Azəri
Friday 29th of March 2024
0
نفر 0

QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI



Qur᾽anın təhrif olunmamasına dəlalət edən başqa bir dəlil, vacibi namazlarda 1-ci və 2-ci rə᾽kətlərdə «Həmd» surəsindən sonra hər hansı bir surənin tam şəkildə və ayət namazında isə bir surənin beş yerə bölünərək oxunmasıdır. Bu hökm namaz vacib olunduğu ilk gündən məhz bu şəkildə müəyyənləşmiş və müsəlmanlar tərəfindən icra olunmuşdur.

Buna əsasən təhrif nəzəriyyəsini qəbul edən şəxslər gündəlik namazlarında təhrifə yol verilmiş surələr oxumamalıdırlar. Həmd surəsindən sonra hər hansı bir surənin tam və düzgün şəkildə oxunması vacib olduğu üçün, təhrif olunmuş surələrin oxunması mükəlləfin üzərindən məs᾽uliyyəti götürməz.

İrad: Təhrif nəzəriyyəsinin tərəfdarları belə bir iddia irəli sürə bilərlər ki, surənin tam oxunması, yalnız onun təhrifə mə᾽ruz qalmadığını bilmədikdə vacib olur. Bundan qeyri-halda surənin tam oxunması heç də vacib deyildir.

Cavab: Bu iddianı yalnız o zaman düzgün hesab etmək olar ki, Qur᾽anın bütün surələrinin təhrif olunduğuna ehtimal vermək olsun. Lakin bu surələrdən heç olmasa biri – hətta təhrif nəzəriyyəsinin tərəfdarlarının əqidəsinə əsasən – təhrif olmasa, onda gərək bu nəzəriyyənin tərəfdarları gündəlik namazlarında bu surədən başqa heç bir surə oxumasınlar.

Başqa bir irad:

Mə᾽sum imamlar namazda Həmd surəsindən sonra hər hansı bir surənin oxunmasını icazə vermişlər. Əgər belə bir icazə verilməsəydi, təhrif olması ehtimal verilən surələrin oxunması düzgün olmazdı.

Cavab: İmamların, Qur᾽an surələrinin gündəlik namazlarda oxunmasına icazə vermələri, onun təhrif olunmamasını bir daha sübuta yetirir. Yox, əgər imamların bu icazəsi müsəlmanların qıldıqları namazları təhrif olmuş surələri oxumaqla batil edəcəkdisə, bu halda onlar təhrif olunmamış surələrin oxunmasını tövsiyə edərdilər. Və belə olduqda təqiyyə ilə də heç bir ziddiyyət yaranmazdı. Çünki Tövhid və Qədr surələrinin oxunmasına daha çox diqqət yetirər və onların fəziləti haqda dəyərli mə᾽lumatlar verərdilər. Belə bir halda bu iki surənin fəziləti haqda söhbət açmaq əvəzinə, təhrif olunmamış digər surələrin də oxunmasının vacibliyini bəyan edərdilər.

Nəticə: Gündəlik namazlarda Həmd surəsindən sonra hər hansı bir surənin tam oxunmasının vacibliyi imamlar tərəfindən dəfələrlə bəyan olunmuşdur. Və müsəlmanların bu məsələ ətrafında təqiyyə etmələrinə heç bir səbəb olmamışdır. Çünki bu hökm ya Peyğəmbərin (s) zamanında, ya da ondan sonra imamlar tərəfindən verilmişdir.

Demək, Həmd surəsindən sonra hər hansı bir tam surənin oxunmasının vacibliyi, hələ Peyğəmbərin (s) zamanında bəyan edilmiş və bu hökm hər bir müsəlman tərəfindən gündəlik namazlarda icra olunmuşdur. Buna əməl etmək yalnız o zaman düzgün olardı ki, surələr təhrif olunmadan özünün həqiqi formasını saxlaya bilmiş olsun. Təhrifə mə᾽ruz qaldıqda isə, elə bir surə seçilməli idi ki, təhrif olunmamış olsun. Belə ki, bu məqsəd üçün heç bir surə müəyyən olunmamış və istənilən hər bir surənin tam oxunmasına icazə verilmişdir. Bu isə bir daha Qur᾽anın təhrif olunmadığını sübuta yetirir.

Bu hökm təkcə surələrin namazlarda oxunmasına deyil, bütün surə və ayələrin (istənilən vaxtlarda da) qiraət olunmasına şamil olur.
QUR᾽AN XƏLİFƏLƏR TƏRƏFİNDƏN TƏHRİF OLUNMAMIŞDIR

Dördüncü dəlil: «Təhrif nəzəriyyəsi»nin tərəfdarları tərəfindən bu barədə üç müxtəlif fərziyyə irəli sürülmüşdür. Qur᾽an ya Əbu Bəkr və Ömərin, ya Osmanın, yaxud da başqa xəlifələrin xilafəti dövründə təhrifə mə᾽ruz qalmışdır.

Qur᾽anın Əbu Bəkr və Ömərin xilafəti dövründə təhrif olunmaması haqda:

Bunun həyata keçməsi üç haldan xaric deyildir:

1. Təhrif ya zərurət üzündən, ya da qeyri-iradi olaraq baş vermişdir;

2. Xilafət (hakimiyyət) haqda olan ayələrin bilərəkdən təhrif olunması;

3. Digər ayələrin bilərəkdən təhrif olunması.

1. Bilərəkdən yaranmış təhriflər;

Deyirlər: Qur᾽an, Əbu Bəkr və Ömərin xilafəti dövründə bir yerə yığılmadığı üçün onun bütün ayələrinin qorunub saxlanılması mümkün olmamış və bu səbəbdən də bə᾽zi ayələr unudularaq aradan getmişdir.

Cavab: Bu fərziyyə üç əsas səbəbə görə tamamilə batil və əsassızdır:

1. Peyğəmbərin (s) və onun səhabələrinin Qur᾽ana və onun tilavətinə olan sonsuz diqqət və əhəmiyyəti, bu nəticəyə gəlmək imkanı verir ki, Qur᾽an hələ Peyğəmbərin (s) zamanında bir yerə yığılmış, oradan bir kəlmə, yaxud bir hərf də olsun belə, ixtisara salınmamışdır. Ayələr pərakəndə və ya əzbərləmək yolu ilə olsa da, müsəlmanlar tərəfindən qorunub saxlanılmışdır. Cahiliyyət dövründə yazılmış yüzlərlə şe᾽r misralarını əzbərləmiş şəxslərin Qur᾽anın əzbərlənməsində səhvə yol vermələrini təsəvvür etmək olarmı?!

O Qur᾽an ki, müsəlmanlar onun yolunda həyatın bütün ağırlıqlarına sinə gərir, hətta öz can, mal və əzizlərini belə qurban verməyə razı olurdular. Onlar tarixin qara səhifələrini öz qanları ilə yumuş və Qur᾽anın bu günlərədək qorunub saxlanılmasında böyük xidmətlər göstərmişlər. Bütün bunları nəzərə alaraq, bu nəzəriyyə də digər nəzəriyyələr kimi əqli və tarixi dəlillərlə əsassız və batil hesab olunur.

2. Bütün bunlarla yanaşı «Səqəleyn» hədisi bir daha bu ehtimalı batil edir. Çünki «Səqəleyn» hədisinin Qur᾽anın bir hissəsinin aradan getməsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, əgər təhrif olunarsa, Peyğəmbərdən (s) bizlərə gəlib çatan kitabın [Qur᾽anın] tam nüsxəsi deyil, yalnız bir hissəsi olacaqdır. Lakin hədisin məzmunundan belə mə᾽lum olur ki, Qur᾽anın Peyğəmbərdən (s) bizlərə müəyyən hissəsi deyil, tam və kamil nüsxəsi gəlib çatmışdır.

Hədisin məzmununa diqqət yetirdikdə bir daha bunun şahidi olacağıq ki, Qur᾽an hələ Peyğəmbərin (s) zamanında toplanmış və vahid nüsxə halına salınmışdır. Belə ki, hədisdə deyilir: «Mən sizin üçün [özümdən sonra] iki ağır [əhəmiyyətli] şey qoyuram. Allahın Kitabını və Əhli-beytimi.» Demək, Qur᾽anı yalnız o zaman kitab adlandırmaq olardı ki, bütün surə və ayələri bir yerə yığılmış olsun.

3. Digər tərəfdən isə müsəlmanlar İslamı qəbul etdikləri ilk gündən Qur᾽ana böyük əhəmiyyət vermiş və onun vahid nüsxə halına salınmasına xüsusi diqqət yetirmişlər. Əgər müsəlmanların Qur᾽ana əhəmiyyət verməyərək onu vahid nüsxə halına salmamalarını fərz etsək də belə, Peyğəmbər (s) o zamanın şəraitini və gələcəkdə yaranacaq ixtilafı, qarşıdurmaları nəzərə alaraq, bunun həyata keçməsinə hamıdan daha çox əhəmiyyət verməli idi. Məgər ona bu işdə mane olan amillər var idimi?!

Bütün bu sualların cavabı mənfidir. Çünki Peyğəmbər (s) həm Qur᾽ana, həm də onun vahid nüsxə halına salınmasına hamıdan daha çox diqqət yetirirdi və bunu həyata keçirmək üçün ixtiyarında hər cür imkanlar var idi. Bu səbəbdən də qətiyyətlə deməliyik ki, Qur᾽an hələ Peyğəmbərin (s) zamanında yığılmış və vahid nüsxə halına salınmışdır.

2. Siyasi mə᾽na daşımayan ayələrin təhrifi;

İrad: Bu haqda irəli sürülmüş başqa bir fərziyyədə deyilir: Birinci və ikinci xəlifə siyasətləri ilə heç bir əlaqəsi olmayan ayələri şəxsi rə᾽ylərinə əsasən bilərəkdən təhrif etmişlər.

Cavab: Bu fərziyyə də digər fərziyyələr kimi bir neçə səbəbdən batil və əsassızdır.

Əvvəla belə bir təhrifə heç bir ehtiyac duyulmamışdır. Və mə᾽lum məsələdir ki, heç bir adi insan onun şəxsi həyatı və işi ilə əlaqəsi olmayan belə böyük, eyni zamanda qorxulu olan bir işi görməzdi.

Digər tərəfdən isə hər iki xəlifənin hakimiyyəti dövrünə nəzər saldıqda bunun şahidi oluruq ki, İslam dini və müsəlmanlar o günlər özünün dirçəliş mərhələsini keçmiş, ictimai, siyasi, dini və s. məsələlər Qur᾽anla tətbiq olunmuşdur. Demək, müsəlmanların Qur᾽ana böyük əhəmiyyət verdikləri belə bir zamanda, onun kimsə tərəfindən təhrifə yol verilməsi sadəcə olaraq qeyri-mümkün idi. Və eyni zamanda mərkəzi xilafət ilə müxalif olan Sə᾽d ibni Ubadə və başqaları o günlər baş verən bütün hadisələri diqqətlə izləyir və bir o qədər də əhəmiyyət kəsb etməyən məsələləri belə nəzərdən qaçırmırdılar. Əgər xilafət başçıları Qur᾽anda təhrifə yol vermiş olsaydı, təbii ki, bu iş müxaliflər tərəfindən e᾽tirazla qarşılanar və tez bir zamanda bunun qarşısı alınardı. Lakin tarixi mənbələr bizə bu haqda heç bir mə᾽lumat vermir.

Həzrət Əlinin (ə) mərkəzi xilafətə qarşı çıxış etdiyi «Şiqşiqiyyə» kimi həyacanla dolu olan xütbəsinə nəzər saldıqda belə, biz bu mətləbə toxunulduğunun şahidi olmuruq.

«Qur᾽an təhrif olunmuşdur, lakin kimsə buna e᾽tiraz etməmişdir» kimi iddia edənlər isə böyük bir səhvə yol vermiş olurlar. Çünki tarixdə baş verən böyüklü-kiçikli bütün hadisələr yazılaraq indiki zamana kimi gəlib çatmışsa, əgər doğrudan da İslamın və müsəlmanların müqəddəratına böyük tə᾽sir göstərən belə bir əhəmiyyətli hadisə baş vermişdisə, sözsüz ki, bu iş tarix kitablarında nəql olunmalıydı.

3. Qur᾽anın siyasi xarakter daşıyan ayələrinin təhrifi;

Təhrif nəzəriyyəsinə istinad edən digər şəxslər iddia edirlər ki, Qur᾽anın siyasi xarakter daşıyan ayələri birinci və ikinci xəlifə tərəfindən hakimiyyəti əldə saxlamaq məqsədilə təhrif olunmuşdur. Lakin bu tamamilə əsassız bir nəzəriyyədir. Belə ki, Əli (ə) xilafətdən məhrum olduqdan sonra həyat yoldaşı həzrət Zəhra (ə) və yaxın səhabələri ilə birlikdə xəlifəyə öz e᾽tirazlarını bildirir, Peyğəmbərin (s) Əli (ə) haqda buyurduğu hədis və rəvayətləri onlara xatırladırdılar. Əliyə (ə) yaxın olan səhabələr Peyğəmbərdən (s) bu barədə nəql olunmuş Qədr və bu kimi digər mö᾽təbər hədislərə istinad edərək, dəfələrlə mərkəzi xilafətə qarşı öz e᾽tirazlarını bildirmişdilər. «İhticac» adlı kitabda səhabələrdən on iki nəfərinin xəlifəyə qarşı çıxışları və istinad etdikləri rəvayətlər açıq-aşkar işıqlandırılmışdır. Bu barədə ətraflı mə᾽lumat əldə etmək istəyənlər yuxarıda adı çəkilən kitaba müraciət edə bilərlər.

Bir sözlə, əgər belə bir əhəmiyyətli mövzuya dəlalət edən ayələr təhrif olunsaydı, ilk növbədə Əli (ə) və onun səhabələri tərəfindən böyük e᾽tiraza səbəb olar və dərhal həmin təhriflərin qarşısı alınardı.
QUR᾽ANIN OSMANIN XİLAFƏTİ DÖVRÜNDƏ TƏHRİF OLUNMASI

Osmanın xilafəti dövründə Qur᾽anın təhrif olunmasına dair irəli sürülmüş nəzəriyyə, digər nəzəriyyələrdən daha əsassızdır.

1. Osmanın xilafəti dövründə müsəlmanlar elə bir inkişaf mərhələsinə çatmışdılar ki, nə Osman, nə də başqa birisi Qur᾽anı təhrif etməyə cür᾽ət edə bilməzdi.

2. Osmanın, Qur᾽anın siyasi xarakter daşımayan ayələrini təhrif etməyə heç bir səbəb olmamışdır. O ki, qaldı xilafət mövzusuna dəlalət edən ayələrə, biz belə bir ayənin təhrif olunduğunu müşahidə etmirik. Əgər belə bir ayə mövcud olsaydı, Osmanın xilafəti dövrünədək müsəlmanlar yaşayan məntəqələrdə yayılar və təhrifə yol verilməsin deyə, Osmanın xəlifəliyə tə᾽yin olunmasının qarşısı alınardı. Və ya heç olmasa bu işdə Osmana irad tutular və onunla müxalif olan şəxslərin əlində sübut və dəlilə çevrilərdi.

3. Əgər Osman həqiqətən də Qur᾽anı təhrif etmiş olsaydı, bu onu qətlə yetirən şəxslərin əlində ən gözəl bəhanələrdən birinə çevrilərdi. Belə ki, onlar Osmanı beytul-maldan sui-istifadə etməkdə günahlandırmış və bu səbəbdən də onu qətlə yetirmişlər.

4. Əgər Qur᾽an xəlifə Osman tərəfindən təhrif olunsaydı, ondan sonra xəlifə tə᾽yin olunmuş Əli (ə) bunların qarşısını alar və lazımı düzəlişlər aparardı. Lakin bu barədə xəlifəyə hətta onun müxalifləri belə e᾽tiraz etməmişlər.

Əli (ə) öz çıxışlarının birində, üçüncü xəlifənin beytul-maldan sui-istifadə etməsi haqda deyir: «And olsun Allaha! Əgər ərə gedən qadınların mehriyyəsi və alınan kənizlərin pulu beytul-maldan ödənilmişsə, mən onu yenidən buraya qaytaracağam. Çünki ədalətin əhatə dairəsi çox genişdir. Ədalət kölgəsi altında həyat ona dar gələn şəxslərə, zülm kölgəsi altında daha da dar gələcəkdir.» (Nəhcül-bəlağə).

Beytul-mala belə bir əhəmiyyət verən və onu əvvəlki vəziyyətinə qaytarmaq istəyən bir şəxs, sözsüz ki, Qur᾽anda təhrifə yol verilmiş olsaydı, onun qarşısını alaraq əvvəlki vəziyyətinə qaytarmağa çalışardı.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslamofobiya fenomeninin təhlili
SEKULYARİZM
SÜFYANININ XƏBƏRI
Rəbiüs-sani ayının 8-i İmam Həsən Əskərinin (ə) təvəllüd günüdür. ...
Mübahilə` duası
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır

 
user comment