Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Nə üçün bəzi insanlar Allahı zalım sayırlar?

 



Bəzi şəxslər nizam-intizamlı dünyanın hər nöqtəsində – istər cansız, istərsə də canlı aləmdə “səhvlər” və “qeyri-normal hallar” tapmağa çalışmış, bununla da Allahın ədalətsizliyini sübut etmək istəmişlər. Onların bu cəhdi kainatın sirlərini tam anlamadıqlarından qaynaqlanır. Əslində kainatda səhv və nöqsan yoxdur, nöqsan bu fikri irəli sürənlərin gözündə və beynindədir. Qurani-Kərim dünyanın ilahi ədalət qanunlarına tabe olduğunu bəyan edir: «Allah göyləri ucaltdı və ədalət mizan-tərəzisini qurdu» (Rəhman, 7).

Kainatda baş verən hər hadisənin yaxşı, ya pis olduğu barədə hökm vermək üçün həmin hadisəni digər hadisələrlə birgə ümumi sistem daxilində təhlil etmək lazımdır. Bir nəfər üçün xeyirli olan iş cəmiyyət üçün ziyan törədə bilər. Hadisələri düzgün qiymətləndirmək üçün insan onların əsil mahiyyətini anlamalıdır. Halbuki insan beyni çox şeyləri dərk etməkdən acizdir. Elm günbəgün inkişaf etməkdədir, dünən mübhəm görünən suallar bu gün öz cavabını tapır. Demək, insanın elmi mütləq elmlə (yəni Allahın elmi ilə) müqayisədə nisbi xarakter daşıyır. Hər şeyin əsil mahiyyəti onu yaradan Allaha məlumdur. İnsan isə bu elmin çox cüzi hissəsinə vaqifdir. Belə olan halda insanın özündən qat-qat elmli olan Allaha irad tutması nə dərəcədə düzgündür? Bəşəriyyət bu gün hər hansı təbii prosesi izah edə bilmirsə, yalnız və yalnız öz zəifliyini etiraf etməlidir, Allahın yox!

Təsəvvür edin ki, ayağında qanqren (çürümə) gedən xəstənin ayağını kəsirlər. Tibb aləmindən xəbərsiz olan adam bu işə görə həkimi təqsirləndirib deyəcək: “Yazıq xəstənin günahı nə idi ki, ayağını kəsib onu əbədi bədbəxtliyə düçar etdiniz?” Amma işin mahiyyətini anlayan kəs həkimə irad tutmaz. O bilər ki, əgər çürüyən orqan kəsilməsə, çürümə bütün bədənə sirayət edəcək. Göstərilən vəziyyətdə xəstənin ayağını kəsmək onun həyatını xilas etmək deməkdir. Daha böyük ziyanın qarşısını almaq naminə ona nisbətən kiçik ziyan vurulur.

Təbiətdə bunun kimi çox-çox misallar vardır. Maral sürüsünə hücum edən aslan adətən özünü yırtıcılardan müdafiə edə bilməyən, asta qaçan, zəif və xəstə heyvanları parçalayıb yeyir. Kimsə bu hərəkəti vəhşilik adlandıra bilər. Lakin dərindən fikirləşsək görərik ki, əslində aslan maral sürüsü üçün sanitar rolunu oynayır. O, həm öz qidalanma ehtiyacını ödəyərək yaşayışını təmin edir, həm də təbiəti xəstə və qeyri-normal heyvanlardan təmizləyir. Axı həmin xəstə maralın balaları da özü kimi zəif və müdafiəsiz olacaqdı. Beləliklə, bir fərdin ölümü ilə bir çoxları xilas olur.

Tutaq ki, bir məntəqədə güclü ildırım çaxaraq üç-dörd ağaca dəyib onları yandırır. Əlbəttə, bu, təbiətə ziyandır. Lakin ildırımdan sonra yağan yağış təbiətə qat-qat çox xeyir verir. Həmin yağış meşələrin canlanmasına, əkinlərin cücərməsinə, otların boy atmasına, yerdəki toz və çirkin yuyulmasına, havanın təmizlənməsinə səbəb olur. Burada da mənfəət zərəri üstələyir.

İmam Cəfər Sadiq (ə) ədaləti dananları belə təsvir etmişdir: «Təsəvvür edin ki, bir nəfər öz evinin içində tam səliqə-sahman yaratmış, ev əşyalarının hər birini özünəməxsus şəkildə lazımi yerdə yerləşdirmişdir. Bir kor adam onun evinə qonaq gəlir və evə girən kimi ayağı kandara ilişib yıxılır. O, korluğu üzündən kandarı görməyib yıxıldığını etiraf etmək əvəzinə ev sahibini danlayır ki, niyə evin qapısında kandar düzəltmişdir? Sonra qonaq evin içində gəzməyə başlayır və hər addımda ayağı gah stola, gah stullara, gah da şkafa dəyib əzilir. Lakin yenə də səhvin özündə olduğunu boynuna almaq əvəzinə, evin düzgün tikilmədiyini, ev əşyalarının orda-burda nizam-intizamsız halda qoyulduğunu iddia edir. Halbuki onun dedikləri həqiqətə uyğun deyildir. Otaqda hər şey öz yerindədir. Kor qonağın ayağının ora-bura dəyib əzilməsinin günahkarı da ev sahibi deyil, yalnız özüdür».

Göstərilən misalda evi dünyaya, ev sahibini Allaha, kor qonağı isə ədaləti danan insanlara bənzətmək olar.

Bəzi insanların fikrincə, zəlzələ, tufan, sel kimi təbii fəlakətlər, müharibələr, iqtisadi çətinliklər, epidemiyalar Allahın insanlığa qarşı zülmünün təzahürüdür. Belə şəxslər hətta yol qəzalarının, partlayışların günahını da Allahda görürlər. Guya ölüm, xəstəlik, kasıblıq, anadangəlmə şikəstlik kimi sırf həyati hallar da Allahın zülmündən başqa bir şey deyildir.

İnsanı ən kamil bir biçimdə yaratmış, sonsuz nemətlərlə dolu təbiəti onun ixtiyarına vermiş, heç kəsi ruzisiz qoymamış Allahın zalım olduğunu düşünmək özü zülm deyilmi?

Allahın insana qarşı ədaləti üçün bircə əlamət kifayət edər ki, bu dünyada insan üçün yalnız bacardığı işlər vəzifə bilinmişdir. Allah-Təala heç kəsdən qüvvəsi xaricində olan əməli tələb etməz. Əks halda bu, insana qarşı zülm olardı. Qurani-Kərim bu həqiqəti ümumi şəkildə belə vurğulayır: «Heç kəsin boynuna qüvvəsindən artıq vəzifə yükləməmişik» (Muminun, 62).

Allah-Təala bu dünyada insana ədalətlə yanaşdığı kimi, qiyamətdə də onun xeyir və şər əməllərini hesablayarkən zülm etməyəcəkdir: «Qiyamət günündə ədalət tərəzilərini quracağıq, o gün heç kəsə zülm olunmayacaq. İnsanın əməli bir xırda xardal dənəsi boyda olsa da, onu hesablayarıq. Bizim hesabımız hamıya kifayət edər» (Ənbiya, 47).

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri

 
user comment