Azəri
Saturday 22nd of January 2022
586
0
نفر 0

Sülh – Aşura hərəkatı üçün zəminə yaradan



Bu qorxulu hadisələr İraq əhalisini möhkəm oyatdı və əhali Əməvi hakimiyyətinin əsl mahiyyətini az da olsa, tanıdı. Onlar artıq sakit oturmaqdan, süst qalmaqdan bezmişdilər. Tayfa başçılarının İmam Həsən əleyhissəlamın sülhündən istifadə edib Müaviyənin «səxavətindən» bəhrələndiyi bir vaxtda İraqın adi əhalisi öz ayaqları ilə tərəfinə getmiş və öz əlləri ilə ona be’yət etmiş Müaviyənin zalım hökumətinin əsl mahiyyətini yavaş-yavaş tanımağa başlayırdı.

Müaviyə Müğeyrə ibn Şü’bəni Kufəyə, Abdullah ibn Amiri isə Bəsrəyə başçı tə’yin etdi. Osmanın ölümündən sonra Bəsrədən çıxıb getmiş Abdullah yenidən oraya qayıtdı. Müaviyənin özü isə Şama gedib Dəməşqdə ölkə işlərinin tədbirinə başladı.

İraq camaatı hər dəfə Əli əleyhissəlamın dövründəki yaşayışlarını yada saldıqda, qəmgin olur və Əli əleyhissəlamı himayə etmədiklərinə görə peşmançılıq çəkirdilər. Eləcə də, Şam əhalisi ilə bağladıqları sülhə görə peşman olmuşdular. Onlar bir-biri ilə rastlaşanda, bir-birini danlayır, bir-birindən soruşurdular ki, görəsən, nə olacaq, nə etməliyik? Sülhdən bir neçə il keçməmişdi ki, Kufə şəhərinin nümayəndələri İmam Həsən əleyhissəlamı görüb onunla söhbət etmək və onun sözlərinə qulaq asmaq üçün Kufədən Mədinəyə get-gəl etməyə başladılar.

Bu əsasa görə İmam Həsən əleyhissəlamın sülh dövrü gələcək günə qədər camaatın azğın Əməvi hökumətinə qarşı hazırlıq və döyüş üçün məşq etmək dövrü hesab olur. Elə bir gün ki, İslam cəmiyyəti artıq həmin gün mübarizə etmək üçün hazır olacaqdı.

Qiyam etmək üçün hazırlığı bildirmək

İmam Həsən (əleyhissəlam) sülh edəndə, hələ camaatın düşüncə tərzi o dərəcəyə çatmamışdı ki, İmam əleyhissəlamın məqsədini tə’min etsin. O zaman İslam cəmiyyəti arzu və istək zəncirlərinin əsiri idi. Bu həmin arzu və istək idi ki, camaatda məğlubiyyət ruhiyyəsi yaratmışdı. Buna görə də, İmam Həsən əleyhissəlamın qarşısında duran məqsəd camaatın fikrini Əməvi hökumətinə qarşı qiyama yönəltmək, camaata Əməvi hökumətinin həqiqi mahiyyətini başa düşüb fikirləşmək üçün fürsət verməkdən ibarət idi. Xüsusilə qeyd etmək lazımdır ki, İmam Həsən əleyhissəlamın Əməvi hökumətinin cinayət və zülmlərinə, onların Qur’an və İslam qayda-qanunlarını kəskin surətdə pozmasına işarə etməsi, camaatın fikrini tamamilə oyadırdı. Yavaş-yavaş bu oyanış artdı və İraqın böyük şəxsiyyətləri İmam Hüseyn əleyhissəlamın yanına gəlib ondan qiyam etməsini istədilər.

Hadisələrin Mədinədə tə’siri

İmam Həsən əleyhissəlamın şəhadətindən sonra İmam Hüseyn (əleyhissəlam) İmamət məqamını öz öhdəsinə götürdü. Bu vaxtlar Müaviyənin törətdiyi cinayətlər Mədinədə səs-küyə səbəb olmuş və İmam Hüseyn əleyhissəlamın böyük şiə şəxsiyyətləri ilə İraq, Hicaz və başqa yerlərdə təşkil etdiyi ictimai yığıncaqların əsas söhbətinə çevrilmişdi. Məsələn, Müaviyə Hicr ibn Ədiyy və onun yol yoldaşlarını öldürdükdən sonra Kufənin adlı-sanlı şəxsiyyətlərindən bir neçəsi İmam Hüseyn əleyhissəlamın yanına gedərək məsələdən onu xəbərdar etdilər. Bu xəbərin yayılması ilə bütün mö’minlər arasında hökumətə qarşı böyük nifrət hissi oyandı.

Bu məsələdən mə’lum olur ki, artıq o vaxtlar Əməvi hökumətinə qarşı müntəzəm olaraq müxalifətlər irəli sürülürdü. Bu müxalifətin təbliğatçıları və əsas aparıcı qüvvələr İmam Həsən əleyhissəlamın sayca az olan ən yaxın dostları idi. İmam Həsən (əleyhissəlam) öz ağıllı tədbiri ilə onların canını Müaviyənin apardığı çirkin bəlasından qoruyub saxlamışdı. Bu azsaylı dəstənin məqsədi o idi ki, qiyamın yetişməsi və camaatı qiyama hazırlamaq məqsədilə Müaviyənin hakimiyyəti dövrü ərzində törətdiyi bütün cinayətləri camaatın yadına salsın.

Nəyə görə İmam Həsən (əleyhissəlam) sülh, İmam Hüseyn (əleyhissəlam) isə qiyam etdi?

Ötən araşdırmalarda İmam Həsən əleyhissəlamın sülhünün səbəblərini aydınlaşdırdıq. Burada belə bir sual irəli gəlir ki, nəyə görə İmam Həsən (əleyhissəlam) sülh, İmam Hüseyn (əleyhissəlam) isə qiyam etdi? Əgər sülh etmək düzgün fikirdisə, bəs onda nəyə görə İmam Hüseyn (əleyhissəlam) Yezidlə sülh bağlamadı? Yox əgər vuruşmaq lazım idisə, onda nəyə görə İmam Həsən (əleyhissəlam) vuruşmadı?

Bu sualların cavabını bu iki böyük İmamın yaşadığı müxtəlif şəraitli dövrdə və Yezidlə Müaviyənin rəftarında axtarmaq lazımdır. İndi Müaviyə ilə Yezidin rəftarındakı fərqli cəhətlər haqqında az da olsa, sizə mə’lumat veririk.

Müaviyənin baş aldatmaları

Müaviyə hakimiyyəti dövründə avam, aldadıcı plan və siyasətlərlə öz hökumətini şər’i və İslami bir hökumət kimi göstərməyə çalışırdı. O, camaatın fikrini onun hökumətinin həqiqi İslam siyasətindən kənar olduğunu anlamaqdan yayındırırdı. Düzdür, Müaviyə əməldə İslamı təhrif etmiş və əsl İslam hökumətinin yerinə Əməvi hakimiyyətini gətirib çıxarmaqla İslami cəmiyyəti qeyri-İslami cəmiyyətə çevirmişdi, lakin bununla belə yenə də İslamın zahirinə əməl edir, zahirdə İslam qayda-qanunlarına riayət edirdi. Arada olan pərdələri cırmırdı, sarayında azca da olsa, İslamın zahiri qayda-qanunlarını dəyişməyə qoymurdu. O, çox yaxşı bilirdi ki, din və İslam xilafəti adı ilə camaata başçılıq edir. Buna görə də, aşkarda elə bir iş görməməli idi ki, camaat o işi dinə qarşı mübarizə kimi qələmə versin. Çünki Müaviyə də elə bu dinə əsasən, camaata rəhbərlik edirdi. Əksinə, o tutduğu mövqeyə uyğun olaraq həmişə öz əməllərini din çərçivəsində yerləşdirirdi. İslam və din qayda-qanunlarına uyğun olmayan işləri isə gizlində görürdü.

Bundan əlavə, Müaviyə çətinlikləri həll etməkdə və müşkülatı yoluna qoymaqda fövqəl’adə bir siyasət işlədirdi. Çətinlikləri xüsusi yollarla həll edirdi. Ancaq Yezid bu cür siyasət yeritmirdi. Elə bu iki səbəbə görə Müaviyənin hakimiyyəti dövründə qiyamın qələbə ilə nəticələnməsi və şəhadətin müsbət tə’sir verəcəyi sual altında qalırdı. Çünki camaat o vaxt Əməvi hakimiyyətinə qarşı qiyam etməyi düzgün hesab etmirdi. O vaxt camaatda Əməvi hakimiyyətinə qarşı hələ nifrət hissi oyanmamışdı. Cəmiyyətin ümumi fikri Müaviyənin İslamdan kənar olduğunu hələ anlamadığına görə, bə’zi gözlənilməz ünsürlər səbəbindən İmam Həsən əleyhissəlamın Müaviyə ilə mübarizəsi haqqın batilə qarşı mübarizəsi kimi yox, hakimiyyət uğrunda mübarizə kimi hesab olunurdu. Belə bir vaxtda şəhid olmaq qiyamın məqsədlərini irəli aparmaqda heç bir kömək etməz, camaatın ümumi rə’yi səhv formalaşar və bununla da, həqiqət heç olardı.

Münasib olmayan mühit

Yuxarıda qeyd etdik ki, Müaviyənin dövründəki siyasi vəziyyət elə bir halda deyildi ki, bir nəfər islahedici müəyyən bir yolla işi həll edə bilsin. Cəmiyyət öz ağlı ilə öz yolunu tə’yin edə biləcək səviyyədə deyildi. Əksinə, onda vəziyyət elə idi ki, o vəziyyətdə hər hansı bir islahedici fəsad rəhbərlərin əməllərini gözləməli, fürsət düşdükdə öz imkanlarını, ətrafdakıları və düşmənlə mübarizəsini nəzərə almaqla əks tədbirlər görməli idi. Bununla da, “məğlub olmuş həqiqət”ə “qalib gəlmiş yalan” qarşısında qələbə qazandırmalı idi. İmam Həsən əleyhissəlamın dövründəki əsas müşkül də elə bu idi. O dövrdə şəhadət lazımi şərait istəyirdi ki, fərdi şəhadətdən çıxıb ictimai şəhadətə çevrilsin. Şəhidin qanı camaatda yeni fikir yaratmalı idi.

Tarixi faktlar göstərir ki, İmam Həsən (əleyhissəlam) onun ətrafına toplaşmış süst ordu ilə (onların gördükləri bə’zi işləri sizin nəzərinizə çatdırmışıq) ayağa qalxıb Müaviyə ilə vuruşsaydı, onu tezliklə bir qəhrəman kimi şəhid etməzdilər. Onu əsir tutardılar. Müaviyə istəyirdi ki, özünün və ailəsinin (qohum-əqrabasının) İslam ordusu qarşısında rüsvayçılığını və bu orduu tərəfindən əsir olunmalarının əvəzini Məhəmmədin (səlləllahu əleyhi və alih) ailəsinin böyüklərindən birini əsir tutmaqla çıxsın. Deməli, əgər İmam Həsən (əleyhissəlam) məğlub olsaydı, qəhrəman bir şəhid kimi (Aşurada olduğu kimi) öldürülməz, Müaviyə tərəfindən əsir olar və nəhayət müəmmalı şəkildə öldürülərdi. Bu da o dövrdə haqqa dəyəcək böyük bir ziyan olardı. Əgər İmam Həsən əleyhissəlamın ordusu Müaviyənin ordusu ilə döyüşdə məğlub olsaydı, Müaviyənin ordusu müsəlman şəhərlərinə hücum edib bacardığı qədər əhalini qırardı. Xüsusilə də, Həzrət Əli (əleyhissəlam) və İmam Həsən əleyhissəlamın tabeçiliyində olan Məkkə, Mədinə, Kufə, Bəsrə və digər şəhərləri talan edərdi. Beləliklə də, ölənlərin sayı Kərbəladan fərqli olaraq məhdud qalmaz və həddi aşıb-daşardı. İmamın qarşısını aldığı hədər qanın tökülməsi də elə bu idi.

Bəlkə də elə bu səbəblərə görə (və İmam Hüseyn əleyhissəlamın İmam Həsən əleyhissəlamın sülhünə razılıq bildirmək məqsədilə) İmam Hüseyn (əleyhissəlam) qardaşının şəhadətindən sonra Müaviyənin son on il hakimiyyəti dövründə, yə’ni, təxminən hicrətin əllinci ilindən altımışıncı ilinədək qiyam etmədi. İmam Hüseyn (əleyhissəlam) o vaxt münasib fürsətin ələ düşməsi üçün günləri sayır və camaatın ümumi fikrini oyatmaqla kifayətlənirdi. Çünki İmam Hüseyn (əleyhissəlam) əgər o vaxt qiyam etsəydi, bu qiyam İslam cəmiyyətində necə nəticələnəcəyi və camaatın fikrində necə cilvələnəcəyi mə’lum deyildi.

Yezid – İslam cəmiyyətinin nifrətamiz siması

Yuxarıda dediyimiz məsələlər Yezid barəsində tamamilə əksinədir. Çünki Yezidin, həm atası Müaviyənin yeritdiyi siyasətdən başı çıxmırdı, həm də din adı altında camaata rəhbərlik etdiyi İslam dininin zahirindən də çox uzaq idi.

Yezid hələ bişməmiş, şəhvətpərəst, özbaşınalıq edən, ehtiyat və uzaqgörənlikdən uzaq olan bir gənc idi. O, ağılsız, qorxusuz, kefcil, əyyaş və çox aşağı səviyyəli fikir düşüncəsinə malik olan bir adam idi.

Hakimiyyətə gəlişindən qabaq həvayi-nəfsinin qulu və dünya təmayüllü Yezid hakimiyyətə gəldikdən sonra da, atasından fərqli olaraq heç İslamın zahirinə də əməl etmirdi. O, hətta zahirdə də özünü dindar və imanlı bir şəxs kimi göstərmirdi. Əksinə, qorxusuzluğu nəticəsində İslamın zahiri qayda-qanunlarını da pozur və şəhvətini doyuzdurmaqdan ötrü əlindən gələni edirdi. O, açıq-aşkar şərab içir və açıqcasına fitnə-fəsad törədirdi. Yezid siyasi nöqteyi-nəzərdən o qədər zəif idi ki, İslamla barışmaz düşmən olan və cahiliyyət dövrünü xatırladan Bəni–Üməyyə hakimiyyətinin əsl mahiyyətini camaata aşkar etdi. Yezidin bu qanun pozuntuları və işlərə laqeyd yanaşması artıq onun xilafət məqamını qoruyub saxlamağa ləyaqəti olmadığını və müsəlmanların rəhbəri olmasına səlahiyyəti çatmadığını hamıya sübut etmişdi. Buna əsasən, Bəni–Üməyyə hakimiyyətinin muzdurları İmam Hüseyn əleyhissəlamın qiyamını camaatın fikrində müttəhəm edə bilməzdilər. Çünki camaat Yezidin dini qayda-qanunlarla heç cür uyğunluğu olmayan işlərini öz gözləri ilə görürdü. Elə Yezidin bu rəftarı onun hökumətini devirmək üçün qiyam etmək fikrini camaatda oyatmaq üçün mühüm amil hesab olunurdu. Belə bir dövrdə camaat İmam Hüseyn əleyhissəlamın qiyamını siyasi ixtilaf və vəzifə üstündə mübarizə kimi yox, Peyğəmbər (səlləllahu əleyhi və alih) balasının İslamı qorumaq məqsədilə batil hökumət əleyhinə mübarizəsi kimi qələmə verirdi.

Qiyamçılar qüvvə toplayır

İmam Hüseyn əleyhissəlamın qiyamının başqa bir səbəbini də, İmam Həsən əleyhissəlamın sülhündən sonra şiələrin də’vətinin genişlənməsində və ümumi fikrin oyanmasında axtarmalıyıq. Çünki İmam Həsən əleyhissəlamın sülhündən sonra Əməvi hökumətinə qarşı yaranmış hərəkat günbəgün artır və hərəkatın dairəsi genişlənirdi. Müaviyənin də siyasəti istər bilərəkdən, istərsə də, bilməyərəkdən bu hərəkatın genişlənməsinə gətirib çıxarmışdı. Çünki İmam Həsən əleyhissəlamın şəhadətindən sonra meydanı bir az açıq görən Müaviyə get-gedə vəziyyəti camaata (xüsusən də, Əli əleyhissəlamın şiələrinə) çətinləşdirir və əlindən gələn zülmü edirdi. Müaviyənin müsəlmanların hüquqlarına dəfələrlə təcavüz etməsi və onun ordusunun günahsız insanları qırması, yaxud əziyyət verməsi, sülh müqaviləsini pozması, sülh müqaviləsində qeyd olunanın əksinə olaraq özündən sonra Yezid üçün vəliyyi-əhd adı ilə camaatdan bey’ət alması, nəhayət İmam Həsən əleyhissəlamı zəhərləməsi Bəni–Üməyyə hakimiyyətini daha da ləkələyən və onun mövqeyini bir qədər də zəiflədən məsələlər idi. Bu hadisələr şiələrin birləşməsi və Əməvi hökumətinə qarşı cəbhənin güclənməsinə və tədricən İmam Hüseyn əleyhissəlamın qiyamının başlanmasına səbəb oldu.

Görkəmli Misir alimi və yazıçısı doktor Taha Hüseyn sülh müqaviləsindən sonra Müaviyənin şiələri tə’nə və tənqid etməsini qeyd edərək yazır: «Müaviyənin son on il hakimiyyəti dövründə şiələrin işi artdı və onların də’vəti İslam ölkəsinin Şərqində və ərəb məntəqələrinin Cənubunda həddən artıq yüksəliş tapdı. Belə ki, Müaviyənin ölümü zamanı camaatın əksəriyyəti, xüsusən də, İraq əhalisi Müaviyəni lə’nətləməyi və Əhli-beyt məhəbbətini özlərinə bir dini vəzifə kimi hesab edirdi.» Beləliklə də, İslam cəmiyyəti Əməvi hökumətinin həqiqi simasını kifayət qədər tanıdı. Onlar bu hökumətin işkəncələrini kifayət qədər daddılar və bu hökumətin müsəlmanların hüquqlarına etdiyi təcavüz və zülmləri gördülər. Bu hökumətin Müaviyənin hakimiyyəti dövründə üzünə keçirdiyi üzlük kənara çəkilərək camaat onun həqiqi qiyafəsini tanıdı. Bunun da nəticəsində Müaviyənin ölümü və İslam cəmiyyətinin oyanması ilə Müaviyənin dövründə baş tutacaq bir qiyama mane olan səbəblər aradan qaldırıldı və Əməvi hökumətinə qarşı qiyam üçün yol açıldı. Belə bir vaxtda Hüseyn ibn Əli (əleyhissəlam) azğın Bəni–Üməyyə hökumətinə qəti zərbə endirərək o böyük və misilsiz qiyamı həyata keçirtdi.

İlhamverən qiyam

İmam Hüseyn əleyhissəlamın qiyamı cəmiyyətdə böyük dönüş yaradaraq vəziyyəti dəyişdirdi. Bütün fikirləri Əməvi hökumətinə qarşı yönəldərək «Təvvabin» qiyamı, Mədinə əhalisinin qiyamı, Muxtari-Səqəfinin qiyamı, Zeyd ibn Əli ibn Hüseyn əleyhissəlamın qiyamı və bir neçə başqa ardıcıl qiyamlara səbəb oldu. Əgər bu qiyam İmam Həsən əleyhissəlamın dövründə və o Həzrətin başçılığı altında həyata keçsəydi, heç bir nəticəsi olmayacaqdı.

İmam Hüseyn (əleyhissəlam) həqiqətdə öz əziz qardaşının tutduğu proqramla irəliləyirdi. Çünki İmam Həsən (əleyhissəlam) son dərəcə vüqarla kütbeyin insanların səhvlərinə dözərək o dövrün həqiqətlərinin üstü-örtülü olması nəticəsində sülh imzalamaqla  yavaş-yavaş qiyam üçün zəminə yaradaraq camaatın beynində inqilabi fikirlər oyatdı. Elə ki şərait tamamilə hazır oldu, Hüseyn ibn Əli (əleyhissəlam) fəsad mərkəzinə hücumun rəhbərliyini öz öhdəsinə götürdü.

Tərəfdarların fərqi

İmam Həsən əleyhissəlamla İmam Hüseyn əleyhissəlamın yaşadığı dövr arasındakı fərqdən əlavə, bu iki İmamın tərəfdarları arasındakı fərqi də nəzərə almaq lazımdır. İrəlidə qeyd etmişdik ki, İmam Həsən əleyhissəlamın ordusu bir şayiə eşitməklə bir-birinə dəydi və bə’ziləri İmamın çadırına hücum edərək hətta onun ayağı altındakı xalçanı da qarət etdilər. İmamla Şam ordusuna qarşı vuruşmaq və bu yolda can vermək istəyənlərin özləri fitnə yaradaraq İmamı tək qoydular. İndi onları İmam Hüseyn əleyhissəlamın tərəfdarları ilə müqayisə edin. İmam Hüseyn əleyhissəlamın tərəfdarları Aşura gecəsi (Tasua günü) (İmam Hüseyn əleyhissəlama) deyirdilər: «And olsun Allaha, əgər bilsək ki, öldürüləcəyik, sonra bizi dirildib yenə öldürərək yandırıb külümüzü küləyə verəcəklər və bu işi yetmiş dəfə təkrarlayacaqlar, sənin yolunda can verməmiş yenə səndən ayrılmarıq. Ölmək ki, bir dəfədən çox deyil! Özü də şəhadətə yetişmək kimi ölmək. Bu, əbədi səadət və izzətdir!»

Bəli, bu cür insanlarla bəşəriyyət tarixində «şəhadət» adlı bir şövq, göylərdə «Aşura» adlı bir zümzümə yaratmaq olar. Lakin o cür şəxslərlə (İmam Həsən əleyhissəlamın dövründəki adamlarla) nə qələbə mümkündür, nə də şəhadət. Onlar adamı əl-qolu bağlı düşmənə təhvil verər və adama əsirlik zillətindən başqa heç bir şey nəsib etməzlər. İmam Həsən əleyhissəlamın mübarizə səngərini dəyişməsinin səbəbi də elə bu idi. Başqa sözlə desək, İmam Həsən (əleyhissəlam) mübarizə məqsədini yox, formasını dəyişdi. Elə bil ki, nəqliyyat vasitəsi gedə-gedə namaz qılan şəxs nəqliyyat vasitəsi sağa-sola dönərkən o da yerini dəyişir, ancaq cəhəti (qibləyə tərəf durmaq) olduğu kimi qalır. Haqq tərəfdarlarının məqsədi də daima batilə qarşı mübarizə etmək olub. İstər bu mübarizə Aşurada (Kərbəla çölündə), istər Kufənin məhəllə və küçələrində, istər Mədinə məscidində, istər Bağdad zindanında və istərsə də ayrı yerlərdə olsun.

İmam Həsən (əleyhissəlam) o dövrdə haqq-ədalətin yayılmasına böyük mane olan Müaviyəni hədəf tutmuşdu. Bu ali məqsədə gah ordu hazırlamaqla yetişmək istəyir, gah da sülhü qəbul etmək tədbiri ilə.

Bir vəzifənin iki tərəfi

Mücahid Əllamə Seyyid Şərəfüddin Amili görkəmli alim Şeyx Razi Ali-Yasinin çox dəyərli olan «Sülhül-Həsən» (İmam Həsən əleyhissəlamın sülhü) adlı kitabına yazdığı ön sözdə deyir: «...İmam Həsən əleyhissəlamın ən əsas məqsədi o idi ki, cəddi Peyğəmbərin (səlləllahu əleyhi və alih) dinini aradan aparmaq üçün çəkilmiş planların qarşısını almaq üçün bu zalımların üzündəki pərdəni götürüb onları camaata olduğu kimi tanıtdırsın. İmam bu məqsədinə tam şəkildə nail oldu. Əməvilərin çirkin üzündəki pərdə götürüldü və onların həqiqi siması aşkar oldu. (Bu ne’mətə görə Allaha şükr olsun!) İmam Həsən əleyhissəlamın bu tədbirinin nəticəsində qardaşı İmam Hüseyn (əleyhissəlam) həqiqəti üzə çıxaran və ağıl sahiblərinə ibrət dərsi olan o böyük inqilabı həyata keçirtdi. Bu iki qardaş bir işin iki tərəfi idi. Hər birinin öz işi və öz vəzifəsi yerində, özünəməxsus şəraitdə bu işi icra etmək və çətinliklərə dözmək baxımından, eləcə də fədakarlıq və canfəşanlıq göstərmək baxımından bir-biri ilə tam uyğun gəlir. İmam Həsən (əleyhissəlam) öz canını bu yolda qurban verməkdən əsirgəmədi. İmam Hüseyn (əleyhissəlam) Allah yolunda canından keçməkdə heç də İmam Həsən əleyhissəlamdan irəli deyil. Əsas məsələ budur ki, İmam Həsən (əleyhissəlam) öz canını sakit və aram cihadda (soyuq müharibədə) qurban verdi. Elə ki, sükutu qırmağın vaxtı yetişdi, Kərbəla şəhadəti meydana çıxdı. Elə bir şəhadət ki, İmam Hüseyn əleyhissəlamın başına gəlməzdən qabaq İmam Həsən əleyhissəlamın başına gəlmişdi.

Nəzər sahibləri olan düşüncəli insanların fikrincə Sabat günündəki fədakarlıq hadisəsi Aşura gününün hadisəsindən daha artıq olmuşdur. Çünki İmam Həsən (əleyhissəlam) həmən gün fədakarlıq səhnəsində səbirli və dözümlü bir qəhrəman rolunu məğlub olub əldən düşmüş bir şəx simasında oynadı. Buna görə də, Aşura şəhadəti ilk növbədə İmam Həsən əleyhissəlama sonra isə İmam Hüseyn əleyhissəlama yetişmişdi. Çünki Aşura hərəkatının əsas banisi İmam Həsən (əleyhissəlam) olmuş, İmam Hüseyn (əleyhissəlam) isə onu sona çatdırmışdır.

İmam Həsən əleyhissəlamın qiyamının həqiqəti, öz səbr və hikməti sayəsində aşkar etməyə bağlı idi. İmam Hüseyn əleyhissəlamın parlaq qələbəsinin səbəbi də, məhz həqiqətin bu cür aşkara çıxması idi. Elə bil ki, İmam Həsən əleyhissəlamla İmam Hüseyn (əleyhissəlam) (İslamın ziddinə olan Əməvi hökumətinin əsl mahiyyətini aşkar etmək və camaatı qəflət yuxusundan oyatmaq üçün) müttəfiq olaraq bir proqram əsasında hərəkət etmiş və hər biri bir rolda çıxış etmişlər. Təkcə fərq budur ki, İmam Həsən (əleyhissəlam) öz rolunu hikmətli səbr əsasında, İmam Hüseyn (əleyhissəlam) isə mərdcəsinə qiyam etmək əsasında ifa etmişdir. Beləliklə də, bir məqsədə çatmaq üçün mükəmməl bir taktika yaranmışdır.

Sabat və Kərbəla hadisəsindən sonra camaat oyanıb hadisələr və vəziyyətin gedişi haqqında və Bəni–Üməyyə hakimiyyətinin əsl mahiyyəti barədə fikirləşməyə başladı.»

Bu həqiqətləri nəzərə alaraq deyə bilərik ki, əgər İmam Hüseyn (əleyhissəlam) öz əziz qardaşı İmam Həsən əleyhissəlamın vaxtındakı şəraitdə olsaydı, eynilə İmam Həsən əleyhissəlamın gördüyü işi görəcəkdi. Eləcə də, İmam Həsən (əleyhissəlam) İmam Hüseyn əleyhissəlamın yerində olsaydı, eynilə İmam Hüseyn əleyhissəlamın gördüyü işi görəcəkdi. Çünki bu iki İmam hərə öz vaxtının şəraitinə uyğun olaraq öz vəzifələrini yerinə yetirmişlər.

İslam peyğəmbəri bu hadisələri nəzərə alaraq öz uzaqgörənliyi ilə bu iki övladı barədə buyurmuşdur: «Həsən (əleyhissəlam) və Hüseyn (əleyhissəlam) İslamın iki İmamıdırlar. İstər sülh etsinlər, istərsə də qiyam.»

Sülh, yoxsa məsləhət?

Bu bölməni Tehran şəhərində çap olunmuş «Günün qadını» jurnalından götürülmüş «Sülh, yoxsa məsləhət?» adlı başlıqla yekunlaşdırırıq.

İmam Həsən əleyhissəlamın sülhünü, başqa sözlə desək, Müaviyə ilə bağladığı atəşkəsi bəlkə də, İslam dünyasında İmamət məqamının ən çətin mərhələlərindən biri kimi adlandırmaq olar. Tarixin bu inqilabi hərəkəti və onun insanı üzən çətinliklərinə dözmək həmişə mübahisələr törətmiş və suallara səbəb olmuşdur. Bu hadisənin acınacaqlı çətinliklərinə Həzrət Əli əleyhissəlamın oğlu İmam Həsən (əleyhissəlam) imana nisbət öz ali məqamı ilə dözmüş, ondan başqa heç kəs bunlara dözməmiş və dözə də bilməz. Ancaq təəssüflər olsun ki, qərəzi olanlar qərəz məqsədi ilə, cahillər də öz nadanlıqları nəticəsində bu cür iman əsasında çəkilmiş planı təhrif etmiş və pis mə’nalara yozmuşlar.

İmamların hamısı təqva nümunəsi və hərənin özünəməxsus yolu olmuşdur. Təqva hamısında müştərək cəhət olmuş, yolları isə bir-birindən fərqlənmişdir.

Əli əleyhissəlamın seçdiyi yol iki hissədən – sükut və qiyamdan təşkil olmuş və ümməti qabağa aparmışdır. İmam Həsən əleyhissəlamın yolu birinci mərhələdə, İmam Hüseyn əleyhissəlamın yolu isə ikinci mərhələdə atalarının yolu kimidir. Əli (əleyhissəlam) sükut etmədən qiyam edib xəbərdaredici və həyatverən şəhadətə çatmazdı. İmam Hüseyn əleyhissəlamın da fəryadı və canfəşanlığı qardaşının sülhü olmadan özünü tarixə sala bilməzdi.

İmam Həsən əleyhissəlamı öz sağlamlığını güdən bir şəxs kimi fikirləşənlər və eləcə də, şur və həyəcan nəticəsində İmam Həsən əleyhissəlamın da şəhadəti seçib Sabatda (Sabat sülh müqaviləsi bağlanan yerin adıdır. Onunla əlaqədar olaraq sülh bağlanan günün də adı Sabat günü adlandırılmışdır. İmam Həsən əleyhissəlamın bu sülhü inqilabi və tarixi bir hadisə olmuş, başqa sözlə desək, İmam Həsən əleyhissəlamın Aşurası olmuşdur.) yeni bir Aşura, Kufədə yeni bir Kərbəla yaratmasını arzulayanların hamısı səhv fikirdədir.

Yol seçmək mübarizənin ən əsas cəhətidir

Ola bilsin şəhadətə dözmək İmam Həsən (əleyhissəlam) üçün daha asan olardı. Ancaq o da, təkcə İslam və müsəlmanları fikirləşməli və mübarizənin ən əsas yolunu seçməli idi. Bir az fikirləşdikdə, görürük ki, İmam Həsən əleyhissəlamın dövründə sülhdən başqa heç bir yol yox idi. O da ancaq yaxşı ölmək və məqsədə çatmaq üçün idi. Əgər İmam Həsən (əleyhissəlam) tək qaldığı bir dövrdə qardaşı kimi qiyam edib şəhid olsaydı, İmamət xətti qırılardı. Əgər İmam Həsən əleyhissəlamın da qardaşı Hüseyn (əleyhissəlam) kimi yetmiş iki dostu olsaydı, bəlkə o da, İmam Hüseyn (əleyhissəlam) kimi qiyam edərdi. Ancaq düşmən onun ordusunu başından uzaqlaşdırdığı və hətta İmam əleyhissəlamın öz arvadını onu zəhərləmək üçün razı saldığı, İmam əleyhissəlamın ordusunun başçılarını İmam əleyhissəlamı qolubağlı Müaviyəyə təslim etmək üçün pulla aldatdığı və nəhayət İmam əleyhissəlamın qiyam üçün kömək istəyəcəyi bir ordunun başçısını İmam əleyhissəlamın öz əleyhinə qiyama qaldırdığı bir halda, İmam əleyhissəlamın sülhdən başqa çarəsi vardımı? İmam əleyhissəlamın e’tibar edəcəyi təkcə insan var idisə, o da İmam Hüseyn (əleyhissəlam) idi. Ancaq onu da sabahın Aşurası gözləyirdi. Əgər Kərbəla şəhadətinin İmam Hüseyn əleyhissəlamın başına gəlməzdən qabaq İmam Həsən əleyhissəlamın başına gəldiyini qeyd etməsək və İmam Həsən əleyhissəlama Sabat günü fədakarlıq meydanında məğlub olmayan bir qəhrəman rolunu məzlum və əldən düşməmiş məğlub (yə’ni, sülhü məcbur olub qəbul etmişdir) bir şəxs simasında ifa etməsinə nəzər salmasaq, insafsızlıq etmiş olarıq.

Əgər İmam Həsən (əleyhissəlam) Müaviyə ilə sülh sazişi bağlamasaydı və həmən sülhün pozulması sınağı camaat üçün irəli gəlməsəydi, şübhəsiz ki, İmam Hüseyn əleyhissəlamın qiyamı da baş tutmayacaqdı. Əgər İmam Həsən (əleyhissəlam) Müaviyəni özündən sonra canişin tə’yin etmək hüququndan məhrum etməsəydi və Müaviyə Yezidi özündən sonra canişin tə’yin etməklə bu maddəni pozmasaydı, nə İmam Hüseyn əleyhissəlamın qiyam etməyə bir səbəbi olardı, nə də onun ardıcılları ona bəraət qazandırmaq üçün bir sübut tapa bilərdilər.

Sabat və Aşura – Əməvilərin çirkin cahiliyyətinin ifşaçısı

O vaxtın camaatı Sabat və Aşura hadisələrinə nəzər salıb Əməvilərin çirkin cahiliyyətini açıq-aşkar gördü. Gördülər ki, İmam Həsən (əleyhissəlam) sülh bağladı, ancaq Müaviyə sülhün şərtlərini pozaraq beş maddənin heç birinə riayət etmədi. Nə öz hakimiyyəti dövründə Qur’an və Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsi ilə hərəkət etdi, nə özündən sonra hakimiyyəti onun əsl sahibinə verdi, nə xəlifə seçməyi şuraya tapşırdı, nə minbərin hörmətini Əli əleyhissəlamı söymək üzündən qoruyub saxladı, nə söz verdiyi (Darabegərd məntəqəsinin) xəracını verdi, nə də Əli əleyhissəlamın şiələrini kişilikdən uzaq olan əzab-əziyyətlərdən qorudu. Nəhayət İmam Həsən əleyhissəlamı da zəhərlədi.

Ən böyük istək və bacarmamaq

İmam Həsən əleyhissəlamın sakit, İmam Hüseyn əleyhissəlamın isə səs-küylü qiyamı nəticəsində gizli məsələlər üzə çıxaraq gizli fikirlər aşkar oldu. Bu, İslamın İmam Həsən əleyhissəlamda gizlənmiş qəzəbi idi. Bu qəzəb İmam Həsən əleyhissəlamda qalaraq İmam Hüseyn əleyhissəlamın bədənində cuşa gələn İmamət bünövrəsinin qanına çevrildi.

İmam Həsən (əleyhissəlam) istəyib, ancaq istədiyini yerinə yetirə bilməməyin bir nümunəsi idi. O, elə bir mücahid idi ki, döyüşlərdəki şücaəti hamını heyran qoymuş və elə bir övlad idi ki, atasının rəşadət məktəbindən şəhadət məktəbinə qədər ondan bəhrələnmiş və irs aparmışdı. İmamət meydanındakı vəzifəsini təkcə sülhdə görüb necə böyüklük və səbirlə onu qəbul edərək dözdü. Bu İmam Həsən əleyhissəlamın seçdiyi yolun gözəlliyi idi. Bundan başqa heç bir şey deyildi. O, sükut və sülhü qılıncın tiyəsinə oturtmaqla, İslamı qoruyub saxladı. Onun kəsici dili, qəti xütbələri və kəskin çıxışları qılınc sükutunun əvəzini lazımi şəkildə çıxaraq bu yolla qardaşının qanlı qiyamı üçün lazım olan şəraiti hazırladı. İş o yerə çatmışdı ki, Müaviyə onunla söhbət etməkdən qorxur və hiylə ilə çalışırdı ki, onun səsini boğsun və mümkün qədər onu məclislərdə danışmağa qoymasın.

Geniş meydanlarda cihad

İmam Həsən (əleyhissəlam) islah yolunda ən böyük addımı atdı. Fitnə-fəsad və silahın hakim olduğu bir dövrdə əxlaq, məhəbbət və islah məktəbinin qapılarını açaraq məqsədi islahdan başqa heç nə olmayan bir şəxs kimi öz adını Allah Rizası ilə əvəz etdi. O, ilk mərhələdə sülhə əl atmadı, əksinə, işin axırında və bütün mübarizə meydanlarında məğlub olduqdan sonra sülhü qəbul etdi. Onun mübarizəsi müxtəlif cəhətləri olan geniş meydanlarda oldu. Düşmənlə mübarizə zamanı həm ordunu, həm səngəri, həm də hiylə və kələklərlə üzləşməyi imtahana çəkdi. Münafiq səhabələrinə qarşı islah qüvvəsindən, nəfslə mübarizədə isə, qəzəbini boğub məcbur edilmiş sülhü qəbul etməkdən istifadə etdi.

Bu məzlum və sakit İmamın cihadlarına hətta gözucu da olsa, nəzər salmaqla hər e’tiraza cavab vermək olar...


source : الشیعه
586
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Xamenei ABŞ rəsmilərinin “İranla müharibə” mesajlarına münasibət ...
İranda ABŞ və İsrail casusuları yaxalandı
Tohid İbrahimbəyli İlham Əliyevə səmimi müraciət etdi: "Bu xalq sevdiyi ...
Vəhhabilər ağaları ABŞ-a müraciət etdilər: Bizə raket verin!
Rusiya Xüsusi Təyinatları “İŞİD” ovunda
Qəbul olUNmuş namaz və onun tə᾽sirləri
Əlcəzairdə sələfiəqidəli terrorçuların hücumu nəticəsində 11 hərbçi həlak ...
İngiltərə padşahlıq rejimi qarışdı, polis etirazçılara qarşı zorakılıq etdi
Almaniyada minlərlə cühüd və xristian irqçiləri Müsəlmanlara qarşı etiraz etdi
Fələstini işğal etmiş cühüd rejimi Fələstinli cavanı avtomat silahla Şəhid ...

 
user comment