Azəri
Friday 26th of April 2024
0
نفر 0

SƏKKİZİNCİ NƏZƏR


SAYLARIN ÇOXLUĞU

Bu nəzəriyyəyə əsaslananlar yeddi qiraət səbki deyildikdə, müəyyən rəqəm nəzərdə tutmurlar. Yə᾽ni, yeddi rəqəmi qiraətdəki ixtilafların çoxluğuna dəlalət edir, başqa sözlə desək, yeddi rəqəmi burada mə᾽cazi mə᾽nada işlənmişdir.

Qazi Əyyaz və onun sadiq davamçıları bu nəzəriyyəyə əsaslanmışlar.

Cavab: Bu nəzəriyyəyə iki əsaslı irad tutmaq olar.

1. Bu mətləbə dəlalət edən rəvayətlərin heç birində yeddi rəqəmi say çoxluğu mə᾽nasında işlənməmişdir.

2. Yeddi səbki dedikdə nəyi nəzərdə tutduqlarını və onun hansı mə᾽na daşıdığını açıqlamamışlar. Demək, biz yeddi səbki ifadəsini bir qədər əvvəl qeyd olunan nəzəriyyələrdə olduğu kimi mə᾽nalandırırıq. Belə olduqda isə əvvəlki nəzəriyyələrə tutulan iradlar bu nəzəriyyəyə də şamil olacaqdır.
DOQQUZUNCU NƏZƏR
YEDDİ QİRAƏT ÜSULU

Bu barədə irəli sürülən nəzəriyyələrdən biri də, yeddi səbkinin yeddi qiraət üsulu kimi mə᾽nalandırmaları olmuşdur.

Cavab: Əgər yeddi qiraət dedikdə, yeddi mö᾽təbər qiraət üsulunu nəzərdə tuturlarsa, «Qiraətlərə baxış» fəslində bu nəzəriyyənin tamamilə batil və əsassız olduğu haqda ətraflı söhbət açdıq. Yox, əgər bütün qiraətləri nəzərdə tuturlarsa, onda qiraətlərin yeddidən daha çox olduğunu da nəzərdən qaçırmamalıdırlar.

Belə bir nəzər də irəli sürülə bilər ki, Qur᾽andakı qiraətlərin sayı çox olsa da, kəlmələri ayrı-ayrılıqda qiraət etsək, onları yeddi oxunuş qaydasından artıq tələffüz edə bilməyəcəyik. Demək, kəlmələrin qiraətində mövcud olan ixtilafın sayı da yeddidən artıq olmayacaqdır. Cavabında deyə bilərik ki, əgər Qur᾽anın əksər kəlmələrini nəzərdə tuturlarsa, bu tamamilə yanlış bir fikirdir. Çünki Qur᾽anda yeddi səbkidə oxunan kəlmələrin sayı çox azdır. Yox, əgər yalnız bə᾽zi kəlmələri nəzərdə tuturlarsa, bu halda başqa irad meydana gəlir. Belə ki, müxtəlif qiraət formalarında tələffüz olunan kəlmələr yeddidən daha artıq səbkilərdə tələffüz olunur. Məsələn, «və əbədəttağuti» kəlməsi 22, «uffi» kəlməsi isə 34 qiraət səbkilə tələffüz olunur.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, bu nəzəriyyə də digər nəzəriyyələr kimi, həmin məzmunda nəql olunmuş rəvayətlərin məzmunu ilə əsla müvafiq deyildir.
ONUNCU NƏZƏR
MÜXTƏLİF LƏHCƏLƏR

Bu nəzəriyyəyə əsaslananlar yeddi qiraət səbki deyildikdə, Qur᾽anda istifadə olunan ifadələrin bir-birindən fərqli olan müxtəlif ləhcələrdə tələffüz olunduğunu nəzərdə tuturlar.

Rafei bu nəzəriyyəni öz kitabında qeyd etmişdir. (E᾽cazi-Qur᾽an, 70-ci səh.).

Belə ki, ərəb qəbilələri müxtəlif ləhcələrdə danışdıqları üçün bə᾽zi kəlmələri məxsus tərzdə tələffüz edirdilər. Məsələn iraqlılar, «yəqulu» kəlməsində boğazda tələffüz olunmalı «qaf» hərfini qeyri-ərəb xalqların tələffüz etdiyi adi «q» hərfi kimi, şamlılar isə onu «ə» hərfinə çevirərək tələffüz edirlər. Bu kimi dəyişikliklərin aparılmasından əsas məqsəd, müxtəlif ləhcələrdə danışan müsəlmanlar üçün Qur᾽an qiraətinin asanlaşdırılmasıdır. Çünki hamının Qur᾽anı yalnız bir səbkidə qiraət etməsi olduqca çətin bir məsələdir. Bu səbəbdən də Qur᾽anın hər bir qəbilə və millətin öz ləhcəsində oxunmasına icazə verilmişdir. O ki, qaldı ləhcələrin yeddi hissəyə bölünməsinə, burada məqsəd yeddi rəqəmi deyil, ləhcələrin çoxluğudur. Başqa sözlə desək, yeddi rəqəmi burada çoxluq mə᾽nasında işlənmişdir.

Cavab: Bu nəzəriyyə də bir neçə səbəbdən əsassız hesab olunur.

1. İrəli sürülmüş bu nəzəriyyə Ömər və Osmandan nəql olunmuş rəvayətlərlə tamamilə ziddiyyət təşkil edir. Belə ki, nəql olunmuş rəvayətdə Qur᾽anın yalnız Qüreyş ləhcəsində oxunmasına işarə olunur. Bir qədər əvvəl qeyd etdik ki, Osman, İbni Məs᾽udu «hətta hiynə» kəlməsini «ətta hiynə» kimi tələffüz etməsini qadağan və Qur᾽anı yalnız Qüreyş ləhcəsində oxunmasını əmr etmişdir.

2. Bir qədər əvvəl qeyd olunan rəvayətlərdə ixtilafın kəlmələrin tələffüzündə deyil, mahiyyət və mə᾽nasına əsasən yarandığına işarə edilmişdir.

3. Yeddi rəqəminin çoxluğa dəlalət etməsi, onun kinayə və rəmz olaraq istifadə olunması rəvayətlərin zahiri mə᾽nası ilə uyğun gəlmir.

4. Bu nəzəriyyəyə istinad edərək Qur᾽anı hal-hazırda da müxtəlif ləhcələrdə qiraət etmək olar. Lakin bu da ümumdünya müsəlmanlarının adət-ən᾽ənələri ilə ziddiyyət təşkil edən məsələlərdəndir.

5. Əgər bu nəzəriyyənin tərəfdarları Qur᾽anın əvvəllər müxtəlif ləhcələrdə oxunmasını, lakin onun sonradan qadağan olunduğunu iddia edərlərsə, cavabında deməliyik: Bu heç bir dəlil və əsası olmayan bir iddiadır. Bir halda ki, məzhəbindən asılı olmayaraq bütün alimlər Qur᾽anın yalnız bir səbkidə oxunmasını tə᾽kid etmiş və ərəb qəbilələrinin ləhcələrinin Qur᾽anın qiraətinə sirayət etməsinə qarşı çıxmışlar. Bunu da qeyd etmək lazımdır ki, Peyğəmbərin (s) zamanında İslamı qəbul etmiş müsəlmanların əksəriyyətini, əsasən Ərəbistan yarımadasında yaşayan bədəvi ərəblər təşkil etmiş və sözsüz ki, onların da Qur᾽anda istifadə olunan ifadələri tələffüz etməkdə heç bir çətinlikləri olmamışdır. Peyğəmbərin (s) vəfatından sonra ətraf məntəqələrin milliyyətcə ərəb olmayan sakinləri İslamı qəbul edir və müsəlman dünyasının ərazisi birə on artmağa başlayır. Belə bir şəraitdə necə ola bilər ki, ərəb dilinin tələffüzündə heç bir çətinliyi olmayan, milliyyətcə ərəb olan müsəlmanlara Qur᾽anı (asanlaşdırmaq məqsədilə) öz ləhcələrində oxumağa icazə verilir, lakin milliyyətcə ərəb olmayan və tələffüz baxımından çətinlik çəkən şəxslər bu imkandan məhrum olurlar?!

Biz bununla da Qur᾽anın yeddi səbkidə nazil olması haqda irəli sürülmüş nəzəriyyələrin araşdırılmasını dayandırıb, yeni mətləblər haqda söhbət açmaq istəyirik.

Belə bir nəticəyə gəlirik ki, Qur᾽an yeddi qiraət üslubunda deyil, yalnız bir səbkidə nazil olmuş və Peyğəmbər (s) öz səhabələrinə Qur᾽anı yalnız bir səbkidə tə᾽lim etmişdir. Demək, Qur᾽anın yeddi səbkidə nazil olmasına dair nəql olunmuş bütün hədis və rəvayətlər qondarma və heç bir əsası olmayan iftiralardır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?

 
user comment