Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

ƏHLİ-SÜNNƏNİN MƏŞHUR HƏDİS ALİMLƏRİ




• Malik ibn Ənəs (vəf. 795-796)

Əbu Abdullah Malik ibn Ənəs ibn Malik ibn Əbu Amir Əsbəhi əslən Yəməndən idi. Babası Yəmən hakiminin zülmündən Mədinəyə köçmüş və Qureyşə mənsub Bəni-Teym qəbiləsi ilə qohum olmuşdu. Rəvayətə görə, Malik nə zaman hədis söyləmək istəsəydi, dəstəmaz alıb, ətir vurar, saç-saqqalını darayar, vüqar və əzəmətlə minbərdə oturardı. Tələsik halda, yol gedərkən hədis rəvayət etməkdən çəkinirdi. Mədinə məscidində və evində hədis və fiqh dərsləri deyirdi. Özünün söylədiyinə görə, 70 nəfər böyük alimdən icazə aldıqdan sonra müəllimlik fəaliyyətinə başlamışdı.

Malik fiqh dərslərində verilən suallara dəqiq şəkildə və yazılı formada cavab verirdi. Baş verməmiş (məcazi) hadisələr barədə sualları cavablandırmazdı, yalnız real hadisələrin fiqhi həllini verərdi. Cavabını bilmədiyi məsələlər barədə tam qətiyyətlə «bilmirəm» deyirdi. Həzrəti Muhəmməd Peyğəmbərin (s) məzarına ehtiramı üzündən Mədinədə ata minmir, həmişə piyada gəzirdi.

Malik ibn Ənəs hal-hazırda müsəlman aləmində kifayət qədər geniş yayılmış və xeyli ardıcılı olan maliki məzhəbinin banisi sayılır. Onun əsərləri arasında ikisi xüsusilə məşhurdur. Bunların biri – İmam Malikin nəzarəti altında tələbələri tərəfindən hazırlanmış və 36 min fiqh məsələsini əhatə edən «Əl-Mudəvvənətu'l-kübra» kitabıdır. İkinci əsər isə məşhur «Muvatta» məcmuəsidir.

«Muvatta» zaman etibarilə əhli-sünnənin 6 səhih hədis məcmuəsindən əvvəl yazılsa da, elə onlar qədər şöhrətə malikdir. Bu kitab təqribən 1720 hədisdən ibarətdir, səhabə və tabiunun fətvaları da kitabda yer almışdır. «Muvatta»da əsasən, şəriət məsələlərinə aid hədislər toplanmışdır. Rəvayətə görə, Malik ibn Ənəsi bu kitabı yazmağa həvəsləndirən Abbasi xəlifəsi Mənsur Dəvaniqi olmuşdur. Məlum olduğu kimi, Mənsur özü də savadlı olmuş və alimləri himayə etmişdir. Həcc mövsümündə xəlifə Maliklə görüşüb, bəzi elmi məsələləri onunla müzakirə edir, sonra isə deyir: «Ey Əbu Abdullah! Yer üzündə fiqhi ikimizdən daha yaxşı bilən adam qalmadı. Mənim başım xilafət işlərinə qarışıb. Heç olmazsa, sən fiqhə və sair elmlərə aid bilikləri toplamaqla məşğul ol. Camaat üçün bir kitab yaz. O kitabda Abdullah ibn Ömərin sərt fətvalarından, Abdullah ibn Abbasın güzəştlərindən, Abdullah ibn Məsudun nadir rəvayətlərindən çəkin. Orta yolu izlə, imamların və səhabələrin müttəfiq olduqları məsələləri əsas götür». İmam Malik bu göstərişə əsasən, «Muvatta» kitabını tərtib edir. Sonralar özü də «vallahi, mənə kitab yazmağı Mənsur öyrətdi» - deyə etiraf edirmiş.

• Abdullah ibn Mübarək (vəf. 797-798)

Abdullah ibn Mübarək Xorasan vilayətinin mərkəzi olan Mərv şəhərində doğulmuş və ömrünün çox hissəsini orada keçirmişdir. Hədis elmində ustadlardan sayılırdı, lakin ehtiyata əsasən, səhv etməsin deyə, əzbərdən hədis söyləməz və kitabdan oxuyardı. Fiqhi Süfyan əs-Səvridən və İmam Malikdən öyrənmişdi. Nümunəvi əxlaqı ilə məşhur idi. Abdullah ibn Mübarək öz zəmanəsinin ən böyük sufilərindən sayılırdı. «Kitabu't-təfsir», «Kitabu't-tarix», «Kitabu's-sunən» və «Kitabu'z-zuhd» adlı əsərləri vardır.

• Süfyan ibn Uyeynə (vəf. 813-814)

O, Həzrəti Muhəmməd Peyğəmbərin (s.ə.s.) həyat yoldaşlarından olan Məymunənin mənsub olduğu Bəni-Hilal qəbiləsinin azad edilmiş köləsi idi. Kufədə doğulmuş, lakin Məkkədə yaşayıb və orada da vəfat etmişdir. Hədis və təfsir sahəsində istedad sahiblərindən sayılırdı. 80 nəfərdən artıq tabiundan və sair ravilərdən yeddi min hədis rəvayət etmişdir. İmam Şafii və qazi Yəhya ibn Əksəm ondan hədis rəvayət etmişlər. Tarix kitablarının yazdığına görə, Süfyan ömrü boyu 70 dəfə həcc ziyarətini yerinə yetiribmiş. Təfsir kitabının və «əl-Cami» hədislər toplusunun müəllifidir. Doqquz qardaşından dördü – Adəm, İbrahim, İmran və Məhəmməd də muhəddis olublar.

• Təyalisi (vəf. 819)

Əbu Davud Süleyman ibn Davud Təyalisi əslən İranın Fars bölgəsindən idi, amma Bəsrədə yaşayırdı. Atası Qureyşin azad edilmiş köləsi idi. Təyalisinin 2700-dən artıq hədisi əhatə edən «Musnəd» kitabı bu mövzuda qələmə alınmış əsərlərin içində ən öndə gedənlərdən sayılır. (Musnəd – hədis məcmuələrinin xüsusi növüdür. Burada hədislər mövzular üzrə deyil, sənəd zəncirinə uyğun olaraq, ravilərin adları üzrə qruplaşdırılır).

• Humeydi (vəf. 834)

Əbu Bəkr Abdullah ibn Zubeyr ibn İsa Humeydinin topladığı «Musnədu'l-Humeydi» məcmuəsi də hədis mənbələri sırasında mühüm yer tutur. Kitab ravilərin adı ilə qruplaşdırılmış təqribən 1300 hədisdən ibarətdir.

• İbn Sə'd (vəf. 844-845)

Əbu Abdullah Məhəmməd ibn Səd ibn Muni Zəhri Bəsri uzun müddət məşhur tarixçi Vaqidi ilə dostluq etdiyinə və əsərlərini onun diqtəsi ilə qələmə aldığına görə, həm də «Katibu'l-Vaqidi» (Vaqidinin katibi) ləqəbi ilə tanınır. İbn Sə'd hədis, rical, fiqh və tarix elmlərinin mükəmməl bilicilərindən sayılırdı. Onun ən məşhur əsəri «Təbəqatu's-səhabə vət-tabiin» kitabıdır ki, «Təbəqatu'l-kübra» adı ilə məşhurdur. Kitabda səhabə və tabiundan olan üç min nəfərin ətraflı tərcümeyi-halı verilmişdir.

• İshaq ibn Rahiveyh (vəf. 852-853)

«İbn Rahiveyh» ləqəbli İshaq ibn İbrahim Mərvəzi böyük hədis alimləri Buxari, Muslim və Tirmizinin ustadı idi, Əhməd ibn Hənbəldən, habelə, Süfyan ibn Uyeynə və İmam Şafiidən dərs almışdı. Özünün dediyinə görə, 70 min hədisi əzbər bilir, daha 100 min hədis üzərində işləyirmiş. İbn Rahiveyhin 3 cildlik «Musnəd» kitabı zaman etibarilə ilk hədis toplularından sayılır.

• Əhməd ibn Hənbəl (vəf. 855-856)

Əbu Abdullah Əhməd ibn Məhəmməd ibn Hənbəl Şeybani təqribən 780-781-ci illərdə Bağdadda doğulmuşdu. Valideynləri Bəni-Şeyban qəbiləsindən idilər, Mərvdə yaşayırdılar. Əhmədin Mərvdə doğulduğu, lap kiçik yaşlarında ailəsi ilə birlikdə Bağdada gəldiyi ehtimal edilir. Digər məlumata görə, o, dünyaya gəlməzdən əvvəl valideynləri Bağdada köçmüşdülər.

Əhməd kiçik yaşlarında atasını itirmişdir. Əvvəlcə Bağdadda Əbu Hənifənin şagirdi qazi Əbu Yusifdən fiqh dərsi almış, sonra Məkkə, Mədinə, Şam, Kufə, Bəsrə və Misir bölgələrinə səfərlər etmiş, böyük hədis alimləri ilə görüşmüşdür. Hicaz bölgəsinə səfəri zamanı İmam Şafii ilə görüş Əhmədə böyük təsir göstərmişdir. O, fiqh sahəsindəki görüşlərini sistemləşdirərək, hənbəli məzhəbini yaratmışdır.

Əhməd ibn Hənbəl hədis elmində müstəsna bacarıq sahibi idi. Ona «İmamu'l-muhəddisin» (hədisçilərin imamı) ləqəbi ilə müraciət edirdilər. İbn Hənbəl 300 min, hətta bəzi rəvayətlərə görə, bir milyon hədisi əzbər bilirmiş. Onların arasından təqribən 30 minini seçərək, məşhur «Musnəd» kitabında toplamışdır («Musnəd»dəki hədislərin ümumi sayı 40 minə çatır; təkrarları çıxsaq, 30 min hədis qalır). Müəllif özü etiraf edirdi ki, bunları ona məlum olan 750 min hədisin içindən seçmişdir.

• Darimi (vəf. 869)

Abdullah ibn Əbdürrəhman ibn Fəzl ibn Bəhram Darimi Səmərqənddə doğulmuş və Mərvdə vəfat etmişdir. Muslim, Tirmizi və Əbu Davud ondan hədis rəvayət etmişlər. Dariminin «əl-Camiu's-səhih» kitabı «Sunənu'd-Darimi» adı ilə daha məşhurdur. Kitabda Həzrəti Muhəmməd Peyğəmbərin (s) davranışı və əxlaqı barədə hədislər toplanmışdır.

• Əbu Yə'la (vəf. hicri 307 / miladi 319-320)

Bu məşhur hədis aliminin adı Əhməd ibn Əli Təmimi idi. Mosulda yaşamış Əbu Yə'lanın «əl-Musnədu'l-kəbir» əsəri xüsusi şöhrət qazanmışdır. Alimlər deyirlər ki, bütün başqa müəlliflərin musnədləri göl, Əbu Yə'lanın musnədi isə okean kimidir; başqa kitablarda olanların hamısı artıqlaması ilə bu əsərdə toplanıb.

• İbn Xuzeymə (vəf. 923-924)

«İmamu'l-əimmə» (imamların imamı) ləqəbli Məhəmməd ibn İshaq ibn Xuzeymə Nişaburi şafii məzhəbinə etiqad bəsləyirdi. İraq hədisçilərinin şeyxi sayılırdı. İbn Xuzeymənin 140-dan artıq kitab yazdığı rəvayət edilir. Onun ən məşhur əsəri 3000-dən artıq hədisi ehtiva edən və bablar (fəsillər) üzrə bölünmüş «Səhih» kitabıdır.

• Əsfərayini (vəf. 928)

Əbu Əvanə Yəqub ibn İshaq Əsfərayini Nişaburi şafii məzhəbinə bağlı idi. Hədis öyrənmək məqsədilə Nişaburdan Yəmən, Hicaz, Şam, İraq, Misir və s. bölgələrə səfərlər etmiş, hər məntəqədə hədis raviləri ilə görüşmüşdür. Onun «Musnəd» kitabı («Musnədi-Əbi Əvanə» adı ilə məşhurdur) mötəbər mənbələrdən sayılır.

• Təhavi (vəf. 933-934)

Əbu Cəfər Əhməd ibn Məhəmməd Təhavi Əzdi Misirdə anadan olub. Əvvəllər şafii məzhəbinə etiqad bəsləsə də, sonradan hənəfi məzhəbinə keçmiş və Misirdə hənəfiliyi yaymağa başlamışdı. Təfsir, hədis və xüsusilə, fiqh elmlərindəki yüksək səviyyəsinə görə ona «əllamə» və «hafizu'l-kəbir» deyirdilər. Onun hədis elminin incəliklərinə həsr olunmuş «Muşkilu'l-asar» və «Məaniyyu'l-asar» kitabları xüsusilə məşhurdur.

• İbn Həbban (vəf. 965)

İbn Həbban kimi tanınan Əbu Hatəm Məhəmməd ibn Əhməd Təmimi şafii məzhəbindən idi. Sistan ətrafında yerləşən Büst şəhərində doğulmuş, elm ardınca müxtəlif məntəqələrə səfərlər etmiş, bir müddət Səmərqənd şəhərinin qazisi olmuşdur. 7500-ə yaxın hədisi əhatə edən irihəcmli «əl-Musnədu's-səhih» kitabının, rəvayətləri mötəbər sayılan ravilərin həyatından bəhs edən «əs-Siqat» əsərinin müəllifidir.

• Təbərani (vəf. 971)

Araşdırdığımız dövrün sonlarında yaşamış Əbu'l-Qasim Süleyman ibn Əhməd Təbərani 874-cü ildə Şam bölgəsinin Təbəriyyə şəhərində anadan olmuşdur. Hədis öyrənmək üçün İraq, Misir, Hicaz və əl-Cəzirə torpaqlarına səfərlər etmiş, ömrünün 33 ilini səyahətdə keçirmişdir. Təqribən 1000 nəfər ravidən hədis rəvayət etmişdir. Təbərani 30 il boyunca rahat yatağı tərk edib, həsir üzərində yatmış və hədisləri toplamaqla məşğul olmuşdur. Yüz minlərlə hədisi sənədi ilə birlikdə əzbərlədiyinə görə, ona «musnədu'd-dunya» (bütün dünyanın rəvayətlərinin sənədini bilən) ləqəbini vermişdilər. Təbərani hədis ravilərinin adlarının toplandığı üç ensiklopedik kitabın müəllifidir. Həcminə görə, bunları «Mucəmu'l-kəbir» (böyük toplu), «Mucəmu'l-əvsət» (ortancıl toplu) və «Mucəmu's-səğir» (kiçik toplu) adlandırırlar.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qurani-kərimi oxumağın qaydaları
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-2
Peyğəmbərimizin (s) Quran barəsində nigaranlığı
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ
Rüşvətə bürünmüş \"ədalət\"
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI
Nəfsani istəklərdən ən rəzili – həsəd
IMAM ӘLIYYӘN-NӘQI ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Quranın dünya görüşü
Qulun duası

 
user comment