Azəri
Saturday 20th of April 2024
0
نفر 0

İmam Həsən Əskəri əleyhissəlamın yeddicəhətli fəaliyyəti

 

Abbasilər hökumətinin amansız təqibinə, bu qədər əzab-əziyyətlərinə baxmayaraq İmam Həsən Əskəri (əleyhissəlam) bir sıra siyasi-ictimai və elmi fəaliyyətlər göstərmişdir. O Həzrətin fəaliyyətlərini aşağıdakı şəkildə xülasə etmək olar:

1)–İslam dininin müdafiəsi uğrunda göstərdiyi elmi fəaliyyətlər, müxaliflərin şübhə və iradlarını rədd etmək və əsl İslam ideyasını camaata çatdırmaq;

2)–Nümayəndələr təyin etmək, qasid və məktublar vasitəsilə uzaq yerlərin şiələri ilə əlaqə saxlamaq;

3)–Abbasilər hökumətinin son dərəcə nəzarətinə baxmayaraq gizli siyasi fəaliyyət;

4)–Şiələri, xüsusən də, yaxın dostlarını maliyyə cəhətdən təmin etmək;

5)–Mühüm şiə ünsürlərini müşkülat qarşısında siyasi baxımdan qüvvətləndirmək;

6)–İmaməti inkar edənləri cəlb etmək və şiələri arxayınlaşdırmaq üçün qeybi məlumatlardan geniş istifadə etmək;

7)–Şiələri öz oğlu on ikinci İmamın qeybə çəkilməsi dövrünə hazırlamaq.

İndi isə bu fəaliyyətlərin hər birini ayrı-ayrılıqda şərh edirik.

1. Elmi fəaliyyətlər

Düzdür, İmam Həsən Əskəri (əleyhissəlam) Abbasilər hökumətinin yaratdığı o cür pis və məhdud şəraitdə öz geniş elmini bütün cəmiyyətə çatdıra bilməzdi. Lakin buna baxmayaraq, o Həzrət çətinliklə də olsa, hər birinin İslam maarifini yaymaqda və düşmənlərin iradlarını rədd etməkdə böyük rolu olmuş və neçə şagird yetişdirmişdi. Şeyx Tusi o Həzrətin şagirdlərinin sayının yüzdən çox olduğunu qeyd etmişdir.  Onların arasında Əhməd ibn İshaq Əşəri Qummi, Əbu Haşim Davud ibn Qasim Cəfəri, Abdullah ibn Cəfər Himyəri, Əbu Əmr Osman ibn Səid Əmri, Əli ibn Cəfər və Məhəmməd ibn Həsən Səffar kimi böyük şəxsiyyətlər də olmuşdur. Əgər onların göstərdiyi xidmət və fəaliyyətləri barədə yazsaq, bu kitaba sığmaz. Onlar haqqında geniş məlumatı yalnız “rical” kitablarından ələ gətirmək olar.

Bu cür şagirdlər yetişdirməkdən əlavə, bəzi vaxtlar müsəlmanlar üçün elə çətinliklər yaranır və müsəlmanlar elə çıxılmaz vəziyyətə düşürdülər ki, onu İmam Həsən Əskəri əleyhissəlamdan başqa heç kəs həll edə bilmirdi. İmam bu cür hallarda öz İmamət elmi sayəsində fövqəladə bir tədbir töküb müşkülü həll edir və müsəlmanları çıxılmaz vəziyyətdən qurtarırdı. Buna dair aşağıdakı iki nümunəni göstərmək olar.

a) Filosofun səhvi

İbn Şəhr Aşub yazır: “İraq sakini, İslam və ərəb filosoflarından biri hesab olunan İshaq Kendi “Quranın ziddiyyətləri” adlı bir kitab yazır.  O, uzun müddət cəmiyyətdən aralanıb evdə oturaraq bu kitabı yazmışdı. Bir gün onun şagirdlərindən biri İmam Həsən Əskəri əleyhissəlamın hüzuruna gəlir. İmam onu görcək buyurur: “Sizin aranızda müəlliminiz Kendiyə cavab verə bilən rəşadətli bir kişi yoxdur?” Şagird deyir: “Biz hamımız onun şagirdiyik və müəllimin səhvinə etiraz edə bilmərik.” İmam buyurdu: “Bəzi məsələləri sənə başa salsam, onu öz müəlliminə deyə bilərsənmi?” Şagird “Bəli!” - deyə cavab verir. İmam buyurur: “Buradan qayıtdıqdan sonra müəlliminin yanına get və onunla ünsiyyətdə ol. Tamamilə ünsiyyət tapdıqdan sonra ona de ki, mənim üçün bir məsələ irəli çıxıb və onu sizdən başqa heç kəsin həll etməyə səlahiyyəti yoxdur. Məsələ isə budur ki, Quranı söyləyən şəxs sizin ondan başa düşdüyünüz mənadan başqa bir məna nəzərdə tuta bilərmi? O, sənin cavabında deyəcək: Ola bilər. Onda sən ona deyərsən ki, bəlkə Allah-taala Quranda buyurduğu ifadələrdən sizin başa düşdüyünüz mənadan başqa bir məna nəzərdə tutmuşdur, lakin siz isə Onun ifadəsini başqa mənaya yozursunuz.” Sonra İmam əlavə edərək buyurdu: “O, ağıllı adamdır, bu məsələ onun səhvini özünə başa salmaq üçün kifayət edər.” Şagird müəlliminin yanına gəlib İmamın buyurduğu kimi etdi. Nəhayət, məsələni ortaya atmağın vaxtı gəlib çatdı. O, İmamın sualını bu cür irəli sürdü: “Ola bilərmi ki, bir nəfər bir söz deyib ondan müəyyən bir mənanı nəzərdə tutsun, ancaq həmin mənanı oxucu, yaxud dinləyici başa düşməsin? Başqa sözlə desək, bir sözü deyən şəxsin məqsədi həmin sözü dinləyən şəxsin başa düşdüyü məna ilə fərq edə bilərmi?” İraqlı filosof diqqətlə şagirdin sualını dinləyib dedi: “Sualını bir də de!” Şagird sualı təkrar etdi. Müəllim bir öz fikirləşib dedi: “Bəli, ola bilər ki, sözü deyən şəxs nəzərində müəyyən bir məna tutur, dinləyici isə onun nəzərində tutduğu mənadan başqa bir mənanı başa düşür.” Belə bir sualı öz şagirdinin düşünüb deyə bilməməsini və onun fikrinə bu sualın gələ bilməməsini yaxşı başa düşən müəllim üzünü şagirdə tutub deyir: “Səni and verirəm ki, həqiqəti mənə deyəsən. Bu sual haradan sənin fikrinə gəldi?” Şagird deyir: “Belə bir sualın mənim fikrimə gəlməsinin nə eybi var?”

Müəllim: “Yox, sənin hələ bu məsələni başa düşməyinə çox var. De görüm bu sualı sənə kim deyib?”

Şagird: “Doğrusunu bilmək istəyirsənsə, bu sualı mənə İmam Həsən Əskəri (əleyhissəlam) öyrədib.”

Müəllim: “Bax indi düz dedin.”

Sonra müəllim əlavə edib dedi: “Bu cür suallar ancaq onların ailəsinə yaraşıb. (Həqiqəti üzə çıxaran yalnız onlardır.)

Müəllim öz səhvini anlayıb həqiqəti başa düşdükdən sonra böyük bir ocaq qalanmasını əmr edir və öz nəzərinə görə “Quranın ziddiyyətləri” barədə yazdıqlarını oda atıb yandırır.

b) Rahibin əli açılır

Bir dəfə Samirrada bərk quraqlıq düşür. Xəlifə Mötəmid əmr edir ki, camaat “istisqa”  namazına çıxsın. Camaat üç gün dalbadal istisqa namazına gedib dua etsə də, lakin yağış yağmır. Dördüncü gün isə xristian yepiskopların baş kotoliki, rahiblər və xristanlanlarla birlikdə səhraya gedir. Rahiblərdən biri hər dəfə əlini göyə qaldırıb dua etdikdə dolu yağmağa başlayırdı. Sonrası gün baş katolik də həmin işi təkrar edir. O qədər yağış yağır ki, camaat daha yağış istəmir. Bu iş camaatın təəccübünə və müsəlmanların böyük bir qisminin İslam dinində şəkk edib xristianlığa meyl etməsinə səbəb olur. Xəlifə bu işdən narahat olur, məcbur olub zindanda olan İmam Həsən Əskəri əleyhissəlamı saraya çağırtdırıb deyir: “Cəddin Peyğəmbərin (səlləllahu əleyhi və alih) ümməti yolunu azır, onların dadına çat!” İmam Həsən Əskəri (əleyhissəlam) buyurdu: “Baş katolik və rahiblərə de ki, sabah səhraya gəlsinlər.” Xəlifə dedi: “Camaat daha yağış istəmir. Kifayət qədər yağış yağıb, daha səhraya getməyin nə mənası var?” İmam buyurdu: “Şəkk-şübhəni aradan götürmək istəyirəm.” Xəlifə əmr edir ki, sabah xristianların başçısı rahiblərlə birlikdə səhraya getsin. İmam Həsən Əskəri (əleyhissəlam) da çoxsaylı müsəlmanlarla birlikdə səhraya gedir. Baş katolik və rahiblər yağış yağması məqsədilə əllərini duaya qaldırırlar. Göy üzü tutularaq yağış yağmağa başlayır. Bu vaxt İmam Həsən Əskəri (əleyhissəlam) buyurur ki, gedin, filan rahibin əlində nə varsa, çıxarın. Onun ovcunda bir parça qara rəngli adam sümüyü var idi. İmam sümük parçasını bir parçaya büküb rahibə buyurur: “Yenə də Allahdan istə ki, yağış yağsın!” Rahib yenə əlini göyə qaldırdı. Ancaq bu dəfə əvvəlkindən fərqli olaraq, bulud çəkilir və günəş çıxır. Camaat hamı təəccüblənib mat qalmışdı. Xəlifə İmamdan soruşdu: “Bu sümük nədir?” İmam Həsən Əskəri (əleyhissəlam) buyurdu: “Bu, peyğəmbərlərdən birinin sümüyüdür, onu qəbirdən çıxarmışlar. Hansı peyğəmbərin sümüyü görünərsə, həmin an mütləq yağış yağmalıdır.” Xəlifə İmamı alqışladı. Sümüyü yoxlayıb gördülər ki, o, həqiqətən də, Peyğəmbər sümüyüdür. Bu hadisə İmamın zindandan azad olmasına və o Həzrətin camaatın yanında hörmətinin daha da artmasına səbəb olur. İmam Həsən Əskəri (əleyhissəlam) bu fürsətdən istifadə edib onunla bir yerdə zindanda olan dostlarının azad edilməsini xəlifədən istəyir. Xəlifə İmamın istəyini qəbul edib onları da azad edir.

2. Şiələrlə əlaqə yaratmaq

İmam Həsən Əskəri əleyhissəlamın dövründə bir çox şəhərlərdə şiələrin sayı artmış və onlar müxtəlif yerlərdə mərkəzləşdirilmişdilər. Kufə, Bağdad, Nişabur, Qum, Abe (Ave), Mədain, Xorasan, Yəmən, Rey, Azərbaycan, Samirra, Qorqan (Corcan) və Bəsrə kimi yerlər artıq şiələrin mərkəzinə çevrilmişdi. Bu şəhərlər arasında Samirra, Kufə, Bağdad, Qum və Nişabur bir sıra səbəblər üzündən xüsusi əhəmiyyətə malik idi.

Şiə mərkəzlərinin çoxalması və müxtəlif yerlərdə olması, onların həm İmamət xətti ilə, həm də bir-biri ilə əlaqə saxlamaları üçün tənzimlənmiş bir əlaqə mərkəzi tələb edirdi. Belə ki, bu mərkəz onları siyasi və dini baxımdan idarə etməli idi. Belə bir mərkəzə olan ehtiyac artıq doqquzuncu İmamın dövründən hiss olunmağa başlanmışdı. İmam Cavad (əleyhissəlam) və İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatından danışarkən artıq o vaxtdan belə bir mərkəzin yarandığını qeyd etmişdik. Bu iş İmam Həsən Əskəri əleyhissəlamın dövründə də, davam etdirilirdi. Tarixi qaynaqlara əsasən, İmam Həsən Əskəri (əleyhissəlam) şiələr arasında tanınmış şəxsləri seçib müxtəlif yerlərə nümayəndə göndərmiş, onlarla əlaqə saxlayaraq bütün şiələrə nəzarət edə bilmişdir. Bu nümayəndələr arasında o Həzrətin Nişabur şəhərindəki nümayəndəsi İbrahim ibn Əbduhu nümunə göstərmək olar. İmam Həsən Əskəri (əleyhissəlam) İshaq ibn İsmayıl və Nişabur şiələrinə yazdığı geniş məktubda İslam ümmətinin hidayət edilməsində (düz yola yönəldilməsində) İmamətin rolunu, İmamlardan itaət etməyin nə dərəcədə vacib olduğunu izah etdikdən və İmamın əmrindən çıxmamağı tapşırdıqdan sonra yazmışdır: “İshaq, sən İbrahim ibn Əbduhu yanında mənim nümayəndəmsən. O da Məhəmməd Musa Nişaburi vasitəsilə ona göndərdiyim məktuba əməl etsin. Sən və şəhərinizdə olanların hamısı məktubda göstərilənlərə əməl etməlisiniz! İbrahim mənim məktubumu hamıya oxusun. Qoy heç kimdə şəkk-şübhə qalmasın... Allahın sonsuz rəhməti İbrahim ibn Əbduha, sənə və bizdən itaət edən bütün şəxslərə olsun. Mənim bu məktubu oxumuş şəhərinizdəki bütün şiələrim və o tərəflərdə haqdan dönməyən bütün şəxslər bizə çatdırılacaq şəri vergiləri İbrahim ibn Əbduha, o isə Raziyə,  ya da onun dediyi bir şəxsə təhvil verməlidir. Bu, mənim əmrimdir...”

Bu məktubdan şiələrin maddi vəziyyətini dirçəltməkdə böyük rol oynayan şəri vergilərin yığılması məsələsindən əlavə, belə başa düşülür ki, İmamın nümayəndələrinin müəyyən mərtəbələri olmuş, hər birinin fəaliyyət dairəsi həmin mərtəbəyə əsasən, müəyyən edilmişdi. Toplanmış şəri vergilər axırda əsas nümayəndəyə, ondan da birbaşa İmama çatdırlımalı idi. İmam Həsən Əskəri (əleyhissəlam) sanki İbrahim ibn Əbduhun fəaliyyət dairəsini müəyyənləşdirmək və onun mövqeyini möhkəmlətmək məqsədilə Abdullah ibn Həmdiveyh Beyhəqiyə yazdığı məktubda buyurur: “Mən İbrahim ibn Əbduhu o tərəflərin və sizin məntəqənin şəri vergilərini toplamaq üçün təyin etmişəm. O, şiələr yanında mənim sədaqətli və etibarlı nümayəndəmdir. Təqvalı olun, özünüzü gözləyin, şəri vergilərinizi ödəyin, heç kəs onu ödəməkdən boyun qaçırmaqda, ya onu kecikdirməkdə üzürlü sayılmır...”  Deyəsən bəzi şiələr İmam Həsən Əskəri əleyhissəlamın İbrahim ibn Əbduh barədə yazdığı məktubda şəkk edib onun saxtalaşdırıldığını zənn etmiş, buna görə də İmam başqa bir məktubda yazmışdır: “Oranın (Nişaburun) şəri vergilərinin toplanılması üçün İbrahim ibn Əbduhun mənim vəkilim olması barədə oxuduğunuz məktub mənim öz xəttimlədir...”

İmam Həsən Əskəri əleyhissəlamın digər bir nümayəndəsi isə o Həzrətin yaxın dostlarından və Qum şiələrinin adlı-sanlı şəxslərindən olan Əhməd ibn İshaq ibn Abdullah Qummi Əşəri olmuşdur. Bəzi “rical” mütəxəssisləri onu qumlularla İmam Həsən Əskəri (əleyhissəlam) arasında vasitəçi və o Həzrətin yaxın dostlarından biri kimi qələmə vermişlər.  Başqa alimlər isə onu İmamın vəkil və nümayəndəsi bilmişlər.  “Biharül-ənvar” kitabında gəlmiş bir hədisdən belə başa düşülür ki, o, İmamın Qumdakı nümayəndəsi olmuşdur.  Görkəmli tarixçi Məhəmməd ibn Cərir ət-Təbəri yazır: “Əhməd ibn İshaq Qummi Əşəri Şeyx Səduqun müəllimi və İmam Həsən Əskəri əleyhissəlamın nümayəndəsi olmuşdur. İmam Həsən Əskəri (əleyhissəlam) vəfat etdikdən sonra isə Həzrət Sahib əz-Zaman əleyhissəlamın nümayəndəsi olmuşdur. O Həzrət ona məktublar yazır, o da Qum və onun ətraf məntəqələrindən şəri vergiləri toplayıb ona çatdırırdı.”  O, (Əhməd ibn İshaq) Qum şiələrindən topladığı yüz altımış kisə qızıl-gümüşü İmam Zaman əleyhissəlama çatdırır  ki, bu da toplanmış şəri vergilərin külli miqdarda olduğunu göstərir.

Əhvazlı İbrahim ibn Məhziyar da İmam Həsən Əskəri əleyhissəlamın nümayəndələrindən biri olmuşdur. O, topladığı bir qədər şəri vergini İmam Həsən Əskəri əleyhissəlama çatdıra bilməmiş, o Həzrətin şəhadətindən sonra İbrahim xəstələndiyindən oğlu Məhəmmədə vəsiyyət edir ki, yığılmış şəri vergiləri Həzrət Məhdi əleyhissəlama çatdırsın. O, atasının vəsiyyətini yerinə yetirərək atasının əvəzinə on ikinci İmamın nümayəndəsi təyin olunur.

İmam Həsən Əskəri əleyhissəlamın nümayəndələrinin başında Məhəmməd ibn Osman Əmri dururdu. Digər nümayəndələr isə onun vasitəsilə İmamla əlaqə saxlayırdılar. Onlar adətən topladıqları şəri vergiləri Məhəmmədə, o isə onları İmam Həsən Əskəri əleyhissəlama çatdırırdı.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İraq Ali İslam Məclisinin sədri bir daha əcnəbilərin hərbi iştirakı ilə ...
Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
Məsumların məsləhətləri
Nigeriya ordusu Ərbəin mərasiminə hücuma hazırlaşır.
Ayətullah Məkarim Şirazinin M. Səmədova məktubu nəyə hesablanıb?
Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...

 
user comment