Azəri
Thursday 18th of April 2024
0
نفر 0

Camaata xidmət (qulluq) etmək.



Müstəhəb olan əməlləin dördüncü əsas hissəsi Allhın bəndələrinə xidmət etməkdən ibarətdir. Həqiqətən, Allahın bəndələrinə xidmət göstərib onlara qulluq etmək insanın imanının möhkəmlənməsində böyük rol oynayır və insanın təkamülə yetməsində mühüm amillərdən hesab olur. İnsan Allah bəndələrinin çətinliyə düşdüyü zaman gərək bacardığı qədər əlindən gələn köməkliyi onlardan əsirgəməsin. Ümumiyyətlə, harada olduğundan asılı olmayaraq, Allah bəndələrinə kömək etmək və onlardan bir şey ummamaq şərtilə yaxşılıq etməyin Allah yanında çox böyük savabı vardır. Allah-təala camaata yaxşılıq edən və onların dərdinə şərik olan şəxsi sevər və onu hər bir işdə, xüsusilə təkamülə çatmaqda müvəffəq edər.

Həzrət İbrahim peyğəmbərin xüsusiyyətlərin-dən biri də bir Allah bəndəsi qapısına gəldikdə onu əliboş yola salmaması idi. Həzrət İbrahim(ə) hər yerdə möhtac bir insan gördükdə ona mümkün qədər yardım edərdi. Bir sözlə, camaat üçün əlindən gələn köməkliyi əsirgəməz və onların əziyyətlərinə dözüb, səbr edərdi.

Əgər insan öz yaşadığı məntəqədə və ya başqa yerdə camaatın əziyyətinə dözüb onlara əlindən gələn köməkliyi əsirgəməzsə, Allah onun üzünü ağardar və harada olsa ona kömək edər. Böyük alimlərin yüksək mərhələlərə çatmasında da məhz bu kimi xüsusiyyətlər və xislətləri, yəni camaata xidmət göstərib onların əziyyətinə dözmələri olmuşdur.

Ayətullah əl-üzma Mərhum axund Molla Hüseynqulu Həmədani görkəmli alim və ariflərdən biri idi. O, Ayətullah Məhəmməd Hüseyn Təba-Təbainin usdadı olmuşu. Onun Ayətullah seyyid Seyyid Əli Qazi adlı bir şagirdi var idi. Seyyid Əli Qazi belə bir əhvalat nəql edir: “Bir gün Molla Hüseynqulu Həmədani öz şagirdləri ilə Kərbəlaya İmam Hüseyn(ə)-ın ziyarətinə yola düşür. Lakin onun Seyyid Səid adlı şagirdinin işi olduğundan onlarla birlikdə gedə bilmir və deyir ki, siz gedin, mən də sonradan gəlib sizə qoşularam. Onlar birilikdə gəmiyə minib Kərbəlaya yola düşürlər. Seyyid Səid işlərini qurtardıqdan sonra, sahilə gəlib görür ki, artıq gəmilər gedib. Kərbəlaya gedən yalnız bir gəmi qalmışdır. Seyyid Səid gəmiyə minib bir yerdə əyləşir. Onun ardınca bir zənci ərəb gəmiyə minir və gəlib onun yanında oturur. O ərəbin paltarları çox çirkli idi, bədənindən və ağzından pis iy gəlirdi. Ərəb Seyyidin yanında əyləşən kimi onu yuxu tutur və başını onun çiyninə qoyub yatır. Seyyid öz ürəyində fikirləşir ki, bunun bədənindən və ağzından pis iy gəlir və məni narahat edir. Əvvəl istəyir onu oyatsın. Sonra öz-özünə fikirləşir ki, ola bilsin yorğundur, onu narahat etməyim. Səhərə qədər özü oyaq qalıb o ərəbi oyatmır. Bu minvalla gəlib Kərbəlaya çatırlar.

Molla Hüseynqulunun yanında olan şagirdləri deyirlər ki, biz gecə onun yanında əyləşib söhbət edirdik. Söhbət əsnasında Molla Hüseynqulu bir neçə dəfə “Afərin sənə, seyyid Səid” dedi. Ustad bu sözləri təkrar edirdi, lakin biz onun bu sözü niyə görə dediyini başa düşmürdük. Səhər açıldı. Seyyid Səid içəri daxil oldu və bizimlə salamlaşdı. Molla Hüseynqulu onu görən kimi dedi: “Afərin sənə, seyyid Səid! Sən əlli illik yolu bir gecədə getdin.” Ondan sonra biz seyyid Səiddən necə gəldiyini soruşduqda, o, gecə yolda başına gələn əhvalatı danışdı. Sonra Molla Hüseynqulu bizə buyurdu ki, hər kim möminin əziyyətinə dözüb səbr edərsə, Allah-təala ona böyük əcr və savab bəxş edər.”

Beləliklə də İslamın və Quranın insanlara etdiyi təkidlərin əsası buna görədir ki, onlar cəmiyyətdə bir-birinə xidmət edərək bir-birlərinin çətinliklərinə dözüb səbr etsinlər.

قَالَ رَسُولُ اللهِ(ص): أَيُّمَا مُسْلِمٍ خَدَمَ قَوْمًا مِنَ الْمُسْلِمِيْنَ إِلاّ أَعْطَاهُ اللهُ مِثْلَ عَدَدِهِمْ خُدّآمًا فِىالْجَنَّةِ

Bu barədə Həzrət Peyğəmbər(s) belə buyurur: “Hər bir müsəlman bir dəstə müsəlmana qulluq edib, onlara xidmət göstərərsə, Allah ona Cənnətdə o dəstənin sayı qədər xidmətçi verər.”

İnsan gərək etdiyi yaxşılıqları ixlasla yerinə yetirsin və kiməsə etdiyi yaxşılıqları minnətlə etməsin. Belə olduqda insanın qəlbində iman nuru yaranar və bu əməl insanı günahlardan qoruyub saxlamaqda kömək edər.

3. İxlas

Qəlbi imanın ələ gəlməsinin üçüncü yolu hər bir ibadəti ixlasla yerinə yetirməkdən ibarətdir. İxlas odur ki, insan etdiyi hər bir ibadəti yalnız və yalnız Allaha görə yerinə yetirsin və etdiyi ibadətlərdə Allahdan başqasını şərik qoşmasın. Alimlər ixlas üçün belə bir tərif də qeyd etmişlər. “İxlas odur ki, insanın niyyəti Allahdan başqa bütün şeylərdən pak olsun.”

Bir nəfər Həzrət Peyğəmbərin(s) hüzuruna gəlib dedi: Ya Rəsuləllah, mən Allah yolunda infaq edirəm və sileyi rəhm edirəm. Mən bu əməlləri Allaha görə edirəm, lakin camaat bu işlərimə görə tərif edəndə xoşhal olub sevinirəm. Mənim bu əməlim yaxşı işdirmi?

Həzrət Peyğəmbər(s) bir söz deməyib sükut etdi. Allah-təala O Həzrətə bu ayəni nazil etdi:

فَمَن كَانَ يَرْجُو لِقَاء رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا

“Kim Rəbbi ilə qarşılaşacağına (Qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə, yaxşı işlər görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın.”

Peyğəmbərə nazil olan bu ayə həm həmin şəxsin sualına cavab oldu və həm də insanlara bildirdi ki, Allaha görə etdiyi ibadətdlərində başqalarını şərik qoşmasınlar. Əgər insan Allaha görə etdiyi ibadətlərdə kiminsə onu tərifləməsindən xoşu gəlirsə, artıq o ibədət Allaha xatir yox, onu tərifləyən üçündür.

Şiə və sünni alimlərinin buyurduqlarına əsasən Quranda Həzrət Əlinin(ə) barəsində 300 ayə nazil olmuşdur. Alimlər buyurmuşlar ki, Maidə surəsinin 55-ci ayəsinin o həzrət barədə nazil olmasının xüsusi bir mənası vardır. Allah-təala bu ayədə belə buyurur:

إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ

“Həqiqətən sizin vəliniz (hakiminiz) Allah, Onun peyğəmbəri və iman gətirib, namaz qılan və rüku halında zəkat verənlərdir.”

Burada belə bir sual irəli çıxır. İndinin özünə qədər namaz qılan zaman, rüku halında zəkat verən kimlərdir ki, Allah-təala bir üzük verməyə görə onların barəsində belə bir ayə nazil etmişdir?

Bütün alimlərin hamısı təsdiq etmişlər ki, namazda rüku halında zəkat verən yeganə şəxs Həzrət Əli(ə) olmuşdur.

İmam Əlinin(ə) verdiyi üzüyün maddi qiymətinə baxdıqda bəlkə onun bir dirhəm də olsa qiyməti olmazdı. Lakin onun mənəvi qiymətinə nəzər saldıqda isə o üzüyün elə bir qiyməti vardı ki, onun qiymətini Allahdan başqa heç kəs verə bilməz. Həzrət Əli(ə) o üzüyə elə bir rəng vurmuşdu ki, qiyamət gününə qədər o rəng ondan getməyəcək. Həzrət Əli(ə) o üzüyü bizim istifadə etdiyimiz boyalarla yox, ixlas rəngi ilə rəngləmişdir. Məhz onun üzüyü barmağından ixlasla çıxarıb Allah yolunda verdiyinə görə Allah-təala bu ayəni onun barəsində nazil etdi.

Əllamə Təba Təbai buyurur: “Hər hansı bir əmələ ixlas rəngi dəyərsə, yəni o əməl ixlasla görülərsə, o əməlin qiymətini Allahdan başqa heç kəs verə bilməz. Bəlkə elə bir dərəcəyə gələr ki, o əməlin qiyməti yalnız Allahın Özü olar. İmam Hüseyn(ə) “Ya sarəllah” ləqəbi verildiyi kimi. “Ya Sarəllah” sözünün mənası Allahın qanı deməkdir. Burada belə bir sual çıxır. Məgər Allahın qanı vardır ki, Allah-təala İmam Hüseyn(ə)-ı Öz qanı adını vermişdir?

Bu sualın cavabı belədir. Allahın qanı yoxdur. Lakin İmam Hüseyn(ə)-ın qanının qiyməti Allahın Özü olduğu üçün bu ləqəbi almışdır. Allah-təala İmam-Hüseyn(ə)-a xitab edərək buyurur: “Sənin ixlasla tökülən qanının qiyməti Mən Özüməm.”

Oruc tutan şəxsin əcri, savabı və qiyməti Allahın özü olduğu kimi, ixlasla görülən hər bir əməlin də savabı və qiyməti Allahın Özü olar. Allah-təala Zümər surəsinin 2,3-cü ayələrində buyurur:

إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ فَاعْبُدِ اللَّهَ مُخْلِصًا لَّهُ الدِّينَ

أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ

...

“(Ya Peyğəmbər!) Biz kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha and edərək yalnız ona ibadət et! Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur...”

Bir nəfər Peyğəmbərin(s) hüzuruna gəlib dedi: Ya Rəsuləllah, biz malımızı camaata paylayıb camaata kömək edirik ki, bizi tərifləsinlər və bizim adımızı hər yerdə çəksinlər. Allah-təala bizim bu əməlimizə savab verərmi? Həzrət Peyğəmbər(s) buyurdu: Xeyr. Həmin şəxs dedi: Ya Rəsuləllah, biz malımızdan camaata veririk ki, həm Allah bizə əcr və savab versin, həm də camaat bizi tərifləsinlər. Bizim bu əməlimizə savab düşürmü?

Həzrət Peyğəmbər(s) buyurdu: Allah ixlasla görülən əməldən başqa heç bir əməli qəbul etməz. Sonra həzrət Zümər surəsinin 3-cü ayəsini oxudu: “ Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur...”

Allah-təala Zümər surəsinin 11-ci ayəsində buyurur:

قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ مُخْلِصًا لَّهُ الدِّينَ

“(Ya Peyğəmbər!) De ki, Mənə dini məhz Allaha məxsus edərək yalnız (ixlasla) Ona ibadət etmək üçün əmr olunmuşam.”

قَالَ الصَّادِقُ(ع): من قال لا اله الا اللهِ مخلصا دخل الجنة و اخلاصه أن يحجزه لا اله الا اللهِ عما حرم الله

İmam Sadiq(ə) buyurur: “Hər kim xalis niyyətlə la ilahə illəllah desə Cənnətə daxil olar. Və onun ixlası o qədər təmiz olmalıdır ki, onunla Allahın haram etdiyi şeylər arasında pərdə və maneə olsun.”

Yəni hər kim la ilahə illəllah kəlməsini ixlasla dilinə gətirsə, gərək Allaha günah etməsin və Ona xatir etdiyi ibadətlərdə heç kəsi şərik qoşmasın.

Həqiqi ixlas

Həqiqi ixlas odur ki, insan başqalarını onu tərifləməsinə görə ibadət etməsin.

Ümumiyyətlə insan gərək xəlvətdə etdiyi ibadətləri heç kəsə bildirməsin və aşkarda etdiyi ibadətlərdə isə heç kəsin onu tərifləməsini istəməsin. Çünki ibadətin qəbul olmasında əsas meyar təmiz niyyətli olmaq və ixlasdır.

Həvarilər İsa Peyğəmbərə dedilər: Ya İsa! Allaha müxlis (ixlasla ibadət edən) kimdir?

İsa peyğəmbər buyurdu: “Müxlis o kəsdir ki, Allaha ibadət edər və onun bu əməlinə görə kiminsə tərifləməsini sevməz.”

Müxlisin əlamətləri

قَالَ رَسُولُ اللهِ(ص): اما علامت المخلص فأربع: 1.يسلم قلبه, 2.و تسليم جوارحه, 3. و بذل خيره, كف شره

Həzrət Peyğəmbər(s) buyurur: “Müxlis insanın dörd əlaməti vardır: 1.Qəlbi təmiz olar, 2. əməlləri düzgün olar, 3. xeyirxah olar, 4. camaat onun şərrindən amanda olar.

قَالَ عَلِىٌّ(ع): من لم يختلف سره و علانيته, و فعله و مقالته, فقد ادى الأمانه, و اخلاص العبادة

İmam Əli(ə) buyurur: “Hər kəsin daxili ilə zahirinin və əməli ilə danışığının ixtilafı olmazsa (yəni, düzgün və bərabər olarsa) demək həm Allaha öz borcunu vermiş olur, həm də ibadətini ixalasla yerinə yetirmiş olur.”

Allah ixlasla əməl edən insanı sevər. Lakin ixlası olmayan şəxs həmişə qəflətdə, hər bir şeydən qafil olar. Ona görə də Allah təala qəflətdə olanlara heç bir muz və savab vermir.

قَالَ الصّادِقُ(ص): لابد للعبد من خالص النية فى كل حركة و سكون لأنه اذا لم يكن هذا

الغنى يكون غافلا والغافلون قد وصفهم الله تعالى فقال: "الئك كا الأنعام بل هم اضل الئك هم الغافلون

İmam Sadiq(ə) bu barədə belə buyurur: “Əlbəttə, gərək bəndənin əməli istər hərəkət edən halda, istərsə də hərəkət etməyən halda olsun, xalis olmalıdır. Çünki əgər insan bütün işlərində xalis niyyətli olmasa, qafil olar. Qafil insanları da Allah-təala Quranda belə vəsf etmişdir: “Onlar heyvan kimidirlər, bəlkə (ondan) daha alçaqdırlar. Qafil olanlar da məhz onlardır!”

Ümumiyyətlə insanların əməlləri məhz onların ixlasına görə ölçülüb, qiymət verilir. Xalis niyyətli olan insanın qiymətini Allahdan başqa heç kəs verə bilməz.

قَالَ حَسَنْ عَسْكَرِى(ع): لو جعلت الدنيا كلها لقمة واحدة و لقمتها من يعبد الله خالصا كرأيت انى مقصر فى حقه

İmam Həsən Əskəri(ə) buyurur: “Bütün dünyanın hamısını bir tikə yemək edib Allaha xalis niyyətlə ibadət edən şəxsə versəm, yenə də özümü onun haqqını ödəmədiyim üçün müqəssir hesab edirəm.

قَالَ الصَّادِقُ(ص): إن العبد المؤمن الفقر لييقول يا رب أرزوقنى حتى افعل كذا و كذا من البر و وجوه الخير فإذا علم الله عز و جل ذالك منه نية كتب الله له من الأجر مثل ما يكتب له لو عمله إن الله واسع كريم

İmam Sadiq(ə) buyurur: “Kasıb bir mömin xalis niyyətlə Allaha dua edib desə ki, Ey Rəbbim, mənə ruzi ver. Əgər mənə mal dövlət versən, mən filan, filan xeyirli işləri görərəm. Elə ki, Allah bilir bu bəndəsi təmiz ürəklə deyir və ona mal dövlət verərsə, həqiqətən o dediyi sözləri həyata keçirəcək, Allah ona onun əcr savabını yazar. Elə bil ki dediyi sözləri əməllə həyata keçirib. Həqiqətən Allahın kəraməti genişdir.

Allah bütün ibadət edənləri müxlis insanlardan qərar versin.

4 Əhli-beytə təvəssül

Qəlbi imanın ələ gəlməsinin dördüncü və əsas səbəbi Həzrət Mühəmməd(s) peyğəmbərin əhli-beytinə təvəssül etməkdən ibarətdir. Hər bir şəxs bir iş gördükdə əhli-beytə təvəssül edərsə Allah onu gördüyü işlərdə müvəffəq edər. Lakin əhli-beytə təvəssül etməyən şəxslərin müvəffəqiyyətləri onlardan silinmişdir. Belə şəxslər öz-özlərini təqvalı hesab edirlər. Lakin həqiqətə gəldikdə isə görünür ki, onlarda təqva yoxdur. Çünki təqvanın ələ gəlməsinin əsası və kökü haqqa boyun əymək, yəni əhli-beytə məhəbbət bəsləməkdən ibarətdir.

Bunu da qeyd etmək lazımdır ki, qəlbi imanın ələ gəlməsinin əsas mərhələsi də məhz əhli-beytə təvəssül etməklə tamamlanır. Ən əsası isə budur ki, Allaha yaxın olmağın, təqvanın ələ gəlməsinin və elm öyrənməkdə müvəfəqiyyətə çatmağın yeganə yolu əhli-beytə təvəssül etməkdir. Ümumiyyətlə bu iki məsələ bir-birinə qarşılıqlı olaraq bağlıdır. Yəni insanın təqvası, elmi və sədaqəti olmazsa, əhli-beytə məhəbbəti olmaz. Əgər əhli-beytə təvəssül etməsə onun təqvası və sədaqəti olmaz. Təqva ilə əhli-beyt ikisi də insanın qəlbində bir olmalıdır. Əgər bunların bir olub, o biri olmasa insan heç vaxt səadətə çata bilməyəcək.

Həzrət Peyğəmbər(s) ömrünün son anlarında belə vəsiyyət etdi: Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı olan Qurani-Kərim, o biri isə mənim itrətim olan əhli-beytimdir. Bu iki əmanət qiyamət gününə qədər bir-birindən ayrılmayacaq.”

Həzrət Peyğəmbərin(s) bu vəsiyyəti insanlara Quran, təqva və sədaqətlə əhli-beytin bir-birinin qarşılıqlı bağlı olduğunu bir daha başa salaraq təkid edir ki, insnalar qəlblərində bunların ikisinə yol açsınlar. Əgər insanın təqvası olmasa yəqin məsələdir ki, əhli-beytə də məhəbbəti olmayacaq. Əhli-beytin məhəbbətinin insanın qəlbinə daxil olması üçün gərək həmin şəxsin qəlbi təmiz və pak olsun.

Mərhum Ayətullah Əşrəfi Mazəndəraninin şagirdlərindən biri deyir: «Mən Məşhəd şəhərinə İmam Rza(ə)-ın ziyarətinə gedərkən ustadımın yanına gəldim və bildirdim ki, mən İmam Rza(ə)-ın ziyarətinə gedirəm. Ayətullah Mazəndərani mənə dedi ki, İmama mənim salamımı yetir və o həzrətə de ki, gözünün ucu ilə bizə də bir lütf nəzəri ilə baxsın.

Mən Məşhəd şəhərinə yollandım. Bir neçə gün İmam Rza (ə)-ın hərəmini ziyarət etdikdən sonra Ayətullah Mazəndəraninin salamını və sözünü o Həzrətə dedim. Gecə yatıb yuxuda İmamı gördüm. İmam mənə buyurdu: Əşrəf Mazəndəraniyə mənim salamımı yetir və bu şeri ona oxu:

Ayine şo, cəmale pəritələtan tələb.

Caru bezən xane, sepəs mihiman tələb.

Saf ol, güzgü kimi pəri camallıları özünə cəlb eylə.

Süpürgə çək evə, təmizlə, sonra qonaq tələb eylə.

Yəni həmişə əməllərin düzgün olmalı və qəlbin bütün çirkinliklərdən pak və təmiz olduqdan sonra bizi çağır.

Mən yuxudan ayıldım və yuxuda gördüklərimi yadımda saxladım. Öz şəhərimə qayıtdıqdan sonra, Ayətullah Mazəndəraninin evinə getdim. Qapını döydüm. Ayətullah Mazəndərani özü qapını açıb, üzümə baxdı və gülümsəyərək İmamın mənə oxuduğu şeri oxudu.

Gərək insanın qəlbi və əməli düzgün və təmiz olsun. Çünki insanın qəlbi təmiz və əməlləri düzgün olarsa, Allah belə xüsusiyyətləri ona inayət edər və imamlara əlaqə və məhəbbəti artar.

Biz yuxarıda qeyd etdik ki, insanın təqvası olmazsa əhli beytə bağlı ola bilməz. Eləcə də əhli-beytə məhəbbəti olmayan şəxsin təqvası və imanı da olmaz. Allah belə insanların ibadət və dualarını qəbul etməz. Çünki bu iki məsələ bir birinə qarşılıqlı olaraq bağlıdır.

Peyğəmbərlərin birinin dövründə möminlərdən bir nəfər Allaha dua edirdi. Lakin duaları nədənsə qəbul olunmurdu. Həmin şəxs Peyğəmbərin yanına gəlib dedi: Ya Peyğəmbər, mən nə qədər dua edirəmsə Allah mənim dualarımı qəbul etmir. Bunun səbəbi nədir? Peyğəmbər Allahla münacat edərkən Allahdan onun duasının qəbul olunmamasının səbəbini soruşdu. Allah-təala buyurdu: Ey Mənim Peyğəmbərim! Mən ona görə onun dualarını qəbul etmirəm ki, o, yer üzərində Mənimlə insanlar arasında təyin etdiyim vasitə və peyğəmbərimə etinasızlıq edir. Hər kim Mənim göndərdiyim vasitələri saymayıb Məndən bir şey diləsə mən onun duasını qəbul etmərəm.

Allah-təala Quranda bu barədə belə buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَابْتَغُواْ إِلَيهِ الْوَسِيلَةَ وَجَاهِدُواْ فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Ey iman gətirənlər! Təqvalı olun. Ona (Onun rəhminə və lütfünə qovuşmaq üçün) vəsilə seçib yol axtarın və Allah yolunda cihad edin ki, bəlkə nicat tapasınız.”

Allah təala bu ayədə möminlərin nicat tapmaları üçün insanlara üç əsas təklif bəyan edir:

1. Təqvalı olmaq.

2. Allaha yaxın olmaq və onun rəhminə qovuşmaq üçün vəsilə seçmək.

3. Allah yolunda cihad etmək (çalışmaq)

Allah insanlarıa nicat yolunu məhz bu üç yolla göstərmişdir.

Allah-təala bu ayədə Ona vasitə ilə yaxın olmağı əmr etmişdir. Vasitənin mənası isə Allaha yaxınlıq vəsiləsi, başqasına rəğbət və əlaqə üzündən yaxınlaşmaq üçün bir səbəbdir.

Quran baxımından təvəssül

Quranın insanla Allah arasında saleh bir insanı vasitə verməsinə nəzəri necədir? Quran təvəssülə necə baxır?

İnsanın Allahla öz arasında vasitə qərar verməsinə Quran ayələri müsbət nəzər verir. Misal üçün bir neçə ayəni qeyd edirəm.

Allah-təala Nisa surəsinin 64-cü ayəsində buyurur:

وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلاَّ لِيُطَاعَ بِإِذْنِ اللّهِ وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُواْ أَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا

“Onlar (günahkarlar və münafiqlər) özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər(s) də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.”

Bu ayə açıq aydın bildirir ki, günahkarlar peyğəmbər(s)-i vasitə bilib Allahdan günahlarının bağışlanmasını diləsəydilər, Allah onların günahlarını bağışlayardı.

Allah-təala Quranda Yusifin(ə) və onun qardaşlarının əhvalatı barədə belə buyurur:

قَالُواْ يَا أَبَانَا مَا لَكَ لاَ تَأْمَنَّا عَلَى يُوسُفَ وَإِنَّا لَهُ لَنَاصِحُونَ أَرْسِلْهُ مَعَنَا غَدًا يَرْتَعْ وَيَلْعَبْ وَإِنَّا لَهُ لَحَافِظُونَ

“(Oğlanları Yəquba): Ata! “Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz doğrudan da günahkar olmuşuq!” dedilər.

Yəqub dedi: “Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən, bağışlayan və rəhm edəndir.”

Quranının bu və bu kimi ayələrindən belə istifadə olunur ki, biz Allaha vəsilə ilə yanaşıb dua edə bilərik. Əgər Allah vəsiləni qadağan etsəydi bunu Quranda qeyd edərdi. Və yaxud Yəqubun oğlanları ona “Allahdan bizim üçün günahlarımızın bağışlanmasını dilə” dedikdə Yəqub onlara deyərdi ki, bu düzgün bir iş deyildir. Lakin Yəqub onların sözlərini qəbul edib onlar üçün Allahdan günahlarının bağışlanmasını dilədi.

Bəziləri elə fikirləşirlər ki, Allaha vəsilə tapmaq şirk hesab olunur. Bu fikir çox yanlış bir fikirdir. Çünki, Allaha vəsilə ilə yaxın olmaq Onun vəhdaniyyətinə şərik qoşmaq deyildir. Bəlkə insan Allahla öz arasında Allahın istəkli və sevimli şəxslərini vasitə və vəsili qərar verməkdir. Allah təala Özü Quranda bütün insanlara vəsilə tapmağı əmr etmişdir. Quranın ayələri barədə olan hədis və rəvayətlərə əsasən insanın Allahla öz arasında qərar verdiyi ən gözəl vəsilə Peyğəmbər(s) və onun əhli-beytidir.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...
“HƏBT” (İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏSİRDƏN DÜŞMƏSİ) VƏ ...
ZƏRDÜŞT DİNİNDƏKİ DƏYİŞİKLİKLƏR
CAYNİZM (1)

 
user comment