Azəri
Thursday 25th of April 2024
0
نفر 0

NƏFSİN SAFLAŞDİRİLMASİNİN MƏRHƏLƏLƏRİ


1.Qarşısını almaq. Ruhun sağlamlığına riayət etmək, günah və çirkin əxlaqın qarşısını almaq nəfsin saflaşdırılması mərhələlərində ən yaxşı və ən asan yoldan ibarətdir. Nəfs hələ günaha aludə olmadığı bir zamanda fitri nuraniyyətə, səfaya malikdir, onda yaxşı işləri görməyə, gözəl əxlaqla zinətlənməyə daha artıq hazırlıq vardır. Hələ qaralmamışdır, şeytan ora yol açmamış və o da pis işlərə adət etməmişdir. Buna görə də günahın tərk edilməsi üçün daha artıq hazırlığa malikdir. Yeniyetmələr və cavanlar əgər öz nəfslərini saflaşdırıb günaha, rəzil xüsusiyyətlərə mürtəkib olmaqdan çəkinmək istəsələr onlar üçün bu müəyyən qədər asandır. Çünki bu iş qarşısı alınma yönünə malikdir və bir şeyin qarşısını almaq ona adətin tərk edilməsindən qat-qat asandır. Deməli, cavanlıq, yeniyetməlik hətta uşaqlıq dövrü belə nəfsin saflaşdırılmasının ən yaxşı dövrüdür. Eləcə də insan məxsus bir günaha batmayınca həmin günahın tərk edilməsi onun üçün daha asandır. Deməli cavanlar, yeniyetmələr, eləcə də bəzi günahlara mürtəkib olmayan şəxslər fürsəti çox mühüm və qənimətli hesab etməli, ümumiyyətlə, günah etməməyə çalışmalı, nəfslərini elə olduğu vəziyyətdə saxlamalıdırlar. Çünki bir şeyin qarşısının alınması onu etdikdən sonra tərk etməkdən daha asandır. Bu məsələyə diqqət yetirilməlidir ki, əgər bir kəs bir günaha mürtəkib olarsa, yaxud, çirkin əxlaqa sahib olarsa və bununla da şeytanı öz nəfsinə buraxmış olarsa o günahı tərk etmək hökmən daha çətin olacaqdır. Şeytan və nəfsi-əmmarə daim çalışır ki, günaha bir iki dəfə mürtəkib olmağı kiçik və əhəmiyyətsiz cilvələndirsin ki, bunun vasitəsilə qəlbə nüfuz edərək nəfsi günah işlərə adət etdirsin. Deməli, öz xoşbəxtliyini fikirləşən bir insan nəfsin istəkləri müqabilində ciddi şəkildə müqavimət göstərməli, günah işə bir dəfə olsa belə mürtəkib olmaqdan ciddi şəkildə çəkinməlidir. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Öz nəfsinə pis bir işə, yaxud əmələ mürtəkib olmağa belə icazə vermə.”[179]
O Həzrət (ə) başqa yerdə belə buyurur: “Həvayi-nəfs sənə qələbə çalıb güclənməmişdən öncə sən ona qələbə çal. Əgər güclənərsə səni öz ixtiyarına keçirəcək və istədiyi tərəfə çəkəcəkdir. Belə olan halda sən onun müqabilində müqavimət göstərə bilməyəcəksən.”[180]
Yenə buyurur: “Adət insanı öz ixtiyarına keçirən bir düşməndir.”[181] “Adət insan üçün ikinci növ təbiət olur.”[182] Düşmən düşmənə qələbə çaldığı kimi sən də öz həvayi-nəfsinə qələbə çal, düşmən düşmənlə mübarizə apardığı kimi sən də onunla mübarizə apar. Bəlkə bu yolla öz nəfsini cilovlaya biləsən.”[183]
Yenə buyurur: “Günahı tərk etmək tövbə etməkdən daha asandır. Çox hallarda bir saatlıq şəhvət uzun-uzadı qəm-qüssəyə səbəb olur. Ölüm dünyanın iç üzünü aşkar və rüsvay olmasına səbəb olur və əql sahibi üçün heç bir sevinc və şadlıq qoymur.”[184]
İmam Cəfər Sadiq (ə) buyurur: “Ruhun bədənindən ayrılmamış (ölməmiş) nəfsini, özün üçün zərərli olan şeylərdən hesab et. Güzəranını və həyat vəsaitlərini təmin etmək üçün çalışdığın kimi, nəfsinin (nəfsani istəklərdən) azadlığı yolunda da çalış. Həqiqətən sənin nəfsin əməllərinin girovundadır.”[185]
Allah-təala Qurani-Kərimdə buyurur: “Amma hər kəs öz Pərvərdigarının məqamından qorxaraq nəfsini ehtiraslardan, nəfsani istəklərdən saxlasa həqiqətən behişt onun yeri olacaqdır.” [186]
Hər bir halda nəfsin bu işlərə qurşanmasının qarşısını almaq ən yaxşı və ən asan yoldur. İnsan bu yolda bacardığı qədər çalışıb ciddiyyət göstərməlidir. Xoş olsun o cavanların halına ki, həyatın əvvəllərində öz əmmarə nəfslərini cilovlayaraq onlara günaha mürtəkib olmaq icazəsini vermir və ömürlərinin axırına qədər pak-pakizə olub Allah dərgahına yaxınlaşmaq yolunda qədəm götürür və Allah dərgahında yüksək mərtəbələrə nail olurlar.
2.Birdən-birə tərk etmək. Əgər qarşısını almaq mərhələsindən keçsə və nəfs günahlara aludə olsa onda onun paklanması növbəsi çatıb. Paklamağı bir neçə cür başlamaq olar. Onların ən yaxşısı mənən və daxilən dəyişiklik etmək, günahı külli şəkildə tərk etməkdir. Günaha, çirkin və rəzil xislətlərə aludə olan bir şəxs birdəfəlik tövbə edib Allah dərgahına qayıdaraq qəlbini günahlardan və aludəliklərdən yuyub, pak-pakizə ola bilər. O, qəti bir qərarla şeytanı öz qəlbindən çıxarıb qəlbin qapılarını əbədi olaraq onun üzünə bağlaya bilər, qəlb evini Allah dərgahına yaxın olan mələklərin nazil olma yerinə, ilahi nurların saçma mərkəzinə çevirə bilər, ciddi bir çevrilişlə şeytanı və əmmarə nəfsini məğlub edib, nəfsin cilovunu möhkəm-möhkəm və həmişəlik olaraq öz əlinə ala bilər. Çoxlarını görmək olar ki, öz nəfslərinə məhz bu yolla qələbə çalmış, onu tam şəkildə təmizləməyə və saflaşdırmağa nail olmuş və həyatlarının axırına qədər öz sözlərinə vəfalı qalmışlar. Bu batini dəyişiklik bəzən bir tərbiyəçidən, yaxud özünün nəfsi saf olan əxlaq ustadından qısa bir cümlə eşitmək, yaxud, ilahi şəxsiyyətin bir işarəsi, yaxud qeyri-adi bir hadisənin baş verməsi, dua və zikr məclisində iştirak etməklə, ayə, rəvayət dinləməklə, bir neçə anlığa qısa təfəkkür etməklə hasil olur. Bəzən kiçik bir hadisə bir qığılcım kimi qəlbi büsbütün dəyişərək ona nuranilik gətirir. Bəzi şəxslər bu yolla öz nəfslərini saflaşdırmağa müvəffəq olmuş və Allah dərgahına seyr edənlər qrupunda qərar tutmuşlar. Nümunə olaraq aşağıdakı hadisələrə diqqət yetirin:
Bişr Hafi Allahın layiqli bəndələrindən, dövrünün abid və zahidlərindən idi. Onun həyatı barəsində qeyd olunur ki, əvvəllər ə”yan-əşraflardan idi. Gecə-gündüz əyyaşlıqla, pis və günah işlərlə məşğul olurdu. Onun evi fəsad, eyş-işrət, rəqs, ğina mərkəzi idi. Bu səslər həmişə onun evindən eşidilirdi. Lakin sonralar tövbə edərək zahidlər və abidlər cərgəsinə keçmişdi. Onun necə tövbə etməsilə əlaqədar yazırlar: Bir gün Bişrin kənizi zibil qabını boşaltmaq üçün evin qapısına gəlir. Bu zaman Həzrət Musa ibni Cəfər (ə) evin qapısından keçəndə avaz və rəqs səsini eşidir. Kənizdən soruşur: «Bu evin sahibi azad adamdır, yoxsa qul?» Kəniz deyir: «Əlbəttə, azaddır və ağadır.» Həzrət (ə) buyurur: «Düz deyirsən, çünki əgər bəndə olsaydı və öz mövlasından qorxsaydı günah və mə”siyətə bu qədər cürətli olmazdı.»
Kəniz evə gedir. Şərab süfrəsinin kənarında əyləşən Bişr ondan soruşur: «Nə üçün gec gəldin?» Kəniz hadisəni danışır. Bişr soruşur: «O kişi axırda nə dedi?» Kəniz dedi: O kişinin axırıncı sözü bu oldu: «Düz dedin, əgər evin sahibi azad olmasaydı (yəni özünü Allahın bəndəsi hesab etsəydi) öz mövlasından qorxar və günah işlərdə bu qədər cürətli olmazdı.»
İmam Musa ibni Cəfərin (ə) qısa sözü ox kimi Bişrin qəlbinə sancılır və bir qığılcım kimi qəlbini nuraniləşdirib tamamilə dəyişir. Şərab süfrəsini yığışdırıb, ayaqyalın qaçaraq özünü həmin şəxsə – Musa ibni Cəfərə (ə) çatdıraraq deyir: «Ey mənim ağam! Allahdan və sizdən üzr istəyirəm! Bəli, mən Allahın bəndəsiyəm. Lakin öz bəndəliyimi unutmuşdum. Buna görə də belə günah işlər görürdüm. Amma indi öz bəndəliyimi dərk elədim və keçmiş əməllərimdən tövbə etdim. Mənim tövbəm qəbul olunurmu?» İmam (ə) buyurur: «Bəli, Allah sənin tövbəni qəbul edər. Öz günah işlərindən xaric ol və həmişəlik olaraq günahları tərk et.»
Bişr tövbə edərək Allah övliyaları, abid və zahidlərin cərgəsinə keçir, bu nemətin şükrün yerinə yetirmək məqsədilə ömrünün axırına qədər ayaqyalın gəzir.[187]
Əbu Bəsir deyir: «Mənim qonşuluğumda zalım padşahların məmurlarından biri yaşayırdı. Haram yolla çoxlu mal-dövlət yığmışdı. Onun evi fəsad, eyş-işrət və ğina mərkəzi idi. Mən onun qonşuluğunda, daim əzab-əziyyətdə yaşayırdım, lakin heç bir çıxış yolum yox idi. Dəfələrlə ona nəsihət etmişdim, amma faydası olmamışdı. Nəhayət bir gün bu işləri tərk etməsinə dair çox israr etdim. Mənə dedi: Filankəs! Mən şeytanın əlində əsirəm, eyş-işrətə, günaha adət etmişəm, onu tərk edə bilmirəm. Xəstəyəm, lakin özümü müalicə edə bilmirəm. Sən mənim üçün yaxşı bir qonşusan, lakin mən sənin üçün pis qonşu olmuşam. Nə edə bilərəm? Axı mən həvayi-nəfsimin əsiriyəm! Nicat üçün bir yol da görmürəm. İmam Cəfər Sadiqin (ə) hüzuruna gedəndə mənim vəziyyətimi ona de. Bəlkə mənim üçün bir çıxış yolu göstərsin.»
Əbu Bəsir deyir: O kişinin sözündən çox təsirləndim. Bir müddətdən sonra İmam Cəfər Sadiqi (ə) ziyarət etmək məqsədilə Kufədən Mədinəyə yola düşdüm. İmamın (ə) hüzuruna çatdıqda qonşumun sözlərini ona çatdırdım. Buyurdu: «Kufəyə qayıdandan sonra o kişi sənin görüşünə gələcək. Ona deyərsən: “Cəfər ibni Muhəmməd dedi: Sən günahlardan əl çək ki, mən də sənin üçün behiştə zamin olum.”»
İşlərimi qurtardıqdan sonra Kufəyə qayıtdım. Camaat mənim görüşümə gəlirdi. Qonşum da gəldi. Hal-əhval soruşduqdan sonra getmək istədi. Mən işarə ilə ona oturmasını, onunla işim olduğunu başa saldım. Hamı getdikdən sonra ona dedim: «Mən sənin vəziyyətini İmam Cəfər Sadiqə (ə) dedim. Buyurdu: Kufəyə qayıtdıqdan sonra mənim salamımı ona çatdır və de: Sən günahlardan əl çək, mən də sənə cənnəti zamin olum.»
O Həzrətin (ə) qısa cümlələri bu kişinin qəlbinə elə təsir etdi ki, hönkür-hönkür ağlamağa başladı. Sonra mənə dedi: «Filankəs! Səni and verirəm Allaha, de görüm, doğrudanmı Cəfər ibni Muhəmməd belə dedi?» Mən and içib dediyim sözün eynilə imamın sözü olduğunu bildirdim. Dedi: Elə bu söz mənə kifayətdir.»
Bunu deyib evimdən çıxdı. Bir neçə gün ondan xəbərim olmadı. Bir gün mənə xəbər göndərdib onun yanına getməyimi və mənimlə işi olduğunu bildirdi. Xahişini qəbul edib onun evinə getdim, qapının arxasından məni səsləyib dedi: «Ey Əbu Bəsir! Yığdığım bütün haram mal-dövlətləri sahiblərinə qaytardım. Hətta paltarlarımı da çıxardıb vermişəm. İndi çılpaq halda qapının dalındayam. Ey Əbu Bəsir, mən imamın göstərişlərinə əməl etdim və bütün günahlardan əl çəkdim.»
Əbu Bəsir deyir. Qonşumun tövbə edib Allah dərgahına qayıtmasından sevindim və imamın sözünün təsirindən heyrətləndim. Evə qayıdıb bir qədər paltar, yemək hazırladım və onun üçün apardım. Bir müddətdən sonra yenidən məni çağırdı. Evinə getdikdə xəstə olduğunu gördüm. Bir müddət xəstə yatdı. Mən də daim onun vəziyyətini soruşmağa gedir, lazım olan köməkləri edirdim. Lakin müalicənin heç bir faydası olmurdu. Nəhayət bir gün vəziyyəti çox ağırlaşdı. Ehtizar (can verən insan) halına düşdü. Başı üstündə oturmuşdum. O da can üstündə idi. Birdən huşa gəlib dedi: “Ey Əbu Bəsir! İmam Cəfər Sadiq öz vədəsinə əməl etdi!” Bunu deyib həmişəlik gözlərini yumdu.
Bir müddətdən sonra həcc səfərində İmam Cəfər Sadiqin (ə) hüzuruna getdim. Bir ayağım dalanda, digər ayağım isə həyətdə ikən İmam (ə) buyurdu: “Ey Əbu Bəsir! Biz sənin qonşuna verdiyimiz əhdə vəfa etdik: onun üçün zamin olduğumuz behişti ona verdik.”[188]
Belə insanlar həmişə olmuş və hal-hazırda da vardır ki, qəti bir qərar, şücaətli bir tədbirlə əmmarə nəfsi məğlub edərək onun cilovunu əlinə alır və batini bir inqilabla nəfsini hər növ çirkinliklərdən təmizləyirlər. Deməli, bu yolu ötmək bizim hamımız üçün mümkündür.
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Adəti tərk etmək üçün öz nəfslərinizə qələbə çalın və onun istəkləri ilə mübarizə aparın. Bəlkə bu yolla nəfsinizi öz ixtiyarınıza keçirə biləsiniz.”[189]
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurur: “İbadətlərin ən yaxşısı adətlərə qələbə çalmaqdır.”[190]
İmam Məhəmməd Baqir (ə) buyurur: “Qiyamətdə üç gözdən başqa bütün gözlər ağlayar:
1.Gecələr Allah yolunda ayıq qalan gözlər.
2.Allah qorxusundan ağlayan gözlər.
3.Allahın haram buyurduğu şeylərdən yumulan gözlər.”[191]
İmam Cəfər Sadiq (ə) buyurur: “Allah-təala Musaya (ə) belə vəhy etdi: «Heç kəs Mənim dərgahıma haramlardan çəkinməklə yaxınlaşdığı qədər başqa bir yolla yaxınlaşa bilməz. Həqiqətən Ədn behiştini onlar üçün mübah edərəm və onlardan başqa şəxsləri oraya daxil etmərəm.”[192]
Əlbəttə, əmmarə nəfsini cilovlamaq və günahları tərk etmək ümumi halda asan iş deyildir. Lakin əgər bu barədə agahlıq, təfəkkür, aqibəti düşünmək, himmət və iradə olsa çox da çətin olmaz. Çünki bu barədə Allah tərəfindən də kömək olunur.[193]
3.Tədricən tərk etmək. Əgər günahları bir dəfəyə tərk etmək üçün himmət və bacarığımız yoxdursa bu əməli tədricən tərk etmək barədə qərara gələ bilərik. Əvvəlcə nümunə olaraq bir, yaxud bir neçə günahı tərk etməyə başlayır və bu işi o qədər davam etdiririk ki, onları tərk etmək barədə nəfsimizə qələbə çalaraq onların kökünü kəsə bilək. Bundan sonra həmin əməliyyatı digər bir və ya bir neçə günahla əlaqədar başlayır və ona qələbə çalana qədər davam etdiririk. Eyni halda tam ehtiyatlı olmaq lazımdır ki, tərk olunan günahlar yenidən təkrar olunmasın. Məlum olduğu kimi günahların tərk olunması ilə bərabər nəfsi-əmmarə və şeytan da zəifləyir. Qəlbdən hər bir şeytan çıxdıqca onun yerinə mələk keçir. Qəlbin səhifəsindən hər günah qaraltısı aradan getdikcə həmin qədər də onun ağlığı və nuraniliyi artır.
Bu minvalla günahların tərk edilməsini davam etdirir, nəfsi kamil saflaşdırır, nəfsani istəkləri kamil şəkildə cilovlayıb tam qələbəyə nail oluruq. Bu məsələ ilə əlaqədar elə bir həddə çatmaq olar ki, özümüzdə bütün günahların bir dəfəlik olaraq tərk edilməsinə qüdrət də görə bilərik. Bu halda biz fürsətlərdən istifadə etməli və bütün günahları bir dəfəlik tərk etməliyik. Şeytanı qəlbimizdən çıxarıb nəfsi-əmmarəni cilovlamaqla qəlbi Allah və Onun dərgahına məxsus olan müqərrəb mələklərə aid edərik. Əgər bu barədə çox çalışıb cihad etsək şübhəsiz qələbə çalacağıq. Nəfs ilə aparılan cihad eynilə düşmənlə aparılan mübarizəyə bənzəyir. Mücahid insan həmişə düşməni nəzarət altına alıb öz qüvvələrini düşmənin imkanları ilə müqayisə etməli, öz qüvvələrini gücləndirməli, fürsətlərdən istifadə edərək mümkün olan hər bir yolla düşmənə hücum etməli və onun ordusunu dağıtmalı, yaxud nəfs ölkəsindən çölə çıxarmalıdır.
HESABİMİZİ NECƏ ÇƏKƏK?
Nəfsin nəzarət altına alınaraq idarə edilməsi çox asan və sadə bir iş deyildir. Bu işdə tədbirə, bacarığa, səbrə, fəaliyyətə və ciddiyyətə çox ehtiyac vardır. Məgər nəfsi-əmmarə belə bir sadəliklə təslim olarmı? Məgər belə bir sadəliklə mühakiməyə çəkilməyə hazır olarmı? Məgər belə sadəlikdə hesabın cavabını verərmi?
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Hər kəs öz nəfsini tədbir və siyasətlə idarə etməsə onu zay etmiş olur.”[315]
Yenə buyurur: “Hər kəs öz nəfsinə aldansa nəfsi onu həlakətə salar.”[316]
Yenə buyurur: “Hər kəsin öz nəfsində oyaqlıq və agahlığı olsa Allah tərəfindən onun üçün bir keşikçi təyin edilər.[317]
Yenə buyurur: “Cihadı davam etdirməklə nəfsinizi öz mülkiyyətinizə keçirib öz ixtiyarınıza alın.”[318]
Nəfsin sorğu-suala çəkilməsi və ondan hesab alınması üç mərhələdə yerinə yetirilməlidir ki, tədricən ona adət etsin və təslim olsun.
1.Müşaritə (şərtləşmək). Nəfsdən hesab almağı bu yolla başlayırıq. Günün ilk saatlarında və gündəlik işlərimizə başlamazdan əvvəl müşaritə üçün müəyyən bir vaxt təyin edirik. Məsələn, sübh namazından sonra sakit bir yerdə oturub nəfsimizə xitab edərək deyirik: Mən indi diriyəm, lakin nə vaxta qədər sağ olacağım məlum deyildir. Bəlkə də bir saat, yaxud ondan bir az artıq diri qalam. Ömrümün keçən saatları tələf olmuşdur, lakin qalan saatları mənim sərmayəm hesab olunur. Hər bir saatda axirətim üçün yol ehtiyatı hazırlaya bilərəm. Əgər elə bu zaman əcəlim çatsaydı və Əzrail mənim ruhumu qəbz etmək üçün gəlsəydi nə qədər arzu edərdim ki, kaş ömrümə bir gün, hətta bir saat belə əlavə edilsin! Ey biçarə nəfsim! Fərz et ki, belə bir halda sənin istəklərin qəbul olundu və yenidən dünyaya qayıtdın, gör onda nə edəcəksən? Ey nəfs! Mənə və özünə rəhm et, bu saatları əbəs yerə tələf etmə. Səhlənkarlıq etmə, əks halda qiyamətdə peşman olacaqsan. O gündə artıq həsrətlərin heç bir faydası olmayacaqdır. Ey nəfs! Ömrümün hər saatı müqabilində Allah sənin üçün bir xəzinə qərar vermişdir ki, yaxşı və pis əməlləri orada ehtiyat edirlər. Onların nəticəsini də qiyamətdə görəcəksən. Ey nəfs! Çalış, xəzinələri saleh əməllərlə doldurasan. Ehtiyatlı ol ki, xəzinələri günah və məsiyətlə doldurmayasan!
Elə bu qayda ilə hər bir bədən üzvünə xitab edərək onlardan peyman alarıq ki, günaha mürtəkib olmasın. Məsələn, dilimizə xitabən deyirik: Yalan, qeybət, söz gəzdirmək, eyb axtarmaq, söyüş söymək, boş-boş sözlər danışmaq, camaata həqarət hissi ilə yanaşmaq, özünü tərifləmək, yersiz mübahisə aparmaq, yalandan şəhadət vermək və sair kimi rəzil əxlaqlardan və Allahın haram buyurduğu işlərdən çəkin, çünki bu işlər insanın axirət həyatını puç edir. Mən sənə bu işləri görməyə əsla icazə vermirəm. Ey dil! Özünə və mənə rəhm et, günahdan əl çək, çünki sənin bütün sözlərin əməl xəzinəsində qeydə alınacaqdır, mən də qiyamətdə onlara cavabdehlik daşımalıyam.
Beləliklə, dilimizdən əhd-peyman alırıq ki, günah işlərə düşməsin. Bundan sonra dilin görə bildiyi yaxşı əməlləri xatırladır və onu məcbur edirik ki, gün ərzində onları yerinə yetirsin. Məsələn, ona deyirik: Sən filan zikrlə, filan kəlamla əməl xəzinəsini nur və sevinclə doldura, qiyamətdə nəticəsini ala bilərsən. Bu işdən qafil olma, əks halda peşman olacaqsan.
Bu yolla bütün bədən üzvlərindən tək-tək əhd-peyman alırıq ki, günaha mürtəkib olmasın və yaxşı işlər görsün.
İmam Cəfər Sadiq (ə) öz atasından belə nəql edir: “Gecə gəlib çatan zaman elə car çəkir ki, cin və insanlardan başqa bütün varlıqlar onu eşidər. O, deyər: Ey Adəm övladları! Mən yeni bir məxluqam, mən də baş verən işlərə şəhadət verirəm, məndən istifadə edin. Gün çıxandan sonra artıq dünyaya qayıtmıram. Ondan sonra artıq məndə yaxşı işlər görüb onları artıra və pis işlərdən tövbə edə bilməzsiniz. Gecə keçib getdikdən və gündüz gəldikdən sonra gün də həmin kəlamla nida edər.”[319]
Şeytan və nəfsi-əmmarə də bizə belə deyə bilər: “Sən belə proqramlarla yaşaya bilməzsən! Axı sən bu qədər məhdudiyyətlə necə yaşaya bilərsən?! Məgər hər gün bir saatı hesab-kitab üçün ayıra bilərsənmi?
Şeytan və nəfsi-əmmarə bu cür vəsvəsələrlə bizi aldadaraq qəti qərara gəlməkdən yayındırmaq istəyir. Onların qarşısında ciddi müqavimət göstərib deməliyik ki, bu proqramların icrası tamamilə mümkündür və adi həyatla zidd deyildir. Bu işlər mənim öz nəfsimi paklaşdırmaqda və axirət səadətinə çatmaqda zəruri olduğundan onları mütləq yerinə yetirməliyəm. Çox da çətin deyildir. Sən iradə edib qəti qərara gəlsən, istədiyinə nail ola bilərsən. Əgər işin əvvəlində müəyyən qədər çətinlik olsa da əməl etməklə tədricən asanlaşacaqdır.
2.Müraqibət (nəzarət altında saxlamaq, muğayat olmaq). Əhd-peyman mərhələsindən sonra ona əməl etmək və davam etdirmək mərhələsi gəlib çatır. Gün ərzində nəfsimizi bütün hallarda nəzarət altına almalıyıq ki, bağladığımız əhd-peymana əməl edək. İnsan hər bir halda nəfsini nəzarət altına almalı, daim ayıq olmalıdır. Həmişə Allahı hazır və bütün əməllərinə nəzarətçi görməli, əhd-peymanını xatırlamalıdır. Çünki əgər bir anlığa qafil olarsa şeytan və nəfsi-əmmarə onun iradəsinə nüfuz edərək öz əhdinə əməl etməyin qarşısını ala bilər.
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Ağıllı o kəsdir ki, nəfsi ilə həmişə cihad edir, onun islah olunmasına çalışır, onun istəklərinin qarşısını alır və bu yolla onu öz mülkiyyətinə keçirir. Ağıllı insan öz nəfsinə nəzarət etməklə dünya və onda olanlardan bezar olacaqdır.”[320]
Yenə buyurur: “Hər kəs öz nəfsinin daxilində onun qarşısını alan bir şeyə malik olsa, Allah tərəfindən onun üçün bir mühafizəçi təyin olunar.”[321]
“Nəfsə etimad göstərib onun barəsində nikbin olmaq şeytanın ən möhkəm fürsətlərindən biridir.”[322]
İnsan nəfsini həmişə nəzarət altına almaqla Allahı xatırlayır və özünü Mütəal Allahın hüzurunda görür. Heç bir əməli əvvəlcədən təfəkkür etmədən yerinə yetirmir. Əgər hər hansı bir günaha düşərsə dərhal Allahı xatırlayır, qiyaməti yada salır və o işi tərk edir. Əhd-peymanı unutmaz və bu vasitə ilə öz nəfsini daim nəzarət altında və öz mülkiyyətində saxlayar, onu pisliklərdən, yaramaz işlərdən və çirkinliklərdən qoruyar. Bu proqram nəfsin saflaşdırılmasında və aludəliklərdən təmizlənməsində ən yaxşı vasitədir. Bundan əlavə gün ərzində öz nəfsini nəzarət altına alan insan daim öz vəzifəsini, vacibatları və müstəhəbləri yerinə yetirmək, xeyir əməllər və saleh işlər görmək fikrində olur. Çalışır ki, namazını fəzilətli vaxtında, hüzuri-qəlb və xüzu-xüşu ilə yerinə yetirsin və namazı elə qılsın ki, sanki axırıncı namazıdır. Hər bir halda və bütün işlərdə Allahı yad etsin. Boş vaxtlarını bihudə yerə tələf etməsin. Onlardan axirət işi üçün istifadə etsin. Ağıllı insan öz vaxtının qədir-qiymətini bilir, yaranan hər bir fürsətdən nəfsinin islah olunmasında istifadə edir və bu işdə ciddiyyət göstərir, bacardığı qədər müstəhəb əməlləri yerinə yetirir. Yaxşı olar ki, insan mühüm müstəhəblərin bəzilərini yerinə yetirməyi özünə adət etdirsin.
İnsan ixlas və qürbət qəsdi ilə bütün gündəlik işlərini ibadət və Allah dərgahına yaxınlaşmaq vasitəsi qərar verə bilər. Hətta ticarət və qazanc, işləmək, yemək, içmək, yatmaq, evlənmək və s. mübah işləri ixlas və niyyətlə ibadətlərin cərgəsinə keçirə bilər. Qazanc və ticarət əgər halal ruzi qazanmaq və Allah bəndələrinə xidmət etmək məqsədilə olsa ibadətdir. Həmçinin yemək, içmək, istirahət etmək həyatını davam etdirmək vasitəsilə Allaha bəndəlik etməkdən ötrü yerinə yetirilsə yenə də ibadət hesab olunur. Allahın xalis bəndələri həmişə belə olmuşlar.
3.Mühasibə (əməllərin haqq-hesabı). Üçüncü mərhələ gündəlik əməlləri təftiş edib hesablamaqdır. İnsan gündəlik əməllərin hesabını aparmaq üçün müəyyən bir saat təyin etməlidir. Yaxşı olar ki, bu saat yatmaq vaxtı, bütün işlərdən ayrıldığı vaxt olsun. Həmin saatda xəlvət bir yerə çəkilib gizlində gün ərzində gördüyü işlər barəsində fikirləşsin. Tərtiblə birinci saatlardan başlasın. Əməllərini dəqiq şəkildə, günün axır saatlarına qədər hesaba gətirsin. Əgər ön saatlarda xeyir işlərə və ibadətə məşğul olmuşsa, Allaha onu bu işə müvəffəq etdiyinə görə şükr etsin, onları davam etdirmək qərarına gəlsin.
Əgər günaha batmışsa nəfsini danlayaraq ona xitab etsin və desin: Ey bədbəxt nəfs! Nə etmisən?! Nə üçün əməl dəftərini günahla qaraltmısan? Qiyamətdə Allahın cavabını necə verəcəksən? Axirətin dərdli əzabları ilə neyləyəcəksən? Allah sənə ömür, salamatlıq və imkanlar vermişdir ki, axirət üçün yol ehtiyatı tədarük görəsən, sən isə onu günahla doldurursan! Məgər ehtimal vermirsənmi ki, elə bu saat əcəlin gəlib çatar? O halda nə edəcəksən? Ey həyasız nəfs! Nə üçün Allahdan xəcalət çəkmirsən? Ey yalançı! Ey münafiq! Sən Allaha iman gətirdiyini, qiyamətə inandığını iddia edirsən, amma nə üçün əməldə belə deyilsən?
Sonra tövbə edib qərara alsın ki, bir daha günah işə mürtəkib olmayacaq və keçmiş günahlarını da bərpa edəcək.
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Hər kəs öz nəfsinin günah və eyblərini məzəmmət etsə günaha düşməkdən uzaq olar.”[323]
Əgər nəfsin tüğyan və inadkarlıq etdiyini, günahı tərk və tövbə etməyə hazır olmadığını görsə nəfsi-əmmarəyə qarşı müqavimət göstərməlidir. Bu barədə əməli surətdə icra olunan tənbehlərdən istifadə edə bilər. Məsələn, əgər haram yemək yemişsə, yaxud başqa bir günah iş görmüşsə, onun əvəzində müəyyən miqdarda malı Allah yolunda infaq etsin, bir, yaxud bir neçə gün oruc tutsun, müvəqqəti olaraq ləzzətli yeməklər yeməkdən, sərin su içməkdən, nəfsin istədiyi sair ləzzətli işlərdən çəkinsin. Yaxud bir saat qızmar günün altında dayansın. Hər bir halda nəfsi-əmmarənin qarşısında zəiflik göstərmək olmaz. Əks halda o, insana hakim olur və insanı həlakətə, tənəzzülə doğru çəkir. Amma sən onun müqabilində müqavimət göstərsən, hökmən təslim olacaqdır.
Əgər o saatda nə bir xeyir iş görmüş və nə də günaha batmışsa, yenə də nəfsini danlayıb desin ki, ömür sərmayəsi olan bu saatı necə hədərə verdin?! Sən bu saatlarda saleh bir iş görüb axirətin üçün ehtiyat toplaya bilərdin, ey ziyankar, ey bədbəxt! Nə üçün bu dəyərli fürsəti əldən verdin? Həsrət və peşmançılığın faydalı olmadığı bir gündə peşman olacaqsan!
Beləliklə, bir şərik kimi tam diqqətlə gündəlik işlərin hamısını nəfsdən hesab çəkib onu cəzalandır. Əlbəttə, mühasibənin nəticəsi bir dəftərdə qeyd olunsa daha yaxşıdır.
Ümumiyyətlə, müraqibə və mühasibə nəfsin paklaşdırılmasında zəruri və faydalı bir iş hesab olunur. Səadət istəyən hər bir insan bu məsələlərə diqqət yetirməlidir. İlk əvvəldə çətin nəzərə çarpmasına baxmayaraq, insan qəti qərara gəlib bu sahədə müqavimət göstərsə bu işlər onun üçün tezliklə asanlaşacaq, nəfsi-əmmarə nəzarət altına alınacaqdır.
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Sizə ayıqların ən ayığının və axmaqların ən axmağının kim olduğunu deyimmi? Ərz etdilər: Ey Allahın Rəsulu buyurun. Buyurdu: «Camaatın ən ayığı odur ki, öz nəfsinin hesaba çəksin, ölümdən sonrakı günlər üçün saleh əməl görsün. Axmaqların ən axmağı o kəsdir ki, həvayi-nəfsə tabe olsun və uzun-uzadı arzulara məşğul olsun.»
Bir kişi ərz etdi: Ey Allahın Rəsulu, nəfsin hesabını necə çəkmək olar? Həzrət buyurdu: «Gün axıra çatanda, gecə olanda öz nəfsinə müraciət edərək de: Ey nəfs! Bu gün də gəlib keçdi. Artıq o, qayıtmayacaqdır. Allah bu gün barəsində səndən sual edəcəkdir ki, onu hansı yollarda sərf etdin və onda nə iş gördün? Allahın həmd-sanasını və zikrini yerinə yetirdinmi? Mömin qardaşının haqqını əda etdinmi? Onun qəlbindən qəm-qüssəni dağıtdınmı (onu sevindirdinmi)? Onun olmadığı yerdə ailəsinə və övladlarına baş çəkdinmi? Ölümündən sonra onun ailəsi barəsində olan haqqına riayət etdinmi? Mömin qardaşının qeybəti olunduğu zaman onu öz abır-heysiyyətinlə müdafiə etdinmi? Bir müsəlmana kömək etdinmi? Bu gündə nə etdin? Sonra yerinə yetirdiyi işlərin hamısını bir-bir xatırla. Əgər xeyir iş görmüş olsan Allaha səni bu işə müvəffəq etdiyinə görə həmd-səna et. Əgər günaha düşdüyünü görsən tövbə et və sonralar bir daha o günaha düşməyəcəyin barədə özünə söz ver. Peyğəmbərə və onun Əhli-beytinə salavat göndərməklə günah aludəliklərini nəfsindən təmizlə, Əmirəl-möminin Əliyyibni Əbitaliblə (ə) beyəti öz nəfsinə təlqin et, düşmənlərinə lənət göndər. Əgər bəndə belə edərsə Allah ona buyurar: «Mən qiyamət hesabında səninlə münaqişə etməyəcəyəm. Çünki Mənim övliyalarımla dostluq etdin, düşmənlərim ilə düşmən oldun.”[324]
İmam Musa ibni Cəfər (ə) buyurur: “Hər gün öz nəfsinin hesabına çatmayan şəxs bizdən deyildir. Əgər yaxşı iş görmüş olsa Allahdan daha artıq müvəffəqiyyət istəsin. Əgər günaha batmışsa istiğfar və tövbə etsin.”[325]
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Əbuzərə buyurdu: “Aqil insan öz saatlarını bölməlidir: Bir saatı Allahla münacata aid etməli, bir saatını nəfsin hesabına yetişməyə ayırmalı, bir saatını da Allahın ona əta etdiyi şeylərdə təfəkkürə sərf etməlidir.”[326]
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Öz nəfsinizi, onun əməlləri barəsində hesaba çəkin. Vacibatı yerinə yetirməyi ondan tələb edin. Ondan istəyin ki, fani dünyadan istifadə etsin, axirət üçün ehtiyat göndərsin və o səfərdən qabaq ona hazırlaşsın.”[327]
Yenə buyurur: “İnsan üçün çox mühümdür ki, özü üçün müəyyən bir saatı təyin etsin. Bütün işləriini qurtardıqdan sonra öz nəfsi ilə haqq-hesab çəksin. Fikirləşsin ki, keçən bu gecə-gündüz ərzində hansı yaxşı və faydalı işləri görmüş, hansı pis və ziyanlı işlərə mürtəkib olmuşdur.”[328]
Həzrət yenə buyurur: “Öz nəfsinlə cihad et və bir şərik kimi onu mühasibəyə çək, borc sahibi kimi ilahi hüquqların əda olunmasını ondan istə. Çünki camaatın ən xoşbəxti o kəsdir ki, nəfsi ilə mühasibə etsin.”[329]
Yenə buyurur: “Hər kəs öz nəfsini hesaba çəksə onun eyblərini anlayar və günahlarını dərk edər. Sonra öz günahlarından tövbə edərək onun eyblərini islah edər.”[330]
İmam Cəfər Sadiq (ə) buyurur: “Qiyamətdə sizin hesabınıza yetişməzdən qabaq elə bu dünya da öz hesabınıza yetişin. Çünki, qiyamətdə əlli dayanacaqda bəndələrin hesabına yetişiləcək, hər dayanacaq isə min il çəkəcəkdir. (Sonra bu ayəni oxudu:) “Elə bir gündə ki, onun miqdarı əlli min ildir.”[331]
Sonda bunu qeyd etmək lazımdır ki, insan nəfsdən hesab çəkən zaman ona etimad etməməli, ona nikbin olmamalıdır. Çünki, nəfs aldadıcı və insanı pis işlərə əmr edəndir. O, yüzlərlə hiylə və fırıldaqla yaxşını pis, pisi isə yaxşı kimi qələmə verir, insanın öz vəzifəsini layiqincə tanıyıb əməl etməsinə mane olur, günaha mürtəkib olmağa və adəti tərk etməməyə bəraət qazandırır, günahları unutdurub kiçik göstərir, böyük ibadətləri kiçik, kiçik ibadətləri böyük hesab edir və insanı məğrurluğa düçar edir, ölümü və qiyaməti insanın yadından çıxardır, uzun-uzadı ümid və arzuları gücləndirir, mühasibəni çətin, hətta əməl olunması mümkün olmayan, bəzən də qeyri-zəruri bir iş kimi qələmə verir. Buna görə də, insan nəfsə bədbin olmaqla onu mühasibəyə çəkməli, hesab çəkərkən tam diqqətli olmalı, münaqişə etməli, şeytanın və nəfsin bəhanələrinə məhəl qoymamalıdır.
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Həqiqətən zikr üçün onun öz əhli vardır ki, onu (zikri) dünyanın əvəzində götürmüşlər. Ticarət və müamilə onları Allahı yad etməkdən saxlamır, günlərini Allaha zikrlə keçirir, günahları haram edən ayə və rəvayətləri qafillərin qulağına oxuyurlar. Ədalətə çağırır, özləri də ona əməl edirlər. Pis işlərdən çəkindirib özləri də onlardan çəkinirlər. Sanki, dünyanı ötüb keçmiş, axirətə çatmışlar və dünyanın fövqündə olan şeyləri müşahidə edirlər. Sanki, bərzəx əhlinin qeyb vəziyyətlərindən agahdırlar, qiyamət və onun vədələri onlara gerçəkləşmişdir. Qeyb pərdələrini dünya əhli üçün qaldırarlar. Elə şeyləri görərlər ki, adi camaat onları müşahidə etməz, elə şeyləri eşidərlər ki, başqaları eşitməzlər. Onlar, öz gündəlik əməl namələrini açmış və əməllərinin mühasibəsi üçün oturmuşlar. Onlara əmr olunan hər kiçik və böyüyün yerinə yetirilməsində təqsirə yol vermişlərsə, yaxud qadağan olunmuş işlər görmüşlərsə onları hesaba gətirərlər. Hamının günahını öz çiyinlərinə çəkir və lakin özlərini isə həmin günahları yerinə yetirməkdən aciz bilirlər. Nalə və ağlamaqları ucalır, bu vasitə ilə Haqqın dərgahında öz peşmançılıqlarını bildirirlər. Onların hidayət nişanələri və qaranlıqlarda çıraqlar olduğunu görərsən. Mələklər onların ətrafını əhatə etmişlər. Onlara ilahi xatircəmlik və aramlıq nazil olmuşdur. Asimanın qapıları onlar üçün açılmış, kəramət məqamları onlar üçün hazırlanmışdır.”[332]

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ədalətə iqtisadi cəhətdən baxış:
10 HƏDIS (19)
İZDIVAC ASTANASINDA YERSIZ XƏRCLƏR
QАDININ CӘMİYYӘTDӘ İŞTİRАKI
İblis səcdə etmədi!
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
UŞAQ TƏRBİYƏSİNİN ƏASLARI
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!

 
user comment