Azəri
Friday 29th of March 2024
0
نفر 0

Fatimeyi-Zəhranın (ə) Əlinin (ə) elçiliyinə cavabı

 

Həyat yoldaşı seçmək hər bir cavanın – istər qız olsun, istər oğlan – həyatının ən həssas mərhələlərindən biridir. Evlənmə, ərəgetmə - müştərək bir həyatın, birgə ömrün taleyinin seçilmə mərhələsidir, bir sıra qüvvətli nəsillərin tarixinin mühüm yaradıcı dayağı və sabahkı cəmiyyətin övladları, nəvələri, qurucuları üçün gələcəyin bünövrəsidir. Deməli, təbii olaraq, evlənmə, ərəgetmə məsələsi şəxsi, xüsusi bir iş çərçivəsindən çıxaraq ictimai-sosial və tarixi səciyyə daşıyır. Bu isə öz-özlüyündə aydındır ki, bir çox millətlərin taleyində, gələcək tarixində mühüm və taleyüklü rol oynayır.

Buna görə də layiqli həyat yoldaşı seçmək çətin işdir, xüsusilə də qızlar üçün o qədər də asan və sadə bir məsələ deyil. Əksinə, bu mühüm iş ölçülüb-biçilmiş əsaslar və qanunlar, əsrlərlə mövcud olan sabit dəyişilməz qaydalar üzərində qurulmalıdır. Bu işdə Allah eləməmiş, kiçicik bir xətaya, yanlış hərəkətə yol verilməməlidir. Deməli, bu barədə ən etibarlı üsul, sözsüz ki, İlahi qanunlarına, əbədi səma təlimlərinə əməl etməkdir. Bu qanun və təlimlər isə bəşər övladına öyrədir ki, ata və ana həm adi, həm də ümumi şəraitdə həmişə bu barədə övladlarından daha çox təcrübəlidir. Onlar daha çox canyananlıq və qayğı ilə, ani, ötəri hisslərə qapılmadan lazımi və düzgün qərar çıxara bilirlər. Buna görə də ata və ana ilə məsləhətləşmək, onların razılığını almaq qızların ərə getməsi üçün başlıca şərtlərdən sayılır. Bəziləri bunu gənclərin ən vacib və zəruri dini-bəşəri vəzifələri sırasında hesab edərək bu cəhəti nəzərə almamağın zərərli olduğunu göstərmişlər. Bununla belə nəzərə almaq lazımdır ki, bu icazə və razılıq da gərək düzgün və ağıllı, məntiqi və məqsədyönlü əsaslara söykənmiş olsun. Əgər ata və ana nadanlıq, düşmənlik, tərslik üzündən bu məsələyə zidd çıxsalar və ya bu hüquqlardan sui-istifadə edərək ağıllı dəlil gətirmədən yalnız qeyri-məntiqi şəxsi mülahizələrini əsas götürsələr, onda onların bu hüququ inkar edilir. Məhz buna görə də hər bir qız özü üçün layiqli, ürəyi istəyən həyat yoldaşı seçməsi məsələsində razılığı və sərbəstliyi müqəddəs İslam şəriətində mükəmməl şəkildə nəzərdə tutulmuş və bu barədə müsəlman qızlarına elə geniş hüquqlar verilmişdir ki, onların bənzərini heç bir başqa dində tapmaq mümkün deyil.

İlahi məramların nəzərə alınmasının əsasını qoyan, onları icra edən, səma qanunlarını yer üzündə yerinə yetirən kəramət sahibi Peyğəmbər (s) qızı Fatimənin (ə) özünə həyat yoldaşı seçməsini onun öhdəsinə qoydu və bu barədə kiçicik bir təzyiq belə göstərmədi. Qızın öz fikrini azad şəkildə bildirməsinə, İslam hüququna əməl etməsinə böyük ehtiramla yanaşdı ki, bu iş İslam cəmiyyəti və tarixi üçün bir nümunə olsun. Burada diqqəti cəlb edən bir mühüm cəhət var: Peyğəmbər (s) yaxşı bilirdi ki, Fatimənin (ə) ərə getməsi məsələsi ilə təkcə onun gələcəyinin taleyi yox, eyni zamanda bəşər cəmiyyətlərinin, İslamın gələcək nəsillərinin xeyir və əmin-amanlığı həll olunur.

İslam peyğəmbəri (s) indiyədək bir neçə qızını ərə vermişdi və heç zaman onların iradə və ixtiyarlarını əllərindən almamışdı. İslamın şücaətli, qoçaq əsgəri Əli bin Əbu Talib (ə) Zəhrayi-Mərziyyə (ə) üçün İslam peyğəmbərinin (s) yanına gəldikdə o həzrət buyurdu: “İndiyədək bir neçə nəfər də elçiliyə gəlmiş və mən şəxsən bu məsələ haqqında qızımla məsləhətləşmişəm. Amma o razı olmadığı üçün üzünü çevirmişdir. İndi də sənin elçiliyini ona çatdıraram.”

Peyğəmbər (s) qızı Zəhranın (ə) yanına getdi və məsələni əziz qızına açıb dedi. Zəhra əvvəlki dəfələrin əksinə olaraq bu dəfə üzünü döndərmədi və öz sükutu ilə razılığını anlatdı. Kəramət sahibi Peyğəmbər (s) “Allahu Əkbər” deyə-deyə bayıra çıxdı və qızının sükutunun razılıq –xoşluq əlaməti olduğunu bildirdi.”

Beləcə, Fatimə ilə Əli (ə) evləndilər. Bu evlənmə doğrudan da, iki nurun əsl qovuşması idi. Elə iki nurun ki, bir-birinin kənarında imamlığın parlaq günəşini bəşəriyyət üfüqündə ucaldaraq hər yerə işıq saçdılar...

Sadə və kiçik cehiz

İnsan yaranışının ilkin mərhələsindən başlayaraq onun ən zəruri və təbii ehtiyaclarından biri ailə qurmaq və evlənmək olmuşdur. Bəşərin davamı, nəsillərin artması sözsüz ki, bu məsələ ilə sıx bağlıdır. Buna görə də evlənmə məsələsi bəşər cəmiyyətində ibtidai insan dövründən tutmuş onun ən inkişaf etmiş zamanına kimi diqqət mərkəzində olmuşdur. Bütün din və məzhəblərdə də evlənmə üçün xüsusi qanun-qaydalar nəzərdə tutulmuşdur. Bu qanun-qaydalar olmadan nəinki ailələrin əsası və cəmiyyətlərin bünövrəsi dağılır, eyni zamanda insan nəslinin həlatı da heyvanlara məxsus bir hal alır, yəni insanlıq mənəviyyatı və dəyəri məhv olur, bəşər şəxsiyyəti, bəşər siması tamamilə pozulur.

Buna görə də, İslamın İlahi ayini bu mühüm və həyati məsələ üçün də elə müqəddəs qanun-qaydalar qoymuşdur ki, onlar həm bəşərin davamı üçün zəmindir, həm də hər bir fərdin, ailə və cəmiyyətin mənəviyyatının, bəşəri dəyərlərinin qorunması üçün vacib şərtlərdir. Burada bir mühüm cəhəti xüsusi qeyd etmək lazımdır: İslam bu zəruri və təbii məsələyə ən təbii və sadə şəkildə yanaşmış və onun hər cür dəbdəbədən kənar, ağır və əl-ayağı bağlayan şərtlərdən uzaq bir şəkildə həllini nəzərdə tutmuşdur. İslamda evlənmənin əsas şərtlərinə, o cümlədən evlənmə yolundakı maneələrə, qadağanlara ötəri bir nəzər də kifayətdir ki, bu müqəddəs, İlahi ayinin evlənmə və ailə qurmaq məsələsində də insanın öz təbii ehtiyaclarını əsas götürdüyünü təsdiqləyək. İslam bu məsələdə qadın və kişinin sadə və təbii bir şəkildə bir-birinə qovuşmasını, evlənməsini əsas götürmüş və qadınla kişinin qanuni və təbii şəkildə evlənməsi yolundakı bütün əngəlləri, o cümlədən cahiliyyə dövründə və ya başqa din və cəmiyyətlərdə mövcud olan maneələri aradan qaldırmışdır. Elə buna görə də İslamda qadınla kişinin ən sadə və dəbdəbəsiz bir şəkildə evlənməsinə üstünlük verildiyinin şahidi oluruq. İslam evlənmə məsələsindəki ağır öhdəlikləri, müxtəlif çətin şərtləri ailə qurma yolunda maneə hesab edərək bunun son nəticədə bəşər cəmiyyətində fitnə-fəsada, pozğunluğa bais olacağını, qeyri-qanuni əməllərə gətirib çıxaracağını göstərmişdir. İslamda evlənmənin sadəliyi və dəbdəbədən uzaq olması hər şeydən əvvəl bu baxımdan diqqəti cəlb edir ki, ümumiyyətlə, İslamda həyati məsələlərin bünövrəsi maddi əsaslar üzərində qurulmadığı kimi, ayrı-ayrı şəxslərin nüfuz və hörmətindən, ad-sanı və nəslinin əsl-köklü olmasından da asılı deyil. Əksinə, həmin bünövrə yalnız və yalnız mənəviyyat və dindarlıq, iman və paklıq, nəciblik və bəşəri kamillik üzərindədir. Müsəlman qadın və kişilərin birgə həyatının əsasını, bütövlükdə İslam cəmiyyətinin bünövrəsini bu keyfiyyətlər təşkil edir. Buna görə də evlənmə məsələsində dəbdəbə və ağır öhdəliklər nəinki İslamda nəzərdə tutulan sadə və təbii evlənmə mərasiminə aiddir, həm də bir çox ailə-məişət pozğunluqlarının, fitnə-fəsadın mənbəyi, köküdür. Çünki ağır evlənmə şərtləri, dəbdəbəli evlənmə xərci təbii ki, hamı üçün yerinə yetiriləsi deyil. Ona görə də belə şəxslər qanuni evlənmə şərtlərini yerinə yetirməyə, müqəddəs ailə həyatını qurmağa qadir olmadıqlarını bilərək məyus olur, ruhdan düşürlər və bu mübarək, hörmətə layiq işdən boyun qaçırırlar. Bu isə son nəticədə həm onların pozğunluğa yuvarlanmasına gətirib çıxarır, həm də cəmiyyətdə fitnə-fəsadın yayılmasına səbəb olur.

İlkin İslam cəmiyyətlərində müsəlmanların evlənmə məsələsinə qısa bir baxış göstərir ki, ailə qurmaq bu cəmiyyətlərdə nə dərəcədə müqəddəs və pak bir əməl sayılmış və necə bir sadəlik və təbiiliklə icra olunmuşdur. Xüsusilə də, İslam peyğəmbərinin (s) alicənab qızının necə və nə tərzdə ərə getməsinə, Əli (ə) ilə necə müqəddəs ailə qurmasına diqqət yetirdikdə bu həqiqət açıq-aşkar üzə çıxır. Həmin evlənmə bu pak və təmiz, namuslu və fəzilətli ailənin ardıcılları olmaq istəyənlər üçün ən ali və ən gözəl nümunədir.

İslam tarixçilərinin hamısı qeyd edir ki, Peyğəmbərin (s) gözünün işığı Fatimeyi-Zəhranın (ə) İslamın şahsuvarı Əli (ə) ilə mübarək evlənmə mərasimi olduqca sadə və təbii bir şəkildə oldu. Düzdür, o vaxtlar evlənmə mərasimləri ümumiyyətlə sadə və təbii olurdu, lakin o müqəddəs vücudun evlənmə mərasimi həddindən artıq sadəliyi və bər-bəzəkdən uzaqlığı ilə seçilirdi. Bu nümunəvi evlənmə o dərəcədə sadə və təmtəraqdan uzaq idi ki, Fatimənin (ə) kəbin haqqı və nigahla evlənmə xərcinin hamısı cəmi dörd yüz səksən dirhəmə başa gəldi. Həmin məbləği də alicənab kürəkən öz zirehini satmaq yolu ilə əldə etmişdi.

Bəli, elçilik mərasimi qurtardıqdan sonra toy mərasiminin xərcindən söhbət düşdükdə məlum oldu ki, Əlinin (ə) nə nağd pulu var, nə dar gün üçün saxladığı əmanəti, nə də satlıq bir ev əşyası. O həzrət axırda öz döyüş zirehini satmağa məcbur oldu (onsuz da o qoçaq və qəhrəman cəngavərin – düşmənin canına od salan şücaətli döyüşçünün döyüş zirehinə ehtiyacı yox idi). Mərhəmətli Peyğəmbər (s) də həmin zirehin puluna Zəhranın (ə) ehtiyacı üçün ən zəruri olan ev əşyalarını aldı. İndi “cehiz” adlanan həmin əşyalara ən azı birgə həyata təzə qədəm qoyan hər bir cavan ər-arvadın ehtiyacı var. Beləliklə, Allahın Rəsulunun (s) qızının cehizi aşağıdakı geyim və ev əşyalarından ibarət idi:

1. Qiyməti 7 min dirhəm olan bir dəst qadın köynəyi;

2. Qiyməti 4 min dirhəm olan bir böyük baş yaylığı;

3. Qara Xeybər qətifəsi (hamam dəsmalı);

4. Xurma lifindən düzəlmiş bir taxt;

5 Üzü Misirdə toxunmuş qaba kətan parçadan olan iki dəst yorğan-döşək: birinin içi xurma lifindən, o birinin içi qoyun yunundan idi;

6. Taifin gön dərisindən hazırlanmış dörd ədəd mütəkkə (yastıq);

7. Nazik yun parça;

8. Otağa döşəmək üçün bir ədəd həsir;

9. Bir əldəyirmanı. Fatimeyi-Zəhra (ə) ev üçün lazım olan unu mübarək əli ilə həmin əldəyirmanında çəkirdi;

10. Bir mis teşt;

11. Bir kiçik su tuluğu;

12. Bir taxta kasa;

13. Bir aftafa;

14. Bir yaşıl bardaq;

15. Bir neçə saxsı kuzə;

16. Dəridən düzəldilmiş bir süfrə;

17. Pambıqdan toxunmuş bir əba.

Tarix kitablarında yazıldığı kimi, kəramət sahibi Peyğəmbər (s) öz mübarək alilə bu cehizləri qızına bağışladı və öz mübarək kəlamı ilə ona xeyir-dua verdi. Buna görə də həmin sadə və kiçik cehizi bütün dünyanın ən qiymətli və misli-bərabəri olmayan bir cehizi hesab etmək lazımdır. Bəli, bu kiçik ev əşyaları gəlinin cehizi kimi hazır olanda onları Peyğəmbərin (s) hüzuruna gətirdilər. Kəramətli Peyğəmbər (s) o əşyaları mübarək əli ilə o tərəf bu tərəfə çevirib hamısına baxdıqdan sonra əzəmətli və müqəddəs səsi ilə buyurdu: “İlahi, ev əşyalarının çoxu gil və saxsı qablardan olan bu ailəni xoşbəxt et...”

Beləliklə, dünyanın ən böyük və ən müqəddəs şəxsiyyətinin – paklarının pakı olan Fatimənin (ə) cehizi təfərrüatı ilə yuxarıdakı əşyalardır. Bu cehiz tarixi baxımdan əvəzsiz və bənzərsiz olmaqla bərabər, müqəddəs bir ailə qurmağın yaddaşlardan silinməyən, parlaq dərslərini bizə öyrədir. Pakların pakı Zəhranın (ə) cehizinə diqqət yetirdikdə onda minlərcə elə gizli mətləblər, rəmzi dərslər aşkar etmək olar ki, onlar bütövlükdə cehizin çoxluğunun, cehizə göz dikməyin, gündən-günə onun sayını və qiymətini artırmağın, bir sözlə, əslində evlənmə mərasiminin dəbdəbəli və təntənəli olması xatirinə onu bir növ “yarışa” çevirməyin yeni ailə quran cavanların xoşbəxtliyi çün heç bir zəmanət vermədiyini sübut edir. Belə bir “yarış” nəticəsində cavanların çoxu evlənə bilmir, bu isə öz-özlüyündə ruhi və əsəbi xəstəliklərin yaranmasına, fitnə-fəsadın, pozğunluğun, əxlaqsızlığın yayılmasına, müxtəlif xəstəliklərin artmasına, bir sözlə sağlam İslam cəmiyyətinin süqutuna gətirib çıxarır. Peyğəmbərin (s) qızı və şiələrin birinci imamının evlənmə qaydası, ailə qurma tərzi həqiqətən böyük bir elmi dərsdir, keçmişin və bugünün zərərli adət-ənənələri ilə barışmaz bir mübarizədir. Elə bir adət-ənənə ilə mübarizədir ki, əxlaq və mənəviyyata, fəzilət və daxili gözəlliyə, daxili dəyərlərə deyil, mal və sərvətə, gözqamaşdıran dəbdəbə və təntənəyə fikir verir. Belə bir adət-ənənənin daşıyıcıları bilmirlər ki, mənəviyyat, gözəl əxlaq olmadan heç bir sərvət, hətta bir günlük, bir anlıq xoşbəxtliyi belə təmin edə bilməz.

Fatimənin (ə) vəfatı

Fatimeyi-Zəhranın (ə) canlar yaxan vəfatı İslam tarixində ən qəmli, ən dərdli səhnələr yaratmış və zəif-gücsüz bəşərin, özünü sevmə, mənfəət güdmə, şöhrətpərəstlik və vəzifəpərəstlik kitabında qaranlıq və qara səhifələr əmələ gətirmişdir. O bəşər ki, əhd-peymanını tez unudur, dostluğu ayaq altına alır, mənəviyyatı dünya malına qurban verir və bütün bunları qüdrət taxt-tacına iki gün də artıq söykənmək, vəzifəpərəstlik arzusuna çatmaq xatirinə edir... O bəşər ki, dünyəvi məqsədlər üçün bəzən elə qəlbiqara və yaramaz olur ki, hətta Peyğəmbərin (s) buyurduqlarını, tövsiyələrini də yaddan çıxarır və o həzrətin nəslinə, Əhli-beytə (ə) və Allahın Elçisinin (s) sevimli yadigarına olmazın cəfa və zülmlərini rəva görür...

Fatimə (ə) cavanlığının çiçəklənən dövründə, İslam peyğəmbərinin (s) vəfatından azacıq sonra vəfat etdi. Fatimənin (ə) vəfatı nə qədər ağır olsa da, gözlənilməz deyildi, çünki Peyğəmbər (s) yatağa düşərkən Zəhranın (ə) tezliklə bu dünyadan köçəcəyini və ona qovuşacağını mübarək dili ilə əziz qızına xəbər vermişdi. Bəlkə də bu səbəbdən idi ki, Fatimə (ə) atasından ayrı düşdüyü o qara və əzablı günlərə nə qədər ağır və əzabverici olsa da, dözdü və ömrünün həmin qısa, dərdli dövrünü başa vura bildi...

Fatimənin (ə) vəfat səhnəsinə nəzər salmaq üçün bir qədər geriyə qayıdaq...

Peyğəmbərlik günəşinin sönməsi

Hicrətin 10-cu ilinin səfər ayının iyirmi səkkizinci (miladi tarixlə 631-ci ilin mayı) İslam tarixində ən çətin və dərdli gün idi. Həmin gün Fatimənin (ə) həyatında da ən dərdli gün idi. Bu ağır gündə bəşəriyyətin böyük rəhbəri və xilaskarı, rəhmət və mərhəmət Peyğəmbəri, Allahın sonuncu elçisi, peyğəmbərlik silsiləsini başa vuran, İlahi vəhyin Əmini, dinsizlik və bütpərəstliyin kökünü kəsən – həzrət Məhəmməd bin Abdullah (s) dünyasını dəyişdi...

Həmin gün bütün Mədinəni iztirab və təşviş bürümüşdü. Peyğəmbərin (s) dostları, yaxınları gözləri yaşlı, qəlbləri yaralı halda Peyğəmbərin (s) evinin ətrafında toplaşmışdılar. Onlar qəmli, kədərli halda gözlərini qapıya dikərək Allahın Elçisinin (s) xəstəliyindən xəbər tutmaq istəyirdilər. Peyğəmbərin (s) dostları, yaxınlarının qəlbi ağır əzab və iztirabla döyünürdü. Onların narahatlıq və nigaranlığı hər an artırdı. Peyğəmbərin (s) halı və xəstəliyi ilə bağlı xəbərlər hər an bayırdakılara çatdırılırdı. Bu xəbərlər o həzrətin (s) halının get-gedə pisləşdiyini və sağalmasına heç bir ümidin qalmadığını bildirirdi.

Evin ətrafında dövrə vurub gözləri yaşlı halda, qəhərdən boğulanlar içəridən gələn xəbərləri eşitdikcə bilirdilər ki, Peyğəmbərin (s) həyatının son şölələrindən cəmi bir neçə saat qalıbdır. Peyğəmbərlik günəşi bir an sonra sönüb batacaqdır...

Allahın Rəsulunun (s) yataqda uzandığı otaq balaca idi. Müsəlmanların ora toplaşması və Peyğəmbərin (s) yaxın adamlarının gedib-gəlməsi mümkün deyildi. Ona görə də Peyğəmbərin (s) ev əhlindən başqa heç kəs həmin otağa get-gəl etmirdi. Peyğəmbərin (s) əziz qızı və yeganə sevimli yadigarı Fatimə (ə) atasının yatağının kənarında dizlərini qucaqlayaraq oturmuşdu. Yaşlı gözləri atasının nurani sifətinə dikilmişdi. Fatimə (ə) görürdü ki, mirvari danələrinə bənzər ölüm təri atasının alnından süzülərək mələk sifətinə damcılayır...

O qəmli anlarda Fatimə (ə) qəlbi hüznlü, gözləri yaşlı və boğazı qəhərdən tutulmuş halda Əbu Talibin alicənab İslam peyğəmbəri (s) haqqında qoşduğu nəğmələrdən birini zümzümə edirdi:

“O cazibəli və parlaq sifətin ehtiramına

Buluddan yağış yağdırması istəyi dilə gəlir,

O, yetimlərin pənah yeridir, dul qadınları

Qoruyan şəxsiyyətdir.”

Peyğəmbər (s) üçün həmişə ən gözəl və ürəkaçan səslərdən olan Fatimənin (ə) tutulmuş və qəmli avazı o həzrətin qulağına çatdı. Bu tanış səsi eşitcək qapalı gözlərini açıb yavaş səslə qızına buyurdu:

“Bu Əbu Talibin mənə qoşduğu şerdir. Amma yaxşı olar ki, o şerin əvəzinə Quranın bu ayəsini ucadan oxuyasan:

“Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (“Dininizdən dönəcək və ya döyüşdən qayıdacaqsınız?”) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükr edənlərə mükafat verir.”

Allahın Rəsulunun (s) həyatının o son dəqiqələrində şer əvəzinə Quran oxutmasından məqsədi, mətləbi nə ola bilərdi? Bəlkə Peyğəmbərin (s) məqsədi camaatın diqqətini şerdən Quran ayəsinə, ədəbiyyatdan mənəviyyat və ilahiyyata yönəltmək idi? Yoxsa, Peyğəmbər (s) ifratçıların o zamankı şişirtmə və ifratlarına nəzarət etmək və Quranın, İslamın doğru yolundan çıxmasının qarşısını almaq istəyirdi? Bəlkə də müsəlman ümmətini xəbərdar etmək istəyirdi ki, ayıq və diqqətli olsunlar və ölümündən sonra onun haqqında şişirtmə sözləri dillərinə gətirməsinlər, mübaliğə etməsinlər, doğru yoldan sapmasınlar?.. Və nəhayət, onlarla, yüzlərlə başqa “bəlkələr”, “yoxsalar”... Bizim ağıl və dərrakəmiz həmin zənnlərə - “bəlkələrə” çatmaqda acizdir və onlar haqqında həqiqi, doğru məlumat yalnız və yalnız uca Tanrının yanındadır, vəssalam...

Olan oldu, keçən keçdi... Hər halda bir şey açıq-aşkar aydındır ki, İslam peyğəmbərinin (s) yataqda olduğu o günlərdə Fatimə (ə) ürəyi qəmlə dolu, yana-yana atasının yatağının yanında oturmuşdu. Nə ondan uzaqlaşır, nə də gözünü onun mübarək sifətindən və ağzından çəkirdi...

Və həmin axırıncı gün birdən Peyğəmbər (s) gözünü açdı və sevimli qızına işarə etdi ki, daha yaxın gəlsin. Bu işarədən məlum idi ki, Peyğəmbərin (s) yeganə yadigarına bəlkə də son sözü var. Fatimə (ə) tez aşağı əyildi və başını lap atasının yanına dikdi. Beləcə ata ilə bala bir an bir-biri ilə pıçıltı ilə elə danışdılar ki, kimsə onların sözlərini eşidə bilməsin...

Peyğəmbərin (s) otağında, o həzrətin yatağının yanında olanlar o ikisinin nə haqqında danışdıqlarından xəbər tutmadılar. Yalnız Peyğəmbərin (s) sözləri sona çatanda gördülər ki, Zəhra (ə) bərk ağlayır və pak gözlərindən yaşlar axır.

Fatimənin (ə) hələ göz yaşlarını axıtdığı bu anda Peyğəmbər (s) bir də ona işarə etdi ki, yaxın otursun. Peyğəmbər (s) yenə də ona nəsə dedi. Otaqdakılar bu dəfə gördülər ki, Zəhra (ə) açıq sifətlə, gülər üzlə, dodaqlarında təbəssüm başını qaldırdı və nurani simasına şadlıq, sevinc rəngi qondu...

Fatimənin (ə) sifətindəki bu iki bir-birinə zidd, həm də dalbadal yaranan, dəyişkən hala oradakılar təəccüb etdilər. Heyrət və maraqla Peyğəmbərin (s) qızından xahiş etdilər ki, Allahın Rəsulunun (s) buyurduğunu onlara da desin və bu iki müxtəlif və dəyişkən halının səbəbini açıb söyləsin. Amma həmin gün Fatimeyi-Zəhra (ə) o sirri açıb deməkdən çəkindi və otaqdakılara buyurdu: “Mən Allahın Rəsulunun (s) sirrini aça bilmərəm.”

Lakin Peyğəmbərin (s) vəfatından sonra bu sirr haqqında eşidən Ayişənin dönə-dönə, israrla xahişindən sonra Zəhra (ə) həmin sirri açıb ona danışdı:

“O günü atam birinci dəfə məni yanına çağırarkən mənə acı bir xəbər verdi – yaxınlaşmaqda olan və qaçılmaz ölümünü açıb dedi. Buyurdu ki, bu xəstəlikdən sağalmayacaq və axirət dünyasına tələsəcək. Bərk ağlamağıma səbəb də elə bu xəbər oldu. Lakin ikinci dəfə mənə işarə edərkən şirin bir xəbər verdi. Atam buyurdu: “Sən ev əhlimdən mənə qovuşacaq ilk şəxssən.” Bu xəbər mənə şadlıq və sevinc bəxş etdi, çünki anladım ki, bir azdan əziz atama qovuşacağam. Buna görə də o cür bərk ağlamağımdan sonra birdən dodaqlarıma sevinc təbəssümü qondu.”

Bu şadlığa səbəb nə idi?

Pakların pakı Zəhra (ə) əziz atasına qovuşmaq xəbərini – özünün yaxınlaşan ölüm xəbərini eşidəndən sonra elə sevindi ki, ömrünün ən dərdli və acı anında belə gülümsədi.

Öz ölümünü eşidən bir kəsin belə heyrətli sevincinə nə səbəb ola bilərdi?

Bəli, bu qəribə və mənalı hal yalnız müqəddəs Zəhranın (ə) vücudundan gələn xüsusi ruhi şəraitlə arxada qoymuş və onu ayaqlamışdır. Fatimənin (ə) bu xüsusi halından tam aydınlıqla aşkar olur ki, onun kimi müqəddəs varlıq özünün ruhi təkamülü istiqamətində ali və bənzərsiz yüksəkliklərə baş vurmuşdur. Həmin təkamül nəticəsində Fatimə (ə) üçün dünyəvi həyatın heç bir əhəmiyyəti yoxdur, əksinə, o, Allaha, Onun behiştinə qovuşmağı və İlahi ilə yaxınlığı dərk etməyi zahiri amillərdən çox-çox sevir və bu yolda hər şeyə dözür. Bəli, o belə bir mərhələdir ki, əsl həyatı və həqiqi sevinci axirət dünyasında və İlahi rəhmətinin yanında axtarır və ona çatmaq üçün dəqiqələri, saniyələri sayır. O, mələklər bağının quşudur və qol-qanad açaraq bu dar və məhdud dünya qəfəsindən qurtulub, əsl və əbədi yuvasına qonmaq və yüksək ənginliklərdə - özünə müvafiq və sevimli yoldaşının yanında – alicənab atasının, rəhmət və mərhəmət Peyğəmbərinin (s) hüzurunda olmaq fikrindədir.

Məhz bu səbəbdən də haqqa qovuşmaq vədini gerçək bir xəbər kimi Peyğəmbərin (s) mübarək dilindən eşitdikdə onun belə bir dərd-qəm içində ola-ola sevinməsi, təbəssümlə gülümsəməsi əsla təəccüblü deyil...

Hədisçi alim İrbilinin bu barədə dedikləri

Hicri tarixi ilə VII (miladi VlII) əsrin məşhur alimlərindən biri, “Kəşfül-ğəmmə fi mərifətil-əimmə” adlı dəyərli əsərin müəllifi, hədisçi İrbilinin İslamın alicənab peyğəmbərinin (s) əziz və fəzilətli qızının ürəyində, canında olan ölüm arzusu haqqında aydın fikri və faydalı izahatları vardır. Bir çox incə mətləbləri işıqlandıran bu fikirlərin böyük tərbiyəvi əhəmiyyəti vardır. Onlardan qısa bir hissəsini burada ixtisarla veririk. İrbili yazır:

“Bəşər təbiətinin zatında, daxilində öz həyatını davam etdirməyə bir məhəbbət və əlaqə var. Ümumiyyətlə, bəşər ölümdən qaçır və öz həyatını sevir. İlahinin peyğəmbərləri də o cür əzəmət və cəlallarına baxmayaraq, yenə də bu məsələdə istisnalıq təşkil etmirlər. Onlar da həyata bağlılıq məsələsində ümumi camaatla şərik və birdirlər. Həzrət Adəm (ə) də bir o qədər çox ömür sürməsinə baxmayaraq, yenə də yaşamaq arzusunda idi və həmişə Allah-təaladan onun ömrünü uzatmasını xahiş edirdi. O həzrətin bu arzusu dediyimizə aydın bir dəlil-sübutdur.

Həzrət Nuh (ə) da Qurani-Məcidin aydın buyurduğu kimi, təkcə öz tayfası içərisində doqquz yüz əlli il yaşamış və camaatı haqqa, bir olan Allaha inanmağa dəvət etmişdi. Lakin buna baxmayaraq, Nuh (ə) da əcəli yetişərkən hələ həyatdan doymamışdı, çünki ömrünün son anlarında ondan soruşanda ki: “Dünyanı necə tapdın?” - belə cavab vermişdi:

“Dünyanı iki qapısı olan elə bir ev şəklində gördüm ki, bir qapısından içəri daxil olur, o biri qapısından isə çölə çıxırlar.”

Bu cümlədəki məna o uzunömürlü peyğəmbərin (ə) həyata bərk əlaqəsini və bu dünyadan ayrılmağın çətinliyini göstərir.

Və ya həzrət İbrahim (ə) Haqq-təaladan xahiş etmişdi ki, özü ölüm arzusuna düşməyincə onu bu dünyadan aparmasın.

Başqa bir misal: həzrət Musa (ə) bu dünyadan ayrılarkən – ömrünün son anları yetişən zaman Əzraillə (mələkul-mövtlə) mübahisə edirdi. O həzrət (ə) də dünyadan ayrılmaq istəmirdi.

Bəli, bütün bunlar ulu peyğəmbərlərin həyatına aid əhvalatlardan kiçik hissələrdir. Və bu deyilənlər əyani şəkildə göstərir ki, həmin əzəmətli və qüdrətli peyğəmbərlər də dünyadan, yaşamaqdan doymur və həyatla əlaqələrini kəsmək istəmirdilər...

Lakin Fatimeyi-Zəhra (ə) kiçik yaşına, həyatınının çiçəklənən çağına baxmayaraq, elə böyük bir şövq və həvəslə bu dünyadan ayrılmağın, onu tərk etməyin intizarında idi ki, özünün ölüm xəbərini atasından eşidərkən bunu bir bayram və şadlıq kimi qarşıladı. O, tezliklə alicənab atasına qovuşmağına çox sevinirdi və bu incə məsələ Əhli-beytin (ə) vücudunda əmanət qoyulmuş ruhi və mənəvi əzəmətin sirlərindən biridir. Bu cür ali hisslər yalnız onlara məxsusdur.”

Zəhranın (ə) özünün təsdiqi

Bu incə mətləbi Fatimənin (ə) özü də Mədinə məscidində izdihamlı camaatın qarşısında söylədiyi həmin həyəcanlı xütbəsində bəyan etmişdir. O həzrət həmin kəskin və alovlu sözlərində möhtərəm atasının vəfatı ilə bağlı belə buyurmuşdu:

“Allah-təala onu Öz rəhmət və lütfü ilə öz yanına buyurmuş, bu dünyanın məşəqqət və əzabından, dərd və qəmindən qurtarmış və cənnətə yetirməklə əbədi sevinc bəxş etmişdir.”

Bu dərin mənalı cümlənin özü Zəhranın (ə) ölüm və bu dünyadan köçmə məsələlərinə olan ümumi baxışlarını əks etdirir. Əslində bu mənalı sözlər Fatimeyi-Zəhranın (ə) dünyagörüşünü açıb göstərir. Aydın olur ki, onun nəzərində bu dünyadan əl çəkib, axirət aləminə tələsmək dünya məşəqqətlərindən xilas olmağın və İlahi rəhmətinə qovuşmağın ən ali yoludur. Çünki ölümə bu cür münasibət bəsləyən kəs aydındır ki, öz ölümünə də eyni nəzərlə baxır. Beləliklə Zəhrənın (ə) alicənab atasının ölümü haqqında buyurduğu sözlər əslində onun özünün ölüm xəbərini eşitməklə qəlbində baş qaldıran sevinc hissinin səbəbini də açıq-aşkar təsdiq edir. Bunun səbəbi o həzrətin təbiətdə əsası qoyulmş mənəvi zənginlikdir.

Zəhranın (ə) məzlumcasına ölümü

Nəhayət, zaman gəlib çatdı və ölüm mələyi ədəb-ərkanla Fatimənin (ə) evinin astanasında durdu. Əzrayil, Zəhranı (ə) uca göylərdəki mələklərin yanına aparmağa, orada onun İlahi rəhmətinə qovuşdurmağa gəlmişdi...

Bəli, Fatimeyi-Zəhra (ə) – o misilsiz qəhrəman iş və mübarizə, inqilab və siyasət xanımı, paklıq və təmizlik, namus və iman, ilahi möminlik və saflıq nümunəsi, bir sözlə, İslam peyğəmbərinin (s) qiymətli və əziz yadigarı bu qədər əzab-əziyyətə dözdükdə, atasının bəzi yaramaz və vəfasız ümməti tərəfindən rəva görülmüş zülm və cəfalar gördükdən sonra alicənab atasının vəfatından bir müddət keçmiş o həzrətin ardınca özü bu fani dünya ilə vidalaşdı...

Fatimə (ə) öz Pərvərdigarına qovuşmağa tələsdi və bu dar və dəyərsiz dünyadan özü ilə qəlbindəki bir yığın dərd-qəmini də apardı. Bununla da çoxdankı arzusuna çatdı. Axı Fatimə (ə) həmişə atasının yanında olmağı arzulamışdı və indi bu arzusu da həqiqətə çevrildi.

Ayişə deyir: “İslam peyğəmbəri (s) ölüm yatağında olarkən bir gün Fatimə (ə) onun hüzuruna gəldi. Yerişi eynilə atasının yerişi kimi idi. İslam peyğəmbəri (s) ona salam verib “mərhəba” dedi və sağ tərəfdə oturdu. Sonra yavaşca pıçıltı ilə qulağına nəsə dedi və Zəhra (ə) birdən ağlamağa başladı. Sonra Peyğəmbər (s) onun qulağına başqa bir mətləb pıçıldadı və Zəhra (ə) sevindi. Ona dedim: “Belə tez bir vaxtda içində və belə dalbadal əvvəl ağlamağının, sonra isə gülməyinin səbəbi nədir?”

Fatimə (ə) dedi: “Mən Peyğəmbərin (s) aça bilmərəm.”

İslam peyğəmbəri (s) axirət dünyasına tələsdikdən sonra yenə də Fatimədən (ə) o ağlamağının və gülməyinin sirrini soruşdum. Cavabında dedi: “Atam o vaxtı mənə buyurdu:

“Cəbrayil hər il bir dəfə Quranı mənə göstərdi, lakin bu il Onu iki dəfə mənə nazil etdi. Yəqin etdim ki, mənim əcəlim sona çatmışdır və bu il bu dünyadan köçəcəyəm.”

Mən bu sözləri eşidib ağlamağa başladım. Sonra isə atam buyurdu:

“Sən ilk şəxssən ki (mənim Əhli-beytimdən (ə)), mənə qovuşacaqsan. İslam ümməti qadınlarının başçısı olmaq istəyirsənmi?”

Mən bu sözləri eşidib sevindim və sevindiyimdən güldüm.”

Fatimənin (ə) bu səmimi arzusu tez həyata keçdi. O behişt xanımlarının xanımı çox tez (bir fikrə görə Peyğəmbərin (s) vəfatından 75 gün sonra) Haqqın dəvətini qəbul edib, sevimli Yaradanına qovuşdu. Amma Fatimənin (ə) vəfatı ilə bağlı iki məsələ dərdli və yanıqlıdır: biri odur ki, o həzrət ömrünün lap cavan çağında bu dünyadan köçdü. İkincisi isə, bu dünyadan yaxşı yola salınmadı. Uşaq salandan sonra mübarək qabırğası sındı. Torpağa tapşırılması da ürəkyandırıcıdır: o həzrət qürbətdə və təkcə, qara gecədə, nəzərlərdən uzaq halda torpağa tapşırıldı. Onu sevənlərin çoxu hətta məzarına göz yaşları da çiləyə bilmədilər...

Fatiməni (ə) gecə qoynunda yola aparanlar

Fatimeyi-Zəhra (ə) vəfat etməmişdən qabaq bir müddət qabırğası sınmış halda, yaralı bədəni ilə qızdırma içində yatağa düşdü. Ona bərk əziyyət verən dərdlə, əzabla əlləşdi, çəkişdi. Sonra isə öz vəziyyətinə görə gecə ikən, pis niyyətli kinli düşmənlərinin nəzərlərindən uzaq bir halda dəfn olundu. Onun cənazəsini yola salanlar arasında alicənab əri Əlidən (ə), sevimli oğlanları Həsən (ə) və Hüseyndən (ə), Əmmar, Əqil, Zübeyr, Salmandan və Bəni-Haşimdən olan bir neçə nəfərdən başqa heç kim yox idi. Fatimənin (ə) cənazəsini bu cür sükutla və bir növ gizli şəkildə yola salınması İslam aləmində görünməmiş bir hal idi və Allahın Rəsulunun (s) vəfatından keçən qısa bir müddət ərzində bir qrup vəzifəpərəst və mənfəətpərəst adamlar tərəfindən Bəni-Haşimə rəva görülmüş zülm və əziyyətlərdən xəbər verirdi. Fatimənin (ə) bu cür səs-küysüz və məzlumcasına yola salınmasını öz bu zülm və əziyyətlərin əlaməti idi. Bu mərasim açıqca göstərirdi ki, Allahın Rəsulunun (s) ailəsinə rəva görülən zülm və sitəm nə dərəcəyə çatmışdır. O həzrətin əziz qızını sakitcə və xəlvətcə torpağa tapşırdılar ki, düşmənlər tərəfindən yeni bir fitnə baş qaldırmasın...

Əlinin (ə) dərdli ürəyini Allahın Rəsuluna (s) açması

Əli (ə) əziz həyat yoldaşını torpağa tapşırarkən dərdli və hüznlü bir halda yaralı sinəsindən bir yanıqlı ah çəkərək üzünü Allahın Rəsulunun (s) məqbərəsinə tutdu və bu kəlmələri dilinə gətirdi:

“Ey Allahın Rəsulu! Məndən və yanında yerə enmiş, belə tez özünə qovuşmuş qızından sənə salam olsun! Ey Allahın Rəsulu! Sənin ayrılığınla (özünün seçdiyin ayrılığınla) bağlı səbr-dözümüm daha sona yetdi. Onun vəfatından sonra gücüm-taqətim əlimdən getdi. Lakin sənin ayrılığını, görəndən, ölümünün müsibət və kədərinin ağırlığını çəkəndən sonra bu müsibətə də dözməyə mənim gücüm çatar. Halbuki, başını mən özüm məqbərəndəki ləhəd daşına qoydum. Mənim qucağımda canın bədənindən çıxdı və bu cür müsibətə dözə bildim. Bizim hamımız Allahın bəndələriyik və Ona doğru dönəcəyik.

İndi budur, bu əmanətin də (Fatimeyi-Zəhra(ə)) geri alındı və girov yerinə qaytarıldı. İndən belə günlərim həmişə qəm içində keçəcək, gecələr gözümə yuxu getməyəcək. Və bu halım Allah-təala məni də oturduğun saraya aparana kimi beləcə davam edəcək. Tezliklə qızın ümmətinin çoxunun o yazığa etdiyi zülmlərdən sənə xəbər verəcək.

Bütün olub keçənləri ondan soruş və onların bizimlə etdiyi rəftardan sual et. Onlardan bizə bu qədər zülüm yetdi, halbu ki, sənin vəfatından çox vaxt keçməmiş xatirən yadlardan silinməmişdir.

Hər ikinizə salam və alqış olsun. Bu qəzəbli incik və cansıxıcı bu salam və alqış deyil, əksinə, vidaedici, ağlar və hüznlü salamdır. Əgər qayıtsam, ya getsəm, bu, etinasızlıqdan deyil. Və əgər qalsam, bu, bədgümanlıqdan deyil. Allahın dözümlülərlə və səbirlilərə verdiyi vədə görədir.” 

Məsudi Fatimə (ə) ölümü haqqında

“Mərvəcüz-zəhəb” kitabının müəllifi Məsudi yazır: “Fatimənin (ə) vəfatı hicrətin 11-ci (632) ildə oldu. Əli (ə) onun ayrılığının kədərindən bu şeri zümzümə edirdi:

“Hər iki dostun qovuşmasının ayrılığı da var,

Fəraq və ayrılığı dadmayan çox nadir halda olur,

Dostum və qardaşım Əhmədin ölümündən sonra

Fatiməni də əldən verməyim

Dostun əbədi qalmayacağına ən yaxşı dəlildir.” 

Buxarinin dediklərindən

Məhəmməd İsmayıl Buxari “Səhih” adlı kitabında bu barədə belə yazır:

“Zəhra (ə) Əbubəkr tərəfindən malının zəbt edilməsinə və Fədəkin əlindən alınmasına görə onunla küsülü idi. Ölənə qədər əsla onu danışdırmadı. Onun ölümü atasının vəfatından 6 ay sonra oldu. Həyat yoldaşı Əli (ə) onu gecə ikən dəfn etdi, ona namaz qıldı və bu barədə Əbubəkrə heç bir xəbər vermədi. Əli (ə) nə qədər ki, Fatimə (ə) sağ idi, Əbubəkrə beyət etmədi və onunla barışmadı.”

***

Peyğəmbərin (s) qiymətli yadigarı Fatimeyi-Zəhra (ə) haqqında sözümüz burada başa çatır. Amma Fatimə (ə) haqqında söz ümumiyyətlə sona yetməyəcək. Fatimeyi-Zəhranın (ə) həyatı, mübarizələri və yüksək təlimləri haqqında olan kitab həmişə açılır, amma əsla bağlanmır.

Bu elə bir kitabdır ki, mavi səma altında nə qədər ki, insan nəfəs alır və iman şölə saçır, açılacaqdır və onun hər bir sətrində deyilməmiş sözlər, eşidilməmiş sirlər yazılacaqdır. Bu kitab parlaq günəş kimi Əhli-beytin (ə) yolunu davam etdirənlərin yoluna, xüsusilə də mömin və müsəlman qadın və qızların yoluna nur saçıb işıqlandıracaqdır...

Bəli, sözü sona yetiririk. Amma etiraf edirik ki, Fatimədən (ə) danışdıqlarımız və Fatimə (ə) haqqında yazdıqlamız coşqun dənizlərin bir damlasına bənzəyir. Odur ki, bu sonuncu sətirlərdə sözümüzü bir şerlə bitirmək istəyirik.

Müəllifin qəlbinin ən dərinliklərindən gələn, kitaba xoş bir sonluq bəxş edən şerlə:

Əgər bütün xanımlar bu yüksək tərbiyəli və inkişaf etmiş İslam xanımı kimi olsaydılar,

Yəqin ki, qadınlar kişilərdən qat-qat yüksək olardılar...

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

 


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...
Bu gün AİP liderinin apellyasiya şikayətinə baxılacaq

 
user comment