Azəri
Friday 29th of March 2024
0
نفر 0

MÜVƏQQƏTİ EVLƏNMƏ

 

Şübhə yoxdur ki, İslam səadət və xoşbəxtlik bəxş edən bir dindir və heç vaxt xalqı bəlalara, bədbəxtliyə düçar etmək üçün göndərilməyib.

İslam dini insanlar üçün problemlər yaratmır və həyatın bütün sahələri üçün onun müsbət və dolğun göstərişləri vardır. Heç bir yerdə bəşəriyyətin səadətinə mənfi təsir göstərə biləcək proqramlar irəli sürmür. Buna görə də İslam saysız-hesabsız məziyyətlərə malik olan, ən yaxşı ayin və ən kamil dindir.

İslamın hüquqi əsasları ədalət və ictimai bərabərliklə uyğun olduğu üçün öz xüsusi məna dərinliyi ilə seçilir, müasir dövrün bütün tələblərinə cavab verir. Evlənmə və ailə-məişət qanunları ən mütərəqqi proqramlardandır ki, heç bir dində və hüquqi məktəblərdə onların tayı-bərabəri yoxdur. İslam dini ailə qurmağın çox əhəmiyyətli və lazımi bir iş olmasına təkid edir. Lakin, xristianlıqda evlənmək haqda qeyri-təbii qayda-qanunlara rast gəlirik. Xristian ruhani xadimlərinin ömürlərinin axırına qədər ailə qurmaması, onlar üçün hətta əxlaqi bir fəzilət sayılır! Vatikanda təşkil olunmuş konqreslərin birində belə bir qərar çıxarılmışdı: «Keçmişdə olduğu kimi, xristian ruhanilərin evlənməsi bəyənilməz bir işdir və kilsə bu barədə öz fikrini dəyişə bilməz».

Təbiidir ki, insanın təbii ehtiyacları və cinsi ehtirasları evlənmək vasitəsilə təmin olunmasa, insanın daxilində qeyri-sağlam və çirkin cinsi meyllər baş qaldırmış olar. Qərb cəmiyyətlərində yaramaz və üzdəniraq cinsi meyllərin baş alıb getməsində kilsənin xüsusi «xidmətləri» var.

İslamın insanlara həddi-buluğa çatan vaxt evlənmək üçün verdiyi göstərişlər təbii cinsi ehtirasların ödənməsi üçün ən yaxşı vasitədir. Aydındır ki, insan vaxtında evlənməsə, həmin istəklər onu ən alçaq və heyvani yollara sövq edə bilər. Bu gün Qərbdə insana yaraşmayan cinsi meyllərin ən iyrənc formaları çox geniş yayılıb.

İslam dini insanın öz ailə-uşaqlarını sevməsini bəşəriyyətin yüksək dəyəri adlandıraraq buyurur: «Öz qadınlarını və uşaqlarını sevmək insanın zinətidir».

İslam 14 əsr bundan qabaq cəmiyyətdə fəsad və əxlaqsızlığın qarşısını almaqdan ötrü müvəqqəti kəbinə icazə vermişdi. Cahiliyyət dövründə qanunsuz cinsi əlaqələr və fahişəlik adi hal almışdı. Açıq şəkildə mövcud olan fahişəxanalar cəmiyyətdə pozğunluğun yayılmasına kömək edirdi. İslam dini əxlaqın qorunması və tərbiyəsizliyin azaldılması üçün müvəqqəti kəbinə icazə verdi.

O vaxt Peyğəmbərin (s.ə.v.v) carçısı küçə və bazarlarda nida edirdi: «Ey camaat! Allahın Rəsulu (s.ə.v.v) sizə müvəqqəti evlənmək üçün icazə vermişdir. Cinsi ehtirasları sakitləşdirmək üçün düzgün yoldan istifadə edin və cinsi tərbiyəsizlikdən , zina və qanunsuz əlaqələrdən çəkinin!».

Bu qanuna əsasən, kişi və qadın daimi izdivacla yanaşı, müəyyən müddət davam edən ər-arvadlıq münasibətləri də qururdular.

Həmin dövrdə müvəqqəti ər-arvad əlaqələrinə riayət edilirdi. Müvəqqəti nikahda varislik qanunları, kişinin qadını yemək-içmək, pal-paltar və məskənlə təmin etməsi vacib olmur. Amma nizam-intizamı qorumaq üçün digər qayda-qanunlar yerinə yetirilir və qadın da müxtəlif hüquqlara malik olurdu. Quranda buyurulur:

«Daimi və ya müvəqqəti evlənmə üçün seçdiyiniz qadınların mehriyyələrini lazımı qaydada verin».

İzdivacda müddət müəyyən edilməsə o, daimi evlənmə hesab olunur. Müəyyən müddətlə məhdudlaşan nikah isə müvəqqəti izdivac sayılır. Müvəqqəti kəbindən olan övladlar daimi nikahdan olan övladlarla hüquqi baxımdan heç nə ilə fərqlənmirlər və bütün imtiyazlardan istifadə edə bilərlər.

Fahişəliyin geniş yayılma səbəblərindən biri də müvəqqəti nikah bağlamaq imkanının olmamasıdır. Adətən daimi evlənmə üçün lazımi şərait olmadığından və ya maddi imkanların çatışmazlığı ucbatından çoxları ailənin ağır məsuliyyət yükü altına girməyə razı olmurlar. İş dalınca və ya ticarət üçün uzun müddətli səfərə gedən şəxslər, xüsusilə də cavanlar cinsi ehtirasların təmin olunması ehtiyacı ilə üzləşirlər. Bunun da müsbət həlli yalnız müvəqqəti kəbinlə mümkündür. Əks təqdirdə qanunsuz əlaqələr qaçılmaz bir iş olacaq. Bu mütərəqqi qanun xüsusi şəraitdə və şəri qanunlar çərçivəsində düzgün icra olunsa, fəsad və əxlaqsızlığın qarşısı müəyyən mənada alına bilər. Burada «düzgün icra» ifadəsindən məqsəd, bəzi fürsəttələb şəxslərin bu qanundan sui-istifadə etməsinin qarşısını almaq üçündür. Çünki bəzi şəxslərin yaramaz hərəkətləri bu qanuna qarşı qərəzli və müxalif mövqe tutan şəxslərin əks-təbliğatına geniş imkan yaratmışdır. Halbuki, müvəqqəti izdivac pak bir evlənmə növüdür. Bu qanun günahlara etina etməyən şəxslərin qarşısını almaq, fəsad və fahişəliklə mübarizə aparmaq üçün ən düzgün mexanizmdir.

Şübhəsiz, bu qanun ictimaiyyəti islah etmək üçün nəzərdə tutulub. Ondan sui-istifadə edildikdə bunun qarşısı qətiyyətlə alınmalıdır. İmam Məhəmməd Baqir (ə) həzrət Əli (ə)-dan belə nəql edir: «İkinci xəlifə müvəqqəti kəbini qadağan etməsəydi, çox alçaq və pozğun adamlardan savayı heç bir müsəlman zina etməzdi».

Peyğəmbərin (s.ə.v.v) öz dövründə müvəqqəti nikaha icazə verilir və bu qanuna əməl edilirdi. Amma Ömər naməlum səbəblərə görə xəlifəliyinin son dövründə bu məşhur cümləsi ilə onu qadağan etdi: «Rəsuli-Əkrəm (s.ə.v.v) zamanında icazə verilən və əməl olunan iki mütəni mən qadağan edirəm: Biri həcc mütəsi, digəri qadın mütəsi». Aydındır ki, Ömər öz şəxsi fikrinə əsasən müvəqqəti nikahı qadağan etmişdi. Peyğəmbərin (s.ə.v.v) bir çox səhabələri onun bu göstərişinə etina etmirdilər və müvəqqəti izdivacı halal sayırdılar. Müasir dövrdə fitnə-fəsadın təhrikedici hücumları cavanların əxlaqına çox pis təsir etməkdədir. Pornoqrafik şəkillər və filmlər hər addımda cavanları əxlaqsız əməllərə sövq edə bilər. Belə şəraitdə mömin gənclər çox ağır təzyiqlər qarşısında qalırlar. Bəs bu halda onların təbii ehtiyaclarını təmin etmək üçün hansı yoldan istifadə edilməlidir? Məgər bütün cavanlar öz nəfslərini saxlamağa qadirdirlərmi? Ehtiraslarını şiddətli təzyiq altında saxlayan həmin gənclər öz səbr və dözümlüklərini nə vaxta qədər qoruya bilərlər? Belə şeylər ümumiyyətlə bəşəriyyət üçün böyük təhlükələr yaradır və İslam təlimləri ilə ziddir. Quran açıq şəkildə belə buyurur:

«Allah [Öz dini üçün] sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı».

Əgər şəriətin icazə verdiyi yolu bağlayırlarsa, onda cavanlar nə etməlidirlər? Əxlaqa və dinə zidd olan yola qayıtmalıdırlarmı? Quran buyurur:

«Siz xeyirli olan şeyləri alçaq şeylərlə dəyişdirmək istəyirsiniz?»

Müvəqqəti izdivac qanununa əməl etməməklə minlərlə dul və baxımsız, ağır şəraitdə yaşamağa məcbur olan qadınların maddi ehtiyaclarını təmin etmək mümkündürsə də, onların intim ehtiyaclarını necə ödəmək olar? Müvəqqəti kəbin isə qeyri-qanuni və əxlaqsız əməllərin qarşısını almaq üçün ən yaxşı yoldur. Bu gün Qərb ölkələrində qanunsuz kişi-qadın münasibətləri çox geniş yayılıb və cinsi həyatda hərc-mərclik hökm sürür. Hətta Qərb mütəfəkkirləri cürbəcür xəstəliklərin və fahişəliyin qarşısını almaqdan ötrü müvəqqəti kəbin qanununun tətbiq edilməsini istəyirlər. İngilis alimi Bertrand Rassel belə deyir:

«Müasir dünyada ictimai-iqtisadi problemlər bizim istəklərimizin xilafına olaraq, cavanların evlənmə məsələsini təxirə salır. Bir əsr bundan öncə əgər bir tələbə 17-20 yaşlarında təhsilini başa vururdusa, onun evlənmə məsələsi birinci növbəli iş sayılırdı. 40 yaşına qədər ailə qurmayanların sayı həddən artıq az idi. Lakin indiki cavanlar təhsillərini başa vurduqdan sonra bir müddət işləmək məcburiyyətində qalır, ailə qurmaq haqqında isə heç fikirləşmək belə istəmirlər. 35 yaşından sonra evlənmək adi hala çevrilib. Cinsi ehtirasların aşıb-daşdığı həmin dövrdə cavanlar istər-istəməz qeyri-qanuni yollarla öz istəklərinin təmin edilməsinə çalışırlar. Bunun isə heç vaxt yaxşı nəticələri olmur. Həmin dövrdəki şərait fəsad və əxlaqsızlığa qurşanmaq, sağlamlığa vurulan ziyanlarla müşahidə edilir. Bəs bunların qarşısını almaq üçün nə etməliyik?

Cavanların bu həssas dövrdəki problemlərini yalnız müvəqqəti kəbinlə həll etmək olar. Bu qanun onları müxtəlif fəsadlardan, qanunsuz əlaqələrdən, cürbəcür xəstəlik və günahlardan xilas edə bilər.»

Amerikalı professor Vilhelm Van Lum belə yazırdı:

«Psixoloji sahələrdəki elmi təcrübələr sübut etmişdir ki, kişilər bir müddət ailə həyatı sürdükdən sonra, onlarda təzə evləndikləri vaxt mövcud olan hisslər zəifləyir. Bu cəhətdən də onlar cinsi pozğunluqlara meyl edirlər. Mövcud statistik göstəricilərdən məlum olur ki, evli kişilərin 65%-dən çoxu öz arvadlarına xəyanət edirlər (Əlbəttə, burada Qərb ölkələri nəzərdə tutulur). Bunun qarşısını almaq və belə münasibətləri tənzim etmək üçün dövlət müvəqqəti nikah barədə qanun qəbul etməlidir».

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment