Azəri
Friday 29th of March 2024
0
نفر 0

AVESTA


Tədqiqatçıların arasında zərdüştlərin müqəddəs kitabı olan Avesta ilə əlaqədar yaranmış anlaşılmazlıq Zərdüştün özü barədə olan ixtilaflardan daha çoxdur. Fikir ayrılığının əsası bundan ibarətdir ki, Avesta, ümumiyyətlə Zərdüştin kitabıdır, yoxsa onun bir hissəsi ona məxsusdur, yerdə qalan hissəsi isə Zərdüştdən əvvəlki dövrlərə aiddir, və yaxud Mubədlərin vasitəsi ilə ona artırılmışdır? Görəsən hal-hazırda əldə olan Avesta həmin kitabın külliyyatıdır, yoxsa onun yalnız bir hissəsidir? Daha mühüm bir məsələ budur ki, Zərdüştin ümumiyyətlə müqəddəs kitabı olub, yoxsa yox? Daha məşhur və mö’təbər görünən, eləcə də alimlər tərəfindən daha çox qəbul edilən məsələ budur ki, zərdüştliyin müqəddəs kitabı olan Avestanın bir hissəsi Zərdüştün bəyanlar və münacatlar məcmuəsidir ki, onun şagirdləri və köməkçiləri tərəfindən toplanıb yazılmışdır. Amma dini mətnlərdən bir hissəsi Zərdüştdən əvvəl də mövcud olmuş və müəyyən mətləblər də sonralar mubədlərin vasitəsi ilə əlavə edilmişdir. Bə’zilərinin dediklərinə görə, Avestanın ilk nüsxəsi 21 kitabdan ibarət idi ki, Viştasibin göstərişi ilə qızıl xətlərlə on iki min inəyin dərisinə yazılmışdır. Amma makedoniyalı İsgəndərin İrana hücumları zamanı qarət edilib yandırılmışdır. Əşkanilər dövründə Avestanın yeniləşdirilməsinə sə’y göstərilmişdir və bu mərhələdə onun yalnız şifahi olaraq, yadda qalan hissələri toplanıb yazılmışdır. Buna görə də müasir dövrdə mövcud olan kitab əsil Avestanın külliyyatı deyil, onun müəyyən bir hissəsidir.

«Bununla yanaşı, Avesta zərdüştlərin müqəddəs kitabıdır, onların dini mənbələrinin ən üstünü sayılır; əxlaq və əqidələrinin əsasını təşkil edir. Zərdüşt mubədləri Avestaya müəyyən təfsir və şərhlər yazmışlar ki, onlar “Zend Avesta” adlanır. Avesta dörd hissədən təşkil olunmuşdur:

Birinci hissə: «Yəsna»

«Yəsna» Avestanın ən mühüm hissəsidir. Yəsna kəlməsi pərəstiş və sitayiş mə’nasını daşıyır. Bu hissə Ahura Məzdanın sitayiş və tə’rifinə aid ayə və nəğmələrdən təşkil olunduğu üçün Yəsna adlandırılmışdır. Bu bölmədə 72 fəsil (mat) vardır. Yəsnanın 17 fəsli zərdüştlərin məşhur nəğmələri yə’ni, “kasa”lardır.

Kasaların özü də beş hissədən ibarətdir: “Əhlüb kas” (7 fəsildir), “Üşnud kas” (4 fəsildir), “Sepentaminu kas” (4 fəsildən ibarətdir), “Rüxşirət kas” (1 fəsil) və “Vəhişto kas” (1 fəsil).

Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, kasalar Zərdüştün öz nəğmələridir və buna görə də Avestanın ən mühüm və əsas hissəsi sayılır. Zərdüştlər barədə tədqiqat aparan alimlərdən biri kasalar bəhsini aşağıdakı şəkildə xülasələndirmişdir:

1. Allah-taala mövcuddur, O, bütün maddi və mənəvi şeylərin xaliqidir. O, «Sepentaminu» (Sepentminu) vasitəsi ilə və düşünməklə Öz yaratdıqlarına varlıq bəxş edir. O, müqəddəslik və düzlük sahibidir; xəlq etmək, bəxşiş (əfv), güzəştə getmək və bərəkət vasitəsilə dərk olunur. O, altı müqərrəb mələk (mücərrəd) vasitəsilə əhatə olunmuşdur ki, onların atası və xaliqidir. Bu altı mələkdən üç müqərrəb və mələkuti varlıq onun öz cövhərindəndir, ondan ayrılmaz olduğunu demək olmaz. Yə’ni, Vəhumilər, Əşə, Sepəntminudur ki, onların vasitəsi ilə xəlq edir. Onun məqamı qəhr və şəhriyar məqamıdır; şübhəsiz, yaratdığı bütün şeylərin mütləq rəhbəridir. Şəhriyar, hal-hazırda əqidə bəslənən Vilruşun hücumu vasitəsilə Ənqireminunun əli ilə dağıdılmışdır. Amma son anda ilk vəziyyətinə qaytarılacaqdır. Xordad və Mordad da onun zatından ayrılan deyildir. Amma bunlar özləri mükafatdan ibarətdir ki, o, Allahın istəyi əsasında zahidliklə əməl edən şəxslərə və’də verilmişdir. Bu altı müqərrəbin axırıncısı Armiti, yaxud Harsayi müqəddəs insanla Allah arasında müştərək olub, bu iki varlıq arasında düzgün rabitənin göstəricisidir. Allah ağıllı bir rəhbərdir və Əhrimən qüvvələrinin fövqündə dayanır.

2. Dünya Əşə (düzlük) və yalan arasında bölünmüşdür. Əşə elimli rəhbər olan Sepəndminun vasitəsilə yaradılmışdır. Amma yalanın mənşəyi barəsində peyğəmbər susmuş və heç bir şey deməmişdir. Bir-birilə fəza təşkil edən bu iki qütb arasında (düzlük və yalan) ikiliyə yönəlmə və onların arsında insanların azad seçməsinin mümkünlüyü Zərdüşt təfəkkürünün əsasını təşkil edir.

3. Elm sahibi olan rəhbərin məxluqatı azad şəkildə xəlq olunur. Onlar düzlük və yalandan birini seçməkdə azaddırlar. Bu məsələ ilahi müqərrəblər qədərincə insanlara da aid olur. Buna əsasən heyrətləndirici tərzdə Sepentminunun qardaşı kimi vəsf olunan Əngireminu özü ən pis işləri seçir. Bu seçki onun ixtiyar və iradəsindən irəli gəlir; divlər də belədir. Zərdüşt köhnə mə’budları, onlara ibadət mərasimlərinin tələbi olan kobudluq xatirinə şər və Əhrimən qüvvələri hesab etmişdir.

4. İnsan tam azad olduğuna görə, özünün son talehinin məhsuludur və yaxşı işlər yerinə yetirməklə əbədi mükafatlara nail olur; Xordad (yə’ni, salamatlıq) və Mordad (əbədilik) ona məxsusdur, divpərəstlər də vicdan və adil Allahın vasitəsilə əbədi əzabla ən pis varlıqlara məhkum edilir.

5. Əşənin xarici vücudu atəşdir və zərdüştlərin dini mərkəzlərinə və ocaqlarına çevrilən də məhz bu atəşgahdır. Ərimiş metalın və odun çətin imtahanları vasitəsilə Zərdüşt sözünün haqq olmasını isbat edir. Həmçinin həmin atəş və qızarmış dəmir vasitəsilə bəşəriyyət dünyanın son anlarında mühakiməyə və hesaba çağırılacaqlar.

İkinci hissə: «Vistert»

«Vistert» əbədi həyat dövranı və rəhbərlər mə’nasındadır. Avestanın bu hissəsi dua və sitayişlərdən ibarətdir. Ahura Məzdanın dərgahında Zərdüşt, Emşanspentant, İzadan və s. mücərrəd aləmin, asimanın və onda olanların rəhbərləridir. Bu bölmədə həmçinin dini bayramlar və onunla əlaqədar söhbətlər gedir. Vistert 22, yaxud 27 fəsildən ibarətdir.

Üçüncü bölmə: «Vendidad»

«Vendidad» - divlər əleyhinə olan qanun mə’nasındadır. Avestanın bu hissəsində dini qayda-qanunlar, hökmlər, dünya və axirətdəki cəzalar işıqlandırılır; fərdi və ictimai hökmlər bu hissədə toplanmışdır. Bu hissə həqiqətdə 22 fəsildən ibarət olan fiqhi bir kitabdır ki, hər fəsildə şəriət hökmlərinin bir qismi bəyan olunmuşdur. Burada murdar şeylər, pakedicilər, murdarlanmış şeylərin paklanma qaydası, məssi-meyyit qüslünün qaydası, divlərin hücumunun, böyük günahların və murdar heyvanların həmləsinin qarşısını necə almaq barədə qayda-qanunlar toplanmışdır.

Vendidadda dünya və axirət və’dələri barəsində, Əhrimənin Zərdüştlə necə mübarizə aparması, elm öyrənməyə, tə’lim-tərbiyəyə rəğbətləndirmə, izdivac edib ailə qurmaq və s. kimi məsələlər bəyan olunmuşdur.

Dördüncü hissə: «Kiçik Avesta»

Bu bölmə Sasanilər dövrünün məşhur mubədi kimi tanınan Azər-pad-maraspənd (odun keşikçisi) tərəfindən yazılmışdır. Bu kitab dualar, namaz, müxtəlif günlərin münacatları, dini bayramlar, izdivac, ölüm mərasimləri, xoş və acı günlər, günahların kəffarəsi, hacətlərin ödənilməsi və bu qəbildən olan digər məsələlərə aiddir.

Yəştlər kiçik Avestanan digər bir hissəsini təşkil edir. Yəşt fidyə və yalvarış mə’nasındadır. Bu hissədə 22 fəsil vardır və hər bir fəsil mələklərdən birinin tə’rif və vəsfindədir. Yəşitlərdən hər biri zərdüştlər tərəfindən ilin müəyyən vaxtlarında oxunur.

* * *

Dərsin əvvəlində qeyd olunduğu kimi, on iki min inək dərisində yazılmış əsil Avesta İsgəndər tərəfində yandırılıb məhv edilmişdir. Mövcud olan Avesta Əşkanilər dövründə ağızdan-ağıza eşidilməklə, yaxud da yadda qalanları yığıb bir yerə toplamaqla yazılmışdır. Bu tarixi məlumatların düzgünlüyü sübuta yetsə, Avestaya nə qədər təhrif və dəyişikliklərin edilməsini təsəvvür etmək olar. İlk Avestanın çox geniş həcmə malik olmasını, onun ilk nüsxəsinin misilsiz bir vəziyyətdə yazılmasını və bütün ayələrinin qorunmasının qeyri-mümkünlüyünü nəzərə alaraq, onun sonrakı nəsillərə gəlib çatmasının nə dərəcədə çətin bir iş olduğunu başa düşmək olar. İlk Avestanın aradan getməsi ilə onun yeni nüsxəsinin yazılması arasındakı uzun zaman fasiləsi də bu məsələnin mürəkkəbliyini bir neçə dəfə artırır.

ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ

1. Odun müqəddəs sanılması:

Zərdüştlər dördlük təşkil edən ünsürləri (su, od, hava və torpaq) pak və müqəddəs sayırlar. Zərdüştilik hökmlərində bu dörd ünsürü aludə edən şəxslər üçün ağır cəza tədbirləri nəzərdə tutulmuşdur. Əlbəttə, atəş daha artıq ehtirama layiq görülüb və zərdüştlər onu nur və işıqlıq simvolu, ilahi mələkut nişanəsi, nurun və işıqlığın xaliqi olan Ahura Məzdanın rəmzi hesab edirlər. Zərdüştlər odu müqəddəsləşdirməkdə o qədər ifrata varmışlar ki, onların mə’bədləri də atəşgah adlandırılmışdır; onların ibadətləri də odun qarşısında yerinə yetirilir. Buna görə də zərdüştlər sair qövmlər və digər din ardıcılları arasında atəşpərəst kimi tanınmışlar.

Müqəddəs atəş uzun-uzadı hazırlıqlar və müfəssəl ibadətlər silsiləsi ilə yanaşı hazırlanır. Ən müqəddəs atəş odur ki, on altı ayrı-ayrı atəşdən təşkil olunsun. (Yə’ni, on altı məntəqədə xüsusi mərasim, dua və zikrlərlə müqəddəs atəş hazırlansın, daha sonra onlar bir-birilə birləşdirilsin).

Atəşin müqəddəs sayılıb pak saxlanmasının qaydalarından biri də budur ki, ətirli səndəl ağacının odunlarından bir neçəsini yonaraq üst-üstə toplayır və onları odun üzərinə tökürlər. Sonra atəş şö’lələrinin yuxarısında azacıq məsafədə atəşlə təmasda olmayan metal bir qaşıq saxlayırlar; onda kiçik bir dəlik açılır və qaşığın arasında səndəl çubuqlarının ovuntularını tökürlər. Sonra müqəddəs çubuqlar yığımını alovlandırıb dua və nəğmə oxuyub qiraət etməklə məşğul olurlar. Bu əməli 91 dəfə təkrar edirlər. Nəhayət mubədlərin 16 müxtəlif məntəqədən bir yerə topladıqları pak atəş müqəddəs bir kürədə yandırılır və mubədlər öz ağızlarını incə bir parça ilə örtüb uzaqdan tənəffüs etdikləri bir halda onu yandırırlar.

Odun qorunduğu qab daxili otağın yaxınlığında küllə doludur və orada dörd ayaqlı bir kürsü vardır ki, mubədlər onu növbə ilə səndəl ağacının çubuğunun qırıqları ilə alovlu saxlayırlar. Ağızlarına bir parça bağlayırlar ki, nəfəsləri pak oda üfürülməsin və onu çirkləndirməsin. Həmçinin odun kənarında asqırıb və ya öskürməkdən özlərini saxlayırlar.

Zərüdşt dininin ardıcılları günün istənilən vaxtında atəşgahın içərisinə gedə bilərlər. Mə’bədə daxil olmazdan qabaq öz əllərini və üzlərini suya çəkir, Avestanın bir hissəsini tilavət edir, dua və münacat oxuyurlar. Sonra ayaqqabılarını çıxardaraq mə’bəd otağına daxil olub, müqəddəs məşəlin qarşısında namaz qılır, bir qədər səndəl çubuğu ilə yanaşı olan nəzir və hədiyyəni mubədə təqdim edirlər. Bunun müqabilində mubədin ixtiyarında olan müqəddəs küldən bir qab götürür, feyz və bərəkət kəsb etmək niyyəti ilə öz üzlərinə və gözlərinə sürtürlər. Sonra oda tərəf tə’zim əlaməti olaraq əyilərək namaz qılır, dua oxuyur və hər bir halda həmin odu ilahi mələkut nişanəsi və rəmzi kimi qələmə verirlər; onlar oda allah kimi deyil, onun nişanəsi kimi pərəstiş edirlər. Daha sonra yavaşca arxaya çəkilir, ayaqqabı çıxarılan yerə çatır və atəşgahdan xaric olurlar.

2. Atəşgah:

Zərdüştlər atəşgahı ətrafı açıqlıq olan bir məkanda düzəldirlər. Hər atəşgahda atəş yandırmaq üçün xüsusi bir mərkəz vardır ki, ətriban yə’ni, odun qoruqçusu olan mubəddən başqa heç kəs oraya daxil ola bilməz. Ətribanlar atəşin ətrafına gedərkən tənan yə’ni, ağıza bağlanan şeyləri geyməlidirlər ki, onların nəfəsi müqəddəs odu aludə etməsin. Atəşgahın sağ tərəfində dördbucaqlı şəkildə geniş bir otaq vardır ki, müxtəlif və bir-birinə bərabər hissələrə bölünmüşdür; hər biri xüsusi bir iş üçün nəzərdə tutulmuşdur. Bu otağı yəzqənşah yə’ni, ibadət məkanı adlandırırlar. Od yandırılan yeri atəşgahın ortasında düzəldirlər ki, günəşin odun üzərinə saçmasının qarşısı alınsın.

Müqəddəs atəşin müxtəlif növləri vardır və onlara cəmiyyətlər əsasında tə’riflər verilir. Məsələn, evin atəşi, qəbilənin atəşi, kəndin atəşi, əyalətin atəşi və s. Atəşin qoruqçusuna “manənd” deyilir və bu vəzifə mubəd vəzifəsindən ibarət olan ətribanlardan fərqlənir. Manənd ruhani hey’ətlərin bir üzvüdür ki, mubədin nəzarəti altında odun qorunub saxlanması vəzifəsini öhdəsinə almışdır. Atəşgah həmişə ətirli yanıqlar səbəbi ətirlənir və odu səndəl çubuğunun hissələri ilə qeyd etdiyimiz mərasimlər əsasında paklayır və həmişə yanar vəziyyətdə saxlayırlar.

3. Mubədlər:

Mubədlər zərdüşt dininin dini rəhbərləri və ruhaniləridir, müxtəlif dini vəzifələri öhdələrinə alırlar. Onlar öz ardıcıllarına moizə edib yol göstərməkdən əlavə, atəşgahların ibadət mərasimlərini, müqəddəs odu yandırmaq üçün odunların paklanmasını və müqəddəs atəşin qorunub saxlanmasını öhdələrinə alırlar. Həmçinin təharət hökmlərinin icrası, günahkarların e’tiraflarını eşitmək, onları əfv edib günahlarından keçmək, kəffarənin miqdarını tə’yin etmək, cərimələr, viladət zamanı adi təşrifatların yerinə yetirilməsi, müqəddəs kəmərin bağlanması (kəşti), əqd mərasiminin icra edilməsi, cənazənin dəfni, dini bayramların keçirilməsi və icrası çox ağır olan şər’i cəza qanunlarının tətbiqi və bu kimi digər işlərin hamısı zərdüşt rəhbərlərin və mubədlərin öhdəsindədir.

4. Nəcasət və təharətin hökmü:

Zərdüştlərin nəzərində əşyaların çoxu murdar və mənfurdur. Belə ki, bir şəxs və bir şey onlarla təmasda olsa, ciddi və xüsusi şəkildə paklanmalıdır. Ölü insan və heyvanların cəsədi, div, heyzli və nifaslı qadın, ölü uşaq dünyaya gətirən qadın, heyvanların cəmdəyi ilə təmasda olmaq, su, torpaq, yaxud atəşi aludə etmək və sair məsələlər nəcasətlərdən sayılır; nəcasətdən paklanmaq üçün çoxlu hökmlər müəyyənləşdirilmişdir. Bundan əlavə, qamçı, yaxud e’dam kimi şər’i cəza qanunları torpağı, və ya odu murdarlayan və yaxud da ölü bir şəxsi təklikdə daşıyan şəxslər üçün təyin edilmişdir. (Vendidad, dörd cildli kitab, Haşim Rəzi).

5. Zərüdştlərin dini mərasimlərindən biri də budur ki, uşaq həddi-büluğ yaşına – 15 yaşına çatan zaman sidrə köynəyi geydirilir, belinə koşti bağlanır. Sidrə alt köynəyə bənzər kiçik bir köynəkdir ki, xüsusi biri formada tikilir, koşti də hinduların zənnarına oxşayan müqəddəs bir kəmərdir.

Zərdüşt ayinində olan bir qız, yaxud bir oğlan həddi-büluğ yaşına çatıb Avestadan din tə’limlərini öyrəndiyi zaman, onun valideynləri sidrə geymək və koşti bağlamaq mərasiminin icra olunması üçün müəyyən bir gün tə’yin edir və öz qohum-əqrəbalarını, dostlarını bu mərasimə də’vət edirlər. Bu gündə əvvəlcə böyük bir süfrə salınır və onda atəş sinisi, səndəl ağacından düzəldilmiş qab, ud çubuğu, bir qabda qurudulmuş meyvələr (püstə, badam, qoz, fındıq, sincid, ərik yarpağı, əncir, nargil və bir qədər noğul və şirni tökülür; ona nərək deyilir) və bir qədər gül, göy, avişən yə’ni, kəklikotu və düyü ilə bəzəyirlər. Daha sonra həddi-büluğa çatan oğlan və ya qız sidrə köynəyini geydikdən sonra süfrənin bir kənarında üzü günəşə tərəf oturur, mubəd onun qarşısında dayanır və mərasimi orzodişt (razi-niyaz ayini) oxumaqla başlayır. Sonra mubəd süfrənin digər tərəfinə gedir, təzə həddi-büluğa çatan şəxsin arxasında dayanır və koştini onun belinə bağlayır. Bu müddətin hamısında həddi-büluğa çatan şəxs mubədin biləklərini öz əllərində saxlayır və dua oxuyarkən onunla birlikdə zümzümə edir, mərasim sona çatdıqdan sonra həddi-büluğa çatan şəxs öz yerində durur və mubəd də əvvəlki yerinə gedərək onun qarşısında ayaq üstə dayanıb Avestanı onun sağ-salamat olması niyyəti ilə qiraət edir. Qiraət halında da kəklikotu, düyü və şirnilərin bir hissəsini onun başına tökürlər.

6. Ölülərin dəfn mərasimi:

Vendidadın çox hissəsi ölülərlə əlaqədar hökmlərə məxsusdur və bunun da səbəbi budur ki, zərdüştilik nəzərindən ölü çox çirkin bir varlıq hesab olunur. Buna görə də onun torpaqda dəfn edilməsi qadağan və haramdır. Çünki onların nəzərində torpaq pak və müqəddəs bir ünsürdür və buna görə də ölünü torpaqda dəfn edən bir şəxs üçün ağır cəza tədbirləri nəzərə alınmışdır. Bə’zi şəraitlərdə onun barəsində ölüm hökmü də verilir. Bu e’tiqad əsasında zərdüştlər öz ölülərini müəyyən mərasimdən sonra daxmada, yaxud “Bürcü xamuşan”da qoyurlar ki, qurd-quşlara yem olsunlar. Ölülərin sümükləri günəşin altında quruduqdan sonra həmin daxmanın axır hissəsində qazılmış quyuya tökülür. Amma son yarım əsirdə zərdüştlər dəfn üslubunu başqa bir şəkildə həyata keçirirlər. Bu məqsədlə əvvəlcə ölünün gözlərini bağlayır, əllərini sinəsinə qoyur, ayaqlarını da dizlərinə qədər büküb təmiz bir otaqda daşla döşənmiş yerin üzərində, yaxud dəmir bir taxtın üzərində uzadırlar. Sonra isə sayı adətən iki, dörd, yaxud altı nəfərdən ibarət olan pişqahnam (ölü çəkənlər) vasitəsi ilə dəmir bir tabuta qoyularaq dəfn olunacaq yerə aparılır. Orada pakşuların (ölüyuyanların) vasitəsilə təhvil alınıb qüsl-kəfən edilir, koşti bağlandıqdan sonra dəmir taxtın üzərinə qoyulur və ağ bir parça ilə üzləri örtülür. Daha sonra namazxanaya aparılır ki, orada mubədlər qasaları oxumağa başlasınlar. Bu işin axırında ölünü həmin dəmir taxtla birlikdə qəbirin içinə qoyurlar ki, torpağa toxunmasın. Daha sonra qəbirin üstünü daş və betonla örtürlər.

Bu dərsdə qeyd olunanlar zərdüştlərin dini ayinlərindən bəzi nümunələr idi; onların dini hökmlərinin hamısı bu kitabın bəhslərinə sığışmaz və bu barədə yazılmış müfəssəl kitablara, xüsusilə Vendidada müraciət etmək olar.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment