Azəri
Friday 29th of March 2024
0
نفر 0

Aləmin əhvalını bilmək haqqındadır, beş babdan ibarətdir

Aləmin əhvalını bilmək haqqındadır,
beş babdan ibarətdir

 

Aləmin mənşəyi haqqındadır

        Aləmin mənşəyi Tanrıdan başqa bütün digər varlıqlardan ibarət olub, dəyişməz bir həqiqəti (gerçəkliyi) vardır.
        Sofistlər (Səfsətəçilər) deyirlər ki, aləm xəyali və boş mövhumatdan ibarət olub, həqiqəti yoxdur. Belə bir iddia nəhayət dərəcədə tərslikdir. Ona görə ki, onların (səfsətəçilərin) özü də aləmin bir hissəsidirlər və aləmin həqiqətini inkar etmək haqqında mühakimə yürüdürlər. Beləliklə, əgər onlar öz mühakimələrini etibarlı hesab edirlərsə, bununla sabit olar ki, aləmin də həqiqəti vardır və onların iddiası və yaxud hökmü boşdur.
        Ağıllı insanlar dünyanın mənşəyi haqqında müxtəlif fikirlər irəli sürmüşlər. Filosoflardan Miletli Fales demişdir:
        “Aləmin bir yaradıcısı vardır. Ağıllar bu yaradıcının sifətini mahiyyətcə deyil, ancaq onun əsərləri etibarilə dərk edə bilərlər. O, elə bir ünsür yaratmışdır ki, onda varlıqlar və məfhumların şəkli vardır. Istər mənəvi, istərsə də maddi aləmdə olan bütün varlıqların şəkli həmin ünsürdə vardır”.
        Əflatun isə ona (Falesə) əsaslanmış və həmin ünsürü Əflatun qəlibləri müsüli-Əflatun adı ilə məşhur olan qəliblərdə ifadə edərək demişdir:
        “Aləm iki aləmdən ibarətdir: 1. Əql aləmi ki, əqli qəliblər və ruhani surətlər oradadır. 2. Içərisində cismani bədənlər və növə mənsub cisimlər olan və parlaq bir güzgü kimi əşyanın şəklini özündə əks etdirən duyğu (hiss) aləmi; belə ki, bu aləmdəki varlıqlar o aləmdəki varlıqların izləri (inikası)-dir”.
        Rəvayətə görə, Fales demişdir:
        “İlk ünsür sudan ibarətdir, suyun hər bir şəklə düşmək qabiliyyəti olduğuna görə, onun sıxlaşıb bərkiməsindən yer, durulmasından (incələşməsindən) od və hava əmələ gəlmişdir. Göy isə odun tüstüsündən törənmişdir”.
        Bu fikir isə Tanrının dediyi “Onun ərşi su üzərində idi” sözünə uyğundur.
        Falesin fikrini Anaksaqor da qəbul etmişdir.
        Miletli Empedokl isə demişdir:
        “İlk ünsür mütləq bəsit deyil, içərisində məhəbbət (cəlbedici) və qələbə (rəddedici) olan birləşmədir. Bu ünsürdən həm bəsit və ruhani cövhərlər, həm də mürəkkəb və cismani cövhərlər törənmişdir və bu nöqteyi-nəzərdən qoşalar növ və sinifcə bir-birilə birləşərək, varlıqlara çevrilmişdir. Lakin əksliklər bir-birilə ziddiyyətə girərək fəsada (pozulub parçalanmaya) səbəb olmuşdur”.
        Empedoklun fikrini filosof Heraklit də qəbul etmişdir.
        Pifaqor demişdir:
        “Tanrı ağıl ilə ruhu eyni zamanda yaratdıqdan sonra onların vasitəsilə (ağıl ilə ruhdan) aşağıdakıların (aşağı dərəcəli şeylərin) hamısını yaratmışdır”.
        Plutarx Sokratdan rəvayət edir ki, Sokrat demişdir:
        “Əsaslar üçdür: bunlar yaradıcı ünsür – element və surətdən ibarətdir”.
        Demokrit demişdir:
        “Əsaslar yalnız element və ya yalnız ağıl deyil, dörd qatışıqdan ibarət olmuş və bunlardan bütün bəsit şeylər eyni zamanda (dərhal) törənmişdir. Bunların ardınca sonradan mürəkkəb şeylər növ üzrə əmələ gəlmiş, sonra bütün aləm törənmişdir. Bütün bunlar əbədidir: çünki daimi olan aləmlə bağlıdır”.
        Ərəstu demişdir:
        “Vahid yaradıcıdan ilkin fəal ağıl nəşət etmişdir. Ağıl öz mahiyyəti etibarilə mümkün, lakin öz səbəbiyyəti etibarilə vacibdir. Ağıl öz mahiyyətini və səbəbiyyətini xatırlamış və bu xatırlamadan şeylər nəşət etmişdir”.
        Bu fikir peyğəmbərin dediyi “Tanrının ilk yaratdığı şey ağıldır” sözünə uyğundur.
        Sənəviyyələr (dualistlər) demişlər:
        “İlk mənşə müdrik bir nur olmuşdur. Bu müdrik nur özü haqqında düşünərək demişdir ki, əgər mənim tayım meydana gələrsə, necə ola bilər? Belə bir düşüncədən nur (işıq) və zülmət (qaranlıq) əmələ gəlmişdir. Işıq və qaranlıq isə varlıqların iki əsası olmuşdur. Işıq “Yəzdan”, qaranlıq isə “Əhrimən” adlandırılmışdır. Bunlardan ruhani və cismani şeylər, xeyir və şər meydana gəlmişdir”.
        Filosof Heraklit demişdir:
        “İlk ünsür bir dəfə özünü, bir dəfə mənşəyini, bir dəfə də həmin mənşəyə olan münasibətini təsəvvür etmiş və beləliklə, əmələ gəlmiş bu üç təsəvvürdən ruh və ağıl yaranmışdır. Sonra ünsürdəkilərin ruhda təcəssüm etməsindən məhəbbət və ədavət (cəlb etmə və rədd etmə) əmələ gəlmişdir. Sonra ruhdakıların ağılda təcəssüm etməsindən məhəbbətlə ədavətdən qarışıq olan varlıqlar yaranmışdır. Beləliklə, varlığın səbəbi məhəbbətdir. Məhəbbət isə birləşmənin səbəbidir. Fəsadın (pozulub dağılmanın) səbəbi isə ədavətdir. Ədavət isə ayrılmanın səbəbidir. Məhəbbətlə ədavət xeyir və şərin səbəbləridir. Belə bir üsul qiyamətə qədər davam edəcəkdir. Qiyamət günündə xeyir şərdən azad ediləcək. Xeyir iş görənlər dəstəsi behiştə, şər iş görənlər dəstəsi isə cəhənnəmə gedəcəkdir”.
        Bu, qiyamətə inanmaq məzhəbindən ibarətdir.

Ikinci bab

Aləmin cüzlərini bilmək haqqındadır

        Duyulan bu aləm bir-birilə bağlı olan və sonradan əmələ gəlmiş cisimlərdən mürəkkəbdir. Onların əmələ gəlməsi barədə müxtəlif fikirlər irəli sürülmüşdür:
        Bəzi adamlar, o cümlədən şəriətçilərin hamısı demişlər ki, onların həm mahiyyətləri, həm də sifətləri sonradan əmələ gəlmişdir.
        Bəziləri, yəni Ərəstu, Prokul, Femistus, Əbu nəsr (Əl-Farabi), Əbu Əli Sina demişlər:
        Fələklərin, həm mahiyyətləri, həm də hərəkətdən başqa digər miqdar və şəkil kimi əyani sifətləri qədimdir. Ünsürlərin maddələri öz fərdiyyəti (şəxsi) etibarilə qədimdir; onların cismani şəkilləri öz növü etibarilə də qədimdir və növi şəkilləri öz növünə görə deyil, cinsi etibarilə qədimdir.
        Bəziləri, yəni Ərəstudan əvvəlki filosoflar demişlər:
        “Fələklər mahiyyətcə qədimdir (qədimi-zati), lakin cismani və növi şəkilləri sonradan əmələ gəlmişdir”.
        Buradakı “Qədim” vacib haqqında deyilən zati-qədim deyil, zamani-qədimilik (qədimi-zamani) nəzərdə tutulur.
        Belə demişlər ki, mümkün (törənmiş) varlıqlar ülvi (yuxarı) və süfli (aşağı) varlıqlardan ibarətdir.
        Ülvilər doqquz fələkdən ibarətdir:
        Birincisi – Ay fələkidir, fələkül-Qəmər.
        Ikincisi – Merkuri fələki, fələki-Ütarid.
        Üçüncüsü – Venera fələki, fələküz-Zöhrə.
        Dördüncüsü – Günəş fələki, fələkuş-Şəms.
        Beşincisi – Mars fələki, fələkül-Mirrix.
        Altıncısı – Yupiter fələki, fələkül-Müştəri.
        Yeddincisi – Saturn fələki, fələküz-Zühəl.
        Səkkizincisi – Bürclər fələki, fələkül-büruc.
        Doqquzuncusu – Ətləs fələki, fələkül-ətləs.
        Ətləs fələki, başqa fələklərin əksinə olaraq, Şərqdən qərbə gündəlik dairəvi hərəkətdədir. Bu fələklərin hər birisinin özünə xas olan sürətli və yaxud aram hərəkəti vardır. Onların hamısı şəffaf və gözə görünməz cisimlərdir. Ulduzlar isə parlaq cisimlərdir. Hər hansı bir kütlə və cismin hərəkətverici və idarəedicisi vardır ki, filosoflara görə, ülvi (səmavi) mücərrəd varlıqlardan və şəriətçilərə (dinçilərə) görə, göydəki fələklərdən ibarətdir.
        Süflilərdən birisi Yer kürəsidir ki, mərkəz nöqtələrini əhatə edir. Birisi sudur ki, Yer kürəsini əhatə edir. Birisi havadır ki, suyu əhatə edir. Birisi də oddur ki, havanı əhatə edir və Ay Fələkinin batıq (içəri) tərəfinə toxunur. Bunların hər birisinin lətif (incə) cismi, müəyyən mərkəzi, həcmi, edarə edəni və qüvvə ilə saxlayanı vardır. Bu saxlayanlar filosoflara görə, nəfslər və ağıllardan, şəriətçilərə görə, yer fələklərindən ibarətdir.
        Göy kütlələri, ünsürlərə təsir göstərdiklərinə görə, atalar, ünsürlər isə onlardan təsir qəbul etdiyinə görə, analar adlanır. Bunlardan əmələ gəlmiş mürəkkəb varlıqlar üç doğulmuşdan ibarətdir:
        1. Mədəniyyat (camidlər) ki, doqquzdur və qabiliyyətlərinə görə sıralanmışdır, hər birisinin xüsusi səciyyəsi və özünə xas olan keyfiyyəti vardır və onların vasitəsilə cəmiyyət quruluşunun gedişi təkmilləşir və dünya işləri qaydaya salınır. Alverdə pul, əkinçilik və dərzilikdə alətlər və sairə bunlara misal ola bilər. Mədəniyyat varlıqlar içərisində hamıdan əvvəl cəmiyyət quruluşuna xidmət etmək üçün birləşmə feyzi ilə şərəflənmişdir.
        2. Bitkilər – cisim olmaq etibarilə mədəniyyata bərabərdir. Bundan əlavə mədəniyyatda olmayan xüsusiyyətlərə - böyümə, qidalanma, törətmə və təsviri xüsusiyyətlərinə malikdir. Bitkilər heyvanların yaşaması vəsaitidir.
        3. Heyvanlar – bitkilər və mədəniyyatda olanlardan əlavə iradi hərəkətə malikdir. Heyvanların onlardan üstünlüyü insana daha yaxın olmaları ilə izah edilir. Insan isə yaradıcıya hamıdan yaxındır.
        Fələkiyyatda zahiri dövretmə (hərlənmə) vardır, bu isə aşkardır. Ünsürlərdə isə mənəvi (batini) dövretmə vardır. Belə ki, ünsürə mənsub olan sadə cövhərlər gah tərkib edilmək qabiliyyəti əldə edir və bir-biri ilə birləşərək tədriclə mədəniyyat, bitkilər və heyvanlar surətində dövr edir və bu mərhələlərin hər birisində yuxarı (ülvi) aləmdən xüsusi feyz alır. Bu cür dövretmə KÖVN (varlıq) adlanır. Gah da bu tərkib hissələri bir-birindən ayrılaraq hər bir hissə bir kürəyə doğru meyl edir və beləliklə, tərkib aləmindən təklənmə (təcziyə, sadələşmə) aləminə keçir. Bu cür dövretmə isə FƏSAD (pozulma, dağılıb parçalanma) adlanır.
        Ərəstu aləmin sonradan əmələ gəlməsi (hüdusu) barədə demişdir:
        “İlk ünsür əvvəlcə yox imiş, sonradan əmələ gəlmişdir. Onun yoxluqdan vücuda gəlməsi hərəkətdir. Mövcudiyyəti hərəkət vasitəsilə ilə olan hər bir şeyin qalıb yaşaması da hərəkət vasitəsilə olmalıdır. Əvvəlcə o, üç səmtdə, yəni boy (uzunluq), en və dərinlik istiqamətində hərəkət edərək cisim olmuşdur. Sonra bütünlüklə deyil, bir hissəsi dairəvi şəkildə hərəkət etmişdir. Ona görə bütünlüklə deyil ki, dairəvilik ortanın mövcud olmasını tələb edir. Beləliklə, onun ortadakı hissəsi hərəkətsiz qalmış və digər hissəsi hərlənmişdir və nəticə etibarilə cismin hərlənən hissəsi ilə onun hərəkətsiz hissəsi bir-birinə sürtünməkdə olmuşdur. Sonra hərlənən hissənin sürətinin artması nəticəsində hərəkətsiz hissədə istilik, qızışma və yumşalma əmələ gələrək ərimiş və sonra oda çevrilmişdir. Lakin od fələkə nisbətən daha az sürətlə hərəkət etmiş və bu hərəkət nəticəsində hərəkətsiz sahənin bir hissəsində hərəkət əmələ gəlmiş və həmin hissə havaya çevrilmişdir. Hərəkətsiz sahənin hava ilə toxunan hissəsi olan cisim ilk hərəkət edən fələkdən uzaq olduğuna görə, hərəkət etməmiş və bu hərəkətsizlik nəticəsində soyumuşdur. Sonra hava ilə qonşu olduğuna görə rütubətlənərək suya çevrilmişdir. Ortadakı hissə isə, fələklərdən uzaq olduğuna görə, hərəkət və istilikdən heç də istifadə edə bilməmiş və hərəkətsiz, soyuq torpağa çevrilərək, mürəkkəb varlıqlar ondan əmələ gəlmişdir”.
        Deyilmişdir ki, aləm əyan (aşkar varlıqlar) və ərəzlərdən ibarətdir. Əyan aşkar varlıqlar sərbəst (asılı olmadan) mövcud olan varlıqlardan ibarətdir. Bu obyektiv varlıqlar, mütəkəllimlərə (ehkama əsaslananlara) görə, iki növə-mürəkkəb və qeyri-mürəkkəb (sadə) növlərə bölünür.
        Əşərilərə görə, iki və daha artıq hissədən ibarət, Mötəzililərə görə isə dörd və ya səkkiz hissədən ibarət olan mürəkkəblər cisim, qeyri-mürəkkəblər isə cövhər adlanır.
        Filosoflara görə, cövhərlər beş növdür. Ona görə ki, ya bir məhəldə (yerdə) yerləşir, ya həmin yerləşənin məhəllidir, ya bunların hər ikisinin birləşməsindən ibarətdir, yaxud həmin birləşmədən idarə edilmə etibarilə asılıdır və ya asılı deyildir. Birincisi surət (şəkil), ikincisi Həyula (maddə), üçüncüsü cisim, dördüncüsü nəfs (ruh), beşincisi isə ağıldan ibarətdir.
        Asılı olmayan (sərbəst) ağıllar (Üquli-müfariqə) odur ki, onlardan doqquzu fələk nəfslərini idarə edir. Birisi də “fəal ağıl” - Əqli-fəaldır ki, bizim nəfslərimizi idarə edir.
        Deyilmişdir ki, insan ağlının müxtəlif mərtəbələri və hər mərtəbədə onun müəyyən vəzifəsi və adı vardır:
        Birincinin adı maddi ağıldır (əqli-həyulani) ki, təcəssüm edilmək (cisimləşmə) qüvvəsindən ibarətdir.
        Ikincisi nəzəri ağıldır (əqli-nəzəri) ki, ümumi məsələlərin mahiyyətini qəbul edən qüvvədir.
        Üçüncüsü əməli ağıldır (əqli-əməli) ki, cüziyyata aid istənilən şeylərə həvəs oyadan qüvvədir.
        Dördüncüsü istedad ağlıdır (əqli-bil-mələkə) ki, maddi qüvvənin inkişafıdır.
        Beşincisi feldə (potensial) olan (Əqli-bil-fel) ağlıdır ki, nəfsin (ruhun) istənilən vaxt (lazımi) şəkildə hazırlanan təkmilidir.
        Altıncısı nəticə ağlıdır (əqli- müstəfad) ki, nəfsdə təcəssüm edən mücərrəd mahiyyətdir.
        Doqquz cinsdə (kateqoriyada) yerləşmiş ərəzlər isə bunlardır:
        Kəmiyyət – (kəmm), keyfiyyət – (keyf), mənsubiyyət – (izafə), vəziyyət – (vəz), məkan – (əyn), zaman – (məta), mülkiyyət –(milk), təəssür – (infial), təsir – (fel).

Üçüncü bab

Dünya əhlinə aid bilik haqqındadır

        Dünya əhli iki yerə bölünür:
        Birincisi elə adamlardır ki, vəhy və ilhama nail olmuş, və ya ağıllarını və vaxtlarını əşyanın həqiqətlərini bilməyə sərf etmiş, bu həqiqətlərdən ağıl və ya vicdana əsaslanan dəlillər vasitəsilə əzəli və əbədi bir yaradıcının varlığını isbat etmiş, onun ibadətinə məşğul olmuş və öz üsulları əsasında qayda-qanunlar vermişlər. Bunlar müdrik tədqiqatçı müəllimlərdir.
        Digərləri isə elə adamlardır ki, bütün səylərini və ömürlərini təqlid etməyə həsr edərək, etiqad və ibadətlərində yuxarıdakı camaatdan rəhbərlik almış və işlərində eşitdiklərinə (ehkama) əsaslanmışlar. Bunlar isə təqlidçilərdir.
        Elələri də vardır ki, Tanrının əzəli mərhəmətinə nail olmuş, elələri vardır ki, təbiətə insan olmalarına baxmayaraq, mələklər onların qarşısında baş əymişlər və səadət onların sayəsində olmuşdur. Peyğəmbərlər və onlara tabe olanları buna misal göstərmək olar. Elələri də vardır ki, korlanmışlar və onların aqibətinin həqiqətini Tanrı daha yaxşı bilər.
        Başqa bölgü üzrə dünya əhli iki yerə bölünür:
        Birincilər demişlər ki, işlərdə bizim heç bir ixtiyarımız yoxdur və bu məsələ aydındır, çünki bizim vüudumuzun maddəsi başlanğıcından indiyə qədər müxtəlif şəkillər və vəziyyətlərdə bizdən və bizim iradəmizdən asılı olmayaraq dolanmışdır (dövr etmişdir) indi də elədir; bizim – nə azadlığımız vardır, nə də müdaxiləmiz. Buna görə bunlar öz işlərində qəzavü-qədərə təslim olmuşlar. Bunlar (əhli-təslim) təslimçilərdir (fatalistlərdir).
        Digərləri isə demişlər ki, işlərdə bizim azadlıq və iradəmiz vardır; əgər belə olmasaydı, biz mükafata, yaxud cəzaya, yoxsulluğa, yaxud zənginliyə layiq olmazdıq. Bunlar isə səbəbçilərdir-(əhli-səbəb) - (deterministlərdir). İnsanların çoxusu bu əqidənin tərəfdarıdır və bu əqidə doğrudur.
        Başqa bölgü üzrə dünya əhli dörd qismə bölünür: çünki, bunlara görə, ulu Tanrı cisimlərdən əvvəl ruhları yaratmış və onlara demişdir ki, “mən sizin Tanrınız deyiləmmi?”. O ruhların bəzisi “bəli!”, bəzisi isə “xeyir!” demişdir. Sonra Tanrı həmin sözü yenidən təkrar etmişdir. Bu dəfə təsdiq edənlərin bəzisi inkar etmiş, inkar edənlərin bəzisi isə təsdiq etmişdir. Bundan sonra həmin ruhlar dağılışaraq tədriclə cisimlər aləminə yönəlmişlər. Onların içərisində həm ilk, həm də son dəfə “yox” deyənlər kafir olmuş və iyman gətirməmişlər. Bunların əksinə olanlar isə əksinə, həmçinin ilk dəfə təsdiq edib, sonra inkar edənlər əvvəlcə mömin olmuş, sonra isə kafirə çevrilmişlər. Bunların əksinə olanlar isə əksinə olmuşdurlar. Belə bir gün “Yövmül-misaq (Əhdi-peyman) günü” adlanmışdır. Cəsədlər arasındakı birləşmə və ayrılma həmin günün saziş və ayrılması nəticəsidir. Bu isə peyğəmbərin belə bir sözünə uyğundur ki, “Ruhlar səfərbər edilmiş ordulardır, həmin orduların təsdiq edənləri bir-birilə birləşmiş, inkar edənləri isə bir-birilə ziddiyyətə girmişdir”.
        Başqa bölgü üzrə dünya əhli beş yerə bölünür: bu bölgü belə bir nəzərdən irəli gəlir ki, dünya ümumi quruluşu etibarilə vahid, lakin zahir və batin etibarilə ikidir.
        Aləmin zahiri duyulan aləm – aləmi-məhsus, surət aləmi – aləmi-surət, görünən aləm – aləmi-şəhadət, fel (həqiqət) aləmi – aləmi-fel, cismani aləm – aləmi-cismani, tərkib aləmi – aləmi-tərkib, aşkar aləmi – aləmi-cəhr, yaranmışlar aləmi – aləmi-xəlq adlanır.
        Aləmin batini isə mücərrəd aləm – aləmi-məqul, məzmun aləmi – aləmi-məna, gizli aləm – aləmi-qeyb, imkan aləmi – aləmi-qüvvə, ruhani aləm – aləmi-ruhani, təcziyə aləmi – aləmi-təfrid, sirlər aləmi – aləmi-sirr, hadisələr aləmi – aləmi-əmr adlanır. Mücərrəd aləm duyğulara əsaslanır; duyğular isə bir-birilə əlaqədardır.
        Insanların bəzisi, yəni səfsətəçilər, bunların (mücərrəd və duyulan aləmin) hər ikisinin həqiqət olduğunu əsla təsdiq etmirlər. Bəzisi isə, yəni təbiətçilər (materialistlər), ancaq duyğular aləmini təsdiq edir və mücərrədi təsdiq etmir. Bəzisi, yəni dəhri (ateist) filosoflar hər ikisini təsdiq edir, lakin ehkamın qaydalarını təsdiq etmir. Bəzisi, yəni sabeilər (ulduzpərəstlər) bunların hamısını təsdiq edir, lakin şəriət və dini təsdiq etmir. Bəzisi, yəni yəhudilər və xaçpərəstlər bunların hamısından əlavə şəriət və dini də təsdiq edir, lakin bizim peyğəmbərin şəriətini təsdiq etmir. Bəzisi, yəni müsəlmanlar bunların hamısını təsdiq edir.
        Tənasüx əhli demişlər ki, aləm təbiətən dairəvi hərəkət edir. Ülvi (yuxarı) varlıqlar dövr etməklə süfli (aşağı) varlıqlara təsir etməkdədirlər. Süfli varlıqlar da sonsuz olaraq dövr edirlər. Əhatədə olan ruhlar müxtəlif cisimlərdə dövr edir. Bütün zamanlarda müəyyən bir dövr başa çatır və yeni bir dövr başlanır. Dövrlər isə sonsuz olaraq bir-birinin ardınca davam edir.
        Bunların sözünün nəticəsi belədir ki, müxtəlif cisimlər bir-birini dəyişən nəfslərin inkişaf yolundakı səadət və şəqavət dərəcələrindən ibarətdir. Beləliklə, xoşbəxt ruh bir cisimdən köçür və ondan yüksək bir cisimdə yerləşir. Buna Nəsx (ruhun yer dəyişməsi) deyilir. Həqiqət belədir ki, bu məzhəb batildir, çünki onların dediyinə görə, dövrlər inkişafa çatmaq rütbəsinin dərəcələrindən ibarət olub, inkişafa çatmaq isə imkan daxilindədir. Halbuki, belə bir imkan içərisində qeyri-mümkünlük vardır. Bu qeyri-mümkünlük isə şübhəsiz ki, dövrlərin sonsuzluğundan irəli gəlir.
        Bütpərəstlər demişlər ki, göy mücərrədləri (fələklər) ruhlardan, ulduzlar isə onların cisimlərindən ibarətdir və bunlar Tanrı yanında bizim şəfaətçilərimizdir. Buna görə onların hər birisi üçün müəyyən bir surət təsəvvür etmiş, bu surətləri onlara mənsub etmiş və bu münasibətə görə mədəniyyatdan onların şəkillərinə uyğun heykəllər düzəltmiş və onlara ibadət etmişlər. Bunlar öz üsullarını İdris əleyhissəlamdan ibarət olan Hermesə isnad edirlər və bütləri tanrı, yaradıcını isə tanrılar tanrısı adlandırmışlar.
        Oda sitayiş edənlər, yəni Məcusilər (Atəşpərəstlər) demişlər ki, od ilk mənşədir.
        Bəzi tədqiqatçılara görə, ilk ünsür cəbərut (qüdrət) aləmidir ki, bu da Lahut (Tanrıya mənsub) aləmindən nəşət etmişdir. Həmçinin demişlər ki, bu aləmdə ruhlar bərabər imiş, sonra ondan (cəbərut aləmindən) mələkut aləminə, yəni müfrədat (ayrı-ayrı sadə varlıqların) aləminə enmişlər. Sonra həmin aləmdən mülk aləminə, yəni mürəkkəb varlıqlar aləminə enmişlər. Bu aləmdə isə üç məqam vardır: cəmadat (sülh əşya), nəbatat (bitkilər) və heyvanlar məqamı. Bu məqamlar ardıcıl olaraq dövr edərək, nasut aləminə yəni insan aləminə çatır. Insanın mənşədən aşağıya enməsi belədir. Əgər insan inkişaf etdikdən sonra qeyd etdiyimiz aləmlərdən bircə-bircə əlaqəsini kəsərsə, mənşəyinə çatar. Bu isə insanın yuxarıya yüksəlməsindən ibarətdir.
        Kümun və zühur (gizlilik və zahir olma) nəzəriyyəsinə inananlar demişlər ki, yaranmış varlıqların hamısı birdən yaranmışdır və onlar bir-birinin içərisində, yəni ərəzlər mürəkkəblər içərisində, mürəkkəblər bəsitlər içərisində, bəsitlər mücərrədlər içərisində, mücərrədlər isə ilk ünsür içərisində gizli olmuşdur. Insanın nütfədə, xurma ağacının isə çəyirdəkdə gizli olması buna misal ola bilər. Sonralar tədriclə aşkara çıxmış və öz xülasə (müxtəsər) şəkillərindən sonra təfsilatlı şəkillər əldə etmişlər.


Dördüncü bab

Insan haqqında biliyə aiddir

        Insan nəfs (ruh) və bədəndən ibarətdir. Ruhun varlığı sabitdir, insan başqa heyvanlara iradi hərəkətinə görə müştərəkdir. Lakin ağıllı tədbirləri, məsələn, ticarət, ziraət (əkinçilik) və sairə ilə heyvanlardan fərqlənir. Məlum olur ki, insanın başqa heyvanlardan üstünlüyünün, yəni tədbir və iradə etməsinin səbəbi nəfsdir.
        Demişlər ki, ruh müstəqil (öz varlığından asılı olmayan) bir cövhərdir və cövhərlərə əlavə edilən ərəzlərin əksinə olaraq zehni mülahizələri dərk etmək qabiliyyəti vardır. Lakin ruh cisim deyildir: çünki cisim eyni zamanda iki surəti dərk edə bilməz. Halbuki ruhun ikidən də artıq surəti dərk etməyə qabiliyyəti vardır. Sonra ruh cismani də deyildir; çünki cismani əşyanın cismi hissələrə bölünməsi lazımdır. Halbuki ruh bəsit (bölünməz)dir. Sonra ruh nə maddədir, nə də surət (forma), çünki maddə ilə surət bir-birindən ayrılmazdır; halbuki ruh maddə və surətdən ayrıla bilər. Beləliklə, isbat edildi ki, ruh bəsit bir cövhərdir və cisim deyildir. Həmçinin ruh cisimdəki imkan (qüvvə) olmadığı kimi, cismin surəti də deyildir.
        Bəzi şəxslər demişlər ki, ruh bədəndən əvvəl törənmişdir. Bunlar Tanrının “sonra biz onu (insanı) başqa bir şəklə saldıq” sözünə isnad etmişlər.
        Ərəstu və onun tərəfdarları ruhun bədəndən sonra törənməsini söyləmişlər və belə bir dəlil göstərirlər ki, əgər ruh bədəndən əvvəl mövcud olsaydı, sayca çox olardı və əgər sayca çox olan bu ruhların hər birisi üçün fərqləndirici bir xüsusiyyət təsəvvür etsək, onda ruhun mürəkkəb olması, yəni həm ümumi, həm də fərqlənmə cəhətlərinə malik olan bir şey olması lazım gələrdi. Halbuki ruh bəsit fərz edilmişdir. Beləliklə, labüd olaraq əvvəlcə bədən olmalıdır ki, ruhu növlərə görə şəxsi bölmələrə ayırsın.
        Ərəstuya görə, bədən ruhun davam edib qalması üçün deyil, onun mövcudiyyəti üçün şərtdir.
        Sonra deyilmişdir ki, ruh ürəkdə olan bölünməz bir hissədir.
        Həmçinin deyilmişdir ki, ruh üç qüvvədən ibarətdir ki, onların birincisi, beyində olub, hikmət mənşəyidir. Ikincisi, ürəkdə olub, qəzəb mənşəyidir. Üçüncüsü, qara ciyərdə olub, şəhvət (ehtiras) mənşəyidir.
        Sonra deyilmişdir ki, ruh mizacdan və əxlatın etidalından ibarətdir.
        Sonra deyilmişdir ki, ruh bədənin şəkli və əxlatın birləşdirilməsindən ibarətdir.
        Sonra deyilmişdir ki, ruh həyatdan ibarətdir.
        Sonra deyilmişdir ki, ruh beyində olan bir qüvvə olub, hiss və hərəkət mənşəyidir.
        Nəzzam demişdir ki, ruh bədəndə gəzişən parçalanmayan və pozulmaz cisimlərdir.
        Deyənlərin ən doğruçusu Allah demişdir ki, “Ey Məhəmməd, de ki, ruh mənim Tanrımın işlərindəndir və sizə elmin az bir hissəsi verilmişdir, siz ruhu dərk edə bilməzsiniz.
        Yenə deyilmişdir ki, ruh bədənin pozulmasından sonra qalmaqda davam edir; çünki o, mücərrəd və bəsit bir cövhərdir və onun varlığı bir həqiqət olduğuna görə, yox olmasının imkanı ilə bir yerə sığmaz; çünki belə bir imkanın həqiqətə çevrilməsi ilə iki əksliyin bir araya toplanması lazım gələrdi.
        Bədənə gəlincə, o, maye nütfədən əmələ gəlmişdir. Nütfə kürəcik şəklində olub, ona insanın bütün xüsusiyyətləri və əlavələri imkan şəklində əmanət verilmişdir. Belə ki, həmin xüsusiyyətlər tədriclə meydana gəlir. Nütfədəki bu imkan ilk ünsürdə və ya Əflatun qəliblərində gizli olan varlıqlardakı imkan kimidir. Sonra həmin nütfə ana bətnində istilik vasitəsilə yetişir, öz növünə xas olan qabiliyyətə görə adi üzvlərə ayrılır, ünsüri (maddi) keyfiyyətləri qəbul edir və onda dörd təbiət əmələ gəlir, sümüklər, damarlar və sinirlər inkişaf edir, cismani şəkilləri təkmilləşir, içərisinə ruh verilir və qidalanaraq, təbii təkmilləşməyə doğru yönəlir. Sonra, bətndən çıxır və ruh onu üç mərhələdə idarə edir: Birinci mərhələdə şəhvət (ehtiras) qüvvəsi – (qüvveyi-şəhəviyyə) vasitəsilə onu, təbii inkişaf olan boy atmaq üçün qidalar cəzb etməyə hazırlayır. Ikinci mərhələdə qəzəb qüvvəsi – (qüvveyi-qəzəbiyyə) vasitəsilə onu, öz növünə məxsus şəklinin afətlərdən qorunması üçün, zərərli şeyləri rədd etməyə hazırlayır. Üçüncü mərhələdə isə mələkə (hifz və vərdiş) qüvvəsi – (qüvveyi-mələkiyyə) vasitəsilə onu həqiqi inkişaf olan yaxşı əməllərə hazırlayır.
        Duyğulara gəldikdə, onların zahiri və batini növləri vardır: Zahiri duyğular beşdir ki, eşitmə, görmə, dadma, toxunma, iy bilmə duyğularından ibarətdir. Filosofların fikrincə, batini duyğular da beşdir ki, ortaq hiss (hissi-müştərəkə), təsəvvür, xəyal, hafizə və özünüidarə (davranmadan) ibarətdir. Kəlam tərəfdarları (mütəkəllimlər) isə sonuncunu nəzərə almırlar.
        Qüvvələr isə səkkizdir: bunlar da cəzb edən – (cazibə), qidalandıran (ğaziyə), saxlayan – (masikə), becərən – (namiyə), törədən – (müvəllid), surət verən – (müsəvvirə), ifraz edən – (dafiə), rədd edən və həzm edən – (hazimə) qüvvələrdən ibarətdir.


Beşinci bab

Cin varlığı haqqında

        Bu məsələ, istər ehkamca, istərsə də ağılca şübhəsizdir. Ehkama gəldikdə, Quranda onun varlığı və oddan yarandığı qeyd edilir. Ağıla gəldikdə, filosoflar beş cövhərin, yəni maddə, surət, cisim, ruh və ağlın mövcudiyyətini isbat edərkən bunlardan fərqlənən başqa bir varlığın da mövcudiyyətini isbat etmişlər və onu üç qismə ayırmışlar: Birincisi, mahiyyətcə xeyir olub, şəri olmayan varlıq ki, mələkdir. Ikincisi, mahiyyətcə şər olub, xeyri olmayan varlıq ki, şeytandır. Üçüncüsü, həm xeyir, həm şər üçün qabil olan varlıq ki, cindir.
        Ağıllı adamların bəzisi demişdir ki, nəfsdə üç qüvvə vardır: birincisi, təmiz (xalis) xeyirdən – (məhzül-xeyir) ibarət olub, mütməinnə (arxayın) nəfs adlanır. Bu qüvvə mələklərə mənsub bir qüvvədir ki, bütün yüksək xasiyyətləri özündə birləşdirir və peyğəmbərlər ilə övliyalara xasdır. Ikincisi xalis şərdən ibarət – (məhzül-şər) olub, əmmarə (pis işlərə cəlb edən) nəfs adlanır. Bu qüvvə şeytana mənsub bir qüvvədir ki, bütün yaramazlıqları özündə birləşdirir və kafirlərə xasdır. Üçüncüsü, həm xeyir, həm də şərə qabil olan qüvvədən ibarət olub, ləvvamə (danlayan) nəfs adlanır. Bu orta vəziyyətdə olan bir qüvvədir ki, gah cəlb edən nəfsə meyl göstərir, gah da özünü danlayaraq, arxayın nəfsə meyl göstərir və insanların (peyğəmbərlər və övliyalardan başqa) qalan hissəsinə xas olub, cini əvəz edir.
        Sufilər demişlər ki, şeytan insan təbiətindən ibarətdir ki, şəhvətlərə meyl göstərir. Əgər nəfs ona tabe olarsa, bütün yollardan azar və əgər onu özünə tabe edərsə, bütün təhlükələrdən qurtarar. Insan mahiyyətini (insan təbiətini) deməkdən məqsəd belə bir məsələni qeyd etməkdən ibarətdir ki, insan törənmiş (yaranmış) varlıqdır. Əgər insan canişinlik rəmzinə uyğun olaraq, yer üzərindəki varlıqların bəzisi onun ixtiyarına keçərsə, yaxud adların (Tanrının adlarının) öyrədilməsinə müvafiq olaraq, elmlərin bəzisini mənimsəyərsə, özündən aşağı səviyyədə olan yaranmışlara lovğalıq etməz və Firövn yaxud Haman kimi qürrələnməz; ancaq özünün törənmə səbəbinə (Tanrıya) baxar, onun nemətləri qarşısında şükr edər və onun qüdrətini xatırlayar.

Aləmin vəziyyətləri, ondakı varlıqların keyfiyyəti və onun hisslərinin kəmiyyəti haqqında bizim imkan daxilində əldə etdiyimiz bilik bunlardan ibarətdir. Inanırıq ki, bu məsələ bizim bildiyimiz və ya oxuduğumuzdan genişdir; çünki Tanrının sifətləri saysız-hesabsızdır və onların təzahür şəkilləri çoxdur. Beləliklə, əgər biz Tanrıya aid bir çox aləmləri (bilik sahələrini) dərk edə bilməsək, bu, bizim biliyimiz və etiqadımıza qətiyyən zərər verməz.
        Bilmək lazımdır ki, bu etiqadların çoxu barədə müxtəlif fikirlər daşıyan fazil adamların hamısı yekdilliklə dünya ləzzətlərindən könüllü olaraq vaz keçmiş və öz bacarıq və imkanlarına baxmayaraq, riyazət (tərki-dünyalıq) yolunu mənsəb və vəzifələr yolundan üstün tutmuşlar. Bu isə peyğəmbərlərin, filosofların və pak şeyxlərin yaşayış tərzində öz aydın əksini tapmışdır. Bunlar dünyanın və dünyada olan əşyanın mahiyyətinə diqqət yetirdikdə bunu anlamışlar: dünya elə bir yerdir ki, onun əhalisi daimi deyildir; o, elə bir mənzildir ki, onda yaşayanlar davam etmirlər. Buna görə riyazətlər (əziyyətlər, çətinliklər) yolunu rahatlıqdan üstün tutmuşlar; çünki riyazətlərdən çıxmaq rahatlığa çatmaq deməkdir. Onlar az ilə kifayətlənmiş və artıq şeylərdən belə bir məqsədlə çəkinmişlər ki, həmin artıq şeyləri tərk etmək zamanı daha çox həsrət çəkməsinlər. Onlar başa düşmüşlər ki, dünyaya aid tələbat ancaq qazanmaqla əldə edilir, bu tələbat isə sonsuzdur. Qazanmaq isə müəyyən istiqamət almağı tələb edir. Bu isə Tanrını tanımaq və ona ibadət etmək işinə doğru yönəltməyə mane olur. Əgər onlar bilsəydilər ki, ləzzətlər ancaq dünya nemətlərindədir və yoxsulluq müqabilində axirət nemətləri yoxdur, onlar dünya nemətlərini əldən verməzdilər. Halbuki bu nemətlər axirət nemətlərinə əlavə olaraq onlara xasdır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment