Azəri
Thursday 25th of April 2024
0
نفر 0

AYƏTULLAH HÖCCƏTİN VƏFATI


Fəslin əvvəlində qeyd etdiyimiz kimi, cənab Şeyxin ibrətamiz həyatının sonunda iki Allah övliyasının vəfatını da—cənab Şeyxin vəfatı ilə oxşar olduğuna görə—burada qeyd edirik. Onlardan biri böyük alim Ayətullah Höccətdir ki, Şeyxin mərcəyi-təqlidi idi. Şeyx onun ixlasını tə᾽rifləyir və deyirdi ki, qəlbində dünya cah-cəlalı, şan-şöhrəti yoxdur. İndi o böyük ilahi şəxsiyyətin vəfatını hörmətli kürəkəni həzrət Ayətullah hacı Şeyx Mürtəza Hairinin dilindən nəql edirik. Onun mənim (müəllifin) üzərində ustadlıq haqqı vardır.
EVİN TƏ᾽MİR OLUNMASI

Əvvəldə qey edirəm ki, mərhum ağa Höccət mənim (yə᾽ni, Ayətullah Hairinin) ustadım və qayınatam idi. Onun evinə çox get-gəl etmir və ona aid işlərə dəxalət etmirdim. Lakin o, mərhum Ayətullah Bürucerdinin dövründə təqribən Azərbaycanın əksəriyyətinin mütləq şəkildə mərcəyi təqlidi idi. Tehranda yaşayan azərbaycanlılar və Azərbaycanın başqa yerlərindən olanlar əksər hallarda ona müraciət edirdi. O, tələbələrə aylıq təqaüd verirdi və öz səviyyəsində maddi cəhətdən əliaçıq idi. Bu ilin qışında—zahirən qışın əvvəlləri idi—hava da çox soyumamışdı. O, evini tə᾽mir etməyə məşğul idi. Həyətin bir tərəfinin torpağı götürülmüşdü ki, orada yeni bir bina tikilsin. Digər bir tərəfdə isə bənnalar ev tikilişi üçün lazım olan işləri görürdülər, o cümlədən o zaman hər bir evdə vacib sayılan quyu qazmağa, yaxud quyunun divarlarını hörməyə məşğul idilər. Bu tə᾽mir işlərinin öhdədarı da onun özü və Tehranda yaşayan müridlərindən biri idi ki, hal-hazırda dəqiq yadımda deyil, zənnimcə Çayçı adlı bir şəxs idi.
MƏN ÖLMƏLİYƏM

Müəllif (yə᾽ni Ayətullah Hairi) deyir: Mən bir gün sübh onun xidmətinə getdim. O, taxtın üzərində oturmuşdu, vəziyyəti çox da qeyri-adi deyildi. O, bronxit-asma xəstəliyi səbəbi ilə adətən hava soyuyanda təngənəfəsliyə düçar olurdu. O zaman soyuqların başlaması ilə adət üzrə olduğundan artıq çox da narahat nəzərə çarpmırdı. Xəbər tutdum ki, bənnalara və işçilərə tapşırıb ki, işi saxlasınlar. Dedim: Ağa, nə üçün işi dayandırmısınız?

Çəkinmədən dedi ki, mənim əcəlim çatıbdır, artıq bənnalar nəyimə lazımdır?!

Mən də heç bir şey demədim. Bu cavabdan təəccüb edib-etməməyim yaxşı yadımda deyil. Sonra mənə buyurdu: Əzizim! Bu bir neçə günü bura gəl.

Onun məqsədi bu idi ki, əvvəldəki vaxtlar kimi ondan uzaq gəzməyim.
PƏRVƏRDİGARA, ÖHDƏMDƏ OLANLARA ƏMƏL ETDİM!

Mən zahirən hər gün sübh evin küçə qapısındakı otaqda dərs dediyim «Məkasib» sinfini qurtardıqdan sonra gedirdim, bə᾽zən gecələr də lap tez gedirdim. Bir gün (zənnimcə çərşənbə günü idi) xüsusi şəkildə xəbər göndərdi ki, hüzuruna gedəm və bir işi yerinə yetirəm. Mən hüzuruna getdikdə onun yanında dəmir mücri (mərhum atasının mücrisi onun yanında idi, yaxud başqa bir mücri idi, indi şəkk edirəm) var idi. Mərhum ağa hacı Seyyid Əhməd Zəncani[1] də onun qarşısında oturmuşdu. Bütün malikiyyət sənədlərini və sairləri ağayi Zəncaniyə, eləcə də nəqd olan pul qutusunu mənə verdi ki, müəyyən olunmuş yerlərdə sərf edim. Onun bir hissəsini də mənim özümə həvalə etdi. Əvvəllər öz vəsiyyətini bir neçə nüsxədə yazmışdı ki, onlardan birini mənim yanıma göndərdi. Hal-hazırda o mənim yanımdadır. Nəcəfdə, Təbrizdə, Qumda onun müəyyən məbləğdə pulları var idi. Hacı Məhəmməd Hüseyn Yəzdinin yanında (o, mərhum atamın vəsilərindən biri idi) idi. Vəsiyyət etmişdi ki, onun vəkillərinin yanında olan pullarının hamısı mübarək İmamın (ə) payındandır, sonralar ağayi Bürucerdinin məscidinin böyük bir hissəsini təşkil edən torpaq sahəsini də mədrəsə üçün almışdı və onun öz adına idi. Vəsiyyətnamədə yazmışdı ki, o da mübarək İmam (ə) payındandır və bir kəsə irs verilməz. Əgər ağayi Bürucerdi istəsə məscid üçün verilə bilər.

Onun pulları həmin sandığın içində olanlar idi. Bir neçə gün idi ki, heç kəsdən xüms, zəkat vergilərini almırdı. Amma zahirən ağayi Zəncani alırdı. Onun vəfat etdiyi ayın əvvəlində aylıq təqaüdləri Zəncani ağa verdi. Təkcə bir neçə qran dəmir pul onun cibində qalmışdı ki, onun qızı (mənim həyat yoldaşım) onun cibindən çıxardıb balışının altına qoymuşdu və demişdi ki, atam sağalsa onu sədəqə versinlər. Bu işi qədim qadınların hamısı görürdü. Mən də bu adətlə qədimdən tanış idim. Məncə sədəqə verilməli olan pulu girov götürürdülər. Təkcə o pul qalmışdı ki, ondan da ağanın xəbəri yoxdu. Qutunun içində olan pulları müəyyən yerə çatdırım deyə, mənə verdikdə əllərini yuxarı qaldırıb dedi: Pərvərdigara! Mən üzərimdə olan vəzifələrimə əməl etdim, Sən də mənim əcəlimi yaxınlaşdır.
MƏN GÜNORTA ÇAĞI VƏFAT EDƏCƏYƏM

Münasibətimiz çox səmimi olduğundan ona dedim: Ağa, sizin bu qədər qorxmağınız yersizdir! Siz həmişə qış fəsli gələndə bir qədər narahatçılıq keçirir, sonra sağalırsınız.

O, belə buyurdu: Xeyir, mənim işim və ya vəfatım zöhr vaxtıdır.

Mən daha bir söz demədim və dərhal onun buyurduğu işi yerinə yetirmək üçün getdim. Mən onun zöhrdən qabaq vəfat etməsindən və pulların qeyri-müəyyən vəziyyətdə qalaraq vərəsəsinə və ya baqasına həmin yerdə məsrəf olunmasını bilmədiyim üçün dərhal faytona mindim. Günorta çatmamış bu işləri yerinə yetirib qayıtdım, hələ o vəfat etməmişdi.
QUR᾽ANLA İSTİXARƏ

Bu hadisədən bir gün qabaq mənə demişdi ki, onun üçün Qur᾽anı gətirim. Sonra Qur᾽anı açıb diqqət və zikrlə əvvəldəki ayəni oxudu:

 (Ləhu də᾽vətul həqq)

«Onun üçündür haqqın də᾽vəti və çağırışı.»[2]

Zahirən o ağladı və Allahla razi-niyaz etdi. Həmin gecə, yoxsa dəqiq bilmirəm, sonrakı gecə öz möhürünü də sındırdı.
AĞA ƏLİ, BUYURUN!

Vəfatının yaxın günlərindən birində gözü qapıya dikilmişdi. Belə nəzərə çarpırdı ki, qeyri-adi şeyləri müşahidə edir. Birdən dedi: Ağa Əli, buyur!

Çox çəkmədi ki, əvvəlki vəziyyətinə qayıtdı, son iki-üç günü adətən zikr deyir, Allahla raz-niyazla edirdi. Bir dəfə «Ədilə» duasını istədi. Vəfat etdiyi gün mən tam xatircəmliklə «Məkasib» dərsini evdə demişdim. Çünki onun vəziyyəti çox da qeyri adi deyildi. Sonra onun yatdığı kiçik otağa getdim. O zaman mənim həyat yoldaşım, yə᾽ni mərhum Höccətin qızı da orada idi. Ağanın da üzü divara tərəf idi və zikr edir, dua oxuyurdu. O, dedi: Ağa bu gün bir az iztirablıdır. Onun iztirabı zahirdə həmin zikrlər və dualardan ibarət idi. Mən salam verdim, cavabını aldıqdan sonra buyurdu: Bu gün hansı gündür?

Dedim: Şənbədir.

Dedi: Ağa Bürucerdi dərsə getdimi?

Dedim: Bəli.

Sonra səmimi qəlbdən şad oldu və bir neçə dəfə dedi: Əlhəmdu-lillah!

Bə᾽zi söhbətlər də etdi ki, ixtisara riayət olunsun deyə, onları qeyd etmirik.
TÜRBƏT SUYU

Onun qızı deyir: Ağa bu gün bir qədər iztirablıdır, bir qədər türbət verək.

Dedilər: Yaxşıdır.

Sonra türbəti hazırladılar, hüzuruna gətirdim ki, onu içsin. O, oturdu, mən stəkanı onun qabağına apardım. O, belə fikirləşdi ki, yeməli və ya dərmandır. Bir qədər narahat oldu və dedi: Bu nədir?

Dedim: Türbətdir.

Dərhal onun vəziyyəti düzəldi, üzününü ifadəsi dəyişildi və türbət suyunu axıra qədər içdi, sonra bu sözləri dedi:

 «Axiru zadi minəddünya türbətül Hüseyn» Yə᾽ni, «dünyadan götürdüyüm axırıncı ehtiyat-Hüseyn türbətidir».

Yenidən yatdı və əvvəlki vəziyyətinə qayıtdı. O, dua oxuyur raz-niyaz edirdi. Dəqiq yadımda deyil, deyəsən mən də onun yaxınlığında idim. İkinci dəfə zahirən öz göstərişi ilə «Ədilə» duasını onun üçün qiraət etdilər. Ağa Seyyid Həsən (onun ikinci oğlu) üzü qibləyə oturmuşdu, onun özü də sinəsini balışa söykənmiş halda oturub dua oxuyurdu. Ağa həm farsca və həm də türkcə tam səmimiyyətlə kəlimeyi-şəhadətini dedi, Allah-taala qarşısında öz əqidə üsullarını bəyan etdi.
KİMİN FƏSLİ VAR?

Yaxşı yadımdadır, Əmirəl-mö᾽minin Əli (ə)-ın xilafətini iqrar etdikdən sonra türkcə dedi: Bilafəsl, heç bir fasiləsi yoxdur, lap bilafəsildir. Kimin fəsli var?! (Yə᾽ni,Əmirəl-möminin Əli əleyhissəlam Həzrət Peyğəmbərdən sonra onun birinci haqq xəlifəsidir və onların arsında fasilə yoxdur.)

Həzrət Peyğəmbərin (s) övladlarından olan imamların, eləcə də Əli (ə)-ın barəsində bu ayəni oxudu:

 «Onların məsəli pak bir ağacın məsəli kimidir; onun kökləri sabit, budaqları isə asimandadır».[3]

Mən də bir tərəfdə dayanmışdım və bu maraqlı və mə᾽nəvi haləti tam qəribəliklə müşahidə edirdim. Zehnimdən belə keçdi ki, ona belə deyim: Ağa, bizi də dua et! Amma xəcalət hissi bu sözü deməyə mane oldu. Çünki əvvəla, o kişi özünə məşğul idi və başqa şeylərə fikir vermirdi. Yalnız Allahın hüzurunda ölümdən qabakı mə᾽nəvi vəzifələrini yerinə yetirməklə məşğul idi. İkincisi bu istək göstərəcəkdi ki, biz də ağanın ölümünə, Allah-taala qarşısında canını təslim etməsinə diqqət yetiririk.

Mən həmin gün sakit dayanaraq bu hadisənin davamını izləməyə başladım. Onun oğlanlarından biri olan Seyyid Həsən və qızı, bəlkə də ailə üzvlərindən bir neçəsi ilə dayanmışdı. Onun belə dediyini eşitdik: Pərvərdigara! Mənim əqidələrimin hamısı hazırdır, onu Sənə tapşırıram ki, mənə qaytarasan.

Mən elə oradaca durmuşdum və elə bu vəziyyətdə idim. Ağa oturub üzü qibləyə balışa söykəndiyi halda birdən nəfəsi dayandı. Elə fikirləşdilər ki, ağanın qəlbi tutulmuşdur, ona görə də ağzına bir qədər dərman tökdülər. Mən gördüm ki, dərman onun dodaqlarının kənarından yerə tökülür. Artıq o, vəfat etmişdi. Türbət suyundan başqa hətta bir damla olsun belə dərman içmədi. Mən dəqiq şəkildə görürdüm ki, o, artıq vəfat etmişdir. Evdən çıxdıqda «Höccətiyyə» mədrəsəsindən azan səsini eşitdim. Onun vəfatı həqiqətən də özü dediyi kimi, zöhr vaxtına düşdü. O, çərşənbə günü demişdi ki, mənim işim və ya əcəlim zöhr vaxtıdır.

Ayətulluh Hairi axırda belə deyirdi: Bu hadisə möhkəm imanın göstəricisi olmaqla yanaşı, bir neçə qeybi ayələrə də dəlalət edir:

1. Birincisi budur ki, o, özünün ölümünün zöhr vaxtı baş verəcəyini yəqin şəkildə xəbər vermişdi;

2. Mükaşifə aləmində Əmirəl-mö᾽minin Əli (ə)-ı müşahidə etmişdi.

3. Xəbər vermişdi ki, onun içdiyi türbət suyu bu dünyadan götürüdüyü axırıncı ehtiyatdır və belə də oldu.

Özü də türbəti istəməmişdi və ehtimal da vermirdi ki, ona verilən stəkandakı su türbət suyu olsun. Ona görə də ikrah hissi ilə demişdi ki, bu nədir.

[1] Hazırkı mərcəyi təqlidlərdən biri olan mərhum Ayətullah Ağa Musa Zəncanin atası.

[2]  Rə᾽d surəsi-14

[3]  İbrahim surəsi-24

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ədalətə iqtisadi cəhətdən baxış:
10 HƏDIS (19)
İZDIVAC ASTANASINDA YERSIZ XƏRCLƏR
QАDININ CӘMİYYӘTDӘ İŞTİRАKI
İblis səcdə etmədi!
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
UŞAQ TƏRBİYƏSİNİN ƏASLARI
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!

 
user comment