Azəri
Wednesday 17th of April 2024
0
نفر 0

NƏFSİN XƏSTƏLİKLƏRİNİN AYİRD EDİLMƏSİ YOLLARİ

 

Özümüzün müxtəlif nəfsani xəstəliklərimizin tanınmasında istifadə olunası müəyyən vasitə və yolların qeyd edilməsi yerinə düşərdi:

1.Əql qüvvəsinin gücləndirilməsi. İnsanın mələkuti və ali mərtəbəsi onun sair məxluqlardan seçilməsinə, onun imtiyaz və üstünlüyünə səbəb olan amil Quran və hədislərdə müxtəlif adlarla qeyd olunmuşdur; ruh, qəlb, nəfs və əql. Bunların hamısı vahid bir həqiqəti ifadə edir. Lakin, müxtəlif səbəblərə görə müxtəlif cür adlandırılmışdır. Həqiqi təfəkkür və düşüncənin mənşəyi olduğuna görə əql adlandırılır.

Hədis kitablarında əqlə çox böyük imtiyaz verilir. Hətta xüsusi bir fəsil də bu məsələyə məxsus edilmişdir. Hədislərdə əql varlıqların ən şərafətlisi, təklif, savab və cəzanın mənşəyi kimi təqdim edilmişdir. Məsələn:

İmam Məhəmməd Baqir (ə) buyurub: “Allah əqli yaratdıqdan sonra ona belə buyurdu: “Gəl”. Əql itaət edib gəldi. Sonra buyurdu: “Qayıt”. Əql yenə də itaət etdi. Sonra buyurdu: “Öz izzət və cəlalıma and olsun! Səndən yaxşı və sevimli varlıq yaratmamışam. Səni yalnız sevdiyim kəslərdə kamil edərəm. Agah ol! Mənim əmr və nəhyim, savab verib, cəzalandırmağım da məhz sənə aiddir.”[123]

İnsan məhz əqlin vasitəsilə düşünüb həqiqətləri dərk edir, yaxşı ilə pisi, faydalı şeylə zərərli şeyləri bir-birindən ayırır. Məhz əql vasitəsilə Allahı və özünü tanıyır, vəzifəsinin nə olduğunu ayırd edir. Əgər insanın əqli olmasaydı onunla sair heyvanlar arasında heç bir fərq olmazdı. Məhz buna görə də Mütəal Allah Qurani-Kərimdə təəqqül (əql işlətmə), təfəkkür (fikirləşmə) və təfəqqüh (dərrakə işə salma) barəsində təkid edir. İnsandan öz varlığı barəsində əqlini fəallaşdırmasını istəyir:

“Allah Öz ayələrini sizin üçün belə bəyan edir ki, bəlkə əqlinizi işə salasınız.”[124]

“Nə üçün yer üzündə seyr etmirlər ki, onların təəqqül edə biləcək qəlbləri olsun?!”[125]

“Allahın yanında canlıların ən pisi o kəslərdir ki, lal-kardırlar və əql qüvvəsini işlətmirlər.” [126]

Mütəal Allah əqlə, qulağa, dilə malik olub real gerçəkliklərin, həqəqətlərin tanınmasında onlardan istifadə etməyən şəxsləri heyvanlarla bir cərgədə, hətta onlardan da alçaq səviyyədə təqdim edir. Çünki onlar öz əql qüvvələrindən istifadə etmirlər.

“Allah çirkinliyi o kəslərə aid edər ki, əql qüvvəsini işlətmirlər.”[127]

İnsanın malik olduğu bütün yaxşılıqlar onun əqli tərəfindəndir. Əql vasitəsilə Allahı tanıyır, Ona ibadət edir, məadı qəbul edir və onun üçün hazırlaşır, peyğəmbərlərin haqq olduğunu qəbul edir və onlara itaət edir, gözəl əxlaqi səciyyələri tanıyıb, özünü onlar əsasında tərbiyələndirir, çirkin xüsusiyyətləri, rəzillikləri tanıyır və onlardan uzuq olur. Buna görə də Quran və hədislərdə əql böyük məqama layiq görülür. Nümunə üçün:

İmam Cəfər Sadiq (ə) əql barəsində soruşan bir nəfərin cavabında buyurdu: “Əql o şeydir ki, onun vasitəsilə Allaha ibadət edilir və behişt kəsb olunur.”[128]

İmam Cəfər Sadiq (ə) yenə buyurur: “Hər kəsin ağlı olsa dini vardır. Hər kəsin dini olsa behiştə daxil olar.”[129]

İmam Musa ibni Cəfər (ə) Hişama buyurdu: “Allahın insanlar üzərində iki höccəti vardır. Onlardan biri zahiri, digəri isə batinidir. Zahiri höccətlər peyğəmbərlər və imamlar, batini höccət isə əqldir.”[130]

İmam Cəfər Sadiq (ə) buyurur: “Əql baxımından insanların kamili o kəsdir ki, əxlaqı hamıdan yaxşı olsun.”[131]

İmam Cəfər Sadiq (ə) buyurur: “Əql möminin yol göstərənidir.”[132]

İmam Riza (ə) buyurur: “Hər kəsin dostu onun əqli, düşməni isə onun cəhalətidir.”[133]

Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “İnsanın xudbinliyi onun əqlinin zəifliyini göstərir.”[134]

İmam Musa ibni Cəfər (ə) Hişama buyurdu: “Hər kəs mal-dövləti olmadan ehtiyacsız, qəlbinin həsəd baxımından aram və dində sağlam olmasını istəyirsə, Allahdan onun əqlini kamilləşdirməsini istəyib yalvarsın. Hər kəs ağıllı olsa güzəranını təmin edəcək miqdarla qənaətlənər. Hər kəs güzəranını təmin edəcək miqdarla qənaətlənsə ehtiyacsız olacaqdır. Hər kəs güzəranını təmin edəcək miqdarla qənaətlənməsə heç vaxt ehtiyacsız olmayacaqdır.”[135]

İmam Musa ibni Cəfər (ə) buyurur: “Əql sahibləri nəinki günahları, hətta dünyanın artıq işlərini belə tərk edirlər. Halbuki dünyanı tərk etmək fəzilət, günahı tərk etmək isə vacibdir.”[136]

Başqa bir hədisdə buyurur: “Əql sahibi nəfsi meyl etməsinə baxmayaraq, heç vaxt yalan danışmaz.”[137]

Başqa bir hədisdə buyurur: “Hər kəsin mürüvvəti olmasa nuru yoxdur. Hər kəsin əqli olmasa mürüvvəti yoxdur. İnsanların ən dəyərlisi o kəsdir ki, dünyanı öz nəfsinin dəyəri bilməsin. Bilin ki, sizin bədənlərinizin qiyməti cənnətdən başqa bir şey olmaz. Onu cənnətdən başqa bir şey müqabilində satmayın.”[138]

Bu hədislərdən əqlin dəyəri, onun maarif və elm kəsb etməkdə, iman qazanıb Allaha pərəstiş etməkdə, əxlaqi səciyyələrdən istifadə etməkdə və onları tanımaqda, günahlardan və çirkin xasiyyətlərdən çəkinməkdəki mühüm rolu məlum olur. İndi isə bir zəruri məsələni qeyd etmək lazımdır. Bu mühüm hədəflərin təmin olunmasında sadəcə əql kifayət deyildir, əsas əqli işlətmək və ondan istifadə etmək lazımdır. Bədəndə əqlin varlığı işbilən və ədalətli bir qazinin məsəli kimidir. Lakin o vaxt yaxşı mühakimə yürüdüb hökm çıxara bilər ki, aram bir mühit yaranmış olsun və onun mühakiməsi qəbul edilsin. O bilikli, bacarıqlı, tədbirli, xeyirxah bir hakim kimidir. Lakin bu şərtlə ki, onun hökmü təsbit edilsin. O bilikli, etimadlı, xeyirxah bir müşavirdir, lakin bu şərtlə ki, ondan məşvərət istənilsin və sözlərinə düzgün qulaq asılsın.

Əgər əql insana hakim olaraq nəfsani istəkləri və qərizələri normal (mötədil) hala salsa insanın “bədən aləmini” ən yaxşı şəkildə idarə edəcək, qərizələr və qüvvələr arasında müvazinəti qoruyub saxlayacaq və hər bir şeyi təkamül, Allaha doğru irəliləmək yolunda qərar verəcəkdir. Lakin görəsən heyvani qərizələr və meyllər əqlin hakimiyyətini elə bu sadəliklə qəbul edərək, onun göstərişləri müqabilində təslim olurmu? Əsla! Heyvani qərizələr və meyllər o qədər təxribatçılıq, fitnə-fəsad törədirlər ki, nəhayət onu meydandan çıxarırlar. Çarəsi də yalnız əqli gücləndirməkdir, çünki o, nə qədər güclü və nüfuzlu olarsa batini düşmənlərini daha yaxşı tanıyar, onların qarşısını alıb məhv etməkdə daha bacarıqlı olar. Əqlin gücləndirilməsi və möhkəmləndirilməsi yolunda çalışmaq hamımızın vəzifəsidir.

2.Əməldən qabaq təfəkkür etmək. Əqlin gücləndirilməsi üçün ciddi qərara gəlməliyik; hər bir əməli yerinə yetirməzdən öncə yaxşı-yaxşı fikirləşək, onun dünyadakı və axirətdəki nəticələrini, təsir və aqibətini araşdıraq və qərara alaq ki, heç vaxt bir işin aqibətini fikirləşmədən onu görməyəcəyik ki, nəticə etibarilə təfəkkürə və axır-aqibəti fikirləşməyə adət edək. Buna görə də İslam bizi təfəkkürə, axır-aqibəti düşünməyə dəvət edir.

Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Təfəkkür vasitəsilə öz qəlbini agah et.”[139]

Yenə buyurur: “Təfəkkür insanı yaxşı işlərə və onlara əməl etməyə dəvət edir.”[140]

Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurur: “Bir işi görməzdən qabaq onun axır-aqibətini fikirləşmək səni peşmançılıqdan amanda saxlayar.”[141]

Bir nəfər Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) hüzuruna gəlib dedi: «Ey Allahın Rəsulu! Mənə bir şey tövsiyə et.» Buyurdu: «Mənim tövsiyələrimə əməl edərsənmi?» Ərz etdi: «Bəli, ey Allahın Rəsulu. (Bu sual-cavab üç dəfə təkrar olundu). Sonra Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurdu: “Sənə tövsiyə edirəm ki, hər vaxt bir iş barəsində qərara gəlmək istəsən əvvəlcə onun axır-aqibəti barəsində yaxşı fikirləş. Əgər yaxşı olarsa gör. Əgər səhv olarsa onu yerinə yetirməkdən çəkin.”[142]

Rəsuli-Əkrəm (s.ə.v.v) buyurur: “Tələsmək insanları həlakətə salır. Əgər insanlar işlərində dərindən fikirləşsəydilər heç kəs həlak olmazdı.”[143]

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “İşi təxirə salıb onun axırını fikirləşmək Allah tərəfindən, tələsmək isə şeytan tərəfindəndir.”[144]

Başqa bir hədisdə buyurulur: “Təfəkkür yaxşılıqları və pislikləri sənə göstərən bir güzgü kimidir.”[145]

Heyvanlar öz işlərində nəfsani istəklərinə və qərizələrinə tabe olurlar. Onların təfəkkürü və tədbirləri yoxdur. Lakin insanın əqli olduğundan öz işləri barəsində fikirləşməli, onun axır-aqibətini düşünməlidir. İnsanda da həmin heyvani qərizələr və meyllər olduğundan heyvani bir istəklə qarşılaşan zaman dərhal ona tərəf təhrik olunur və qərizələr ona təfəkkür etmək icazəsi vermir. Əql meydana daxil olan kimi onun qarşısını alır. Deməli, əgər biz hər bir iş görməzdən qabaq onun barəsində yaxşı fikirləşməyə adət edə bilsək əql üçün yol açmış və ona meydan vermiş oluruq. Əql meydana daxil olduğu zaman bizim həqiqi mənafe və zərərimizi dərk edir, heyvani qərizə və meylləri normal (müvazinətli) hala salır və bizi bu yolda insani təkamülə doğru hidayət edir. Əql güclənən zaman bədən ölkəsində hakimiyyətə çatır və insaniyyətin daxili düşmənlərini və nəfsani xəstəlikləri bizim öz daxilimizdə araşdırıb onları dəf edir, yaxud müdafiə etməyə başlayır. Buna görə də Quranda və hədislərdə təfəkkür barəsində çoxlu təkidlər və tövsiyələr gözə dəyir.

3-Nəfs barəsində bədbinlik

İnsan əgər öz nəfsinə dərindən, diqqətlə nəzər salıb nəfsani sifətlərini insafla araşdırsa, əksər hallarda özünün nəfsani xəstəliklərini və eyblərini dərk edər. Çünki insan özünə hər kəsdən artıq agahdır. Allah-təala Quranda buyurur: “Xeyr, insan öz nəfsinə (nəfsinin yaxşı və pis işlərinə) daha agahdır, baxmayaraq ki, öz bəsirət gözlərinə üzr (pərdəsi) atır.”[146]

Lakin bizim çətinliyimiz budur ki, mühakimə yürüdən zaman bitərəf mövqe seçə bilmirik. Əksər hallarda öz nəfsimizə nikbin oluruq. Özümüzü, xasiyyətimizi, iş və rəftarımızı, danışıqlarımızı yaxşı və eybsiz hesab edirik. Nəfsi-əmmarə heyvani işləri bizim üçün o qədər zinətləndirir ki, hətta pis işləri belə yaxşı görürük. Qurani-Kərim buyurur: “O kəs ki, onun çirkin əməllərinə zinət verildi və ona yaxşı göstərildi (onu gördünmü?!) Allah da hər kəsi istəsə yoldan azdırar, hər kəsi istəsə hidayət edər.”[147]

Buna görə də öz eyblərimizi tapa bilmirik ki, onların müalicəsi fikrinə də düşək. Bunun çıxış yolu budur ki, həmişə öz nəfsimizə qarşı bədbin, bədgüman olaq, çoxlu pisliklərimiz, mənəvi xəstəliklərimiz olmasına ehtimal verək, hətta yəqin edək. Məhz bu halda nəfsimizi araşdırarıq.

Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Mömin həmişə öz nəfsinə bədgüman olmalıdır. Həmişə onun eybini axtarar və ondan yaxşı işləri tələb edər.”[148]

Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) müttəqilərin (təqvalıların) xüsusiyyətlərini bəyan edərkən buyurub: “Onların nəfsləri öz yanlarında töhmət və bədgümanlığa məruz qalır və öz əməllərindən qorxurlar. Onlardan biri başqası tərəfindən təriflənən zaman (tərifdən) qorxur və deyir ki, mən öz nəfsimə hamıdan artıq agaham, Allah da mənə özümdən daha artıq agahdır.”[149]

İnsanın öz nəfsani eyblərini, xəstəliklərini tapıb islah etməyə mane olan ən böyük amillərdən biri nəfs barəsində nikbinlik və hüsnü-zənn (xoş güman) etməkdir. Əgər bu maneələri aradan qaldırıb insafla və eyb ehtimalı verməklə nəfsimizi araşdırsaq, onun xəstəliklərini tanıyaraq islah edə bilərik.

4.Ruhani təbibə müraciət etmək.

İnsan öz eyblərini tanımaq üçün öz nəfsini paklaşdıran, özünü bəyənilən xüsusiyyətlərlə zinətləndirən əxlaq aliminə müraciət edərək, daxili xasiyyətlərini və vəziyyətlərini onun üçün tamamilə şərh edə və onun nəfsindəki eyblərin və çirkin sifətlərin xatırlatmasını istəyə bilər. Ruhani təbib, islami əxlaqşünas və psixoloq, əməl əhli və gözəl əxlaqlarla zinətlənmiş olan bir şəxs insanın nəfsinin aludəliklərdən təmizlənməsində, saflaşmasında və Allah dərgahına doğru seyr etməsində çox təsirlidir. Əgər insan belə bir şəxsi tapa bilsə bu böyük nemətə görə Allaha şükr etməlidir. Çox təəssüflə, belə şəxslər çox az tapılır.

Qeyd olunmalıdır ki, nəfs xəstəliklərinin ayırd edilməsi çox çətindir. Deməli, ruhu xəstə olan bir şəxs öz daxili xasiyyətlərini və işlərini ört-basdır etmədən təbib üçün ətraflı şəkildə bəyan etməlidir ki, təbib onun xəstəliyini ayırd edə bilsin. Əgər xəstə şəxs bu barədə həmkarlıq etməzsə və həqiqətləri açıb deməzsə istənilən nəticə əldə olunmayacaqdır.

5.Xeyirxah və bilikli dosta müraciət etmək.

Yaxşı, bilikli və xeyirxah dost Allahın böyük nemətlərindən biridir ki, insan nəfsinin təmizlənməsində, çirkin sifətlərin tanınmasında insana layiqli kömək edə bilər. Bu şərtlə ki, bilikli olsun və yaxşı-pis xasiyyətləri tanıya bilsin. Bundan əlavə o, insan üçün xeyirxah və etimadlı bir şəxs olmalıdır. Çünki əgər yaxşı və pis sifətləri ayırd edə bilməzsə insana bu barədə heç bir kömək edə bilməz. Hətta çox hallarda yaxşını pis, pisi də yaxşı cilvələndirə bilər. Əgər etimadlı və xeyirxah olmazsa dostluğun qorunub-saxlanması, inciməməsinə görə öz dostunun eyblərini gizlətməsi, hətta onun xoşu gəlsin deyə pis işlərini yaxşı cilvələndirib tərifləməsi də mümkündür.

Əgər insan belə bir dostu tapsa ona deməlidir ki, gördüyü hər eyb və nöqsanlı vəziyyəti ona xatırlatsın, o da xatırlatdığı təqdirdə ona təşəkkür etsin. Öz nəfsinin islah olunması üçün onlardan istifadə etsin. Bu kimi xatırlatmalardan istifadə etmək və təşəkkür etməklə əməldə ona başa salsın ki, eyblərinin xatırladılmasından nəinki narahat deyil, hətta sevinib xoşhal da olur.

Belə bir dost gərək əməldə tam sədaqət və ixlasını isbat etsin. Məsələyə insafla yanaşıb, məhəbbət və ədavəti kənara qoymaqla dostunun sifətlərini, xasiyyətlərini araşdırsın, onun nəzərinə çarpanları dostcasına və xeyirxahlıq dili ilə onun ixtiyarına qoysun. Bu işləri mümkün qədər məxfi şəkildə görsün və onun eybini başqalarının hüzurunda aşkar etməkdən ciddi şəkildə çəkinsin. Onun yeganə hədəfi həqiqətin izhar edilməsi olmalıdır. O, mübaliğə və şişirtmədən uzaq olmalıdır, çünki mömin öz din qardaşı ilə müqayisədə, onun eyblərini, yaxud çirkinliklərini artırıb azaltmadan göstərən güzgüsü sayılır.

Əlbəttə, nəvazişlə, mehribanlıqla və islah etmək məqsədilə insanın eyblərini xatırladan dostlar çox azdır. Lakin əgər bir şəxs belə adamı taparsa böyük xoşbəxtliyə nail olar. Həmin şəxs onun qədrini bilməli, xatırlatmalarına sevinməli, təşəkkür etməli və insanın eyblərinin islah məqsədilə xatırladan bir kimsənin dostların ən yaxşısı və ən faydalısı olduğunu dərk etməli, heç vaxt onun xəbərdarlıqlarından inciməməli, intiqam almaq və özünü müdafiə etmək məqamına gəlməməlidir. Əgər bir şəxs “paltarınızda bir neçə zəhərli əqrəb vardır” - deyə sizə xəbərdarlıq etsə, onun verdiyi bu xəbərdən inciyərək intiqam almaq fikrinə gələrsinizmi? Yoxsa sevinib ona təşəkkür edərsiniz? Çirkin sifətlər də əqrəb kimi, hətta ondan da pisdir. Onlar insanın ruhunu sancıb zəhərləyir və həmişə insanın batinində yerləşir. Onların dəf edilməsində kömək edən şəxs bizə ən böyük xidmət etmiş olur.

İmam Cəfər Sadiq (ə) buyurur: “Qardaşlarımın ən yaxşısı o kəsdir ki, eybimi mənə hədiyyə etsin.”[150]

6.Başqalarının eybindən ibrət götürmək.

İnsan əksər hallarda öz eyblərindən qafildir, amma başqalarının eybini görərək onların çirkinliyini yaxşı şəkildə dərk edir. Atalar demişkən “başqasının gözündə tükü görür, öz gözündə isə tiri görmür”. Deməli nəfsani eyblərin tanınma yollarından biri də başqalarının eybləri ilə qarşılaşmaqdır. İnsan başqasında bir eyib gördükdə onun üzərində dayanmadan, onu tənqid etmək fikrinə düşmədən gərək öz eybini axtarmaq fikrinə düşsün və həmin məqsədlə öz nəfsini araşdırsın, öz nəfsinə müraciət etsin və həmin eybi, onda olduğu surətdə islah edib aradan qaldırmaq fikrində olsun. Bu kimi hallarda başqalarının eybini görməklə ibrət alır və öz nəfsinin təmizlənməsinə çalışır.

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Xoşbəxt o kəsdir ki, başqalarından ibrət alsın.”[151]

7.Tənqiddən nəticə çıxarmaq.

Dostlar əksər hallarda insanın eybini deməkdən çəkinirlər. Düşmənlər isə bunun əksinə olaraq əksər hallarda insanı tənqid edirlər. Əlbəttə, onların insanı tənqid etməkdə məqsədi sədaqətli olmaq deyil. Onları bu işə həsəd, kin-küdurət, intiqamçılıq kimi hisslər vadar edir. Hər bir halda insan onların tənqidlərindən öz xeyrinə istifadə edə bilər.

İnsan düşmənlərin tənqidləri müqabilində iki cür reaksiya göstərə bilər:

1.Özünü müdafiə etmək fikrində olsun. Bu sözlərin düşmən tərəfindən deyilməsini və xeyirxahlıq məqsədinin olmasını bəhanə edərək mümkün olan hər bir vasitə ilə özünü müdafiə etsin və onların səsini boğsun. Belə şəxs nəinki öz eybini islah etməmiş, əksinə xəta və sair səhvlərə də aludə olmuşdur.

2.Düşmənlərin tənqidlərinə yaxşı-yaxşı qulaq assın, sonra həqiqəti axtarıb tapmaq məqsədilə öz nəfsinə müraciət etsin, onu insafla araşdırsın. Əgər düşmənin tənqidinin düzgün və öz nəfsinin eybli olduğunu görsə, dərhal onu islah etmək fikrinə düşsün, hətta əgər məsləhət olarsa onun eybini deməklə nəfsinin saflaşdırılmasına səbəb olduğu üçün düşmənə də təşəkkür etsin. Belə düşmənçilik şübhəsiz insanın eyblərini gizlədərək onu tərifləyən, bununla da insanı nadanlıq və cəhalətdə saxlayan mühafizəkar və yaltaq dostlardan çox yaxşı və faydalıdırlar. Amma əgər öz nəfsinə müraciət etdikdən sonra qeyd olunan eyblərin onda olmadığını görərsə Allaha şükr etsin və sonralar belə çirkin sifətlərə aludə olmaması üçün öz nəfsini gözləsin. Belə olan halda insan düşmənlərin tənqidlərindən bəhrələnir. Əlbəttə, bu cür rəftarlar insanın xain düşmənlərin hiyləgərlik planlarını əqli və şəri yollarla zərərsizləşdirməsinə mane olmamalıdır.

8.Qəlbin xəstəliyinin əlamətləri.

Xəstəliyi tanımağın ən yaxşı yollarından biri onun əlamətlərinin görünməsidir. Bədəndə mövcud olan əzaların xəstəliyi iki yolla tanınır: ya ağrı hiss edilməklə, yaxud da hər hansı bir üzvün orqanizmdə öhdəsinə aldığı işi yerinə yetirməməsi ilə. Bədən üzvlərindən hər biri sağlam halda bədənin idarə olunmasında xüsusi funksiyanı, öz vəzifəsini lazımınca yerinə yetirir. Deməli, əgər hər hansı bir üzv öz vəzifəsini yerinə yetirməkdə aciz olarsa xəstələnməsi məlum olur. Məsələn, göz sağlam halda və xüsusi şəraitdə xarici əşyaları müşahidə edir. Əgər bu şəraitin mövcud olması ilə ya ümumiyyətlə görməzsə, ya da görməsi zəifləyərsə xəstələnməsi məlum olur. Bədənin sair üzvləri, o cümlədən qulaq, dil, əl, ayaq, qəlb, böyrək, qara ciyər və s. hamısının özünəməxsus vəzifələri vardır ki, sağlam halda onu yerinə yetirir. Əgər vəzifəsini yerinə yetirməzsə xəstələnməsi məlum olur.

İnsanın qəlbi və nəfsi də belədir. O, müəyyən işləri öhdəsinə almışdır və yaradılış qanunlarına uyğun olaraq onları yerinə yetirməlidir. O, mələkut aləmindən gəlmişdir, elm, rəhmət, qüdrət, ehsan, ədalət, məhəbbət, mərifət, nuranilik və s. fəzilətli sifətlər, gözəl əxlaqla uyğunluğu vardır. O, fitri olaraq hər şeyin səbəbini axtarır, Allahı istəyir. İnsanın Allaha iman gətirib diqqət yetirməsi, Onunla ünsiyyətdə olması, Ona məhəbbət bəsləməsi, Allaha ibadət və pərəstişi, Onunla dua və raz-niyaz etməsi, dərgahında yalvarması, həmçinin elm və biliyə, ehsan və xidmətə meyl, Allah xatirinə Onun məxluqatına xidmət etmək, fədakarlıq edib canından keçmək, ədalət istəmək və s. gözəl əxlaqi səciyyələr nəfsin sağlamlıq əlamətləri hesab olunur. Əgər insan bu qəbildən olan sifətləri özündə görürsə nəfsinin sağlam olduğu məlum olur. Amma əgər Allaha diqqət yetirməsə, ibadət, dua və münacatdan ləzzət almasa, bu kimi işlərdən qaçsa, Allahı sevməsə, dünya mal-dövlətinə, məqam və sərvətə, arvad-uşağa, şəhvətə və heyvani ləzzətlərə meyl etməyi Allahın razılığından üstün hesab etsə, həyatda şəxsi mənafeyini təmin etməkdən başqa bir hədəfi olmazsa, fədakarlıq, ehsan, Allahın məxluqlarına xidmət etməkdən ləzzət almazsa, insanların əzab-əziyyət və narahatlığından narahatlıq hissi və vicdan əzabı keçirməzsə belə bir şəxs nəfsinin doğrudan da xəstə olduğunu bilməlidir. Əgər öz səadət və xoşbəxtliyini istəyirsə mümkün qədər tez bir zamanda onu islah və müalicə etmək qərarına gəlməlidir.

MÜALİCƏ ETMƏYƏ DAİR QƏRAR

Nəfs xəstəliklərini tanıdıqdan, xəstə olduğumuza yəqin etdikdən sonra müalicəni dərhal başlamalıyıq. Bu mərhələnin ən mühüm mövzusu qərar və iradədir. Əgər doğrudan da özümüzü pisliklərdən, çirkin əxlaqdan paklamaq istəsək bunu hökmən edə bilərik. Lakin məsələni kiçik və əhəmiyyətsiz hesab etsək və bu barədə müəyyən qərara gəlməsək onun sağalması qeyri-mümkün olacaqdır. Məhz bu mərhələdə şeytan və nəfsi-əmmarə meydana daxil olur və müxtəlif hiylələrə əl ataraq bizi həmin qərardan çəkindirmək istəyir. Bu halda tam ayıq olmalı və onların hiyləgərliklərinə aldanmamalıyıq. Bizim çirkin sifətimizə bəraət qazandırıb belə deyə bilərlər: «Sən cəmiyyətlə yaşamaq istəyirsən. Başqalarında da bu sifət vardır. Filankəslərə bax. Onlar da bu sifətə, hətta bundan pisinə də düçar olurlar. Sən təklikdə yaxşı olmaq istəyirsən? “Palaza bürün ellə sürün!”»

Lakin bu hiylə qarşısında qətiyyətlə dayanaraq deməliyik ki, başqalarında belə bir xəstəlik varsa onun mənə nə dəxli var? Başqalarının nəfsani eyblərə mübtəla olması məni qane etmir. Hər bir halda məndə eyb və xəstəlik vardır, mən bu eyblərlə ölməli və əbədi bədbəxtçiliyə düçar olmalıyammı? Deməli nəfsin müalicə olunmasında və onun aludəliklərdən təmizlənməsində səy etməliyəm.

Bəzən də şeytan “vaxtı keçirtmək”, “təxirə salmaq” kimi hiylələrlə meydana daxil olur və bizi öz iradə və qərarımızdan döndərmək istəyir. Deyir ki, düzdür bu eyb səndə vardır və onu islah etməlisən, lakin hələ çox vaxt vardır, nə üçün bu qədər tələsirsən? Qoy filan iş tamam olsun, vaxt tapanda nəfsini saflaşdırarsan. İndi cavansan və sənin kef çəkmək vaxtındır, qocalıq vaxtı çatanda tövbə edib paklanmağa başlayarsan.

Diqqət yetirməliyik ki, bu da bir növ şeytanın hiyləsidir. Həmin vaxta qədər sağ qalacağın haradan mə”lumdur? Bəlkə ondan əvvəl əcəlin çatdı və həmin nəfsani xəstəliklərlə dünyadan getdin?! Belə olan halda bizim müqəddəratımız necə olacaqdır? Tutaq ki, o dövrə qədər sağ qaldıq, lakin görəsən nəfsi-əmmarə və şeytan o dövrdə bizdən əl çəkib hiylələrini bizim başımızda icra etməyəcəkmi və bizi nəfsimizin işləri ilə məşğul olmağa azad qoyacaqmı? O zamanda da başqa hiylələrlə gəlib bizim qərarımızı döndərmək istəyəcəkdir. Deməli, yaxşı olar ki, elə indidən əmələ başlayaraq, əmmarə və inadkar nəfsi cilovlayaq.

Bəzən nəfsi-əmmarə bizə belə deyə bilər: “Axı sən filan günaha və sifətə adət etmisən, onun tərk olunması qeyri-mümkündür. Sən həvayi-nəfsin əsirisən, özünü bu əsarətdən necə xilas etmək istəyirsən? Sənin nəfsin günah vasitəsi ilə qaralmışdır və sənin qayıdışına bir yol yoxdur.”

Bilməliyik ki, bu da bir növ hiylədir. Əmmarə nəfsinə demək lazımdır ki, adətin tərk edilməsi qeyri-mümkün deyildir, tamamilə mümkün olan bir işdir. Əlbəttə çətindir, lakin hər bir halda əmələ başlayıb öz nəfsimi təmizləməliyəm.

Əgər günahın, çirkin sifətlərin tərk edilməsi və onlardan uzaqlaşmaq mümkün olmasaydı Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və imamlar bu qədər göstərişlər verməzdi, əxlaqi tövsiyələr etməzdi. Tövbə qapısı həmişə açıqdır və heç vaxt bağlanmır. Deməli, qəti qərara gələrək öz nəfsimizi təmizləməliyik.

Mümkündür, şeytan və ya nəfsi-əmmarə çirkin sifətləri və nəfsani xəstəlikləri kiçik, çox da mühüm olmayan bir şey kimi cilvələndirərək desin: «Sən ki, vacibatı yerinə yetirirsən, filan-filan müstəhəb əməlləri görürsən, bil ki, Allah səni bağışlayacaq, yerin behişt olacaqdır. Səndəki çirkin xasiyyətlər çox da mühüm deyildir, müstəhəbləri yerinə yetirməklə onlar bağışlanacaqdır.»

Burada da diqqət yetirmək lazımdır ki, bu cür bəraət qazandırmaq nəfsi-əmmarənin və şeytanın hiylələrindəndir. Nəfsi-əmmarəyə deməliyik ki, saleh əməl yalnız müttəqilərdən qəbul olunur. Təqvanın hasil olması da nəfsin təmizlənməsi olmadan mümkün deyildir. Əgər bizim nəfsimiz pisliklərdən təmizlənməzsə yaxşı xislətlərin pərvəriş tapmasına onda yer olmayacaqdır. Şeytan qəlbdən çıxmayınca mələk ora gəlməz. Əgər nəfs və qəlb günah işlər və rəzilətli sifətlərə aludə olubsa onun axirət aləmində də heç bir nuru olmayacaqdır.

Həmişə nəfsani xəstəliklərin təhlükəli və ağır aqibətinə tam diqqət yetirməliyik. Bundan əlavə əxlaq kitablarına və hədis mənbələrinə müraciət etməklə nəfsani xəstəliklərin hər birinin pis təsirlərini, onların axirətdəki cəzalarını diqqət mərkəzində saxlamalı, bununla da nəfsi-əmmarə, şeytanın hiylələri və əməllərin yaxşı cilvələndirilməsi müqabilində müqavimət göstərməli, nəfsin islah edilib təmizlənməsində qəti qərara gəlməliyik. Əgər iradə mərhələsindən keçsək əməl mərhələsinə daha yaxın olarıq.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həyatın müşküllərini çözən 25 hədis!
İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd ...
ƏR-ARVAD RABITƏLƏRI
VƏLİYYİ ƏSR İMAM ZAMAN (Ə)-IN İMAM CAMAATA HƏVALƏ VERMƏSİ
YUXUDA DA ALLAHI YAD ETMƏK
KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK SORAĞINDADIR
İŞLƏYƏN QADINLARLA BAĞLI BƏ`ZI NÖQTƏLƏR
Həzrəti Əli (ə) kimdir?
AİLƏDƏ MƏNƏVİ PRİNSİPLƏR-1
QADINLA KIŞI ARASINDAKI FƏRQLƏR

 
user comment