Azəri
Friday 29th of March 2024
0
نفر 0

NƏFSİN NƏZARƏT ALTİNDA SAXLANMASİ VƏ QƏLƏBƏ


İnsanın bütün pis və yaxşı hərəkət, danışıq və əməllərinin mənşəyi onun nəfsidir. Əgər nəfs islah olunarsa insanın dünya və axirəti təmin və abad olunar. Əgər fəsada, əxlaqsızlığa adət edərsə bütün pisliklərin mənşəyi olacaq, dünya və axirətdə insanı fəlakətə sürükləyəcəkdir. Əgər insaniyyət yolunda qədəm götürərsə Allah dərgahına yaxın olan mələklərdən də daha artıq yüksələ bilər. Yox əgər şərif insaniyyət gövhərini görməməzliyə vuraraq heyvaniyyət yolunda qədəm götürərsə heyvanlardan da alçaq olar, hətta şeytanlıq məqamına qədər süqut edər. Bu iki yoldan hər birini ötməkdə lazım olan səbəb və vasitələr insanın daxilində mövcuddur. Onun həm əqli vardır və fitri olaraq əxlaqi fəzilətləri, insani keyfiyyətləri istəyir, həm də bir heyvan kimi heyvani qüvvələrə və qərizələrə də malikdir. Amma heyvani qərizələr, qüvvələr və meyllərin də tamamilə batil və ziyanlı olması, insanı süquta çəkməsi düşünülməməlidir. Əksinə, onların varlığı insan həyatı üçün zəruridir. Əgər onlardan düzgün istifadə olunarsa insanın təkamülü və Allah dərgahına yaxınlaşması yolunda kömək olur.
Amma əsas çətinlik bundan ibarətdir ki, heyvani istəklər və təmayüllər heç bir müəyyən həddə dayanmır və başqalarını nəzərə almır. Nə insani istəklərə diqqət yetirir, nə də sair qərizələri nəzərə alır. Əksinə, hədəfi yalnız onları tam mənada təmin etməkdən ibarətdir. Bundan başqa heç bir hədəfi yoxdur. Yemək-içməyə, cah-cəlala, məqama, şan-şöhrətə, vəzifəyə, rəisliyə və mal-dövlətə məhəbbət, güzəranda eyş-işrətdən və firavanlıq kimi şeylərdən ləzzət almaq, qəzəb və intiqamçılıq kimi xüsusiyyətlər heç bir həddə dayanmır, onlardan hər biri tamam-kamal surətdə təmin olunmağı tələb edir. Buna görə də insanın nəfsi həmişə müxtəlif qərizələrin çarpışmasına meydan yaradır. Onda heç vaxt aramlıq və sükunət yoxdur. Onlardan hansı biri qələbə çalsa nəfsi özünün kamil əsarəti altına alacaqdır.
Lakin bu çarpışma əsnasında əql çox mühüm mövqeyə və qüdrətə malik olur. O, şəriətin göstərişlərindən istifadə edərək nəfsani qərizələri, meylləri və istəkləri nəzarət altına ala bilər, onları mötədil hala salaraq baş verəcək təfrit və ifratın qarşısını ala bilər, hakimiyyət məqamını ələ keçirərək qərizə və istəklərin arasında müvazinət yarada bilər. Bununla da “nəfs ölkəsini” hərc-mərclikdən, tüğyançılıqdan qurtararaq insaniyyətin düzgün yoluna və Allah dərgahına doğru seyr-süluka hidayət edə bilər.
Amma əqlin hakimiyyət tapması o qədər də asan deyildir. Çünki o, çox güclü, hiyləgər və aldadıcı düşmənlə qarşı-qarşıya durur. “Nəfsi-əmmarə” adlanan bu düşmən həddindən artıq bəhanə gətirir. Onu himayə edən çoxlu köməkçiləri də vardır.
Allah-təala Quranda buyurur: “Nəfs insanı daim pis yollara (ketməyə) əmr edir, yalnız Pərvərdigarımın rəhm etdiyi şəxslərdən başqa.”[152]
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Sənin ən böyük düşmənin iki böyrün arasında yerləşən nəfsindir.”[153]
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Əql və şəhvət biri-birinə ziddir. Elm əqli, həvayi-nəfs isə şəhvəti himayə edir. Nəfs bu iki qüvvənin çəkişdiyi, mübarizə apardığı meydandır; onlardan hər biri digərinə qələbə çalsa nəfsi öz ixtiyarına keçirir.”[154]
Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurur: “Şər və pislik hər bir nəfsin daxilində gizlənmişdir. Əgər sahibi ona qələbə çalsa gizlənər, qələbə çalmazsa aşkar olar.”[155]
Deməli, əql çox gözəl hakimdir. Amma onun müəyyən qədər köməyə, həmkarlığa ehtiyacı vardır. Əgər bu batini çarpışmada əqlin tərəfini saxlasaq, nəfsani istəklərə, şəhvətlərə və həvayi-nəfsə həmlə etsək “bədən ölkəsinin” idarə olunmasını əqlin ixtiyarına vermiş oluruq. Bunun ardınca da böyük nailiyyətlərə, qələbələrə çatırıq. Bunu da şəriət, təriqət və həqiqət rəhbərləri – Peyğəmbəri-Əkrəm (s.ə.v.v), onun pak və ismətli Əhli-beyti (ə) bizdən istəmiş, bu barədə çoxlu təkidli göstərişlər vermişlər.
Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Ehtiyatlı olun, şəhvətlər (həvayi-nəfs) sizin qəlblərinizə qələbə çalmasın. Çünki o, əvvəlcə sizi öz mülkiyyətinə keçirir, axırda isə sizi həlakətə salır.”[156]
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Hər kəs özünün nəfsani istəklərini öz mülkiyyətinə (ixtiyarına) keçirməsə, öz əqlinin də maliki olmayacaqdır.”[157]
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Nəfsani istəklərin qələbə çalması ən böük həlakət (bədbəxtçilik), (insanın) ona qələbə çalması isə malikiyyətlərin ən yaxşısıdır.”[158]
İmam Cəfər Sadiq (ə) buyurur: “Hər kəs rəğbət, qorxu, şəhvət, qəzəb və razılıq anlarında öz nəfsinə hakim olsa Allah cəhənnəm odunu onun bədəninə haram edər.”[159]
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: «Öz nəfslərinizə hakim olun və onu günahlardan çəkindirin ki, itaətə doğru çəkmək asan olsun.”[160]
Deməli, nəfsə hakim kəsilib onun istəklərini nəzarət altına almaq nəfsin saflaşdırılması üçün zəruri və həyati bir məsələdir. İnsanın nəfsi hələ minilməyən və ipə-sapa yatmayan inadkar bir ata bənzəyir: əgər riyazət vasitəsilə ram olub cilovlanarsa ona minib istifadə etmək olar. Amma əgər ram olmazsa və istədiyi hər tərəfə hərəkət edərsə insanı uçuruma salar. İnadkar və ipə-sapa yatmayan nəfsin ram edilməsi də çox çətindir. O, əvvəlcə sənin qarşında ciddi müqavimət göstərəcəkdir. Lakin sən də müqavimət göstərsən axırda təslim olacaqdır. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Əgər nəfsin sənin qarşında inadkarlıq göstərsə (tərslik edərsə) və təslim olmazsa sən də onun qarşısında ciddiyyət göstər ki, sənin üçün zəlil və ram olsun. Onunla hiyləgərliklə rəftar et ki, özünə itaət etdirə biləsən.”[161]
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurur: “Nəfsani istəklər və şəhvətlər öldürücü xəstəliklərdir. Onların ən yaxşı müalicəsi də onların qarşısında səbr edib müqavimət göstərməkdir.”[162]
NƏFS İLƏ CİHAD
Nəfs bizim ən böyük düşmənimizdir. Daim əql ilə mübarizə aparır. O, şeytanın vəsvəsələrindən ilham alıb öz ordusu ilə əqlə hücum edir ki, onun nurunu söndürsün və ona qalib gəlsin. Əsas məqsədi də bundan ibarətdir ki, mələkləri nəfs ölkəsindən çıxarıb onu işğal etsin və kamil şəkildə şeytanların ixtiyarına versin. Çoxlu üzr gətirən və bəhanə axtaran bu düşməni məğlub etmək o qədər də asan iş deyildir. Bu iş üçün tam qətiyyətli olmaq, güclü müqavimət göstərmək, hətta cihad aparmaq belə lazım gəlir. Özü də bir-iki dəfə, bir-iki gün, yaxud bir-iki il deyil, insan ömrünün axırına kimi davam etdirilməli bir cihaddan, ciddi mübarizədən ibarətdir. Nəfsin və onun istəklərinin cilovlanması, qərizələrin nəzarət altına alınması üçün çox ciddi mübarizə aparmalıyıq. Biz Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) və məsum imamların (ə) fərmanlarından ilham almalı, əqlə və onun qoşununa gömək etməli, nəfs təcavüzlərinin və yersiz əməllərinin qarşısını almalı, müqavimət göstərib onun ordusunun kökünü kəsməliyik ki, əql bədən ölkəsinə hakim olsun, şəriət göstərişlərindən ilham almaqla bizi insaniyyətin kamal yolunda qərar versin və Allah dərgahına yaxınlaşdırsın.
Nəfslə heç vaxt sülh və saziş etmək olmaz: onu məğlub edincəyə və öz yerində oturduncaya qədər həmişə onunla mübarizə aparmalıyıq ki, özünün hiyləgərlik işlərindən əl çəksin. Səadətə çatmaq üçün bundan başqa bir yol yoxdur. Buna görə də “nəfslə mübarizə” barəsində olan hədislərdə “nəfs ilə cihad” ifadəsi gözə dəyir. Nümunə olaraq Əmirəl-möminin Əliyyibni Əbitalibin (ə) kəlamlarından bəzilərini nəql edirik.
Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Cihadı davam etdirməklə öz nəfsinizə hakim kəsilin.”[163]
Yenə buyurur: “Nəfsin istəklərinə, həvayi-nəfsə qələbə çalın və onunla mübarizə edin. Çünki əgər o, sizi zəncirə çəkə bilsə həlakətin ən alçaq dərəcələrinə sürükləyəcəkdir.”[164]
Yenə buyurur: “Agah olun (və bilin ki, nəfs ilə) cihad elə bir nemətdir ki, onun vasitəsilə behişt qazanılır. Belə isə hər kəs öz nəfsi ilə cihad etsə və ona qalib gəlsə behişt (yaxud, nəfsin özü) onun qüdrətini tanıyan kəs üçün ən yaxşı mükafatdır.”[165]
Yenə buyurur: “Düşmən öz düşməni ilə cihad apardığı kimi siz də nəfs ilə cihad edərək onu Allaha itaət etməyə vadar edin. Zidd öz ziddinə qələbə çaldığı kimi, siz də ona qələbə çalın. Çünki camaatın ən güclüsü o kəsdir ki, öz nəfsinə qələbə çalmış olsun.”[166]
Yenə buyurur: “Aqil o kəsdir ki, öz nəfsi ilə mübarizəyə – cihada məşğul olsun, onu islah etsin, həvəslərdən və ləzzətpərəstlikdən saxlasın, bunun vasitəsilə onu cilovlasın və öz nəzarəti altına salsın. Həqiqətən ağıllı və aqil insan öz nəfsinin islahına o qədər məşğuldur ki, dünyaya, onda olanlara və dünya əhlinə diqqət yetirməz (əhəmiyyət verməz).”[167]
Nəfs ilə cihad müqəddəratı həll edən mühüm bir mübarizədir. Belə ki, bizim necə yaşamağımız, dünya və axirətdə necə olmağımız, hətta bizim nə olmağımız belə, ona bağlıdır. Əgər biz cihad ilə nəfsimizi məğlub etməsək, onu cilovlamasaq o bizi məğlub edərək istədiyi tərəfə sürükləyəcəkdir. Əgər biz onu əsarət altına almasaq o bizi əsir və özünə qul edəcəkdir. Əgər biz onu gözəl əxlaqlara və insani davranışlara vadar etməsək o bizi çirkin işlərə və yaramaz hərəkətlərə vadar edəcəkdir.
Deməli, nəfs ilə cihad Allah dərgahına seyr edənlərin öhdəsinə qoyulan ən mühüm və ən çətin vəzifədir. İnsan bu yolda nə qədər qüvvə sərf eləsə, yenə də dəyərlidir.
ƏN BÖYÜK CİHAD
Nəfs ilə cihad etmək o qədər mühümdür ki, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) onu “ən böyük cihad” (“cihadi-əkbər”) adlandırmışdır və hətta silahlı cihadlardan da böyük və əhəmiyyətli bir məsələ kimi təqdim etmişdir.
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) nəql edir ki, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) böyük bir ordunu düşmənlə müharibəyə göndərdi. Onlar (qələbə çalıb) müharibədən qayıtdıqda buyurdu: “Əhsən o kəslərə ki, kiçik cihadı yerinə yetirdilər, lakin onların qarşısında daha böyük bir cihad da durur.” Soruşdular: «Ya Rəsuləllah! Ən böyük cihad hansıdır?» Buyurdu: “Nəfs ilə olan cihad.”[168]
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Cihadların ən yaxşısı o kəsin cihadıdır ki, iki böyrü arasında yerləşən nəfsi ilə etmiş olsun.”[169]
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Həzrət Əliyə (ə) vəsiyyət edərkən buyurdu: “Ya Əli! cihadların ən yaxşısı o kəsin cihadıdır ki, gecəni bir kəsə zülm etmək qəsdi olmadan sübh etmiş olsun.”[170]
Bu hədislərdə nəfs ilə cihad ən böyük və ən fəzilətli cihad kimi təqdim olunur. Bu, hətta Allah yolunda aparılan cihadlardan belə fəzilətli və üstündür. Allah yolunda aparılan cihadın ən yaxşı ibadət və son dərəcə böyük fəzilətə malik olmasına diqqət yetirməklə nəfs ilə aparılan cihadın əhəmiyyət və dəyəri aydın olur. Nəfs ilə cihadın ən üstün cihad olmasını üç yöndən araşdırırıq:
Birinci. Hər bir ibadətdə, hətta Allah yolunda aparılan silahlı mübarizədə belə, nəfs ilə cihada iki yöndən ehtiyac vardır. Əvvəla, ibadətin özünün kamil şəkildə və bütün şərtləri ilə yerinə yetirilməsində nəfs ilə cihada ehtiyac vardır. Görəsən, namazı «möminin meracı» olacaq və «insanı çirkin işlərdən çəkindirəcək» dərəcədə hüzuri-qəlb ilə, bütün şəraitlərinə riayət etməklə qılmaq cihad və səy olmadan mümkün ola bilərmi?
Görəsən, «orucun cəhənnəm odundan bir sipər olacağı» dərəcədə kamil bir şəkildə tutulması nəfs ilə cihad olmadan mümkündürmü? Görəsən, nəfs ilə cihad olmadan mücahid bir insan müharibə meydanında öz canından keçərək islam düşmənlərilə yaxşı mübarizə apara bilərmi? Sair ibadətlərdə də məsələ eynilə belədir.
İkincisi, hər bir ibadət Allah tərəfindən yalnız o zaman qəbul olunur və bəndənin Allah dərgahına yaxınlaşmasına səbəb olur ki, yalnız Allahın razılığı üçün yerinə yetirilsin, hər növ şirkdən, riyadan, xudbinlikdən və s. kimi nəfsani məqsədlərdən pak və xalis olsun. Belə bir iş də nəfslə cihad olmadan əsla mümkün deyildir. Hətta silahlı mübarizə və şəhadət də o zaman dəyərə malik olur və insanın Allah dərgahına yaxınlaşıb təkamülə çatmasına səbəb olur ki, tam mənada Allahın razılığı və tövhid kəlməsinin yüksəldilməsi məqsədilə olsun. Lakin əgər bu böyük ibadət şan-şöhrət qazanmaq, düşməndən intiqam almaq, yaxud insanın adının tarixdə əbədi qalması, özünü göstərmək, riyakarlıq, məqam kəsb etmək, həyat çətinliklərindən xilas olmaq, yaxud sair nəfsani qərəz və məqsədlər xatirinə olsa heç bir mənəvi dəyərə malik olmayacaq, insanın Allah dərgahına yaxınlaşması amili sayılmayacaqdır. Deməli, nəfs ilə aparılan cihad bütün ibadət və xeyir əməllərdən, hətta Allah yolunda aparılan cihaddan belə üstündür, çünki onların hamısının düzgünlüyü və kamilliyi nəfs ilə aparılan cihada bağlıdır. Məhz buna görə də nəfs ilə aparılan cihad “ən böyük cihad” adlandırılmışdır.
İkinci. Silahlı cihad xüsusi zaman və şəraitlərlə vacib olur. Bundan əlavə o vacibi-eyni deyil, kifaidir. Yəni, bəzilərinin bu cihada getməsi ilə başqalarının öhdəsindən götürülür. Bəzi dövrlərdə bu kimi cihad, ümumiyyətlə vacib deyildir. Vacib olduğu təqdirdə də vacibi-kifaidir. Yəni əgər lazımi qədər əsgər iştirak edərsə və başqalarına ehtiyac olmazsa onların üzərində olan öhdəçilik götürülür. Bundan əlavə qadınlara, qocalara, acizlərə və xəstələrə də vacib deyildir. Amma nəfs ilə aparılan cihadda məsələ belə deyildir. Bütün dövrlərdə, bütün şərait və zamanlarda hər bir şəxsə vacibi-eynidir və həyatın axır anlarına qədər davam etdirilməlidir. Məsumlardan başqa heç kəs heç vaxt ondan ehtiyacsız deyildir.
Üçüncü. Nəfs ilə aparılan cihad bütün ibadətlərdən, hətta mücahidlərin öz canlarını təhlükəyə qoyub şəhadət məqamına çatmaq istədikləri silahlı mübarizədən belə üstündür. Çünki haqqın qarşısında qeydsiz-şərtsiz təslim olmaq və bir ömür nəfsani istəklərlə mübarizə apararaq təkamülün düzgün yolunda irəliləmək insanın bir neçə gün cihad meydanında islam düşmənləri ilə döyüşərək axırda şəhadət məqamına çatmasından qat-qat çətindir. Nəfs ilə mübarizə o qədər çətindir ki, nəfs ilə ağır, davamlı döyüş aparmadan, ağır çətinliklərə sinə gərmədən və Allah tərəfindən inayət və kömək olmadan mümkün deyildir. Buna görə də namazlarda təkrar deyirik: “İhdinəssiratəl-mustəqim” («Pərvərdigara, bizi düzgün yola hidayət et.») Düzgün təkamül yolunu ötmək o qədər çətin və zərifdir ki, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) də daim belə dua edərdi: “İlahi bir göz qırpımı belə, məni öz nəfsimə həvalə etmə!”
CİHAD VƏ ALLAHİN KÖMƏYİ
Nəfslə cihadın çox çətin olmasına, müqavimət, səbr, ardıcıl nəzarət və ayıqlığı tələb etməsinə baxmayaraq hər bir halda mümkün və insanın səadəti üçün tam zəruri bir işdir. Əgər insan bu məqsədlə qəti qərara gəlib işə başlasa Allah tərəfindən də köməklər gələcəkdir. Allah Quranda buyurur: “O kəslər ki, Bizim yolumuzda cihad edərlər, Biz onları Öz yolumuza hidayət edib onlara yol göstərərik.”[171]
İmam Cəfər Sadiq (ə) buyurur: “Xoş olsun o bəndənin halına ki, Allahın razılığı üçün öz nəfsi və onun (nəfsin) istəkləri ilə cihad etsin. Hər kəs öz nəfsinin istəklərinin ordusuna qələbə çalsa Allahın razılığını qazanar. Hər kəs Allah qarşısında cihad, bəndəçilik və xüzu ilə əqlini nəfsi-əmmarəyə qonşu qərar verərsə böyük səadətə nail olacaqdır. Bəndə ilə Pərvərdigar arasında əmmarə nəfsi və onun istəklərindən də qaranlıq və dəhşətli bir hicab (pərdə) yoxdur. Onların kökünün kəsilməsində isə Allaha ehtiyac (hissi), xüşu, gündüzdə aclıq və susuzluqdan (oruc tutmaqdan), gecə isə ibadət etməkdən yaxşı bir silah yoxdur. Belə şəxs ölərsə dünyadan şəhid kimi köçmüş olar. Əgər diri qalarsa Allahın ən böyük rizvan (razılıq) məqamına çatar. Allah Quranda buyurur: “O kəslər ki, Bizim yolumuzda cihad edərlər Biz onları Öz yolumuza hidayət edərik, Allah yaxşı əməl sahibləri ilədir.” Əgər nəfsi ilə cihad edən bir şəxsin öz nəfsinin islah olunmasında səndən artıq səy göstərdiyini görsən öz nəfsini danlayıb tənbih et və onu daha artıq nəzarət altına alınmağa rəğbətləndir. Allahın əmr və nəhylərinin vasitəsilə nəfs üçün bir cilov düzəlt. Eynilə dəcəl uşağı tərbiyə etmək istəyən şəxs kimi öz nəfsini yaxşı işlərə doğru sövq et. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) o qədər namaz qılırdı ki, mübarək ayaqları şişirdi. O Həzrət (s.ə.v.v.) bu işə etiraz edənlərin cavabında buyururdu: “Allahın şükr edən bəndəsi olmamalıyammı?!” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) ibadətdə ciddiyyət göstərib səy etmək üçün öz ümmətinə dərs verirdi. Deməli riyazət, ibadət və cihad yolunda heç vaxt qafil olmamalı və bilməlisən ki, ibadətin şirinliyini və onun bərəkətlərini müşahidə etsən, qəlbini onun nuru ilə nuraniləşdirsən elə (yüksək mənəvi) vəziyyətdə olacaqsan ki, hətta səni tikə-tikə doğrasalar da bir anlıq belə o namazdan əl çəkməyəcəksən. Deməli, ibadətdən yalnız o kəslər üz döndərər ki, günahdan çəkinmək və yaxşı işlərdə müvəffəqiyyət qazanmaq müsabiqəsinin faydalarından məhrum olsun.” [172]
Cihad ilə nəfs eynilə silahlı cihad kimidir; düşmənə nə qədər zərbə vurulsa və ordu vasitəsilə səngərlər nə qədər fəth edilsə düşmən də həmin miqdar da zəifləyəcək, cihad edənin ordusu bir o qədər güclənəcək və sonrakı zərbələr və fəthlər üçün daha hazırlıqlı olacaqdır. Bu da Allahın qoyduğu ümumi bir qanundur: “Əgər siz Allaha kömək etsəniz O da sizə kömək edəcək və qədəmlərinizi sabit edəcəkdir.”
Nəfs ilə cihadda da məsələ eynilə belədir: Nəfsi-əmmarəyə nə qədər zərbə vurulsa, onun qanunsuz və yersiz istəkləri ilə nə qədər çox müxalifət olunsa bir o qədər zəifləyəcək, eyni zamanda siz də sonrakı fəthlər üçün bir o qədər hazırlıqlı olacaqsınız. Bunun müqabilində nə qədər süstlük göstərsəniz və nəfsin istəklərinə nə qədər təslim olsanız siz bir o qədər zəifləyəcəksiniz, nəfs isə bir o qədər güclənəcək və özünün sonrakı fəthləri üçün daha hazırlıqlı olacaqdır. Əgər biz nəfsimizin aludəliklərdən təmizlənməsi yolunda bir qədəm götürsək Allah tərəfindən kömək nazil olacaqdır və hər gün öz nəfsi-əmmarəmizə daha artıq hakim olacağıq. Amma əgər nəfsin istəkləri və orduları qarşısında geri çəkilsək onlar güclənəcək və bizə daha artıq hakim kəsiləcəkdir.
İNSAN ÖZÜNÜN TƏBİBİDİR
Düzdür ki, peyğəmbərlər və imamlar insanların tərbiyəçiləri və nəfslərinin təbibləridir, lakin nəfsin islah olunması, təbabəti və aludəliklərdən təmizlənməsinin məsuliyyəti bizim öz öhdəmizə qoyulmuşdur. Peyğəmbərlər və məsum imamlar insanlara təbabət dərsi verirlər, nəfsani xəstəlikləri, onların əlamətlərini və pis təsirlərini, eləcə də müalicə yollarını camaat üçün şərh edirlər ki, insanlar özlərinin nəfsani xəstəlikləri və onların müalicə yolları ilə tanış olaraq nəfslərinin islah olunmasını öz öhdələrinə götürsünlər. Çünki heç kəs insanın özünü ondan yaxşı tanıyaraq xəstəlikləri ayırd edə bilməz və nəticədə müalicə məqamına gələ bilməz. İnsan nəfsani xəstəlikləri və onların müalicə yollarını vaizlərin dilindən eşidir, yaxud kitablarda oxuyur, lakin nəticə etibarilə öz xəstəliyini dərk edərək xüsusi dərmanlardan istifadə etməli olan şəxs insanın özüdür. İnsan özünün nə cür olduğunu hər bir başqa adamdan daha yaxşı hiss edir. O, özünün daxilindəki məxfi yerlərdən daha agahdır. Əgər öz nəfsini nəzarət altına almazsa başqalarının öyüd-nəsihəti onda necə təsir qoya bilər?
İslam nəzərincə islahat işlərini insan vücudunun daxilindən başlamaq, nəfslərin özlərini aludəliklərdən təmizlənməyə, səhiyyə və psixoloji işlərə riayət etməyə hazırlamaq və onlara özlərini nəzarət altında saxlamaqlarına əmr etmək lazımdır. Bu da islamda ən mühüm tərbiyə metodlarından biri hesab olunur. Allah-təala Quranda buyurur: “Xeyr, insanın özü bəhanə gətirməsinə baxmayaraq öz yaxşılıq və pisliklərinə daha agahdır.” [173]
İmam Cəfər Sadiq (ə) bir kişiyə buyurdu: “Sən öz nəfsinin təbibi qərar verilmisən. Xəstəliklər də, sağlamlıq əlamətləri da sənin üçün bəyan olunubdur. Onun dava-dərmanı da sənə deyilibdir. Belə isə bax gör nəfsini müalicə etmək üçün necə tədbir görürsən.”[174]
İmam Cəfər Sadiq (ə) yenə buyurur: “Hər kəs öz nəfsinə öyüd-nəsihət etməsə başqalarının öyüd-nəsihətinin onun üçün heç bir faydası olmayacaqdır.”[175]
İmam Səccad (ə) buyurur: “Ey Adəm övladı! Sən öz nəfsinin öyüd-nəsihət verəni olduğun müddətdə doğru yoldasan.”[176]
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “İnsanların ən acizi o kəsdir ki, öz nəfsini islah etməkdən aciz olsun.”[177]
O Həzrət (ə) yenə buyurur: “Yaxşı olar ki, insan nəfsinin hakimiyyətini öz öhdəsinə alsın, həmişə qəlbinin nəzarətçisi və dilinin mühafizəçisi olsun.”[178]

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment