Azəri
Friday 29th of March 2024
0
نفر 0

IRADLAR



Indi isə bu barədə tutulan iradların nədən ibarət olmalarını araşdıraq.

Bu barədə tutulan ilk irad budur ki, nə üçün dünyada ayrı-seçkilik və fərqlər mövcuddur? Nə üçün biri ağ, digəri isə qaradır? Nə üçün biri gözəl, digəri isə çirkindir? Biri sağlam, digəri isə şikəstdir? Hətta, nə üçün biri insan, digəri isə qoyun və ya soxulcandır? Nə üçün biri bitki, digəri isə qeyri-üzvi maddədir? Nə üçün biri şeytan, o biri isə mələkdir? Nə üçün hamı bir deyil? Nə üçün hamı ağ və ya qara deyil? Nə üçün hamı gözəl və ya çirkin deyil? Әgər fərq olmalıdırsa, onda nə üçün ağ olan qara və qara olan ağ olmayıb? Nə üçün çirkin olan gözəl, gözəl olan isə çirkin olmayıb?

Digər bir sual isə fanilik və yoxluqlar barəsindədir. Nə üçün əşya vücuda gəlir, sonra isə yox olur? Nə üçün ölüm var? Nə üçün insan dünyaya gələrək həyatın ləzzətini daddıqdan sonra və onda əbədilik arzusu yarandıqdan sonra yoxluq diyarına göndərilir?

Bu sualın ədalət və zülmlə bağlılığı «sırf yoxluq naqis varlıqdan yaxşıdır» cümləsi baxımındandır. Hər bir şey və şəxs nə qədər ki, vücuda gəlməyib, heç bir haqqa malik deyil, amma vücuda gələn kimi qalmaq haqqı qazanır. Әgər əşya heç yaradılmasaydı, yaradılıb nakam aparılmasından daha yaxşı olardı. Deməli bu cür yaradılış zülmdür.

Digər bir sual isə budur ki, varlıqların məhdudiyyət, fanilik və yoxluğa düçar olmalarından əlavə nadanlıq, acizlik, zəiflik və yoxsulluq kimi naqisliklər nə üçündür?

Bu məsələnin də ədalət və zülm məsələsi ilə bağlılığı var, yə`ni belə təsəvvür yaranır ki, elm, qüdrət, qüvvə və sərvətə ehtiyacı olan hər bir varlığa, həmin şeylərin verilməməsi zülmdür. Bu iradda belə təsəvvür edilir ki, vücuda gəlməyənin haqqı yoxdur, amma o, yaradılan kimi yaşayış və həyata lazım olan şeylər baxımından bir sıra haqlar əldə edir. Deməli nadanlıq, acizlik, zəiflik, yoxsulluq, aclıq və bu kimi şeylər haqqın düzgün verilməməsidir.

Digər sual isə budur ki, ayrı-seçkilik və fərqlər, hər bir şeyin icbari olaraq fani olmağa məhkumluğu, dünyaya gəlmiş bə`zi varlıqların həyat ləvazımatının əsirgənilməsindən əlavə, yarı yolda varlığı yoxluq diyarına atan və ya var ola-ola onun həyatını əziyyət və məşəqqətlərə düçar edən bəla və müsibətlər nə üçündür? Mikroblar, xəstəliklər, zülm və boğanaqlar, oğurluqlar, sellər, tufanlar, zəlzələlər, ayrılıqlar, müsibətlər, müharibələr, ziddiyyətlər, şeytan, pis işlərə əmr edən nəfs və bu kimi şeylər nə üçündür?

Bunlar ədalət və zülm barəsində irəli sürülən bir sıra suallardır.

Әlbəttə həmin sualları bir az dəyişdirərək ədalət və zülm kimi ilahiyyat məsələlərindən olan səbəb və nəticədə hədəf məsələsi, vacib sifətlərdə ilahi lütf və yaxşılıq kimi başqa adlar altında da irəli sürmək olar. Deyilir ki, əgər yaradılışda hansısa hədəf və məqsəd varsa və o, tam hikmətə əsaslanırsa, hər bir şeyin bir faydası olmalıdır . Buna görə də nə faydasız və nə də ziyanlı bir şey yaradılmamalıdır. Həmçinin faydası olan heç bir şey tərk edilməməli və yox olmamalıdır. Ayrı-seçkilik, fərq, yoxluq, nadanlıq və acizliklər bərabərlik, əbədilik, elm, qüdrət və bu kimi yaradılması zəruri olan digər şeylərin yaradılmamaları və başqa bir tərəfdən faydası olmayan və ya xəstəliklər, zəlzələ və sairə ziyanlı şeylərin yaradılmalarının nişanəsidir. Bu məsələ ali ilahi hikmət və tənasüb mə`nasında olan ədalətlə bir araya sığmır.

Həmçinin həmin məsələ bir az fərqlə tövhid məsələsində xeyir və şər adı ilə irəli sürülə bilər. Məsələ belə irəli sürülür ki, varlıq aləminə dualizm hakimdirsə, onların iki kökü olmalıdır! Filosoflar xeyir və şər məsələsini bə`zən «dualizm» nəzəriyyəsini rədd etmək üçün tövhid bəhsində, bə`zən isə ali hikmətlə bağlı ilahi lütf məsələsində irəli sürürlər. Burada deyilir ki, ilahi lütf varlıq donu geyə biləcək hər bir şeyin xeyir və kamil olmasını və mövcud quruluşun ən gözəl formada olmasını tələb edir, bəs onda bu gözəl quruluşa zərbə vuran şər və nöqsanlar mövcud olmamadığı halda, necə var olub?

Biz bu məsələni yalnız ədalət və zülm baxımından irəli sürürük. Amma söhbət əsnasında, istər-istəməz məsələnin digər cəhətləri də irəli sürülərək həll ediləcək. Dediyimiz kimi, ədalət zülm kəlməsinin müqabilində dayananda bərabərlik və tənasüb deyil, haqq və ləyaqətlərin riayət edilməsi mə`nasındadır. Әlbəttə işarə etdiyimiz kimi, Allahın zatı barəsində haqq və ləyaqətlərin riayət edilməsi başqalarının güman etdikləri kimi deyil, filosofların dərk edərək çatdıqları kimidir.

 
ÜSULIDINDӘ ӘDALӘT

Әgər ilahiyyatın digər məsələlərində şübhə və iradlar varsa, onlar mütəkəllim, filosof və elm əhli üçün qarşıya çıxır. Həmin mətləblər çətin olmalarına baxmayaraq, ümumi kütlənin fikir dairəsindən xaric olduğu üçün, onlara tutulan iradlar və onların cavabları ümumi kütlənin dərkindən yuxarı səviyyədə irəli sürülür. Amma ilahi ədalət barəsindəki iradlar aşağı və ümumi kütlə səviyyəsindədir. Bu barədə həm savadsız təbəqə, həm də mütəfəkkir filosoflar fikirləşirlər.

Buna görə də, ədalət məsələsi xüsusi əhəmiyyət və mövqeyə malikdir. Elə bu cəhəti (Әş`ərilər deyil, Şiə və mö`təzilə kimi) İslam alimlərinin, ədaləti «üsulidin» (dinin kökləri) məsələləri sıralarında yerləşdirmələri və onu ikinci əsas hesab etmələrinin səbəbi hesab etmək olar. Çünki belə olmayan surətdə, ədalət də Allahın sifətlərindən biridir və əgər ilahi sifətləri dinin əsaslarından sayırıqsa, onda gərək elm, qüdrət, iradə və bu kimi digər sifətləri də dinin köklərindən sayaq. Şiələrin, ədaləti üsulidinin əsaslarından biri saymasının əsas səbəbi başqa bir şeydir. Həmin səbəb budur ki, şiələrlə sünnilərin Allahın digər sifətlərində heç bir ziddiyyəti yox idi və əgər hansısa ziddiyyət var idisə də, o qabarıq şəkildə irəli sürülmürdü. Amma onların arasında ədalət məsələsində kəskin ziddiyyət var idi və bu məsələ çox güclü şəkildə işıqlandırılırdı. Belə ki, ədalətə inam bəsləmək və ya inanmamaq təriqət və məzhəblərin nişanəsi sayılırdı. Məsələn, birinin şiə və ya sünnü və əgər sünnidirsə mö`təzilə və ya Әş`əri olması həmin inamla müəyyənləşdirilirdi. Təkcə ədalət Әş`ərilik, ədalətlə imamət birlikdə isə şiəlik əlaməti sayılırdı. Buna görə də deyilirdi ki, İslamda üsulidin üç əsasdan ibarətdir, şiə məzhəbində isə həmin üç əsasdan əlavə, ədalət və imamət də vardır.

 
ӘDALӘT VӘ HIKMӘT

Bundan əvvəl qeyd etdik ki, Allah sifətləri içərisində, tutulan iradlar baxımından bir-birinə yaxın olan iki sifət ədalət və hikmətdir.

Allahın ədalətli olmasından məqsəd budur ki, O heç bir varlığın layiq olduğu haqqı ondan əsirgəmir və hamıya layiq olduğunu verir. Həkim olmasından məqsəd isə, məxluqatın ən gözəl və yaxşı şəkildə xəlq edilməsidir. Xacə Nəsrəddin Tusi deyir:

Coz`hokm həqqi ke hokmra şayəd nist
Hokme ki ze hokme həqq fuzun ayəd nist

Hər çize ke həst, an çenan mibayəd

An çize ke an çenan nə mibayəd nist

Mə`nası: Haqqın hökmündən başqa heç bir hökm, hökm olmağa layiq deyil; Haqqın hökmündən üstün hökm yoxdur; hər nə varsa, elə həmin cür olmalıdır; elə olmamalı bir şey yoxdur.

Allah-taalanın hikmət və lütfünün lazımı nəticəsi dünya və varlığın hədəf və mə`naya malik olmasıdır. Yaranan hər bir şey öz-özlüyündə xeyirdir və ya xeyirə çatmaq üçün vasitədir.

«Hikmət» alimlik və iradəliyin xüsusiyyətlərindən və dünya üçün son illətin olmasının nişanələrindəndir. Amma «ədalət»in elm və iradə sifətləri ilə heç bir əlaqəsi yoxdur. Әdalət, dediyimiz mə`nada Allahın failliyinin xüsusiyyətlərindən, yə`ni Onun zati deyil, əməli sifətlərindəndir.

Allahın ədalət və hikmətinin müştərək iradı bədbəxtliklər, başqa ibarətlə desək, dünyada şərlərin olmasıdır. «Şərlər» məsələsini «zülm» adı altında ilahi ədalətə irad saymaq və Həmçinin «hədəfsiz işlər» adı ilə Allah-taalanın ali hikmətinə nöqsan kimi qiymətləndirmək mümkündür. Buna görə də o, materializmə yönəlmənin səbəblərindən biri sayılır. Məsələn, biz canlı varlıqların təhlükələr qarşısında özünü qorumaq xüsusiyyətinə malik olmalarını ilahi hikmətin dəlili kimi qiymətləndirəndə, dərhal ortaya belə bir sual çıxır: Ümumiyyətlə nə üçün təhlükə var ki, bizim də müdafiə və qoruyucu xarakterli sistemlərə ehtiyacımız olsun? Nə üçün ziyanverici virus və mikroblar var ki, onlarla mübarizə aparmaq da lazım gəlsin? Nə üçün yırtıcı heyvan var ki, qaçan ayaq, buynuz və ya digər vasitələrə ehtiyac olsun? Heyvanlar aləmində bir tərəfdən zəif və ovlanan heyvanlarda qorxu hissi var, digər tərəfdən isə güclü və ov edən heyvanlarda yırtıcılıq xüsusiyyəti mövcuddur. Insan üçün belə bir sual yaranır ki, nə üçün hücum və təcavüz amili var ki, şüur və hesabla qoruyuculuq sisteminin yaranmasına ehtiyac da olmuş olsun?

Həllinin dəqiq araşdırmalara ehtiyacı olan bu iradlar qorxulu burulğan kimi özündə bir çox qrupları boğaraq məhv edib. Burada belə demək lazımdır:
Dər in vərte kəşti füru şod hezar

Ke naməd əz u təxteyi dər kənar.

Mə`nası: Bu burulğanda minlərlə gəmilər batıb ki, sahilə onların bir taxtaları belə gəlib çıxmayıb.

Materialist dualizmi və bədbinlik fəlsəfələri adətən bu qorxunc şübhələr burulğanında yaranıb.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment