Azəri
Thursday 26th of November 2020
  997
  0
  0

Ölüm ayağında ikən Fatimənin (ə) gələcəyindən nigaran olan Xədicə...

 

O dərdli-əzablı günlərdə Xədicənin vəfatı təkcə Fatimə (ə) üçün ana itkisi kimi acı zərbə deyildi, eyni zamanda Peyğəmbər (s) üçün də ən ağır bir hadisə idi. Belə ki, onun vəfat ilini “Amul-hüzn” – qəm-kədər ili adlandırdılar, çünki Peyğəmbər (s) də Xədicənin ölümü ilə mehriban ömür-gün yoldaşını, fədakar dost və köməkçisini, özünü qurban verən arxasını-dayağını, dərdbilən həmdəmini, ən yaxın sirdaşını itirdi. Hətta demək olar ki, Xədicənin ölümü həmişə onun mehribanlığını və himayəsini görmüş yeni müsəlman cəmiyyəti üçün də ağır bir zərbə idi.

Xədicə ölüm yatağına düşərkən – İlahi dərgahına qovuşmağına çox az bir vaxt qaldığını hiss edərkən iki məsələyə görə nigaran idi. Birincisi, alicənab ərinə və onun əzəmətli peyğəmbərlik vəzifəsinə görə nigaran idi, çünki kinli düşmən hər gün o həzrət üçün yeni bir fitnə-fəsad törədərək onu dərdə-əzaba salırdı. Düzdür, İlahi vəhyi vasitəsilə İslamın qələbəsi, müsəlmanların uğuru vədəsini hörmətli ərinin mübarək dilindən eşitmiş, o həzrətə tam inanmışdı və bu səbəbdən də ürəyi rahat idi. Lakin yeganə nigaranlığı bunda idi ki, o vəd olunmuş qələbə anı gəlib yetişincə alicənab əri və onun vəfalı ümməti hələ bu yolda nə qədər əzab-əziyyətlərə dözməli olacaqdır. Bir də ona təəssüf edirdi ki, özü bu dünyadan gedir, əri isə təkcə qalır. Deməli, bir daha fədakar və vəfalı ərinin təskinli, məlhəmli sözlərini eşitməyəcəkdir...

İkinci nigaranlığı isə körpə qızı üçün idi. O gedir, qızı isə qalırdı. Ana mehr-məhəbbətindən məhrum qalırdı. Bu səbəbdən də Xədicə nigaran idi. Xatirinə təskinlik, şəfa verən bir şey də tapa bilmirdi. Hər bir mehriban ana kimi o da əsla istəmirdi ki, bir körpə övladı, xüsusilə də qız uşağı, özü də bu cür həssas və kövrəkqəlbli, ayıq düşüncəli və dərdbilən bir qızı anadan yetim qalsın. Bəlkə də arzu edirdi ki, kaş bu körpə qızını da böyütmək, öz həyatını idarə etmək mərhələsinə yetişdirmək fürsəti ona nəsib olaydı. Onda tam rahatlıqla gözünü əbədilik yuma bilərdi. Bəli, o anlarda Fatiməni də cavanlıq yaşına çatdırmaq arzusu Xədicənin ürəyindən yaman keçirdi. Bu körpə qızını da o biri qızları kimi bəxt evinə köçürməyi, bir ana kimi qızını ər evinə yola salmaqla bağlı öhdəsində olan vəzifələri yerinə yetirməyi, bütün bunları Fatimə (ə) üçün də başqası yox, məhz özü etməyi çox istəyirdi... Xədicənin körpə qızı Fatimədən ötrü bu nigaranlıq və arzusunun yerinə yetməsi üçün isə azı bir neçə il ömür lazım idi... Amma əfsuslar olsun ki, artıq belə bir fürsət yox idi. Ölüm anı yaxınlaşmışdı. Bu, elə bir andır ki, onu heç bir qüdrət, hətta övliya və İlahi peyğəmbərləri də bir göz qırpımına bərabər an qədərində belə qabağa-geri çəkə bilməz...

Haqqın dəvətini qəbul etmək zamanının yaxınlaşdığı həmin anlarda Xədicə bir dəqiqəliyə ən yaxın həmdəm və sirdaşlarından birini xəlvətcə yanında saxladı. Bu şəxs Üməyyəsin qızı Əsma idi. O, Xədicənin ən yaxın dostlarından və xidmətçilərindən biri sayılırdı. Hər ikisi təkcə qaldıqda Xədicə böyük bir kədərlə, ürək yanğısı ilə öz nigaranlığını bildirdi, daxilini sarmış dərin, acı qəmini dərdli-dərdli ona söylədi.

Tarix kitablarında yazıldığı kimi, Əsma o qəmli sözləri eşitdikdə soruşdu: “Bu qədər qəm çəkməyinizə, nigaran olmağınıza səbəb nədir? Sizin kimi bir həqiqi şəxsiyyət nəyə görə ölüm anında, dünyəvi həyatının sona yetişdiyi bir zamanda bu qədər narahat olsun?! Axı siz sonuncu Peyğəmbərin (s) buyurduğu kimi, İslam üçün göstərdiyiniz bu qədər böyük xidmətlərə, Allah yolunda etdiyiniz sonsuz fədakarlığa görə indi əbədiyyətə qovuşduğunuz bu anlarda behiştə yola düşürsünüz! Belə olduğu halda bəs bu qədər narahatlıq və nigaranlıq nə deməkdir?”

Xədicə - o böyük və tədbirli qadın yaxın sirdaşının bu sualının cavabında daxilindəki kədərinin səbəbini belə bəyan etdi: “Ey Əsma, sən də bir qadınsan. Bir zaman cavan qız olmuş və bir gün də əyninə yeni gəlin paltarı geymişsən. Yaxşı bilirsən ki, yeni gəlinlər gəlinlik ərəfəsində - gəlin köçmək üçün hazırlıq görülərkən, xüsusilə də, gəlin illərlə yaşadığı, böyüyüb başa çatdığı ata evini tərk edərək ərinin evinə, yeni evinə - gələcək ömrünü yaşayacağı evə köçən gecə ömrünün ən unudulmaz, ən həyəcanlı dövrünü keçirir. Elə bir dövrü ki, bir daha heç vaxt bu şəkildə, bu keyfiyyətdə təkrar olunmayacaq. Buna görə də həmin dövr həyəcan və iztirabla, xüsusi duyğu və düşüncələrlə dolu olur. Hər bir cavan qızın bu cür təkrarolunmaz gecə-gündüzdə ana varlığına, ya da heç olmasa, bir mehriban və səmimi, yaxın və məhrəm qadına ehtiyacı olur. Ona görə ki, həmin həyəcanlı anlarda onun yanında olsun və ehtiyaclarını ödəsin, istədiklərini hazır etsin. Mən indi axirət səfərinə yola düşürəm. Qızım Fatimə isə kiçik yaşlı bir uşaqdır. Bir neçə ildən sonra onun bəxt evinə getmək zamanı yetişəçək və o zaman ehtiyaclarını ödəyə bilən, istədiklərini yerinə yetirən məhrəm və sirdaşı – anası olmayacaq... Buna görə də mən belə qəmliyəm. Qorxuram ki, qızım həmin gün anası olmayacağına görə qəmli-kədərli olsun və yeni həyatını sıxıntı, üzüntü ilə başlasın və bütün həyatı boyu həmin xatirəni yaddan çıxarmasın...”

Ana mehr-məhəbbəti ilə dolu bir səslə deyilmiş bu qəmli sözləri eşidən Əsmanın qəlbinə od düşdü, qəhər onu boğdu. Sonra səmimi qəlblə dedi: “Əziz xanım, canım sənə fəda olsun, bu sarıdan əsla narahat olma, qəm yemə. Mən sənə söz verirəm ki, gözünün nuru olan Fatiməni (ə) əsla tənha qoymayacağam. Əgər onun toyuna kimi sağ qalsam, öz qızım kimi baxacaq və ürəyiyanan, doğma anası kimi toyu üçün lazım olan hər şeyi hazırlamağa çalışacaq, bütün ehtiyaclarını ödəyəcəyəm...”

Xədicə bu səmimi və ürəkdən gələn sözləri eşidib rahatlıq tapdı və dodaqlarına razılıq təbəssümü qondu. Bir an sonra isə gözlərini əbədilik yumdu...

Bəli, beləcə də oldu. Tarix şahidlik edir, mötəbər tarixçilər yazırlar ki, Əsma əhdinə vəfalı çıxıb verdiyi sözə əməl etdi: Fatimənin toy gecəsi Xədicəyə dediklərinin hamısını – iynədən sapa kimi hər şeyi hazırladı.

Beləliklə, İslam tarixinin ən ağır dövrlərində və Peyğəmbərin (s), onun vəfalı arxadaşlarının həyatının ən ağrılı-acılı illərindən olan həmin günlərdə Xədicə böyük bir inamla və Allaha, İslama, Peyğəmbərə (s) tükənməz bir inamla, doğru əməllərinin geniş xəzinəsi ilə, axirət dünyasının ağır ehtiyatı ilə 63 yaşında fani dünyaya gözlərini qapayaraq axirət sarayına üz qoydu – Pərvərdigarın görüşünə tələsdi...

Xədicə getdi və kiçikyaşlı qızını qəm-kədər dağı ilə öz yerində qoydu... Amma o xoşbəxt qızın ana ayrılığının tənhalığından nə qorxusu ola bilərdi?! Axı şərəf sahibi atası – Allahın peyğəmbəri (s) yanında qalır və mübarək kölgəsini onun üstünə salırdı... Bəli, Xədicə kimi ana getdi, lakin Allahın Rəsulu (s) kimi bir ata qalırdı. Elə bir mehriban ata ki, üzləşdiyi bütün çətinlik və sıxıntılara baxmayaraq, həm atalıq vəzifəsini yerinə yetirirdi, həm də boş qalmış ananın yerini tuturdu... Peyğəmbər (s) ürəkdən sevdiyi qızını bir an belə unutmur, gecə-gündüz onun qayğısına qalır, məhəbbətli əlini başına çəkir, yanağına məhəbbətli öpüşünü qondurur, gözlərindən qəm yaşlarını silir, təsəlli-təskinlik verir və qarşıdakı qəhrəman və səmərəli həyata hazır edirdi...

Əbu Talibin vəfatı

İlk İslam xanımının, ilk müsəlman qadınının – Xədicənin vəfatından bir neçə ay keçmişdi. Peyğəmbərin (s) qəlbi isə hələ də qəmlə-kədərlə dolu idi. Axı o həzrət İslama ilkin iman gətirmiş bir qadını, Peyğəmbəri (s) ilk dəfə təsdiq etmiş Xədicəni itirmişdi. Xədicə ilə birgə yaşadıqları həyatın – o böyük fədakarlıq, sədaqət və vəfadarlığın şirin xatirələri və ömrünün son illərində düşmənlərin əzab-əziyyətinin doğurduğu ağrılı-acılı xatirələri o həzrətin xəyalında dolaşır, ona rahatlıq vermirdi... Əfsuslar ki, mübarək qəlbindəki bu yara hələ qaysaq bağlamamışdı ki, başqa bir dərdlə üzləşdi. Bu dəfəki ağır dərd-qəmi əmisini itirməsi üzündən idi... Alicənab, mərhəmətli əmisi Əbu Talib – dənizlər qədər böyük o ürək sahibi əldən getdi. Peyğəmbəri (s) uşaqlıq yaşlarından himayəyə götürən, ömrünün sonuna qədər bir an belə o həzrətdən məhəbbət və qayğısını çəkməyən, onun köməyinə tələsən, həyatının ən ağır, ən acılı anlarında ona arxa duran əmisi... Qırx ildən artıq bir müddət ərzində Peyğəmbərə (s) hər cür yardım əlini uzadan, dərdini-qəmini öz dərd-qəmi bilən, düşmənlərdən qoruyan, pak nəslinin hörmət və nüfuzunu həmişə uca tutan, qardaşı oğlunun müdafiəsi yolunda bütün əzab-əziyyətlərə dözən, nəyi varsa hamısını İlahi ayininin yayılması xatirinə fəda edən əmisi. Əli (ə) kimi bir qəhrəman övladı – Allahın aslanını, şirini tərbiyə edən, Peyğəmbərin (s) xidmətində qoyan əmisi...

Bəli, əziz hamisi Xədicənin vəfatından bir neçə ay sonra belə bir hörmətli əmisi, belə bir dostu və arxası, özü də çoxlu əzab-əziyyətlərə dözdükdən, xüsusilə də Şibi – Əbu Talibin işkəncəli mühasirəsindən sonra dünyay gözünü yumdu, Peyğəmbəri (s) yeni bir böyük yas içində qoydu...

Əbu Talibin ölümü ilə peyğəmbərlik nəslinə yeni bir qəm-kədər üz verdi. Bu arasıkəsilməz qəmlər o dərəcədə ağır idi ki, Allahın Rəsulu (s) həmin qəmli ili “Ammül-hüzn” – qəm və matəm ili adlandırdı...

Təbii ki, bu böyük müsibətdə hamıdan çox təsirlənən, qüssələnən Fatimə (ə) idi. Çünki bir tərəfdən hələ anasının yasını saxlayırdı, bir tərəfdən də Əbu Talibi çox istədiyindən onun vəfatına görə bərk kədərlənirdi. Bir yandan da görürdü ki, Əbu Talibin vəfatı möhtərəm atasına bərk təsir etmişdir. Odur ki, Fatimə (ə) də dünya qadınlarının bir parlaq nümunəsi kimi, atasının taleyinə yaxından bağlı bir övlad kimi onun qəminə-kədərinə şərik idi. O, əziz atasının dərdli-müsibətli görəndə hamıdan çox kədərlənirdi. Beləliklə, Fatimənin (ə) uşaqlıq illəri hər an əzab-əziyyətə məruz qalırdı. Onun incə və həssas qəlbinə aramsız halda dözülməz zərbələr vurulurdu...

Qorxulu gecə

Tam inamla demək olar ki, Fatimənin (ə) uşaqlıq illərinin – böyüyüb boya-başa çatdığı dövrün xüsusiyyətlərindən biri onun şəxsiyyətinin aramverməyən qəm-kədər və aramsız müsibətlər içində yaranması, formalaşmasıdır. Bu müsibətlərin ən dərdlisi də o qorxulu gecə ilə bağlıdır. Bəşər tarixinin o qorxulu gecəsi ki, əgər qeybdən gələn köməklər və İlahi yardım olmasaydı, bu gün bəşər həyatı və bəşəriyyət tarixi başqa istiqamətdə inkişaf etmiş olardı... O qorxunc, dəhşətli gecə İlahi lütfü ilə xeyirliklə ötüşdü, lakin onun acı anlarının ağırlığını Fatimə (ə) də uşaqlığına baxmayaraq, hiss etdi. O gecənin hər anı onun üçün acılıq və dərd içində keçdi...

Nə qədər ki, Əbu Talib sağ idi, Qüreyş kafirləri nə qədər həyasız və alçaq olsalar da, öz həyasızlıqlarını həddindən artıq göstərməyə cürət etmirdilər. Çünki Əbu Talib Qüreyş qəbiləsində nüfuzlu və hörmətli bir şəxsiyyət sayılırdı, böyük bir qrupun başçısı – rəhbəri idi, buna görə də dinsizlərlə Peyğəmbər (s) arasında möhkəm dayanır, onların hədə-qorxularını dəf edirdi.

Lakin Əbu Talibin vəfatından hələ çox keçməmişdi ki, Qüreyş dinsizləri Peyğəmbərin (s) belə bir böyük hamisini itirməsindən sevinərək və Allahın Elçisinin (s) tənhalığından, arxasızlığından istifadə edərək o həzrətə şiddətli təzyiq göstərməyə başladılar. Hətta iş o yerə çatdı ki, həyasızlıqla həzrətin mübarək canına qəsd etmək qərarına gəldilər. Onların bir dəstəsi gecə ikən Peyğəmbərin (s) evinə hücum çəkib, onu qılıncla qanına qəltan etmək haqqında and içdi.

Bu səbəbdən də artıq Məkkədə yaşamaq, bu şəhərdə qalmaq mümkün deyildi. Ona görə də Peyğəmbər (s), İlahinin iradəsi ilə Məkkəni tərk edərək Mədinəyə köçmək məcburiyyətində qaldı. O həzrət özünün bu böyük və tarixi hicrəti – köçməsi ilə dinlər tarixində, bəşəriyyət tarixində dönüş nöqtəsi yaratdı.

Köçmə gecəsi qorxunc və dəhşətli bir gecə idi. O gecə Əliyə (ə) Peyğəmbərin (s) evində qalmaq və onun yatağında yatmaq tapşırılmışdı. Bu yolla Peyğəmbərin (s) həyatını xilas etmək mümkün idi: dinsizlər ora hücum etdikdə o həzrətin mübarək vücuduna bir xətər yetirə bilməyəcəkdilər...

Evdəkilər və Peyğəmbərin (s) yaxın adamları bilirdilər ki, qana susamış düşmənlər o həzrətin evinə hücum etmək niyyətindədirlər. Fatimə (ə) də bu qorxunc xəbəri öyrənmişdi. O gecə atası evində idi. Hər an dinsizlərin hücumu başlana, qan tökülə bilərdi. Kiçik və həssas Fatimə (ə) qorxu və təlaş içində açıq üfüqə və aydın gələcəyə baxırdı: atasının gələcəyinə baxır və hər anı qorxu və ümidlə yola salırdı.

Anlar çətinliklə, çox gec ötürdü. Artıq gecə yarıdan ötdü. Səma üfüq xəttində aydınlaşmağa başladı... Dinsizlər sübh çağı parıldayan yalın qılıncla evə girdilər. Amma Peyğəmbərin (s) yatağına sarı hücum çəkdikdə o həzrətdən əsər-əlamət görmədilər. onun yerində İslamın qoçaq cavanını, şücaət rəmzini – Əlini (ə) tapdılar. Ona görə də məyus və başları aşağı, ürəklərində kin və ədavətlə dolu halda oradan geri qayıtdılar. Beləliklə, onların alçaq və yaramaz qəsdi baş tutmadı.

Bu qorxunc və dəhşətli saatlar Fatimənin (ə) həyatında ən ağır saatlar idi. Həmin dəhşətli saatlar kiçik qızın həssas qəlbində dərin izlər qoydu, həmin izlər onu daha da püxtələşdirdi, həyat təcrübəsini artırdı. Atasının həyat və mübarizəsinin daha bir heyrətli səhnəsini öz gözləri ilə gördü, onun məqsəd və məktəbi yolunda olan daha bir qorxunc hadisə ilə üzləşdi və başqa müsibətlərə dözmək üçün hazır oldu...

Mədinəyə köçmə

Peyğəmbərin (s) hicrəti – İslam tarixində, bəşəriyyət tarixində dönüş nöqtəsi olan bu hadisə bir çox çətinliklərə baxmayaraq, baş verdi. Peyğəmbər (s) tezliklə Mədinənin kənarındakı bir yerdə özünə mənzil seçdi. Özü və yaxın adamlarının bir dəstəsi burada sakin olduqdan bir müddət sonra Əliyə (ə) sifariş göndərdi ki, Mədinəyə hərəkət etsin və Fatimələri də özü ilə gətirsin. Fatimələr üç nəfər idilər: Əlinin (ə) anası Fatimə bint Əsəd, Peyğəmbərin (s) əmisi Zübeyr bin Əbdül Müttəlibin qızı Fatimə və Allahın Elçisinin (s) qızı Fatimeyi-Zəhra (ə). Əli (ə) Allahın Elçisinin (s) göstərişi ilə ismət və namus pərdəsi olan bu qadınlarla birgə karvanla Məkkədən yola düşdü. Əhvalatdan xəbər tutmuş müşriklər də belə bir saatı gözləyirdilər. onlar bu kiçik, lakin şöhrətli karvana hücum edib, öz kin və ədavətlərini göstərmək istəyirdilər. Odur ki, həyasız müşriklər cahiliyyə dövründə ərəb kişiləri arasında mövcud olan mərdlik keyfiyyətlərinin əksinə olaraq bir dəstəni silahlandırıb həmin karvanın ardınca yola saldılar. Alçaq təbiətli, yaramaz müşriklər o şərəfli və namuslu qadınların karvanına yaxınlaşarkən küfr və iman döyüşlərinin nərə çəkən şiri, haqq və batil savaşlarının pəhləvanı Əli – fəryadının səsi canlara lərzə salan, qılıncının parıltısı gözləri qamaşdıran o igid – hücum çəkən düşmənlərə sarı gəldi. Birbaşa o yaramazların qabağında dayandı. Canlara qorxu salan qılıncını çəkib dinsizlərin üstünə elə hücum çəkdi ki, onlar bir neçə andan sonra müqavimət göstərə bilməyib geri çəkildilər və qaçmağa üz qoydular. Beləliklə, Əli (ə) İslamın və müsəlmanların namusunu igidliklə müdafiə etdi və əziz, hörmətli Fatimələri bu təhlükədən qurtararaq Mədinəyə çatdırdı.

O səhnəni kim gözləri önünə gətirib canlandıra və hiss edə bilər ki, əziz Fatimələr o qorxulu anlarda necə bərk həyəcan və iztirab içində idilər? Xüsusilə də kim duya bilər ki, kiçik Fatimə əziz atasının qəddar düşmənlərini bir neçə nəfərlə əllərində yalın qılınc onların üstünə hücum etdikləri o anlarda nələr düşünür, hansı iztirablı hisslər keçirirdi?! Axı onların can və namuslarını qorumaq üçün yanlarında yalnız bircə kişi var idi... Doğrudan da, belə halları təsvir etməkdə tarixin dili necə də zəif və qısadır. Çünki olmuşları, hadisələri yalnız qeyd edə bilir. Həmin hadisələr baş verərkən ayrı-ayrı şəxslərin hansı hiss-həyəcanlar keçirdiklərini isə əsla çatdıra bilmir...

Beləliklə, karvan Mədinəyə daxil oldu. Fatimeyi-Zəhra (ə) əziz atasının özü üçün müvəqqəti yaşayış yeri seçdiyi Əbu Əyyub Ənsarinin evinə gəldi. O, istəkli atasının gözəl sifətini görən kimi gözləri işıqlandı. Özünü atasının məhəbbətlə dolu qoynuna atdı, orada yenidən öz rahatlıq və aramını tapdı. Lakin o qorxulu səfərin xatirəsi əsla yadından çıxmırdı. Əlinin (ə) bir qrup silahlı müşriklər qarşısında çəkinmədən təkbaşına dayanması və onları qoruması səhnəsi gözləri önündə hey canlanırdı. Bəli, bu xatirə də başqa canlı xatirələrə qarışdı və beləliklə, onun ali şəxsiyyətinin təkmilləşməsində mühüm rol oynadı. Bütün bu hadisə və xatirələr, müsibət və əzablar onun kamil bir insan səviyyəsinə yüksəlməsində, həyatın acısını və şirinini dadmış təcrübəli və yetkin bir şəxsiyyət kimi yetişməsində, bəşəriyyət üçün, xüsusilə də müsəlman cəmiyyəti üçün böyük hədiyyələr bəxş etməsində öz müsbət təsirini göstərdi.

Bəli, belə bir qəhrəman qadın öz həyatında bu cür hadisə və müsibətlərlə üzləşməli idi ki, o cür misilsiz şəxsiyyət səviyyəsinə yüksəlsin və həqiqi qəhrəman imamların anası olsun...

Fatimeyi-Zəhra (ə) Mədinədəki həyatının böyük atasının himayəsində davam etdirir və belə bir atanın xüsusi tərbiyəsindən bəhrələnirdi. O cür bənzərsiz paklıq və fədakarlığı görür, o həzrətin gecələr oyaq qalaraq ibadət etməsini, İslam və Allah yolunda yorulmaq bilmədən fəaliyyət göstərməsini öyrənir, həyat və iman dərsi keçir, bütün bunları öz həyatı üçün məşq edir və beləliklə, özünü gələcək günlərə hazırlayırdı...

Çox qəribədir ki, bu hadisələr bir-birinin ardınca baş verirdi və bütün bu dərslər arasıkəsilmədən Fatimənin (ə) öyrəndiklərini, qazandıqlarını artırırdı. Hələ İslam peyğəmbərinin (s) hicrətindən bir il keçməmişdi ki, müşriklər İslam cəmiyyətinin gücünün artmasından xəbər tutub qorxuya düşdülər. Günbəgün artan bu qüdrətin qarşısında sonra dayana bilməyəcəklərindən qorxan bu düşmənlər İslam qüdrətini, İslam cəmiyyətini dərhal yox etmək qərarına gəldilər. Ona görə də İslamın yeni yaranmış qərargahına hücuma – yürüşə hazırlıq gördülər. Bunun üçün onlar qoşun və silah yığmağa başladılar.

Bədr döyüşü

Bu xəbər ildırım sürəti ilə İslam peyğəmbərinə (s) çatdı və o həzrət də dərhal vuruşa hazır oldu. Müşriklərlə müsəlmanlar arasında baş vermiş ilk toqquşma – Bədr döyüşü haqqında İslam tarixinə aid mənbələrdə geniş məlumat verildiyi üçün biz burada ona ötəri nəzər salmaqla kifayətlənirik. Bəli, Allah-təaladan döyüş üçün fərman almış alicənab Peyğəmbər (s) xəbis müşriklərə yeni yaranan İslam cəmiyyətinin qüdrətini göstərməyi lazım bilirdi. O həzrət kiçik, lakin cürətli, şir ürəkli bir qrup müsəlmanla və azacıq silah-sürsatla Mədinədən çıxaraq müşriklərlə döyüşə yola düşdü. O misilsiz tarixi döyüşdə müşriklərin sayı müsəlmanlardan üçqat artıq idi. Onların hamısı o dövrün ən yaxşı döyüş silahları ilə dişlərinə qədər silahlanmışdı. Lakin uca Tanrı müsəlmanlara Özünün gözəgörünməyən yardım əlini uzatdı və bu bərabər olmayan döyüşdə müsəlmanlara qələbə - uğur bəxş etdi. Bu qələbə bir tərəfdən müsəlmanların əhval-ruhiyyəsini daha da gücləndirdi, bir tərəfdən düşmənləri ruhdan saldı, digər tərəfdən isə çoxlu mal və qəniməti, xüsusilə də, məğlub olmuş düşmən silahlarının çoxunu müsəlmanlara nəsib etdi. Beləliklə, müsəlmanların döyüş silahları ilə təchizatı artdı və maddi-hərbi imkanları çoxaldı.

Bədr döyüşündə aşkar və təsəvvür edilməyən məğlubiyyətə uğramış müşriklər Məkkəyə dönən gündən bu məğlubiyyətin heyfini almaq üçün yeni döyüşə hazırlaşmağa başladılar. Onlar tam bir il ərzində döyüş üçün tədarük görüb, yeni canlı qüvvə və silah toplayaraq sonrakı ili tarixi və ibrətli Ühüd döyüşünə başladılar. Bu döyüş əvvəlcə müsəlmanların məğlubiyyəti ilə nəticələnsə də, onlar üçün böyük dərs oldu. Onlara İslam ordusunun yüksək rəhbərliyinin, onun başçısının əmrlərinə sözsüz itaət etməyin vacibliyi və zərurətini bir daha sübuta yetirdi...

İslam tarixinə aid bütün mənbələrdə göstərildiyi kimi, Ühüd döyüşündə Peyğəmbərin (s) hərbi göstərişlərinin bəzilərinə qüsurlu şəkildə itaət edildi, bəziləri isə yarımçıq yerinə yetirildi. Həmçinin bəzi müsəlmanlar tamahları üzündən qənimət toplamağa girişdilər. bütün bunların nəticəsində müsəlmanlar içərisindən döyüşdən yayınan və onlara tapşırılmış döyüş yerlərini tərk edənlər oldu. Bu isə ona səbəb oldu ki, pusquda durmuş düşmənlər və ehtiyatda saxlanılan döyüşçülər müsəlmanların bu hərəkətindən istifadə edərək arxadan onlara hücum etdilər. beləliklə, müşriklər onların tam məğlubiyyətinə yaxın olan bu döyüşün taleyini dəyişdirərək onu müsəlmanların məğlubiyyəti ilə başa vurdular.

Bütün bu məsələlər üzündən həmin döyüşdə müsəlmanlardan yetmiş nəfər şəhid oldu. Onlardan biri Peyğəmbərin (s) hörmətli qəhrəman əmisi Həmzə idi. Ondan əlavə, bu döyüşün gedişində müşriklərin atdıqları daşlardan biri Peyğəmbərin (s) mübarək alnına dəydi və onun yarılmasına, qanamasına səbəb oldu. O həzrətin bir neçə dişi də sındı və onların pak, ətirli qanı şərif saqqalına axdı. Beləcə, qələbəyə yaxın döyüş səhnəsi məğlubiyyət səhnəsinə döndü... Bir tərəfdən də Əbu Süfyan – İslamı ürəkdən, sədaqətlə qəbul etməmiş o yaramaz, məkrli insan bu qarmaqarışıqlıqda müsəlmanların ruhunu sındırmaq, İslam qoşununu zəif salmaq məqsədilə aravermədən qışqırırdı: “Məhəmməd öldürüldü. Məhəmməd öldürüldü... Müsəlmanların işi bitmək üzrədir...”

Ah... Necə də hüznlü və dərdli anlar idi. İlahi, bu xəbərlər Fatimənin (ə) qulağına çatanda atasının aşiqi o mehriban qız nə hala düşdü?! Nələr çəkmədi?! O acı və kədərli saatlarda Fatimənin (ə) hansı hisslər keçirdiyini təsəvvür etmək və onları qələmə almaq, doğrudan da, çətin işdir... O çətin anlarda Fatimə (ə) da başqa İslam qadınları və cavan qızları kimi evdən bayıra çıxmışdı ki, bu dərdli xəbərin düzgünlüyü, dəqiqliyi haqqında soruşsun. Atasının öldürülməsi xəbərini eşitcək özünü saxlaya bilmədi, vücudunu sarmış dərdin şiddətindən “Ata, ata!” – deyə fəryad qopardı...

Fəryad və nalələrin ərşə qalxdığı o anlarda Fatimə (ə) Allahın Rəsulunun (s) bibisi Səfiyyə ilə birlikdə döyüş meydanına yollandı. Ora çatanda döyüş sona yetmişdi. İslam peyğəmbəri (s) dərdli-hüznlü halda döyüş meydanında həlak olanları axtarırdı. İri və qara, şəffaf və gözəl gözlərində qəmli yaş damlaları görünürdü. Hörmətli əmisini – qəhrəman Həmzənin mübarək bədənini o cür ürəkparçalayan vəziyyətdə görəndə (Cigərxar (“ciyəryeyən”) və qaniçən Hində onun qarnını yırtmış, ciyərini çeynəmişdi) ətirli və dərdli göz yaşları gücləndi. Ancaq peyğəmbərlərə xas olan aramını, toxdaqlığını saxladı, əbasını çiynindən götürərək o qanlı və parça-parça olmuş bədəni örtdü...

O anlarda Fatimeyi-Zəhra (ə) möhtərəm atasını o cür üzücü vəziyyətdə - alnı yarılmış, sifəti, ağzı və saqqalı qana bulaşmış halda görcək dərhal mehriban əlləri ilə o həzrətin başını və mübarək sifətini təmizlədi, sonra isə əllərini göyə qaldıraraq İlahi dərgahına müraciətlə nalə çəkə-çəkə dedi: “İlahi, Öz şiddətli qəzəbini o daşürəkli günahkarlara – Allahın Elçisinin (s) gözəl sifətini bu cür qana bulaşdıran kəslərə göstər.”

Sonra Fatimə (ə) bir qab su gətirdi, atasının alnındakı və sifətindəki qanları yudu. Onlar birlikdə evə qayıtdılar... Evdə həm atası, həm də əmisi oğlu qılıncını ona təhvil verdi ki, qurumuş qanlarını yusun... Beləliklə, Ühüd döyüşü bu cür dərdli sonluqla başa çatdı.

Sizlərdən hər biriniz, xüsusilə də qadınlar və qızlar, bu səhnələrin Fatimənin (ə) təfəkküründə, ruhunda, bütün varlığında necə acı təsir buraxdığını, gələcək həyatında nə dərəcədə mühüm rol oynadığını yəqin ki, yaxşı təsəvvür edirsiniz.

Təəssüf ki, tarix belə hallarda susur...

Ögey ana sıxıntısı – daha bir dərd

Bu qədər əzab və dərd burulğanında Fatimə (ə) üçün anasının ölümü və anasızlıq qəmi ilə bağlı daha bir çətinlik ortaya çıxdı. O nur və səfa evində ögey ana ilə bağlı çətinlik. Doğrudan da, ögey ana, hətta əgər ən mehriban ana olsa belə, hər hansı bir uşaq üçün çətin və dözülməzdir. Xüsusilə də, əgər o uşaq kiçik yaşlı, həssas qız olsa, bu daha da çətin olur. Fatimeyi-Zəhra (ə) da belə həssas, körpə qız idi. Bundan əlavə o, çox əzablar görmüş, incə qəlbli, düşüncəli, dərdbilən qız idi. Bu səbəbdən də ögey ana məsələsi onun üçün olduqca ağır və dözülməz çətinliklər törədir, ağrılı-acılı dərdlər yaradırdı.

Bu məsələdə diqqəti cəlb edən cəhət Fatimə (ə) ilə Allahın Rəsulunun (s) həyat yoldaşlarının – Fatimə üçün ögey ana olan qadınların arasında olan münasibətdir. Həmin ögey analardan bəzilərinin həssas qəlbli, tez inciyən Fatimə (ə) ilə rəftarları bəyəniləsi, ürəyəyatan deyildi. Bu, onların təbiətindəki qadınlığa xas xüsusiyyətlərindən irəli gəlirdi. Onlar bəzən ev mühitində Fatimə (ə) ilə səmimi rəftar etmir, onun qəlbinə toxunan hərəkətlərə yol verirdilər. bütün bu məsələlərin də əsas səbəbi o idi ki, onlar Peyğəmbərin (s) bu kamal və fəzilət sahibi qıza bəslədiyi dərin məhəbbətinə, sonsuz əlaqəsinə həsəd gözü ilə baxırdılar. Onlar mehriban atanın Fatiməyə (ə) olan bu sönməz məhəbbətini elə izləyirdilər ki, son nəticədə bu, qızın qəlbinin inciməsinə gətirib çıxarırdı. Təbiidir ki, bu düzgün olmayan rəftarlar Fatimənin (ə) həssas qəlbinə toxunur, onu yaralayırdı. Bəzən isə lap incə mətləblər də Fatimənin (ə) həssas qəlbinə təsir edir, onu sıxırdı...

Ərəgetmə astanasında

Nəhayət, bu cür acılar və çətinliklərlə dolu uşaqlıq dövrü ötdü və cavanlıq çağı yetişdi. Bəli, indi müxtəlif təcrübələr toplamış, ömrünün eniş-yoxuşunu arxada qoymuş, vücudunu əritmiş o ağır həyat sınaqlarından keçmiş Fatimə (ə) həyatının yeni bir mərhələsinə qədəm qoydu. Uşaqlıq illərində gördüyü əzab-əziyyətlər, ağrılar-acılar onu mətinləşdirmişdi. O, bütün bu çətinlikləri, ağır məsələləri Pərvərdigarına bəslədiyi iman və etiqad, ümid və təvəkkül işığında bir-birinin ardınca həll etdi. Bütün imtahan və sınaqlardan üzüağ, başıuca və güclü çıxdı, uşaqlıq illərində üzləşdiyi bütün əzab-əziyyətlərdən, ağrılı dərdlərdən xilas oldu, səbr və dözümlə, güclü iradə ilə, bənzərsiz ağlı və tədbirləri ilə bütün çətinliklərə yol tapdı, hər məsələnin düzgün həlli yollarını aradı və nəhayət, ərəgetmə yaşına, yeni həyat mərhələsinə, yeni həyatına şərik seçmə dövrünə çatdı...

 

Fatimə ilə Əlinin (ə) evlənməsi iki nurun qovuşması

İndi Fatimə (ə) ərəgetmə yaşına çatmışdır. İndi o, ömrünün elə bir mərhələsindədir ki, gərək özünün müştərək həyatına başlasın, yeni həyatına qədəm qoysun. Bu yeni müştərək həyatını o, bütün ömrü boyu bir-birinin qəminə və sevincinə şərik olan bir insan ilə birgə keçirməlidir...

Aydındır ki, Fatimə (ə) kimi bir qız, İslam peyğəmbərinin (s) sevimli qızı ömrünün bu yaşında cəmiyyətdə hansı mövqeni tutur və hansı şəraitdə yaşayır. İslam cəmiyyətinin gözü Peyğəmbərin (s) evinə dikilmişdir. Hamı bilmək istəyir: o hansı xoşbəxt kişidir ki, Allahın Elçisinin (s) kürəkəni olmaq səadətini qazanacaqdır. Belə bir böyük səadətə qovuşmaq arzusunu ürəklərində bəsləyən kəslər çoxdur. O günlərdə hər tərəfdən Qüreyş qəbiləsinin başçıları və əyanları Peyğəmbərin (s) gözünün nuru, İslam cəmiyyətinin gözü və çırağı olan Fatimənin (ə) elçiliyinə gəlirdilər. gələnlər içərisində nüfuzlu, yüksək mövqeli vəzifə sahibləri və varlılar da var idi. Görən Fatimə (ə) bunlardan hansına gələcək əri kimi göz dikmişdi, hansı birini gələcək həyatı üçün gözaltı eləmişdi? O gələcək həyatının şərikini vəzifə və nüfuz sahibimi görmək istəyirdi? Qəbilə imtiyazlarımı istəyirdi? Elçilərin sərvəti, varı haqqında fikirləşirdimi? Yox, əsla yox, bunların heç biri onu düşündürmürdü. O həyatı boyu iman və paklıqdan, etiqad və saflıqdan, təmizlik və düzlükdən başqa heç nəyi istəmirdi. Lakin bu elçilər içərisində bütün bu şərtləri ödəyən bir kəs vardımı? Kim idi o?

Həmin məsələyə başqa gözlə nəzər salaq: Fatimə (ə) İslam peyğəmbərinin (s) dördüncü qızı idi. Ailənin ən kiçik və sonuncu övladı idi. Oğlan övladı olmayan ailənin sonuncu qız övladı. Özü də elə bir cəmiyyətdə ki, hər bir atanın və ailənin hörməti, nüfuzu oğlan övladının olmasına bağlı idi. Kimin çox oğlu var idi, daha çox hörmət və nüfuz sahibi idi. Kimin oğlu yox idisə, heç yerdə nüfuz və etibarı da yox idi. Kimin qızı vardısa, sanki ətəyinə ar yamağı yapışdırılmışdılar...

Belə bir mühitdə, cahiliyyətin bu cür adət-ənənələrinin hökm sürdüyü bir cəmiyyətdə İslam peyğəmbərinin (s) elə bir cavan və xoşbəxt qızı var idi ki, bütün bu yanlış təsəvvürləri, dünyagörüşləri alt-üst etmiş və mübarək vücudu ilə qadın, qızlar üçün yeni bir mötəbərlik və etibar gətirmişdi. Bəli, Fatimə (ə) təkcə bir qız deyildi, həm də ətir və nurla, əzəmətlə dolu elə bir dalğa idi ki, Məhəmmədin (s) peyğəmbərlik nurunu əsrlərdən əsrlərə ötürməli, zaman, məkan əhatəsində yaymalı və bəşər cəmiyyətini o nemət - əbədi həyat bəxş edən nur ilə işıqlandırmalı idi...

Fatimə (ə) elə bir qız idi ki, Allahın Elçisi (s) kimi bir ata onu ürəkdən sevir, onun varlığı ilə fəxr edirdi. Ata ilə övlad arasındakı bu qırılmaz əlaqəni, dərin mənəvi bağlılığı təsəvvür etmək üçün yalnız bunu qeyd etmək kifayətdir ki, Peyğəmbər (s) ona Ümm-Əbiha (atasının anası) adını vermişdi. Peyğəmbər (s) Fatiməni (ə) çox vaxt bu adla çağırmış, ona ürəyinin sirrini açmış, nəvazişlə başını sığallamış, açıq ürəklə sözlərinə qulaq asmış və istəklərini məmnuniyyətlə yerinə yetirmişdi...

Bəli, Fatimə (ə) belə bir qız idi və təbii ki, onun ərə getməsi, ailə qurması məsələsi Allahın Rəsulu (s) kimi bir ata üçün olduqca böyük əhəmiyyət daşıyırdı. Peyğəmbər (s) ona xüsusi qayğı və diqqətlə yanaşırdı. Buna görə də İslam peyğəmbəri (s) həmişə düşünür və çalışırdı ki, əziz Fatiməsinin (ə) ərə getməsi barədə İlahi məsləhəti ilə və əmrini almadan bir addım atmasın. Odur ki, cahiliyyə dövrünün Qüreyş qəbilələrinin başçıları, böyükləri və Ərəbistan yarımadasının adlı-sanlı məşhur varlıları Fatimə (ə) üçün elçiliyə gələndə onların hamısına “yox” cavabını verdi və bu barədə qərarı İlahi məşvərəti, səma nidası çatanadək təxirə saldı... Və nəhayət, Pərvərdigardan, İlahi iradəsindən lazımi göstəriş aldıqdan sonra bu barədə addım atdı və Fatiməni (ə) İslamın fədakar əsgəri, canından keçən sərdarı, qəhrəman Əli bin Əbu Talibə (ə) ərə verdi. Peyğəmbərin (s) kürəkəni və Fatimənin (ə) əri iftixarına bütün bəşəriyyət tarixində heç bir şəxsiyyət Əli (ə) qədər layiq deyildi. “Təbəqat” əsərinin müəllifi İbn Səd yazır: “Fatimənin (ə) elçiliyi üçün Peyğəmbərin (s) hüzuruna ilkin tələsən Əbu Bəkr idi. Xahişinin cavabında eşitdi ki, mən İlahinin əmrini gözləyirəm. Əbu Bəkr oradan qayıtdıqda elçiliyə getməsini və Peyğəmbərin (s) verdiyi cavabı dostu Ömərə danışdı. Ömər dedi: “Peyğəmbər (s) bu yolla sənə “yox” cavabı vermək istəmişdir.” Səhərisi günü Ömər, Əbu Bəkrin tövsiyəsi ilə Fatimənin (ə) elçiliyinə getdi. O da Əbu Bəkr eşitdiyi cavabı eşitdi. Sonra Əlinin (ə) ailəsi Fatiməyə (ə) elçi getmək barədə onunla söhbət edib, bu işə həvəsləndirdilər. Əli (ə) məyusluq və ümidsizliklə dedi: “Məgər Əbu Bəkrlə Ömərin elçiliyinə rədd cavabından sonra mənim elçiliyimə razılıq alınar?” Əlinin (ə) ailəsi Əli (ə) ilə Peyğəmbər (s) yaxınlığını və qohumluğu məsələsini yada salaraq onu bu işə ümidvar etdilər. Odur ki, Əli (ə) elçilik üçün İslam peyğəmbərinin (s) hüzuruna tələsdi və utana-utana, çəkinə-çəkinə öz xahişini bildirdi. Beləliklə, Peyğəmbər (s) də Əlinin (ə) xahişini qəbul etdi, ona “hə” cavabını verdi. Tezliklə Fatimə (ə) (onun dünya malından demək olar ki, heç nəyi yox idi) Əliyə (ə) ərə getdi.”


source : الشیعه
  997
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

İntifadə 3 davam edir, Tel-Əvivdə 4 sionist leh edildi
PEYĞƏMBƏRI-ƏKRƏM ¡-IN TƏMƏLLÜKÜNÜN (bir şeyin onun mülKiyyətinə KeÇməsinin) ...
Abuca yenə ayağa qalxdı: Şeyx Zəkzkini Azad Edin!
Sanksiyaların ləğv avropalıların İran bazarına daxil olmaq iştahasını artırıb
Bakıda İçərişəhər Məscidinin qapısı ilə üz üzə şərab evi açılıb
SALAVAT AYƏSİ
Allah-taala Qurani-kərimdə buyurur:
bir MISAL VƏ ibrət
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
Әmәvilәrin iqtidаr dахilindә nüfuzu

latest article

İntifadə 3 davam edir, Tel-Əvivdə 4 sionist leh edildi
PEYĞƏMBƏRI-ƏKRƏM ¡-IN TƏMƏLLÜKÜNÜN (bir şeyin onun mülKiyyətinə KeÇməsinin) ...
Abuca yenə ayağa qalxdı: Şeyx Zəkzkini Azad Edin!
Sanksiyaların ləğv avropalıların İran bazarına daxil olmaq iştahasını artırıb
Bakıda İçərişəhər Məscidinin qapısı ilə üz üzə şərab evi açılıb
SALAVAT AYƏSİ
Allah-taala Qurani-kərimdə buyurur:
bir MISAL VƏ ibrət
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
Әmәvilәrin iqtidаr dахilindә nüfuzu

 
user comment