombrin qoyduqları zaman Şah Abbas Səfəvi şiələrin iman qüvvəsi ilə oranı azad etdi və adını yenidən Bəndər-Abbas qoydu. Nadir şahın bütpərəst hindularla mübarizəsi islamda cihad tarixinin ən böyük və qızıl səhifələrindən biri sayılır.

14-cü hicri əsrində (1920-ci miladi ilində) ingilislər İraqı işğal etdiyi zaman şiə mərcəiyyəti Ayətullah Məhəmməd Təqi Şirazinin rəhbərliyi ilə "Sovrətul-işrin" inqilabını bərqərar etdi və bu islam ölkəsini zəli sifətli ingilislərin murdar caynağından paklayaraq ölkənin istiqlaliyyətini qoruyub saxladı.

Son illərdə Livan hizbullah şiələri qəsbkar İsrailin köksünə ən böyük və öldürücü zərbələr endirdilər; Livanın islami müqavimət qüvvələri bir neçə mərhələdə bu ölkənin mərkəzinə qədər irəliləyən İsraili son dərəcə zillət, xarlıq və xiffətlə geri oturtdular və onlara elə göz dağı basdılar ki, indiyə qədər ərəb dövlətlərinin məcmusundan İsrailə belə bir zərbə vurulmamışdı. İran şiələri də bu ölkədə islami inqilabı qələbəyə çatdırmaqla istismarçı qərb qüvvələrini bu islam ölkəsindən qovub çıxartdılar. Bugünkü gündə İranın xalqı və dövləti təkcə Orta Asiyada deyil, bütün dünyada qərb istismarçıları ilə mübarizə bayrağını qaldırmışdır. İndiyə qədər bir çox ölkələr bu mübarizədə İran xalqının mübarizəsindən ilham almışlar. Livan, Fələstin, İraq, Sudan və s. ölkə xalqlarını qeyd etmək olar.

Şiənin hərbi cihadı barədə çox qısa məlumat verdik. Bu sualı verənlər təsəvvür edirlər ki, cihad yalnız hərbi cihaddır; amma elmi və mədəni cihadın əzəmətindən tamamilə qafil qalmışlar.

Əgər qələm, elm, mədəni-maarif cihadı olmasaydı, canından keçən fədakar əsgərlər mübarizə meydanda heç vaxt bu qədər rəşadət göstərməzdilər.

Əhli-beyt imamları Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu demişlər: "Üç şey pərdələri yarır və ilahi dərgaha nail olur: 1. Alimlərin qələminin səsi, 2. Cihad edənlərin ayaqlarının səsi, 3. Təqvalı qadınların yun əyirməklərinin səsi."[3]

Həmçinin buyurmuşdur: "Ən yüksək cihad zalım hakimin yanında haqq sözü deməkdir."[4]

Zalım hakimlərin qılıncı və ya zəhəri ilə şəhadət camını içən məsum şiə rəhbərləri məhz həmin zalım hakimlərin qarşısında haqq sözü dediklərinə görə şəhadətə çatmışlar. Halbuki şiədən başqa digər qruplar Bəni-üməyyə və Bəni-abbasın zalım və qaniçən xəlifələri ilə sazişçilik və həmkarlıq edirdilər. Yalnız azsaylı insanlar bu məsələdən müstəsnadır ki, onlar da hesaba gəlməz.

Bəzi insanlar təsəvvür edirlər ki, cihad meydanı təkcə hərbçilərin meydanıdır, lakin tarix bunun tam əksinə şəhadət verir. Şiə alimləri və mütəfəkkirləri həqiqi islam elmlərini və maarifini yayaraq mədəni-maarif cihadı etdiklərinə görə zalım hakimlərin tərəfindən şəhid edilmişlər: onlar ya qılıncla qətlə yetirilmiş, ya dar ağacından asılmış, bəzi hallarda isə diri-diri yandırılmışlar.[5]

Bütün şiə və sünnü alimləri bu həqiqəti etiraf edirlər ki, islami elm və maariflərin təqribən əksəriyyətinin bünövrəsi şiə imamları və onların ardıcıllarının tərəfindən qoyulmuşdur. İkinci əsrdən beşinci əsrə qədər baş verən böyük mədəni-islam intibahı şiə imamları və onların şagirdlərinin yorulmaz elmi səylərinin nəticəsində hasil olmuşdur.

Sünnü və şiə alimlərinin yekdil nəzərinə görə Əhli-beyt imamları tərəfindən əsasi qoyulan elmlərdən biri nəhv (sintaktika) elmidir. Bu elmin külli qaydaları imam Əli (əleyhis-salam) tərəfindən icad olunmuşdur ki, onun sayəsində müsəlmanlar Quranı, Peyğəmbər sünnətini və digər ərəb mətnlərini düzgün şəkildə oxuya bilsinlər. Həzrət Əli (əleyhis-salam) bu elmin təfərrüatını öz şagirdi Əbul-Əsvəd Duəliyə həvalə etmiş və o da nəhv elminin incəliklərini o həzrətin nəzarəti altında qələmə almışdır. O bu işi görmüş və ondan sonra nəhv elmindən istifadə etməklə ilk dəfə Qurana hərəkə qoyulmuşdur. Bir əsrdən sonra Əli (əleyhis-salam)-ın şiələrindən digər biri olan Xəlil ibni Əhməd Fərahidi (o bəzi islam elmlərinin əsasını qoymuşdur) Qurana hərəkə qoyulmasını təkmilləşdirmiş və hazırkı formaya salmışdır.

Buna əsasən islamın əvvəllərindən indiyə qədər həm şiələr, həm də sünnülər Qurana hərəkə qoyulduğuna görə düzgün şəkildə oxuya bildikləri üçün Əli (əleyhis-salam)-ın özünün, şagirdlərinin və şiələrinin yorulmaz səylərinə borcludurlar.

Şiələr iftixar edirlər ki, özlərinin qələm və mədəni cihadı ilə həqiqi Peyğəmbər sünnətini və düzgün islam təfəkkürünü bütün dünyaya təqdim etmişlər. Bu da Əhli-beyt təlimlərində "Quranın bərabəri" kimi qələmə verilir.[6]

Bundan əlavə, əgər ayrı-ayrı insanların şəxsiyyət və üstünlüyü onların hökumətlərinin coğrafi hüdudları ilə ölçülürsə, onda əvvəldəki iki xəlifə Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən də üstün sayılmalıdır! Çünki Peyğəmbərin dövründə islamın əldə etdiyi qüdrət bu iki xəlifənin dövründə mövcud olan qüdrətdən çox-çox az idi. Əgər doğrudan da meyar hökumətin coğrafi sərhədlərinin genişləndirilməsi olsaydı, Harun ər-Rəşidin dövründə islam günəşi hər bir zamandan artıq parlayırdı. Onda belə çıxır ki, Harun hamıdan, hətta Peyğəmbərdən və xəlifələrdən də üstündür!

İslam sərhədlərinin genişləndirilməsi əslində bu iki xəlifənin xilafəti sayəsində yox, islamın ruhoxşayan və qəlblər tərəfindən qəbul edilən təlimləri sayəsində olmuşdur, camaat da öz zalım hökumətlərindən cana gəlib nalə edirdilər.

"La ilahə illəllah" nidası həmişə ədalət və müsavat şüarları ilə yanaşı müxtəlif insanlar arasında çox yüksək cazibəyə malik idi və ayrı-ayrı xalqları islama doğru cəzb edirdi. Eyni halda, islamın genişlənməsində bu müqəddəs dinin gətirdiyi cihad və şəhadət mədəniyyətinin rolunu görməməzliyə vurmaq olmaz.

Bundan əlavə, imam Əli (əleyhis-salam)-ın xilafəti dövründə icad edilən ixtilaf və ikitirəlilik əvvəlki xəlifələrin yanlış hökumət və idarəçilik üslubunun təbii nəticəsi idi. Xüsusilə üçüncü xəlifənin dövründə ədalət və insanları sevmək kimi hislər tamamilə unudulmuş, bu hislər öz yerini mal-dövlət yığmağa və qəbilə təəssüblərinə vermişdi. İmam (əleyhis-salam) dünyaya məftun və qızıl-gümüş toplamaq fikrində olan bu adamları Peyğəmbərin dövründə olduğu şəraitə qaytarmaq istəyirdi. Məhz bu zaman dünyaya məftun olanlar belə bir ilahi-ədalət hökuməti ilə müxalifətə qalxdılar. Onlar əvvəllər ümumxalq əmlakından mənimsədikləri maddi imkanlarla Əli (əleyhis-salam) ilə müharibə aparmaq üçün böyük bir ordu təşkil etdilər. İmam Əli (əleyhis-salam) da Peyğəmbərin əvvəlcədən vermiş olduğu fərmana və Quranın aşkar bəyanına əsasən onlarla müharibə apardı.[7]

Deməli, bu ixtilafların mənşəyi Əli (əleyhis-salam)-ın hökuməti yox, əksinə o həzrətin ilahi ədalət hökumətini qəbul etməyə tab gətirə bilməyən əvvəlki yanlış tərbiyələrin nəticəsi idi.[8]

 

[1] "Kəşful-ğummə", 1-ci cild, səh. 205; "Yənabiul-məvəddət", səh. 94 və 95; "Elamul-vəra", səh. 194; "Nəhcul-bəlağə"nin şərhi, İbni Əbil-Hədid, 13-cü cild, səh. 261, 285, 19-cu cild, səh. 61; "Məcməul-bəyan", Təbərsi, 8-ci cild, səh. 343

[2] "Müstədrək", 3-cü cild, səh. 32; "Mənaqib", Xarəzmi, səh. 58; "Şərhi Məvaqif", 8-ci cild, səh. 371; "Fəraidus-simteyn", 1-ci cild, səh. 256: "Tarixi Bağdad", 13-cü cild, səh. 19; "Şəhavidut-tənzil", 2-ci cild, səh. 14; "Təfsiri Kəbir", Fəxr Razi, 32-ci cild, səh. 31; "Şərhi Məqasid", Təftazani, 5-ci cild, səh. 298; "Məcməul-bəyan", 8-ci cild, səh. 343

[3] "Əşşəhabu fil-hikəm vəl-adab", səh. 22; Məhəmməd Təbərinin "Şiə cavanlarına cavab", səh. 134-dən nəqlən:

ثَلاَثَةٌ تَخْرِقُ الْحُجُبَ وَ تَنْتَهِي إِلَي مَا بَيْنَ يَدَيِ اللهِ، صَرِيرُ أَقْلاَمِ الْعُلَمَاءِ وَ وَطْءُ أَقْدَامِ الْمُجَاهِدِينَ، وَ صَوْتُ مَغَازِلِ الْمُحْصَنَاتِ

[4] "Əvalil-ləali", 1-ci cild, səh. 432, hədis 131:

قَالَ رَسُولُ اللهِ ص أَفْضَلُ الْجِهَادِ كَلِمَةُ حَقٍّ عِنْدَ سُلْطَانٍ جَائِرٍ

[5] Əmini, "Fəzilət şəhidləri", Təbəri, Məhəmməd, "Şiə cavanlarına cavab", səh. 135-dən nəqlən

[6] Təbəri, Məhəmməd, "Şiə cavanlarına cavab", səh. 131-135

[7] "Səhihi İbni Hibban", 15-ci cild, səh. 285, hədis 6937; "Müstədrək", Hakim, 3-cü cild, səh. 122; "Müsnədi Əhməd", 17-ci cild, səh. 360, hədis 11258. Məhəmməd Təbərinin "Şiə cavanlara cavab", səh. 106-107 dən nəqlən

[8] Təbəri, Məhəmməd, "Şiə cavanlara cavab", səh. 105-107

 


source : www.islamquest.net
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...
Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan ...
GƏNCLƏR VƏ ONLARIN SƏLAHIYYƏTLƏRI
TƏBUK MÜHARİBƏSİ
Riya və təkəbbür
ƏLİNİN (Ə) ŞƏHАDƏTİNDƏN SONRА İSLАMIN ƏHАTƏ DАİRƏSİ
İSLAMDAN SONRA MİSİRDƏ BAŞ VERƏN İKİ MÜHÜM HADİSƏ
SÜLEYMAN İBNİ ƏBDÜLMƏLİK

 
user comment