Azəri
Friday 29th of March 2024
0
نفر 0

İSLAMIN ZÜHURU-2




Məhəmməd (s) peyğəmbərliyə yetişməzdən bir az əvvəl əhalidən uzaq gəzərək yeganə Allaha ibadət edərdi. İldə bir ay Həra dağına çəkilərək ibadətlə məşğul olardı. Bu müddət ərzində onun yanına gələn ac-yalavacları yedirdərdi. İbadət müddəti başa çatdıqdan sonra Məkkəyə dönər, Kə’bə evini yeddi dəfə təvaf edib sonradan evə gedərdi. Həra dağına çəkildiyi illərdən birində peyğəmbərliyə çatır. Məhəmməd (s) belə deyir: Cəbrayıl mənim yanıma gəlib dedi: Oxu! Dedim oxumaq bilmirəm. Yenidən dedi: Oxu! Dedim nə oxuyum?

Dedi:

(Ya Peyğəmbər! Qur’ani-kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbin adı ilə (bismillah deyərək) oxu!

O Həzrət peyğəmbərliyə yetişən dövrdə 40 yaşı varmış.

Peyğəmbər (s) ilk dəfə ona nazil olan “Ələq” surəsinin əvvəl ayələrini aldıqdan sonra öz sığınacağını tərk edərək Məkkəyə gəldi. O gecə bənzəri olmayan baş verən hadisədən sonra təbiidir ki, Peyğəmbər hər işdən qabaq bir başa evə getmişdi. Bu zaman onun evində üç nəfər yaşayırdı; şərəfli həyat yoldaşı olan Xədicə, əmisi oğlu Əli ibni Əbi Talib və Zeyd ibni Haris. Təbiidir ki, kişilər arasında isə Əli (ə), qadınlar arasında isə Xədicə ilk əvvəl Peyğəmbərə iman gətirmişlər. Nəzərə çarpacaq dərəcədə aydındır ki, bu mövzuda hansısa mübahisə və rəvayətlərin tədqiqinə lüzum görünmür. Bundan əlavə Əli (ə) bir çox xütbələrində bu mövzuya açıq-aydın işarə edərək deyir: “Peyğəmbər (s)-a ilk iman gətirən şəxs mən olmuşam.” Lakin bunlardan sonra kimin ilk növbədə müsəlman olması barədə Peyğəmbər (s)-ın həyatı barədə yazan tarixçilər arasında ixtilaf mövcuddur. Və təbiidir ki, bu ixtilaf səhabə dövründən sonra, yə’ni tabein dövrünün ilk başlanğıcında meydana çıxmışdı. Hər bir ailə çalışırdı ki, öz müsəlmanlığını islamın ilk çağları ilə əlaqələndirərək bu mə’nəvi məziyyətdən istifadə etsin. Bundan əlavə başqa hədəflər də güdülürdü ki, tarixlə tanışılığı olanlara bu məsələ aydındır. Yazılana görə Məhəmməd (s) peyğəmbərliyə yetişdikdən sonra, üç il müddətində onun haqqa də’vəti gizlin olmuşdur. Ancaq bə’ziləri Qur’an ayələrini sıra qayadası ilə nazil olmasına əsaslanaraq ümumi də’vətin az müddətdə olduğunu qeyd etmişlər.

İlk əvvəl Peyğəmbər (s) xalqı bütlərə ibadət etməkdən çəkindirib, yeganə Allaha ibadət etməyə də’vət edərdi. İlk başlanğıcda namazlar iki rük’ət olub. Sonralar isə səfərdə olmayanlar üçün dörd rük’ət, səfərdə olanlar üçün isə iki rük’ət namaz qılmaq vacib olmuşdur. Müsəlmanlar Allaha ibadət etmək və namaz qılmaq üçün camaatın gözündən uzaq yerlərə – məsələn dağlara və ya camaatın çox az gəlib-getdiyi yerlərə çəkilərdilər. Get-gedə müsəlmançılıq Məkkədə yayılmağa başladı.

Peyğəmbərlik dövrünün üç ili başa çatdıqdan sonra Allah-təala ona əmr edir ki, xalqı aşkar şəkildə yeganə Allaha tərəf də’vət etsin.

Və ən yaxın adamlarını qorxut! (İlk növbədə ən yaxın qohumların olan Haşim və Müttəlib oğullarını yalnız Allaha ibadət etməyə çağır və əks təqdirdə müdhiş bir əzaba düçar olacaqlarını xatırlat!)

Sənə tabe olan mö’minləri qanadın altına al! (Onlarla mehriban davran, nəzakətlə rəftar et, köməklərinə çat!)

Əgər (yaxın qohumların) sənə qarşı çıxsalar, onlara belə de: “Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!”

İbni İshaqın yazdığına görə bu ayələr nazil olduqdan sonra Peyğəmbər Əliyə buyurdu: Ey Əli, Allah mənə buyurub ki, öz yaxın qohumlarımı Ona ibadət etməyə də’vət edəm; bir qoyun kəs, bir qədər çörək və bir kasa süd hazırla. Əli (ə) bütün deyilənləri hazırladı. Həmin gün Əbdül-Müttəlib övladlarından qırx nəfəri məclisə toplaşdılar. Hamısı yeyib doyduqdan sonra sevimli Peyğəmbər (s) söhbətə başlamaq istədi. Əbu Ləhəb dedi: “O, sizi sehirləmişdir.” Bu minvalla məclis dağıldı. Peyğəmbər (s) səhəri gün onları yenidən toplayaraq dedi: “Ey Əbdül-Müttəlib övladları güman etmirəm ərəblərdən biri mənim sizə gətirdiyim şeydən gözəl bir şey öz qəbiləsi üçün gətirmiş olsun. Mən sizə həm dünyanı, həm də axirəti gətirmişəm.

İbni İshaqdan nəql edən Yunis ibni Bəkir (bilmirəm) bilərəkdən, ya bilməyərəkdən Peyğəmbərin sözlərini ancaq buracan nəql etmiş və ardını yazmamışdır. Bəkai vasitəsi ilə ibni İshaqdan nəql edən ibni Hişam yalnız ayəni yazmaqla kifayətlənmiş və başqa bir şey artırmamışdır.

Ancaq keçmiş tarixçi və mö’təbər kitab sahibi olan Təbəri belə yazır: Peyğəmbər (s) öz də’vətini yaxın qohumlarına çatdırdıqdan sonra belə dedi: “İndi kimdir mənə bu işdə yardımçı olan, belə ki, mənim qardaşım, vəsim və məndən sonra sizin aranızda xəlifəm olsun?” Hamı susdu və Əli (ə) dedi: Ey Allahın elçisi, o şəxs mənəm. Peyğəmbər (s) buyurdu: Bu sizin aranızda mənim vəsim və xəlifəmdir, onu eşidin və əmrinə tabe olun.

Bu rəvayəti başqa tarixçilər və yazarlar da həmin məzmunda nəql etmişlər və bu islami mənbələrdə məşhur hədislərdən sayılır.

Həmçinin Təbəri ibni Abbasdan rəvayət edir ki, bir gün Peyğəmbər (s) Səfa dağına gedərək Qüreyşliləri yanına çağıraraq belə demişdir: Əgər mən sizə desəm ki, düşmən sizə basqın edəcək mənim sözümə inanarsınızmı? Dedilər: Bəli. Dedi: Mən sizi böyük bir əzabdan xəbərdar etmək istəyirəm. Əbu Ləhəb dedi: Elə buna görə bizi bura çağırıbsan “Təbbət” surəsi də Əbu Ləhəbi məzəmmət etmək üçün nazil olmuşdur.

İbni Hişam yazır: Peyğəmbər (s) Qüreyşliləri Allaha ibadət etməyə də’vət etdikdə ona e’tiraz etmədilər. Onların bütlərinə tə’nə etdikdən sonra düşmənçilik meydana çıxdı.

Qur’ani-kərim bu düşmənçiliyə işarə edərək buyurur:

(Ya Məhəmməd!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə); “Sizin tanrılarınızı tə’nə edən budurmu?” – deyərlər. Halbuki onlar, məhz Rəhman Allahın öyüd-nəsihətini (Qur’anı) inkar edirlər. (Əl-Ənbiya 36).

Müsəlmanların sayı günbəgün artdıqca Qüreyş başçılarının nigarançılığı daha da çoxalırdı. Onlar Əbu Talibin yanına gedərək, ondan qardaşı oğlunun başladığı bu də’vətin qarşısını almağı istədilər.

Bir gün ona dedilər ki, sən Məhəmməd (s)-ı bizə təslim et, biz də onun əvəzində Əmmarə ibni Vəlidi sizə verək (onların nəzərində bu şəxs ağıllı bir cavan idi). Əbu Talib dedi: Oğlumu sizə verim ki, öldürəsiniz, əvəzində sizin övladınızı böyüdüm? Çox ağır təklifdir.

Diqqət yetirmək lazımdır görəsən camaat nəyə görə Peyğəmbər (s)-ın əleyhinə idilər? Demək olar ki, Əmr ibni Hişam (Əbu Cəhl), Əbu Süfyan ibni Hərb, Vəlid ibni Müğəyrə ərəblərin bütlərinə və onları düzəldən sənətkarlara ehtiram bəsləyirdilər. Peyğəmbər (s)-ın rəis olmasından da qorxuları yox idi, çünki onlar o Həzrətin rəhbərliyini qəbul etməyə razı idilər. Sevimli Peyğəmbərin təbliği ondan ibarət idi ki, bütlərə ibadət edib onları müqəddəs cilvələndirməkdən əl çəksinlər. Yeri, göyü, sizi və bütün aləmi yaradan yeganə Allaha tərəf üz döndərmələrini istəyirdi. Özü barəsində belə deyirdi: Mən Allah tərəfindən göndərilmişəm ki, sizi zülmətdən, nadanlıqdan, düzgün və aydın dinə tərəf çıxaram. Nə böyüklük, nə də hakimiyyət iddiasında idi, əgər belə bir şey istəsəydi, onun istəyini dərhal yerinə yetirər və onun bütün əmrlərinə itaət edərdilər. Ancaq o deyirdi: Əgər günəşi sağ əlimə, ayı isə sol ovcuma qoysanız belə, öz risalətimdən əl çəkən deyiləm. Mən sizdən bir kəlmənin deyilməsini istəyirəm – “Allah təkdir” və bu bütlər sizin əlinizin məhsuludur və heç bir bacarığa malik deyillər. Burada mühüm bir sual meydana çıxır, nəyə görə onlar Peyğəmbərin də’vətini qəbul etmirdilər? Mümkündür deyək, onlar ulu əcdadlarının dinindən əl çəkib yeni dini qəbul etməkdə çətinlik çəkirdilər.

Belə bir fərziyyəni qapalı mühitdə yaşayan və elə oradaca dünyadan köçən, xarici mühitlə heç bir əlaqəsi olmayan əhaliyə bəlkə də şamil etmək olar, ancaq dünya görmüş, Ərəbistan yarmadasından xaric olan mühitlə əlaqəli olan adam barəsində necə?!

 

Hədəfi mal-dövlət toplamaq olan və bu yolda hər bir şeyə hazır olan şəxs üçün heç bir fərqi yoxdur ki, xalq günəşə ibadət etsin ya aya, yaxud Allaha və ya istər Kə’bə evinin başına dolansınlar və ya Lat və Uzzaya ehtiram etsinlər.

Deməli bu lovğalar (təkəbbürlü) bütlərin və bütxanaların dağılmasından qorxmurdular, çünki onların əslində heç bütə də etiqadları yox idi. Bütpərəstlik onların əlində nadan xalqa hakimiyyət etmək üçün bir alətə çevrilmişdi. Bəs nədən qorxurdular? Əgər Peyğəmbərin də’vəti yalnız “La ilahə illəllah” kəlməsini deməklə sona yetirdisə, bunlar nədən qorxurdular. Məkkənin fəthindən sonra onların sonrakı nəsilləri gördüyü işi niyə yerinə yetirmirdilər? Dildə deyirdilər ki, Allah təkdir, sən də Onun Peyğəmbərisən, ancaq gizlində yeni dindən öz mənfəətləri üçün istifadə edirdilər. Burada gərək çox tələsməyək. Düzdür ilk günlərdə Peyğəmbər onlardan Allahın təkliyini təsdiq etmələrini istəyirdi, ancaq bunun ardınca digər ayələr nazil olurdu. Lovğaları (təkəbbürlüləri) qorxuya salan və gələcəkləri barəsində onları təşvişə salan o ayələr idi. Şübhəsiz ki, siz Qur’ani-kərimin 29-cu və 30-cu cüz’ündə yerləşmiş Məkkədə nazil olan o ayələri dəfələrlə oxumusunuz. İcazə verin yenidən o ayələrin bə’zisini nəzərinizə çatdırıb onların əsl mahiyyətinə diqqət yetirək:

O kimsə mal yığıb onu dönə-dönə sayar (çoxaldar).

Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.

Xeyr! (heç də onun güman etdiyi kimi deyildir). O, mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!

Bilirsənmi Hütəmə nədir?

O, Allahın yanar odudur.

Elə bir od ki, ürəkləri yandırıb, yaxar.

(Əl-Huməzə 2-7).

Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslər ki, özləri xalqdan bir şey aldıqları zaman onu tam ölçüb alar.

Xalq üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildələr.

Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlər?

Özü də dəhşətli bir gündə?!

(Ya Peyğəmbər!) Məni öz yaratdığım kimsə ilə tək burax! (Vəlid ibni Müğeyrə kimi kafirin cəzasını yalnız Mənə tapşır!)

Mən ona bollu mal-dövlət əta etdim;

Yanında hazır duran oğullar (verdim);

Ona (hər şeyi) artıqlaması ilə müyəssər etdim.

(Sərvət və mənsəbi ayağının altına döşədim).

(Bütün bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir.

Xeyr, (bu ola bilməz). Çünki o, ayələrimizə qarşı inadkar oldu. (Əl-Muddəssir, 11-16).

(Allah dərgahından belə bir nida gələcəkdir:)

“Onu tutub qandallayın!

Sonra da Cəhənnəmə atın!

Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!

Çünki o, böyük olan Allaha inanmırdı.

O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmir, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı. (Əl-Haqqə, 30-34).

Lakin o, əqəbəni (sərt yoxuşu, maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne’mətlərə şükr etmədi).

(Ya Peyğəmbər!) Bilirsənmi, əqəbə nədir?!

O bir kölə azad etməkdir;

Yaxud ağalıq zamanı (günündə) yemək verməkdir – qohumluq əlaqəsi çatan bir yetimə.

Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!

(Əl-Bələd, 11-16).

Elə isə yetimə zülm etmə!

Dilənçini də (qapından) qovma!

(Əz-Zuha, 9-10)

(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.

Ora ancaq azğın kafir daxil olar.

O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!

Allahdan qorxub pis əməllərdən çəkinərsə, ondan uzaqlaşdırarlar (nicat tapar)

O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər.

(Əl-Leyl, 14-18).

Qüreyşin dövlətliləri və sələmə pul verənləri bu hədələyici və ürək titrədən sözləri asanlıqla qəbul edə bilmirdilər. Sələmdən əldə olunan gəlirdən əl çəkmək, qul azad etmək, yetim malına toxunmamaq, əlsiz-ayaqsız (zəif) qohumları nəvaziş etmək, başqaları müqabilində lovğalıq etməmək, özündən aşağı təbəqə ilə bir yerdə əyləşmək və sair bu kimi dünyəvi məziyyətlərdən əl çəkmək onlar üçün çox ağır idi. Bu ayələri eşitdikdə onların ürəkləri parçalanırdı və o ayələrin nə özləri nə də başqalarının eşitməsini istəmirdilər. Ancaq zəif təbəqənin nümayəndələri ürəklənir, imanları isə möhkəmlənirdi. İndi isə ikinci dəstəyə nəzər salaq. Əgər müsəlmanların əsas özəyini yalnız qullar, fəhlələr və muzdurlar təşkil etsəydi, birinci dəstə üçün elə baha başa gəlməzdi. Onları işdən qovmaq və əzab verməklə susdurmaq olardı, lakin islam yalnız bu üç dəstə ilə məhdudlaşmırdı. Müsəlmançılıq təkəbbürlü ailələrə sirayət edərək günbəgün çoxalmaqda idi. Beləliklə lovğalar dəstəsi iki qorxu ilə üzləşmişdilər; var-dövlətin əldən çıxması, bir də yaxın qohum və qonşularla üzləşmə qorxusu.

Məkkə əhalisinin tərkibini tədqiq etdikdə mə’lum olur ki, islam Qüreyşin bir çox tayfasına nüfuz etmişdi. Həbəşəyə hicrət etmişlərin siyahısını oxuduqda – İbni Hişam onları “Sirə” də toplamışdır – Bəni Haşimdən başqa aşağıdakı sülalələrin də adına rast gəlirik: Bəni Əbd Şəms, bəni Nofəl, bəni Əsəd ibni Əbdül-Üzza, bəni Əbdül-dar, bəni Qusəyy, bəni Zuhrə, Huzeyl, Bəhra, bəni Təyyim ibni Murrə, bəni Məxzum, bəni Cuməh, bəni Səhm ibni Əmr, bəni Ədiy ibni Kə’b, bəni Amir ibni Luvəyy və bəni Haris ibni Fihr.

Bunların çoxu öz həyat yoldaşları ilə birlikdə getmişdilər. Əgər bir nəfərlə müqavilə (əhd-peyman) bağlamış başqa bir şəxs müsəlman olardısa, qəbilə adət-ən’ənəsinə görə onu qoşunların təcavüzündən qorumalı idi. Bə’zən bir qəbilə bir neçə qəbilə ilə əhd-peyman bağlayırdı ki, belə olan halda bir nəfərlə düşmənçilik yüzlərlə adamla düşmənçiliyə səbəb olurdu.

Beləliklə Qüreyş başçılarını təkcə var-dövlətin və ticarət meydanının əldən çıxması deyil, günbəgün çoxalan müsəlman şəxsiyyətləri daha çox narahat edirdi. İndi isə bu dəstənin tərkibinə nəzər salaq.

Peyğəmbər (s)-ın də’vətinin ilk çağlarında müsəlmanlığı qəbul edənlərin adları ən mö’təbər sənədlərdən – o cümlədən İbni İshaqın “Sirə”sində, (Yunis ibni Bəkir ondan rəvayət etmişdir) İbni Hişam (Abdullah ibni Tufeyl Bəkai ondan nəql edib) - nəzərə çarpır. Onlar 19-28 yaş arasında olan kişi və qadınlardan ibarətdirlər. Allaha dolğun şəkildə imanı olan, qəbilə adət-ənənələrinə və Məkkədəki mövcud olan qurluşa e’tinasız olan şəxslər idi. İctimai nöqteyi-nəzərdən onlar aşağıdakı xüsusiyyətlərə malik idilər:

1.Qəbilə qurluşu silsiləsində ikinci və ya üçüncü sırada duranlar;

2.Kiçik ticarətlə məşğul olanlar; onlar pulun azlığından dövlətlilərlə rəqabət apara bilmirdilər;

3.Fəhlələr, muzdurlar, qullar və zalımların zülmündən təngə gəlmiş xalq;

Bunlar düşüncə qabiliyyəti başqalarından üstün olan, xalqın dini və ictimai pozğunluğundan narazı olan insanlar idilər. Doğru, düzgün müsəlman, sınanmış mö’minlər idilər ki, Qur’an bir çox yerdə onları tərifləmişdir.

Qüreyşlilər qəbilə müqaviləsinə görə Peyğəmbərə aşkar şəkildə zərər yetirə bilmirdilər. Belə olan surətdə bəni Haşimlə münaqişə meydana gələr və başqa tayfalar da bu münaqişəyə qoşularaq ixtilafı daha da kəskinləşdirə bilərdilər. Buna görə də onlar Peyğəmbərə qarşı müxalifətçilik edib nalayiq sözlər deməkdən və cüzi zərərlər yetirməkdən başqa heç bir iş görə bilmirdilər. Lakin yeni müsəlman olmuş pənahsızlara əllərindən gələni edirdilər. Yavaş-yavaş münaqişələr üzə çıxırdı. Qüreyşlilər yenidən Əbu Talibin yanına gedərək qardaşı oğlunu tutduğu yoldan çəkindirməsini istədilər. Əbu Talib onların dediklərini qardaşı oğluna çatdırdıqda Peyğəmbər (s) cavabında belə dedi: And olsun Allaha, əgər günəşi sağ ovcuma, ayı isə sol ovcuma qoysalar belə, mən öz də’vətimdən əl çəkən deyiləm. Əbu Talib isə dedi: Belə isə sən öz işini davam etdir, mən sənə zərər yetirməyə icazə verməyəcəm.

Qüreyşlilər Peyğəmbər (s)-ın öz də’vətindən əl çəkməyərək Əbu Talibin də onu himayət etməsindən xəbərdar olduqdan sonra, onun özünə və tabelərinə zərər yetirmək üçün fəaliyyət dairələrini genişləndirməyə başladılar.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

CƏNUB MƏNTƏQƏSİ VƏ ORАDАKI DÖVLƏTLƏR
İSLAMIN ZÜHURU-2
ŞЕYХ FАZİL LӘNKӘRАNİNİN ÖMÜRLÜYÜNDӘN
HİZBULLAH[1]QÜVVƏLƏRİNİN ÜSTÜNLÜYÜ
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
Şeyx Məhəmməd Fazil Lənkərani dәftәrхаnаsının nümаyәndәliklәri
İMAMIN ADININ VƏ YERİNİN GİZLİ SAXLANMASI İLƏ ONUN QORUNMASI
DÖRDÜNCÜ FƏSİL
Əhli-beyt (ə) və Qədir-Xum
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...

 
user comment