Azəri
Friday 19th of April 2024
0
نفر 0

MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

İmam Məhdi (ə)-ın həyatının bu dövründə çox mühüm incəliklər vardır ki, onlardan bə`zilərini aşağıda qeyd edirik:
İmam Məhdi (ə)-ın şiələrə tanıtdırılması

12-ci imamın təvəllüdü gizli şəkildə baş verdiyi üçün şiələrin Allah təalanın son höccətini tanımaqda səhvə və azğınlığa düşməsi qorxusu var idi. Buna görə də imam Həsən Əsgəri (ə) vəzifəli idi ki, öz övladını şiənin böyük şəxsiyyətlərinə və e`timad etdiyi şəxslərdən bə`zilərinə tanıtdırsın ki, onlar da bu mübarək təvəllüd xəbərini dirgər Əhli-beyt ardıcıllarına çatdırsınlar və bununla da o həzrətin təqdim olunması ilə yanaşı, Allah təallanın son höccətinə qarşı yönəlmiş təhdidlər də aradan getsin.

Böyük şiə alimlərindən və İmam Həsən Əsgəri (ə)-ın xas şiələrindən olan Əhməd ibni İshaq deyir:

İmam Əsgəri (ə)-ın hüzuruna getdim və ondan sonrakı imamın kim olması barəsində soruşmaq istədim, lakin mən sözə başlamazdan əvvəl həzrət buyurdu: «Ey Əhməd! Həqiqətən mütəal Allah Adəmi yaratdığı dövrdən heç vaxt yer üzünü Öz höccətlərindən boş qoymamışdır və qiyamət gününə qədər də belə bir iş etməyəcəkdir! Məhz Allahın höccətinin vasitəsi ilə bəlalar yer üzündən dəf edilir və onun (varlığının) bərəkətinə yağış yağır, yerin məhsulları bar verir.» Ərz etdim: «Yəbnə Rəsulillah, sizdən sonrakı imam və canişin kimdir?»

O həzrət sür`ətlə evin içərisinə getdi və üzü on dörd gecəlik ay kimi parlayan üç yaşlı gözəl bir oğlanı gətirib buyurdu: «Ey Əhməd ibni İshaq! Əgər mütəal Allahın və Onun höccətlərinin yanında əziz olmasaydın, bu oğlumu sənə göstərməzdim! Həqiqətən o, Peyğəmbəri Əkrəmlə eyni adda və eyni künyədədir. O bir kəsdir ki, yer üzü zülm və haqsızlıqla dolduğu zaman yer üzünü haqq-ədalətlə dolduracaqdır.» Dedim: «Ey mənim ağam, bir nişanə vardırmı ki, qəlbim onunla aram olsun?»

Bu zaman o uşaq dil açıb danışmağa başladı və çox gözəl ərəb ləhcəsi ilə buyurdu:

اَنا بَقيةُ اللهِ فى اَرْضِهِ والمُنْتَقِمُ مِنْ اَعْدائِهِ...

«Mən Allah təalanın yer üzündə saxladığı höccətəm ki, Allah düşmənlərindən intiqam alacağam. Ey Əhməd ibni İshaq! Öz gözünlə gördüyün halda, nişanə axtarma!»

Əhməd ibni İshaq deyir: Bu sözləri eşidəndən sonra imamın evindən şad halda çıxdım.[1]

Həmçinin Məhəmməd ibni Osmandan[2] və şiənin böyük şəxsiyyətli alimlərindən bir neçəsindən belə nəql olunur:

Şiələrdən qırx nəfərlə birlikdə İmam Həsən Əsgəri (ə)-ın yanına getdik. O həzrət övladını bizə göstərib buyurdu: «Məndən sonra bu, sizin imamınız və mənim canişinimdir. Ona itaət edin və məndən sonra öz dininizdə pərakəndə olmayın, əks halda həlak, olarsınız. (Bilin ki) bu gündən sonra onu heç vaxt görməyəcəksiniz.»[3]

Qeyd etmək lazımdır ki, tövsiyə olunmuş sünnələrdən və dini proqramlardan biri də körpə dünyaya gələn zaman onun üçün əqiqə və qurbanlıq etmək, qoyun kəsmək və camaatın bir qrupuna təam verməkdən ibarətdir. Bu da övladın salamatçılığı və ömrünün uzun olmasında çox tə`sirə malikdir. İmam Həsən Əsgəri (ə) dəfələrlə öz övladı üçün əqiqə kəsmişdi[4] ki, bu gözəl sünnəyə əməl etməklə eyni zamanda, şiələrdən çoxlarını da 12-ci imamın təvəllüdündən agah etmiş olsun.

Məhəmməd ibni İbrahim deyir: İmam Həsən Əsgəri (ə) bir qoyun kəsib öz şiələrindən biri üçün göndərdi və buyurdu: «Bu, övladım Məhəmmədin əqiqəsidir.»[5]
Mö`cüzələr və kəramətlər

İmam Məhdi (ə)-ın təvəllüdünün ilk dövrlərində və qeybət dövründən sonra maraqlı hadisələrdən biri o həzrətdən baş verən mö`cüzəli işlərdir ki, o həzrətin vasitəsi ilə gerçəkləşmiş və adətən, həyatının bu dövründən qəflət edilmişdir. Biz onlardan yalnız bir nümunəni qeyd etməklə kifayətlənirik.

İbrahim ibni Əhməd Nişapuri deyir: Əmir ibni Ovf (o, zalım bir hakim idi və şiələri öldürmək üçün əlindən gələni əsirgəmirdi) məni öldürmək istədikdə çox qorxuya düşdüm, vəhşət hissi bütün varlığımı əhatə etdi. Öz əhli-əyalım və qohum-qardaşla sağollaşdım, sonra İmam Həsən Əsgəri (ə) –ın evinə getdim ki, onunla da vidalaşım. Nəzərdə tutmuşdum ki, ondan sonra qaçım. İmamın evinə daxil olduğum zaman o həzrətin yanında üzü on dörd gecəlik ay kimi parıldayan bir oğlan uşağı gördüm. Belə ki, onun üzündəki nurdan heyrətə daldım. Az qalırdı ki, nəzərdə tutduğum şeyləri (ölümdən qorxduğum üçün qaçmaq qərarını) unudum.

Bu zaman uşaq mənə dedi: «Ey İbrahim, qaçmağa ehtiyac yoxdur! Tezliklə mütəal Allah onun şərini səndən uzaqlaşdıracaqdır!»

Bu zaman heyrətim daha da artdı, İmam Həsən Əsgəri (ə) –a dedim: «Sənə fəda olum! Bu uşaq kimdir ki, mənim qəlbimdə olanlardan xəbər verir?!» İmam buyurdu:« O mənim övladım və məndən sonrakı canişinimdir...»

İbrahim deyir: Allahın lütf və mərhəmətinə ümidvar olduğum halda çölə çıxdım: 12-ci imamın dediyinə etimad etmişdim. Bir neçə gündən sonra Əmim məni, Əmr ibni Ofun qətlə yetirilməsi xəbəri ilə müjdələdi.[6]
Müxtəlif suallara cavab

İmamət səmasının sonuncu parlaq ulduzu həyatının ilk dövrlərindən başlayaraq şiələrin müxtəlif məsələlər barəsindəki suallarına qənaətbəxş, möhkəm və tutarlı cavablar verir, onları xatircəm edirdi. Nümunə olaraq aşağıdakı rəvayəti ixtisarla nəql edirik:

Şiənin böyük şəxsiyyətlərindən olan Sə`d ibni Əbdullah Qummi, İmam Həsən Əsgəri (ə)-ın vəkili Əhməd ibni İshaq Qummi ilə birlikdə müəyyən sualların cavablarını almaq üçün İmam Həsən (ə)-ın hüzuruna gəlir. O, bu görüşü belə nəql edir:

Sualları soruşmaq istədiyim zaman İmam Həsən Əsgəri (ə) övladına işarə edərək buyurdu: «Mənim gözümün nurundan sual et!» Bu zaman uşaq mənə üz tutub buyurdu: «Nə istəyirsənsə soruş!...» Soruşdum: «كهيعص (müqəttəə hərflərindəndir) dedikdə, məqsəd nədir?» Buyurdu: «Bu qeybi, xəbərlərdən olan hərflərdir. Allah Özünün (peyğəmbəri və) bəndəsi olan Zəkəriyyanı ondan agah etmiş, sonra onu Həzrət Məhəmməd üçün xatırlatmışdır. Hadisə belə olmuşdu: Həzrəti Zəkəriyüa Allahdan istədi ki, Pənc Təni-ali-əbanın adlarını ona öyrətsin. Mütəal Allah Cəbraili ona nazil edərək bu adları ona öyrətdi. Zəkəriyya Məhəmməd, Əli, Fatimə, Həsən kimi müqəddəs adları dilinə gətirdiyi zaman çətinlikləri və qəm-qüssələri aradan qalxırdı, amma Hüseynin adını yad edən zaman qəhər boğazını tutur və bu işdən heyrətə dalırdı. Bir gün dedi: «Pərvərdigara» nə üçün o dörd nəfəri yad edən zaman qəm-qüssələrim və nigarançılıqlarım aradan gedir, rahat oluram və qəlbim aramlaşır, amma Hüseynin adını dilimə gətirən zaman göz yaşlarım axır və naləm ucalır?» Allah təala ona İmam Hüseyn (ə)-ın hadisəsini xəbər verib buyurdu:  كهيعص(bular hadisənin rəmzidir): كاف Kərbəlanın rəmzi, هاء xanədanının şəhid olmasının rəmzi, ياء Yezidin adına kinayədir ki, İmam Hüseynə zülm etmişdir. عين O həzrətin susuzluğuna və ətəşinə işarədir. صاد imam Hüseynin səbir və müqavimət əlamətidir.»

Dedim: «Ey Mənim mövlam, nə üçün camaatın özlərinə imam tə`yin etmək və seçməsi qadağan olunmuşdur?. Buyurdu: İmam (seçmək dedikdə sənin məqsədin) islahatçı imamdır, yoxsa fəsad törədən imam? Dedim: «Saleh imamdır (ki, cəmiyyəti islah etsin).» Buyurdu: «Heç kəsin başqasının batinində və qəlbində olanlardan  xəbərdar olmadığına və onun məsləhət və düzgünlük yoxsa fəsad və təxribatçılıq barəsində fikirləşdiyini bilmədiyinə görə, ehtimal verilmirmi ki, camaatın seçdiyi bir müfsid (və təxribat əhli, günahkar) olsun?» Dedim: «Bəli mümkündür.» Buyurdu: «Səbəbi elə budur.»[7]

Qeyd etmək lazımdır ki, rəvayətin davamında imam Məhdi (ə) bunun üçün digər bir səbəb də bəyan etmiş, sonra da sair suallara cavab vermişdir ki, ixtisara riayət olunsun deyə, onları burada qeyd etmirik.
Maddi hədiyyələrin alınması

Şiələrin dini proqramlarından biri mə`sum imamlar üçün maddi hədiyyələr və xüms-zəkat haqqının göndərilməsi idi. Onlar bu hədiyyələri qəbul etdikdən sonra cəmiyyətin fəqir-füqəranın ehtiyacını tə`min edirdilər.

İmam Həsən Əsgəri (ə)-ın vəkillərindən olan İbni İshaq deyir: Şiələrdən bə`zilərinin bir qədər mal-dövlətini (xums-zəkatını) 11-ci imamın hüzuruna apardım ki, o həzrətə təhvil verəm. Həzrətin ay kimi parlaq üzlü kiçik oğlu imamın hüzurunda dayanmışdı. İmam Həsən Əsgəri övladına üz tutub buyurdu: «Oğlum, şiələrinin və dostlarının hədiyyələrini aç!» Uşaq dedi: «Ey mənim mövlam, özümün pak əlimi napak hədiyyələrə, halalla haramın qarışığına və çirkin mal dövlətə uzadımmı?!» İmam Həsən Əsgəri (ə) mənə dedi: «Ey ibni İshaq, bunların içərisindəkiləri çıxart ki, halal-haramını bir-birindən ayırsın.» Mən birinci kisəni çıxartdım, uşaq dedi: «Bu kisə Qum şəhərinin filan məhəlləsində yaşayan filankəsdəndir (onun öz adını və yaşadığı məhəllənin adını dedi). Onun içində altmış iki əşrəfi vardır. Onun 45 əşrəfisi sahibinin öz ata-anasından irs apardığı daşlı-çınqıllı torpağ sahəsinin satışından əldə edilmiş, on dörd dinarı isə satdığı doqquz paltarın qiymətidir. Qalan üç dinarı da dükanların icarə puludur.»

İmam Əsgəri (ə) buyurdu: «Əziz oğlum! Düz dedin, indi bu kişiyə göstər ki, bu mal-dövlətdən hansıları haramdır.» Uşaq tam diqqətlə haram sikkələri ayırdı və onların haram olma səbəbini aydın şəkildə bəyan etdi.

Sonra digər bir kisəni çıxartdım, uşaq onun sahibinin adını, ünvanını və yaşadığı yeri dedikdən sonra buyurdu: «O kisədə əlli əşrəfi vardır ki, ona əl vurmaq bizim üçün rəva deyildir.» Sonra mal-dövlətin napak olma səbəbini bir-bir bəyan etdi.

Bu zaman İmam Həsən Əsgəri (ə) buyurdu: «Oğul can, düz dedin!» Sonra Əhməd ibni İshaqa üz tutub buyurdu: «Bunların hamısını sahiblərinə qaytar, yaxud xəbər göndər ki, onları sahiblərinə çatdırsınlar. Bizim onlara heç bir ehtiyacımız yoxdur!»[8]
Atanın cənazəsinə namaz

İmam Məhdi (ə)-ın irticaçı şəraitdə və qeybət dövrünün başlanmasından öncəki həyatının son hadisəsi o həzrətin öz atasının pak cəsədinə meyyit namazı qılması olmuşdur. 11-ci imamın xidmətçisi Əbul-Ədyan bu barədə deyir:

İmam Həsən Əsgəri (ə) şərif ömrünün axır günlərində bir neçə məktubu mənə verib dedi: «Bunu Mədain şəhərinə apar. 15 gündən sonra Samirraya qayıdacaq, mənim evimdən nalə və şivən səsləri eşidəcək və (mənim bədənimi) qüsul verilən yerdə görəcəksən.» Dedim: «Ey mənim sərvərim! Əgər belə bir hadisə olsa, sizin canişininiz və sizdən sonrakı imam kim olacaqdır?» Buyurdu: «Hər kəs mənim məktublarımın cavabını səndən istəsə, o, məndən sonrakı imam olacaqdır.» Dedim: «Başqa bir nişanə də buyurun.» İmam buyurdu: «Mənə cənazə namazı qılan şəxs məndən sonra imam olacaqdır.» Dedim: «Yenə nişanələr buyurun.» Buyurdu: «Kisələrdə olanlardan xəbər verən kəs məndən sonra imam olacaqdır (amma imamın heybət və əzəməti kisədə nə olduğunu soruşmağıma mane oldu.)

Məktubları Mədainə apardım və cavablarını aldım. Həzrətin buyurduğu kimi, 15-ci gün Samirraya daxil olduqda o həzrətin evindən nalə və şivən səslərinin ucaldığını eşitdim. Yaxınlaşdıqda imam Həsən Əsgəri (ə)-ın cənazəsini qüsul verilən yerdə gördüm. O həzrətin qardaşı Cə`fər İmamın qapısında dayanmışdı. Şiələrdən bir qrupu da qardaşının ölümündə ona başsağlığı verir və (onun imamətini) təbrik edirdilər! Öz-özümə fikirləşdim ki, əgər bu (Cə`fər) imam olsa, onda imamət puça çıxacaqdır. Çünki onu tanıyır və bilirdim ki, şərab içir, qumar oynayır, tar-qaval çalır! Lakin nişanələri axtarmaq fikrində olduğum üçün irəli gəldim və başqaları kimi (onun imamətini) təbrik etdim, qardaşının ölümünü başsağlığı verdim, lakin o, heç bir şey (o cümlədən, məktubların cavabı) barəsində məndən bir söz soruşmadı. Bu zaman evin xidmətçilərindən biri olan Əqid çölə çıxdı və Cə`fərə xitabən dedi: «Ey mənim sərvərim, qardaşın (İmam Həsən Əsgəri) kəfənlənmişdir. Ayağa qalxıb ona namaz qıl!» Mən Cə`fər və şiələrdən bir qrupu ilə birlikdə evə daxil oldum. 11-ci imamın kəfənlənib tabuta qoyulduğunu gördüm. Cə`fər irəli gəldi ki, qardaşına meyyit namazı qılsın, lakin təkbir demək istədiyi zaman buğdayı rəngli, dişləri dürr kimi parlayan bir cavan uşaq gəldi, Cə`fərin paltarından tutub dedi: «Ey Əmi, dala çəkil, mən atama namaz qılmağa (səndən) artıq layiqəm!» Cə`fər rəngi qaçmış halda geri çəkildi. O uşaq irəli gəlib imama namaz qıldı, sonra (mənə) buyurdu: «Gətirdiyin məktubların cavabını mənə ver!» Məktubları ona verdim və öz-özümə fikirləşdim ki, bu iki nişanə onun imam olacağına dair nişanələrdəndir. Kisələrin barəsində isə hələ bir söz deməmişdir. Cə`fərin yanına getdim, o, dərindən ah çəkirdi! Şiələrdən biri ondan soruşdu: «Bu uşaq kimdir?» Cə`fər dedi: «Allaha and olsun ki, onu heç vaxt görməmişəm və tanımıram!»

Əbul-Ədyan sözünə davam edərək deyir: Biz oturmuşduq ki, Qum əhlindən bir dəstə adam gəlib imam Həsən Əsgərini axtarmağa başladı. O Həzrətin şəhadətindən agah olduqda dedilər: «Kimə başsallığı verək?» Camaat Cə`fəri ona göstərdilər. Onlar da Cə`fərə salam verib, həm imamətini təbrik etdilər, həm də başsağllığı verdilər. Sonra Cə`fərə xitabən dedilər: «Bizim yanınımızda müəyyən məktublar və pul vardır. De görüm, onlar kimdəndir, nə qədər mal-dövlətdir?» Cə`fər heyrətlənmiş halda yerindən qalxıb dedi: «Bizdən qeyb elmi istəyirsinizmi?!» Bu halda xidmətçi evdən çıxıb dedi: «Filankəslərin və filankəslərin məktubları sizin yanınızdadır (məktubları yazanların adlarını və ünvanlarını dedi), sonra dedi: Həmçinin sizin yanınızda bir qədər kisə də vardır ki, onda min dinar qızıl pul vardır, onların içərisində on dinarın üstündəki şəkillər pozulmuşdur.» O məktubları və pulları ona verib dedilər: «Bunların cavabını sənə deyən şəxs imamdır.»[9]
ÜÇÜNCÜ BÖLMƏ
İMAM MƏHDİ (Ə) QUR`AN VƏ RƏVAYƏTLƏRDƏ
A) Qur`anda

Qur`ani Kərim ilahi məarifin saf zülal çeşməsi, hikmətlərin ən qalarlısı, bəşərin ehtiyac duyduğu ən düzgün elmdir. O, elə bir kitabdır ki, başdan-ayağa doğruçuluqdur, keçmişdəkilərin xəbərlərini və gələcəkdə baş verəcək hadisələri bəyan etmiş, heç bir həqiqəti deməkdən əsirgəməmişdir. Əlbəttə, aydındır ki, aləm həqiqətlərinin hamısı bu qədər böyük həcmlə belə, ilahi ayələrin dərinliklərində qoyulmuşdur və onun dərin mə`nalarını dərk edənlər yalnız Qur`an əhli və həqiqi müfəsirlər, yə`ni Peyğəmbəri Əkrəm və onun pak Əhli-beytidir.

Sonuncu ilahi vəsinin inqilab və qiyamı dünya həqiqətlərinin ən böyüyüdür ki, çoxlu Qur`an ayələrində ona işarə edilmiş və o ayələrin təfsirində çoxlu rəvayətlər nəql olunmuşdur. Burada onlardan bir neçəsini qeyd edirik:

«Ənbiya» surəsinin 105-ci ayəsində deyilir.

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ

«Həqiqətən Biz Zəburda Zikirdən (Tövratdan) sonra yazdıq ki, yer üzünə Mənim ləyaqətli bəndələrim varis olacaqlar.»

İmam Baqir (ə) buyurur: «Yer üzünə varis olan layiqli bəndələr dedikdə, məqsəd imam Məhdi və onun köməkçiləridir.»[10]

Həmçinin «Qəsəs» surəsinin beşinci ayəsində buyurulur:

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ

«Biz iradə etmişik ki, yer üzünün müstəz`əflərinə minnət qoyaraq onları (camaatın) rəhbərləri və yer üzünün varisləri qərar verək.»

İmam Əli (ə) buyurur:

«(Müstəz`əflər dedikdə) məqsəd Peyğəmbər xanədanıdır. Allah təala əzab-əziyyətlərindən sonra bu xanədanın Məhdisini seçəcək (onun əli ilə) onları izzət, əzəmət və iqtidarın son nöqtəsinə çatdıracaq və düşmənlərini isə çox ağır şəkildə zəlil edəcəkdir.»[11]

«Hud» surəsinin 86-cı ayəsində deyilir:

...بَقِيَّةُ اللّهِ خَيْرٌ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

«Bəqiyyətullah (Allahın yer üzündə saxladığı höccət) sizin üçün yaxşıdır» əgər mö`min olsanız.»

İmam Baqir (ə) buyurur:

O (İmam Məhdi) zühur edən zaman Kə`bənin divarına söykənəcəkdir. Onun dilindən çıxan ilk söz bu ayədir. Sonra buyuracaqdır:

اَنا بَقِيَّةُ اللّهِ فى اَرْضِهِ وَ خَليفَتِهِ وَ حُجَّتِهِ عَلَيْكُمْ

Yə`ni: «Mən Allahın yer üzündəki bəqiyyətullahı, Onun canişini və Onun sizə olan höccətiyəm.» Hər kəs istəsə, ona salam verərək belə deyər: «Əssəlamu ələykə, ya Bəqiyyətəllah fi ərzih.»[12]

اَلسَّلامُ عَلَيْكَ يا بَقِيَّةُ اللّهِ فى اَرْضِهِ

«Hədid» surəsinin 17-ci ayəsində belə buyurulur:

اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ

«Bilin ki, Allah təala yer üzünü, öldükdən sonra dirçəldəcəkdir. (Biz Öz) ayələrimizi sizin üçün bəyan edirik ki, bəlkə əqlinizi işə salasınız.»

İmam Sadiq (ə) belə buyurur: «Məqsəd budur ki, Allah təala yer üzünü həzrəti Məhdi (ə)-ın zühuru dövründə onun ədalətinin vasitəsi ilə zalımların və azğınçıların zülmləri səbəbi ilə öldükdən sonra bir daha dirildəcəkdir.»[13]
B) Rəvayətlər

İmam Məhdi (ə)-ın barəsində nəql olunan rəvayətlərdə çoxlu mətləb gözə dəyir. Belə ki, o həzrətin həyatının müxtəlif mərhələləri barəsində, o cümlədən təvəllüdü, uşaqlıq dövrü, kiçik və böyük qeybət dövrləri, zühurun əlamətləri, zühur dövrü və onun dünya səviyyəli hökuməti barəsində ayrı-ayrı şəkildə din rəhbərlərindən çoxlu hədislər nəql olunmuşdur. O həzrətin zahiri xüsusiyyətləri və əxlaqi səciyyələri, onun qeybət dövrünün xüsusiyyətləri, o həzrətin zühurunun intizarını çəkənlərin fəzilət və mükafatı barəsində olan hədislər dəyərli bir məcmuədir. Maraqlıdır ki, bu rəvayətlərdən çoxu həm şiə, həm sünni kitablarında nəql olunmuşdur. Məhdi (ə)-la əlaqədar nəql olunan rəvayətlər çoxluq baxımından mütəvatir həddə çatmışdı.

Qeyd etmək lazımdır ki, İmam Məhdi (ə)-ın diqqət yetiriləsi xüsusiyyətlərindən biri budur ki, bütün mə`sumlar o həzrətin barəsində gözəl kəlamlar buyurmuşlar ki, onların sözləri insana agahlıq bağışlayan bir məarif məcmuəsidir; eləcə də mə`sumlar o ədalət sərkərdəsinin inqilab və qiyamının son dərəcə əhəmiyyətini göstərmişlər. Yaxşı olar ki, burada hər din rəhbərindən bir rəvayət nəql edək.

Peyğəmbəri Əkrəm buyurur: «Xoş olsun o kəsin halına ki, Məhdini görsün, xoş olsun o kəsin halına ki, onu sevsin; xoş olsun o kəsin halına ki, onun imamətinə inanmış olsun.»[14]

İmam Əli (ə) buyurur: «(Ali-Məhəmmədin) fərəcinin intizarında olun və Allahın rəhmətindən ümidsiz olmayın! Çünki böyük Allahın dərgahında ən sevimli iş fərəcin intizarında olmaqdır.»[15]

Fatimeyi Zəhəra (əleyha səlam)-ın «Müshəf»ində belə qeyd olunur:[16] “...Sonra aləmlərə olan rəhmət səbəbi ilə vəsilər silsiləsini İmam Həsən Əsgəri (ə)-ın övladının vasitəsi ilə təkmil edəcəyəm. O, elə bir kəsdir ki, onda Musanın kamalı, İsanın əzəməti, Əyyubun səbri vardır...»[17]

İmam Həsən Muctəba (ə) bir rəvayətdə Peyğəmbərdən sonra yaranan çətinlikləri bəyan etməklə yanaşı, buyurmuşdu: «Allah təala axirəz-zamanda bir kişini seçəcəkdir... Onu Öz mələklərinin vasitəsi ilə möhkəmlədəcək, onun köməkçilərini qoruyub-saxlayacaqdır... Onu yer üzünün bütün sakinlərinə qalib edəcəkdir... O, yer üzünü ədalət, nuranilik və aşkar dəlillərlə dolduracaqdır... Xoş olsun o kəsin halına ki, onun dövrünü görsün və onun sözlərini eşitsin.»[18]

İmam Hüseyn (ə) buyurur: «...Allah təala onun (Həzrəti Məhdinin) vasitəsi ilə, yeri öldükdən sonra bir daha dirildəcək, onun vasitəsi ilə haqq dinini hətta müşriklərin xoşuna gəlməsə də belə bütün dünya dinlərinə qalib edəcəkdir. Onun üçün bir qeybət dövrü vardır ki, bir qrup o dövrdə dindən çıxacaq, başqa bir qrup isə dində sabitqədəm qalacaqdır... Həqiqətən hər kəs onun qeybəti dövründə əziyyətlərə və təkziblərə səbr etsə, Peyğəmbərin önündə qılıncla cihad edən şəxs kimi olar.»[19]

İmam Səccad (ə) buyurur: «Bizim Qaimimizin qeybət dövründə bizə məhəbbət və dostluqda sabitqədəm qalan şəxsə Allah təala Bədr və Ühüd şəhidlərindən olan min şəhidin əcir və səvabını inayət edər.»[20]

İmam Baqir (ə) buyurur: «İnsanlar üçün bir zaman gələr ki, imamları qeybə çəkilər. Xoş olsun o kəslərin halına ki, o zamanda bizim (vilayət) əmrimizdə sabitqədəm qalar.»[21]

İmam Sadiq (ə) buyurur: «Qaim üçün iki qeybət dövrü vardır, onlardan biri qısa müddətli, digəri isə uzun müddətlidir.»[22]

İmam Kazim (ə) buyurur: «İmam (Məhdi) camaatın gözlərindən qeybə çəkilər, lakin onun adı və xatirəsi mö`minlərin qəlbindən çıxmaz.»[23]

İmam Riza (ə) buyurur: «(İmam Məhdi) qiyam edən zaman yer onun (vücud) nuru ilə aydınlaşar və o həzrət haqq-ədalət tərəzisini insanlar arasında bərqərar edər. Bundan sonra heç kəs başqasına zülm etməz.»[24]

İmam Cavad (ə) buyurur: «Bizim Qaimimiz o kəsdir ki, camaat qeybət dövründə onun intizarını çəkməli, qiyam etdiyi zaman isə onun fərmanlarına itaət etməlidirlər.»[25]

İmam Hadi (ə) buyurur: «Məndən sonrakı imam oğlum Həsən, ondan sonra isə onun oğlu Qaimdir. O həmin kəsdir ki, yer üzü haqsızlıq və zülm ilə dolduqdan sonra, onu haqq-ədalətlə dolduracaqdır.»[26]

İmam Həsən Əsgəri (ə) buyurur: «Həmd olsun o Allaha ki, mənim canişinimi mənə göstərməyincə, məni dünyadan aparmamışdır. O, bəndən quruluşu və əxlaq cəhətindən camaat arasında peyğəmbərə ən çox oxşayan şəxsdir.»[27]

[1] Kamalu din ikinci cild otuz  səkkizinci bab birinci hədis  səh 80

[2] Kiçik qeybət dövründə imam Məhdi (ə) ikinci xas naibidir ki, qeybət dövründə onun tərcümeyi halı gələcəkdir

[3] Kamalu din ikinci cild 43-cü bab hədis 2 səh 162

[4] Yenə orada 42-ci bab

[5] Yenə orada səh 158

[6] İsbatul hüda üçüncü cild 7-ci fəsil səh 700

[7] Kamalüdin ikinci cild 43-cü bab 21-ci hədis səh 190

Bu sözün əlavə izahı kitabın birinci fəslində İmamın Allah tərəfindən seçilməsi bölməsində qeyd olundu

[8] Kamaludin ikinci cild 43-cü bab 21-ci hədis səh 190

[9] Yenə orada 25-ci hədis səh 123

[10] Təfsiri qumi ikinci cild səh 52

[11] Qeybəti Tusi hədis 143 səh 184

[12] Kamaludin birinci cild 32-ci bab hədis 16 səh 603

[13] Qeybəti Nomani səh 32

[14] Biharul-ənvar 52-ci cild səh 309

[15] Yenə orada səh 123

[16] Həmin rəvayətdə deyilir ki, Cabir Ənsari belə demişdir: Peyğəmbərin dövründə İmam Hüseyn (ə) təvvəlüdünü təbrik etmək üçün Fatimənin yanına getdim. Onun əlində yaşıl rəngli səhifə gördüm. O yazıda gün kimi parlayan bir sətirlər gördüm. Soruşdum ki, bu lövh nədir? Buyurdu: Bu lövhi Allah təala öz Rəsuluna hədiyyə etmişdir. Onda atamın, ərimin iki övladlarımın canişinlərinin aları qeyd olunmuşdur. Peyğəmbəri Əkrəm onu mənə əta etmişdir ki, ona baxıb sevinim.

[17] Kamaludin birinci cild 28 bab birici hədis səh 569

[18] Ehticac ikinci cild səh 70

[19] Kamaludin birinci cild bab 30 hədis 3 səh 584

[20] Yenə orada birinci cild 31-ci bab səh 592

[21] Yenə orada birinci cild 32-ci bab hədis 15 səh 602

[22] Qeybəti nömani onuncu bab 4-cü fəsil beşinci hədis səh 176

[23] Yenə orada 34-cü bab 6-cı hədis səh 57

[24] Yenə orada 35-ci bab 5-ci hədis səh 60

[25] Yenə orada 36-cı bab 1-ci hədis səh 70

[26] Yenə orada 37-cı bab 10-cu hədis səh 79

[27]Yenə 37-ci bab 7-ci hədis səh 118

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment