Azəri
Thursday 28th of March 2024
0
نفر 0

İzdivac, evlənmə astanasında

Bəşəriyyətin ən gözəl və ilahi hisslərindən biri onun ailə qurmağa və övlad sahibi olmağa meylidir. İnsanların ailə formasında yaşayışı tam təbiidir. İnsan elə bir şəkildə yaradılmışdır ki, o fitri və təbii şəkildə ailə qurmağa və övlad sahibi olmağa meyl göstərir. Bəşər tarixinin mütaliəsi göstərir ki, o yarandığı gündən ailə qurumunda yaşamışdır. Ailə qurumunu aradan götürmək istəyən bütün fərdlər uğursuzluğa düçar olmuşlar. Bu istiqamətdə nə Əflatunun, nə də Marksist məktəbin səy`ləri bir nəticə verməmişdir. Qədim dövrdən əsrimizə gəlib çatmış vəhşi qəbilələrdə belə ailə qurumu mövcuddur.  Bəşər tarixini açıq gözlə mütaliə etmiş alimlər belə bir qənaətə gəlmişlər ki, tarix boyu həyat yoldaşı seçimi və ailə təşkili kimi əhəmiyyətli qayda-qanun olmamışdır. İzdivacın şəxsi yox, növlə (insan növü) bağlı zərurət olması bu həqiqətin dəlilidir. Bəli, izdivacda məqsəd bəşər nəslinin davamıdır.
Məşhur Amerika mütəfəkkiri V. Dorant "fəlsəfənin ləzzətləri" kitabında yazır: "Təbiət ailə qurumunu müəyyənləşdirmişdir ki, kişini qadının və qadını körpənin xidmətinə sövq etsin. Kişilər təbiət e`tibarı ilə qadının, qadınlar isə təbiət e`tibarı ilə körpələrin və insan nəslinin xidmətçisidir.  Alim öz sözünə belə davam edir: "İzdivac bağlılığı qadınla kişinin sevgi və şəhvət rabitəsini qanuniləşdirmək üçün deyil, bəşər nəslinin qorunması və davamında ata, ana və övlad arasında mövcud olan bir bağlılıqdır."
Qadın və kişi elə bir formada yaradılmışdır ki, onlardan heç biri o biri olmadan səadətə çatıb ehtiyaclarını ödəyə bilmir. Onlardan birinin vücudu o birini tamlaşdırır. Yalnız bağlı olduqları vaxt öz iste`dadlarını çiçəkləndirib, kamala çata bilirlər. Başqa sözlə, qadın və kişinin bə`zi iste`dadları yalnız ailə qurduqdan sonra yetərli həddə çatır.
İzdivacdan boyun qaçırıb, bu ilahi sünnəyə əməl etməyənlərin vücudunda bir növ xamlıq qalır və vücudlarının bə`zi yönümləri çiçəklənmir.
Ailə qurduqdan sonra qadın və kişi eşq və məhəbbətlə bir-birinin xidmətində durur, hər biri özünü digərinin asayiş və rahatlığına həsr edir. Sonrakı mərhələdə zövcələr övladlarının inkişaf və rifahı üçün çalışır və bu yolla "yalnız özü üçün sə`y göstərmək və özündən başqasını görməmək" kimi eqoistliyin sıxıntısından bir qədər azad olurlar. Onların ruhi duyumları və xüsusiyyətləri bu bağlılıq çərçivəsində sığallanır və daxillərində üçüncü bir şəxsin hənirtisi vücuda gəlir. İnsanın inkişaf və kamilliyi üçün ilkin şərt eqoistlik və xudbinlikdən uzaqlaşmaqdır. Övladla bağlı duyumlar eqoistlik və xudbinliklə mübarizədə bir növ məşq olur.
İnsanın bir çox ehtiyacları ailədə tə`min olunur: həyat ehtiyacı, əks cinsə ehtiyac, məhəbbət və duyuma ehtiyac, övlad ehtiyacı və s.
QUR`ANI-KƏRIM NƏZƏRINDƏN AILƏ RABITƏSININ ƏSASI
Qurani-kərim sevgi və mərhəməti ailə rabitəsinin əsası sayır. Bu bağlılıq şəhvət və maddi təmənna bağlılığından üstün və ucadır. Quran tə`birincə: "Sizin üçün öz növünüzdən zövcələr yaratdıq ki, onlarla aramlıq tapasınız və aranızda sevgi və mərhəmət qərar verdik."  Sevgi və mərhəmət üzərində qurulmuş rabitənin yalnız ər-arvad və övlad üçün yox, bütün cəmiyyət üçün çox xeyirli və bərəkətli tə`sirləri var.«»
Ailə təməli tənəzzülə mə`ruz qalmış cəmiyyətin aqibəti qaranlıqdır. Belə bir cəmiyyət gec ya tez dağılasıdır.
Deyilənləri nəzərə almaqla ailə təməlinin möhkəmliyinin nə dərəcədə əhəmiyyətli olduğu başa düşülür.
AILƏ TƏŞKILINDƏ ILK ADDIM
Ailə təşkilində ilk mərhələ düzgün niyyət və məqsədlə addım atmaqdır. Bu məsələni əhəmiyyətli edən agah və düşüncəli dünyada yaşamağımız və həqiqi niyyətlərimizə, məqsədlərimizə cavab verilməsidir.
Mövləvinin tə`birincə:

Əməlimiz nida, dünyamız bir dağ,
dağdan dönən bizi etmədə soraq.

Əgər niyyət və məqsədimiz düzgün olsa, həyat ağacımız bar-bəhrəli olar, yaxşı səmərə verər. Bə`zən bir niyyətin tə`sirləri o qədər xeyirli və bərəkətli olur ki, insanın həyatında əhəmiyyətli iz qoyur. Ailə qurmaq da böyük və taleyüklü addım olduğundan öncədən düzgün niyyət və məqsəd üzərində qurulduqda zövcələrin xoşbəxtliyinə tə`sir göstərir. Bu səbəbdən də müqəddəs ailə təməli qoymaq istəyən qadın və kişi öncədən sədaqət, paklıq, Allahın razılığı yolunu seçməli, qərara gəlməlidirlər ki, öz ilahi bağlılıqlarında və ailə həyatının bütün mərhələrində Allahın razılığından savay umacaqları olmayacaq. Bu halda qurulmuş ailə ilahi rəhmət və bərəkətdən bəhrələnəcək, Allah və`d etdiyi sevgi və mərhəməti bu ailəyə nəsib edəcək. İlahi sevgi və mərhəmətin ilkin əlamətləri paklıq və fəzilət dolu ailədə zövcələrin aramlıq tapması, onların həyat iztirablarından amanda qalmalarıdır.
HƏYAT YOLDAŞI SEÇIMI
Ailənin müvəffəqiyyətində ən tə`sirli addım həyat yoldaşı seçimində yetərincə diqqət göstərilməsi və araşdırma aparılmasıdır. Təcrübə göstərir ki, ailədə baş verən bir çox acılıqların səbəbi həmin bu mərhələdəki mə`lumatsızlıq və qəflətdir. Bə`ziləri yetərincə araşdırma aparmadan ailə həyatı qurur. Belələri uyğun sahədə səhlənkarlıqlarının acı nəticələrini düşünmədən həyat yoldaşı seçirlər. Qısa bir müddətdən sonra anlayırlar ki, onlar arasında düşüncə və əxlaq baxımından ciddi ziddiyyət mövcuddur. Bə`ziləri isə həyat yoldaşı seçimində yanlış me`yarları əsas götürür və nəticədə üzücü peşmançılığa düçar olurlar.
Ailənin müvəffəqiyyəti hər şeydən öncə həyat yoldaşının agahlıqla seçilməsi və bu seçimdə düzgün me`yarlardan istifadə olunmasından asılıdır.
Hələ ki, ailə həyatı qurmamış və ailə təcrübəsi olmayan bir kəs bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu düzgün dərk edə bilmir. Ailə qurduqdan sonra isə insan bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu anlayır.
Evlənmək istəyən şəxs hər şeydən öncə ailə həyatı qurmaqda məqsədinin nə olduğunu və ailə həyatından nə istədiyini müəyyənləşdirməlidir. Müəyyənləşdirilməlidir ki, məqsəd varlanmaq və daha çox maddi ləzzət duymaqdır, yoxsa insani və mə`nəvi dəyərləri qorumaqla sağlam ailə qurmaq?
İnsan bu suala cavab verməklə öz həyat yolunu müəyyənləşdirir. Həyat yoldaşı seçimi də bu baxışdan asılıdır.
Əgər yalnız maddi və zahiri məsələləri me`yar götürsək və bu əsasda seçim aparsaq, ailədən vəfa, səmimiyyət, fədakarlıq və məhəbbət intizarında olmamalıyıq.
Mə`lum məsələdir ki, uyğun dəyərlərə malik olmayan ailənin olmağındansa olmamağı yaxşıdır. Ciddi problemlərlə rastlaşmış və qısa bir zamanda dağılan ailələrin əksəri həmin bu növə aiddir. Yə`ni bu ailələrin təməli gerçək dəyərlər üzərində qurulmamışdır.
Təcrübədən mə`lum olur ki, bə`zi gənclər ailə həyatı qurmağı ticarətlə səhv salırlar. Evlənməkdə məqsədi sərvət əldə etmək olanlar da var. Bə`ziləri də qarşı tərəfin yalnız zahiri gözəlliyini əsas götürür, düşüncə və şəxsiyyəti ilə maraqlanmırlar. Həyat yoldaşı seçimində qarşı tərəfin ictimai mövqeyini, peşəsini əsas götürənlər də var. Bu vaxt təbii ki, zəruri amillər nəzərdən qaçırılır. Bütün bu hallarda müştərək həyatın davamı problemə çevrilir. Ailələrə və ailə qurmaq fikrində olan gənclərə belə bir mühüm nöqtəni xatırlatmaq lazım gəlir ki, həyat yoldaşı seçimində gözüyumulu addım atmaqla öz gələcəklərini puça çıxarmasınlar. Çünki bu səhv addımın ardınca bir ömür peşmanlıq gəlir.
HƏYAT YOLDAŞI SEÇIMINDƏ MEYARLAR
Dini dəyərlərə bağlı insanlar üçün ən əsas me`yar qarşı tərəfin iman və təqvasıdır. İnsanın imanı iki baxımdan diqqəti cəlb edir:
1) İmanlı şəxs Allaha qəlbən bağlı olduğundan və daxilində nəzarətçi bir qüvvə hiss etdiyindən e`tibarlı sayılır. İman və e`tiqad nəzarətçisi olmayan bir kəsə e`timad göstərmək təhlükəlidir. Adətən, belə bir seçim müvəffəqiyyətsiz olur. Qəlbən özünü Allah qarşısında hiss edənlər başqaları qarşısında da məs`uliyyətlərini dərk edirlər. Onların verdiyi söz ailə həyatında da e`tibarlı olur.
2) İmanlı zövcələr vahid bir e`tiqadi nizama tabe olduqlarından onların baxışlarında, meyillərində, səliqələrində az-çox oxşarlıq olur. Bu səbəbdən də onlar öz müştərək həyatlarında düşüncə baxımından və ruhən bir-birlərinə uyuşurlar.
Hər ikisi din məktəbində tərbiyə almış qadın və kişi öncədən bir-birlərini tanımamış da olsalar, bir çox mühüm məsələlərdə müştərək baxışa malik olurlar.
Bu zümrədən olan fərdlər ortaya ixtilaf çıxdıqda dini tə`limlərə, qayda qanunlara müraciət etməklə hər iki tərəfin qəbul edəcəyi yekdil rə`yə gələ bilirlər. Belə bir seçim ailədə xoşbəxtliyi tə`yin edən ən e`tibarlı seçimdir.
Təcrübədən mə`lum olur ki, dini öhdəçiliyi olmayanlar hətta evlənməmişdən qabaq uzun müddət tanış olsalar da, ailə qurduqdan sonra kiçik bir səbəbdən ayrılıq fikrinə düşürlər. Çünki hər iki tərəfin qəbul etdiyi sabit qanunlar yoxdur. Məhkəmə çəkişmələrindəki rəqəmlər göstərir ki, dini tə`limlərə bağlı olmayanların problemləri daha çoxdur.
HƏYAT YOLDAŞININ ƏXLAQI VƏ ŞƏXSIYYƏTLƏ BAĞLI KEYFIYYƏTLƏRI
Həyat yoldaşı seçimində mövcud olan əsas me`yarlardan biri də qarşı tərəfin əxlaqlı olmasına əminlikdir. Kobud, qaba, sərt insanla müştərək yaşamağın xeyli problemi var. İslami rəvayətlərdə bildirilir ki, pis əxlaqlı həyat yoldaşı insanı vaxtından qabaq qocaldar.
İmam Rizanın (ə) yaxınlarından biri ondan soruşur ki, əxlaqında nöqsan olan qohumlardan biri qızıma elçiliyə gəlib, nə edəcəyimi bilmirəm. İmam (ə) Bu şəxsin cavabında buyurur: "Əgər xasiyyətinin pis olduğunu bilirsənsə, qızını ona ərə vermə."
Mərdimazarlıq, söyüşçüllük, acıdillilik, azğın və qeyri-münasib insanlarla dostluq, avaraçılıq, narkotik maddələrə aludəçilik kimi ictimai zərərli adətlər, tənbəllik, xoşagəlməz bir işlə məşğulluq insanı ailə həyatı üçün yararsız edən amillərdəndir. Bu sayaq sifətlərə malik insanlarla izdivac, adətən, problemlərin başlanğıcı olur.
Ailə həyatı qurarkən diqqət yetiriləsi məsələlərdən biri də insanın əxlaqi baxımdan paklığı, nəcabətidir. İffət məsələlərinə biganə, örtüyünü gözləməyən qadınlar və ya azğın kişilər ailə həyatı üçün yararsızdır. Belə insanlarla izdivac, adətən, pis aqibətlə, peşmançılıqla nəticələnir.
MÜNASIBLIK VƏ ANLAŞMA
Ərlə arvad arasında rabitələrdə mühüm məsələ onların istəkləri arasındakı münasiblik, anlaşma, uyğunluqdur. İslami rəvayətlərdə qeyd olunur ki, ər və arvad bir-birinin oxşarı (“küfv") olmalıdır. Yə`ni onlar arasında oxşarlıq, münasiblik, uyğunluq olması zəruridir. Mə`lum məsələdir ki, ərlə arvad arasında nə qədər çox oxşarlıq olarsa, onların müştərək həyatı da bir o qədər möhkəm olar. Bu səbəbdən də qeyd olunmuş əsas me`yarlardan əlavə qarşılıqlı anlaşmada rolu olan digər me`yarlar da nəzərdə saxlanılmalıdır.
İzdivacda tərəflər arasındakı fərqlər imkan həddində azaldılmalıdır ki, anlama asan olsun. Belə ki, tərəflər düşüncə, mədəniyyət, ictimai mövqe, iqtisadi durum baxımından nə qədər münasib olsalar, bir o qədər yaxşıdır. Məsələn, yoxsul ailədən olan bir gənc varlı ailədən olan bir qızla evləndikdə, adətən, problemlərlə üzləşir. Şəhərdə, fərqli mədəniyyətlərin mövcud olduğu mühitlərdə yaşayan fərdlər qarşılıqlı anlaşma yolunda xeyli çətinliklə üzləşirlər. Əlbəttə ki, müştərək xüsusiyyətlər çox olduqda mövcud ziddiyyətlər aradan qalxır. Necə ki, güclü dini e`tiqada malik olan iki fərd ailə qurduqda qarşılıqlı anlaşma olduqca asanlaşır. Ailə quran tərəflərin bir-birini başa düşməsi üçün onların təhsili də nəzərə alınmalıdır. Ərlə arvad arasında yaş fərqi də böyük olmamalıdır. Digər imtiyazlara malik istisna hallarda bu fərq on yaşdan çox ola bilər.
Ailə quran gənclər zahiri baxımdan da bir-birlərini bəyənməlidirlər. Hər bir fərd özündə ailə qurduğu tərəfə qarşı bir cazibə hiss etməlidir. Ailə quranadək pak bir həyat sürmüş gənclər həyat yoldaşı seçimində bir o qədər də diqqətli olmurlar. Onlar, adətən, nəcabət, mə`nəviyyat amillərini önə çəkərək bildirirlər ki, qarşı tərəfin zahiri gözəlliyi onlar üçün əhəmiyyətli deyil. Amma təcrübədə mə`lum olur ki gözəllik amilini nəzərə almadan evlənənlər arasında münasibətlər sonradan soyuyur. Belə hallarda artıq tərəflərdən biri o birini cəzb etməməyə başlayır. Ər-arvad arasında yaranmış soyuqluğun səbəbi, haqqında danışılan amilin nəzərə alınmamasıdır. Müəllif bir çox bu sayaq izdivacları araşdırmış və onların xoşagəlməz sonluğunu müşahidə etmişdir. Gənclər bilməlidirlər ki, bir ömür yanaşı yaşamalı olan qadın və kişidə bir-birinə qarşı cazibə hissi olmalıdır. Bu cazibə olmadıqda hansısa başqa bir imtiyaz bu boşluğu doldurmur. Buna görə də oğlan və qız evlənməmişdən qabaq bir-birlərini görməli və zahiri baxımdan bəyənməlidirlər. İslam dini həqiqətən evlənmək fikrində olanlara, qarşı tərəfi görmək icazəsi vermişdir. Əlbəttə ki, həyat yoldaşı seçimində gözəllik amilini həlledici saymaq, bu istiqamətdə ifrata varmaq olmaz.
Zövcə ilə müştərək həyatın davamını tə`min edən təkcə onun gözəlliyi deyil. Bu sahədə qarşılıqlı anlaşma, ruhi kamilliklər, gözəl əxlaq əhəmiyyətli rol oynayır.
QARŞI TƏRƏFI HANSI YOLLARLA TANIMAQ OLAR?
Bəs insan ailə qurmaq istədiyi tərəfin xüsusiyyətlərini hansı yolla öyrənə bilər? Bə`ziləri təklif edirlər ki, bundan ötrü evlənməmişdən öncə qarşı tərəflə tanışlığa ehtiyac var. Belə ki, ailə qurmaq fikrində olan gənclər bir müddət ünsiyyətdə olub bir-birlərinin ruhiyyəsi və əxlaqi xüsusiyyətləri ilə tanış olmalıdırlar. Bu fikiri irəli sürən, qadınla kişi arasında azad, ölçüsüz rabitə tərəfdarı olan zümrədir. Belə bir yanaşma həm dini me`yarlara uyğun deyil, həm də uyğun ünsiyyətlərin xoşagəlməz ictimai sonluqları var. Bir-biri ilə ünsiyyətdə olan gənclər evlənmək məqsədi ilə görüşdüklərini bildirsələr də, əslində bu görüşlərdə qeyri-şər`i yaxınlıq üçün şərait yaranır və tərəflər evlənməkdən çox, ləzzət almaq barədə düşünürlər. Belə rabitələr, adətən, qızlar üçün acı sonluqla bitir. Çoxsaylı təcrübələr və araşdırmalar göstərir ki qarşı tərəfin xüsusiyyətlərinin öyrənilməsi məqsədi ilə yuxarıda qeyd olunan üsuldan istifadə etmək düzgün deyil. Evlənmədən əvvəl qarşı tərəflərin görüşmələri ilə müşayiət olunmuş izdivaclar başqa izdivaclardan daha çox təhlükəyə mə`ruz qalır. Əgər oğlan və qız evlənən günədək heç bir ölçü gözləmədən ünsiyyətdə olmuşlarsa, evləndikdən sonra onların boşanma ehtimalı daha çoxdur. Bunu da qeyd edək ki, evlənmək üçün tanışlıq məqsədi ilə baş tutan görüşlər çox vaxt izdivacla nəticələnmir. Belə görüşlər tərəflərə, xüsusi ilə qızlara psixoloji və ictimai bir zərbə olur.
Evlənmədən öncə qarşı tərəfin ruhiyyəsini və xüsusiyyətlərini tanımaq üçün nəzərdə tutulan düzgün üsul bir neçə mərhələdən ibarətdir.
AILƏ BAXIMINDAN YANAŞMA
İnsanların tanınmasında mühüm amillərdən biri onlara ailə prizmasından yanaşmadır. Nəcib və sağlam ailədə tərbiyə almış insanların əxlaqi və mə`nəvi durumu dərin və prinsipial olur. Bu səbəbdən də onlara daha çox e`timad göstərilə bilər. Əlbəttə ki, bə`zən qeyri-münasib ailələrdə layiqli insanlar yetişir. Əksinə, bə`zən ləyaqətli ailələrdən qeyri-saleh övladlar çıxır. Məqsədimiz budur ki, adətən, övladların əxlaqi xüsusiyyətləri onların ailə tərbiyəsindən qaynaqlanır. İnsan şəxsiyyətinin formalaşmasında ailənin mühüm rolu var. Hətta qidaların halal-haram olması insan ruhiyyəsində dərin iz qoyur. İslam tə`limlərində bu məsələyə xeyli əhəmiyyət verilmişdir. Halal-haram bilməyən, ehtiyacını istənilən bir yolla tə`min etməyə çalışan ailələrdə övladlar ruhi, mə`nəvi baxımdan zərbəyə mə`ruz qalır və bu zərbələrin nəticəsini aradan qaldırmaq asan olmur.
Bir rəvayətdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: "Tikanlı otdan çəkinin: Soruşdular: "Tikanlı ot nədir?" Həzrət buyurdu: "Pis ailədən çıxmış gözəl qadın." Bu tə`bir kişilərə də aid edilə bilər. Bə`zi kişilər zahirən gözəl, var-dövlətli, vəzifə sahibi olsalar da, onların pis ailədə tərbiyə almaları şübhə yaradır.

 


ARAŞDIRMA
İnsanı tanımaq üçün mövcud olan yollardan biri də ona yaxın adamların nəzərdən keçirilməsidir. Hər hansı bir şəxsin dostları, qonşuları və həmkarları ilə tanışlıq onu tanıma yollarından biridir. Dostluq həmrənglik və anlaşma əsasında yarandığından hər bir fərdin dostlarını araşdırmaqla onun şəxsiyyəti haqqında təsəvvür əldə etmək olar. Adətən, düz və saleh insanlar ləyaqətsiz, avara insanlarla dostluq etmir. Hər bir insanın dostları hansısa dərəcədə onun şəxsiyyətini əks etdirir.
Nəzərdə tutulan şəxslə müştərək əmanətdar və sədaqətli bir dostumuz varsa, bu həmin şəxslə tanışlıqda çox faydalıdır. Çünki həmin dost vasitəsi ilə qarşı tərəfi yetərincə tanımaq mümkündür.
SÖHBƏT VƏ ŞƏRTLƏRIN BƏYANI
Evlənmədən öncə nəzərdə tutulan şəxsi daha yaxşı tanımaq üçün istifadə olunan üsullardan biri də qarşı tərəflə söhbətdir. Bu yolla onun şəxsiyyəti ilə hansısa həddə tanış olmaq mümkündür. Bə`ziləri müəyyən xasiyyətlərə çox həssasdırlar. Və bu xasiyyətə malik insanla birlikdə yaşaya bilmirlər. Məsələn, bə`ziləri soyuqqanlı, aram və ya özünə qapılan, guşənişin fərdləri bəyənmir, istiqanlı, qaynar fərdlərə üstünlük verirlər. Bə`ziləri də çox hissiyyatlı emosional tərəfi münasib saymayıb, məntiq və ağıl əsasında hərəkət edən şəxslərə meyl göstərirlər. Həyat yoldaşı seçimi aparan şəxs hansı xüsusiyyətlərə malik fərdlə yaşaya biləcəyini öncədən müəyyənləşdirməlidir. Nəzərdə tutulan söhbət gedişində hər iki tərəf açıq şəkildə öz xüsusiyyətlərini bəyan edir və müştərək həyatdan nə gözlədiyini açıqlayır. Bu sayaq söhbətlərdə insanın müştərək həyatda necə yaşamaq istədiyi və şərtləri müəyyənləşir.
Həyat yoldaşı seçimi aparan iki fərd uyğun məqsədlə söhbətləşərkən aşağıdakı məsələləri nəzərdən keçirə bilərlər: ailənin idarəçiliyi və bu idarəçilikdə ərlə arvadın hər birinin rolu; tərəflərin sadə və ya dəbdəbəli yaşamaq arzuları; kişinin hicab və örtüklə bağlı düşüncələri, qohumlara get-gəllə bağlı münasibətlər; nəslin davamı və qadının peşə məsələsi; fikir ayrılığı olduqda problemin həll yolu; toy mərasiminin sadə və ya dəbdəbəli keçirilməsi ilə bağlı fikirlər.
Sadalananlardan əlavə hər iki tərəfin diqqət mərkəzində olan suallar aydınlaşdırılmalıdır.
Qadın və kişi müştərək həyatla bağlı şərtlərini açıq bəyan etməlidirlər. Tərəflər öz fizioloji və psixoloji problemlərini qarşı tərəfə bildirməli, eyiblərini gizlətməməlidir. Əlbəttə ki, qadın və kişi rabitəsində mühüm sayılmayan cüz`i eyibləri bəyan etmək zəruri deyil. Əgər uyğun söhbətdən, şərtlər bəyan olunduqdan sonra tərəflər razılığa gələrsə, evləndikdən sonra problemləri çoxalmaz.
Təcrübə göstərir ki, bə`zi kişilər və qadınlar qarşı tərəfin mühüm əxlaqi xüsusiyyətlərinə diqqətsizlik göstərir, bu nöqsanların aradan qalxacağına ümid edirlər. Belə bir münasibət təhlükəlidir. Həyat yoldaşı seçimində bu sayaq diqqətsizliyə yol verilməməlidir. Əlbəttə ki, bə`zən ailə həyatı qurduqdan sonra kişi və ya qadın tamamilə dəyişir və öz qeyri-münasib ruhiyyəsini islah edir. Amma belə bir dəyişiklik əksəriyyətdə müşahidə olunmur. Uyğun nöqsanlara diqqətsizlik sonradan ailənin dağılması ilə də nəticələnə bilər. Ona görə də qadın və kişi prinsipial məsələlərdə ehtiyatlı olmalı, əsassız ümidlərə qapılmamalıdırlar.
Bə`zi ailələr bir-birləri ilə tanış olub müştərək həyata razılıq verdikdən sonra ehtimallarının doğruluğuna əmin olmaq üçün müvəqqəti evlənmə müddəti tə`yin edirlər. Onlar bir növ sınaq müddəti xarakterli bu dövr başa çatdıqdan sonra tam bəsirət və arxayınlıqla daimi müştərək həyata qədəm qoyurlar. Mə`lum məsələdir ki, belə bir üsul, azad kişi-qadın münasibətlərindən tamami ilə fərqlənir. Əlbəttə ki, uyğun hal ailələrin razılığı ilə həyata keçə bilər.
HƏYAT YOLDAŞI SEÇIMINDƏ TƏLƏSMƏK OLMAZ
Həyat yoldaşı seçiminin əhəmiyyətini, insan həyatında bu seçimin tə`yinedici rolunu nəzərə alaraq problemlərlə üzləşməmək üçün uyğun seçimdə tələsməmək zəruridir. Dərin araşdırma aparmadan, ehtimallar əsasında seçim aparmaq peşmançılıqla nəticələnir.
Hər hansı bir səbəbdən qarşı tərəfin ləyaqəti müəyyənləşmədikdə və ortada şübhələr qaldıqda ailə həyatı qurmaqdan çəkinmək lazımdır.
Həyat yoldaşı seçimində qızlar daha çox diqqətli olmalıdır. İslam dini kişilərlə ünsiyyət təcrübəsi olmayan qızların hissə qapılacağını nəzərə alaraq ərə gedərkən onların atalarından razılıq almalarını zəruri buyurmuşdur. Əlbəttə ki, qızların da razılığı olmadan onları ərə vermək olmaz. Ailə təşkilində son qərar zövcələrin ixtiyarındadır. Oğlan və qızın razılığı yoxdursa, izdivac əqdi düzgün deyil. Ata da öz növbəsində qızının xeyirini nəzərə almalı, məsləhətsiz qərar çıxarmamalıdır.
Oğlan və qızın, xüsusi ilə qızın məcbur edildiyi izdivacın sonu yaxşılıqla bitmir. Araşdırmalar göstərir ki, hələ də cəmiyyətimizdə, hətta şəhərlərdə gənclər izdivaca məcbur edilir və məcburi ərə verilən qadınların sayı məcburi evləndirilən kişilərin sayından çoxdur. (Tehranın 20 məntəqəsində aparılan araşdırmalar göstərdi ki, sorğuda iştirak edən 880 nəfər arasında izdivaca məcbur edilən qadınların sayı kişilərin sayından iki qat artıqdır.)
DIQQƏT VƏ AYIQLIQ ICTIMAI HƏYATIN ZƏRURƏTIDIR
Təcrübə göstərdi ki, qapalı mühitdə yaşamış, ictimai hadisələrdən yetərincə xəbər tutmamış, ailələri də lazımınca agah olmayan qızlar həyat yoldaşı seçimində mə`lumatsız və sadəlövh addım atırlar. Bu addım onlar üçün qarşıda xeyli problem yaradır. Gözünü və qəlbini təqva və paklıqla bəzəmiş pak xarakterli qızlar həyat yoldaşı seçimində ailələri və gözüaçıq yaxınları ilə məsləhətləşməlidirlər. Onlar bu məsələyə sadəlövhlüklə yanaşmaqdan ciddi çəkinməlidirlər. Çünki pak insanlar, adətən, hamını özləri kimi pak bilirlər. Belə bir yanaşma insanı öz seçimində yanlışlığa apara bilər. Bu səbəbdən dinimizdə diqqət və ayıqlıq məsələsi önə çəkilmiş, pak və imanlı insanların riyakar şəxslərə aldanmamasına sə`y göstərilmişdir. İmanlı insanlar saxta fərdlərin məkr və qurğusuna düçar olmamalıdır. Məşhur bir hədisdə həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mö`min agahlıq sahibidir.”
Övladları sağlam mühitdə tərbiyə almış və təbii şəkildə ictimai rabitələrdə məhdudiyyətlə üzləşmiş pak və nəcib ailələr övladlarını hökmən vaxtında zəruri bilgilər və ictimai gerçəkliklərlə tanış etməlidirlər. İmkan vermək olmaz ki, övladlar gözü-qulağı bağlı qalıb, asanlıqla hiyləgərlərin toruna düşələr və həyatda uğursuzluğa düçar olalar.
İSTIXARƏ
Bə`zi fərdlər və ailələr məsləhətli yolu tə`yin etmək üçün istixarəyə müraciət edirlər. Amma istixarə həddini düzgün bilmədiklərindən onu yeri gəldi-gəlmədi işə salırlar. Mə`lum məsələdir ki, istixarə ağıl, təcrübə, məsləhət və bu kimi yardımları əvəz etməməlidir. İstixarənin ağılın yerini tutması düşüncəni zəiflədir, insanın əqli inkişafına mane olur. İnsan öz həyat problemlərini ağıl və təcrübə vasitəsi ilə həll etməlidir. Öz ağılı ilə hər hansı məsələni həll edə bilməyən şəxs başqalarının ağıl və təcrübəsindən faydalanmalıdır. (Mə`lumatlı və mütəxəssis şəxslərlə məsləhətləşmək lazımdır.) Bütün bu mərhələlərdən sonra son qərar çıxarmaq olar. Amma deyilən tədbirlərdən sonra mövcud şübhələr aradan qalxmasa, insan tərəddüddə qalsa və seçim aparmağa məcbur olsa, Allaha üz tutub tərəddüdlü vəziyyətdən çıxmaq üçün istixarə edə bilər. İstixarə bir növ duadır. İstixarə edən şəxs Allahdan istəyir ki, ona doğru yol göstərilsin və tərəddüdlü vəziyyətə son qoyulsun. İstixarə edən insan Allahın lütf və yardımlarına ümidli olmalı, hər bir duada hüsn-zənn və xoşbinliyi tərk etməməlidir. Xoş gümanla istixarə edib onun nəticəsini boşlamaq tərbiyəvi baxımdan düz deyil. Eləcə də, düzgün deyil ki, bir şəxs dua etdiyi halda duasının qəbul olmayacağını düşünsün. Belə bir münasibət duada hüsnü-zənnə ziddir. Əslində istixarənin nəticəsi şər`i dəlil deyil və hansısa iş istixarə ilə vacib olmur. Böyük alimlərdən biri “istixarə edib onun nəticəsini boşlamaq olarmı” sualına belə cavab vermişdir: “İstixarə vaciblik gətirmir.”
İzdivac məsələsində lazımi araşdırmalar aparmadan istixarə yolunu seçmək şər`i və islami ölçülərə uyğun deyil.
İZDIVAC ASTANASINDA YERSIZ XƏRCLƏR
İzdivac astanasında ailələri sıxıntıya salan problemlərdən biri izdivacla bağlı mərasimlərdəki dəbdəbədir. Qeyri-zəruri izdivac mərasimlərinə bə`zən o qədər əhəmiyyət verilir ki, diqqət mərkəzində dayanası ailə təşkili məsələsi arxa plana keçir. Ağır xərcli mərasimlər, evlənmədən öncə böyük sıxıntı yaradan ölçüsüz adət-ən`ənələr, yeniliklər ailə təşkilini bir çox gənclərin və ailələrin nəzərində dəhşətli kabusa döndərir. Bu sayaq xərclər nəinki ailənin iqtisadiyyatını tənəzzülə uğradır, hətta ailə təşkili yolunda gənclərə müşkül olur və çox sadə, eləcə də, təbii olan evlənmə mövzusu böyük ictimai problemə çevrilir. Hazırda bu problem cəmiyyətimiz üçün aktualdır.
İslam peyğəmbərinin həyat yolu göstərir ki, Həzrət (s) öz dövründə evlənmə mərasimini çox sadə bir şəkildə keçirmişdir və ailə qurmaq istəyən gənclər üçün heç bir maneə olmamışdır. Həmin dövrdə evlənmək yaşına çatmış hər bir şəxs rahat şəkildə ailə qurmaqla öz təbii ehtiyaclarını tə`min etmişdir. Amma bizim dövrümüzdə ailə təşkili kimi müqəddəs bir yolda elə problemlər yaradılmışdır ki, bu yolda qədəm götürən gənclər və ailələr üzücü sıxıntılarla üzbəüz qalmışlar.
Ağıllı və mədəniyyətli ailələr dəbdəbəli mərasimlərin mahiyyətini anladıqlarından ondan çəkinir və mərasimlərini sadə keçirməklə özlərini dəhşətli dəbdəbə girdabından xilas edirlər. Mehriyyə və cehiz məsələləri də ciddi problemə çevrilmişdir. Qarşıda həmin mövzuları nəzərdən keçirəcəyik.
Mehriyyə əslində qadının diqqət və razılığını cəlb etmək üçün kişinin verdiyi hədiyyə, onun məhəbbət və təvazö simvoludur.
Bu həqiqət qadının mövqe və fitri xüsusiyyətlərinə tam uyğundur. Eyni zamanda, nəfs istəkləri digər qanunlar kimi bu zərif və gözəl qanuna da müdaxilə edərək onun mahiyyətini dəyişmiş, ona ticari bir yön vermişdir. İslami rəvayətlərdə mehriyyənin yüngül tə`yin olunması və izdivac şərtlərinin asanlaşdırılması barədə xeyli tövsiyyələr mövcuddur. Yalnız ağır mehriyyə və digər iqtisadi şərtlər müqabilində izdivaca razılıq verən qadın bərəkətsiz sayılmışdır.”
Təcrübə göstərir ki, ağır mehriyyə nə ailənin xoşbəxliyini tə`min edə bilir, nə də boşanmanın qarşısını alır.
Ailəyə xoşbəxtlik gətirən ailə üzvləri arasındakı bağlılıq, səmimiyyət və sədaqətdir. Bu münasibətlər isə maddi amillər vasitəsi ilə əldə olunmur.
Bu məqamda bir nöqtəni nəzərdən qaçırmaq olmaz ki, əgər söhbət yoldaşlıq şərtlərini yüngülləşdirməkdən gedirsə, hər iki tərəf nəzərdə tutulmalıdır. Ağır mehriyyə tələb etmək düzgün olmadığı kimi, ağır cehiz tələb etmək də yersizdir. Mövcud imkanlar nəzərə alınmalı və tərəf qarşısında gücdən artıq tələb irəli sürülməməlidir.
Qarşı tərəfdən yersiz istəklər və qeyri-məntiqi tələblər daim bir çox narazılıqların və ixtilafların kökü olur.
Qızların izdivacla bağlı ən çox təsadüf olunan problemlərindən biri onların mehriyyə, cehiz miqdarı ilə dəyərləndirilməsi, həmyaşıdlar arasında dəbdəbə rəqabətinin mövcudluğudur. Həyat yoldaşı seçimindəki bu sayaq yanlış üsullar, bə`zi ailələrin maddi me`yarlara ifrat diqqət yetirməsi, ümumiyyətlə, gənc ailənin həyatında maddiyyatın rolunun düzgün qiymətləndirilməməsi bir çox problemlər yaradır və hələ möhkəmlənməmiş ailə dağılmağa başlayır. Bu sayaq seçimin peşmanlıqdan, ictimai sarsıntılardan savay nəticəsi olmur.
ƏR-ARVADLIQ VƏZIFƏLƏRI ILƏ TANIŞLIQ ZƏRURƏTI
Gənc zövcələr bilməlidirlər ki, ailə də ictimai bir təşkilat kimi nəzərdə tutulmuş məqsədlərə doğru hansısa bir üsulla hərəkət etməlidir. Gənc ailə bu üsulu bilməli və öz vəzifələrini yerinə yetirməlidir. Bə`zi gənclər öncə hazırlıq olmadan, vəzifə və hüquqlarını bilmədən ailə qururlar. Onların nəzərində ailə təşkili sadə bir məsələdir. Amma belə bir münasibət ailə həyatının ilk aylarında ortaya ciddi problemlər çıxarır.
Ailələrdə yanlış üsullar və adətlər hökm sürdüyündən gənc ailənin öz vəzifə və hüquqları ilə tanışlığı, eləcə də, bu sahədə ehtiyac duyulan biliklərə yiyələnməsi zəruridir. Adətən, hər bir ailədə xüsusi bir qayda-qanun hökm sürür və xüsusi bir ideala üz tutulur. Təbii ki, bu sayaq ailələrdə övladlar da həmin üsul əsasında tərbiyə olunur. Övladlar tərbiyə aldıqları ailənin adət-ən`ənələrinə üz tutur, həmin qayda-qanunlar əsasında rəftar etməyə çalışır. Bə`zi ailələrdə kişilərin, bə`zi ailələrdə isə qadınların idarəçiliyinə təsadüf olunur. Övlad da şəxsi ailə həyatında tərbiyə aldığı ailənin bu prinsipinə üstünlük verir. Məsələn, əgər ailədə ata-ana qarşılıqlı hörmət əvəzinə dartışmalarla dolu bir fəzada ömür sürürsə və ya bir-birlərindən yersiz tələblər edirsə, övlad da öz şəxsi həyatında bu yanlış üsullara əl atasıdır.
İzdivac astanasında olan gənclər üçün həyat yoldaşının vəzifə və hüquqları, ailə həyatının qayda-qanunları ilə tanışlıqdan vacib iş yoxdur.
Cəmiyyətimizdə bu mövzunun nə dərəcədə əhəmiyyətli olduğu heç də hamıya aydın deyil. Hələ ki izdivacdan öncə zəruri biliklərə yiyələnmək ən`ənəsi öz yerini tapmamışdır. Zövcələr ailə təşkilindən öncə xüsusi dərnəklərdə faydalı kitabların mütaliəsi, mütəxəssislərin nəzərləri ilə tanışlıq vasitəsi ilə zəruri biliklər əldə etməlidir. İlkin biliklər əldə etməklə yeni yaranmış ailədə qarşıya çıxacaq bir çox problemlərin qarşısını almaq olar.
AILƏ HƏYATINA CIDDI YANAŞAQ
Hər bir gənc ailə həyatı qurmazdan öncə mühüm bir məsələyə diqqətli olmalıdır. Bu nöqtə bütün həyat boyu diqqət mərkəzində saxlanmalıdır:
Ailə təşkil etmək qərarına gəlmiş qadın və kişi üçün həyat yoldaşı vəzifələrini yerinə yetirmək, qarşı tərəfin razılığını qazanmaq, bir sözlə, ailə ocağına rövnəq vermək ən mühüm işlərdəndir.
İnsanın fərdi və ictimai həyatında ailə qurumunun xüsusi əhəmiyyət daşıması uyğun işləri zəruriləşdirir. Qadın və kişi diqqətli olmalıdırlar ki, izdivacdan sonra bütün mərhələlərdə özlərini ailə adlandırılan qurumun bir hissəsi saysınlar. Ailə təşkilindən sonra ər və arvadın hər birinin xoşbəxtliyi o birinin xoşbəxtliyindən asılıdır. Ona görə də insan ailənin ümumi xoşbəxtliyi xatirinə bə`zi istəklərindən daşınmalıdır. Ər və arvad öz istəklərini bir-birləri ilə bölüşməli, bütün mərhələlərdə həmdərd olmalıdırlar. Qadın və kişi ailə xoşbəxtliyinə zidd olan və ya ailə təməlini sarsıdan, eləcə də, qarşı tərəfin şər`i hüququnu pozan işlərdən çəkinməlidir. Hər iki tərəf tam sədaqətlə, ağıl və şəriət çərçivəsində bir-birinin razılığını qazanmalıdır. Onlar bilməlidirlər ki, söz-söhbətli bir ailədə kimsə xoşbəxtlik əldə edə bilmir.
Gənc ailə ilk gündən bir-birini tanımağa və qarşı tərəfin istəklərini öyrənib bu istəkləri tə`min etməyə sə`y göstərməlidir. Bu yolla insan öz həyat yoldaşı üçün müştərək həyatı şirinləşdirə bilər. Tərəflər bir-birlərinin zəif nöqtələrini də öyrənməlidir. Onlar həm bu zəifliyin aradan qaldırılası istiqamətində bir-birlərinə kömək etməli, həm də qarşı tərəfi incitməmək üçün bu zəif nöqtəyə toxunmamalıdırlar.
Eşq və məhəbbət tələb edir ki, hər bir zövcə qarşı tərəfin rahatlığı fikrində olsun, onu incitməkdən çəkinsin. Bu yolla qarşı tərəf üçün təkamül şəraiti yaranmış olar.
Ər və arvad yaxınlarla get-gəl, alış-veriş, səliqə kimi bə`zi qeyri-zəruri işlər qarşı tərəfdə narazılıq yaratdıqda bu işlərdən çəkinməlidirlər. Ailədə yekdillik yaratmaq üçün bir o qədər də mühüm olmayan məsələlərdə güzəşt zəruridir. Unutmamalıyıq ki, həyat yoldaşı ilə isti və səmimi münasibət bütün qeyri-zəruri işlərdən mühümdür. İsti münasibəti qeyri-zəruri məsələlərə qurban vermək olmaz.
Həmçinin izdivac tərəflərinin hər biri öz həyat yoldaşlarının hüquqlarına riayət etmək fikrində olmalıdır. Heç bir halda həyat yoldaşının haqqını ayaq altına atmaq olmaz. Ailə həyatının başlanğıcında ər və arvad tərəfindən qarşı tərəfin hüquqlarını qorumaq qərarı gələcəkdə bir çox problemlərin qarşısını alır. Belə bir qərar tərəfləri haqqa təcavüzdən, dünya və axirətdə pis aqibətindən hifz edir. İnsan hüquq və mənafe baxımından daha çox öz həyat yoldaşı ilə müştərək sərhəddə malik olduğundan bu qərar çox mühümdür. Ərlə arvad arasındakı yaxın, ardıcıl və geniş təmaslar səbəb olur ki, onların müxtəlif sahədəki hüquq və mənafeləri toqquşsun.
Maddi və mə`nəvi hüquqların pozulması ehtimalı başqalarına nisbətən ərlə arvad arasında daha böyükdür.
Bu baxımdan təqva və insanlıq şərti odur ki, ər və arvad bir-birlərinin hüquqlarına, xüsusi ilə zərif və həssas mə`nəvi hüquqlara diqqətli olsunlar. Növbəti söhbətlərimizdə də həmin mövzu ətrafında danışacağıq.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NƏFSİN SAFLAŞDİRİLMASİNİN MƏRHƏLƏLƏRİ
ŞEYX RƏCƏBƏLİ XƏYYATIN VƏFATI
Habil və Qabil kim ilə evlənmişdi?
Beynəlxalq ədalət
İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR
Müqəddəs Kitab boşanmaq və yenidən ailə qurmaq haqqında nə deyir?
İki dünyanın xanımı Həzrəti Zəhranın (s ə) təvəllüdü
Ümümdünya Müsəlmanlarının Ali Lideri Seyid Əli Xamenei cənablarının “Fiqh ...
Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri ...
AİLƏ

 
user comment