Azəri
Saturday 20th of April 2024
0
نفر 0

MÖ᾽CÜZƏNİ RƏDD EDƏN İKİNCİ AYƏNİN ARAŞDIRILMASI



İstinad etdikləri ayələrdən başqa birisi, İsra surəsinin 90-93-cü ayələridir.

وَقَالُواْ لَن نُّؤْمِنَ لَكَ حَتَّى تَفْجُرَ لَنَا مِنَ الأَرْضِ يَنبُوعًا أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الأَنْهَارَ خِلالَهَا تَفْجِيرًا  أَوْ تُسْقِطَ السَّمَاء كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِيَ بِاللّهِ وَالْمَلآئِكَةِ قَبِيلاً  أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِّن زُخْرُفٍ أَوْ تَرْقَى فِي السَّمَاء وَلَن نُّؤْمِنَ لِرُقِيِّكَ حَتَّى تُنَزِّلَ عَلَيْنَا كِتَابًا نَّقْرَؤُهُ قُلْ سُبْحَانَ رَبِّي هَلْ كُنتُ إَلاَّ بَشَرًا رَّسُولاً

«[Qur᾽anın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini sındırmayan müşriklər] belə dedilər: «Biz yerdən [Məkkədən] bir bulaq çıxarmayınca: Yaxud [ağacları] arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağı olmayınca, və yaxud iddia etdiyi kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud da Allahı və mələkləri [peyğəmbərliyinin doğruluğuna şahid olaraq] açıq-aşkar qarşımıza gətirməyincə; və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (sənə) iman gətirməyəcəyik. Əgər oxumaq üçün bizə [səmadan] bir kitab endirməyəsən, göyə qalxmağına da əsla inanmayacağıq!» [Ya Məhəmməd!] De ki, Rəbbim pak və müqəddəsdir! [Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!] Mən isə yalnız peyğəmbər olan bir insanam!» [Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!]

Deyirlər: Ayənin məzmunundan belə bir nəticəyə gəlirik ki, müşriklər Peyğəmbərdən (s) mö᾽cüzələr göstərməsini tələb etmiş, O isə buna qadir olmadığını bu ifadələrlə bəyan etmişdir.

Buradan belə mə᾽lum olur ki, Peyğəmbərin (s) Qur᾽andan başqa heç bir mö᾽cüzəsi olmamışdır.

Cavab: Bu məsələyə dair bir neçə cavab vermək olar.

1. Ayədəki müşriklərin tələb etdikləri mö᾽cüzələr əsassız olaraq Məkkə müşriklərinin inadkarlıqla, əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələrə bənzəyir. Bir qədər əvvəl biz bu kimi mö᾽cüzələrin hansı şəraitdə baş verdiyini və nə ilə nəticələndiyini qeyd etmişdik. Deməli, bu ayə də, peyğəmbərlərin öz həqqaniyyətini sübuta yetirmək üçün gətirdikləri ibtidai mö᾽cüzələrə deyil, inadkar müşriklərin əyləncə və bəhanə olaraq tələb etdikləri mö᾽cüzələrə dəlalət edir. Çünki onlar həqqaniyyətlərini sübuta yetirmək üçün peyğəmbərlərin qarşılarına müəyyən şərtlər qoyur, hətta hansı mö᾽cüzəni göstərmələrini belə, əvvəlcədən tə᾽yin edirdilər. Əgər onlar doğrudan da həqiqəti bilmək istəsəydilər, zəmanə peyğəmbərlərinin göstərdikləri mö᾽cüzələrlə kifayətlənməli və onlara iman gətirməli idilər. Belə olduqda, peyğəmbərlərdən mö᾽cüzə tələb etmək və mö᾽cüzələrin birini digərindən üstün tutmağa heç bir lüzum olmayacaqdı. Bütün bunlarla kifayətlənməyən Məkkə müşrikləri, Peyğəmbərdən (s) mö᾽cüzə yolu ilə göyə qalxmağı və Allah tərəfindən peyğəmbərliyini təsdiq edəcək məktub gətirməsini tələb edirdilər.

Görəsən Peyğəmbərin (s) göyə qalxması bir mö᾽cüzə kimi onlara kifayət etmirdimi?! İnadkarlıq üzündən irəli sürdükləri puç və əsassız iddialar təbii ki, onları həqiqəti dərk etməkdən məhrum etməli idi.

2. Peyğəmbər (s), «Rəbbim pak və müqəddəsdir» deməklə, heç də bu işin qarşısında aciz olduğunu bildirmək istəməmişdir. O həzrət belə bir ifadədən istifadə etməklə Allahın bütün eyb və nöqsanlardan uzaq və mümkün olan hər bir şeyə qadir olduğunu bəyan etmək istəmişdir. O, uca və münəzzəh olduğu üçün gözlərə görünməz və cism olaraq bizim gözlərimiz önündə canlanmaz. O, təsəvvür olunandan daha uca və daha qüdrətlidir. Demək Onun, insanların şəxsi meyl və istək üzündən tələb etdikləri mö᾽cüzələrin qarşısında aciz qalması qeyri-mümkündür. O ki, qaldı Peyğəmbərə (s), o da adi bir insandır. Görəcəyi bütün işlərdə Allahın əmrini gözləyir və Onun izni olmadan nə bir mö᾽cüzə göstərir, nə də [dini məsələlərdə] kimsəyə əmr edirdi. Bütün işlər Allahın istək və iradəsindən asılıdır. O istədiyini edir və nəzərdə tutduğu hər bir işi peyğəmbərlərinin vasitəsilə həyata keçirir.

3. Ayəyə diqqət yetirdiıdə mə᾽lum olur ki, müşriklərin Peyğəmbərdən (s) tələb etdikləri mö᾽cüzələrin bir qisminin həyata keçməsini qeyri-mümkün, digərlərini isə Peyğəmbərin həqqaniyyətini təsdiq edəcək amillər kimi qəbul etmək olmaz. Bu səbəbdən də, hətta əgər əyləncə və şəxsi istək üzündən tələb olunan mö᾽cüzələrin həyata keçməsi vacib olarsa, yenə də bu kimi istəklər cavabsız qalacaqdır.

İzah: Müşriklərin tələb etdikləri mö᾽cüzələrin altısından üçünün həyata keçməsi mümkün olsa da, onları peyğəmbərlərin həqqaniyyətinə dəlil olaraq qəbul edə bilmərik.

1. Göylərin yerə enməsi;

Göy cisimlərinin parçalanaraq yerə tökülməsi qeyri-mümkün olan bir işdir. Çünki göy cisimlərinin parçalanaraq yer kürəsinə tökülməsi, yer əhalisinin hamılıqla məhvinə səbəb ola bilərdi.

Belə bir hadisə isə yalnız dünyanın sonunda, yə᾽ni qiyamət günündə baş verəcəkdir. Allah-taala bu hadisəni öz peyğəmbərlərinə qabaqcadan xəbər vermişdi. Belə ki, ayədə gətirilmiş «düşündüyü kimi» ifadəsi də Peyğəmbəri (s) baş verəcək bu böyük hadisədən xəbərdar edirdi. Qur᾽ani-Kərimdə bu mətləbə dəfələrlə toxunulmuş və bu haqda bəşəriyyətə ciddi xəbərdarlıq edilmişdir.

إِذَا السَّمَاء انشَقَّتْ، إِذَا السَّمَاء انفَطَرَتْ، إِن نَّشَأْ نَخْسِفْ بِهِمُ الْأَرْضَ أَوْ نُسْقِطْ عَلَيْهِمْ كِسَفًا مِّنَ السَّمَاء

«Göy yarıldığı zaman.» (İnşiqaq-1). «Göy parçalandığı zaman.» (İnfitar-1). «Əgər istəsək onları yerə batırar, yaxud göyün bir parçasını onların başına endirərik.» (Səba-9).

Göylərin parçalanmasının və ya yerə enməsinin qeyri-mümkün olduğunu dedikdə, heç də Allahın buna qadir olmadığını təsəvvür etməməliyik. Sadəcə olaraq bu hadisələrin baş verməsi üçün lazımi şərait yaranmalıdır. İnsanların təkamülü hər şeydən önəmli olduğu üçün ilahi hikmət prinsipləri tələb edir ki, bu prosesin həyata keçməsi üçün müəyyən zaman və şərait yaranmış olsun. Hər şey başa çatdıqdan sonra isə Allahın əmri ilə yer və digər səma cisimləri öz hərəkət dairəsindən xaric olub şiddətli toqquşma və dəyişikliklərə səbəb olacaqdır. Bu ilahi əmr daim qüvvədə olmuş və olacaqdır. Hər şeyə qadir olan Allahın isə Öz və᾽dəsinə xilaf çıxması qeyri-mümkündür.

2. Allahın gətirilməsi;

Müşriklər deyirdilər: “Sənə yalnız o zaman iman gətirəcəyik ki, Allahı bizim yanımıza gətirəsən və biz Onu öz gözlərimizlə görək.” Bu isə qeyri-mümkündür. Çünki əgər Allah gözlə görünsəydi, müəyyən rəngə, ölçüyə və cismə xas olan digər xüsusiyyətlərə malik olmalı idi. Cisim olmadığı üçün Onun gözlə görünməsi qeyri-mümkündür. Demək, cismə xas olan xüsusiyyətləri də Ona aid etmək qeyri-mümkün olmalıdır.

3. Allahdan məktub gətirmək.

Bu da qeyri-mümkün olan bir işdir. Çünki onların istədikləri adi məktub deyil, Allahın öz dəsti-xətti ilə yazmış olduğu məktubdur. Yox əgər adi məktub istəsəydilər, bunun üçün göyə qalxmağın heç bir zərurəti olmazdı.

Digər tərəfdən isə, Allahın insan kimi əli və digər bədən üzvləri olmadığı üçün Onun əlinə qələm götürüb məktub yazması da təbii ki, qeyri-mümkün olmalıdır.

Allah-taala belə işlərdən daha uca, daha ali və münəzzəhdir.

Həyata keçməsi mümkün olan, lakin əqli baxımdan əsassız sayılan tələblər isə bunlardan ibarət idi:

1. Çeşmənin qaynaması və yerdən su çıxması;

2. Meyvəli və çeşməli bağlara malik olmaq;

3. Qızıl evə malik olmaq.

Peyğəmbər (s) bütün bunlara yiyələnsəydi də bunu, onun peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirəcək amil hesab etmək olmazdı. Çünki adi insanların bir çoxu bu kimi var-dövlətə yiyələnsə də, biz onlardan heç birini peyğəmbər hesab etmirik. Başqa sözlə desək, bu iki şeyin arasında heç bir əlaqə yoxdur. Demək var-dövlət peyğəmbərlərin həqqaniyyətini təsdiq edəcək bir amil deyildir. O ki, qaldı dünyəvi sərvət və əyləncəyə, bütün bunlar fani və müvəqqətidir. Peyğəmbərlərin yiyələndikləri ne᾽mət isə ilahi hikmət və elmdir. Onların gördükləri bütün işlər və söylədikləri bütün sözlər dərin hikmətə əsaslanır.

Bə᾽ziləri belə təsəvvür edə bilərlər ki, var-dövlət adi yol ilə əldə edildiyi üçün bunu, peyğəmbərlərin həqqaniyyətinə dəlil hesab etmək olmaz. Əgər qeyri-adi yol ilə əldə olunarsa, biz bunu [İlahi] mö᾽cüzə hesab etməli və peyğəmbərlərin həqqaniyyətini sübuta yetirəcək amil kimi qəbul etməliyik. Belə bir təsəvvür tərzi tamamilə batil və əsassızdır. Çünki peyğəmbərlərin qeyri-adi yolla var-dövlət sahibi olması onun həqqaniyyətinə dəlalət edən dəlil kimi hesab edilsə də, müşriklərin istəkləri təkcə bu deyildi. Onlar belə güman edirdilər ki, peyğəmbər adi yolla var-dövlət sahibi olmalı və peyğəmbərlik də yoxsul insanlara verilməməlidir.

Zuxruf surəsinin 31-ci ayəsində bu haqda buyurulur:

وَقَالُوا لَوْلَا نُزِّلَ هَذَا الْقُرْآنُ عَلَى رَجُلٍ مِّنَ الْقَرْيَتَيْنِ عَظِيمٍ

«Onlar dedilər: Məgər bu Qur᾽an iki şəhərdən [Məkkə və Taifdən] olan böyük bir adama [ya Vəlid ibni Müğəyrə, yaxud da Ürvan ibni Məs᾽uda] nazil edilməli deyildimi?»

Belə bir yanlış təsəvvür və əqidəyə əsaslanan Məkkə müşrikləri Peyğəmbərdən (s) var-dövlət sahibi olmasını tələb edirdilər.

Dediklərimizi sübuta yetirəcək məsələ müşriklərin, Peyğəmbərin (s) meyvəli bağlara və qızıl evə malik olmasını tələb etmələridir. Onlar Peyğəmbərdən (s) başqa bir mö᾽cüzə istəmirdilər. Əgər onlar Peyğəmbərin (s) bütün bunlara qeyri-adi yolla malik olmasını və bunu onun peyğəmbərliyinin həqqaniyyətinə dəlalət edən amil kimi qəbul etmək istəsəydilər, belə bir uzun və zəncirvari şərtlər heç bir məna-məfhum kəsb etməzdi. Çünki peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmək üçün bir salxım üzümün və ya bir misqal qızılın mö᾽cüzə olaraq gətirilməsi kifayət edərdi və belə bir qeyri-adi işi onun peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirəcək amil kimi qəbul etmək olardı. Və belə olduqda, meyvəli bağların və qızıl evin yaradılmasına heç bir ehtiyac duyulmazdı.

O ki, qaldı yerdən su çıxarmasına, onlar bunu heç də özləri üçün istəmirdilər. Onların niyyəti bu idi ki, Peyğəmbər (s) yerdən çeşmələr qaynatmaq və s. vasitələrdən istifadə etməklə öz imkanlarını artırsın və peyğəmbərlik üçün lazım olan şeylərə malik olsun.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment