Azəri
Thursday 25th of April 2024
0
نفر 0

ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ

 

Qurani-kərim axirətdə Qiyamətin bərqərar olunması və bütün insanların dirildiməsini heç bir şəkk-şübhə olmayan məsələlərdən biri kimi qeyd edərək buyurur:

«Həqiqətən, Qiyamət saatı gələcəkdir və onda heç bir şəkk-şübhə yoxdur.»

Quran bu məsələni həqiqi və heç bir şübhə edilməyəcək məsələlər sırasında qeyd edərək buyurur:

«Əlbəttə! Bu, Allahın haqq olan vədəsidir.»

Onun gerçəkləşəcəyinə dair dəfələrlə and içmişdir. O cümlədən buyurur:

«De: Əlbəttə! And olsun Rəbbimə! Siz hökmən diriləcəksiniz və gördüyünüz əməllərdən agah olunacaqsınız. Bu, Allaha üçün çox asandır.»

Camaata bu barədə xəbərdarlıq verilməsi peyğəmbərlərin vəzifələrindən ən mühümü kimi qeyd olunur və buyurulur:

«Ruhu Öz əmri ilə bəndələrindən istədiyi kəsə ilqa edir ki, (bəndələri) Təlaq (Qiyamət) günündən qorxutsun.”

Onu inkar edənlər üçün isə əbədi bədbəxtçilik və Cəhənnəm əzabını müqərrər edərək buyurur:

«Biz də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş hazırladıq.»

Deməli, bu səmavi kitabın–Quranın haqq olmasını dərk edən bir şəxsin məadı inkar etmək və ya onun barəsində şəkk-şübhə yaratmaq üçün heç bir bəhanəsi olmayacaqdır. Əvvəlki bölmədə aydın olduğu kimi, həqiqət axtaran hər insan üçün əgər insafla araşdırma apararsa, Quranın haqq olması məlum olacaqdır. Buna görə də heç kəs onu qəbul etməmək barəsində bəhanə gətirə bilməz. Yalnız əqli cəhətdən naqis (anormal) olan, yaxud müəyyən səbəblərə görə haqqı qəbul edə bilməyən şəxslər istisna olunur.

ƏQLİ DƏLİLLƏRƏ İŞARƏ

Bir çox Quran ayələrində məadın zərurətinə dair əqli dəlillər gözə dəyir. Onları hikmət və ədalətə əsaslanan sübutlara da aid etmək olar. O cümlədən “inkari sual” formasında buyurulur:

«Yoxsa belə təsəvvür edirsiniz ki, Biz sizi əbəs yerə yaratmışıq və Bizə doğru qaytarılmayacaqsınız?»

Bu ayə aşkar şəkildə göstərir ki, əgər məad və Allah dərgahına qayıdış məsələsi olmasaydı, insanın bu dünyada yaradılması əbəs olacaqdı. Lakin hikmət sahibi olan Allah əbəs və bihudə iş görməz. Deməli, Onun dərgahına qayıdış üçün mütləq bu dünyadan başqa da bir dünya olmalıdır.

Bu dəlil göstərir ki, insanın bu dünyada yaradılışı o zaman hikmətli hədəfə malik olacaqdır ki, bu dünya həyatının ardınca Allah dərgahına qayıdışdan ibarət olan axirət aləmi də olsun və orada onların əməlləri araşdırılsın. Biz bu iki məsələnin bir-birinə bağlılığını Allahın hikmətini sübut edərkən izah etmişdik və onun bir daha təkrarlanmasına ehtiyac yoxdur.

İkinci məsələyə gəldikdə isə (Allahın heç vaxt əbəs və bihudə iş görməməsi), elə ilahi hikmət və Allahın işlərinin mənasız və puç olmamasından ibarətdir. Bu da Allahşünaslıq bölməsində ilahi və hikməti sübut edərkən qeyd olundu. Deməli, yuxarıdakı ayə həmin müddəa ilə tam uyğun gəlir.

İndi əlavə edirik ki, insanın yaradılışı dünyanın yaradılışı üçün bir hədəf olmasına əsasən insanın bu dünyadakı həyatı əbəs və hikmətsiz olarsa, dünyanın da yaradılışı bihudə və boş-boşuna olacaqdır. Bu məsələni də Quran ayələrindən əldə etmək olar. Belə ki, Quran axirət aləmini dünyanın yaradılışının hikmət üzündən olmasından ötrü zəruri edir. O, əql sahibləri barəsində belə buyurur:

«...(Əql sahibləri) ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayır. Asimanların və yerin yaradılışı haqqında təfəkkür edər (və deyərlər:) Pərvərdigara! Sən bunları boş yerə yaratmamısan! Sən (batil iş görmək kimi boş şeylərdən) pak və müqəddəssən! Bizi Cəhənnəm əzabından qoru!»

Bu ayədən məlum olur ki, dünyanın yaradılışı barəsində düşünüb təfəkkür etmək insanın ilahi hikməti dərk etməsinə müsbət təsir göstərir. İnsan dərk edir ki, hikmət sahibi olan Allah bu böyük və əzəmətli yaradılışda hikmətli hədəfləri izləyir və onu boş-boşuna və əbəs yerə yaratmamışdır və əgər bu dünyanın yaradılışı üçün yekun hədəf hesab olunacaq digər bir dünya olmazsa, onda ilahi xilqət puç və hədəfsiz olacaqdır.

Quran məadın zəruriliyi barəsində olan digər əqli dəlilləri ilahi ədalətlə əlaqələndirir. Yəni ilahi ədalət bunu tələb edir ki, Allah yaxşı əməl sahiblərini mükafatlandırıb, pis əməl sahiblərini cəzalandırmaqla onların aqibətlərini müəyyənləşdirsin. Belə bir ayrı-seçkilik bu dünyada olmadığından hökmən digər bir aləm bərqərar olunmalıdır ki, Allah Öz ədalətini insanlara əyani olaraq göstərsin.

“Casiyə” surəsində buyurulur:

«Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağınımı güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər?! Allah göyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandığı nə isə onun müqabilində əvəz görməsi üçün yaratmışdır. Və onlara heç bir haqsızlıq edilməyəcəkdir.»

Qeyd edək ki, «və xələqəllahus-səmavati vəl-ərzə bil-həqqi» cümləsini ilahi hikmətdən ötrü də dəlil hesab etmək olar. Ümumiyyətlə, ilahi ədalət məsələsini ilahi hikmətlə eyniləşdirmək də olar. Çünki, ilahi ədalət barəsində qeyd olunan dəlildə izah etdiyimiz kimi ədalət hikmətin nümunələrindən biridir.

AXİRƏT ALƏMİNİN XÜSUSİYYƏTLƏRİ

İnsan heç bir təcrübə kəsb etmədiyi, batini müşahidə və agahlıq üzündən olan elm ilə dərk etmədiyi, hiss ilə qavramadığı şeylər barədə kamil təsəvvürə malik ola bilməz. Buna görə də, axirət aləmi və onda baş verən işlərin həqiqəti barədə kamil və dəqiq təsəvvürə malik olub onları olduğu kimi dərk etməyi gözləməməli, yalnız əql və vəhy yolu ilə əldə etdiyimiz məlumatla kifayətlənməliyik.

Təəssüflər olsun ki, bəziləri axirət aləmini eynilə dünya aləmi kimi təqdim etməyə çalışırlar. Onlar bu barədə olan ifrat fikirləri ilə axirət behiştinin elə bu aləmdə və hansısa planetdə mövcud olduğunu, insanın elm və texnikanın köməyi ilə nə vaxtsa ora gedə bilcəyini, orada rahat və asudə yaşayacağı fərziyyəsini irəli sürmüşlər.

Bəziləri də axirət aləminin mövcud olduğunu inkar etmiş, behişti əxlaqi dəyərlər kimi cilvələndirmişlər və nəticədə cəmiyyətin müxtəlif nümayəndələri və görkəmli şəxsiyyətləri onlara ürək bağlamış, dünya və axirət arasındakı fərqləri də dəyər və qazanc arasındakı fərqlər hesab etmişlər.

Birinci dəstədən olanlardan soruşmalıyıq ki, əgər axirət behişti hansısa planetdədirsə və gələcək nəsillər oraya çata biləcəksə, onda Quranda göstərildiyi kimi qiyamətdə insanların yenidən dirilməsi və bir yerə toplanmasının nə mənası var? Orada keçmişdəkilərin əməl və rəftarlarının mükafat və cəzası necə veriləcəkdir?

Həmçinin, ikinci dəstədən soruşmalıyıq ki, behişt əxlaqi dəyərlərdən başqa bir şey deyilsə (və təbii olaraq cəhənnəm də əxlaqa zidd olan dəyərlərin əksinə olan şeylərdən başqa bir şey deyilsə) onda Quran, məadın varlığına və insanların öldükdən sonra yenidən dirilməsinə bu qədər israr etməkdə hansı məqsədi güdür? Yaxşı olmazdımı ki, ilahi peyğəmbərlər həmin mənanı aşkar şəkildə bəyan edəydilər ki, bu qədər ittihamlara, etirazlara və s. kimi şeylərə düçar olmayaydılar?!

Bu kimi xurafatçı sözləri bir kənara qoyduqda da filosofların və mütəkəllimlərin məadın cismani yoxsa ruhani olacağı, eləcə də, qiyamətdə maddi aləmin tamamilə məhv olub aradan gedib-getməyəcəyi, axirətdəki bədənin eynilə dünyadakı kimi, yoxsa digər formada olacağı və s. kimi məsələlər barəsində ixtilafları ilə qarşılaşırıq.

Gerçəkliklərin aşkar olunması həqiqətlərə yaxınlaşmaq yolunda əqli və fəlsəfi səylər nə qədər təqdirəlayiq iş olsa və onların sayəsində düşüncələrin zəif və güclü nöqtələri nə qədər aşkar olsa belə, bu bəhslər vasitəsi ilə axirət aləmi ilə əlaqədar olan mətləbləri heç vaxt olduğu kimi dərk edə biləcəyimizi qəbul etməliyik.

Doğrusu, görəsən indiyə qədər bu dünya aləminin bütün həqiqətləri kamil şəkildə kəşf olunubmu? Görəsən, müxtəlif təbiət elmləri sahəsində çalışan mütəxəssislər, elm adamları, o cümlədən, fiziklər, kimyaçılar, bioloqlar maddə, enerji və müxtəlif qüvvələrin həqiqətlərini olduğu kimi kəşf edə biliblərmi? Görəsən, bu dünyanın gələcəyi barədə qəti bir nəzər söyləyə bilərlərmi? Görəsən, misal üçün, cazibə qüvvəsinin dünyadan götürüləcəyi, yaxud elektronların hərəkətdən düşəcəyi təqdirdə nə kimi hadisələrin baş verəcəyini bilirlərmi? Ümumiyyətlə, belə hadisələr baş verəcəkmi?

Görəsən, filosoflar bu dünya ilə əlaqədar olan əqli məsələlərin hamısını dəqiq şəkildə həll edə biliblərmi? Cisimlərin, müxtəlif növ varlıqların həqiqəti, ruhla bədənin əlaqəsi və s. kimi məsələlər barəsində əlavə tədqiqata ehtiyac yoxdurmu?

Belə isə, barəsində heç bir təcrübəmiz olmayan o aləmin (axirət aləminin) həqiqətini dərk etmək üçün bu elmlərdən, özümüzün məhdud düşüncə və naqis fikirlərimizdən necə kömək ala bilərik? Əlbəttə, bəşər elminin çatışmazlıqları həqiqətlərin üzərindən pərdələrin götürülməsinin qeyri-mümkün olması, yaxud, bu yolda aparılan çalışmaların dayandırılması demək deyil. Şübhəsiz, biz Allah verən əql qüvvəsi ilə həqiqətlərin çoxunu dərk edirik. Eləcə də hiss və təcrübənin köməyi ilə təbiətin sirlərindən çoxunu kəşf edə bilirik. Əlbəttə, öz elm və biliyimizi artırmaq yolunda elmi və fəlsəfi səylərimizi davam etdirməliyik. Amma, həmişə əqlin qüdrəti və təcrübi elmlərin sərhədlərini tanımalı, qürurlanmamalı və bu ayəni yada salmalıyıq:

“Elmdən sizə yalnız az bir miqdar əta olunubdur.»

Bəli, həm elmi və məntiqi reallıq, həm hikmətə bağlı olan təvazökarlıq, həm də dini məsuliyyət və ehtiyat tələb edir ki, qiyamətin həqiqətləri və qeyb aləmi barəsində qəti fikir yürütməkdən, heç bir dəqiq fakta söykənməyən nəzəriyyələrdən uzaq olaq. Biz bu işləri yalnız əqli dəlillərin və Quranın açıq-aşkar bəyanları həddində görə bilərik. Ümumiyyətlə, hər bir mömin şəxsin Mütəal Allah tərəfindən nazil olanlara, xüsusilə əql və təcrübənin hüdudlarından kənarda olan, elmimizin qüdrəti çatmayan şeylər barəsində imanlı olması kifayətdir. Hərçənd, onun incəliklərini dəqiq şəkildə müəyyən edib müfəssəl şəkildə açıqlaya bilməsə belə.

İndi görək axirət aləminin əlamət və xüsusiyyətlərini əql yolu ilə nə dərəcədə dərk etmək və onun dünya aləmi ilə olan fərqlərini necə bəyan etmək olar.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri

 
user comment